12px14px16px18px

Şükür eləməyi öyrənmək

Azər QARAÇƏNLİ
03:32 / 04.02.2012
Şükür eləməyi öyrənmək lazımdı.
Yaxşılıq elədiyin adamlardan sağ ol gözləmək lazım deyil, sənə yaxşılıq eləyən adamlarasa sağ ol demək lazımdı. Dildə demək vacib deyil, ürəkdə demək vacibdi.
Yaxşılıq elədiyin adamlardan minnətdarlıq görməyəndə də sənə yaxşılıq eləyən adamlara minnətdar olmaq lazımdı.
Naşükür olmaq olmaz. Naşükür olmaq asandı. Şükür eləməyi bacarmaq lazımdı.
Şükür eləməyi bacarmayanda yaşamaq ağırlaşır, həyat adama zəhər olur, adam əsəbi olur. Şükranlıq insanı sakitləşdirir. Şükranlıq həyatı daha geniş, daha aydın görməyə imkan yaradır.
Şükür eləyəndə sadə olanı, göz qabağında olanı, əlində olanı, içində olduğunu görürsən. Naşükür olanda məhz bunları – sadə olanı, gözünün qabağında olanı, içində olduğunu görə bilmirsən. Şükür eləyəndə adam qazancını, itirmədiyini görür, naşükür olanda adam qazancından, itirmədiklərindən xəbərsiz olur.
Şükür eləmək – qazandığını itirmədiyin vaxtda görə bilmək deməkdi.
Bütün dinlər insanı şükranlığa öyrətməyə çalışır.
Şükür eləməsən – həyatı ürək dolusu yaşaya bilməzsən, dinclik tapa bilməzsən.
Minnətdarlıq gözləmək lazım deyil, amma minnətdar olmağı bacarmaq lazımdı.
Hər kəs bunu özünə tərbiyə eləməlidi: yaxşılıqları görmək, ürəyində ona sağ ol demək, şit çıxmayanda bunu dildə də demək.
Hər kəs bunu özünə tərbiyə eləməlidi: yaxşı olanı görmək, ürəyində ona sevinmək.
Ürəkdən şükür eləməyi bacaran adam xoşbəxtdi.
Ən böyük tərif Tanrıya düşür.
İlahi, şükür! İlahi, şükür! İlahi, şükür!
Şükranlıq insanda mənəvi vəziyyət yaradır. Şükür eləməməkdə belə bir vəziyyəti yaratmaq gücü yoxdu. Naşükürlükdənsə heç danışmağına dəyməz. Naşükürlük gözgörəsi bədbəxtlikdi.
Əlbəttə, şükranlığın da həddi var. İnsan şükür eləyəndə ifrata varmamalıdı. Şükranlıq insanda narazılıq bildirmək, etiraz eləmək qabiliyyətini öldürməməlidi. Sadəcə olaraq insan narazılıq eləyəndə, etiraz bildirəndə bunu naşükürlük həddinə gətirib çıxarmamalıdı.
 
Azər QARAÇƏNLİ
 
 
 



Bu yazı ( 192 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar