12px14px16px18px

“Sənət həyatdan bir pillə yüksəkdir...”

Ramin MUXTAROĞLU
11:30 / 14.06.2011
Ömrünün 75 ilində də gənc yaşlarında olduğu kimi böyük bir həvəslə, tükənməz enerji ilə çalışır, yaşayıb yaradır. Artıq vərdişə keçmiş jurnalist-publisist işgüzarlığı, intensiv ictimai xadim fəallığı, qaynar tələbə auditoriyası və ən nəhayət ədəbi-bədii yaradıcılıq ehtirası... onu sakit dayanmağa qoymur. Ən ümdə səbəb isə hər gün gənclər əhatəsində olması, insana və insanlığa sonsuz işıqlı məhəbbətidir.
Onun yazıçı-dramaturq portretini işıqlandıran çox parlaq palitralar içərisində diqqəti daha çox cəlb edən iri saxnaqlı böyüdücü şüşənin arxasından qayğıyla baxan və xeyirxahlıqla gülümsəyən gözləridir. Yumşaq səsi onun parlaq nitqinə, əzəmətli çöhrəsinə bir qədər mülayimlik, məhrəmlik bəxş edir.
Filologiya elmləri doktoru, professor Aqşin Babayevin yazıçı-dramaturq kimi öz orijinal yolu, bədii obrazlar aləmi, süjet və konfliktləri vardır. Aqşin müəllimin ədəbi-bədii maraq dairəsi genişdir. Səhnə, efir, ekran bu dramaturqun janr müasirliyindən xəbər verir.
Onun mövzuları və əsərlərinin bədii ideyası, bir sözlə sənətkar idealı müasirliyi, çağdaş mənəvi-sosial problemləri əhatə edir. Öz sənətkar əqidəsinə, publisist-dramaturq qələminə inandığı üçün ən aktual siyasi-sosial məsələnin bədii təcəssümünə həvəslə ürəkdən girişir. Müasir mövzuların məsuliyyətini hiss edən sənətkarların bir çoxu daha çox tarixə üz tutur. Tarixin keçmişin nisbətən ala-toranlığında dolaşaraq müvəqqəti maraq qazana bilir. Lakin A.Babayevin siyasi-mənəvi yaradıcılıq mövqeyi sabit və aydın olduğu üçün həyatın bağrından qopub gələn səslərə daha çox qulaq asır. Onları maraqla dinləyir və oxucusuna çatdırır. Bəzən tarixi, tarixi-əfsanəvi mövzularda yazmağın çətinliyini, çağdaş mövzuların isə qələmə tez, asan gəldiyini söyləyirlər. Bəlkə də bədii yaradıcılıq özünəməxsusluğu baxımından bu fikirdə müəyyən bir həqiqət vardır. Lakin biz bu mülahizəni bütövlükdə qəbul edə bilmərik. Burda əsas şərt müasir mövzuların konkret olaraq xarakteridir. Məsələn, hələ tam mənası ilə özünü həyatda təsdiq etməyən müasir siyasi mövqelər vardır. Bunların bədii əsərə gətirilməsi ən azı müəllifdən yanılmaz dünyagörüşü, uzaqgörənlik, əqidə bütövlüyü tələb edir. Aqşin Babayevin 1993-cü ildə qələmə aldığı “Xilaskar” sənədli-publissistik pyesi sübut edir ki, yazıçı öz əqidəsində, xarakterində bütövdürsə, onun sənətkar zövqü də müasirdir, mükəmməldir.
Əlbəttə, zəngin həyat və sənət yolu keçmiş, neçə-neçə hekayə, povestin, lirik parçaların, çeşidli janr və üslublu səhnə əsərinin müəllifi olmuş təcrübəli bir filoloq-pedaqoqun sabitləşmiş xarakteri başqa bir istiqamət ala da bilməzdi. Filologiya elmləri doktoru, professor, II dərəcəli Dövlət müşaviri (2004), Azərbaycan Respublikasının Əməkdar jurnalisti (1987), yazıçı-dramaturq, şair, pedaqoq, tədqiqatçı alim Aqşin Əlisəttar oğlu Babayev (23 noyabr 1936) 30 dan artıq kitabın, Moskvada çapdan çıxmış “Kişilər az yaşadı” romanının müəllifi, məşhur Türk şairi Nazim Hikmətin cəfakeş araşdırıcısı, Türkiyənin “Nazim Hikmət Kültür və Sanat Vaqfi” rəyasət heyətinin üzvü və s. kimi vəzifələrin daşıyıcısı öz işıqlı fəaliyyəti ilə müasir Azərbaycanlı ziyalısına bir nümunə, örnəkdir.
Aqşin Babayevin rəngarəng janr və üslublu yaradıcılığı (1.Səhnə əsərləri: “Xilaskar”, “Yaralar”, “Olmuş əhvalat”, “Əli cibində olsun”; 2.Ekran əsərləri: “Nekroloq”, “Dəvətnamə”, “Mükafat”; 3. Efir əsərləri: “Əzizim vətən yaxşı”, “Əyri gözlük”, “Gecikmiş bahar”, “Dörd divar”, “Günlərin bir günündə” və s.) yazıçı-publisistin həyat duyğusunu gözəl ehtiva edir.
Milli müstəqillik yolları ilə irəlilədikcə qarşımıza çıxan problemlər bizi keçdiyimiz yollara dönüb bir də baxmağa məcbur edir. Belə məqamları xatırlamaq üçün tarixi faktlarla yanaşı, yaxın keçmişimizi doğru-düzgün, bəzək-düzəksiz təqdim edən bədii ədəbiyyat gözəl vasitədir. Aqşin müəllimin 2008-ci ildə işıq üzü görmüş “Səhnə, ekran, efir” adlı kitabı məhz bu tipli əsərlərdəndir.
Kitab üz qabığında adları çəkilən həmin bu üç bölmə üzrə verilmiş 12 sayda dramatik formalı bədii nümunələri özündə toplayır. Həmin əsərlər öz orijinal janr-üslub rəngarəngliyi ilə bərabər, çağdaş günlərin problemlərini əks etdirir. Əsərlərin hər biri spesifik janr-üslub tipinə malik olduqları üçün problemlərin bədii-estetik dərkini asanlaşdırır, oxucunu mütaliədən dərhal sonra düşünməyə sövqləndirir. Çox mürəkkəb həyat yolu keçmiş müəllifin zövqü, dünyaduyumundan irəli gələn həssas, estetik sözü bizi sevindirir və ibrətləndirir.
Kitabın “Səhnə” adlandırılan birinci bölməsi “Xilaskar” pyesi ilə açılır. Pyes Azərbaycan Xalqının böyük xilaskar oğlu, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə rəhbərliyə gəlişinə həsr olunmuşdur. Məlumdur ki, 1990-cı illərdə Azərbaycanın ictimai-siyasi həyatında bir qarışıqlıq hökm sürürdü. Keçmiş sovet dövlətinin təsiri ilə əvvəlki rəhbərlik hakimiyyətdən getmək istəmirdi. Respublika çıxılmaz vəziyyətdə idi. Xalqın taleyi həlli müşkül olan ciddi bir münaqişə ilə üzləşmişdi. Pyesin əsasında məhz belə bir problemin konflikti durur.
Dramaturq faktik sənədlərə əsaslanaraq hadisələrin burulğanlı gedişini müxtəlif tipli tanış simaları, onların öz sözü və səsi ilə bədii obrazların əlaqə və münasibətlərində canlandırmağa müvəffəq olmuşdur. Əsərdə qarşıdurmalar, dəyişən və tutaşan siyasi mövqelər izlənilir, getdikcə gərginləşən süjet ünsürləri bir-birini əvəz edir. “Xilaskar” müəllif tərəfindən sənədli-publisistik pyes adlanmış olsa da, əsərin bədiilik məziyyəti obrazların həyatiliyində, mövqelərin seçimində, hətta xarakterlərin adlandırılmasında da özünü büruzə verir. Mövzuya uyğun olaraq Ədalət adlı bütöv xarakterli namuslu bir gənc əsərin mərkəzində dayanır. Ədalətin ilk səhnədə tamaşaçılara daxili bir həyəcanla müraciəti düşündürücü bir ekspozisiya olmaqla hadisələrin gələcək mahiyyətindən xəbər verir. Ədalət tamaşaçılara üzünü tutaraq təəssüf dolu intonasiya ilə deyir: “Görəcəyiniz hadisələr həqiqətdir. Həqiqət, həqiqət, yalnız həqiqət!”
Ədalətin həqiqətdən danışması təsadüfi deyildir. Onun ən gözəl müşahidəsi mənsub olduğu xalqı yaxşı tanımasıdır. O dövrdə liderlik iddiasında olanların əksəriyyəti xalq adından danışır, populist şüarlar səsləndirirdilər. Ədalət belələrini başa salırdı ki, sizlərin xalq adından danışmağa haqqınız yoxdur. Xalq kimdir? “Xalq ala-qaranlıqda evindən çıxıb bir parça çörək qazanmaq üçün metroda, avtobusda, trolleybusda əzilənlər, gecəsini gündüzünə qatanlar, ailəsinin yanında başıaşağı olanlardır. Bir də bax, burda böyrümüzdə Şəhidlər xiyabanında yatanlardır xalq!”
Beləliklə, böyük xilaskarın siyasi gəlişinə tarixi ehtiyacın vacibliyi pyesdə əsaslı şəkildə öz əksini tapmış olur. Buna görə də əsərdə diqqəti cəlb edən ən mühüm keyfiyyət real hadisələrin həqiqət prizmasında bədii tonda verilməsində özünü göstərir.
“Yaralar” adlı pyes artıq müəllifin çağdaş bədii nəsr üslubundan ünvan verir. Aqşin Babayevin görkəmli nasir kimi, bədiiliyin simvolik obrazlılığından, nəsrin gözlənilməz sonluq faktorundan, novellavarilik tərzindən təkrarsız ustalıqla istifadə etməsi ilk baxışdan oxucunun diqqətini çəkir. Burada klassiklərə: məsələn, Mopassana, Qoqola, Çexova, C.Məmmədquluzadəyə və Ə.Haqverdiyevə... məxsus “müəllif laqeydliyi və soyuqqanlılığı”, “tendensiya gizlinləri” kimi üslubi çalarlar özünü göstərir. Bu mənada “Yaralar” pyesi klassik əsərlər sırasında hesab oluna bilər.
Pyesdə bədii şərtilik, simvolik məna tez ünvanlaşmır. Artıq burada bədii simvolikanın rəmzilik diapazonu genişlənir. Oxucu düşüncəsində assossiasyalar zənginləşir. Müharibə əlili Namiqin yaraları getdikcə sağalmaq əvəzinə daha da dərinləşir. Çünki yaralar təkcə Namiqin fiziki şikəsliyini əks etdirmir; yaralar artıq bütün cəmiyyəti bürümüşdür. Bu obrazın bədii-dramaturji tərcümeyi-halı müasir dünyamızda təkrarlanan faciəvi hadisələrin təəssüfləndirici yaşarlılığını sübut edir.
Pyesdə şəkil-portret mühüm estetik obraz yükü daşıyır. Həmin şəkil-portretin divara vurulması müxtəlif insanların xarakterlərini aşkarlamağa xidmət edir. Hətta bu məqamda müəllif klassikada istifadə edilmiş bir ədəbi-dramaturji priyoma işarə etməklə baş verən siyasi hadisələrin mahiyyətini açıqlayır. Epizoda müraciət edək:
“Möhsün – Heç.. deyirəm, nə olaydı bir bomba düşəydi bizim Şərq-Qərb institutuna.
(Şəkil öz-özünə tappıltıyla yerə düşür. Möhsün diksinir. İşıqlar sönür)
Möhsün: Elə bildim güllə atdılar...
Əbdül: Atdılar də... Güllə səsiydi.
Möhsün: Atan kimdir?
– Atan kazaxlardır”
Göründüyü kimi, Rus qoşunlarının təxribatları, 90-cı illərdəki Bakının vəziyyəti müəllifin yadına C.Cabbarlının “1905-ci ildə” pyesindəki məşhur “atan kazaklardır” sözlərini xatırladır. Fərasətli oxucu, yaxud ayıq tamaşaçı elə o andaca atəş açanların kimliyini müəyyənləşdirər.
Bəli, yeri gələndə Aqşin müəllim fikrin yığcamlığı və sərrastlığı naminə məlum bədii faktları yada salmaqdan çəkinmir.
Aqşin Babayevin mədəniyyət və incəsənətin, o cümlədən bədii yaradıcılığın ən müasir nümunələrini yaratması, bu sahədə çalışması heç də təsadüfi deyildir. Onun atası Əlisəttar müəllim tanınmış incəsənət adamı olmuşdur. Aqşin Babayev həyat kitabını daha çox sevir. Ona görə də daha çox yaşadığı, bağlandığı həyatdan yazır. Amma sənətin ecazkarlığını diqqət mərkəzində saxlayır. Çünki, özünün dediyi kimi “Sənət həyatdan bir pillə yüksəkdir”.
Ramin MUXTAROĞLU,
ADPU-nun dosenti, AYB-nin üzvü



Bu yazı ( 509 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar