12px14px16px18px

Ədəbiyyatşünaslığımızın müasir durumu: yeni metodoloji meyllər və konsepsiyalar

Bədirxan ƏHMƏDOV
09:43 / 01.10.2011
Azərbaycanın son iyirmi ildə yeni bir iqtisadi inkişaf mərhələsinə, siyasi idarəetmə kontekstinə daxil olması, yeni cəmiyyət qurmaq yolunda addımları bütün sahələr və istiqamətlər üzrə modern baxış müstəvisini şərtləndirməli oldu. Milli müstəqillik, mövcud siyasi təsisatların və idarəetmənin dəyişməsinin qloballaşma prosesi ilə üst-üstə düşməsi dünyaya inteqrasiyanın daha enerjili və hərəkətli konsepsiyalarının yaranmasını zəruri etdi. Ancaq humanitar düşüncənin bu proseslərin önündə getməsi, yeni siyasi sistem və cəmiyyətin inkişafı üçün iqtisadi, siyasi, kulturoloji elmi konsepsiyaları hazırlaması gərəkirkən yaxın tariximizdə hadisələrin axarına və arxasına düşməsi yeni situasiya yaratmış oldu. Belədə sosrealizmdənqalma mövcud elmi-nəzəri konsepsiyalar öz funksionallığını itirdiyindən yeni nəzəri-metodoloji arsenalın yaranmasına kəskin ehtiyac yarandı. Bir müddət ideoloji, ədəbi, kulturoloji sahədə səssizliyin hökm sürməsi humanitar düşüncəni yenidən diqqət mərkəzinə çəkdi. Mövcud elmi-nəzəri düşüncənin bu proseslərdən geridə qalması və tələblərə cavab vermədiyi aydın görünürdü. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun təşkil etdiyi və akademik Bəkir Nəbiyevin anadan olmasının 80 illiyinə həsr edilmiş “Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri” beynəlxalq elmi konfransı (dekabr 2010) bu sahədəki nəzəri-metodoloji boşluğu bir qədər aradan qaldırmağa hesablanmışdı. Əslində, konfransın keçirilməsində böyük bir çaba sərf etmiş ədəbiyyatşünas, tənqidçi Şirindil Alışanlının ayrı-ayrı məqalələrində bu problemlər öz əksini tapmışdı. Müstəqillik dövründə ədəbiyyatşünaslığın müasir durumundan (ən əsası yeni bir metodolojiyə malik olmamasından!) əndişə duyan tədqiqatçı bir çox məqalə və çıxışlarında problemə bu və ya digər şəkildə toxunmuşdur. Tədqiqatçının elmi və tənqidçilik fəaliyyətində nəzəri fikrin tarixiliyi, müasirliyi, tarixi poetika məsələləri, ədəbi prosesin və ədəbi tənqidin müxtəlif problemləri, ədəbiyyat tarixçiliyi, realizmin tipologiyası və s. haqqında fundamental tədqiqatlarını ədəbiyyatşünaslığın qarşısında duran vəzifələri müxtəlif vaxtlarda və səviyyələrdə müəyyənləşdirmək yolunda ilk addımlar hesab etmək olar. “Sözün estetik yaddaşı” (1994), “Romantizm: mübahisələr, həqiqətlər” (rus dilində, 2000), “Ədəbi-bədii düşüncənin sərhədləri” (2010) kimi monoqrafiyaları da birbaşa ədəbi, nəzəri, estetik fikrimizin problemlərinin həllinə yönəlib.
Bu günlərdə Şirindil Alışanlının “Elm” nəşriyyatında dərc edilən “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” (elmi redaktoru akademik Bəkir Nəbiyev, rəyçilər professorlar Qorxmaz Quliyev və Tehran Əlişanoğlu) monoqrafiyasında ədəbiyyatşünaslığımızın keçdiyi yola və qarşısında duran problemlərə konseptual baxış ifadə olunmuşdur. Bəri başdan qeyd edək ki, konseptuallıq, problemlərə nəzəri yanaşma və həlletmə müəllifin digər araşdırmaları kimi, bu monoqrafiyanın da başlıca xüsusiyyətlərindəndir. Fikrimizcə, bunun əsas nədəni Ş.Alışanlının doktorantura təhsilini Moskvada M.Qorki adına Dünya ədəbiyyatı İnstitutunda görkəmli estetik alim Yuri Borevin rəhbərliyi altında alması, uzun illərdən bəri akademik ədəbiyyatşünaslıq elmimizin problemlərinə dərindən bələd olması və onların həllində ciddilik və məsuliyyətlilik nümayiş etdirməsidir. Akademik ədəbiyyatşünaslığın problemlərini məhəlli düşüncədən kənarda, dünya nəzəri fikir kontekstində araşdırma onun tədqiqatlarının məzmununu, istiqamətini, hətta deyərdim ki, coğrafiyasını da dəyişir. Ədəbiyyatşünas alimin Rusiya və digər ölkələrin ədəbiyyatşünasları, tənqidçi və estetikləri ilə yaradıcılıq əlaqəsi və elmi konfranslar səviyyəsində fikir mübadiləsi aparması fikrimizi təsdiq etdiyi kimi, ədəbiyyatşünaslığımızın sərhədlərini də genişləndirməyə xidmət edir..
“Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” monoqrafiyasında qoyulan problemlər də məhz belə bir nəzəri səciyyə daşımaqla yanaşı, problemlərin qloballaşma çağında humanitar düşüncədəki metodoloji, nəzəri, estetik boşluqları aradan qaldırmağa yönəlir. Şübhəsiz, bu istiqamətdə həll olunması gərəkən ən vacib problemlərdən biri klassik irsin dəyərləndirilməsidir. Aydındır ki, bütün dövrlərdə (lap elə tariximizin yaxın dövrləri 20-30-cu, eləcə də, 90-cı illərdə) siyasi reallıqlar dəyişərkən klassik irsə münasibət, milli mənəvi irsin qiymətləndirilməsi məsələsi aktuallıq qazanır. Müstəqillik ərəfəsində ictimai-siyasi və ədəbi düşüncədə keçmişə (hadisə və siyasi sistem mənasında!) münasibət cəmiyyətdə vahid elmi-nəzəri fikrin formalaşmamasını göstərirdi. Ədəbi-nəzəri fikirdə yeni metodoloji meyarların yaranmaması da cəmiyyətdə gedən nəzəri fikir çəkisizliyinə gətirib çıxarırdı. Bütün bu problemlər haqqında ədəbiyyatşünas-tənqidçinin universal səciyyə daşıyan araşdırmaları monoqrafiyanın “Çağdaş ədəbi-siyasi reallıqlar və klassik irsin dəyərləndirilməsi məsələləri” fəslinin obyektini təşkil edir. Müəllif yeni yüzilliyin və minilliyin astanasında milli-mənəvi dəyərləri qiymətləndirmənin yollarını və metodologiyasını axtararkən mövcud reallıqlardan çıxış edir. Çünki dünyanın ictimai-siyasi mənzərəsi kimi, humanitar təfəkkürdə də baş verən dəyişikliklər özü bunu zəruri edir. Ədəbiyyatşünas alimin şərhində klassik irsin dəyərləndirilməsi probleminə kompleks yanaşma nümayiş etdirilir; həm nəzəri, həm də təcrübi aspektdə məsələyə münasibət bildirilir. Yaxşı haldır ki, tədqiqatçı alim postsovet məkanında (eləcə də 20-30-cu illərdə) klassik irsin dəyərləndirilməsini inkişafın hərəkət trayektoriyası və əsas mənbəyi kontekstində araşdırır. Ədəbiyyatşünaslığın ədəbi-bədii irsimizin dəyərləndirilməsində qarşılaşdığı böhranın, özünün yeni nəzəri-metodoloji prinsiplərini yaradarkən obyektiv və subyektiv çətinliklərin nədənlərini üzə çıxarmağa çalışır. Bu cəhətdən ədəbiyyatşünaslığın bütöv bir mərhələdə ideologiyaya bağlılığı, onun digər elm sahələri ilə əlaqəli məqamların olması, dünya ədəbi-nəzəri fikrindən ayrı düşməsi kimi məsələlərə nəzər yetirilir. Sovet siyasi sistemində mövcud olan elmi-nəzəri konsepsiyanın postsovet dövründə enerjisini və hərəkət orbitini itirməsi, yeni metodoloji prinsiplər və dəyərləndirmə meyarlarının formalaşması müqayisəli şəkildə təhlilə cəlb olunur. Müəllifin bir nəzəriyyəçi kimi obyektiv fikri iki siyasi sistemdə ədəbiyyatşünaslığa münasibətdə təzahür edir: “Sovet dövründəki siyasiləşmənin öz stereotipləri var idi. Bu klassik irs və müasir ədəbi proseslə bağlı müxtəlif çalar kəsb edirdi. Xüsusən müasir ədəbiyyata münasibətdə yaranmış qiymətləndirmə stereotipləri bu gün eynən mənəvi ikrah doğuran başqa bir formada özünü büruzə verir. Əvvəl qiymətverənin ölçü və prinsipləri şüuraltı vərdiş əsasında yaranırdı. MK-nın rəyi, vəzifə pillələri elmi təfəkkürü iflic edirdi. İndi tənqidçi və ədəbiyyatşünasın bu portretinə sponsor, burjuanın “pul kisəsi” də əlavə olunub”.
Göründüyü kimi, tədqiqatçı hər iki mərhələdə ədəbiyyatşünaslığın qarşısında duran və onun inkişafına mane olan faktorları ortaya çıxarmağa çalışır, inersiya ilə baş verən sosioloji qiymətləndirmə ilə yanaşı, marksist ədəbiyyatşünaslığından gələn “elmi vərdişlərdən” kənar olmanın elmi-nəzəri prinsiplərini işləyib hazırlayır. Elə buradaca qeyd edək ki, tədqiqatçının bu fikri çağdaş reallığı olduğu kimi əks etdirməklə yanaşı, müasir ədəbi-nəzəri fikrin metodoloji axtarış meyllərindən irəli gəlir. Problemin yalnız milli zəmində deyil, dünya ədəbi-nəzəri fikir müstəvisində araşdırılması müasir humanitar təfəkkürdə demokratik qlobal cəmiyyət konsepsiyasına konseptual baxışı ifadə edir. Çox doğru olaraq tədqiqatçının klassik və müasir ədəbi irsin dəyərləndirilməsində mövcud nəzəri konsepsiyalarla milli ədəbi təcrübəni vəhdətdə götürməsi tədqiqatın əhəmiyyətini bir qədər də artırır.
Keçmişin estetik irsini çağdaş təsəvvürlərlə dəyərləndirmənin doğru olmadığı məsələsində də tədqiqatçının söykəndiyi elmi arqumentlər və nəzəri metodoloji meyllər yaşarı təsir bağışlayır. Müəllif belə bir fikrində tamamilə haqlı görünür ki, heç bir əsəri, ədəbi abidəni, ədəbi şəxsiyyəti , həmçinin ədəbiyyat tarixini real tarixi gerçəklikdən ayırmaq olmaz, buna əməl etmədikdə Sabir də, Mirzə Cəlil də, C.Cabbarlı, S.Vurğun və Rəsul Rza da yeni repressiyanın qurbanına çevrilirlər.
Ş.Alışanlının monoqrafiyasında klassik ədəbiyyatı obyektiv dəyərləndirmədə əsas maneələr, yanlış təsəvvürlər səriştəli tədqiqatçı arqumentləri ilə təhlil edilir, yeni metodoloji meyarlarla yanaşmanın prinsipləri müəyyən edilir, qiymətləndirmə ehtiyatları ortaya çıxır.
Monoqrafiyanın “Müasir humanitar təfəkkür və ədəbi fikrin dövrləşdirilməsi problemi” fəsli də elmi-nəzəri tutumu və yeni konseptual baxışı özündə ehtiva edən arqumentlər zənginliyi ilə diqqəti çəkir. Ədəbi fikrin dövrləşdirilməsi probleminin tarixinə elmi-nəzəri ekskurs edən edən tədqiqatçı çağdaş ədəbiyyatşünaslıq elmimizdən kənarda qalmış məsələni yenidən müzakirə predmetinə daxil edir. Dövrləşdirmə ilə bağlı tədqiqatçının araşdırmaya cəlb etdiyi onlarla nəzəri və təcrübi fikir arsenalı ədəbiyyat tarixi konsepsiyasının və dövrləşdirmənin milli, elmi qaynaqlarının zənginliyini və müxtəlifliyini göstərir. Bütün bu milli, ideoloji, tarixi mənbələri yeni meyarlarla araşdırmaq, dövrləşdirmənin icmalını vermək və bu nəzəri fikirləri özündə cəmləşdirən konsepsiya yekdilliyini tapmaq tədqiqatın başlıca məqsədlərindən biri olaraq yerinə yetirilir. F.Köçərli, Ə.Abid, İ.Hikmət, A.Şaiq, Ə.Nazim, B.Çobanzadə, Y.V.Çəmənzəminli, M.Quliyev kimi ədəbi şəxsiyyətlərin ədəbiyyat tarixçiliyi yönündə araşdırmalarını, elmi fikirlərini ümumiləşdirərək çağdaş ədəbi dövrləşdirmənin yeni konturlarını cızmaq da bu tədqiqatın müəllifinə müyəssər olur. Təxminən yüz illik bir dövrün ədəbiyyat tarixçiliyi istiqamətində araşdırmaları sərf-nəzər edən ədəbiyyatşünas həm klassik, həm də XX əsr Azərbaycan ədəbiyyatının dövrləşdirilməsində yeni meyarlardan və mövcud elmi-nəzəri konsepsiyalardan çıxış etməkdə tamamilə haqlı görünür. Böyük bir dövrün ədəbi, fəlsəfi məktəblərini araşdırmaq nə qədər çətin olsa da, təqdiredici haldır ki, ədəbiyyatşünas alim problemə nüfuz edərkən ona kompleks şəkildə yanaşır, Azərbaycan mühacirət ədəbi fikrini yaddan çıxarmayaraq M.Ə.Rəsulzadə, Ə.Cəfəroğlu kimi fikir adamlarının mülahizələrinə də istinad edir: “M.Ə.Rəsulzadə və Ə.Cəfəroğlunun mülahizələri Avropa elmi fikrində olan ədəbi fəlsəfi məktəblərdən qaynaqlanırdı. Lakin onların mövqeyində Azərbaycan ədəbiyyatı tarixinin regional və milli tərəfləri dünya ədəbiyyatı tarixi prosesi kontekstindən yanaşma ilə seçilir”.
Ədəbiyyatşünas Ş.Alışanlının monoqrafiyasının bir hissəsi də bədii metod konsepsiyasının təşəkkülü, tipologiyası, poetikası və inkişaf mərhələləri probleminə həsr olunub. Burada həm bədii metod anlayışının özü, həm də ədəbi-elmi dövriyyəyə daxil olduğu dövrdən ona yanaşmanın təzahürlərinə sistemli şəkildə nəzər yetirilir. Müəllifin belə bir fikri ilə razılaşmamaq olmur ki, M.F.Axundovun estetikasında realist sənət haqqında konsepsiya Azərbaycan ədəbiyyatşünaslığında bədii metod haqqında nəzəri təlimin ilk mərhələsini təşkil edir. Ötən yüzillikdə romantik və realist yaradıcılıq metodlarının ideya-estetik prinsiplərinin xüsusi bir mərhələ təşkil etməsi və ona münasibət də tədqiqatın araşdırma obyektlərindən olması onun sanbalını artırır. Belə ki, realist və romantik metodlarla bağlı araşdırmalar bizim elmi fikrimizdə də ayrıca bir mərhələ təşkil edir. Üstəlik sosrealizmin ədəbiyyat tarixçiliyi və nəzəri fikri bu metodlardan birinə (romantizmə) realizmə baxdığı qədər sıcaq yanaşmayıb, dünya bədii fikir tarixində xüsusi çəkiyə malik bu ədəbi-bədii hadisəyə “mürtəce” damğasını vurmaqdan belə çəkinməyib. Monoqrafiyada ideolojidən qaynaqlanan ədəbiyyatşünaslığın və elmi-nəzəri fikrin bu metodlara münasibətinin səbəbləri açılır, bu iki yaradıcılıq metodu arasındakı müştərək və fərqli cəhətlərə nəzər yetirilir. Keçmişin elmi-nəzəri, metodoloji səhvlərini təshih etmək də bugünkü ədəbiyyatşünaslığın əsas vəzifələrindən biri kimi təsdiq və təqdir olunur.
Monoqrafiyanın ən qiymətli cəhəti odur ki, müəllif problemi mərhələ-mərhələ araşdırır, müxtəlif dövrlərin tənqid və ədəbiyyatşünaslığında mövcud olan fikir və mülahizələri çağdaş meyarlar baxımından sərf-nəzər edir. 20-30-cu illər elmi nəzəri fikrində bədii metod haqqında müzakirələrin yeni ədəbi düşüncənin formalaşmasındakı rolu da eyni meyarlarla dəyərləndirilir. H.Cavid, C.Cabbarlı, S.Vurğun yaradıcılığının bədii metod konsepsiyasında reallaşmasının elmi izahındakı rasional cəhətlər problemə yeni yanaşmanın təzahürü olaraq meydana çıxır. Yeni yaradıcılıq metodunun prinsiplərini əvvəlcə həzm edən, sonra isə öz yaradıcılığında tətbiq edən C.Cabbarlının H.Cavid yaradıcılığına münasibəti ədəbiyyatşünas alimin dəyərləndirilməsində elmi həqiqət payını aşağıdakı şəkildə alır: “C.Cabbarlı romantik sənətə realizmin meyarları ilə yanaşdığını özü də bilirdi. Lakin H.Cavidi yalnız romantik hesab etmirdi. Çünki nəzəri fikrin özündə yaradıcılıq metodlarının ideya-poetik sistemi barədə fikir yeniliyi, vahid konsepsiya yox idi”.
Monoqrafiyada 30-cu illərin ədəbi-tənqidi, nəzəri irsinə də geniş yer ayrılır; Hənəfi Zeynallı, Əli Nazim, Mustafa Quliyev, Əmin Abid, Məmməd Kazım Ələkbərli kimi tənqidçilərin yaradıcılıq metodu ilə bağlı mübahisələri yeni interpretasiya ilə təhlilə cəlb edilir. Bu müzakirələrin repressiyadan sonra yeni bir məcraya daxil olması və bu müzakirələrin episentrində S.Vurğunun bədii yaradıcılığı və nəzəri irsinin mövcudluğu metodun yeni ideya-bədii prinsiplərini müəyyənləşdirir. Ədəbiyyatşünasın M.F.Axundovdan sonra S.Vurğunun elmi-nəzəri irsini ümumittifaq elmi dövriyyəsinə daxil olmasının arxasında geniş, böyük zəhmət tələb edən elmi araşdırmalar dayanır. Çox doğru olaraq, ədəbiyyatşünasın S.Vurğun nəzəri irsini bədii yaradıcılıq metodunun araşdırılmasında və dəyərləndirməsində bir mərhələ olaraq təhlil etməsi razılıq doğurmaya bilməz. Çünki S.Vurğunun klassik və çağdaş ədəbiyyatda yaradıcılıq metodlarının formaları, təşəkkülü, estetik prinsipləri, inqilabi romantika, tənqidi realizm və s. haqqında fikirləri milli ədəbi təcrübəyə əsaslandığı kimi, bu gün də elmi-nəzəri fikirdə enerjisini qoruyub saxlaya bilir. Yaradıcılıq metodu ilə bağlı nəzəri fikrin sonrakı inkişaf mərhələsində M.İbrahimov, M.Arif, M.Hüseyn, M.Cəfər. A.Əfəndiyev, Y.Qarayev kimi ədəbiyyatşünasların yaradıcılığında izləyən Ş.Alışanlı yeni nəzəri-metodoloji nəticələrə gəlib çıxır.
Monoqrafiyanın “Poetika: ədəbiyyatşünaslığın tarixi təcrübəsi və müasir istiqamətləri” fəsli də müzakirə predmetinin konseptuallığı, problematik və polemik məzmunu ilə diqqəti çəkir. Ədəbiyyatşünas müasir dünya nəzəri-estetik fikrində poetika probleminə yönəlik milli-mənəvi, kulturoloji sərvətlərə yeni metodoloji mövqedən yanaşır. Tarixi poetikaya aid sistemli elmi-nəzəri tədqiqatları (M.Xrapçenko, V.Vinoqradov, D.Lixaçev, E.Meletinski, S.Averintsev və b.) təhlilə cəlb edən müəllif onun mərhələləri, metodu, dövrləşdirilməsi kimi məsələlər üzərində geniş dayanır. Demək lazımdır ki, ədəbiyyatşünaslığımızda, ümumiyyətlə, poetika məsələlərinə aid araşdırmaların azlıq təşkil etməsi ədəbi elmi düşüncədə birtərəfli inkişafını şərtləndirdiyindən tədqiqatçı alimin haqlı narahatlığına nədən olur. Müəllifin narahatlığını başa düşmək olar; ədəbiyyat tariximizin keçdiyi yolu metodoloji baxımdan tədqiq etmənin müasir yolu poetika məsələlərini ədəbiyyatşünaslığın prioritetinə çevirməkdən ibarətdir. Belə görünür ki, haqqında danışdığımız monoqrafiya ilə artıq fundamental tədqiqatlara start verilmişdir. Monoqrafiyanın ən qiymətli cəhəti ədəbiyyatşünaslığın tarixi təcrübəsini analiz edən müəllifin bir çox istiqamətlər üzrə yeni konsepsiyalar irəli sürməsində və mövcud nəzəri-metodoloji prinsiplərə müraciət etməsindədir. Bir çox problemlərin təsdiqində və təkzibində belə ədəbiyyatşünas elmi prinsiplərə və yeni metodoloji meyarlara əsaslanır. Bu mənada monoqrafiyada müəllif ədəbiyyatşünaslığımızın qarşısında yeni tələblər qoyur, sosrealizm metodologiyasından qalmış metodologiyanın yenilənməsi ilə bağlı səmərəli təkliflər də verir.
Tənqidçi Şirindil Alışanlının “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” monoqrafiyasında ədəbiyyatşünaslığımızın problemlərinin, ağırlığının bir qismini çiyinlərində daşımaq missiyası vardır və bu missiya müasir qloballaşma kontekstində milli ictimai fikrin müəyyən vəzifələrinin həllinə xidmət edir. Qətiyyətlə söyləyə bilərik ki, ədəbiyyatşünas Ş.Alışanlının bu monoqrafiyası, bizdə müasir ədəbiyyatşünaslığımızın durumu, xarakteri, imkanları, iddiaları və üfüqləri barədə gələcəyə yönəlik nikbin bir təsəvvür yaradır.

Bədirxan ƏHMƏDOV,
filologiya elmləri doktoru, professor





Bu yazı ( 235 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar