12px14px16px18px

Beşim

Aydın TALIBZADƏ
00:44 / 03.04.2012
Tıq-tıq xanım və Divlər

Özbəkistanda ən çox Beşim adlı oğlan uşağından ehtiyatlanırlar. Çünki bilirlər ki, o, ailənin beşinci oğludur. Bilirlər ki, onun özündən böyük daha dörd qardaşı var. Bilirlər ki, Beşimlə zarafatın axırı pis qurtarar.
Beşim beş barmağın birgəliyidir.
Beşim türkcədir, “Xəmsə” – farsca, Penta – latınca.
Beşi üfüqdən öncə: Mircavad, Tofiq, Əşrəf, Rasim, Qorxmaz.
Beş rəssam: rənglərdən rəngsizliyə doğru addımlayan beş sufi qardaşı.
Beş sufinin beş hekayəti beş bölümlü “Üfüqü ötənlər” adlı bədii-sənədli filmin süjet xəttidir: beş tale fərqli, beş tale oxşar. Bunların hamısı azərbaycanlı olub, bakılı olub, dərviş olub və dahi olub. Filmin xatirələr zənciri. Aram kinotəhkiyə. Eşidilən musiqi parçalarında görüntülərə hüzn, ağı qarışıb.
Mircavadla Tofiqin damarlarında Mirhəşim kişinin qanı axırdı.
Rasim xalaoğlusu Tofiqin qrafikada portretini çəkimişdi.
Qorxmaz Mircavadla dostluq eləyirdi.
Təkcə Əşrəf kimsəsiz dahi ömrü yaşayırdı.
Onların beşi də sufi idi, rənglərin, dənizin, qumun dəlisi idi, avanqard sənətin havalı yolçusu idi, dünyanın div rəssamı idi, öz dövrünün dərvişi idi və bir-birinin qardaşı idi.
Qızılı qum üstündə ayaqyalın gəzmək cənnəti dadmaq kimi bir şeydir. Rəsmilər yuxarıdan baxarlar dərvişlərə. Bəyənməzlər, miskin görərlər onları. Sənətçinin ruhunda dərvişlik yoxsa, demək, o, heç sənətçi deyil. Ayaqyalın olmaq dərvişliyin əlamətidir, azadlığın işarəsidir. Ayaqlar çəkmələrə türməyə girən kimi girərlər.
Hara gedirsən, ay xanım?
Qardaşların arxasınca.
Niyə?
Özümə dost axtarıram.
Axı onlar ölüblər?
İzləri ki, qalıb. İzlərini tutub gedəcəyəm. Bakıdan Bakıma gedəcəyəm, üfüqdə qərq olmağa gedəcəyəm.
Mənim qardaşım Mirzə öz hekayələrinin birində Bakı bağlarına ləngər vura-vura yollanan tünd yaşıl elektrik qatarını iri meynəqurduya bənzətmişdi.
Bax, elə bu həmin tünd-yaşıl elektrik qatarı Şamil Nəcəfzadənin bədii-sənədli filmində 60-cı illərin xronikasından yol alıb gedir üfüqə sarı ssenarinin müəllifi Sara Oğuzla birgə. Bu, qatar mənə tanışdır; vaqonlarda əyləşib növbəti dayanacağı gözləyən adamları da mən tanıyıram: biri “Tavaylıq”da düşəcək, o biri – “Əncirlik”də. Hər dayanacağın da bir hekayəti var Abşeronda.
MİF
(“Torpaqdan qaynaqlanan təməl”)
“Üfüqü ötənlər” filmində “Beşim”in birinci hekayəti məhz belə adlandırılıb. Təməlin qaynaqlanması nonsensdir. Bu ifadəyə bir məntiqsizlik pərçim. Amma mən anlayıram Oğuz xatunu Saranın fikrini: Mircavad möcüzəsinin, onun palitra ecazkarlığının səbəbini eyhamlaşdırmağa çalışıb.
İnsan xtonik, yəni torpaqdan yaranmış məxluqdur. Və bununla barışmır: görür ki, atası var, anası var. Qalır şübhələr içində. Hərçənd mif söylədiyini artıq çoxdan söyləyib.
Abşeron da elə bir məkandır ki, bu məkanda tarix yox, mifoloji ayaq-açıb yeriyir. Burada əsatiri tarixdən çox sevirlər. Elektrik qatarının açılan qapılarından çölə adlayan adam elə həmən dəqiqə Abşeron miflərinə düşmək şansı qazanır. Çünki əncir ağacının budaqları arasında həmişə miflər və divlər gizlənir.
Sara Nəzirova isə bir zamanlar Azərbaycan sənətşünaslığının Afroditası olub, indisə elektrik qatarına minib gəlib Mircavadın bağ evinə. Yay istisi. Xəfif meh. Köhnə perron.
Yüz cür şlyapanı yüz cür boyunbağı ilə uyğunlaşdırmaq elə hekayə yazmaq kimi bir şeydir. Bakı kəndlərində Sara xanım Sezanın, Deqanın, Renuarın tablolarından çıxmış avropalı qadın kimi görünür.
Kimi gəzirsən, ay xanım?
Mircavadı.
O ki köçdü bu dünyadan?
Ruhu ilə danışmaq istəyirəm.
Bağ evi. Ağac. Sökük divarlar. Tüstü. Kimsə nəsə yandırır. Bəlkə də rəssamın bəyənmədiyi şəkillərdi odda alışan. Mircavadın özü. Div kimi yeriyir torpağın üstündə. Şlyapalı qadın ağacın altında dayanıb Mircavada baxır və rəssam haqqında nələrisə deyir tamaşaçılara.
Filmin rejissoru kadrları assosasiyalardan, sitatlardan, xatirə qəlpələrindən yığır. Xatirələr ilğımdır: biz həm ordayıq, həm burda. Əlini uzatsan, çatarsan; dindirsən, Mircavadla danışarsan. Amma yox: ortada şəffaf pəncərə şüşələri var. Təkcə Sara xanıma icazə verilib ki, onlara maksimal yaxınlıqda dayansın, baxsın, mühakimə yürütsün, fikir bildirsin, amma müdaxilə etməsin. Yasaqdır: ruhlar bunu sevməz.
Musiqi. Fotoşəkillər. Tablolar. Sara xanımın təhkiyəsi. Yenidən tablolar. Yenidən musiqi. Yenidən Sara xanımın təhkiyəsi. Yenidən fotoşəkillər.
Rənglər və musiqi bu filmin ruhunu, ovqatını tarixin fantasmoqoriyasına çevirir.
Birdən haradansa ağlıma gəlir ki, Mircavad div-meynəqurduya oxşayıb həyatda. Federiko Fellinin potensial qəhrəmanlarından birini mən görürəm onda. Onda gürcü rejissoru Tengiz Abuladzenin personajlarından da nəsə var. Mircavadın tablolarında boyalar elə qatı və qatışıqdır ki... Divlərin toyunu və kefini rəsm edib bu Mircavad həmişə... Bir istehza pərçimlənib onun tablolarına... Onun tabllolarına Mircavadın özü pərçimlənib... “Bu, Mircavaddır” ifadəsini “Bu, dahi divdir” və ya “Bu, dahi əcinədir” kimi də anlamaq mümkün.
Hər halda Mircavad tanrıya inanmırdı və onun rəsmlərində tanrı gözə dəymir.
Sara xanım birdən filmin məkanından adlayıb keçir Mircavadın tanrısız tablolarına, divlərin yanına. Mif əlüstü “Tıq-tıq xanım” nağılına dönür: kinotəhkiyə bəsitləşir. Mircavad rəsmlərinin kəsilmiş rəngli fraqmentləri kuklalaşır: cizgi filmi təəssüratı güclənir.
Tıq-qıq xanıma əcinələrdən nə dost!
Mircavad kətan üzərində əcinələrin Şərq karnavalını çəkirdi.
Danabaş kəndinin danqabaş divləri camaatı gülə-gülə qorxudur. Bəlkə bunlar elə Əzim Əzimzadənin və ya Mirzə Cəlilin personajlarıdır, yaşayıb-yaşayıb divləşiblər?!
Sara xanım dəniz sahilinin qayalararası qızılı qumsallığında dayanıb deyirdi ki, Mircavad dəlicəsinə günəşi sevirdi. Amma onun tablolarında günəş azdır: rənglərin şuxluğu, oynaqlığı hegemon qara üzərindədir. Divlər qaranlıq sakini sayılmazmı?
İnsan azad yaşamayanda içi div kimi bədheybət olur. Amma, bir şey də var ki, yalnız divlər öz dövrünə meydan oxuya bilər və elə öz divliyindən də ölər... Mircavad kimi... bir qatarın vaqonunda... rahat, sakit. Çünki bütün cinlərini çıxarmışdı içindən və sonra rəngləyib rəsmlərindən “asmışdı”.
KÜLƏK
(“Qardaşımdan yaxşısı yox idi”)
Sara xanım əyləşib üzü kameraya... Elektrik qatarı silkələnə-silkələnə “qaçır” Bakı bağlarına tərəf. Vaqon pəncərəsinə rəssam Tofiq Cavadovun, – Mircavadın qardaşının, – çəkdiyi tablolar proyeksiya olunur: “başı şələ papaqlı” əlvan ağaclar havalanıb rəqs eləyir sanki.
Atası Mirhəşim onların arxasıyca deyərmiş ki, mənim oğlanlarım fərsiz çıxdı.
Azərbaycanda pulu, vəzifəsi olmayanlara həmişə fərsiz kimi baxıblar.
Amma Mircavad da, Tofiq də dahi idilər.
Elektrik qatarı silkələnə-silkələnə “qaçır” Bakı bağlarına tərəf.
Dahi Qaranın musiqisi də ağacları bir-bir valsa dəvət edir vaqon pəncərəsində.
Yenə o bağın həyəti: divarlar əhəngli, qapı bağlı, pəncərə kipənib.
Tofiq, ay, Tofiq!
Hənirti gəlmir. Səssizlikdir. Kimlərsə hərdən kabus kimi görünür gözlərə və itir.
Ağaclar da inciyib susublar elə bil.
Maraq qoymur Sara xanımı rahat dayanmağa: qapı döyülür, pəncərə itələnir. Bir kimsə yox: ancaq pıçıltılar eşidilir evin içində və uzaq-uzaq uzaqlarda. Mircavadla Tofiq haradasa cuna pərdə arxasında işləyirlər: qırıq-qırıq replikalar çatır qulağa.
Tofiq, bax, mənnən deməkdi, əgər texnologiyanı pozsan, bir az keçəndən sonra rənglərin hamısı qopalanıb töküləcək.
Pozmaram, bu hələ eksperimentdir.
Kuduları da bir az iri elə.
Kətan bir az iri olsaydı, eləyərdim.
Xəzriyə açılan pəncərə həmişə balaca olur: Sara xanım da Xəzri əsən tərəfdən gəlib açmaq istəyir pəncərəni. Əsl Bakı bağlarının hamısı belədir: dərviş xanəgahı kimi, məscid kimi; boş, sərin, xudmani.
Qəribədir, Tofiqin mənzərələrinə baxanda sanki hava təmizlənir, nəfəs almaq rahatlaşır.
O zaman ki, rəssam dəyişir, onun “havalı” dünyasına dəmir-beton konstruksiyaların, yumru neft çənlərinin poeziyası, sənaye romantikası ayaq açıb daxil olur, rejissor bizi Bakı bağlarından ayırıb yük maşınının banında Sara Oğuzla birgə Neft daşlarına doğru aparır.
Dəmir-beton konstruksiyalar havanı “həbs elədi”, istehsalat estetikası kuduları, şamamaları “əzdi”.
İnsan məskən salır.
Mən Tofiq Cavadovun rəsmlərində Tahir Salahovu tanıyıram. Tofiqin fəhlələri adi adamlardır, qorxuları, təəccübləri, emosiyaları var üzlərində. Tahirin fəhlələrisə qəhrəmanlardır, dəniz fatehləridir, üstinsanlardır.
Küləyi sevməyən bakılı heç bakılı deyil.
Odur ki, Tofiq küləyi çəkdi, küləyi qarşılaşdırdı dəmir-beton konstruksiyaların estetikası ilə, fırçası ilə küləyi “sındırdı”, çovğuna düşmüş qadın əllərilə küləyin üzünə cırmaq atdı.
Sara xanım ağaca ilişmiş kəlayağını götürmək üçün dartınır. Kəlayağı çərpələngə dönüb. Külək aman vermir. Əsir, hikkə ilə vıyıldayır.
Mircavad bu tabloya baxıb demişdi ki, Tofiq rekviyem çəkib.
Elə elə də oldu.
Külək onu aparırdı. Daha heç kim nə onu saxlaya bilərdi, nə də küləyi.
Tofiq Moskvadan evinə qayıdarkən çaşıb iki vaqonun arasına adlayacaq və öləcək...
Bir qədər bundan öncə isə dostları ilə çəmənlikdə əylənirdi, ailəsilə birlikdə foto çəkdirirdi.
Yenə qatar. Tofiq çəmənlikdə uzanıb. Qapılarsa bir-birinə dəyib örtülür. Bayaqkı “başı şələ papaqlı” əlvan ağacların yerinə qara pərdə. Gedirik üzü küləyə doğru...
Qardaşımdan yaxşısı yox idi: bunu kim kimin haqqında demişdi. Bilinmir. Amma mən heç bilmək də istəmirəm.
Hardan baxırsan, bax, onsuz da külək həmişə üfüqdən qabaqdadır.
DƏNİZ
“Qaranlıqdan qopan çığırtı”
Əşrəf Murad beşim içində ən müəmmalı adamdır.
Bu o rəssamdır ki, tablosunu “diri-diri” divara hörüblər.
Ona “dəli” deyirdilər. Cavanlığında isə Əşrəf “italyan neorelizmi”ni öz fakturasında Bakıya gətirmiş kinoqəhrəmanı xatırladırdı. Təpədən dırnağa kimi ziyalı idi: yorulmadan işləyirdi.
Zaman keçdi, şaman oldu: rəsm çəkməyi bir ayin bildi özünə.
Şəhərdəyik. Bakının italyansayağı həyəti. Evlər bir-birinin böyründə. Zivələr. Paltarlar. Küncdə uşaq velosipedi. Əşrəf Muradın ömür gerçəklərini öyrənmək üçün təşrif buyurub bura Sara xanım.
Sevgi-illyuziya: kübarlıq əlamətləri. Sovet dönəminin maddi sıxıntıları.
İnsan gəncliyini qara rənglə kətana yaxıb öldürür. Rəng xarakiri vasitəsi kimi. Ayin və qurban ideyası. Sağ ikən ölmək. Ölüykən diri qalmaq.
Əşrəf Murad Azərbaycan rəssamlığında Frans Kafka kimi birisidir.
Kinotəhkiyə fikirlər arasındakı üçnöqtələr üzərində qurulub... elə mənim məqaləm kimi... hər şey aydındır: ancaq sirr də heç açılmır, elə sirr olaraq qalır, yəni aydınlığa paralel və müstəqil şəkildə mövcud olur. Yəni ki, filmin atmosferində bir dahilik kabusu dolaşır.
Hərdən Sara xanım kadrın içində gerçəkdən qəhərlənir: az qalır ağlasın. Ona görə ki, tamaşaçılar üçün xatirələrdən o yana özüm üçün xatirələr başlayır.
Sara Oğuzun gözəlliyi də 60-cı illərin bir Bakı əfsanəsidir.
Şamil Nəcəfzadə reallıq və sənət marşrutu üzrə götürdüyü kursdan bir an belə yayınmır, kinotəhkiyənin üslubunu pozmur. Onun filmində kamera iştirakçı – müşahidəçi – təhkiyəçi funksiyalarını sərbəst şəkildə dəyişib birindən o birisinə keçə bilir. Nazim Abbasın kamerası elə bil kənardan kiminsə yuxusuna boylanır, gördüyündən kədərlənir və qəmdə batmamaq üçün gözünü yuxudan ayırıb tabloların rənglərinə baxır.
Qaranlıq dənizin dərinliyində yaşayır. Rəsmlərində Əşfər bu əzəli qaranlığı dənizin üzünə çıxarırdı və dəniz olurdu qara, qapqara. Sonra o, səmanı da qaraya tuturdu və bu qaranın sonsuzluğundan ağ çimərlik paltarında bir qadını sezirdi.
Onun qadınları nərdivana oxşayır. Nərdivan taxtası kimidir burada qadınların ayaqları. Qaranlıqdan çıxan nərdivan-qadınlar. Daha düz olar desəm, qara rəngin doşabından çıxan nərdivan-qadınlar.
Neftlə doşabın rəngi eyni, qatılığı eyni. Sanki o, qaranı doşabla çəkirdi kətan üstündə. Deyirdilər ki, Əşrəfin palitrasının mayası bəhməzdən yoğrulub. Rəssamın qırmızısı da doşab kimi idi.
Sara xanım Murtuza Muxtarov küçəsindəki binanın zirzəmisi qarşısında Əşrəf Muradın islis zamanı necə döyüldüyündən bizi məlumatlandırır. Lakin nədənsə demir onun nə səbəbə zirzəmiyə atıldığını. Bəlkə dissident olub Əşrəf Murad? Bəlkə narkoman? Bəlkə ayıb bir iş görüb?
Əşrəfi döyürlər 37-də Müşfiqi, Abbas Mirzəni, Mümtaz Soltanı döydükləri kimi. Səssizlikdə döyürlər, səssizlikdə incidirlər. Oğrular, dələduzlar, cibgirlər belə yanır rəssamın halına.
Ancaq Sara Oğuz barmaq boyda kağızı da o vaxt yerdən götürmür: götürmür və aparıb xəbəri Əşrəfin qohumlarına çatdırmır. Əvəzində sənətşünas olur və xatirələr yazır.
Nədən qorxmuşdu qızcığaz Sara? Və ya kimdən qorxmuşdu? Əşrəf Muradla ünsiyyətdə olmaq təhlükəli sayılırdımı? Bu sualları, təəssüf ki, cavablamadı sənədli filmin personajı sənətşünas Sara Oğuz. Nəyi gizlətdi o, bizdən? Və niyə gizlətdi?
Sonra tənhalıq. Fobiyalar. Zahid həyatı. Kimlərsə ola-ola kimsəsizlik. Şamil Nəcəfzadənin rejissurasında onun emalatxanası yeraltı dünya kimi göründü mənə. Qaranlıqda və bəlkə də dənizin dibində yaşayırdı Əşrəf Murad: o, hətta hərdən ölmədiyini bilmək üçün çüyün istilik batareyalarını taqqıldadırdı. Mümkün ki, o “zirzəminin xofu” rəssamın psixolojisinə hopub orada böyümüşdü, xəstəliyə, sindroma çevrilmişdi.
Ətrafı “dəli” sayırdı Əşrəfi. Gerçəklik Əşrəf üçün çoxdan qurtarmışdı: bir sənəti qalmışdı, bir rəngləri qalmışdı, bir də bədəndə gəzdirdiyi ruhu.
Bu o rəssamdır ki, tablosunu “diri-diri” divara hörüblər. Onda təəccüblüdür ki, Əşrəf Muradın çığırtısı həmişə qaranlıqdan gəlir?!
QUM
“Əbədiyyətə sıçrayış”
O özünü əsli, kökü, şəcərəsi qumdan olan hesab eləyirdi və özünə “bakılı” demirdi, “qumlu” deyirdi. Əgər belə düşünürdüsə, demək, qum adamı idi. Əgər qum adamı idisə, demək, nağılçı idi. Di gəl ki, nağıllarını sözlə yox, rənglərlə danışırdı.
Əvvəl “Yer”i çəkir. Guya ki realist rənkkarlıqdır. Amma o, tablodan görünür ki, burada bir Salvador Dali “şifrələnib”. Triptixin ikincisi “Səma”dır: buludlar bir-birinə ilanlar sarılan kimi sarılıb əjdəhalaşır. Üçüncü tabloda isə metro təsviridir: yeraltı dünyanın qapısı və tuneli. Təsadüf?
Yox. Sıçrayışa hazırlıq!!!
Rasim Babayevdə də sufi təfəkkürü vardı: İçəri Şəhərdənmi gəlirdi bu, yoxsa Bakı bağlarından?
Bakı bağlarında introvert bir gözəllik mövcud. Bu gözəlliyi hamı görə bilməz, hamı duya bilməz. Bakı bağları da gözəlliyini hamıya göstərməz. Bu, gizli gözəllikdir, məxfi gözəllikdir. Xəzri elə əsir ki, meynə yarpağı titrəyə-titrəyə qumun üzərinə naxışlar salır. Adi sarı qum isə gündə beş dəfə sənə əhvalını danışa bilir, əgər ovcunla onun qəlbinə toxunursansa. Samovarsa bir də görürsən ki, günorta vaxtı “qaçıb” əncir ağacının altında tövşüyə-tövşüyə kölgələnir.
Mən onun “Çayçı Məmməd” əsərini çox bəyənirəm. Gərək samovara aşiq olasan ki, onu kətan üzərində divləşdirəsən. Gərək çayçı Məmmədi gətirib poeziyanın zirvəsinə qoyasan ki, o, tabloda öz jonqlyor ustalığını göstərsin, folklor personajına çevrilsin.
Filmdə nədənsə “Çayçı Məmməd”i unutmuşdular. Məncə, bu, Rasim Babayevin ən isti, ən səmimi, ən orijinal işlərindəın biridir. Orada “Molla Nəsrəddin” də var, azərbaycansayağı çayxana dərvişliyi də.
O da divləri çəkirdi Mircavad kimi. Yaman zarafatcıl idi Rasimin divləri: elə hey dişlərini ağardırdılar. Tələbəlik çağlarında bəyənmirdim onun rəsmlərini. Sonra sənətşünas Hicran Babayeva ilə tanış oldum. Biləndə Rasimin yaxın qohumudur, soruşdum ki, o, niyə belə çəkir? Dedi ki, özünə çatmaq üçün, “insan” adlandırılan bir varlığı anlamaq üçün.
Rəssamın qrafikası heyrətamizdir: neftayırma zavodunun boruları ona böyük qara tarantul qismində görünüb. “Ölülər şəhəri” yumru bir Şərq ölkəsində qəbirlər kaleydoskopu kimi zühur eləyib. Dəvələri səhra küləyi elə bil ki qayalardan yonub düzəldib. Rasimin qrafikası zamanın, tarixin qurtardığı məqamdan başlayır. Bəlkə də... insan olmayan yerdən başlayır bu qrafika...
Ağ qarada “əriyir”, qara da – ağda. Onun rəsmləri haylı-küylüdür, qrafikası – lal, səssiz, mediativ.
Dünyanı qarışdıran insanlardır, daha divlər yox. İnsanın qarışdırdığı dünyada divlər büsat qurar, toy-bayram eləyər.
Divlər rəssamın oyuncaqları idi və Rasim bu oyuncaqları yamanca sevirdi, özü qədər sevirdi və özünü gah div kimi çəkirdi, gah divlərlə birgə çəkirdi.
Son avtoportretində isə o, sanki orta çağların qoca sufisidir. Sarı aurası vardı həmən bu avtoportetin. Rəsmdə Loğmana da oxşayırdı Rasim. Hərçənd loğman ona artıq heç nə ilə kömək eləyə bilməzdi. Rəssam indi də ölümünə hazırlaşırdı. Axırıncı dəfə emalatxanasından çıxanda molbertini üzü qapıya çevirib getmişdi... qayıtmamaq üçün...
ÇAY
“Mümkün olmayan axtarış”
“Su ki sərgərdan gəzər, başında vardır bir həva,
Qaliba, bir gülruxun sərvi-xuramanın sevər”.
Füzuli deyir ki, suyun avara-avara, veyil-veyil, hərlənib-fırlanıb dəli-dəli axması onun “havalı” olduğuna dəlalət edər. Səbəbi bu ki, sevdiyi var: axıb-axıb onun ayaqlarında rahatlıq tapacaq.
Çay axırsa, deməli, sərvi-xuramanın axtarır.
Mənim məqaləmin janrı bilinmir. Sufi yazısıdır çünki.
37-də “çay” pəncəsini atıb atasız-anasız bir cocuğu “mindirdi” çiyninə: və bu uşaq üzüb sənət sahilinə çıxanda düşündü ki, axı, mən kiməm? Atamın, anamın qəbri harada?
Filosoflar özünə ünvanlanmış suallardan doğulur.
Qorxmaz Əfəndiyevi həyat təsviri sənətin sufisinə çevirmişdi. Kazemir Maleviçin “Qara kvadrat”ı bütün mənaları şübhələr altında saxladığından çözülmür. “Zero” qrupunun nümayəndələri əşyaları məişətin simvolları kimi “dilləndirib” konseptual sənət yaradırdılar. Bu, ədabazlıq deyildi, dünyaya, hər cür sistemlərə qarşı filosof qiyamı idi.
Materiya rəngdir, antimateriya – rəngsizlik. Rəng aldada bilir, rəngsizlik yox. Rəngsizliyə çatanlar sufi olurlar.
Qəribədir, işıqda bütün rənglər var: amma işığın özü rəngsizdir. Qorxmaz Əfəndiyev də elə bil ki işıqla çəkmək istəyirdi tablolarını. Ona görə kubizmə yaxınlaşırdı. Axı, işıq nəyə düşdüsə onu “sındırır”, “bölür”, “parçalayır”. İşıqda bütün nəsnələr “çiliklənib” hissələrə ayrılır və bu zaman formaların həqiqəti görünür.
Sara xanım “urbanist konseptual rəssam” ifadəsini işlədir Qorxmaz Əfəndiyev üçün. Uyqarlığın və inkişafın tulantıları içində “eşələnən” kasıb sufi. Avanqard onun xilasıdır. Çünki avanqard həmişə axirətə hamıdan daha yaxındır.
Qorxmaz Mircavadın dostu olub. Mən daha nələrisə öyrənmək istəyirdim bu haqda. Bir rəssam digərinin sənətinə necə baxıb, onu necə qiymətləndirib? Rəssamlar, adətən, bir-birilərinə qarşı çox sərt və amansız da ola bilirlər.
Şamil Nəcəfzadənin bədii-sənədli filmi kinorekviyemdir: bu beş nəfər rəssamdan heç birinin qədri-qiyməti olmayıb zamanında. Film bütövdür: səni darıxdırmır, yormur, çünki səninlə aktiv ünsiyyət yaradır. Ona görə də qüsurlara çox elə də fikir vermirsən. Fikir vermirsən ki, Sara xanımdan “çoxdur”, “lap çoxdur” kadrlarda və ona hərdən çətindir. Hərçənd filmin poetikası, üslubu bu qüsurları da keçərli eləyir.
Axı, Sara xanım öz Div dostlarını axtarır... tıq.. tıq... tıq... Axı, o, danışır bu xatirələri... tıq.. tıq... tıq...
O axtarış ki, mümkün deyil, deməli, əsl axtarışdır, əbədi axtarışdır.
Film duyğusaldır, ovqatlardan hörgülənib, asancana refleksiya olunur, fikir intensivliyini şərtləndirir: çünki “Beşim”in enerjisindən güc alır. Gəlin, bundan sonrasına üfüqü ötmüş bu rəssamları “Beşim” qrupu adlandıraq, onları “Beşim” qrupu kimi tanıyaq.
Şamil Nəcəfzadə və Sara Oğuz, şəxsən mənim üçün, “Beşim” qrupunu “kəşf etdilər”: bu, Mircavad, Tofiq, Əşrəf, Rasim, Qorxmaz birgəliyidir, avanqardçı Azərbaycan rəssamlarını modern sufi qardaşlığıdır.
Aydın TALIBZADƏ







Bu yazı ( 163 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar