12px14px16px18px

Yol

Hafiz Təmirov
14:29 / 20.03.2012
 
Hər gün yol qəzaları haqqında eşidəndə və ya televiziya ekranlarında əzilmiş maşınları, cansız bədənləri görəndə əhvalımız korlanır, özümüzə yer tapa bilmirik. Sürət həddini keçmə, içkili vəziyyətdə nəqliyyatı idarə etmə və ötmə qaydalarını düzgün yerinə yetirməmək nəticəsində onlarla insan həyatla vidalaşır və şikəst olur. Statistikaya müraciət etsək görərik ki, qəzaların əksəriyyəti sürücülərin səhvi ucbatından baş verir. Lakin elə qəzalar var ki, onlara piyadalar səbəb olur...
Son zamanlar qəzaların, xüsusən də gənc sürücülər tərəfindən törədilməsi yol patrul xidmətinin əməkdaşlarını hərəkətə gətirib və demək olar ki, respublikamızın hər yerində reydlər keçirilib, nəqliyyat vasitələrini sənədsiz idarə edənlər, onu texniki baxışdan keçirməyənlər cərimələnib, hətta sürücülük hüququndan belə məhrum ediliblər. Bütün bunları nəzərə alaraq, paqondaşlarımız təbliğat və təşviqat işlərini də gücləndirirlər...
“Diqqət: uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi barədə DİN-in müvafiq göstərişindən sonra Abşeron Rayon Polis Şöbəsi DYPB-nin əməkdaşları da tədbirlər planı hazırlayıb və onun icrasına başlayıblar. Şəxsi heyətin xidmət apardığı ərazidə uşaq və yeniyetmələrin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisələri təhlil edilib, onların başvermə səbəbləri araşdırılıb, qəsəbə və kəndlərdə fəaliyyət göstərən təhsil müəssisələrinin yaxınlığından keçən hərəkət marşrutlarında yol şəraiti müayinə olunub, yol nişanlarının qoyulmasına, yarasızların yeniləri ilə əvəz edilməsinə, işıqforların texnki sazlığının yoxlanılmasına, nişanlama xətlərinin yenidən çəkilməsinə nəzarət gücləndirilib.
Əhalinin ən çox toplaşdığı yerlərdə, təhsil müəssisələrinin yaxınlığında yol hərəkəti qaydaları ilə bağlı plakatlar asılıb,  təhsil şöbəsi, məktəb və məktəbəqədər müəssisələrin əməkdaşlarının iştirakı ilə hərəkətin təhlükəsizliyinə dair profilaktiki və tərbiyəvi təbliğat həyata keçirilib, uşaqlarla bağlı yol nəqliyyat hadisələrinin profilaktikası işinə təhsil işçiləri, valideynlər və ictimai qurumların nümayəndələri cəlb edilib.
Yol Patrul xidməti əməkdaşlarının xüsusən təhsil və məktəbəqədər müəssisələrinin yerləşdiyi əraziyə yaxın yerdə xidməti təşkil etməsi, müvafiq nizamlama işlərinin aparılması və hərəkət iştirakçılarına nəzarətin gücləndirilməsi bir daha onu deməyə əsas verir ki, paqondaşlarımız baş verən yol qəzaları zamanı insan itkisinin qarşısı almaqda israrlıdırlar. Və onların ən böyük arzusu ölümlərə yol açan qəzaların baş verməməsidir.
Aparılmış təbliğat işlərinin məqsədi rayon əhalisinin yol hərəkəti sahəsində biliklərinin əldə edilməsi, təhlükəsizliyin təmini, hərəkət iştirakçılarının davranışının yüksəldilməsidir,- deyən DYPB-nin Təbliğat və Təşviqat üzrə inspektoru, polis leytenantı Vüqar Qasımov onu da bildirdi ki, baş vermiş hadisələr barədə məlumatların çatdırılması, aparılan tərbiyəvi və metodiki-profilaktiki tədbirlər öz müsbət təsirini göstərib, belə ki, 2012-ci ilin 2 ayı ərzində qəzaların azalması keçən ilin müvafiq dövrü ilə müqayisədə qənaətbəxşdir.
Təbliğat işlərinin aparılması zamanı mövcud qanunvericiliyin və normativ-hüquqi tələblərin icrasının zəruriliyi ilə əlaqədar lazımı vərdişlərin formalaşdırılması və inkişaf etdirilməsi bir məqsəd kimi qarşıya qoyulub. Rayonda yol-nəqliyyat hadisələrinin, yol hərəkəti sahəsində qanun pozuntularının qarşısının alınması üçün həyata keçirilən kompleks təbliğat tədbirləri hazırlanıb, televiziyalarda reportajlar verilib.
Yol hərəkəti qaydalarının öyrədilməsi üçün məktəblərdə “açıq dərs”metodu ilə dərslərin keçirilməsində yaxından iştirak edən paqondaşlarımız bilik və bacarıqlarını əsirgəmir, şagirdləri maraqlandıran suallar onlar tərəfindən dəqiq cavablandırılır.
Bakı şəhərində kameralar vasitəsilə çəkilmiş fotogörüntülər barədə daxil olmuş materiallar əsasında 55 inzibati xəta haqqında protokol tərtib olunub və görülmüş işlərin nəticəsi barədə Bakı Şəhər BPİ DYPİ-nə məlumat göndərilib.    Küçə və yollarda qayda pozuntuları üzrə sənədləşdirmə əsasında plastik kartla cərimələrin ödənilməsi işi üzrə sürücülər arasında profilaktiki söhbətlər aparıldığını və bu sahədə izahat işlərinin davam etdirildiyini diqqətimizə çatdıran Vüqar Qasımov onu da vurğuladı ki, mart ayında yol hərəkəti qəzası törədərək hadisə yerindən qaçan şəxsin tapılması istiqamətində Abşeron Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov və DYPB-nin rəisi, polis mayoru Tofiq Quliyevin göstərişi ilə əməliyyat-axtarış işini gücləndirən bölmə əməkdaşları onu qısa müddətdə yaxalayaraq istintaqa təhvil veriblər.
Hafiz Təmirov
polis baş leytenantı
 
 
 



Bu yazı ( 496 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar