12px14px16px18px

İşıq

Hafiz HACXALIL
00:36 / 01.03.2012
Başında yaşıl rəngli fəs həmişə ya İçərişəhər, ya da “28 May” metrostansiyasının yaxınlığında görürdüm onu. Metroda təhlükəsizliyi və ictimai asayişi qoruyan polis əməkdaşlarının yanında durub kimisə gözləyirmiş kimi gözlərini eskalatora dikməsi nəzərimdən qaçmazdı. 14-15 yaşı olardı.
Bir dəfə İçərişəhər metrosundan çıxanda “Əmi” deyib,- mənə əlini yellədi. Sözün düzü, bir anlıq çaşdım və yan-yörəmə baxdım. Bəlkə məni kiməsə oxşadıb ,- deyib uzaqlaşdım və geriyə boylananda gördüm ki, o, hələ də arxamca baxır. Yanağının batıq yeri gülüşünü gizlədə bilməmişdi...
Bütün günü işdə onu düşündüm. Başımda müxtəlif fikirlər dolaşmağa başladı. Görəsən, atası-anası varmı, dərsə gedirmi, harda məskunlaşıb, ailədə neçə uşaqdırlar?
İşdən çıxıb Bakı Şəhər İcra Hakimiyyətinin qarşısı ilə İçərişəhər metrosuna tərəf gəlirdim və birdən binanın qülləsindəki iri saatın 8-i vurması arxadan məni çağıran uşağın “Əmi” sözü üst-üstə düşdü. Dayandım. Yaxına gəlib “kömür” əlini irəli uzatdı:
– Əmi, adım Elbəyidir. Bəs sizin?
– Adımı neyləyirsən, mənə elə əmi de, kifayətdir.
– Siz yəqin ki, metroda işləyən polislərdən böyüksünüz, eləmi, – deyəndə gülümsədim.
– Sizin 3 dənə ulduzunuz var.
– Mən baş leytenantam, Elbəyi,- dedim.
Onun səmimiliyi və xoşqılıq olması məni metroya düşmək fikrindən yayındırdı. Metronun qarşısındakı qoşa palmaların altında şirin bir söhbətin körpüsü salınmışdı artıq.
– Bilirəm deyəcəksiniz ki, niyə dərsə getmirəm, niyə yazıb-oxumağı öyrənmirəm.
– Sən məni qabaqladın, elə mən bunları sənə deyəcəkdim.
– Əmi, çoxları məni qaraçı balası bilir, amma bir az böyük çıxsa da deyəcəm: “Ağ gün adamı ağardar, qara gün də qaraldar”. Bu, mənim sözüm deyil, atamın sözüdür. Bir də ki, qaraçı balası olmaq ayıbdır məgər? Həm də mənim yaddaşım çox zəifdir. Heç nə yadımda qalmır...
Bu artıq Elbəyinin yalanı idi və sözsüz ki, ona inanmadım. Bunu ona deyəndə rəngi bir az da qaraldı.
– Deyəsən, namaz da qılırsan?
– Hə, qılıram. Bu hər birimizin borcudur. Çünki bizi O yaratdı ki, onun buyurduqlarına sözsüz əməl edək. Ən əsası Onu tanıyaq!
– Sən Allahı tanıyırsan?
– Hə. Bütün yaradılmışlar Allahı tanımağı öyrətmir bizə?
Düzü orta məktəb üzü görməyən bir uşağın sualıma sualla cavab verəcəyini heç gözləmirdim. Heyrət içində haqlısan,- dedim Elbəyi, haqlısan...
Qatar şütüdükcə sanki onun “Bütün yaradılmışlar Allahı tanımağı öyrətmir bizə” fikri sübh tezdən gecənin sonuncu qara əsgərini öldürən günəş rəngli bir atlı kimi beynimdən bir ildırım sürəti ilə ötüb keçdi...
Bir müddət onu görmədim. Metroya girənlərin, metrodan çıxanların içində yanağının batıq yerində donub qalan gülüşünü axtardım özü boyda dünya olan Elbəyinin. Metroda paqondaşlarımdan soruşdum onu. Polis serjantı Zəka adını eşidəndə gülümsədi və birdən üzünə kədər qondu:
– Rəis, Elbəyi bu yaxınlıqda olur. Dörd uşaqdırlar. Atası tikintidə işləyən zaman ehtiyatsızlıqdan binanın altıncı mərtəbəsindən yıxılıb və beli sınıb. Anası həm küçə süpürür, həm bazarda göy-göyərti satır. O, evin böyük uşağıdır. Çoxdan tanıyırıq, demək olar ki, metroda böyüyüb. İlk günlər yanımıza gələndə tənbeh edib deyirdik ki, dərs oxu, sənət yiyəsi ol, ancaq gördük ki, həvəsi yoxdu. Ona sevinirik ki, gününün çox hissəsini bizim yanımızda keçirir və kimsəyə qoşulmur. Pis uşaq deyil, çox inanclıdır...
– Zəka, bu mənim nömrəmdir, bir də o yanınıza gəlsə, xahiş edirəm onu Elbəyiyə verin, ya da özünüz mənə zəng vurun, çox vacibdir.
– Rəis, xeyirdimi, bir şey olmayıb ki?
– Yox, yox, heç nə olmayıb, narahat olmayın.
Adətim üzrə işdən çıxıb üzüyuxarı İçərişəhər metrosuna tərəf qalxırdım və birdən fikrimə nə gəldisə, yolu keçib MUM-un qabağı ilə Fəvvarələr meydanına doğru addımlamağa başladım. Birinci fəvvarənin qarşısında dörd uşaq dayanmışdı. Elbəyi kimi qara, balacaboy idilər. Onlara yaxınlaşanda qaçmaq istədilər. Uşaqlar, qorxmayın, – dedim. Elbəyi adlı oğlanı tanıyırsınız? Dördü də çiyinlərini çəkdi.
Yaxınlıqdakı skamyaların birinə oturdum. Sanki bir səs mənə: “Əşi, nə çoxdur onun kimi küçə uşaqları, onların dərdi sənəmi qalıb,- deyirdi. İndi Allah bilir harada ya təkər qaraldır, ya bazarda kiminsə yükünü daşıyır, ya da “kley” iyləyir. Ayağa qalxmaq istəyəndə telefonuma zəng gəldi.
– Rəis, Zəkadır. Elbəyi yanımızdadır. O da sizi görmək istəyir.
Ən əziz adamını tapmış biri kimi sevindim.Əlimi cibimə atdım...
Bayaqki uşaqlar hələ də birinci fəvvarənin yanında biri-biri ilə zarafatlaşırdılar. Onlara yaxınlaşıb içlərində təxminən Elbəyi boyda olana ondan mənimlə yaxınlıqdakı mağazaya getməsini xahiş etdim. Bir az tərəddüd etdi və sonra hamısı mənimlə birlikdə üstünə “ 70 faiz “SALE”, yəni endirim yazılmış mağazaya gəldilər. Elbəyiyə bənzəyən oğlanın əyninin üstə bir gödəkçə alıb mağazadan çıxdım. Uşaqlara da əmipayı verdim...
Yenə yanağının batıq yerində donub qalan gülüşündən tanıdım onu. Məni görəndə üstümə atıldı.
– Qaraca, haralardasan?
– Rəis, başım qarışıq idi.
– Mənə rəis demə, əmi de.
– Yaxşı, siz deyən olsun. Əmi, məktəb direktorunun yanına getdim və yenidən məktəbə gəlməyimə kömək etməsini istədim. O da sağ olsun, naümid qaytarmadı. İndi peşə məktəbində oxuyuram.
Nə yaxşı ki, sizlər varsınız, – deyib boynumu qucaqladı.
– Elbəyi, bir bunu geyin əyninə.
– Əziyyət çəkmisiniz...
– Lap üstündədir ki. Sağlıqla geyinəsən.
İkimiz də üzü dənizə tərəf addımlayırdıq. Və birdən sükutu Elbəyi pozdu.
– Əmi, atamın sizə salamı var.
– Sağ olsun, var olsun.
– Mən bu yaxşlıqların altından necə çıxacam bilmirəm.
– Elbəyi, sən bu xalqın, bu millətin gələcəyisən. Sən savadlı, əməksevər, güclü olmalısan ki, valideynlərini sevindirəsən, onlara çəkdikləri bütün acıları unutdurasan. Nə zaman köməyə ehtiyacın olsa, biz sənin yanındayıq,- deyib əllərini sıxdım və avtobusa çatmaq üçün yolun o biri üzünə keçdim. Geri boylananda o, gözlərini silirdi...
Hafiz HACXALIL





Bu yazı ( 202 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar