12px14px16px18px

Çində möhtəşəm 10 gün

Hüseynbala MİRƏLƏMOV
11:21 / 27.01.2012
(Çin Xalq Respublikası barədə düşüncələr)

(Əvvəli ötən saylarımızda)

... Ötən əsrin əllinci illərində SSRİ-dən Çin Xalq Respublikasına ixrac edilən müxtəlif sənaye məhsullarının xeyli hissəsi Azərbaycanın payına düşürdü. Bakı cihazqayırma zavodu dərinlik nasosu ilə işləyən neft quyularının işini yoxlamaq və tədqiq etmək üçün dinamoqraflar, Bakı elektrik maşınqayırma zavodu 354 elektrik mühərriki, 100 –dən artıq elektrik stansiyası, ən iri maşınqayırma zavodu olan leytenant Şmidt adına müəssisə 1200 metrədək dərinliyində kəşfiyyat quyuları üçün təkmilləşdirilmiş URB-4 PM markalı səyyar qurğular və s. zəruri avadanlıqları kömək məqsədiylə Çinə göndərmişdir.
Bəli, məhz Bakıdan göndərilən neft avadanlıqlarından bu ölkənin neft sənayesində geniş istifadə olunurdu. Sonralar bu avadanlıqların bir çoxunu çinlilər öz ölkələrində yeni yaratdıqları zavodlarda istehsal eləməyə başladılar. Bu işdə də azərbaycanlı mütəxəssislər çinli dostlarından öz elmi-texniki yardımını əsirgəmədilər. Yadımdadır, o vaxt bizim respublika mətbuatında (“Kommunist” qəzetində) “Çin Bakısından gəlmiş qonaq” adlı bir məqalə dərc olunmuşdu. Məqalədə qeyd olunurdu ki, ÇXR-in neft sənayesi mərkəzi olan Yuymın şəhərinə “Çinin Bakısı” deyirlər. Bütün dünyada şöhrət qazanmış Bakı neftçiləri Yuymın mədənlərinə tez-tez qonaq gedir, öz təcrübələri ilə çinli mütəxəssislərə yardım edirdilər.
O zaman Azərbaycan elmi-tədqiqat neft maşınqayırma institutunda təcrübə keçən Çjou Çjen-şin adlı gəncin dediyinə görə “Çin Bakısı”nın neft ustaları və mühəndisləri iftixar hissiylə özlərini Bakı neftçilərinin şagirdləri və ardıcılları adlandırır və maraqlı bir əhvalat danışır.
Deyir: “Yuymın şəhərində elə mütəxəssislər var ki, onlar vaxtilə Amerikada təcrübə keçiblər. Həmin mütəxəssislər söyləyirlər ki, bizi orada laboratoriyalara buraxmırdılar, görkəmli alimlər hətta bizimlə danışmaq istəmirdilər, bizi yeni texnika ilə tanış etmirdilər. Onların bu hərəkəti təkcə öyünmək və “geridə qalmış” Çinin nümayəndələrinə alçaq nəzərlə baxmaq nəticəsində baş vermirdi, ona görə baş verirdi ki, neft inhisar birlikləri ölkəmizdə neft sənayesinin inkişafına hər vasitə ilə mane olmağa çalışırdılar”.
Bu gün mənim kafedra müdiri olduğum Azərbaycan Dövlət Neft Akademiyasında neçə-neçə çinli tələbə təhsil alır. Şübhə etmirəm ki, onların yaxın qohumları da, (hətta ata-babaları da) bu təhsil ocağında neftçilik peşəsinə yiyələnib. ADNA-nın 92 il yaşı tamam olur. Hazırda bizim akademiya dünyanın 100-ə yaxın ölkəsi üçün neft mütəxəssisləri yetişdirir.
İndi Xəzər sahilindən ucalan qocaman Bakı şəhərindən minlərlə kilometr aralı yerləşən Çin Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunda maraqlıdır.
Müasir mərhələdə Çin Xalq Respublikası böyük potensiala malik olaraq ən müasir texnologiyalar tətbiq edərək yüksək sürətlə tərəqqi edir. Bu gün Çin Milli Neft Korporasiyası, ümumilikdə Çin şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edirlər. Bu sahəyə böyük sərmayə qoyurlar. Çin şirkətlərinin neft layihələrində iştirakı ilə Azərbaycanda neft hasilatı artır. Belə ki, Çin Milli Neft Korporasiyasının vitse-prezidenti Çou Dzipinin başçılıq etdiyi nümayəndə heyətinin 2004-cü il iyul ayında Azərbaycana səfər etməsi bunu təsdiqləyən faktdır.
Çin Xalq Pespublikası Avropanı iqtisadi tənəzzüldən çıxarmaq üçün yardım təklif edir. Onu da qeyd edim ki, bu gün Çinin PetroChina kimi tanınmış neft şirkətlərinin qazandıqları dünyada ən məşhur və nadir neft şirkətləri ilə müqaysə oluna bilər...

SƏKKİZİNCİ GÜN

...Mən yuxarıda qələmə aldığım bu cür düşüncələri təkcə səfər proqramında nəzərdə tutulan rəsmi görüşlərdə deyil, həm də proqrama uyğun olaraq, noyabrın 15-də çərşənbə axşamı bir saata yaxın şəhərin ticarət mərkəzlərini, mağazalarını gəzib – dolaşanda və ertəsi gün Şueyt sənaye müəssisəsində, Tunxe fermasında, yeni, müasir kəndə və Tayuanın dəmir-polad emalı ilə məşğul olan zəhmət adamları ilə tanışlıq zamanı qəlbimdən keçirirdim.
...Qaldığımız mehmanxana Xuanxe çayının şərəfinə adlanır. Bu çay mənbəyi şəhəri üç tərəfdən əhatə etmiş dağlardan başlayır. Çərşənbə günü səhər yeməyini mehmanxananın restoranında – özünəxidmət zalında etdik. Menyuda undan hazırlanan qida məmulatları – əriştə, düşbərə, növbənöv kökələr, buğdadan bişirilmiş qoğal, vermişel, şirin peçenye, müxtəlif tərəvəz salatları, toyuq və ördək yumurtaları, yarma, soyadan hazırlanmış kəsmik, sıyıq, buxarda bişirilmiş düyü və s. var.
Yeməklərin demək olar ki, şit tam verir... Süd məhsulları gözə dəymir. Süd məhsullarına türk, monqol, tibetlilərə aid restoranlarda rast gəlmək olar. Menyuda çox çeşidlər olsa da hər kəs öz zövqünə uyğun təamlardan seçir. Zövq məsələsində bizə tanış ədva və xuruşların spesifik ətri, qoxusu da az rol oynamır.
Səhər yeməyindən sonra Şansi əyalətində səfər proqramında nəzərdə tutulan bir neçə sənaye və kənd təsərrüfatı müəssisəsində olduq.
Əyalətdə inkişaf etmiş metallurgiya kombinatları, kömür mədənləri, dəmir filizi yataqları, əhəng daşı və odadavamlı gil, kimya və ağır maşınqayırma sənayesi sahələrində on minlərlə adam çalışır.
İlk tanışlığa Şueyta sirkə müəssisəsindən başladıq. Yeni kəndə səfərimiz zamanı burada sənaye və digər müəssisələrin inkişafına, xüsusilə aqrar sektora xüsusi fikir verildiyinə, çin kəndinə qayğını, şəhərin kəndə dəstəyini xarakterizə edən faktlara şahid olduq.
Doğurdan da, çinlilərə zəhmetkeşlik, kollektivçilik, qənaətçillik ruhu xasdır.
ÇXR kənd təsərrüfatı məhsulu istehsalına görə dünyada böyük dövlətlərdən hesab edilir. Ölkə kənd təssərrüfatı məhsullarının ixracı üzrə dünyada 5-ci, idxalı üzrə isə 4-cü yerdədir. Ölkənin kənd təsərrüfatına ənənəvi olaraq taxılçılıq istiqaməti xasdır. Bu gün Çində adambaşına 370 kq –dan çox taxıl istehsal olunur. Bu, 1978-ci il səviyyəsindən 60 kq –dan artıqdır.
Ölkədə dotasiyalar əsasən taxılın, düyünün elit növlərinin və kənd təsərrüfatı texnikasının alınmasına verilir.
Əsas düyüçülük rayonları Xuanxe çayından aşağı yerləşir.
Tunxe fermasında düyu ilə yanaşı başqa kənd təsərrüfatı məhsulları yetişdirilir. Burada tovuz quşları, toyuq və başqa ev quşları bəslənilir. Fərdi təsərrüfatın sahibi bizi qəlyanaltıya dəvət etdi. Çində belə təsərrüfatlar yüz minlərcədir.
Akademik Ziyad Səmədzadə yuxarıda adı çəkilən kitabında Çin mütəxəssislərindən belər sitat gətirir ki, əgər biz SSRİ dağılandan sonra yeni yaranmış müstəqil dövlətlərdə olduğu kimi, dövləti iqtisadiyyatdan uzaqlaşdırsaydıq, vəziyyətimiz o ölkələrdəkindən də çox-çox ağır olardı. Məhz dövlətin köməyi ilə islahatlar prosesində on milyonlarla iş yeri yarandı... Özəlləşdirməyə münasibətdə də Den Syaopin və Çin höküməti çox düşünülmüş mövqe tutdu. Çinli professorun dedikləri: “Kənardan bizə “özəlləşdirmə – inkişafın həlledici amilidir” ideologiyasını qəbul etdirmək istəyirdilər. Biz buna razı olmadıq”. Özəlləşmədə radikallığa yol verməyəm Çin hökuməti şəhər-kənd probleminin həlli yollarında düşünülmüş və uğurlu iqtisadi siyasət yeridir.
Rusiyanın bu sahədə sınaqdan keçirdiyi təcrübə göz qabağındadır. Yüzlərcə müəssisəni müflisləşdirib sonra özəlləşdirmək taktikası islahatların əsl mahiyyətinə, sosial tələblərinə uyğun deyildir.
Nobel mükafatı laueratı Cozef Stiqlits Cinlə Rusiyanı müqayisə edərək qeyd etmişdir ki, Çin Beynəlxalq Valyuta Fondunun məsləhətlərinə qulaq asmamış və ÜDM-i 2 dəfə artmışdır, Rusiya isə bu qurumun tövsiyələrinə əməl etmiş və ÜDM göstəricisi 2 dəfə azalmışdır...
(Ardı var)

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı






Bu yazı ( 170 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar