12px14px16px18px

“Yolsuz”luğun Yolu

Bədirxan ƏHMƏDOV
00:22 / 11.04.2012
Nəriman Əbdülrəhmanlının son dərəcə polifonik, çoxjanrlı və çoxsahəli (elmi, publisistik, ədəbi, bədii və s.) yaradıcılığını iyirmi ilə yaxındır izləyirəm, ancaq hər izlədiyimdə onun yaradıcılığının yeni keyfiyyətləri, heç kimə bənzəməyən yolu və üslubu, ədəbi-bədii texnologiyaları, orijinal obrazları, janr, struktur yenilikçiliyi ilə ədəbiyyata (yaxud yazdığı sahəyə) yeni hava gətirməsinin şahidi oluram. Bir neçə il öncə onun nəsri ilə bağlı bir məqalə də yazmışdım, hətta yazıçının oxuculara təqdim etdiyi on hekayəsi mənə o qədər təsir etmişdi ki, “Gələn adam” hekayəsini (elə o biriləri də ondan geri qalmırdı) struktur mükəmməlliyinə görə Azərbaycan hekayəçiliyinin gəlib-getmiş on hekayəsi sırasına daxil etmişdim. Sonra N.Əbdülrəhmanlının, fikrimcə, ədəbi tənqid tərəfindən hələ də gerçək dəyərini almayan “Könül elçisi” və “Yalqız” romanları dərc olundu. Bu romanların hər ikisi də çağdaş nəsrimizi mövzu, problematika, obraz, üslub baxımından zənginləşdirən əsərlərdir, baxmayaraq ki, ədəbi tənqid bu romanları sükutla qarşılamasa da gərəkən münasibəti də göstərmədi. Bunu ədəbi tənqidin passivinə yazmaq daha doğru olardı, çünki hər iki əsər yazıçının ədəbi fikrimizə gətirmiş olduğu yeni bədii düşüncə və estetik prinsiplərin nə qədər yaşarı və funksional olduğunu bir daha təsdiq etdi. Bu günlərdə isə yazıçının Milli Kitab Mükafatının 2011-ci ildə üçüncü yerin qalibi olmuş (hərçənd, qətiyyən Milli Kitab Mükafatının qərarının üzərinə kölgə salmadan deyə bilərəm ki, bu romanın 1-ci yeri tutmamasının nədənini mən yalnız zövq və insaf məsələsinə bağlayardım) “Yolsuz” romanını oxudum.
“Könül elçisi” və “Yalqız” romanlarını oxuyanda məndə belə bir təsəvvür yaranmışdı ki, N.Əbdülrəhmanlı bu əsərləri ilə öz yaradıcılığında (eləcə də çağdaş ədəbiyyatımızda!) yeni bir roman mərhələsinin başlanğıcını qoyur. Onun özünəməxsus roman dünyası və bədii üslubu var; bu üslub sadə bir mexanizm üzərində qurulur, yaşadığı dünyanın gerçəyini ürəyinin və ağlının süzgəcindən keçirərək yeni bir dünya yaratmaq. Bir modern romançı olaraq onun roman dünyası (yaxud roman içində obrazlarının dünyası) insan ruhunun dərinliklərini, gizlinlərini bütün tamlığı ilə üzə çıxarmağa xidmət edir. Hər romanda yazarın yeni bir dünya yaratması və oxucularına tanıtması sənətdə yeni bir mərhələnin yaradılması deməkdir. Bu mənada “Yolsuz”u bütün parametrlərilə (mövzu, problem, ideya, obrazlar, dil və struktur və s.) həm yazarın, həm də nəsrimizin ədəbi hadisələrindən hesab etmək olar.
N.Əbdülrəhmanlının yeni romanını oxuduqdan sonra Andre Gidenin belə bir fikrini xatırladım ki, bütün ədəbi növlər içərisində ən müstəqil və qaydalara az tabe olan romandır. Bu fikrin doğruluğuna inanmaq üçün Nərimanın romanlarının təbiətinin çoxçeşidliyinə, üslub və forma zənginliyinə baxmaq kifayətdir. “Yolsuz” romanı adından başlayaraq bir psixoloji araşdırma üzərində qurulub, bu psixoloji araşdırmanı yazar və baş qəhrəmanla birlikdə oxucu da aparır, əsərin baş qəhrəmanı psixoloq əsər boyu “qadını olmuş kimsə” ilə münasibətlərinə aydınlıq gətirmək və ayrılmalarının nədənlərini, buraxdığı səhvlərin səbəb və nəticələrini araşdırmağa çalışır. Bu obrazı yaratmaqla yazıçı romanda hər şeyi bilən, hadisələri süjet boyu düzən və onlara münasibət bildirən (və bütün bunlarla yazıçıya kömək göstərən) obraz yaratmağa nail olmuşdur. Burada psixoloq həm də müəllifin işini görür, özünün yaşadığı həyatın tarixini yazır və yazarla oxucu bir çox məsələlərdə qəhrəmanla gah eyniləşir, gah da cəmiyyətə suallar ünvanlayırlar. Mövzunun özü yazıçının macəra və dedektiv janrlarının elementlərindən yeri gəldikcə istifadə etməsinə imkan yaradır. Əsərin strukturunun mürəkkəb kombinasiyalar üzərində qurulması yazardan maksimum sənətkarlıq və romançılığın indiyədək qullanılmamış formalarından bəhrələnmək, ortaya yeni bir təhkiyə qoymağı şərtləndirir. Roman müəllifi üçün bu vacib komponentlərdən biridir.
“Yolsuz” romanı maraqlı və son dərəcə orijinal bir kombinasiya üzərində qurulub; proloq əvəzi, epiloq əvəzi və altı ayrı-ayrı hissə. Hər başlanğıcı Qurani-Kərimdən gətirilmiş və bölümün içəriyini (məzmununu) aydınladan Yol haqqında kəlamlarla başlayır. Proloq əvəzi, Epiloq əvəzi və İsmin altı halı ilə ifadə olunan bölümləri bir-birinə bağlayan zəncirvari düşüncələrdir. Bölümlərin adları düşüncələr zəncirinin başlanğıcı funksiyasını daşıyır və ilk cümlə bölüm başlığından Yola çıxır. Məsələn, “Yol...” bölümü “...gedilməsə dərk olunmaz” düşüncəsi ilə başlayır. Bu düşüncə qarşıdakı hadisələrin inkişaf trayektoriyasını cızmış olur. “Yolun...” bölümü isə “...doğruluğunu, əyriliyini yolçu bilər” düşüncəsi ilə davam etdirilir və dərhal da “yox bunu rəhmətlik müəllimim söyləməyib, ya hardasa oxumuşam, ya da öz beynimin məhsuludur”-deyə hadisələrin növbəti mərhələsinə keçid alır. Bu kompozisiya bütün bölümlərdə gözlənilməklə yalnız struktur yeniliyi edilməmiş, həm də qəhrəmanın düşüncələr zəncirinə bir tamlıq, hərəkətlilik gətirmişdir. Yazıçının romanı bu struktur üzərində qurması postmodern romanın tələbləri olaraq özünü doğruldur, yazıçı həyat, Yol haqqında düşüncələr zəncirini tamamlayır. Əlbəttə, bir romanda həyat və tale haqqında bütün düşüncələrin hamısını söyləmək mümkün deyil, buna baxmayaraq yazıçı qəhrəmanlarının gündəlik həyatını dolduran əsas hadisələri ifadə etmək üçün maraqlı bir üslub seçir.
Romanın arxitekturası postmodernist cərəyanın prinsiplərinə daha çox uyğun gəlir; hadisələr əvvəldən axıra deyil, axırdan əvvələ və ya qarışıq zaman və məkan daxilində baş verir: “...bir neçə ay qabaq qadınım evdən getdi” informasiyası ilə başlayan roman əvvəldən sonadək bu informativ yükün açılışını müxtəlif mövqelərdən izah edir. Burada əsərin baş qəhrəmanı psixoloqla səkkiz illik “qadını olmuş” (qadını olmaq” sözünün işlənmə və ifadə olunması az şey demir: “Ötən səkkiz il ərzində ona “arvadım” deyə bilmədim. Öz-özümə “qadınım”, başqalarının yanında isə “yoldaşım” deyirdim, bu həqiqətə çox yaxındı”) aktrisa ilə münasibətlərinin keçmişi, xarakteri və perspektivləri psixoloji araşdırma obyekti olur. Bu cəhətdən romanı ər-arvad münasibətlərinin xronologiyası fonunda açılmış cəmiyyət həyatının aynası da adlandırmaq olar. Bu münasibətlərin psixoloji araşdırılması romanın aparıcı xəttini təşkil etsə də, buraya “əyalət filosofu”, “el şairi”, “təcili yardım”, psixoloqun pasienti şair, kafedəki qadın, psixoloqun qardaşı və başqa taleləri (ona görə tale deyirik ki, yazıçının roman strukturunda bu insanların taleyini, həyatını uğurla verir və onların obrazını yarada bilir) ən azından psixoloqun həyatı və taleyi kimi oxucunu dərindən maraqlandırır və narahat edir, uzun müddət bu talelərin təsiri altından çıxmaq olmur. Bütün bunlar “roman içində roman” estetikasının prinsiplərini özündə ehtiva etməklə yanaşı, romanın mürəkkəb kombinasiyasına əlvanlıq və zənginlik gətirmiş olur.
Müəllif axıradək adını çəkmədiyi qadının, özünün və bir neçə obrazın həyatını, taleyini, dünyasını təsvir edir. Oxucu indiyədək tanış və aludə olmadığı mətn qarşısında şaşıra da bilir; bu postmodernizmin əsas xüsusiyyətlərindən biridir. Əsərin sonunadək gerçək olanla olmayan paralel şəkildə göstərilir, romançı və oxucu arasında dialoq ayrı-ayrı düşüncələr, suallarla davam edir, romançının özü qədər də oxucu əvvəldən sona aktivliyini qoruyub saxlayır, hadisələrin sonrakı inkişaf yolunu izləyir (izləmək zorunda qalmır!), özü də bu hadisələrin “girovuna” çevrilir.
Nəriman Əbdülrəhmanlının yeni romanının ən böyük uğurlarından biri psixoloqla “qadını olmuş kimsə”nin həyata fəlsəfi baxışları, yaxud ikili həyat yaşamalarının müxtəlif bucaqlardan təsvir edilməsidir. Demək lazımdır ki, bu obrazların ikili həyatını yaratması müəllifə mürəkkəb roman süjetini qurmaq və postmodern roman estetikasından maksimum istifadə etməsi hesabına başa gəlmişdir. Romançı sadəcə bu iki insanın evlənib sonra isə boşanmalarının hekayəsini danışmır (bu roman süjetinin üst qatıdır), bu evliliyin və boşanmanın çağdaş cəmiyyət münasibətlərindəki təzahürlərini (bu isə alt qatdır) ortaya qoyur. Üstəlik baş qəhrəmanlardan birinin psixoloq (qadını ilə münasibətlərinin araşdırılması prosesində yazıçı kimi formalaşan), digərinin isə aktyor olması onların cəmiyyət hadisələrinə modern münasibətindəki manevr imkanlarını artırmış olur. Hadisələrin psixoloqun baxış bucağından təqdimi oxucuda modern düşüncənin formalaşmasına nədən olur. Olsun ki, bir çox yerlərdə romançı ilə baş qəhrəmanın (psixoloqun) baxış bucağı eyniləşir, lakin hər iki halda müəllif çağdaş həyat, insan, yaşam şərtləri, davranışları haqqında saf, təmiz duyğu və düşüncələrini oxucuya çatdıra bilir. “Qadını olmuş” aktrisanın, “pırtlaşıqsaç rəssam”ın, “əyalət filosofu”nun, iki müxtəlif taleli şairin və başqa obrazların psixoloqun baxış bucağından dəyərləndirilməsi bu imkanları bir qədər də artırır. Bütün bunlar psixoloqun “qadını olmuş kimsə”nin “pırtlaşıqsaç rəssam”la münasibətlərinin araşdırılması fonunda baş verir: psixoloq düşdüyü böhrandan çıxmaq üçün onların qastrolda olduqları iki əyalət şəhərinə , dincəldikləri kurort şəhərciyinə, “pırtlaşıqsaç rəssam”ın çəkib sərgi salonunda nümayiş etdirilən tablonu seyr etməyə və bir də rəssamın emalatxanasına baş çəkməyə qərar verir. Lakin onu hadisələrin təfərrüatından, onların münasibətindən çox (onsuz da psixoloqa bəzi şeylər aydın idi) psixoloji məqamlar keçirdiyi qəzalar (psixoloq-yazar həyatında baş verən o məqamları qəza adlandırır) maraqlandırır.
O bu qəzalardan sarsılmır, bəlkə də həyatın bir dərsi kimi qəbul edir: “...ömür elə səhvlərlə, qəzalarla, sarsıntılarla dəyərlidi, əgər dübbədüz həyat yaşasan, sonra xatırlamağa nə qalar axı; xatırlamalı bir şey olmayan ömrüsə, yaşamaqla-yaşamamağın fərqi yoxdu: mən otuz yeddi yaşımda üç qəza keçirmişəm-o qadına rast gəlmişəm, onun təkcə mənə məxsus olan bədənini görmüşəm, onun təkcə mənə məxsus olan bədəninin cizgilərini başqasının tablosunda görmüşəm, sonra da özünü itirmişəm-bundan sonra arın-arxayın yaşaya bilərəm”.
Romanda psixoloq və aktrisanın münasibətlərinin psixoloji məqamları da maraqlı kombinasiyalar üzərində qurulub: psixoloq həm peşəsinin imkan verdiyi nəzəri və praktiki düşüncə orbitindən çıxış edir, həm qadınını itirmiş bir ər roluna girir, həm də bir yazar olaraq bu münasibətlərə bədii, fəlsəfi aspektdən yanaşır. Süjet boyu müəllifin də psixoloqun boyuna biçilmiş bu rollardan hansına üstünlük verməsi aydın olmur, çünki bu rolların (hələ bunlardan başqa epizodik rollar da var) hər biri onun dünyagörüşünün müxtəlif məqamlarına işıq salır. Birgə yaşadıqları ilk illərdə qadınının filmə çəkilməsini istəməməsinin əsasında onun kino mühitinin qadına formalaşmış münasibəti dayanırdı: “...özüm o mühitdən uzaq olsam da, hərdənbir operator dostumun yanına gedib-gələndə orda aktrisaya, qadına necə münasibətin olduğunu sezirdim; çoxundan ötrü aktrisa potensial məşuqə, söz atmaq, əl vurmaq, dalınca olar-olmaz şeylər danışmaq üçün bir məxluqdu”.
“Qadını olmuş kimsə”ni də oxucu bir neçə rolda görür; bu rolların bir çoxunun aktrisanın həyatda oynadığı rolla üst-üstə düşməsi onun həyat və sənət fəlsəfəsi ilə bağlıdır. Psixoloqun özünün də izlədiyi bir tamaşada aktrisa ərini aldadan qadın rolunu oynayır. Lakin o bu münasibətlərdən tərəddüd keçirir, arvadı və bir uşağı olan kişidən (səhnədəki məşuqundan) daha buna son qoymağı, “gecələr vicdan əzabından gözlərinə yuxu getmədiyini” bildirir. Bu adi məhəbbət üçbucağı psixoloqla “qadını olmuş kimsə”nin həyatına çox bənzəyir, yəni kişi arvadını yox, başqa qadını sevir, o biri kişi qadınını saxlamaq üçün mübarizə aparmalı olur (əslində bu mübarizə o qədər də hiss olunmur). Psixoloq düşünür ki, lap onların başına gələn hadisədir və “ola bilsin, qadınım pırtlaşıqsaç rəssama münasibətini elə bu nöqtəyə gətirəndən sonra məni atıb-atmamaqla bağlı tərəddüd keçirib”. Qadın və əri arasında olan səhnəyə də psixoloq maraqla baxır və həyatla səhnə arasında yaxınlıq, təbiilik olduğunu görür və hətta rejissorun bu obrazları aktyorlar arasında bölərkən onların gerçək həyatlarını intuitiv şəkildə duyduğunu da düşünür. Yazıçı bu münasibətləri açmaq üçün ən xırda təfərrüatlara varır, onların arasındakı münasibətlərin səmimiliyini axıradək qoruyub saxlamağa çalışır. Hətta onların həyat hekayəsi ilə üst-üstə düşən səhnəni izləyərkən beynindən keçirir ki, qadınına azacıq da olsa şans versəydi buradakı etiraflar evində də səslənə bilərdi. Yaxşıdır ki, oxucu “qadını olmuş” aktrisaya yalnız psixoloqun baxış bucağı ilə yanaşmır, onun hərəkət və davranışlarındakı müstəqilliyi, sənətinə, peşəsinə aludəçiliyinə də geniş yer verir. O, hərəkət və davranışlarında azaddır, sənətini sevir və bu yolda qurban verməkdən belə çəkilmir, bu davranışlar “qadını olmuş kimsə” obrazını özünəqədərki qadın obrazlarından bir çox cəhətləri ilə fərqləndirir.
“Yolsuz” romanının strukturunda “yolsuz”ların və “yolsuz”luğun taleyi dayanır; onların keçib gəldiyi “yol”un yolsuzluğu və “yolsuzluğun yolu” zəncirvari şəkildə göstərilir; altmış yaşlı üç kitab müəllifi şairin psixoloji müalicəsinin əsasında cəmiyyət və şair arasındakı ziddiyyətlər dayanırdı. Psixoloqun “könüllü yardım” adlandırdığı xanımın taleyində də bir yolsuzluq baş qəhrəmanın həyatı ilə paralellik təşkil edir: ərinin xəyanəti nəticəsində psixoloji müvazinətini itirməkdə olan bu xanım daxili iztirab duyan kişi (psixoloq) ilə ayaqda qalmağa çalışır. Bu cəhətdən Dərviş obrazı (vaxtilə aktyor olmuş, sonra yolunu azmış) çağdaş zamanla keçmiş arasında bir bağ hesab oluna bilər.Obrazın trakovkasındakı mistika Yolsuzluğun keçmişdən bu günə olan tarixçəsinə bir işarə kimi mənalanır. Psixoloqun onun görkəmindən aldığı təəccübü hərəkət və davranışlarındakı mistika, qəribəlik və sehrlilik davam etdirir. “Hardansa qayıdan adam” görkəmi ilə dərviş onları “Üzünüz mübarək!” sözləri ilə salamlayır. Sonra Dərvişlə psixoloqun yaxın tanışı arasında söhbət onun və ümumən romandakı bir çox obrazların Yolsuzluğunun nədənlərinə işıq tutur: “Haralardan gəlirsən, dərviş?”, “Biz olmayan yerdən”. “Orda kimləri gördün?”, “Gələnləri, gedənləri? “Gələnləri, gedənləri necə gördün?” “Gələnlər də ağlayırdılar, gedənlər də”. “Gələnlər niyə ağlayırdılar, gedənlər niyə ağlayırdılar, dərviş?” “Gələnlər gəldiklərinə, gedənlər getdiklərinə”. “Bunu necə başa düşək?”,”Gələnlər gələcəklərini bilib ağlayırdılar, gedənlər özlərindən sonra gələnlərin gələcəklərini görüb ağlayırdılar” “Allahı gördünmü, dərviş?” “Özünü gördüm, üzünü görə bilmədim”. “Özü necəydi?” “Payız buludu boyda nur topasıydı, get-gedə böyüyür, bütün aləmi tuturdu, axırda işıqdan başqa heç nə görmədim.” “Allahdan təmənnan nəydi, dərviş?” “Mənim mələklərimi incitməsin, onlara rəhmini əsirgəməsin, başqa təmənnam yoxdu”. “Orda daha nə gördün, dərviş?” “Göy üzündə sərgərdan ruhlar gördüm, öz cisimlərini axtarırdılar”. “...Öz cismini gördünmü, dərviş?” ”Gördüm bir yolayrıcında oturmuşdum, yollara baxırdım”. “Gələn-gedən gördünmü?” “Gələn-gedən çox idi, amma biri yolunu azmışdı, çox uzaqlardan bizə tərəf gəlirdi”. “Onu tanıdınmı, dərviş?” “Yox tanımadım, amma bu adama oxşayırdı”. Belə görünür ki, psixoloqun cəmiyyətdə tutulduğu yolsuzluq sindromu çox uzaqlardan gəlir və bu yolsuzluq sindromunda psixoloq tək deyildir. Hətta bu yolsuzluq sindromunda psixoloqla “qadını olmuş kimsə” arasında ortaq məqamlar da axtarıb tapmaq mümkündür.Əslində, psixoloq da, “qadını olmuş kimsə” də, “təcili yardım” da, şair də, əyalət filosofu da, hətta hər gün əlinə keçəndən içərək ailəsinə belə baxmayan psixoloqun qardaşı da bu dünyanın faniliyini dərk edən ruh adamları idi, onları birləşdirən isə getdikləri Yolun yolsuzluğu, ruh adamı olmaqlarıdır. Onların həyata baxışları fərqli idi, həyata, cəmiyyətə yuxarıdan baxdıqları üçün onu dərk etməyə çalışır, dərk etməyə çalışdıqları üçün də Yolsuzluq yoluna (girdabına) düşürdülər. Psixoloqun Dərvişə potensial pasient kimi baxmasının özündə də ruh yaxınlığı görünür; onun müalicəsinə kömək göstərməyi düşünür, ancaq fikrindən ona görə dönür ki, bundan sonrakı ömrünü gerçəklikdə yaşasaydı həyatı daha məşəqqətli ola bilərdi: “...dəli kimi tanınmaqdansa, dərviş misalında gözə dəyməsi daha məsləhətliydi”.
Son dövrlər Azərbaycan nəsrində adsız qəhrəmanlara tez-tez rast gəlmək olur. Bunun ən yaxşı örnəyi N.Əbdülrəhmanlı yaradıcılığında özünü göstərir. Onun əvvəlki əsərlərində hekayə və povestlərində mövcud olan adsız obrazlar “Yolsuz”da daha da inkişaf etdirilir; lakin obrazların adsız olması əsərin bədii effektini azaltmır, bəlkə də artırır. Çünki onun əsərlərində obrazların ənənəvi təqdimatı və traktovkası ilə qarşılaşmırıq, burada ad aparıcı deyil, onun daşıdığı ictimai yük, fəlsəfi tutum üstünlük təşkil edir. Yazıçının bu obrazlarının hər biri sosial gerçəyi ifadə edir və sosyo-mədəni toplumların iç-içə olan psixolojisini yaşadır.
N.Əbdülrəhmanlının “Yolsuz”unun modern özəlliklərindən biri də roman boyu müəllifin özətlərdən (tezis), xülasələrdən, ayrıntılardan və suallardan istifadə etməsidir. Bu qədər hadisənin düzülüşü və oxucuya təqdimində yazıçı qətiyyən xaosa yol vermir, son dərəcə zərgər dəqiqliyi ilə mürəkkəb kombinasiyalarla zaman və məkanı dəyişir, bir hadisədən və zamandan, eləcə də məkandan digərinə keçə bilir. Bir çox hadisə və məkan zənginliyində yalnız özət texnikasının qullanımı ilə çıxmaq mümkün idi ki, yazıçı bundan uğurla yararlanmışdır. Bu romanda özətin ən çox işlədilən formalarından biri obrazların keçmişini və bugününü xülasə şəklində oxucuya çatdırmaqdır; romançı burada hadisələr və talelər arasında əlaqə yaratdıqdan sonra anidən zamanında irəli-geri hərəkət edərək məkanı da dəyişməyə nail olur. Zamanda geriyə dönüş (retrospection) obrazların keçmişini özətləməklə yanaşı, yazıçını təhkiyə monotonluğundan da qurtarmış olur. Yəni N.Əbdülrəhmanlının bu romanının mürəkkəb strukturundakı (əsərin əsasında psixoloqun düşüncələri, şərhləri, münasibəti dayanır) ilk baxışdan monotonluq (dialoqsuz hadisələrin şərhi) yaratmalı olsa da, yazıçı bu strukturun mürəkkəbliyindən məhz çeşidli roman texikasından istifadə etməklə çıxır. “Kimsəni zorla xoşbəxt eləyə bilməzsən”,”...bir Allah şahiddi ki, mən istədiyi kimi yaşamaqda ona mane olmadım...”, “insanın içində, düşüncəsində baş verən zəlzələnin dağıntıları daha qorxuncdu”, “axır illər artıb-genişlənən boşluğun hüdudsuzluğunu duydum”, “ beləcə olub keçənlər baş verdi”, “bu dünyada danışılan yox, yazılan qalacaq”, “onsuz da sonsuzluğacan davam eləyən bir şey yoxdu, hər şey hardasa, nə vaxtsa qırılır, bitir, başqasıyla əvəz olunur”, “insan doğulur, əzab çəkir və ölür”, “hələ də inanıram ki, günlərin birində nəsə baş verəcək və o NƏSƏ bütün həyatımı dəyişdirəcək” və s. onlarla ayrıntı mətnin müxtəlif yerlərində böyük məzmun yükü daşıyır, müstəqil süjet statusunda oxucuya bir neçə səhifənin məzmununu ifadə edir.
Ümumiyyətlə, digər əsərlərində olduğu kimi, N.Əbdülrəhmanlının bu romanında da nəsr dili çox çevikdir; demək olar ki, burada nəinki artıq hadisələr, fikirlər, heç cümlələr, sözlər belə yoxdur. Hətta əsərin əvvəlindən sonuna qədər dil materialından hər hansı bir sözü, ya hissəni çıxarsan, dərhal onun məzmununa xələl gətirəcək. Zatən çoxqatlı süjet xətlərinin çarpaz təsvirinə yazıçı dilin çevikliyi, sözlərin, cümlələrin məna yükü hesabına nail olur. Onun cümlələri aydındır, bəzən yarım səhifə, ya bir səhifədə mürəkkəb cümlələr adamı yormur, çünki bu cümlələr fikirlə yüklü olur, fəlsəfi, həyati məna daşıyır.
“Yolsuz” romanına münasibət bildirərkən, istər-istəməz üslub məsələsinə də toxunmaya bilmərik, nədən ki, Nərimanın yaradıcılığı üslub polifonikliyi və sintetikliyi ilə diqqəti cəlb edir. Hekayələri də daxil olmaqla hər bir əsərində Nəriman daha fərqli, bədii materialı bütün təfərrüatı ilə ifadə edə bilən bir üslub qullanmaqdadır. Bəlkə də bir yazıçı kimi Nərimanın uğurlarını şərtləndirən əsas faktorlardan biri budur. Nərimanın üslubu “Yolsuz”da yalnız öz yaradıcılığında deyil, ümumən Azərbaycan romançılığında yeni və orijinal olduğu kimi, həm də ayrıca bir mərhələdir. Yazıçının üslub sintetikliyi romandakı hadisələri bir-birinə ilmək edir, eyni anda bir çox zaman və məkan ünsürünü, baxış bucağını ələ ala bilir, onları bir-birilə qarşılaşdırır, eləcə də birləşdirir. Yazıçının fövqəladə sintez yetənəyi dərin, çoxqatlı həyati görüşlərini, bədii gerçəklikləri təsvir etmək, hadisələrin fəlsəfi mahiyyətini açmaq üçün yetərli olur. Yazıçı üslubunun ən böyük özəlliyi təbiiliyi, hadisələri sıralama ilə sadə, sadə olduğu qədər də yumşaq və zərif cümlələrlə ifadə etməsidir. Və ən maraqlısı budur ki, elə ilk səhifələrdən bu təbii üslub oxucunu sehrləyərək romanın sonuna qədər onu buraxmır, özünü, varlığını ona qəbul etdirir.
Romanda əvvəldən sona qədər tək üslubun hakim olması (qarışıq üslublu romanlar da yox deyil) onun təbiətini müəyyən edən psixoloji hekayədən (psixoloqla aktrisanın həyatından və ona bağlı hadisələrdən) qaynaqlanır. Ola bilsin ki, bu mənada romanın sonu istisna təşkil etsin, çünki başdan-ayağa psixoloji düşüncələr üzərində qurulmuş romanın sonunda müəllif “P.S”, “P.S.S.”lə dedektiv üsluba keçmək istərkən əsər bitir. Bizə elə gəlir ki, roman boyu davam edən psixoloji araşdırmanın dedektivliyə keçməsi yerinə düşmür və cəmi bir neçə cümlə ilə üslubu dəyişmə imkanlarını azaltmış olur.
Şübhəsiz, biz burada N.Əbdülrəhmanlının “Yolsuz” romanının bəzi məqamları üzərində dayana bildik və elə bu məqamlardan belə bir qənaətə gəlmək çətin deyil ki, onun romanı bir orqanizmdir, bütündür. Və bu bütünlüyü ilə də çağdaş nəsrimizin önəmli romanı olmaq iddiasındadır.
Bədirxan ƏHMƏDOV










Bu yazı ( 205 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar