12px14px16px18px

“40-cı qapı”nın “generalları”

Aydın TALIBZADƏ

VƏ YA ALİCƏNAB “KASIB KİNO”

00:29 / 26.05.2010



“Döyəcləyin və Sizin üzünüzə açarlar qapıları”. Peyğəmbər İsa Məsihin öyüdü, daha çox məsləhəti, həvari Matfeyin versiyasında. Amma insanlar var, ömrü boyu qapı qarşısında dayanıb gözləyirlər: nə qapı açılır, nə də onları içəri buraxırlar. Onlarsa ümidlərini itirmirlər; canlarını dişlərinə tutub gözləyirlər; gözləyirlər və yaşayırlar; yaşayırlar və gözləyirlər; və axırda boyunlarını sakitcənə uzadıb ölürlər. Gələcək gün gəlmir. Lap Frans Kafkanın “Proses” romanında olduğu kimi.
Qapı bütün qürurların çiliklənib ayaqlar altına töküldüyü nöqtədir. Qürurlu adamlar qapılardan qaçırlar. Belə ki, qapıya gəlmək mütləq nəsə istəmək, nəyisə xahiş eləmək, ehtiyac içində olmaq anlamına gəlir. Azadlıq qapı ilə rastlaşıb dayanır. Çünki qapılardan yasaqlar sistemi başlayır, mif başlayır.
Çöl və içəri: arada qapı. Elə bir adam yoxdur ki, qapıya çatıb xəfif bir həyəcan keçirməsin. Həyəcanın səbəbi bu ki, birdən səni içəri buraxmazlar, bağlı qapı qarşısında ümidlərini ovuclarında sıxarsan, quruyub qalarsan; və ya əksinə, sən içəridən bayıra çıxa bilməzsən, bağlı qapı arxasında ömür çürüdərsən. Qapılar həmişə iki üzlüdür: hər üzü bir dünyaya açıla bilir.
“40-cı qapı” div qapısıdır, sınaq qapısıdır; nağıl, möcüzə qapısı, sirr qapısı, mif qapısıdır, Kafkanın Qanun qapısıdır; seçim qapısı, agahlıq qapısıdır.
“Nə açar kimsə qapım badi-səbadan qeyri”...
Qapıların hamısı döyülmək üçündür.
Təbiət qapı tanımır, nə birincisini, nə də qırxıncısını... Qapıları insanlar fikirləşib tapıblar... gizlənmək üçün... gizlətmək üçün... gözlətmək üçün...
Rejissor və ssenarist Elçin Musaoğlunun “40-cı qapı”sı bizim qapımızdır, Abşeronun 40-cı kilometrində yerləşən qəsəbənin folklor adıdır. Filmin hadisələrinin yaşanmasına impuls verən, tineycer Rüstəmin şəxsiyyətini formalaşdıran məkan da elə buradır, bu məkan içrə Rüstəmin döydüyü, açdığı və örtdüyü qapılardır, qapıların arxasında olan insanlar və onların mövcudluq tərzidir.
“40-cı qapı” 14 yaşlı Rüstəmlə həyət və həyat qapılarının, və hətta qapısızlığın təması üzərində qurulmuş neorealist bir filmdir, ekzistensional bir filmdir.
Atasızlıq insan qarşısında örtülən və ya çırpılan qapılar siyahısında birincidir. Filmin süjeti öz start impulsunu məhz bu məqamdan götürür. Atasızlıq həm də oğulun hüdudsuz azadlığına bir işarədir. Toplumda tək qalmaq, cəmiyyətlə təkbətək qalmaq və seçmək şansı qazanmaq... və ya şans qapısını müəyyyənləşdirmək...
“40-cı qapı” kasıb övladlarının mərdanə sadəliyi haqqında kişiyana bir filmdir.
Ata öldümü, ailəni dolandırmaq oğulun boynuna düşər. Türkün əxlaqı bunu deyir. Atanın yoxluğunda oğul evin kişisi olur, uşaqlıqdan adlayıb kişilər dünyasına keçir və hər bir vəziyyətdə kişi kimi hərəkət etməyi öyrənir.
“40-cı qapı” küçələrə qazanc dalınca səpələnmiş çocuqların güzəranı haqqında alicənab bir filmdir.
Pul qazanmaq üçün maşın yumaq da bir “qapı”dır: amma gərək ləyaqətini, düzlüyünü itirməyəsən, mərdliyini itirməyəsən, mənəviyyatsızlığa yuvarlanmayasan, hər şeyi pula qurban verməyəsən və bunun ötəri bir çətinlik olduğuna özünü inandırasan. Heç birimiz dünyaya maşın yumağa gəlmirik: həyat bizi buna məcbur eləyir. Amma burada ayıblı da heç nə yoxdur.
“40-cı qapı” kişi qeyrəti haqqında, dözüm haqqında filmdir.
Əxlaqsızlığa göz yummaq elə əxlaqsız olmaq deməkdir. Əxlaq güdükçüsü olmaq da hələ qeyrətli olmaq demək deyil. “Qeyrəti itə atıblar, it yeməyib”. Biləndə ki, Leyla (Gülər Nəbiyeva) şorgöz Surxayın (Adil Zeynalov) dükanına iş axtarmağa gedib, Rüstəm (Həsən Səfərov) coşur, başıörpəkli anasına qarşı “üsyan” eləyir; yalnız üzünə dəyən qəfil sillədən anlayır ki, onun anası nə qədər pak və məsumdur. O, bunun əvəzini piyli Surxaydan çıxacaq: əbləhi qarajda ucuz küçə fahişəsilə birlikdə tutub qarajın qapısını (növbəti qapı: hiylə qapısı, tələ qapısı) qıfıllayacaq: sonra isə... anasının ona satdığı yadigar xalçanı geri alıb biabırçılıqdan qorxan, alçaldılmış və təhqir edilmiş Surxaya qarajın açarlarını qaytaracaq və... onun belə davranışını seyrçilər filmin nümayişi zamanı çılğıncasına alqışlayacaqlar.
“40-cı qapı” mərhəmət haqqında filmdir.
Xuliqanlar (maşın yuyan çocuqların reketləri) Rüstəmi bərk döyürlər, uşağın vəziyyəti çarpayılıq olur. Amma Rüstəm eşidəndə ki, oğru Ediki tutublar, tez Edikgilə yollanır və onun geyməyə ayaqqabısı olmayan, himayəsiz qalmış balaca kor qardaşını dalına alıb öz evlərinə gətirir. Bu da mərhəmət qapısı: əsl kişi olmaq yolunda daha bir sınaq. Biz hamımız Allahın mərhəmətiyik, mərhəmətdən və mərhəmətə görə yaşayırıq. Əgər sən dövlətlisənsə, pullusansa, varlısansa, maşından düşüb maşına minirsənsə, mərhəmətli olmağa nə var ki...
“40-cı qapı” insanın azad seçimi haqqında filmdir.
Edikin (Rövşən Ağayev) Rüstəmə bağışladığı nağaranı xuliqanlar partlatmışdılar, onun son ümidini əlindən almışdılar, son qapını bağlamışdılar. Odur, Rüstəm cibində bıçaq gəzdirirdi ki, intiqamını alsın. Rüstəm xuliqanları İçərişəhərdə yaxalamışdı: birisinə bıçaqla xətər yetirmişdi, digərini təpiklə neytrallaşdırmışdı, üçüncünün arxasıyca əlibıçaqlı qaçmışdı, qaçmışdı və gəlib bağlı qapı qarşısında onu haqlamışdı. Bax, bundan o yanası seçimdir, yaxşı və ya pis olmaq barəsində qərardır. Öldürmək də olar, bağışlamaq da... Əgər sən özünə insan deyirsənsə....
“40-cı qapı” “kasıb kino” hücrəsində qərarlaşan kiçik büdcəli bir filmdir, pavilyonsuz, kostyumsuz, demək olar ki, dekorasiyasız bir filmdir, başdan-ayağa naturada çəkilmiş, üç-dörd peşəkar aktyorun (o da epizodlarda) köməyindən yararlanmış bədii bir filmdir. Qalanları uşaqlardır, bir də təsadüfi adamlar... Və onlar heç nə “oynamırlar”, sadəcə, həyatda olduqları kimi görünürlər və səni hadisələrin, münasibətlərin gerçəkliyinə inandırırlar. Əlbəttə ki, buna görə filmin rejissoruna afərin. Bir də ona görə afərin ki, kinotəhkiyə bütövlükdə böyük insan həssaslığı ilə qurulub. Filmdə nə rejissor, nə aktyorlar, nə də operator öz işini “gözə soxur” ki, baxın, görün mən nələri bacarıram... Yox: onlar sadəcə bir-birinə kömək olub yalnız kinodiskursun aydınlığına və dəqiqliyinə xidmət eləyirlər.
Düzü, “40-cı qapı” filmi Elçin Musaoğlunun rejissurasında o qədər səmimi alınıb ki, mən əvvəlcə məqalə yazmaqdan bir az ehtiyatlandım. Qorxdum ki, birdən mən özüm nədəsə səmimi olmaram və ya məqamı düşər, filmin uğurları düşüncələrimi pərdələr, boğazdan yuxarı danışaram. Bundan əlavə... istəmirdim filosof, şünas, alim kimi fikir yürüdüm, nəyisə kiməsə sübut eləməyə çalışım. İstəmirdim, amma baxdım ki, yazmaya bilmirəm və yazdım və nə yazdımsa, özüm üçün yazdım. Onsuz da film mənim, sənin və digər üçüncü şəxslərin rəyləri dışında çoxdandı ki öz ömrünü yaşayır. “Federiko Fellini mükafatı”nı bizlərdən hələ... Cümləni tamamlamadım: aydın məsələdir. Yəni qapı sindromu. Hər hansı bir Azərbaycan filminin hər hansı bir festivalda (“A” kateqoriyalı olmasa belə) xarici filmlər sırasından seçilib qızıl medalla təltif edildiyini də xatırlamıram. Hərçənd “Yaramaz” (rejissor Vaqif Mustafayev), “Yarasa” (rejissor Ayaz Salayev), “Özgə vaxt” (rejissor Hüseyn Mehdiyev) filmlərinin Biləcəridən o yana qazandığı uğurları da unutmamışam. Yəni bir xeyli yaşım var, bir xeyli də tamaşa etdiyim film... Ona görə də “40-cı qapı”nın şəcərəsi qismən mənə tanışdır: kökü “Lətif”(1930), “Velosiped oğruları” (1948), “Ögey ana” (1958), “ŞKİD respublikası” (1966) “Şərikli çörək” (1969), “Qum karxanalarının generalları” (1971) kimi kinonümunələrdən gəlir. Bu sırada Elçinin özünün “Qum dənəsi” (1997) sənədli televiziya filminin adını çəkməsəm, günah olar.
“40-cı qapı” bədii filminin estetikasında çağdaş İran kinosu üçün xarakterik əlamətlər (gerçəkçi brutal yaşayış şəraiti, kameranın kənarlaşdırılmış fiksəedici mövqeyi, reportajvarilik) dominantdır; bəzi epizodlarda isə Andrey Tarkovski, İnqmar Berqman, Möhsün Məhməlbəf kimi kinorejissorlarla “salamlaşmaq” mümkündür. Amma bütün bunların seyrçi üçün bir cıqqılı da önəmi yoxdur. Çünki film bir nəfəsə və emosional kontaktda baxılır. Səbəb də bu ki, sən filmin qəhrəmanlarını, – 40-cı qapının generallarını, – və onların yaşantılarını maksimal şəkildə özünə yaxınlaşdırırsan. Buna filmin poetikası icazə verir.
Piter Debruq, Hollivudun “Variety” jurnalının kinomüxbiri, 2009-cu ildə yazdığı məqaləsində “40-cı qapı”nı “təkrardan uzaq, klişedən azad bir film” adlandırıb onun portretini arthausdan “asır”. Mən bu fikrə şərik çıxmıram. Çünki “40-cı qapı”, ən azı, Azərbaycanda hamının filmi olacaq. Nədən ki, onun emosional təsir gücü fenomenaldır, toxunduğu mövzular əbədi aktualdır. Bəlkə də fikrimi başqa cür ifadə eləsəm daha yaxşı olur: bu film arthausa “getmir”, əksinə, arthausu kütləyə yaxınlaşdırır. Hərçənd bunların hamısı təfərrüatdır. Əsası budur ki, Azərbaycanda hələ də Elçin Musaoğlu kimi əsl kino yaratmaq istəyən adamlar var. Elə isə onlara kömək eləyək, cənablar!
P.S. “40-cı qapı” filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2009-cu ildə “Ritm prodakşn” şirkətində istehsal edilib. Film dünyanın bir sıra prestijli kinofestivallarında “dolaşdıqdan” sonra 2010-cu il mayın 20-də “40-cı qapı”nın Heydər Əliyev sarayında böyük Azərbaycan premyerası olub. Niyə belə gec?...

Aydın TALIBZADƏ




Bu yazı ( 623 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar