12px14px16px18px

Naməlum qəhrəmana abidə qoymaq

Azər QARAÇƏNLİ
01:47 / 11.05.2012  
İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz minlərlə həmvətənimiz yurdundan-yuvasından qovulub, minlərlə oğul-qızımız şəhid olub, yaralanıb, itkin düşüb, əsir götürülüb. On səkkiz ildi atəşkəs müqaviləsi bağlanıb, danışıqlar gedir, amma torpağı işğaldan azad eləmək mümkün olmayıb, ölüm-itim də dayanmayıb, cəbhə xəttində tez-tez atışma düşür, ölən, yaralanan, əsir götürülən olur. Bu illərdə, istər döyüşün qızğın çağında, istərsə də atəşkəs dövründə fədakarlıq eləyən neçə-neçə oğul-qızımız mükafata layiq görülüb, bəzisi sağlığında, bəzisi ölümündən sonra orden-medalla, fəxri adla təltif olunub, bəzisinə Milli Qəhrəman adı verilib, neçə-neçə şəhidimizə abidə ucaldılıb, küçələrə, məktəblərə şəhidlərimizin adı qoyulub. Bu proses gələcəkdə də davam eləyəcək. Müharibə elədi ki, orda fədakarlıq eləyən adamın qəhrəmanlığı illər sonra da üzə çıxa bilər. Başqa müharibələrdə də belə olub. İndi içində olduğumuz Ermənistan-Azərbaycan müharibəsində də elə adamlar var onların qəhrəmanlığı xeyli sonra bilinib, ictimai, rəsmi səviyyədə təsdiqini sonradan tapıb. Müharibə başa çatana, torpağımız işğaldan azad olunana qədər hələ çox belə fədakarlıq olacaq, keçmişdən çox heyrətamiz fakt üzə çıxacaq, gələcəkdə çox heyrətamiz hadisə baş verəcək. İnsanın fədakarlığı tarixdə yazılandan qat-qat çoxdu. Tarixçilərin burda bir günahı yoxdu, məsələ ondadı ki, insanın bütün fədakarlığından xəbər tutmaq mümkün deyil. İnsanın fədakarlığından nəinki başqaları xəbər tutmaya bilər, hətta adamın özü öz fədakarlığından xəbərsiz ola bilər, çünki başqalarının fədakarlıq saydığı, yaxud saya biləcəyi işə o işi görən adamın özü çox adi baxa bilər. İkincisi də, insanda özünü göstərməmək, özünü bildirməmək xüsusiyyəti də var, yəni insan bilə-bilə öz fədakarlığını gizlədə bilər. Şahid olmadığına, fədakarlıq eləyən adam şəhid olduğuna, itkin düşdüyünə, yaxud aldığı zədədən yaddaşı korşaldığına görə də kiminsə müharibədəki qəhrəmanlığı tarix boyu naməlum qala bilər. Bəzən müharibədəki qəhrəmanlıq elmi kəşf kimi bir adamın adına yazılsa da, əslində orda çox adamın rolu olur. İllər uzunu alimlərin həll eləməyə çalışdığı məsələni axırda bir alim həll eləyir. Sözsüz ki, onun bu uğurunda ona qədərki alimlərin rolu var, onlar öz axtarışlarıyla bu kəşfi yetişdirmişdilər, məsələni həll olunmağa yaxınlaşdırmışdılar. Ancaq kəşf tarixə bu prosesi yekunlaşdırmış alimin adıyla yazılır. Müharibədə də belə ola bilər. Döyüşün uğurla başa çatmasında əməyi olan adamın sayı döyüşü uğurla başa çatdırdığına görə mükafatlandırılan adamın sayından çox ola bilər. Başqa müharibələrdə olduğu kimi, Ermənistan-Azərbaycan müharibəsində də elə adamlar var qəhrəmanlığı təkbaşına eləyib, heç kəs də bundan xəbər tutmayıb. Elə adamlar var qəhrəmanlığı mühasirədə, əsirlikdə eləyib, düşməni heyrətə salıb, amma bizim bundan xəbərimiz olmayıb. Ola bilsin, nə vaxtsa xalqımız, dövlətimiz bu qəhrəmanlıqdan xəbər tutacaq, ola da bilsin, heç vaxt xəbər tuta bilməyəcək. Elə qəhrəmanlıq var ki, onun olduğu bəllidi, amma onu kimin, kimlərin həyata keçirdiyi bəlli deyil. Fədakarlıq var, amma bilinmir bu fədakarlığı kim eləyib. Bir sözlə, çox səbəb var ki, onlara görə biz xalqımızın bir çox övladının fədakarlığından xəbərsizik. Həm də bunu təbii hal kimi qəbul eləmək lazımdı. Həyatın qanunu belədi, insanın bütün fədakarlığından xəbər tutmaq mümkün deyil. Tarixə bəlli olmayan fədakarlığın sayı tarixə düşən fədakarlığın sayından çoxdu. Bu, qanunauyğunluqdu, həmişə belə olub, həmişə də belə olacaq. Buna görə kimisə qınamaq olmaz, sadəcə olaraq bunu bilmək lazımdı. Bilmək lazımdı ki, fədakarlıq təkcə məlum proses deyil, həm də naməlum prosesdi. Bilmək lazımdı ki, məlum qəhrəmanlar olduğu kimi, naməlum qəhrəmanlar da var. Yəni bu o deməkdi ki, bizim müharibədəki qəhrəmanlıqların miqyası bizim özümüzə, düşmənə, dünyaya bəlli olandan daha çoxdu. Bizim qəhrəmanların sayı bizə, düşmənə, dünyaya bəlli olandan artıqdı. Biz bilməliyik ki, bütün qəhrəmanlarımızın adını bilmirik. Biz bundan utanmamalıyıq, dünyanın quruluşu, insanın taleyi, xalqımızın düşdüyü şərait, tarixin qanunu, müharibənin qaydası belədi – bütün qəhrəmanların adını bilmək mümkün deyil. Heç bir xalq bunu bilmir, biz də bilmirik. Bizim adını bildiyimiz qəhrəmanlar da var, adını bilmədiyimiz qəhrəmanlar da. Bizim məlum qəhrəmanlarımız da var, naməlum qəhrəmanlarımız da. Ona görə biz məlum qəhrəmanlarımızın xatirəsini əbədiləşdirdiyimiz kimi, naməlum qəhrəmanlarımızın da xatirəsini əbədiləşdirməliyik. Biz hələ ki, bu işi görməmişik. Mənə elə gəlir, Ermənistan-Azərbaycan müharibəsində göstərilən və bu müharibə başa çatana, torpağımız işğaldan azad olunana kimi göstəriləcək naməlum qəhrəmanlıqlara xalq, dövlət səviyyəsində ehtiram bildirməyin vaxtı çatıb. Biz naməlum qəhrəmanlarımıza abidə ucaltmalıyıq. “Naməlim qəhrəman” abidəsinin ölkəmizin paytaxtında olması vacibdi. Başqa şəhərlərdə, bəzi qəsəbələrdə, kəndlərdə də belə abidələr qoymaq olar. Qoy hər kəs bilsin ki, bizim ağrıya bilmədiyimiz ağrılar, əzizləyə bilmədiyimiz adlar var. Biz “Naməlum qəhrəman” abidəsiylə o ağrıları ifadə eləməliyik, o adları əzizləməliyik. “Naməlum qəhrəman” abidəsi – olan, ancaq məlum olmayan fədakarlığı simvolizə eləməlidi. Ən başlıcası hər kəs bu abidəni ürəyində ucaltmalıdı. Ən vacibi naməlum fədakarlıqların olduğunu bilmək, bunu duymaq və məlum qəhrəmanlarla yanaşı, naməlum qəhrəmanların da xatirəsini əziz tutmaqdı. Ən başlıcası belə bir abidənin olması da deyil, ən başlıcası belə bir əxlaqın olmasıdı. O abidə bu əxlaqdan doğmalıdı, sonra da istər-istəməz bu əxlaqı aşılamalıdı. Naməlum qəhrəmanın xatirəsi ürəkdən gəlməlidi, “Naməlum qəhrəman” abidəsi ürəkdən qopmalıdı, sonra da istər-istəməz ürəklərə toxunub daima bu xatirəni, bu əxlaqı yaşatmalıdı. Özümü naməlum qəhrəmanın abidəsi önündə təsəvvür eləyirəm. Kimə ağrıdığımı bilmirəm, amma nəyə ağrıdığımı bilirəm. Kiminlə fəxr elədiyimi bilmirəm, amma nəylə fəxr elədiyimi bilirəm. Kədər və qürur. Eynən məlum qəhrəmanın abidəsi önündəki kimi kədər və qürur duyuram. Formasında fərq olsa da, mahiyyətində heç bir fərq yoxdu. Bütün qəhrəmanların xatirəsi kədər üfüqündə, qürur zirvəsindədi.
Azər QARAÇƏNLİ




Bu yazı ( 148 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar