12px14px16px18px

Rus xasiyyəti

Xəlil Məcidoğlu
08:53 / 17.06.2011
Çox çətin və məsuliyyətli bir işə girişmək fikrim var. Böyük bir xalqın, millətin xasiyyəti haqqında söz demək istəyirəm. Rus xasiyyəti haqqında. Mənim ruslar haqqında söz deməyə mənəvi haqqım çatır. Çünki mən rusları uzun illər çox yaxından tanımışam, onlara hərtərəfli bələd olmuşam.
Təhsilimlə, işimlə, rəsmi, qeyri-rəsmi səfərlərimlə, səyahətlərimlə, istirahətimlə bağlı Rusiyanın Moskva, Leninqrad (Sankt-Peterburq), Qorki (Nijniy Novqorod), Sverdlovsk (Ekaterinburq), Novosibirsk, Kuybışev (Samara), Rostov-na-Donu və s. kimi, elm, təhsil, sənaye mərkəzlərində, Vladimir, Kostroma, İvanovo, Yaroslavl, Rostov-Velikiy, Suzdal, Novqorod-Velikiy, Pskov kimi, şəhər-muzeylərdə, Murom, Yuqo-Kamsk, Boroviçi kimi, əyalət şəhərlərində, böyük, abad kəndlərdə, stanitsalarda, gözdən-könüldən, sivilizasiyalardan uzaq, yolsuz-irssiz yaşayış məntəqələrində, xutorlarda olmuşam, yaşamışam. Tanınmış siyasi, ictimai xadimlərlə, dünya şöhrətli alimlər, yazıçılar, şairlərlə, bəstəkarlarla, musiqiçilərlə, artistlərlə tanışlığım, dostluğum olub, xalq şənliklərində, toylarda, ad günlərində, yaslarında iştirak etmişəm, yüksək intellektuallı, mənəviyyatlı, aristokrat ailələr görmüşəm. Tüfeyli, meşşan, spirtli içki düşkünü olan ailələrin də şahidi olmuşam. Bir sözlə, bütün bunlar rusları hərtərəfli tanımağa imkan verib.
Şübhəsiz, Amerikada, Avropada, Avstraliyada yaşayan ruslarla Rusiyada yaşayan ruslar arasında böyük fərq var. Hətta Rusiyanın müxtəlif regionlarında (Rusiyanın Avropa hissəsi, Volqaboyu, Ural, Sibir, Uzaq şərq) yaşayan ruslar da xasiyyətcə bir-birindən fərqlənirlər. Lakin ruslar üçün səciyyəvi olan xüsusiyyətlər var ki, məhz onlardan söhbət gedəcək.
Ruslar haqqında fikrimin formalaşmasında şübhəsiz, rus klassikləri L.Tolstoyun, F. Dostoyevskinin, A. Çexovun, İ. Turgeniyevin, A. Ostrovskinin və rus dili müəllimlərimin təsiri olub. Lakin yalnız gördüklərim, eşitdiklərim, apardığım araşdırmalar aldığım nəticənin, gəldiyim qənaətin əsasını təşkil edir. Bunun üçün gözlərimə çəhrayı eynək taxmaq da istəməmişəm. Hər şeyi haqqa, ədalətə, vicdana tabe etmişəm. Aldığım nəticə mənim şəxsi fikrimdir, şəxsi qənaətimdir.
Hamının qəbul etdiyi bir fikir var: bütün millətlərin pisi də, yaxşısı da var. O da var ki, həqiqət müqayisədə ortalığa çıxır. Fərz edək ki, yüz milyonluq xalqın yüz mini oğru, qatil, terrorçu, xuliqan və s. cinayətkar elementlərdir (min nəfərdən biri). İki milyonluq xalqın da bir o qədər cinayətkarı varsa, bu, onu göstərir ki, kiçik xalqın “cinayətkarlıq” göstəricisi (əgər belə demək olarsa), böyük xalqdan əlli dəfə artıqdır.
İkinci mühüm məsələ pis əməllərin hansı zəmində aparılmasıdır. Ən qorxulu hal milli zəmin halıdır. Kimisə soyğunçuluq üçün deyil, hansı millətəsə aid olmasına görə qətlə yetirirlər. Bu, qatilin milli mənsubiyyətinin fəsadıdır.
Doğulduğum Ağcabədiyə rusların gəlişi, mən bilən, mən gördüyüm üç dövrü əhatə edir: birinci, Böyük Vətən müharibəsindən əvvəl (keçən əsrin 30-cu illəri), ikinci, müharibə illəri və üçüncü, keçən əsrin 50-ci illərinin əvvəli.
Birinci dövrdə gələn ruslar yerli mühitə, şəraitə nisbətən asan qaynayıb-qarışmışdılar. Rus qadınları azərbaycanlılarla ailə qurub ömürlük məskunlaşmışdılar. Əksəriyyəti azərbaycan dilində danışırdı. Qonşumuz Marusya xala and içəndə yerli ləhcə ilə: “az, dədəmin goru haqqı xəvərim yoxdur”, ya da dələduz oğlu haqqında: “az, o ciyəri yanmış bizim gədənin işi olajaq” – deyərdi. Amma elələri də var idi ki, dilləri azərbaycan dilinə yatmırdı. Qonşumuz Nadya xala qırx il bir yastığa baş qoyduğu əri Həmidə Qamid deyərdi.
Əllinci illərdə gələn ruslar üçün (onlar əsasən, rus dili müəllimləri, maliyyə işçiləri idilər) fin evlərindən ibarət qəsəbə salmışdılar. Nədənsə, onlar yerli mühitə alışa bilmirdilər, ona görə də əksəriyyəti Ağcabədini tərk etməli olmuşdu.
Uşaqlıq xatirələrimdə o dövrün rusları şən, qayğısız, dərd-sər çəkməyən “kefqom” insanlar kimi yadımda qalıb. Onlar dəstə ilə hər gün kinoya gedərdilər, gecəyarısı evlərinə qayıdanda, oxuduqları çastuşkaları, hay-küyləri, qayğısız zarafatları, gülüşləri uşaqlıq hafizəmdə özünə yer tapmışdı. Onların nikbinliyi həsəd aparılacaq dərəcədə güclü idi.
Məktəb illərində ruslar haqqında məndə ilk təəssüratı rus dili müəllimim Nikolay İvanoviç Çaplıgin və qonşu uşağı Vova (sonradan öyrənmişdim ki, adı Vladimir imiş) yaradıblar.
N.İ. Çaplıgin bizə təkcə rus dili, ədəbiyyatı öyrətmirdi. O, bizə maraqlı hadisələr haqqında danışır, müxtəlif mövzularda söhbətlər aparırdı. O, istedadlı pedaqoq idi – bizə rus dilini sevdirə bilmişdi. Ruslara xas olmayan valideynlərinə möhkəm bir bağlılığı vardı. Deyirdi ki, kontrakt vaxtım (o, gənc mütəxəssis kimi, bir müddətə işə göndərilmişdi) qurtaran kimi, valideynlərimin yanına qayıdacam, onları tək qoya bilmərəm. Onda qocalara, xəstələrə bir mərhəmət, uşaqlara sevgi hissi vardı. Yaxşı yadımdadır, o, bir gün dərsə başlamazdan əvvəl, İ.V. Stalin yoldaşın xəstələnməsi barədə bizə məlumat verdi və hər gün rəhbərin səhhəti ilə bağlı rəsmi xəbəri bizə çatdırırdı. Növbəti dərs vaxtı biz onu gözüyaşlı gördük. O, rəhbərin vəfat etdiyini bildirdi və hönkürtü ilə ağlamağa başladı. Biz də ağladıq.
Rus dili müəllimimiz yüksək mənəviyyat sahibi, çox oxumuş, məlumatlı, xeyirxah, əsl rus ziyalısı idi. Onun spirtli içki içdiyini görən olmamışdı.
İndiki gözləri qaynaşan, dələduz, avara, siqaret çəkən, pivə butılkasından ayrılmayan rus yeniyetmələrini görəndə, tərbiyəli, çalışqan, təmiz qəlbli, saf niyyətli, əxlaqlı Vova yadıma düşür.
Ağcabədidə yaşayan ruslar özləri çörək bişirmirdilər. Çörəkbişirmə sexində (pekarnya) bişirilən qara çörək alırdılar. O dövrün çörəyi indikindən fərqlənirdi. O, çox qara və nəm olurdu. Kərpic formasında olan çörəyin (buxanka) görünüşü yaxşı olmasa da, dadı yaxşı idi. Vova qap-qara çörəyi nazik doğrayıb üstünə ərinmiş yağ yaxırdı və ləzzətlə yeyirdi. O, bir dəfə məni də qonaq elədi – ləzzətli idi. Mən də Vovanı sap-sarı buğda unundan bişirilmiş təndir çörəyinə qonaq etdim. O, təndir çörəyini yavanlıq kimi qara çörəklə yedi.
Hər bir xalq müəyyən xüsusiyyətlərinə görə öz xasiyyətini büruzə verir. Bu xüsusiyyətləri araşdırmaqla həmin xalqın xasiyyətini araşdırmış oluruq.

Böyük qardaş missiyası

Rusiya çoxmillətli ölkədir. Burada sayı milyonlarla hesablanan xalqlarla yanaşı, sayı cəmi bir neçə min olan xalqlar da yaşayır. Ruslar bu ölkədə tam əksəriyyət təşkil edirlər. Bəlkə də, bu mütləq çoxluq ruslarda əsrlər boyu burada yaşayan xalqlara qarşı “böyük qardaş” sindromu yaradıb. Onlar böyük ailədə böyük qardaşın ailə üzvləri üzərində qayğılarını çəkmək, köməklik göstərmək, sevincinə, dərdinə şərik çıxmaq kimi, missiyalarını yerinə yetirməyə çalışırlar. Yenə də böyük qardaş kimi, bir əlində duz-çörək, o biri əlində şallaq (yeri gələndə cəzalandırmaq üçün). Ədalət naminə deməliyəm ki, ruslar şallağı əllərindən yerə qoymasalar da, ondan hələlik, istifadə etməyiblər.
Əsrlər boyu “böyük qardaş” missiyası hakimiyyət dairələri üçün bir dövlət siyasəti səviyyəsinə qaldırılıb və bundan istifadə edilib. Bu, özünü Sovetlər dövründə daha əyani göstərib. Haqq üçün deyək ki, bu dövrdə ruslar Sovet İttifaqında yaşayan başqa millətlərə təhsil, elm, səhiyyə və s. sahələrdə hərtərəfli köməklik göstərmişlər. Yeni universitetlər, institutlar, səhiyyə müəssisələri, zavodlar, fabriklər açır, rəhbərlik edir, yerli, milli kadrlar hazırlayırdılar. Yerli kadrlar yaranandan sonra ruslar o müəssisələri tərk edirdilər. Bu, onların təmənnasız köməyinin sübutu idi.
“Böyük qardaş” missiyası ruslar üçün böyük maddi ziyan gətirsə də, onlar bu ideyadan əl çəkmirlər. Bu missiya siyasətlə bağlıdır. İndinin özündə də ruslar belorusları, ukraynalıları, erməniləri öz təsiri altında saxlamaqdan ötrü külli miqdarda ziyanla razılaşırlar. Lakin buna baxmayaraq, həmin xalqlar ruslara qarşı səmimi deyillər, “Böyük qardaşa” qarşı yeri gələndə, nankorluq edirlər.

Şovinizm

Şovinizm – milliyyətçiliyin, bir xalqın başqa xalqlardan üstün olması, onları əsarət altına almağın, milli qarşıdurmalara çalışmağın ən mürtəce formasıdır.
Rus şovinizmi, mənə elə gəlir ki, ruslara əsassız vurulmuş damğadır. Əslində, şovinizmə xas olan əlamətlər ruslarda başqa millətlərlə müqayisədə demək olar ki, yox dərəcəsindədir. Ruslar heç vaxt özlərini başqa xalqlardan üstün hesab etməmişlər. Onların başqa xalqlara, millətlərə kini-küdurəti, nifrəti, qısqanclığı yoxdur.
Rusiyada təhsil alan hər bir azərbaycanlı, rusların onlara səmimi münasibətini, hər cür köməkliyini, qayğıkeşliyini hiss ediblər, ayrıseçkilik görməyiblər.
Rusiyada yaşayan xalqların ruslar tərəfindən əsarət altına alınmasından danışmaq yersizdir. Ruslar hər bir millətin adət-ənənələrinə, dilinə, mədəniyyətinə hörmət edən olduqca xeyirxah, sadə insanlardır. Bu xalq başqa millətlərlə yola gedən, milli qarşıdurmadan uzaq, səbirli, təmkinli, dözümlü bir xalqdır.
Çoxları məni qınaya bilər ki, bəs Rusiyada baş verən qanlı olayları, milli qarşıdurmaları, terrorizmi, qatı milliyyətçiliyin təbliğini kimin ayağına yazaq.
Rusiyada baş verən cinayətkarlığın sadə rus xalqı ilə bağlılığı yoxdur. Bu, hakimiyyət dairələrinin, siyasətçilərin, xüsusilə, başqa millətlərdən olan yüksək imkan sahiblərinin əməlləridir. Qatı rus millətçilərinin damarlarında rus qanı axmır. Jirinovski də özünü rus adlandırır. Əslində onun damarlarında bir qram da rus qanı yoxdur. Əsl rus mərhəmətlidir, insanlara nifrəti yoxdur.
Əlbəttə, ruslardan da dəhşətli cinayətkarlıq gözləyə bilərik və bu, hər gün baş verir. Amma bu, ayrı-ayrı cinayətkarların əməlləridir. Cinayətkarlar hər millətdə var. Lakin bu cinayətlərin səbəbi nədir, niyə baş verir, bax, bu, əsas məsələdir.
Ermənilər əsrlər boyu türkün qanına hərislik göstərib. Ayrı-ayrı cinayətkarlar yox, məhz erməni xalqı. Yeni doğulmuş erməni körpəsinə də başa salırlar ki, türk sənin düşmənindir. Bu, bütöv bir xalqın başqa bir xalqa sönməz nifrətidir, qisasçılığıdır. Bax, budur şovinizm.
Polyakların ruslara qarşı əsrlər boyu azalmayan nifrəti, almanların yəhudilərə qarşı düşmənçiliyi, özlərini bütün millətlərdən üstün tutması – budur şovinizm.
Rusiya kütləvi təbliğat vasitələri Azərbaycan əleyhinə məqalələr, verilişlər təşkil edir, məlumatlar yayırlar. Ancaq araşdırma aparanda, burada erməni əli olduğu aşkarlanır. Ermənilərin Rusiyada böyük dayağı, imkanı var. Lazım olduqda onlar bu imkanlardan gen-bol istifadə edə bilirlər. Onların yaratdığı fəsadlar rusların adına çıxılır.
Rusiyanın elə bölgələri var ki, əhalinin 90-95%-ni ruslar təşkil edir. Lakin ən mühüm vəzifələri başqa millətlərin nümayəndələri tuturlar. Yəni, hakimiyyət sahibi başqa millətlərin nümayəndələridir. Millət sözü işlədilən heç bir ölkədə belə fakta rast gəlmək mümkün deyil. Budurmu “rus şovinizmi”? Təəssüf ki, bəzi hakimiyyət sahibi olan millətlərin nümayəndələri rusların bu alicənablığına nankorcasına yanaşır, rus millətinin imicinə böyük ləkə salır.
Sözün əsl mənasında, yoxdur “rus şovinizmi”. Cinayətkarlar və cinayətə təhrik edilən rus cinayətkarları var.

Alkoqolizm

Hesablamalar göstərir ki, əhalinin bir ildə hər nəfərinə düşən içilən spirtin miqdarı 14 litri aşanda, millət fəlakətə uğrayır. Rusiyada bu həddi keçiblər. Spirtli içki milli bəlaya çevrilib. Və vəziyyət getdikcə acınacaqlı hal alır. Rus və araq sözləri sinonim kimi işlənir.
Maraqlı burasıdır ki, elə Avropa ölkəsi (Fransa, Almaniya) var ki, adambaşına düşən illik içilən spirt 18 litri keçir. Lakin bu xalqlara “alkaş” xalq demirlər, millətin deqradasiyasından danışmırlar. Bu ölkələr dünyanın ən sivil dövlətlərindən sayılırlar. Çünki bu ölkələrdə içmə mədəniyyəti var, keyfiyyətli içkilər içirlər. Onlar kef çəkmək üçün içirlər. Ruslar isə əllərinə nə düşdü içirlər. Keflənib dərdlərini, çətinliklərini, ağrı-acılarını unutmaq üçün, vəziyyətin çıxılmazlığından içirlər.
Bəs bu “rus bəlasının” kökündə nə dayanır? İçkiyə aludəliyi rusun genləri ilə bağlayanlar səhv edirlər. Mən yüzlərlə, minlərlə rus görmüşəm ki, ömürləri boyu dillərinə spirtli içki dəyməyib. Rusu və arağı ayrılmaz sayanlar səhv edirlər. Bu rus fəlakətinin kökündə illər boyu həyata keçirilən dövlət siyasəti durur. İnsanları bu vəziyyətə salmaq üçün güclü təbliğat maşını işləyir. İnsanların içki ilə başını qatırlar. Kefli insanların hakimiyyətdən nə tələbi ola bilər. Təki içməyə nəsə olsun, başları açılmasın.
Səfalət, işsizlik hökm sürdüyü, heç bir faydalı məşğuliyyətin olmadığı kənd yerlərində içməkdən başqa nə edə bilərlər. Heç olmasa, içməklə dərdlərini müvəqqəti olsa da, unudurlar.
İçki mədəniyyətinin olmaması vəziyyəti daha da ağırlaşdırır.
Məclislərimizdə iştirak edən rus qonaqlarımız həmişəki qədər içsələr də, məclisdən sonra “öz ayaqları” ilə gedə bilmələri onlara anlaşılmaz gəlirdi. Əslində isə burada elə bir anlaşılmazlıq yox idi. Sadəcə olaraq içki mədəniyyəti nəzərə alınmışdı. Ruslarda isə içki qəbulu tez keflənməyə hesablanır. İçkinin təsirini tez hiss etməkdən ötrü stəkanlarla, yeməkdən qabaq içirlər. Yeməkləri də əksər hallarda duzlu xiyar, yaxşı halda seledka və soyutma kartof olur. Onlar üçün əsas şərt keflənməkdir. İnsan sifətini itirənə qədər, yıxılana qədər içməsən, bu, içmək hesab olmur.
Qəribə burasıdır ki, hakimiyyət dairələri bu bəlanın qarşısını almaq üçün heç bir iş görmür, çünki bu işdə maraqlıdır. Dövlət televiziyasında, kinolarda, tamaşalarda generalı da, alimi də, artisti də, müəllimi də, həkimi də içir. Bunu görən sıravi insanlar, gənclər niyə içməsin.
Bir sözlə, dövlətin, hakimiyyətin alkoqolizmə münasibəti dəyişməyincə xalqı məhv olmaqdan qorumaq mümkün olmayacaq. Yalnız öz xalqı haqqında düşünən hakimiyyət bu dəhşətli xəstəliyi sağalda bilər. Rus xalqı içki düşkünü deyil, onu bu bəlaya düşünülmüş şəkildə təhrik ediblər.

Dil və din məsələsi

Bir məşhur gürcü ziyalısının ana dili haqqında mənimlə söhbətini xatırlayıram. O, deyirdi ki, əgər Azərbaycanda bütün azərbaycanlılar ancaq rusca danışsalar da, bunun qorxusu yoxdur, çünki sizin o boyda Türkiyəniz var. Amma biz gürcülər dilimizi unutsaq, bu dil məhv olub gedər, Gürcüstandan başqa bu dili saxlayan yoxdur.
Doğrudan da böyük xalqların əhatəsində kiçik xalqların öz ana dillərini saxlaya bilməsi fədakarlıq tələb edir. Böyük xalqların isə dillərini itirməsi çətin məsələdir. Ayrı-ayrı dövrlərdə Rusiyada fransız, alman dillərində danışmaq kübarlıq əlaməti olub. Lakin sadə insanlar rus dilini qoruyub saxlaya biliblər.
Xalqın dilinin keşiyində onun yazıçıları, şairləri, görkəmli ziyalıları dururlar. Nə qədər ki, L. Tolstoyun, F. Dostayevskinin, A. Çexovun kitabları var və oxunur, rus dilinin məhv olma qorxusu yoxdur.
Deyilənə görə, K. Marks görkəmli norveç yazıçısı İbseni orijinalda oxumaq üçün norveç dilini öyrənmişdi.
Ruslar əsasən, dinə bağlı insanlardır. Rusiyada tolerantlıq hökm sürür. Bütün mövcud dinlərin fəaliyyəti üçün şərait yaradılıb. Vicdan azadlığı mövcuddur.

Tarixin saxtalaşdırılması

Tarixin saxtalaşdırılması bir xalqın başqa xalqa torpaq iddiaları, maddi, mənəvi dəyərlərinə sahib çıxmaq məqsədi güdür. Tarixi saxtakarlıq məsələsində ermənilərin tayı-bərabəri yoxdur. Bu saxtakarlıq milli ideologiya səviyyəsinə qaldırılmış, sağalmaz xəstəliyə çevrilmişdir. Öz sərsəm ideyalarını həyata keçirmək üçün ermənilər hər cür vasitələrdən istifadə edirlər.
Yadımdadır, sovet turistlərinin tərkibində Suriyada səfərdə idik. Bizi Dəməşqin ən məşhur muzeylərindən birinə apardılar. Gid erməni qızı idi. Ekskursiya böyük bir xəritə üzərində izahatdan başlayırdı. Bu, “dənizdən-dənizə böyük Ermənistan”ın xəritəsi idi. Xəritədə Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya torpaqları Ermənistan dövlətinin torpaqları kimi göstərilmişdi. Biz azərbaycanlı turistlər etiraz əlaməti olaraq, muzeyi tərk etdik.
Ermənilər tarixi Azərbaycan torpaqlarını mənimsəyərək, şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirərək “erməniləşdirirlər”. Erməni xisləti, həyasızlığı o dərəcəyə çatıb ki, müvəqqəti zəbt edilmiş Laçının, Kəlbəcərin, Ağdamın adını dəyişirlər, necə ki, Xankəndini Stepanakert, Ağdərəni Mardakert, Xocavəndi Martuni adlandırdılar. Onlar nəinki torpaqlarımıza, musiqimizə də, yeməklərimizə də göz dikiblər.
Tarixi saxtalaşdırmaq Azərbaycanı öz strateji tərəfdaşı hesab edən gürcülərdən də yan keçməyib. Onlar da Borçalının şəhər və kəndlərinin tarixi adlarını dəyişərək gürcü adları qoyurlar.
Bəs rusların tarixin saxtalaşdırılmasına münasibəti necədir? Bəri başdan deyim ki, biz burada tamam başqa bir mənzərə görürük.
Türklərə məhəbbətləri ilə seçilməyən ruslar, qədim türk məskənlərinin adlarına toxunmayaraq, dəyişməz saxlayıblar. Altay, Anqara, Baykal, Ural, Yenisey və s. yüzlərlə türk adları dəyişməz qalıb.
Üç yüz illik monqol-tatar zülmündən danışan ruslar hətta, monqol Mamayın adı ilə bağlı təpənin adını dəyişməyiblər (Mamayev Kurqan).
Xantı-Mansiysk, Sıktıvkar, Salexard, Anadır, Naryan-Mar və s. Rusiyada yaşayan xantıların, mansıların, nenlərin, çukçaların, koryakların, komilərin və s. xırda xalqların adları ilə bağlıdır. Bu bölgələrin əhalisinin 90-95%-i ruslar olsalar da, bu xırda xalqların tarixi torpaqlarında yaşayış məskənlərinin, çayların, göllərin, dağların və s. adları dəyişməz qalıb. Bu, rusların kiçik xalqların tarixinə olan hörmətidir.
Sovet dövründə İttifaqın hər yerində tarixi adların dəyişdirilməsi siyasəti aparılırdı. Müttəfiq respublikalar suverenlik qazandıqdan sonra tarixi adlar öz yerini tutdu. Lakin Sovet İttifaqının keçmiş respublikalarında Moskva, rus xofu özünü göstərirdi. Moskva, Rusiya ilə bağlı adlar dəyişdirilirdi. Maraqlıdır ki, Ukrayna müstəqillik qazanan kimi, Kiyevin mərkəzində yerləşən əzəmətli Moskva mehmanxanasının adı dəyişdirilib Ukrayna qoyuldu. Moskvada isə daha əzəmətli Ukrayna mehmanxanası beş ulduza çevrildisə də, adı dəyişməz qaldı. Digər respublikalarda da Moskva və Rusiya ilə bağlı nə vardısa, tələm-tələsik dəyişdirildi.
Əlbəttə, Azərbaycanın Biləsuvar rayonuna Puşkinin adının verilməsi yersiz görünürdü. Lakin Puşkin adına küçənin, məktəbin, kitabxananın adının dəyişdirilməsinə lüzum yox idi. Çünki Puşkin bir dahi kimi, tək rus xalqına deyil, bəşəriyyətə məxsusdur. Bakıda Moskva prospektinin, Moskva mehmanxanasının, Moskva univermağının adının dəyişdirilməsini də lüzumsuz sayıram. Çünki Moskva Azərbaycanla, Bakıyla bağlı çoxsaylı adları qoruyub saxlayır. Rusiyada Nərimanov adına şəhər var, Nərimanova, Heydər Əliyevə, Nizamiyə abidələr qoyulub və hörmətlə qorunur.
Moskva, rus xofu əsrlər boyu çarizmin, bolşevizmin, kommunist ideologiyasının xalqlara gətirdiyi bəla ilə bağlıdır. Lakin onu da nəzər almaq lazımdır ki, bu bəlalar ruslardan da yan keçməyib. Odur ki, rusları çarizm, bolşevizm, sovetizm ilə bir tutmaq yanlışdır. Təəssüf ki, insanlar xalqlar arasında mövcud olmuş qeyri-normal münasibətləri daha çox yadda saxlayır. Halbuki, keçmiş Sovet İttifaqı xalqlarının həqiqi, səmimi dostluğu da olub. Lakin hakimiyyət dairələrinin, siyasətçilərin, maraqlı xarici qüvvələrin öz siyasətlərini həyata keçirməkdən ötrü xalqları qarşı-qarşıya qoyurlar. Çox təəssüf ki, əksər hallarda hakimiyyətlə xalqın mənafeləri üst-üstə düşmür. Hakimiyyət xalqa deyil, bir qrup təbəqəyə xidmət edir. Bütün bəlalar da buradan başlayır.
Yerinin altı da, üstü də qızıl olan Rusiya adlı məmləkətdə rusların çətin vəziyyətdə, yoxsul yaşaması cinayətdir. Avropanı qazla təmin edən Rusiyanın əhalisinin 40%-i qazdan istifadə edə bilmir, əhalinin 30-40%-nin elementar kommunal şəraiti yoxdur. Kimsə üç yaxtasına dördüncünü əlavə edir, vertolyotu varsa, təyyarə alır, minlərlə pensiyaçı isə dərman almağa pul tapmır. Əhalinin gözü qarşısında sürətli təbəqələşmə gedir. Alın təri tökmədən, zəhmət çəkmədən, ağıl işlətmədən bəziləri milyarder olur, övladlarının, nəvələrinin toyunda, ad günündə milyon dollarla pul xərcləyir, əzəmətli villalar tikdirir, xaricdə imarətlər alır, amma soruşan yoxdur ki, bu var-dövlət səndə haradandır. Bütün bunlar çörək puluna möhtac olan milyonların gözü qarşısında baş verir və insanlarda qeyri-ixtiyari qibtə hissi, aqressivlik yaranır.

Nəticələr

Tolerantlığına, beynəlmiləlçiliyinə, dözümlülüyünə görə ruslar azərbaycanlılara daha yaxındır.
Tanrı həm Rusiyaya, həm də Azərbaycana zəngin sərvətlər, nemətlər bəxş edib. Bu, Tanrının bu ölkələrə iltifatıdır. Hər iki ölkənin güclü iqtisadi münasibətlər qurmaq imkanları var. Lakin bu münasibətlərin lazımi səviyyədə olmasını istəməyənlər də mövcuddur.
Rusiya hakimiyyətində və kütləvi təbliğat vasitələrində başqa millətlərin, xüsusilə, ermənilərin təsir imkanları güclüdür. Onlar Azərbaycanla Rusiyanın strateji tərəfdaşlığına mane olur, rus və azərbaycanlıların dostluğuna ləkə salmağa çalışırlar.
Rusiyada böyük azərbaycan icması, Azərbaycanda rus icması fəaliyyət göstərir. Bu icmalar yaşadıqları ölkənin həyatında fəal iştirak edirlər.
Keçmiş Sovet İttifaqının respublikalarının heç birində ruslara, rus dilinə münasibətdə Azərbaycandakı qədər səmimiyyət yoxdur. Bunu qiymətləndirmək lazımdır.

Arzular.

Ruslar əsrlər boyu ədalətli hökmdar arzusu ilə yaşayıblar. Təəssüf ki, bu, elə arzu olaraq qalıb. Arzum budur ki, bu xalqa layiq hakimiyyət bərqərar olsun.
İstedadlı, zəhmətkeş rus xalqına firavan həyat arzulayıram.
Bu xalq xoşbəxt olmağa layiqdir!
Xəlil Məcidoğlu
[email protected]



Bu yazı ( 353 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar