12px14px16px18px

Biz Azərbaycandanıq!

Fəridə ƏLİYEVA
01:21 / 26.11.2011
Sevimli Bakımız və ya Zivərbəy Əhmədbəyovun nailiyyətləri

Mən Bakı şəhərində doğulmuşam. Şəhərin mərkəzində, metronun Nizami stansiyası ilə üzbəüz 70-80- ci illərdə öz memarlıq üslubu ilə ətrafdakı binalardan seçilən bir binada yaşamışam. Eyvanımız metronun giriş qapıları tərəfə baxdığından ətrafdakı binalarda yaşayan insanları da tanıyırdım. Ötən əsrin əvvəllərində tikilmiş ikimərtəbəli binaların sakinləri sanki böyük bir ailənin üzvləri idi. İçərisində maraqli memarlıq üslubu ilə seçilən, fərqli görünüşə malik olan bina isə haradasa Qərb memarlığını xatırlatdığından diqqəti daha çox cəlb edirdi. Bəlkə də elə buna görə bu binaya baxmağı cox sevirdim.
Yaşadığım binanın beşinci mərtəbəsindən bu evlər daha kicik görsənirdi və bəzən mənə elə gəlirdi ki, bu ev metrostansiyanın yaxınlığında olan göydələnə sonsuz həsrət, həsədlə baxaraq günün birində söküləcəyi və keçmiş xatirələri özü ilə bərabər əbədiyyətə aparacağı günü gözləyirdi.Ən maraqlısı odur ki, bunu insanlar da gözləyirdi. İnsanlara elə gəlirdi ki, göydələnlərdə yaşamaq onları daha xoşbəxt edəcək...
Bu gün alimlər gələcəkdə yeni xətli şəhərlərin yaranacağı haqqında öncəgörmələr söyləyirlər. Tarixən şəhərlər ‘’bütün yollar məbədə aparır’’ prinsipi ilə salınırdı. Yollar məbədin, kilsənin yerləşdiyi meydana cəm olurdu. İnsanlar bu meydanda görüşür, tarixi hadisələr burada baş verirdi. Həm Şərqdə, həm də Qərbdə dünyanın bir çox şəhərlərində mərkəzi meydanlar çox tarixi hadisələrə şahidlik etmişdi. Məkəzi meydanlar insanları yaxınlaşdıran, doğmalaşdıran yerlərə cevrilirdi. Gələcəyin şəhərlərini planlaşdıran alimlər artıq belə meydanlara ehtiyac olmayacağını proqnozlaşdırırlar, çünki elektron kottedj rolunu oynayacaq göydələnlərin meydana nə ehtiyacı?! Belə böyük evlərdə yaşayacaq insanların bütün ehtiyacları orada ödəniləcək:mağazalar, uşaq bağçaları, əyləncə yerləri və daha nələr- nələr... Nə nəqliyyat problemi olacaq, nə də dərsə gecikmək qorxusu. Bank hesabları, alış-veriş hesabları evdən ödəniləcək. Hər kəndi bir göydələnə yerləşdirsək, kənd ifadəsinin taleyi nə olacaq? Bu binalarda yaşayacaq insanlar nə tərz insanlar olacaq? Qonşuların biri-birini tanımadığı bu evlərdə yaşayacaq insanların biri-birinin sevincinə, kədərinə şərik olacağına inanmaq cətindir...
Ürəkaçan haldır ki, bu gün cox insan torpağa daha yaxın olmaq üçün həyət evləri adlanan mülk evlərinə ustunlük verir. Ancaq o vaxtlar mən bu barədə heç düşünmürdüm. Mən nəinki bu çox da boyuk olmayan qonşu binanın, hec memarlıq baxımından daha möhtəşəm olan binaların da kimlər tərəfindən tikildiyinin və ya tikdirildiyinin, gələcək taleyinin necə olacağının fərqinə varmırdım. Çox uzaq kecmişi ciddi-cəhdlə bizə öyrədən müəllimlərimiz belə yaşadığımız şəhər haqqında geniş məlumat vermirdilər. Hec dərsliklərdə də bu barədə ətraflı məlumat tapmaq mumkun deyildi. İnsan yaxşı tanıdığını ya sevir, ya da nifrət edir.
Tanımadığın bir şey laqeydlik doğurur...
Ancaq xoşbəxtlikdən ailəm,yaxınlarım vətənin hər daşına qiymət verən, keçmiş irsə böyük hörmətlə yanaşan insanlardı. Onların söhbətlərinin birində qonşuluğumuzdakı evin tarixinə dair fikirlər eşitdim. İlk dəfə bu evin memarı Zivərbəy Əhmədbəyov haqqında elə o zaman eşitmişdim. Təəssuf ki, onda bu insan haqqında məlumatı artırmaq hissim məni öz ardınca apara bilmədi.2011-ci ilin iyul ayında Bakıya yay tətilinə gəlmişdim. Nizami stansiyasının yanından keçərkən qarşıdakı meydanı tanımadım. Ailəm daha şəhərin bu hissəsində yaşamadığından buraya yolum az-az düşürdü. Az vaxt ərzində ətrafda çox şey dəyişmişdi. Meydan və ətrafdakı binalar yeni görkəm almışdı. Meydanın mərkəzində isə məşhur azərbaycanlı memar Zivərbəy Əhmədbəyova heykəl qoyulmuşdu. Yaxınlaşıb heykələ diqqətlə nəzər yetirməyə başladım. Mən və mənim yaşıdlarım bu böyük memar haqqında nə bilirik? Onun Azərbaycan memarlıq tarixində yeri və rolu nədən ibarətdir? Təkcə ötən əsrin əvvəllərində, ortalarında, sonlarında deyil, hec bu gün də şəhəri gözəlləşdirən insanları tanımırıq. Zənnimcə, belə olmamalıdır...
Hər kəs etiraf edər ki, xarici səfərlərdə olarkən öz şəhərlərinin tarixindən qürurla danışan bələdçilər hər bir tarixi abidədən bəhs edərkən ilk növbədə onun memarından, mühəndisindən söhbət açırlar. Parisdə Luvr sarayının P.Lesko və J.Qujon, Londonda Bukenqem sarayının C.Naş, Vaşinqtonda Kapitoliya sarayının V.Tornton, Sankt-Peterburqda Ermitajın Rastrelli tərəfindən tikildiyini çoxumuz yaxşı bilirik. Bəs, Azərbaycanın böyük memarları haqqında məlumatımız kifayət qədərdimi? Zivərbəy Əhmədbəyov öz dövrünün görkəmli ziyalılarından biri idi. 1873-ci ildə Şamaxıda doğulan Zivərbəy ilk ali təhsilli Azərbaycan memarı olub. 1902-ci ildə Peterburqda İnşaat Mühəndisləri İnstitutunu bitirib. Azərbaycan Xalq Cümhuriyyəti(AXC) dövründə Bakı şəhərinin baş memarı olub. Şamaxıda Cümə məscidi, Bakıda Təzə Pir məscidi, Əmircanda Murtuza Muxtarovun tikdirdiyi məscidin, Bakıda necə-necə yaşayış evinin memarı olub. Bu görkəmli insanın bu gün də hər birimiz üçün cox vacib olan bir məsələ- islam mədəniyyət abidələrinin qorunması sahəsindəki fəaliyyəti xüsusi öyrənilməlidir. Xarici dövlətlərdə vətəndaşların öz ölkələrində mədəniyyət abidələrinə münasibətindən ağızdolusu danışırıq. Vyana şəhərinin mərkəzində tarixi minillərə gedən bir qurumuş ağacı şüşə örtuk altında saxlayırlar. Ötən il Şəkidə olarkən Şəki xanının qış sarayının acınacaqlı vəziyyəti və bəzi insanların sarayın daşlarını söküb aparması yadımdan çıxmır...
Təqribən 100 il bundan öncə Zivərbəy Əhmədbəyov mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan yeni Şirvan cəmiyyəti yaratmışdı. Bu böyuk insanın, görkəmli ziyalının, istedadlı memarın xidmətlərinin tarixi etirafı isə 2011-ci il may ayının 26-da baş verdi. Dövlət başçısı İlham Əliyevin Zivərbəy Əhmədbəyovun heykəlinin acılışında iştirakı bu böyük insana verilən böyük qiymət və hər birimizə bir xatırlatma idi. Meydanın mərkəzində ucalan heykəlin müəllifi azərbaycanlı heykəltəraş Natiq Əliyev idi. Paytaxtımızı bəzəyən bu sənət əsəri bir sənətkarın digərinə olan məhəbbətindən, hörmətindən yaranmışdı. Bir anlıq nəzərim heykəlin sağ tərəfində Zivərbəy Əhmədbəyovun xatirəsi olan tarixi binaya cevrilir.
Deyəsən, daha söküləcəyindən qorxu hissi yaşamayan ,yəni, tarixi abidələr siyahısında layiqli yerini alan bu bina ətrafında ucalan binalara indi bir az da təkəbbürlə baxır...

Fəridə ƏLİYEVA,
İngiltərədə təhsil alan azərbaycanlı tələbə





Bu yazı ( 733 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar