12px14px16px18px

Çində möhtəşəm 10 gün

Hüseynbala MİRƏLƏMOV
03:50 / 26.01.2012
(Çin Xalq Respublikası barədə düşüncələr)

(Əvvəli ötən saylarımızda)


BAKININ QARDAŞI

Məhz həmin bu görüşdə Çinin Dalyan və Bakı şəhərlərinin qardaşlaşması barədə təklif də irəli sürüldü. Görüş zamanı qaldırılmış məsələlər öz həllini 1995-ci ildə Çin nümayəndə heyətinin Bakıya səfərində tapdı.
Bundan başqa iki ölkənin dövlət başçıları arasında Dostluq haqqında birgə bəyanat, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq haqqında protokol da imzalanmışdır. Dövlət başçıları səviyyəsində 1994-cü ilin martında Azərbaycan Prezidenti Heydər Əliyevin, 2005-ci ilin martında isə Azərbaycan Prezidenti İlham Əliyevin ÇXR-na səfərləri mədəni əməkdaşlığın inkişafına əhəmiyyətli şəkildə təsir göstərmişdir.
2002-ci ilin iyunundan iki ölkənin parlamentlərarası münasibətlərini inkişaf etdirmək məqsədilə “Azərbaycan–Çin Dostluq Cəmiyyəti” təşkil olundu . Cəmiyyətin prezidenti Milli Məclisin deputatı, AMEA-nın akademiki Cəlal Əliyev Çinlə müxtəlif, eləcə də mədəni əməkdaşlıq sahəsində şəxsi təşəbbüs və səy göstərməyə başladı.
Dalyan Çinin 14 azad iqtisadi zonasından biridir. Buranı əbəs yerə “Şimal Honkoq” adlandırmırlar.
Ertəsi gün Lyuyşun muzeyinə baş çəkdik.
Lyuyşun (Port-Artur) Çin dilində “səyahət üçün uyğun” mənasını verir. Dalyan şəhərinin inzibati ərazində yerləşir.
Port Artur ilk dəfə 1860 –cı ilin avqustunda burada gəmi düzəldən ingilis leytenantı Uilyam K. Artur adıyla tanınıb. Sonralar bu ad Rusiyada və başqa Avropa ölkələrində qəbul olunub.
Port –Artur Çinin şimal- şərqində təbii sədd sayılmaqla ÇXR-in ən iri hərbi –dəniz bazası hesab olunur. Burada tarix iki dəfə amansız müharbəyə şahid olub; çin-yapon (1894-1895), rus-yapon (1904-1905) hər iki qanlı müharibə yerli əhaliyə böyük fəlakət gətirib. Müharibəyə aid abidələr açıq səma altında muzeyi xatırladır.
Qəribədir, çinlilər rus-yapon müharibəsindən söz düşəndə onlara aid torpağda iki yad millətin vuruşduğunu söyləyirlər. Dostum Hadı Rəcəbli Lyuyşun muzeyində olarkən mənə İzzət Bəylərov soyadlı dayısının bu döyüşlərdə iştirak etdiyini bildirdi:
–Hüseyn, yadındadır ki, İzzət dayı müharibədən söz düşəndə Port –Artur döyüşlərindən xatirələr danışardı. O vaxt heç ağlımıza da gəlməzdi ki, onun döyüşdüyu bu yerləri görmək bizə də qismət olacaq...
– Hə, dedim, yadımdadır.
Düzü, bizim söhbətimizin nümayəndə heyətinin həm marağına, həm də tərəddüdünə səbəb olacağını düşünmürdük.
Kimsə zarafatla dedi ki, Hadı müəllim, bəlkə dayın Yaponların tərəfində döyüşüb? – sonra təəccüblə, – “Necə oldu ki, o boyda SSRİ məkanında lənkəranlı bir gənc Port-Artur döyüşlərinə qədər gəlib çıxa bilib?”– deyə xəbər aldı. Bu söhbət nümayəndə heyəti arasında müzakirə mövzusu oldu. Çoxunun tərəddüd etdiyini görən Hadi müəllim söhbəti tez qapayaraq, az qala özü də əlli ilin xatirələrinə şübhə ilə yanaşmağa başladı. Bir az kənara çəkilib təcili Lənkərana, qardaşı İqbala telefon açdı, ondan dərhal İzzət dayıgilə gedib onun arxiv sənədlərini bir daha dəqiqliklə yoxlayıb məsələyə aydınlıq gətirməsini və həmin sənədlər əsasında mətbuat səhifələrində döyüş yolunun işıqlandırılmasını xahiş etdi.
Bu zaman mən – İzzət Bəylərovun Port-Artur barədə xatirələrini şəxsən dinləyən bir qələm sahibi kimi tanınmış siyasətçi dostumun, Hadı müəllimin yüksək məsuliyyət hissindən, bəlkə bir az da təvazökarlığından tərəddüd yaşamasına təəssüf hissiylə təəccüb etdim. Axı Bəylərovları – xüsusi ilə də Hadı Rəcəblinin “Lənkaran Mollanəsrədinçisi” adlanan ana babası Kərbəlayi Yunusun Mirzə Cəlil və Ömər Faiq Nemanzadə ilə şəxsən tanışlığı, onun necə mütərəqqi, azad düşüncəli şəxsiyyət olduğunu, övladlarının İkinci Dünya müharibəsində iştirakını çoxları – xüsusilə yaşlı nəslin nümayəndələri bilirdi...
Az sonra təkzibedilməz faktlar nümayəndə heyətinin üzvləri tərəfindən xoş bir etirafla qarşılandı. Hamımız nəinki lənkəranlı bir gəncin, həmin müharibədə döyüşən Azərbaycan oğullarının xatirəsini xoş bir duyğu və qürur hissiylə yad etdik.
Bəli, əfsanəvi Port – Artur uğrunda Azərbaycanın igid oğulları da qəhrəmanlıqla vuruşublar. Bu fikir rus müəlliflərinin həmin qanlı müharibəyə həsr etdiyi onlarca bədii-sənədli və tarixi kitablarda soyadları çəkilən neçə-neçə həmyerlimizin timsalında öz təsdiqini tapır.
Nəhayət, uşaqlıq dostum Hadı Rəcəblinin dayısı İzzət Bəylərovun Port-Arturda döyüş yolundan bəhs edən və ötən ilin sonu “Lənkəran” qəzetində dərc olunmuş “Şücayətin mükafatı” adlı yazıdan bir fraqment:
“İnsanların həyatına olmazın dəhşətlər, fəlakətlər gətirən İkinci Dünya Müharibəsi Bəylərovların taleyindən də yan keçmədi. KəlbeyiYunusun oğlu Rüstəm müharibə başlayan kimi cəbhəyə getdi. Cəbhədə tank qoşunları üzrə komandir kimi müharibənin ilk illərində düşmən gülləsinə tuş gələrək igidliklə həlak oldu.
İzzət Bəylərovun döyüş yolu isə Yaponiyaya qədər gəlib çıxdı.
İkinci Dünya müharibəsi başlananda İzzət də Azərbaycanın minlərlə igid oğullarından biri kimi silaha sarılaraq cəbhəyə yollandı. Hər anı ölüm saçan müharibənin od-alovu onda müharibənin baiskarlarına dərin nifrət hissi yaradırdı. Döyüşlərdə düşmənə göz açmağa imkan verməyən lənkəranlı gənc cəbhədə qorxmazlıq, şücaət göstərir, ölkələrə, insanlara fəlakət, ölüm gətirən müharibənin qələbə ilə bitməsi gününü səbrsizliklə gözləyirdi. Ölümdən qorxmayan igid döyüşçü vətən yolunda hər an canından keçməyə belə hazır idi. Onun döyüş yolu çox yerlərdən keçdi. Hətta İ.Bəylərov 1945-ci ilin may qələbəsindən sonra doğma Lənkəranına, övladı və xanımının yanına yox, Yaponiya müharibəsində iştirak etməyə yollanır.
Məlum olduğu kimi, SSRİ-nin Almaniya üzərində qələbəsi ilə müharibə başa çatsa da, avqustun 8-də SSRİ Yaponiyaya müharibə elan etdi. Səhəri gün Mancuriya sərhəddindən Sovet qoşunlarının ümumi hücumu başlandı. Yeri gəlmişkən qeyd edək ki, bu müharibədə vuruşmaq üçün daha cüssəli, daha möhkəm bədənli əsgərlər seçilirdi. İzzət Bəylərov da müharibənin od-alovunda möhkəmlənmiş, püxtələşmiş igid, cəsur oğlanlardan biri idi. O, həm də rus dilini yaxşı bilirdi...
Döyüşlərin birində onlara Yaponiya tərəfdən “dil” gətirmək tapşırığı verildi. Kəşfiyyat rotasının sürücüsü olan Izzət tapşırılan işin məsuliyyətini yaxşı dərk edirdi. Axı, bu “dil” düşmənin bir neçə hərbi əməliyyatlarının sirrinin açılmasına kömək edəcəkdi. O, döyüşçü dostları ilə birlikdə kəşfiyyata yollandı. Gecənin zülmət qaranlığında döyüşçülər düşmən mövqeyini müəyyənləşdirməkdə çətinlik çəkirdilər. Fikir ayrılığı yarandı.Vaxtın getdikcə daraldığını görən İzzət birdən irəli atılaraq gecənin qaranlığında yox oldu. Döyüş dostlarının onun qayıtmasını gözləməkdən başqa çarələri qalmadı.
Səhərin açılmasına az qalırdı. Artıq yoldaşları İzzətin düşmən tərəfindən öldürüldüyünü düşünürdülər. Üz-gözlərində dərin kədər hissi ilə geri qayıtmağa hazırlaşırdılar. Birdən xışıltı eşitdilər. Əllərini silaha atmaq istəyirdilər ki, qarşılarında İzzəti gördülər. Yanında da əsir götürdüyü yapon əsgəri. Komandanlıq Izzətin əsir götürdüyü düşmən döyüşçüsündən çox mühüm məlumatlar əldə etdi.
İzzət Bəylərov isə “Yaponiya uğrunda qələbəyə görə” medalı ilə təltif olundu. Bundan başqa o, “ 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya uğrunda qələbəyə görə”, “Keniqsberqin alınması uğrunda” medallarına da layiq görülmüşdür”. (“Lənkəran” qəzeti, 31 dekabr 2011-ci il)
Bəli, Uzaq Şərq regionunda nüfuz dairəsi uğrunda Rusiya ilə Yaponiya arasında mübarizədə azərbaycanlılar hələ 1904-1905-ci illərdə Port-Artur uğrunda döyüşlərdə böyük hünər göstərmişdilər.

TARİXDƏN GƏLƏN SƏS

“Zaqafqaziya müsəlmanlarının başcısı Şeyxulislam Əbdulsəlam Axundzadə Rus-Yapon muharibəsinin başlanması ilə xalqa xüsusi bir müraciətnamə ünvanladı. Orada musəlmanların xəyanətkar yaponlara qarşı müharibədə iştirak etməyə hazır olduqları göstərilirdi. Azərbaycan burjuaziyası müharibə fonduna coxlu vəsait verdi. Bakı bələdiyyə idarəsi müharibə fonduna 15 min manat, Gəncə şəhər duması 2 min manat, neft sənayeçilərinin qurultay şurası 150 min manat, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev və başqa iri kapitalistlər 10 min manatdan cox pul vermişdilər. Müharibə fonduna vəsait toplanmasında varlılarla bərabər məmurlar, murtəce zabitlər də can-başla iştirak edirdilər.
Azərbaycan bəy-mülkədar dairələrindən cıxan bir sıra azərbaycanlı zabitlər də Port-Arturun mudafiəciləri sırasında idi.
(“Azərbaycan tarixi” II cild, səh. 548, 1964-cu il nəşri)
Cəfakeş və yorulmaz tədqiqatçı, yazıçı – publisist Şəmistan Nəzirlinin araşdırmalarına görə 1904-1905-ci illərdə Port-Artur qalası uğrunda döyuşlərdə Azərbaycanın görkəmli sərkərdələri Əliağa Şıxlinski və Səmədbəy Mehmandarovla yanaşı tam suvari generalı Hüseyn xan Naxcıvanski, Şahzadə-general Əmirkazım Mirzə Qacar, Əsər bəy Talışxanov, Şahzadə-podyesaul (kazak qoşunlarında kapitan) Feyzulla Mirzə Qacar, Şahzadə-podpolkovnik Əliqulu Mirzə Qacar, polkovnik İlyasbəy Ağalarov, ştabs-kapitan Gəray bəy Vəkilov, xounjuy (kazak rotasında ilk zabit rutbəsi) Əbdürrəhman Qurbanov, Cəlaləddin Musayev, porucik Ağababa Sadığov, podporucik Zulfuqar bəy Bağırbəyov və başqaları Port-Artur muharibəsində mərdliklə vuruşmuşlar. Buranın işğalı yapon ordusuna böyük itkilər bahasına başa gəldi: Təqribən 110 mindən çox yapon əsgəri və 10 min zabiti həlak olmuşdur. Ruslar 30 min itki verdi. Düz 40 il bu şəhərdə yaponlar hökmranlıq elədi.
1945 –ci ildə Mancuriyada Kvantun ordusu darmadağın ediləndən sonra Port-Arturun işğalına son qoyuldu. Bu müharibədə həlak olmuş əsgərlərin xatirəsinə ucaldılan abidə kompleksinin ziyarətinə Rusiyadan və Yaponiyadan hər il minlərlə adam gəlir.
Port- Artur barədə foto –albomu tərtib edən fotoqrafın təbirincə tarix- indiki zamanın aynasıdır. Müasir nəsillər keçmişi unutmamalı, ondan ciddi ibrət dərsi almalıdır. “ Təkcə Port-Artur müasir tarixi epoxanın yarsı deməkdir”
...İndi bu şəhər Dalyan şəhərinin inzibati rayonudur. Bura təkcə hərbi-dəniz bazası olan olması ilə deyil, həm də gözəl sahil şəhəri kimi tanınır.
Onu da deyim ki, şəhərin əsas prospektlərindən biri Stalinin adını daşıyır.
Bazar günü şəhərin görməli yerlərlərinə baş çəkdik. Zəfər Qülləsinin ( bu qüllə 1955-ci ildə Sovet qoşunları buranı tərk etməmiş şimal-şərqi Çinin azad edilməsinə göstərdiyi köməyin şərəfinə ucaldılıb) yaxınlığından ötüb “Bayyuy” dağına yollandıq. Adının mənası “bildirçin” olan və dəniz səviyyəsindən 130 metr yüksəklikdə yerləşən bu dağ hünürlüyü 66, 8 metrə çatan eyniadlı şam şəkilli qüllə ucalır. Bu əbədi məşəlin simvoludur. Diqqətlə baxanda qüllə nəhəng top mərmisini də xatırladır. Onu da qeyd edim ki, qüllənin tikintisinə rus-yapon müharibəsindən sonra 1907-ci ildə başlanmışdır. Tikintiyə məcburi qaydada 20.000 çinli cəlb olunmuşdu. 2 il ərzində tikintisi başa çatan burada həlak olmuş yapon əsgərlərinin şərəfinə “Byaoçjun” adlandırılmışdır.
“Bayyuy” dağının zirvəsindən Port-Arturun panoramını seyr etdik.
Osman Sarıvəllinin təbirincə desək, Uzaq şərqin dənizlər arxasında əriyən üfüqlərinin qızartısı, Sakit okenın üzərində parıldayan Çin günəşi, bir də “Bayyuy” dağının döşünə medal kimi taxılmış xrezantem gülləri göz oxşayırdı. (Çin xalq təbabətində xrezantemadan hələ eramızdan əvvəl müalicəvi bitki kimi istifadə olunub. Ölkə bu rəngbərəng güllərin vətəni hesab olunur...)
Dağın şimal hissəsində Hərbi –Dəniz Qüvvələrinin sərgi zalı yerləşir.
Sonra bir saata yaxın Pələng sahili və çimərliyi adlanan dəniz parkında gəzdik.
Çin dilində “Laoxutan” deyilən bu park Dalyan şəhərinin mərkəzindən təqribən 7 klometr aralıda yerləşir. Əfsanəyə görə qədimdə bu yerlərdə insanların həyatı üçün təhlükəli bir pələng varmış. Ona gənc bir qız qalib gəlir. Təkbətək döyüş zamanı pələngi məğlub etsə də qız da həlak olur. Bənzərsiz landşaftına görə park yatmış nəhəng pələngi, təpələdən biri qəhrəmanlığı ilə fəxr edən qızın fiqurunu, cizgilərini xatırladır. Parkın ümumi sahəsi 110 hektardır. Bura Çində ən böyük dəniz parkıdır.
Çində bağ – park incəsənəti sürətlə inkişaf etmişdir. Onu da qeyd edim ki, bağ-park landşaftının təcrübəsi ilk dəfə Qədim Çində yaranmışdır.
Parklarda müxtəlif pavilyonlar, körpülər, süni relyeflər və s. tikililər yaradılmışdır.
...Bazar ertəsi Dalyandan Tayyuan şəhərinə yola düşdük.

YEDDİNCİ GÜN

Noyabrın 14-də axşamüstü Tayyuan hava limanında nümayəndə heyətimizi Şansi əyalətinin Xarici İşlər İdarəsinin rəis müavini Tyan İszyun qarşıladı. Xuanxetszindu mehmanxanda yerləşəndən sonra buranın ikinci mərtəbəsində ziyafətə dəvət olunduq. Ziyafəti əyalət Xarici İşlər İdarəsinin rəisi cənab Can Ciuçuan təşkil etmişdi.
Tayyuan şəhəri Şansi əyalətinin inzibati mərkəzidir. Burada 1988-ci ildən fəaliyyətə başlayan eyniadlı kosmodrom yerləşir.

lll
...ÇKP Şansi əyalət komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri Xu Supin, Xarici Əlaqalər və emiqrantlarla iş idarəsinin rəisi Çjan Çjiçuan və bu idarənin protokol şöbəsinin rəisi Lyan Yaofen, sonra ÇKP MK-nın beynəlxalq şöbəsinin hissə rəisi Lu Saotszyanlə silsilə görüşlərimiz oldu.
Sonra Şansi əyalət muzeyində və Tzintsı muzey –məbədində olduq. Əyalət muzeyi 12 böyük sərgi zalından ibarətdir. Burada 100 mindən çox eksponat nümayiş etdirilir. Eksponatlar haqqında sözlə təsəvvür yaratmaq qeyri-mümkündür. Onlara başdan-başa tamaşa etmək üçün vaxt yetməz. Dünyada misli-bərabəri olmayan və milyonlarla tamaşaçını valeh edən Çin təsviri və tətbiqi incəsənət nümunələrinə diqqətlə baxanda çinli sənətkarların məharətinə, qabiliyyətinə, həm də səbrinə heyran qalırsan!
lll
...Çinin mərkəzindən uzaq əyalətlərdə inkişafı görəndə bu gün Azərbaycanın bölgələrində mədəni-mənəvi və iqtisadi dirçəlişə zəmin yaradan möhtərəm Prezidentimiz İlham Əliyevin təsdiq etdiyi regionların inkişafına dair dövlət proqramlarını xatırladım.
Əlbəttə, 30 il əvvəl islahatara başlayan Çin kimi böyük ölkə ilə 20 il əvvəl müstəqilliyini bərpa edən Azərbaycanın iqtisadiyyatını müqayisə etmək düzgün olmaz. Amma burada mənim yadıma ötən əsrin 70-ci illərinin Azərbaycan kəndi, zəhmət adamları və bu adamları iş başında tez-tez ziyarət edən respublikanın rəhbəri, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev düşdü. O vaxtlar kənd təsərrüfatının inkişafına hər bir rayonun fəalları – prokurorluq, məhkəmə, RİK, komsomol təşkilatları və digərləri cəlb olunmuşdu. Hamı təhkim olunduğu təsərrüfatlara vaxtaşırı baş çəkir, məhsuldarlıqla maraqlanar və məsuliyyət daşıyardı. Mənə elə gəlir ki, bu, qanunauyğun məsələ idi. Hər bir ölkənin vətəndaşı yaşadığı ölkənin taleyi üçün tam məsuliyyət daşımalıdır. O vaxtların raykom büroları yadıma düşəndə, zəhmət admlarının hər qram məhsula – hər kiloqram pambığa, üzümə və ya istismara veriləcək tikintiyə, çəkiləcək yollara və digər işlərə görə məsuliyyət hissiylə yanaşmaları, narahatçılıqları gözlərimin önündə çanlanır. Əlbəttə, indi mənzərə tamamilə başqa cürdür. Rayonda təsərrüfatın inkişafı yerli rəhbərlərdən heç kəsi maraqlandırmır. Çünki bütün sahələr özəlləşdirilərək dövlətsizləşdirilmişdir.
Son günlər Milli Məclisin plenar iclaslarında iri fermer təsərrüfatlarının yaradılması barədə müzakirələr gedir... Mən belə düşünürəm ki, əgər dövlətin malliyə dəstəyi və nəzarəti olmadan kəndlilər iri fermer təsərrüfatı yarada bilməyəcəklər. Nə olar, qoy həmin fermer təsərrüfatlarında dövlətin payı 51 faiz, kəndlinin payı 49 faiz olsun! Onda fermer təsərrüfatlarının inkişafına, məsuldarlığın templə yüksəlməsinə baxarsınız... Onda rayonda çalışan bütün rəhbər işçilər yenə əvvəlki qaydada təsərrüfatların inkişafı üçün məsuliyyət daşıyacaqlar. Bəli, dövlətin hesabına yaşayırsansa, onun müqabilində
Haşiyə: Çinlə Azərbaycanın müqayisəsi barədə düşünəndə təsisçisi və baş redaktoru Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla xanım Əliyeva olan “Baku” jurnalında dərc olunmuş İTAR-TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmanın “Lider formulu” adlı məqaləsini xatırladım. Rusiya televiziyasındakı “Hakimiyyət formulu” verilişində 12 ilə yaxın müddətdə 170-dən çox dövlət və hökumət başçısı ilə həmsöhbət olan müəllif yazır ki, mən müsahibimin şəxsiyyətinin miqyasını hiss etməyi öyrənmişəm. Belə ki, bizim silsilə verilişlərin bütün qəhrəmanları arasında mənə güclü təsir bağışlayan iki nəfər olmuşdur: Çin Xalq Respublikasının keçmiş sədri Tszyan Tszemin və Heydər Əliyev. Burada bir məsələni də nəzərə almaq lazımdır, Tszyan Tszeminin güclü fiqurasının arxasında əhalisinin sayı az qala milyard yarıma çatan Çin dayanır. Əliyevə gəldikdə isə (qoy həmvətən dostlarım məndən inciməsinlər), onun şəxsiyyətinin siyasi miqyası rəhbərlik etdiyi ölkədən qat-qat böyük idi. Mənim fikrimcə bununla fəxr etmək olar”.
(“Baku” № 23, may-iyun 2011-ci il)
Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamış Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “ Çinin çox zəngin və qədim tarixi var. Bunların hamısı bütün dünyaya, o cümlədən bizə, azərbaycanlılara yaxşı məlumdur. Amma 1949 –cu ildə baş vermiş hadisə hər şeyi köklü surətdə dəyişdirmiş və Çin xalqı özünün seçdiyi yol ilə, yəni müstəqil, qeyri –asılı siyasət yeritmək, öz ölkəsinin inkişafı ilə məşğul olmaq, öz xalqı üçün daha yaxşı şərait təmin etmək yolu ilə getmişdir. Çin xalqının seçdiyi yol Çinin milli maraqlarına və ənənələrinə tam uyğundur və təbii ki, bütün dünyada, o cümlədən Azərbaycanda hörmət və təqdirə malikdir”
Mənə elə gəlir bu gün Azərbaycan kəndinin keçmiş obrazını – qaynar həyatını özünə qaytarmaq üçün ölkəmizin hər cür imkanları var!
(Ardı var)

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı





Bu yazı ( 250 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar