12px14px16px18px

Biz Azərbaycandanıq!

Fəridə ƏLİYEVA

ZAMANA MEYDAN OXUYAN MƏBƏDLƏR

14:41 / 20.03.2012
 
Evimizdə müxtəlif sahələrə aid kitabların çoxluğuna və istənilən məlumatların internetdən əldə etmək imkanının genişliyinə baxmayaraq,  kitabxana mühitində çalışmaq mənə daha çox zövq verir. Dünyanın ən məşhur kitabxanalarında saxlanılan nadir kitabları oxumaq, qiymətli manuskriptlərə və əsrlərin sirrini qoruyub saxlayan əlyazmalara tamaşa etmək əslində, insanda çox qəribə duyğular yaradır. Kitabxana mühitinin qəribə bir özəlliyi var- sanki səni yaşadığın zamandan, əhatəndə olan insanlardan ayırıb başqa bir məkana daxil edir. Hamımızın yaxşı bələd olduğu, lakin bəzən tam anlamıyla önəmini dərk etmədiyimiz-kitabxana bəşəriyyətin yaratdığı saysız-hesabsız intellektual sərvəti, maddi-mənəvi irsi qoruyub –saxlayıb əsrdən-əsrə öturür. Qoruyucu, mühafizəçi missiyanı yerinə yetirmək haqqını qazanmış Misir məbədləri, Çin və Hindistan monastrları, ərəb dünyasının tarixində böyük rolu olan mədrəsələr, Qərbin tarixini qoruyan kilsə kitabxanaları insanın min illiklər boyu yaratdığını bəzən onun özünün dağıdıcılıq istəyindən qoruyub saxlayıb. Lakin təəssüf ki, həmişə buna nail olmayıb. Dəyərli kitablar tonqallarda yandırılıb, fərqli düşünən alimlər daş-qalaq edilib, hər yeni mütərəqqi fikir müqavimətlə qarşılanıb. Nə yaxşı ki, Prometey xislətli insanlar düşüncə adlı sərvətinin keşiyində durub xeyirli, mütərəqqi fikirləri qoruyub-saxlayıb, ancaq zərərlisini də atmayıb.
Hakimlik vəzifəsini gələcək nəsillərə buraxaraq, onlara seçim haqqı verib. Mənim fikrimcə, kitabxanaları yalnız kitabların toplandığı bir məkan kimi deyil, insanları bir araya gətirən, onları düşünməyə vadar edən bir qüvvə kimi qiymətləndirmək lazımdır. Dünyada böyük kitabxanalar coxdur, kitabxanaların reytinqində ilk yeri isə Vaşinqtonda 1800-cü ildə tikilmiş və özündə 30 milyon kitabı cəmləşdirən Konqresin kitabxanası tutur. Onun ardınca Çin, Kanada, Rusiya, Almaniya, Böyük Britaniya və sair, milli kitabxanaları gəlir.  Lakin çox təəssüflər olsun ki, Sərq ölkələrinin kitabxanaları bu reytinqdə yer tutmur...
Dünyanın min bir yerindən tələbələr, tədqiqatçılar məşhur kitabxanalara üz tutur. Belə cazibə qüvvəsinə malik olan mərkəzlərdən biri də Londonda yerləşən Britaniya Milli kitabxanasıdır. Düzünü desəm, ilk vaxtlar təhsil aldığım ali məktəbdə kifayət qədər iri bir kitabxananın olması səbəbindən Britaniya Milli kitabxanasına üzv olmağa çox da tələsmirdim. Təhsil aldığım ali məktəbin kitabxanası zəngin olsa da,  ali məktəb həyatının sürətli ritmi, təhsildə yüksək tələbkarlıq, verilən tapşırıqların çoxluğu, fənlərin getdikcə çətinləşməsi yeni məlumatların əldə edilməsi zərurəti Britaniya Milli kitabxanasında saatlarla işləməyi adətə çevirdi. Kitabxananın əzəmətli binasının tarixi məni hələ bu binanı ilk gördüyüm andan maraqlandırırdı. İngilislərin bu kitabxananın yaranması, kitab fondlarının zənginləşməsi haqda internetə kifayət qədər məlumat yerləşdirməsindən Britaniya Milli kitabxanası barədə məlumat tapmaq çox çətin olmadı.
 14 milyon kitab, minlərlə qiymətli sənəd bu kitabxananın sərvəti sayılmasına baxmayaraq, söhbət yalnız heç də kəmiyyətdən getmir,  kitabxananın zənginliyi ilk növbədə orada toplanmış sənədlərin təkrarolunmazlığındadır. Burada nələr yoxdur- Şekspirin, Motsartın, Leonardo Da Vinçinin əl yazmaları, yunan-latın manuskriptləri, Şərqin tarixinə aid ən qiymətli mənbələr.  Hətta Leninin Britaniya Milli kitabxanasına üzv olmaq haqda yazdığı ərizə də qorunub- saxlanılır...
Kitabxananın yaranmasının da maraqlı tarixçəsi var. Məşhur ingilis həkimi, kolleksiyaçısı Hans Sloun 1660-1753-cı illərdə malik olduğu zəngin kitab kolleksiyasının xalqa verilməsini vəsiyyət etmişdi. Bu qiymətli hədiyyənin əvəzində isə kral III Qeorq onun vərəsələrinə 20 min funt sterlinq pul verməli idi. Görünür, bu pul varislərin gələcəkdə kolleksiyaya olan iddiasının aradan qaldırması üçün nəzərdə tutulurdu. Bu məbləğin ödənilməyəcəyi təqdirdə, kolleksiya xarici ölkələrdən birinin tədris mərkəzlərinə veriləcəkdi. İngiltərə parlamentinin spikeri Artur Onslou bu qeyri-adi hədiyyəni dəyərincə qiymətləndirdi və 1753-cü il iyunun 7-də parlament Britaniya muzeyinin yaranması haqqında qanun qəbul etdi. Ser Slounun kolleksiyası ilə bərabər Robert Kottonun və Robert Xarlinin kolleksiyaları da muzeyə hədiyyə edildi. 1757-ci ildə kral III Qeorq Britaniya monarxlarının uzun illər ərzində topladığı kral kitabxanasını muzeyə hədiyyə etdi. İngilis zadəganları muzeyə öz kolleksiyalarını təmənnasız hədiyyə etməklə əvəzsiz bir ənənə yaratdılar. Qibtə olunası və nümunə götürüləsi bir ənənədir!
1759-cu ildə isə Britaniya muzeyi öz qapılarını ictimaiyyətin üzünə açdı. Kitabların ,nadir sənət incilərinin sayı gündən- günə artırdı. Dünyanın hər yerindən əldə edilən kitablar mənimsənilmir, əksinə Britaniya muzeyi nəzdində olan kitabxanaya təhvil verilirdi. Hər kəsin muzeyə gəlib bu qiymətli əsərlərlə tanış olmaq imkanı var idi. Fondların genişlənməsi, oxucuların sayının artması 1973-cü ildə kitabxananın muzeydən ayrılaraq sərbəst fəaliyyət göstərməsini zərurətə çevirdi. İndi isə burada tədqiqatçılar, saysız-hesabsız tələbələr sakitlik qaydalarını pozmadan məşğul olurlar...
Britaniya Milli kitabxanasının tarixi və bu günü haqqında cox danışmaq olar. Marketinq müəlliminin tapşırığını yerinə yetirmək məsuliyyətini dərk edərək, konkret ünvana yollanıram. Lazım olan məlumatları araşdırmağa başlayıram,  ancaq dörd saatdan artıq vaxtın necə keçdiyini hiss etmirəm. Kitabları təhvil verib, evə dönəndə artıq hava qaralmışdı. Soyuq qış günü olsa da, hava aydın və sakit idi. Hamı başını aşağı salıb, yanımdan sürətlə ötürdü. Birdən nədənsə bayaq kitabxanada məni düşündürən bir fikir yadıma düşür. Şərq kitabxanalarının taleyinə düşən ağrılar, böyük şərq hökmdarı Uluqbəyin məhşur kitabxanası haqqında bildiklərim yaddaşımda canlanmağa başlanır. Bu,məlumatları bir necə il bundan öncə İsgəndəriyyə kitabxanasının müdiri İsmayıl Serageldinin Bakıya səfəri zamanı gənclərlə görüşündə Şərqdə kitabxanaların tarixi haqqında məlumatsız görünməmək ücün araşdırmışdım. Qərb alimlərinin xüsusi önəm verdiyi şərq sərkərdələrindən, dövlət xadimlərindən biri olan Əmir Teymur nədənsə bizə həmişə yalnız istilaçı kimi təqdim olunub. Onun elmə, maarifə verdiyi qiymət epizodik qeyd edilib. Qərbdə isə əksinə, hər hansı dövət başçısının fəaliyyətindən bəhs edərkən, ilk növbədə onun messenatçılığından, incəsənətə, elm adamlarına verdiyi dəyərindən və sonda epizodik olaraq apardığı istilaçı siyasətdən bəhs edirlər. Görünür, Şərq ölkələrinin hökmdarları haqqında yazılan əsərlərdə salnaməçilərin əsas diqqəti müharibələrə, istilalara yönəldiyindən, şərq hökmdarlarının tarixdə despot obrazı formalaşıb. Halbuki, Şərq hökmdarları elmə, təhsilə, mədəniyyətə xüsusi diqqət verən insanlar olub. Ancaq biz böyük mütəfəkkir deməkdənsə, böyük fateh deməyi üstün tuturuq. Belə şəxsiyyətlərdən biri Şərqin orta əsrlər dönəmində böyük rolu olmuş Əmir Teymurdur.
Əmir Teymurun elmə, mədəniyyətə, alimlərə verdiyi qiymət təkzibolunmazdır.  Onun nəvəsi Uluqbəyin elm tarixində rolu isə zənnimcə,  Şərqdən daha çox Qərbdə tədqiq olunub. Bəs görəsən,  babasının yaratdığı ənənələri qoruyub- saxlamaqla kifayətlənməyərək,  onu daha da inkişaf etdirən böyük alim, astronom dövlət xadimi Uluqbəyin yaratdığı kitabxananın Marağa rəsədxanasının ənənələrini davam etdirən Səmərqənd rəsədxananın taleyi haqda nə qədər məlumatlıyıq? Eyni zamanda,  görəsən, avropalı alimlər olmasaydı,  bu, böyük alimin elmi irsini qoruyub- saxlaya bilərdikmi?  Şərqə aid hansı qiymətli tarixi sənədi axtarırsansa, sorağı Avropanın kitabxanalarından, tarixi fondlarından, muzeylərindən gəlir. Məni kimsə Avropasentrizmdə günahlandırmasın. Başa düşməyə çalışıram- Dədə Qorqud dastanının nadir nüsxələri niyə Drezdendə, Vatikanda və daha haralardadır. Bütün bu itkiləri istilaçı müharibələrlə izah etməyin də əleyhinəyəm.
 Bununla belə axı,  nəyə görə, ərəb və türk dünyasında yaranmış kitabxanaların taleyi belə acınacaqlı olub?
 Şərq hökmdarlarının varisləri hökmdarlığa sanki özündən əvvəlkilərin adlarının tarixdən silinməsindən, kitabxanaların dağıdılmasından, tarixi əlyazmalarının məhv edilməsindən başlamağı vacib sayıblar. Buna bənzər taleyi Şeyx Səfi məqbərəsinə məxsus kitabxana da yaşayıb. 1828-ci ildə Ərdəbilə daxil olan rus qoşunları bu zəngin kitabxananı qarət edərək əvvəlcə Tiflisə ,oradan da Sankt-Peterburqa aparıb. Bəzi məlumatlara görə, bu kitabların siyahısının tərtib olunması Abbasqulu ağa Bakıxanova tapşırılmışdı. Öz xalqına məxsus sərvətin qürbətə göndərilməsində iştirak etmək, inanıram ki, onun üçün böyük faciə idi. Bəlkə də bu dərd Abbasqulu ağanı Həcc ziyarətinə yönəltdi və son mənzili Ərəbistan torpaqları oldu...
 Bəlkə itirdiklərimizin toplamağın zamanı çatıb. Bu günlərdə oxuduğum məlumata əsasən Vatikanın məxvi arxivlərində saxlanılan kitabxanasında Azərbaycana aid sənədlərin surətləri ölkəmizə verilib. Bu, dövlətimizin bu məsələyə verdiyi önəmdən, tarixi irsə sahiblik hissinin artmasından, Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi layihələrin uğurundan xəbər verir. Yəqin tarix boyu itirdiyimiz sərvətlərin dəyərini anlasaydıq,  Milli kitabxanamız dünyanın ən məhşur kitabxanaları ilə bir cərgədə durardı...
Fəridə ƏLİYEVA
İngiltərədə təhsil alan
azərbaycanlı tələbə



Bu yazı ( 938 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar