12px14px16px18px

Dünyanın hər guşəsindən görünən insan

Hüseynbala MİRƏLƏMOV
01:25 / 17.05.2012

(Əvvəli ötən sayımızda)


Şahı-Zində haqqında əfsanə

Məhəmməd peyğəmbərin əmisi oğlu Qasim ibn-Abbas Məkkə hakimi olanda kiçik bir orduyla Səmərqəndə gəlir. 676-cı ildə yerli sakinlərə islamı qəbul etdirmək üçün 70 dəfə savaş aparır. Bir dəfə qoşun namaz qılarkən Pənckənd dağından bütpərəstlər hücum edir, onun qoşununu qır-tök edir.. güya Qasim ibn Abbas da oxla qətlə yetirilir. Başqa rəvayətə görə həmin gün Məkkə hakimi ölüm şərbəti içməyib. Minbərdə dualar edirmiş, birdən minbər qırılır və onu kafirlərin gözündən yayındıraraq yerin tərkinə aparır. Qasım döyüşdə çoxlu yaralar alır. Müqəddəs Həzrət Xızırın köməyi ilə Şaban quyusunda gizlənir.Və orada yaşayır. Buradan da canlı şah mənasını verən Şahi- Zində əmələ gəlmişdir.

lll
Böyük imperatorluq qurmuş Əmir Teymur 1405-ci ildə dünyasını dəyişir. Onun ölümündən sonra nəvə-nəticələri ölkənin paytaxtını Buxaraya köçürürlər. On minlərlə insanın əməyi, ölümü hesabına tikilmiş məscidlər, binalar taleyin ümidinə buraxılır. Lakin səmərqəndli bir tarixçinin Əmir Teymur məscidi haqqında dediyi sözləri unutmaq olmur. “Əməllərimiz qüdrətimizdən xəbər verir”. Beş yüz il əvvəl olduğu kimi, bu gün də yaşıl bağlar Səmərqəndin belinə qurşaq kimi dolaşmaqdadır. Məşhur Şahı-Zində memarlıq kompleksi isə “Min bir gecə“ nağıllarını xatırladır.
1404-cü ildə Səmərqənddə olmuş ispan səfir Ruis Qonsales de Klavixonun sözlərinə görə, şəhərin baş məscidi “hökümdar Teymurun bu vaxtadək tikdirdiyi ən gözəl abidədir ”.
Səmərqəndin Bibi – xanım məscidi müsəlman aləmində ucaldılmış ən möhtəşəm tikililər sırasına daxildir. Müasir dövrümüzə dağılmış halda gəlib çatmasına baxmayaraq, hələ də öz möhtəşəmliyi və dekorativ tərtibatının zənginliyi ilə heyrətamiz təsir bağışlayır. Orta əsr tarixçisi isə qeyd edir ki, Bibi-xanım məscidi hündür minarələrinin üzərində bütün dünyaya meydan oxuyur. Əfsanəyə görə, Teymurun sevimli həyat yoldaşı Bibi – xanım bu məscidi öz hökmdarının növbəti yürüşdən qayıtması şərəfinə hədiyyə olaraq tikdirmək qərarına gəlir. Məscidin inşası üçün imperiyanın ən yaxşı memarı dəvət olunur. Hətta Azəri, Fars, Hindli memar, rəssam və nəqqaşlardan ibarət 100 nəfər məşhur ustalar işə cəlb edilir.
Bibi-xanım məscidinin inşası barədə qələmə alınan maraqlı bir əfsanədə deyilir ki, gənc və gözəl memar Əmirin böyük arvadının qarşısına bir şərt qoyur: “ Məscid dediyiniz vaxtacan hazır olar, ancaq sən mənə gərək bir öpüş hədiyyə edəsən.” Bibi-xanım deyir: “ Mən sənə bəyəndiyin hər hansı kənizlərimdən birini verərəm. Boyanmış yumurtalar bax, onlar hərəsi bir rəngdədir.Bir-birinə bənzəmirlər. Əgər sındırıb dadına baxsan biri digərindən fərqlənmir. Biz qadınlar da beləyik”
İnadkar memar da iki qədəh gətirir, birini şəffaf su, digərini ağ şərabla doldurur. Deyir, əgər bu qədəhlərdən birinə dodağımı toxundursam yanar od kimi məni yandırar, amma o biri bunu hiss etmərəm. Bu zaman Teymur da Səmərqəndə yaxınlaşırmış. Çarəsiz qalan Bibi xanım memarın şərtinə razı olur.Öpüş o qədər ehtiraslı olur ki, yanağında izi qalır. Nəhayət Teymur gəlib çıxır, sevimli arvadının üzündə öpüş izi görüb dəhşətə gəlir. Bibi-xanım hər şeyi olduğu kimi etiraf edəndən sonra Teymur deyir: “Burda sənə aid olan qiymətli hər nə varsa götür get!” Deyilənlərə görə Bibi-xanım öz kənizlərinə əmr edir ki, Teymuru götürüb onunla aparsınlar. “Mənim ən qiymətli varım-dövlətim sənsən!” Əmir öz arvadını bağışlayır, amma fərman verir ki, o gündən bütün qadınlar öz gözəlliyini özgə gözdən gizlətmək üçün pərəncə örtsünlər.
1995-ci ildə Daşkəndin mərkəzində Karl Marksın heykəlini yıxıb yerində Əmir Teymura abidə ucaldıldı. At üstündə əzəmətli Teymurun heykəlinin postementində üç dildə onun bu sözləri yazılıb: “Kişinin gücü onun ətalətli olmağındadır”
Ötən ilin aprelində böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun anadan olmasının 675-ci ildönümü təntənəli qeyd olundu.
Mən bu məqəmda Azərbaycanın görkəmli qələm sahibi Hüseyn Cavid “Topal Teymur” adlı dram əsərini 87 il bundan əvvəl böyük sərkərdəyə həsr ediyini qeyd etmək istəyirəm.1925-ci ildə tamamlanan bu tarixi dram əsəri Bakı və Daşkənddə “Topal Teymur” adı ilə səhnəyə qoyulmuşdur.
1937-ci ildə H.Cavid həbs olunarkən ona qarşı irəli sürülən ittihamlardan biri də Əmir Teymur şəxsiyyətini təbliğ etməyi idi.
Stalin repressiyalarının qurbanı olmuş H.Cavid özündən sonra bir sıra qiymətli əsərlər qoydu, onların sırasında Əmir Teymur haqqında dramı xüsusi yer tutur.
Ən yaddaqalan görüşlərimizdən biri də Buxara şəhərində oldu.
Buxaraya Bakıda bizim üçün ayrılan xüsisi təyyarə ilə uçduq. Dünyanın ən qədim şəhərlərindən biri olan Buxara 2500 illik tarixə malikdir. Ərəb xilafətinə daxil olandan sonra Buxara müsəlman mədəniyyətinin mərkəzlərindən birinə çevrilib. Bu müqəddəs səhər Zərəfşan çayının aşağı axarında yerləşir. Bura islam svilizasiyasının maddi-mədəni, memarlıq ənənələri ilə zəngin şəhərdir. Şəhərin mərkəzi açıq səma altında unikal muzeyə bənzəyir. Buradakı çoxsaylı abidələr YUNESKO-nun Dünya mədəni irsi siyahısına daxil edilmişdir.
İslam Şərqində Buxara haqqında məşhur aforizm var: “ Əgər bütün dünyaya işıq göydən düşürsə, Buxarada işıq yerdən nur saçır” . Buxara şəhəri maraqla oxunmalı qədim kitabədir.
Şəhər sözün əsl mənasında keçmişə açılan pəncərədir.
Nümayəndə heyətimiz“Buxoro qrant” mehmanxanasında yerləşəndən sonra burada ilk səfərimiz “ Bahauddun Nəkşibənd” kompleksinə ziyarət oldu.
İslam tarixində Nəqşibəndi təriqətinin yaradıçısı olan böyük sufi alimi Bahauddin Mühəmməd Nəkşibəndi əl –Buxarai haqqında bələdçimiz bizə maraqlı məlumatlar verdi. Bu təriqət zahidanəlik həyatına etiraz edir, təsərrüfat işləri ilə fəal məşğul olmağa üstünlük verirdilər.
Hörmətli Şeyx!
Səfərimizin üçüncü günu “Buxara palas” otelinin konfrans zalında Azərbaycan –Özbəkistan elmi-mədəni əməkdaşlığına həsr olunmuş konfransda çıxışınız, sonra XVİ əsrin yadigarı olan “Mir Ərəb” mədrəsəsində müəllim və tələbə heyəti ilə görüş zamanı burada oxuduğunuz illərlə bağlı xatirələrinizi dilə gətirdiniz. Burada Sizə dərs demiş İbrahim Qasımovun 100 illik yubileyi ilə bağlı keçirilən mərasimdə söylədiyi fikirlər bir tələbənin öz müəlliminə, usdadına olan dərin sevgisini və böyük ehtiramını izhar elədi.
1535-1536-cı illərdə inşa olunan bu əzəmətli mədrəsə postsovet dönəmində də islam dinini tədris edən elm ocağı kimi fəaliyyət göstərmişdir.
73 x 55 m ölçüdə olan firuzəyi günbəzli bu gözəl mədrəsə bütünlüklə mozaika ilə işlənmişdir. İkimərtəbəli hücrələrin sayı 111-dir,
Sonra nümayəndə heyətimiz bu mədrəsə ilə üzbəüz yerləşən Kalyan məscidini ziyarət etdi. Şərq memarlığının nadir incisi olan bu məsciddə əvvəllər eyni vaxtda on min insan namaz qılırdı.
Bişmiş kərpicdən tikilmiş hündürlüyü 45 metrdan çox olan dairəvi minarə Kalyan (“Böyük”) minarəsi müqəddəs Buxaranın əsas simvollarından biridir.
Azərbaycan nümayəndə heyəti Buxaranın qədim abidələrindən olan Toki Sarofon, Toki Telpakfuruşon və Toki Zarqaran kompleksinə də baş çəkdi. Qədimdən “Bazar meydanı” kimi tanınan bu kompleksdə indi də xalq tətbiqi sənət nümunələri, milli geyim və xalçalar, müxtəlif əl işləri satılır.
Divarları oyma mozaikalar və rəngli kərpiclərlə bəzədilib, böyük ərəb hərfləri mavi rəngdədir, qırmızı fonda işlənmişlər. İçəridə ağ fon üzərində mavi və qızılı rənglərlə işlənmiş zəngin divar rəsmlərinin qalıqları var.

lll
Bəzi tarixi mənbələrdə yazırlar ki, Əmir Teymura döyüşü uduzandan sonra əsgərlər Sultan Bəyazidi dəmir qəfəsdə onun hüzuruna gətiriblər. Əsl həqiqətdə isə Sultan Mahmud xan qolları zəncirli Sultan Bəyazidi cahangir Teymurun hüzuruna gətirəndə Teymur əli ilə “dayanın” əmri verib deyir: “Açın sultanın qollarını. Unutmayın ki, siz mənim hüzuruma şah gətirirsiniz”. Bir məqama da diqqət yetirmək lazımdır ki, Bəyazidi Teymurun hüzuruna adi əsgərlər deyil, Cığatay sultanı Mahmud xan gətirmişdi. Bu da yenə Əmir Teymurun ləyaqətinin, mənəviyyatının göstəricisi idi. Sultan Bəyazidi yanında oturdan Teymur ona belə bir sual verir: “İndi nə deyirsən?” Bəyazid səhv etdiyini bildirib deyir ki, oğlanlarını gətirsinlər. Bir az keçmir ki, çaparlar Bəyazidin iki oğlunu gətirirlər. Oğlanlarına Osmanlı vilayətlərində hökmdarlıq verir. Bu görüşdən iki il sonra etdiyi səhvin xəcalətindən ürəyi qubar gətirir və Ağşəhərdə dünyasını dəyişir. Əmir Teymur Bəyazidin oğlanlarına xəbər göndərir ki, atalarını şahlara layiq dəfn etsin və bundan sonra öz oğlu Miranşahı deyil, Bəyazidin oğlunu Osmanlıya hökmdar təyin edir.

lll
Əmir Teymur bütün türk xalqlarını Çin əsarətindən qurtarmaq üçün, Bəyazid isə Avropanı fəth etmək uçun döyüşürdü. İndi bizim üçün nağıl və əfsanə olan orta əsrlərdə, minlərin və milyonların içərisində çoxları kimi itib-batmadı Əmir Teymur. İnandığı, ibadət etdiyi Tanrısı, zəbt etdiyi 27 dövlətin hər birində yaydığı İslam dini onun dayağı oldu... İsgəndərdən bəri heç kim bu qədər əraziyə sahib olmamışdı. Apardığı bütün döyüşlərdən qalib çıxdı. Əmir Teymur ilk əvvəl Mavəraənnəhr dövlətini yaradaraq türkləri monqol hücumlarından xilas etdi. 70 illik ömür kitabının səhifələrinə 35 il ərzində böyük döyüşlərdə qazandığı qələbələri yazdı.
O, Avropa hakimlərinə məktublarında yazırdı: “Bütün aləm ancaq tacirlərin əməyi sayəsində gülşən olur. Tacirlərin sıxışdırılması yolverilməzdir. Mən istərdim ki, biz bu yerlərdə firəng tacirlərini necə himayə ediriksə, bizim tacirlərimizə də o yerlərdə eyni cür münasibət bəslənilsin”. Teymur eyni zamanda tacirlərin azğınlaşmasına, xalqın soyulub-talanmasına da yol vermirdi.
...Fateh Teymur apardığı döyüşlərlə, tutduğu ölkələri birləşdirməklə, Çingiz xanın istilaları nəticəsində pozulan Uzaq Şərq və Aralıq dənizi ölkələri arasındakı iqtisadi və mədəni əlaqələri yenidən bərpa etdi.
Beləliklə uzun müddət müasir dünya liderlərinin yenidən bərpa etməyə can atdıqları Böyük İpək yolunun təməli Əmir Teymur tərəfindən qoyuldu. Sevindirici haldır ki, Ümummili liderimiz, ulu öndər Heydər Əliyev sağlığında Tarixi İpək yolunun bərpası ideyasını xəyaldan reallığa çevirdi. Bu gün Böyük İpək Yolunun bərpası regionun qarşılıqlı iqtisadi-mədəni əlaqələrini güclənməsinə xidmət edir.
İndi Ulu öndərimizin ideyalarını davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də həm Şərq, həm də Qərb dövlətləri ilə apardığı uğurlu siyasət tarixi-mədəni əlaqələrin dərinləşməsinə və bu sahədə əməkdaşlığın davamlı olmasına çox böyük perspektivlər açır.
Hörmətli Şeyx, Səmərqənd və Buxara təəssüratlarım çox zəngindir. (Və bu barədə çox yazmaq olar).
Buna görə ilk növbədə ilk növbədə nümayəndə heyətimizin rəhbəri kimi Sizə minnətdaram.
lll

Hörmətli Şeyx həzrətləri, bu səfər zamanı bir daha əmin oldum ki, dünyanın və bütün Şərqin elmi ictimaiyyəti Sizi dini elmlərin kamil bilicisi kimi tanıyır, fikir və mülahizələrinizə dərin hörmətlə yanaşırlar. Mən Türkiyə prezidenti Abdulla Güllə, Baş nazir Rəcəb Tayyib Ərdoğanla, TBMM başqanı Cəmil Çiçəklə və bir çox böyük dövlətlərin rəhbərləri və din xadimləriylə görüşlərinizdə onların Sizə necə rəğbət bəslədiyini görəndə həmişə qürur hissi keçirmişəm.
Yaxşı xatırlayıram, müstəqilliyimizin bərpasının 10 illiyi ərəfəsində – daha dəqiq desək, 2001-ci ilin avqustunda Sizin ünvanınıza qəzetlərin biri xoşagəlməz bir yazı dərc etmişdi. Ümummilli liderimiz Heydər Əliyev cənabları dərhal televiziya və radio vasitəsilə ölkə ictimaiyyətini narahat edən bu yazıya kəskin etirazını bildirərək, ölkənin kütləvi informasiya vasitələrini milli dəyərlərə və mentalitetə sayğılı olmağa çağıran bəyanatla çıxış etdi.
Sağlam mədəni-mənəvi mühit formalaşdırmaq və onu qoruyub saxlamaq qloballaşma şəraitində heç də asan məsələ deyil. Azadlıq və demokratiya adı altında böhtana və şantaja rəvac verənlər unutmamalıdır ki, cəmiyyət gec-tez ağı qaradan seçə bilir.
Azadlıq və demokratiya adı altında həqiqətin tam inkarına rəvac verənlər abır-həya etmədən özlərinin kimliyini unudurlar. “Həyanın ən yüksək zirvəsi insanın özü-özündən həya etməsidir” (Əli ibn Əbu Talib) Ən dəhşətlisi budur ki, belələri xalqlar arasında mənəvi ekologiyaya ziyan vururlar.
“İslam mədəniyyəti özünün ən yaxşı təzahüründə bir çox Şərq dinləri (iudaizm, induizm, rəhmənizm və buddizm) kimi Qərbə mühüm bir söz deyir, belə ki, o, özündə ətraf dünyamıza münasibətdə müqəddəslik duyğularına daha düzgün və daha kamil bir baxışı qoruyub saxlamışdır. Mən hiss edirəm ki, biz Qərbdə İslamın ilkin və dərin ənənələrinə hörmət qoymaqla, varlığımızın idraki köklərini anlaya və islam ənənələrinin köməyi ilə nəzəri yüksəlişə nail ola bilərik. Mən inanıram ki, bu proses öz etiqadlarımızı bir-birinə maksimum yaxınlaşdırmaqda bizə yardımçı ola bilər. Həmçinin islamın ehtiva etdiyi baxış Qərbdə insan və ətraf mühit barədə yenidən, daha yüksək səviyyədə düşünməyə təkan verər və ondan səhiyyədə, ətraf mühitin qorunmasında, kənd təsərrüfatında, şəhərlərin planlaşdırılması və memarlıq üslubunda faydalanmaq olar... Dünyanın hər yerində adamlar ingilis dilini öyrənmək istəyirlər. Lakin Qərbdə biz müsəlman müəllimlərin köməyilə beynimz kimi qəlbimizi də təlimləndirməyə möhtacıq. Mən qəti əminəm ki, bütöv bir sivilizasiyanın varlığı və yaşaması üçün biz daha dünyamızın əzəli göstəricilərindən bixəbər ola bilmərik. Mən inanıram ki, müqəddəslik duyğusu anlaşma üçün yeni üfüqlər açılmasına zəmin yaratmaqda bizə kömək edə bilər. Bu anlaşma bizim etiqadlarımız arasında əlaqələri gücləndirər və övladlarımız üçün, gələcək nəsillər üçün yaxşı miras olar”. Bu fikirlər Böyük Britaniya krallığının vəliəhdi, Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda “Qərblə islam dünyası arasında körpü salınmalıdır” adlı çıxışında öz əksini tapmişdır. (“Cahan” jurnalı, №4, 1998)
Babalarımızın bizə ötürdüyü milli-mənəvi dəyərlərin çoxu İslamdan götürülüb və İslam da sonuncu din, Quran isə sonuncu səmavi kitab olduğundan, İslam dini və Quranla gələnlər dünyanın sonuna kimi öz müasirliyini itirməyəcəkdir.
İslam etikanı çox yüksəkliklərə qaldırır, insanların yaşam tərzinin, belə demək mümkündürsə, mənəviyyat ekologiyasının bir sıra vacib prinsip və qaydalarını irəli sürür və təbliğ edir. Bar verən ağacı kəsmək, insan qanını tökmək ən böyük günahdır.
İslam dini sülh, qardaşlıq və əməkdaşlıq dinidir. Bəşəri hisslrin və əmniyyətin təməlidir. Qərb intibahı İslam fəlsəfəsini isdinadgah sayır, İslam Şərqinin klassik ənənələrindən bəhrələnir. Roma Katolik kilsəsinin başçısı İkinci İohann Pavel hələ on il əvvəl (may ayında) Bakıda səfərdə olarkən Azərbaycanda mövcud dini dözümlülüyü yuksək qiymətləndirmişdir: “Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər”
Bəli, Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, hurifizm, sufizm və başqa cərəyanların qovuşduğu bir məkan olmuşdur. Atəşpərəstlikdən başlayaraq islamadək bütün dinlər Azərbaycanda yayılmışdır. Azərbaycan müstəqilliyini bərpa edəndən bəri məscidlərlə yanaşı müxtəlif dinlərə məxsus tarixi abidələr – kilsələr, muzeylər, məbədlər, yenidən bərpa olunmuş, sinaqoq və başqa ibadət evləri inşa olunmuşdur... Bu gün ölkəmizdə müxtəlif dinə mənsub olan insanlar bir küçədə, bir binada, hətta bir həyətdə sərbəst yaşayır və bir-birlərinin milli bayramlarında, dini ayinlərində bir ailənin üzvləri kimi yaxından iştirak edirlər.
Hər il mübarək Ramazan bayramı münasibətilə bir Şeyxülislam kimi açdığınız iftar süfrəsində dövlətimizin başçısı möhtərəm İlham Əliyevlə birlikdə yəhudu, xristianlığın provaslav, katolik və protestantlıq qollarını təmsil edən dini icmaların rəhbərlərini Sizin evinizdə qonaq olurlar. Bu cür şəxsi təşəbbüsləriniz ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğuna, bu ənənənin gələcək nəsillər üçün qorunub saxlanmasına xüsusi önəm verir.
Sizin kimi müdrik şəxsiyyət bəşəriyyətin ictimai və mənəvi dünyasına bağlı qapıları Məhəmməd hümmətinin üzünə açır. Siz Azərbaycan dövlətini daha qüdrətli görmək istəyirsiniz. Buna görə də Azərbaycan dövlət başçısı cənab İlham Əliyevin bu amal uğrunda mübarizələrini haqq işi hesab edir, onun qələbələrinin xeyir-duaçısı olursunuz. Şəxsi nüfuzunuz və müqəddəs dualarınızla rəhbərə hər cür mənəvi köməklik göstərirsiniz.
Bu səfər zamanı mən Sizin dini, elmi təfəkkürünüzün nurunu ürəyimdə hiss edib, yol yoldaşlarınıza olan isti münasibətlərinizin, qayğıkeşliyinizin, həm də xoş zarafatlarınızın da şahidi olmaq mənə dəfələrlə nəsib oldu.. Bu sətirləri yaza-yaza Sizinlə etdiyimiz maraqlı söhbətləri, zarafatla dolu həmin məqamları dönə-dönə xatırlayıram.
Siz Qurani –Kərimə istinad edərək həmişə beynəlxalq elmi-dini məclislərdə Şərq mədəniyyətinin yüksəkliyini, onun insanları paklığa, saflığa ülvi hisslərə çağırmasına dair tutarlı dəlillər gətirir, tərbiyəvi fikirlər söyləyirsiniz.
Biz sizinlə fəxr edirik. Bundan sonra da Şeyxül-islam kimi fəaliyyətinizdə böyük uğurlar, İslamın çiçəklənməsi və müsəlmanların birliyi naminə əhəmiyyətli səfərlər, özünüzə isə iki cahan səadəti arzulayırıq...
Bakı-Səmərqənd-Buxara-Bakı,
20- 23 aprel 2012-ci il

P.S. Yazımı bitirəndən sonra televiziyada gözlənilməz bir xəbər eşitdim. Pentaqonun generallarından biri müsəlman dünyasına sarsıdıcı zərbə vurmaq üçün müqəddəs Kəbə evini – Məkkəni və Mədinəni dağıtmaq planı hazırlayıb. Bu plan Pentaqon rəhbərliyi tərəfindən bəyənilməsə də həmin general barədə heç bir ciddi tədbir görülməyib. O da bundan ruhlanaraq İslam dünyasına qarşı yeni planlar üzərində işləyir. Əgər ABŞ kimi bir fövqəldövlətdə keşiş Quranı yandırırsa, general Kəbəni dağıtmaq barədə düşünürsə, demək, Sizin kimi amalı barış və sülh olan nüfuzlu din xadimlərinə dünyanın hər bir guşəsində daha çox ehtiyac duyulur...

Hüseynbala MİRƏLƏMOV, Milli Məclisin deputatı, yazıçı-dramaturq



Bu yazı ( 100 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar