12px14px16px18px

Gülüşündə kədər gəzdirən şair,yaxud

Ramin MUXTAROĞLU

“HƏR HAVAYA OYNAMAYAN” İNSAN

08:12 / 29.03.2012
Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, filologiya elmləri namizədi, pedaqoq Sərdar Zeynal öz xarakteri, mənəvi-psixoloji durumu, çoxtərəfli fəaliyyəti, sərlövhəyə çıxartdığım epitetləri ilə fərqlənən şairdir. Onun elmi və bədii yaradıcılıq yolu əlinin və zehninin əziyyəti ilə mənəvi aləmə açılan nurlu sabahların yoludur. Bu yolun başlanğıcı öz məcrasını Ordubadın Tivi kəndindən götürərək, Bakımızın gözəl təbiəti ilə seçilən Bilgəh qəsəbəsində, mavi gözlü Xəzərin qucağında qərar tutmuş olsa da, mənəviyyat axtarışlarındadır. Bu axtarış yollarında rastlaşdığı çətinliklərdə büdrəsə də, “yollar onu cana gətirsə” də həyatından bezməyib, buraxdığı nöqsanları dərk edə-edə həqiqət izinə düşdüyü üçün özünü xoşbəxt sayır. Uğurunu da, uğursuzluqlarını da Tanrı yazan qismətinə yozaraq “Vətən, bağışla məni” deyir:

Neçə yol doğranmışam,
Neçə yol biçilmişəm.
Qismətim yada qismət,
Ayaqla kiçilmişəm,
Vətən, bağışla məni

Müəllifin vətənə müraciəti sensasiya, populist xarakter daşımır. Vətən məhəbbəti Sərdar üçün müqəddəsdir, valideyn, övlad məhəbbətindən də əzizdir. O, bu müqəddəslik önündə öz mənəvi borcunu etiraf edir:

Haqqımı istəmişəm
Dilimə dağ basılıb.
Boynumun kündəsindən,
Qalmışam mən asılı
Vətən bağışla məni.

Lakin onun bu müqəddəslik önündəki “çarəsizlik etirafı” acizlik əlamətini ifadə etmir. Bu etirafda namuslu, dərrakəli bir yurdsevərin xarakter bütövlüyü və aliliyi əks olunur:

İldırım yandırmayıb,
Od almışam içimdən.
Yollar cana gəlibdir,
Yurddan yurda köçümdən
Vətən, bağışla məni...

Bəli, bu təzadlı misralarda Sərdarın gileyindən çox, nikbinliyi, acizlikdən çox mübarizliyi, mənəvi gücü öz ifadəsini tapıb. O, öz içindən od aldığı üçün “cana gələn, usanan” bu çala-çuxurlu yolları qürurla addımlayıb. Bu yol sənətinə vurğun Azərbaycan dili və ədəbiyyatı müəlliminin, filoloq alimin, dörd elmi monoqrafiyanın, yüzdən artıq elmi məqalənin, “Səninlə bəxtəvər olacağam mən”, “Üyüt, ömür dəyirmanı”, “İnandım ki, həqiqətdi bu sevgi”, “Bir ürək sevgiyəm”, “Mən nələr çəkirəm”, “Dəniz ağladır məni” ünvanlı altı şeirlər kitabının və iki qız, bir oğul... “müəllifinin” şərəfli ömür yoludur.
O, 57 illik ömrünün yarım əsrini gülüşündə qəm, kədərində mənalı istehza gəzdirən bənzərsiz bir insan kimi yaşayıb. Bir çox namuslu azərbaycanlılar kimi Sərdar Zeynalın mənlik şüurunun formalaşmasında soykökü ilə bərabər vətən anlayışı müstəsna rol oynayır. Budur, Sərdar Zeynalın 9 kitabından əksər şeirlərini təmsil edən “Bir ürək sevgiyəm”(redaktor: filol.e.d. professor Tofiq Hacıyev), “Mən nələr çəkirəm”(redaktor: Filol.e.d, professor Buludxan Xəlilov) və “Dəniz ağladır məni” adlı üç kitabı qarşımızdadır. Bu kitablarda toplanan şeirlərinin də çox hissəsi vətən mövzusuna köklənib. Onun şeirlərinin çoxundan bərəkətli ana torpağın qoxusu, gül-çiçək, qərənfil, bənövşə ətri gəlir. “İlahi, bu yurdu yoxlama darda”, “Torpaq”, “Yenə oyanmamışıq”, “Sərçələr” (1, 10, 14, 19, 60-61), “Vətən qoxulu torpaq”(3, 142), “41-də gedənlər “Vətən” dedilər”, (3, 145), “Bu kəndin sabahı göynədir məni” (3, 148), “Bu buludlar ağ çadıra bənzəyir” (3, 149) kimi şeirlərdə vətən vurğunu olan şairin yurdsevərliyi çox müxtəlif yönlərdən tərənnüm olunur. Vətənə sonsuz məhəbbət doğma kəndinə vurğunluğundan başlayır. “Dönəcəm o yola” şeirində onun doğma hiss və duyğuları sanki hər bir oxucunun istəklərini ifadə edir:

Dönəcəm o yola, çığıra, izə,
Bu vüsal nəfsimi öldürmək üçün.
Dönəcəm qar, dolun çıxsa da dizə,
Bircə yol üzümü güldürmək üçün.
Bələkdən qaldırdın dağın başına.
Nə bəxşiş istədin, nə də yalvarış
Göz açıb yetişdim 15 yaşına,
Geriyə çəkmədin məni bir qarış

Bu məhəbbətlə o Böyük yaradana – qadir Allaha tez-tez pənah aparır: “İlahi, bu yurdu sınama darda!” nidası ilə düşmən əlinə keçmiş Qarabağın harayını çəkir. Bu mövzuda yazanların çoxundan fərqlənən Sərdar ürək yanğısı ilə əsl düşməni hədəfə alır. Doğru etiraf edir ki, Qarabağın əldən getməsində günahkar ilk növbədə erməni yox, erməni sifətli allahlıq iddiası ilə yaşayan xudbin, şöhrətpərəst insancıqlardır.

Borc yerə xərclədim ömrümü, Allah,
Yarısı qadada, qovğada getdi.
İnsancıq “allah”lar artıb maşallah,
Onların əlindən el bada getdi.
Göz gözə düşməndir, çəkən çəkənə,
Doğrunu deyəni dara çəkirlər.
Bu ömür tale yox, ağır məngənə,
Günəşin üstünə qara çəkirlər.

Ömrümüz tufanlı qasırğalar
Sürünür,görünür belədən-belə
İlahi, bu yurdu yoxlama darda,
Düşmənə yenməkdən özün hifz elə

“Gedirəm”, “Əzabla yaşayıram”, “Gəzdirir”, “Ömür də qismətdi”, “Taleyim fıptına qoynunda gəmi”, “Mənimki yazıdan, yazandan keçib”, “İnsanlar ümidi itəndə ölür”, “Neyləməli”, “Qalır”, “Mənə bir baharın nəfəsi bəsdir” və s. şeirlərdəki misraların hər biri yeni-yeni məna çalarları, ürəyi oxşayan gövrək duyğular, sərt həqiqətlər aşkarlayır.
Sərdarın estetik tutumlu, məna yüklü bədii obrazları məlum həqiqətləri başdan-başa yeni anlamda çatdıra bilir. Bu tipli misralar onun şeirlərinin özünəməxsus poetik üslubundan xəbər verir. Budur, kitablardakı istənilən bir səhifəni açırıq:

Kotan çəkir tükü-tükdən seçənlər,
Qəm üyüdür göz yaşları içənlər.
Yer şumlayıb, taxılını biçənlər,
Tər tökənə bir qab üzsüz aş düşüb.

Belə şeirlərinin özünəməxsus ahəngi, intonasiyası var. Misranı öz ahənginə uyğun “oxumasan”, duymasan bədii məna dəyişər, ideyası təhrif olunar, anlaşılmazlıq yaranar. Odur ki, hər bir misrada ayrı-ayrı ifadələrin bütöv mətndəki leksik-semantik mənasını qavramaq lazımdır. Yuxarıdakı bənddə folklor deyiminə əsaslanan sözlər müəyyən dərəcədə yeniləşib. Burada “kotan çəkir tükü-tükdən seçənlər”, “qəm üyüdür” ifadələri ömrü-günü əzabla keçən həssasların, zəhmətlə yaşayan ağıllıların, təhnəsində çörəyi, çuvalında dəni olmayanların taleyindən soraq verir. Əgər bu ünvanlar birbaşa, sözün müstəqim mənasında deyilmiş olsaydı, şeirin poetikliyi, obrazlılılığı itərdi. Lakin bu halda həmin ifadələr özünəməxsus metaforik şəkildə verildiyi üçün oxucunun ürəyinə asanlıqla yol tapır, onu düşündürmək “əzabına” və zövqünə sövq edir. Bu mənada Sərdarın misraları poetikanın nəzəri – estetik tələblərinə tamamilə cavab verir. Məlumdur ki, bədii ədəbiyyatı digər humanitar sahələrdən fərqləndirən amillərdən ən başlıcası onun əvvəlcə ruha, hiss və duyğulara təsir etmək qüvvəsidir. Bədii yaradıcılığın estetik funksiyası heç də nəyisə, hər hansı bir hadisəni oxucuya çatdırmaq, onu məlumatlandırmaq yox, həmin hadisəni elə tərzdə təqdim etməkdir ki, onun qəlbini riqqətə gətirsin. Odur ki, dönə-dönə toxunulan məlum-məşhur problem məsələlər Sərdarın deyimində yeni-yeni assosiasiyalar oyadaraq ruhu oxşayır, mənəviyyatı cilalayır.
Bəzən mücərrəd şəkildə fərqinə varmadan tez-tez gileylənirik: dünya yaman dəyişib, qardaş! Ay, belə dünyanın... Klassiklərimizin çoxu da ən qüvvətli şeirlərində Dünyanı hədəfə alıb. Sərdar isə öz sələflərindən fərqli olaraq, bu fikrin yeni çalarını, bir qədər istehzalı ironik məqamını tapır, onun istiqamətini dəyişərək, ezopvari fəlsəfi yükünü nəzərə çarpdırır.

Yerinki yerdədi, göyünkü göydə,
Salamı salamdır, Yallahı Yallah.
Gəngisi zurnada, göz yaşı neydə,
Dünyanın harası dəyişib, Allah?!
Şəhidi doğulur, yerə “əkilir”,
Ruhları inciyib göyə cəkilir,
Yamandan yaxşıya torba tikilir,
Dünyanın harası dəyişib, Allah?!
...Zülümkar zülmündə, zalım işində
Min nalə qoparır hər gedişində,
Qan içib, şirəsi qalıb dişində
Dünyanın harası dəyişib, Allah?!
Min ildir qurdları quzuya qənim,
Min ildir dəyişmir işinin çəmin.
Dünən də həmindi, bu gün də həmin,
Dünyanın harası dəyişib, Allah?
Düşündürücüdür, deyilmi? Həm də təəsüfləndiricidir! Şeir oxucuya deyir: avam olma, əlbəttə, dəyişən dünya deyil, dəyişən də, dəyişməyən də sənsən, mənəm, insanlardır!
Məlumdur ki, xeyirlə şərin, haqlı ilə haqsızın, mərdlə namərdin, zəhmətkeşlə müftəxorun qarşılaşdırılması, ikincilərin real-maddi üstünlüyü ədəbiyyatın əzəli və əbədi problem məsələlərindən biridir. Elə istedadlı sənətkar tapılmaz ki, bu motivə toxunmamış olsun. Füzuli və Şekspirdən, M.P.Vaqif və M.Hadidən tutmuş Məmməd Araz və Vaqif Səmədoğluna, Ramiz Rövşənə qədər əksər sənətkarlar təzadlı aləmə qarşı öz müsbət idealını çıxarmış, bu istiqamətdə təsirli şeirlər yazmışlar. Sərdarın özünəməxsus obrazlarının predmetində bu klassiklərin təsiri duyulsa da, milli və regional folklora bağlılığı predmetin təcəssümünü orijinallaşdırıb. Dövrünün eybəcərliyini ifşa edən Şekspir vaxtilə ona görə hiddətlənirdi ki,

Saxtalıq hökm verir, qəlbə, ağla, kamala,
Bəkarət təhqir olub düşür dərdə,
zavala”!

Böyük sələfləri kimi Sərdar Zeynal da
müşahidə edir ki,
Haqsız yerdə sözü haqdır, haqsızın,
Nə olsun ki, zaman sonsuz,
haqq uzun,
Oğurlayıb namərd mərdin saqqızın,
Baş ayağa, ayaq gedib baş düşüb

Göründüyü kimi, S. Zeynalın bu misralarında dahi V.Şeksprin 66-cı sonetinin saxtakarlığa və əxlaqsızlığa qarşı qəzəbli ruhu duyulsa da, obrazlar, bənzətmələr və ifadə tərzi tamamilə özünəməxsusdur.
Sərdar Zeynalın milli klassikaya, ənənəyə münasibətində yaradıcı məqamlar da təbii və poetik səslənir. Onun “Heydər baba”nın təsiri ilə səsləndirdiyi “Görüşünə gələmməsəm” şerində bu meyl özünü aşkar büruzə verir.

Leysanında daş dibiniə girib itdim,
Fatma nənə hanasını toxumadı.
Dalısınca necə qaya aşıb getdim.
Kəklikləri bircə kəlmə oxumadı

Sərdarın müşahidə spektri çox iti, müşahidə coğrafiyası genişdir. Onu bir tərəfdən onun-bunun malına varına tamah salan, özünü söz yaradıcısı kimi göstərən, başqasının misralarına göz tikən modabaz ədalılar, biveclər narahat edir:

Yaxşı bax bundakı duruşa, boya,
Vədəli, vədəsiz özün əzdirir.
Düşünür yeganə kişidi, guya,
İnsanlararası soraq gəzdirir.

Bazara çıxarsan, dəyməz qəlp pula,
Bir “sağ ol!” eşitcək sığışmaz yola,
Ovçunun ovuna göz dikən tula,
Yanında cangüdən, yaraq gəzdirir

Sərdarın istedadı hələ 1984-cü ildə doğulduğu Tivi kəndində müəllim işlədiyi zaman yazdığı “Hünər yolu” adlı poema ilə reallaşıb. Poema Böyük Vətən müharibəsi adlanan hərb zamanı Polşada partizan dəstəsində vuruşan azərbaycanlı qrupunun komandiri Ordubad yetirməsi leytenant Kərimovun xatirəsinə ithaf edilib. Həcmcə çox da böyük olmayan bu mənzumədə gənc şairin özünəməxsus poetik deyim tərzi diqqəti cəlb edir. İlk olaraq maraq yaradan poemanın strukturu: quruluş- kompozisiyasıdır. Proloq və epiloq da daxil olmaqla əsər “Yarımçıq qalmış məzuniyyət”, “Kəndin sevinci”, “Şübhəyə cavab”, “Əzablı günlər”, “Həyata vida” fəsillərini əhatə edir. Əsər “Proloq əvəzi” başlığı altında klassik poemalarımıza məxsus axıcı, həyəcanlı intonasiya ilə başlayır:

Bir ana qolları açılı qalıb,
Bir ana ürəyi uçulu qalıb
Bir ana hələ də yol gözləməkdə,
Dodaqlar hələ də oğul deməkdə.
Baxır bu yollara gözü toranlı.
Baxır bu yollara hələ inamlı...

Bu misralar müharibə, hərbi cəbhə görməyən insanlar üçün mənalı inandırıcı bir lövhə açır. Elə əslinə baxsan müəllif özü də o qanlı-qadalı günləri, oğullarının arxasınca boylana-boylana anaların iztirablı baxışlarını görməyən müəllifin də daxilən gördüyü mənzərənin təsirli lövhəsini əks etdirir.
Poemanın məzmununu danışmaq fikrindən uzağıq. Bizi cəlb edən cəbhədən qayıtmış Məmmədin vurğunu olan Sevdanın portretinin mükəmməl ifadəsidir.

Sevda qayıtmazdı verdiyi sözdən,
Sevda bir məhəbbət dəlisi idi.
Bəstəboy, uzunsaç, qaraydı gözdən
Sevda kəndimizin pərisi idi...”

Sərdarın poetik misralarından boylanan çoxlarına məlum ənənəvi ideyalar yeni, məxsusi, ekskluziv təsir bağışlayır: Onun şeirlərinə məxsus xüsusiyyətləri belə ümumiləşdirmək olar: Onlar mövzu və məzmunca çeşidli və zəngindir. Həyatımızın özü qədər rəngarəng və bənzərsiz, mənalı və düşündürücüdür.
Obrazlar aləmi məcazların, epitet və təşbehlərin yeniliyi ilə oxucunu cəlb edir. Əksər obrazları metoforikdir. Ona görə də düşündürücü, fəlsəfidir. Müəllifin gülüşündə kədər, istehzasında məyusluq, hikkəsində mərdanəlik, xarakterində bütövlük var. Əlvan misraların mübarizliyi, mərdanəliyi ilə qəmli, düşündürücü notların qoşalığı heç də müəllifin xarakter ikiliyini göstərmir. Sərdar Zeynalın şeirlərində “kiminsə acığına, nəyinsə xatirinə yazmaq” iddiası gizlənmir. İlhamı gələndə, daha doğrusu, hissləri oynayanda, təbii coşanda yazır. Özü də ürəkdən yazır.
Təbii doğulan bu lirik parçaların səsi-sorağı bəstəkar və müğənnilərin də diqqətini cəlb edib. Ətiqə Ələsgərovanın bəstəsində Sərdarın 6 şeiri (“Yerin ürəyimdədir”, “Qayıtma”, “Sən məni sevməsən, sevmərəm səni”, “Barış-barış”, “Unutdur”, “Telefonçu qız”) Flora Kərimova, Mətanət İsgəndərli, Aygün Kazımova, Gülbəniz Rəcəbli, Nadir Qafarzadə kimi tanınmış müğənnilər tərəfindən ifa olunmaqdadır.
Şeirlərin hamısı, əlbəttə, eyni səviyyədə deyil. Bəzən poetiklikliyə adilik gətirən primitivlik də var. Qafiyə xatirinə səslənən misralara da təsadüf etmək olur.
Məsələn “Kəndimin” şerində olduğu kimi.

Gecə yorğun, gündüzləri narahat,
Qayaları dayanıbdır farağat.
Dəli çayı yüyənsiz bir kəhər at,
Zirvələri bəyaz qardı kəndimiz

Son söz əvəzi: Məlumdur ki, çoxlarına şair deyirlər. Hətta, titullarını xüsusi vurğulayırlar: Xalq şairi, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü və s. və s. Lakin Sərdar hələlik bu titullardan azaddır. Böyük filoloq alimimiz Tofiq Hacıyev doğru olaraq Sərdarı həqiqi şair adlandırır və onun “Sünbüllü zəmidir, biçilməz könül” misrasındakı orijinallılığı nümunə gətirərək, bunu “Könülün ən çox könüləyatan təyinatı” adlandırır. Əlbəttə, bu qiymət S.Zeynalı daha məsuliyyyətli olmağa çağırır. Vaxtilə M.F.Axundov hər qafiyə tutanları şair adlandırmayıb. Filosof-estetikin fikrincə, “...şeir əgərçi nəzm ilə olur, amma hər nəzm şeir deyil... Şeir əlahiddə bir bəxşi-ilahidir...”. Bu baxımdan Sərdar Zeynalın nəzm sistemi həqiqətdə şeir adlana bilir. Çünki onun əsərlərində məzmun və forma vəhdəti gözlənilib.
Ramin MUXTAROĞLU
ADPU-nun dosenti,
AYB-nin üzvü















Bu yazı ( 157 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar