12px14px16px18px

Biz niyə beləyik

Xəlil Məcidoğlu
01:01 / 03.04.2012
Hər bir xalqın, millətin yalnız ona xas olan xasiyyəti, xüsusiyyətləri, adət-ənənələri, davranış qaydaları, hərəkətləri, həyat tərzi var. Bunları ümumi şəkildə milli mentalitet kimi qəbul etmək olar. İnsanlar çalışırlar ki, mentalitetə uyğun hərəkət etsinlər. Mentalitetin formalaşmasında dövrün, siyasi quruluşun, sosial vəziyyətin xalqlar, dövlətlər arasında əlaqələrin, ünsiyyətin təsiri böyükdür. Azərbaycan millətinin mentalitetinin başqa millətlər üçün nümunə ola biləcək cəhətləri kifayət qədərdir. Ancaq mən mentalitetimizin bizə yaraşmayan, xoşagəlməyən cəhətləri barədə söz açmaq istəyirəm.
Qardaşım oğlu bu yaxınlarda İtaliyanın Milan şəhərinə ezamiyyətə getmişdi. Danışırdı ki, onu ən çox təəccübləndirən Milanda bahalı avtomobillərin demək olar ki, olmaması idi. “Cip” avtomobili yalnız onları dəvət edən nəhəng şirkətin prezidentində varmış. Amma təkcə bizim məhəllədə 6 “Cip” avtomobili var, hələ “Mersedes”ləri, “BMW”ləri və başqa bahalı maşınları demirəm. Bəlkə bu, bizim italyanlarla müqayisədə güzaranımızın yüksək olması ilə bağlıdır? Məlumdur ki, bu, belə deyil. Əlbəttə, o bahalı avtomobillər məvaciblə alına bilməz, bizdə elə yüksək məvacib yoxdur. Amma o avtomobillərin necə alınması mövzumuza aid deyil. Mövzumuza aid olan odur ki, o “Cip” sahiblərinin bəziləri evlərini, torpaqlarını, zinyət əşyalarını girov qoyaraq “prestij” maşına sahib olurlar. Nəticədə evini, torpağını, qızıl-gümüşünü itirənlər az deyil. Bəs bu cür ağlasığmaz risk nəyə lazımdır? Təkcə ona lazımdır ki, desinlər, “filankəsin “Cip”i var”.
Qonşulardan, tanışlardan, dostlardan “geri qalmamaq”, hamıdan fərqlənməyə, başqalarının qibtə etməsinə, köks ötürməsinə çalışmaq, imkanı, var-dövləti ilə öyünmək bizdə mentalitet səviyyəsinə qalxıb.
“Filankəsin toyunda 30 cür soyuq qəlyanaltı vardı. Bizim toyda ən azı 35 cür qəlyanaltı olmalıdır”. “Filankəsin toyunda gəlini 27 maşın müşayiət edirdi, biz gərək ən azı 30 maşın tapaq”. “Filankəsin yas məclisində banan, ananas, badam, püstə də qoyulmuşdu, məclisi üç axund aparırdı, çadırların uzunluğu 40 metr idi, bizim onlardan nəyimiz əskikdir, imkan vermərəm ki, camaat bizə lağ eləsin, borca girsəm də heç kimdən geri qalmayacağam”. “Filankəs atasına türbə tikdirib, heykəl qoydurub (bəlkə də sağlığında atası ilə küsülü olub), bizim atamız onunkundan bəyəm əskikdir”.
Belə söhbətləri azmı eşitmişik. Bu bəhsə-bəhs nəticəsində toydan sonra toy sahibləri, bəy, gəlin, yasdan sonra mərhumun ailəsi borc içərisində yaşamalı olur. Rəhmətə getmişlər qəbirlərində rahat ola bilmirlər. Bütün bunlar yalnız ətrafdakılara “baxın, mən övladıma görünməmiş toy etdim, mərhuma necə məclis qurdum, xatirəsini əbədiləşdirdim” demək üçün edilir. Heç kim də başqasından “geri” qalmaq, nəyin bahasına olur-olsun camaat arasında xəcalətli olmaq istəmir. Amma bir deyən yoxdur ki, mərhuma çəkdiyin xərci onun sağlığında ona sərf etsəydin, o, hələ çox yaşayardı, dəbdəbəli toy etməkdənsə evlənənlərin sosial problemlərini həll etmək daha münasib olmazdımı.
Bizim məhəllə fəhlələrin, müəllimlərin, mühəndislərin, həkimlərin məskunlaşdığı bir yerdir. Bir sözlə, burada insanlar məvaciblə yaşayır. Kimisinin 2-3 otaqlı mənzili, kimisinin də kiçik həyətyanı sahəsi ilə 3-4 otaqlı şəxsi evi var. Bir ilə yaxındır ki, bir nəfər 3-4 şəxsi evləri torpaq sahələri ilə bərabər alıb və özünə imarət tikdirib. Barokko üslubunda tikilmiş imarətdə 20-yə yaxın otaq var. Bu bina Gənclik, Badamdar və s. zonalarda tikilsə idi, bir o qədər gözə çarpmazdı. Burada isə imarət ətrafdakı evlərə, insanlara meydan oxuyur, öz əzəməti, bər-bəzəyi, ədası, görkəmi ilə ətrafdakıları əzir, heç nəyə dəymədiklərini onların gözünə soxur. O, sanki qışqırır yana-yana qalın ha... Təkcə binanı qoruyan qala divarlarına (həyətyanı hasar) çəkilən xərc 200 min manatdan çoxdur. İmarətin sahibi də ətrafdakılara yuxarıdan aşağı baxır, heç kimlə oturub-durmur. Qonşulardan heç kim onun adını da bilmir. Amma o, hərdən bir “qara” camaatın arasına çıxır, onda da elə bil yekəxanalığını, özündənrazılığını, həyatdakı mövqeyini göstərmək üçün gəlir. Hər dəfə də kütlüyünü, savadsızlığını büruzə verir, yekə-yekə danışmağı onu pis vəziyyətdə qoyur.
Mənə elə gəlir ki, belə bir mülk sahibi xəcalətdən adamlar arasına çıxmamalıdır. Çünki belə bir binanı yalnız oğurluqla, haram pullarla tikdirmək olar. Lakin binanın sahibi nəinki xəcalət çəkir, ətrafdakıları heç adam yerinə qoymur.
Bu dəfə milyonçu qonşumuz adam içinə çıxmışdı. Başını tərpətməklə salam verdi. Biz uşaqların oyununa tamaşa edirdik. Kiminsə dili dinc durmadı:
– Ay qonşu, görürsən yazıq uşaqlar hansı şəraitdə oyun oynayırlar. Bir gün görəcəksən yıxılıb şikəst oldular. O, sağa-sola xərclədiyin pullardan bir az da bura xərclə, heç olmasa hamarlasınlar bu çala-çuxuru.
– Bunun üçün hökumət var, dövlət var, mənlik deyil. Nə çox xərcləməli yer.
Bu anda yanımızdan bir yaraşıqlı qadın keçdi. Milyonçu qonşumuz qadından gözünü çəkməyərək:
– Bu nədi, ə! Nə yeməli şeydir, ə!
– Qonşu, danışığını bil, bu nə sözdür, camaatın qadını ilə nə işin var, sənin anana, bacına, həyat yoldaşına sataşsalar xoşuna gələr?
– Mənə sataşanın başına güllə çaxaram.
Mən qonşunun sözlərindən hirslənib, hamıdan ayrıldım.
Qonşum:
– Professor, sizə sözüm vardı, ona görə gəlmişdim. Bu avaralar da qanımızı qaraltdı. Xahişim bu idi ki, bizim o gədəni yoxlayardınız, görək kəlləsində bir şey var, ya yox. Biqeyrətə bir belə xərc çəkirəm, xeyri yoxdur, deyir sənin ali təhsilin yoxdur, amma milyonersən, mən də sənin yolunla gedəcəyəm. Mən bu biqeyrəti başa sala bilmirəm ki, birdən zəmanə dəyişdi, nəyim varsa tutub əlimdən aldılar, gərək dolanmaq üçün bir sənətin, ixtisasın olsun da. Düz demirəm? Bir də ki, professor, öz kruqumdan olan dostlarımla bizdə yeyib-içmək üçün görüşməliyik. Sizin kimi heç olmasa, bir nəfərin məclisimizdə olması xoşagələn olardı. Qızıl balıq, osetrina, qara, qırmızı kürü, başqa delikates şeylər olar, dişinizi dəyişmək üçün bir fürsətdir.
– Qonşu, mən kütüm, çapaq, durna balığı ilə də keçinə bilərəm. Qızıl balıq arzusunda deyiləm. O ki, qaldı sizin milyonerlər kampaniyasında iştiraka, dəvətə görə təşəkkür edirəm, amma belə bir kampaniyada olmuşam, oradakı insanların danışığı, söhbətləri, hərəkətləri, mədəniyyətləri, yumşaq desək, xoşuma gəlməyib. Bilirsiniz, xətrinizə dəyməsin, pula olan hərislik onları adi insani keyfiyyətlərdən məhrum edib. Maraqlıdır ki, mən xaricdə, təsadüfən, belə bir məclisin iştirakçısı olmuşam. Məclisi milyarderlər siyahısında adı olan bir şəxs təşkil etmişdi. Amma məclisdə milyarderlər, milyonerlərlə yanaşı, ziyalı adamlar, alimlər, artistlər, mühəndislər də vardı. Heç cür hiss olunmurdu ki, qarşımızda sanballı, bir dövlətin büdcəsi qədər pulu olan bir şəxs oturub. Mənim üçün maraqlı olan həmin milyarderin stolunun üstündə hər cür nemətin olmasına baxmayaraq, qara çörəyin üstünə badımcan kürüsü yaxıb şirin-şirin yeməsi idi. Siz heç badımcan kürüsü yemisiniz?
– Professor, o, nə olan şeydir, mən heç qırmızı kürünü bəyənmirəm.
– O ki, qaldı oğlunuzun biliyinin yoxlanılmasına, vaxt tapıb məşğul olaram. Üzürlü sayın, məclisə isə gələ bilməyəcəyəm.
Sovet dövründə insanları zorla da olsa, ictimai mülkiyyəti qorumağa məcbur edirdilər. İndiki xüsusiyyətçilik dövründə hər kəs öz mülkiyyəti qayğısına qalır, ictimai mülkiyyətə yad gözlə baxır. Parklarda, xiyabanlarda oturacağı sökülmüş skamyaları, çiling-çiling olmuş küçə lampalarını, əcaib şəkillər çəkilmiş, yaramaz sözlər yazılmış divarları, sındırılmış, çıxardılmış döşəmə plitələrini kim görməyib. Elə bilməyin ki, bu xuliqanlıqla yalnız dələduz, avara uşaqlar məşğul olur. Xeyr, bu yaramaz əməllərdən həzz alan cavanlar da, yaşlılar da az deyil. Mən qonşu dövlətlərdə belə bir iyrənc hərəkətə rast gəlmədim. Orada belə bir əməl heç kimin ağlına belə gəlmir. Bir dənə də olsun sönmüş, sındırılmış lampaya, yararsız hala salınmış skamyalara rast gəlməzsiniz. Əgər kimsə belə bir işə cəsarət etsə, ətrafdakıların ciddi qınağına tuş gələr, hətta, həmin adamı tutub polisə təhvil verərlər. Amma bizdə kimsə hamının gözü qabağında əlinə ağac alıb lampaları bir-bir çilikləsə belə, ona “gözün üstə qaşın var” deyən olmaz. Bu, bizim mentalitetimizdən irəli gəlir.
İş kabinetim olan vaxtlar tanışlar məni qınayırdılar ki, qəbuluna gələnləri niyə qapında gözlətmirsən, qapını hamının üzünə açmısan. Kabinetin ləzzəti ondadır ki, yanına gələnləri nə qədər istəsən gözlətdirəsən. Onda hamı kabinetin gücünü hiss edir, kabinetdə oturanı daha çox sayır. Çətinliklə qəbula düşənlər elə sevinirlər ki, nə üçün gəldikləri yadlarından çıxır. Tanışlarım haqlıdırlar, istənilən ranqdan olan məmur, qəbuluna gələnləri saatları gözlətməkdən ləzzət alır, qəbul etdiyi adamı da başqalarının üstünə göndərir. O ki, qaldı nazir, icra başçısı kimi yüksək vəzifəli şəxslərə, onların qəbuluna düşmək mümkün olan iş deyil, hətta, özünün formal təyin etdiyi qəbul günlərində, saatlarında bu, mümkünsüzdür. Mən altı ay müddətində nə qədər çalışdımsa da, icra başçısının qəbuluna düşə bilmədim, hər dəfə mənə lazım olmayan şəxslərin üstünə göndərirdilər, hərçənd, deyirdim ki, mənə yalnız icra başçısı lazımdır. Hətta, yaşlı professor olmağım da onu maraqlandırmırdı. Amma səmimiyyətlə deyirəm ki, İran İslam Respublikasına hər səfərimdə mən ən yüksək vəzifəli şəxslərin qəbuluna düşə bilirəm. Bəs bizdə bu, niyə mümkün olmur, niyə kreslo sahiblərinin insanlara canı yanmır, onları incitməkdən ləzzət alırlar, bununla kreslonun gücünü hiss etdirirlər. Bu, hələ çox illər belə qalacaq, çünki mentalitetimiz belədir.
Milli mentalitetdən başqa vəzifə mentaliteti də mövcuddur. Vəzifəni kimin tutmasından asılı olmayaraq, heç kim bu mentalitetdən kənara çıxa bilmir.
Görürəm ki, yayın istisində kanalizasiya suları küçəni başına götürüb. Üfunətdən nəfəs almaq mümkün deyil. Günlərlə, həftələrlə insanlar bu üfunət içərisində yaşayırlar. Bu sahəyə məsul olan məmurlar, yüz dəfə bu səhnəni görsələr də (onlar həmişə hərəkətdədirlər, daşı-daş üstə qoyanlara aman verməzlər, başının üstünü kəsdirərlər), reaksiya da verməzlər. Nəhayət, canlarından bezmiş sakinlər günlərlə zəng edəndən sonra, xəttin o başından soruşurlar: telefon nömrəsini deyin.
– Telefonumuzun nömrəsi nəyə lazımdır, ünvanı demişəm də – sakin hirslənir.
– Telefon ona görə lazımdır ki, görək bizi yalandan çağırmırsınız ki.
Sakin əlacsız qalıb telefon nömrəsini verir.
Axır ki, kanalizasiya işçiləri gəlib çıxırlar. İşə girişməzdən əvvəl zəng edən adamı çağırtdırırlar:
– Hə, gəlmişik, indi bizi yola salın işə başlayaq – şərt kəsirlər.
– Niyə mən verməliyəm, bu küçədə tək mən yaşayıram? – sakin haldan çıxır.
– Çünki sən çağırtdırmısan, səni tanıyırıq.
Bax beləcə, zəng etmək, ünvan demək sakinə baha başa gəlir. Odur ki, heç kim zəng etmək istəmir. İnsanlar da üfunət içində boğulurlar. Bu, on illərlə davam edir. Deməli, buna cavabdeh olan məmurun kim olması vəziyyəti dəyişmir. Heç kim vəzifə mentalitetindən kənara çıxmaq istəmir.
Hələ Sovet dövründən indiyə qədər hər il eyni səhnənin şahidi oluruq. Elektrik enerjisi, qaz, istilik, su təsərrüfatlarına başçılıq edən insanlar dövlət rəhbərləri qarşısında qışa hazırlıqla bağlı hər şeyin qaydasında olduğuna, hər kəs öz sahəsində qışda heç bir problem yaranmayacağına söz verirlər. Elə birinci əsən bərk külək, yağış, havaların qəflətən soyuması yalanı üzə çıxarır: qaz ya kəsilir, ya da elə təzyiqlə verilir ki, heç nəyə yaramır. Çovğunda elektrik xətlərinin qırılması bəlkə də başa düşüləndir (hərçənd, vaxtında bütün nasazlıqlar aradan qaldırılsa, çovğundan üzüağ çıxmaq olar), lakin qazın kəsilməsini, hədsiz azalmasını, istilik sisteminin işləməməsini, suyun kəsilməsini necə izah etmək olar.
Allah üzümüzə baxıb ki, qarlı, şaxtalı günlərimiz uzun çəkmir. Lakin bu qısa şaxtalı günlərdə də normal qaz, istilik, su təminatına həsrət qalırıq. Ancaq bu sahələrə məsul olan insanlar yer altına 2-3 milyard kub metr qaz (bu həcmdə qaz Bakı kimi şəhəri bir neçə ay qazla normal təmin edə bilər, amma cəmi bir neçə həftəlik soyuq, şaxtalı günlərdə qazla təmin etmirlər) vurulduğundan, istilik sistemlərinin, boruların qaydasında olduğu haqqında ağızdolusu danışırlar, dövlət başçısına hesabat verirlər.
İllər boyu eyni səhnənin şahidi oluruq: işıq yox, qaz yox, istilik yox, su yox. İnsanlar bilmir ki, soyuqdan əziyyət çəkən uşaqlara baxsın, yoxsa xörək bişirmək dərdi çəksin. Məntiqə görə soyuq, şaxtalı günlərdə qazı bir az da artırmaq lazımdır ki, insanlar əziyyət çəkməsin. Amma əksinə, qar yağan kimi, şaxta düşən kimi qaz verilişi kəskin azaldılır, ya da kəsilir. İnsanlara qarşı necə biganə olmalısan ki, onları belə bir ağır sınağa çəkəsən. Mən demirəm ki, soyuqlar düşən kimi bütün Bakının qazını, suyunu kəsirlər, əlbəttə, yox. Lakin bu, bir qəsəbədə, kənddə, məhəllədə, hətta bir binada baş verirsə, deməli, problem var. Təəssüf ki, illər boyu bu problem təkrar olunur. Bayırda temperatur 50? C şaxta olduğu Yakutskda iclas salonunda adamların köynəkdə, pencəkdə oturduğunu görəndə adam təəccüb edir. Bizim tədbirlər keçirilən salonlarda, akt zallarında paltoda, kürkdə, dublyonkada oturan adamlar tədbiri gözdən salır. Rəyasət heyətində dona-dona pencəkdə oturanlara adamın yazığı gəlir. Yenə deyə bilərlər ki, hər yerdə belə deyil, bəli. Amma yalnız bir salonda da belə vəziyyətə rast gəliriksə, bu, biabırçılıqdır, əslində isə, belə zallar yüzlərlədir.
Əgər qaz çatışmazlığı olsa idi və ya haradasa qəza baş verməsi (bu barədə xəbərdarlıq edirlər) üzündən qaz kəsilsə idi, camaat onu başa düşərdi. Amma Avropaya qaz ixrac edən, yeraltı anbarlarında üç milyard kubmetr ehtiyat qazı olan ölkə vətəndaşlarını bir neçə həftəlik qarlı, şaxtalı havalarda imkan ola-ola normal qazla, istiliklə təmin etmirlərsə, bu, yumşaq desək laqeydlikdir.
Bu isə vəzifəli şəxslərin vəzifə mentalitetindən irəli gəlir.
Xəlil Məcidoğlu
[email protected]





Bu yazı ( 239 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar