12px14px16px18px

Dəyişən fəsillər və ədəbi nəsillər

Məmməd İSMAYIL

“ƏDƏBİYYATINI GÖSTƏR, SƏNİN KİM OLDUĞUNU DEYİM”

03:13 / 20.01.2012
Yazıma bu başlığı seçməyim təsadüfü deyil. “Dostunu söylə, sənin kim olduğunu deyim“də olduğu kimi “ədəbiyyatını göstər, sənin kim olduğunu deyim”də də həqiqət payı, umduğumuzdan daha çoxdur.
Xalqın yaşam boyu azadlıq mübarizəsi hardasa həyat müstəvisində vəzinlər qovğasıyla paralel getmişdir. Ortaq ədəbiyyatlarımızın başlanğıc örnəklərini üstündə barındıran yeddinci yüz ilin bəngü daşlarındakı Göktürk ədəbi örnəklərinin heca vəznnində yazıldığını bilməyən yoxdur. Belə baxıldığında dünyadakı çox şeylər kimi ədəbi vəznlərin də öz tarixi yaşamı missiyasını başa çatdıra bilmək haqqı var. Heca vəzni hələ öz tarixi missiyasını başa çatdıra bilməmiş, başının üstünü əruz kəsdi və hardasa hecanın ifadə imkanları yarımçıq qaldı. Ərəb istilası özüylə bərabər əruz vəznini də gətirdi. Əruzun ahəngə və gücə dayanan əzici üstünlüyü ilə heca vəzni ikinci plana çəkilib, yalnız aşıqların və el şairlərinin çabaları ilə yaşamını sürdürməyə çalışdı. (Bunu demək lazım gəlir ki, heca hər zaman milli oyanışın və dərkin gərəkli olduğu zamanlarda ədəbiyyat meydanında yerini alır.)
On səkkizinci əsrdə, qumsalda batan su kimi, hecanın yenidən gün üzünə çıxışı, geri dönüşüylə ədəbiyyatımızda əruzun təkbaşına hegemonluğuna yavaş-yavaş son verilir. Bu ikili vəzn paraleli hardasa iyirminci əsrin əvvəllərinə qədər davam edir.
Sonra vəznlər hardasa yer dəyişdirir və birincilik hecaya keçir. Bu dönəmə qədər bir çox klassiklərimizin əzmiylə əruz vəzni, demək olar ki, özünün bütün ifadə imkanlarını tükətmiş durumda idi. Çünki bu vəzn, başqa dillərdə demirəm, türkcəmizdə Nəsiminin, Füzulinin, son yüzilliklərdə Şirvaninin, M.Sabirin, H.Cavidin, Şəhriyarın, qismən də olsa Vahidin şəxsində özünü hər yönüylə təsdiqləmiş və tükətmişdi. Yaşı çox olsa da, eyni şeyi heca vəzni üçün söyləmək yanlış olardı. Çünki aradan keçən bunca zaman ərzində heca vəzni özünüifadə imkanlarını hələ tam anlamıyla açmamış, aça bilməmişdi. Bütün bu açılmamış imkanlar qala-qala bu dəfə də Rusiya və Türkiyə üzərindən keçib gələn Avropa ədəbi rüzgarlarının təsiri ilə Azərbaycan şeirinə yeni bir vəzn – sərbəst – calaq edilməyə başladı.
Buradaca F.Dostoyevskinin bir məlum fikrini xatırlatmaq yerinə düşərdi. Dostoyevski ədəbiyyatda, mədəniyyətdə, dövlətçiliklidə hər yönü ilə Avropanı yamsılayıb onun arxasınca sürünən məmləkətinin halına acıyaraq belə yazırdı: “Mən bilmirəm, biz niyə Avropanın quyruğundan yapışıb Avropada sonuncu dövlət olmağa çalışırıq. Bu quyruğu buraxsaq, Asiyada birinci dövlət olarıq...”
Bu fikri yazma məqsədim özlüyündə aydındır: Qərbdən gələn nə varsa kor-koranə təqlid etmək haçandan yenilik yaratmaq olub? Tarixdə bu gedişatın əksini isbatlayacaq o qədər örnəklər var ki: Makedoniyalı İskəndər hərbi qənimət adına Hindistandan qızıl, gümüş yerinə filosofları Avropaya gətirməklə tarix səhifələrində yerini almışdır. Yunan və Alman fəlsəfəsinin təməlində Şərq düşüncəsi, Hind təfəkkürünün bəhrələri dayandığını bilməyən varmı? Hələ mən Avropa renesansının başlanğıcı olan Əndəlüs İslam kültürünü demirəm. Ya da “Dünya ədəbiyyatı” qavramını dünya ədəbiyyatına qazandıran Hötenin sonralar ustadı kimi qəbul etdiyi Hafizi ana dilində oxumaq üçün fars dilini öyrəndiyini xatırlatmaq yerinə düşərdi. Onun dünyaca ünlü “Şərq-Qərb” əsəri Avropada Şərq düşüncəsinin necə yansımasına həsr olunub.
Adamlar kimi beləcə bəzən mədəniyyətlərin, vəznlərin də bəxti gətirmir. Bunu bir baxımdan, ədəbi nəsillərə də aid etmək olar. Çox vaxt belə nəsillərin imzalarını tantmaları və sevdirmələri tarixin “başını itirdiyi”, böhranlı dövrünə düşür. Halbuki ya on il əvvəl, ya da on il sonra doğulsaydılar, bəlkə ədəbi taleləri beləcə laqeydlik burulğanına düşüb burulmazdı. Bunun günahını harada axtarsaq da, onların özlərində axtarmağa haqqımız yoxdur.
Dünya ədəbiyyatına, xüsusilə də Rus ədəbiyyatı tarixinə nəzər salsaq, hər əsrin başarılı “altmışıncılar” nəslinin olduğunu görürük. Bizim ədəbiyyatda da altmışıncı illər nəslinin yaratdığı ədəbi məhsullar hələ də ədəbi tənqidin araşdırma hədəfindədir. Bəlkə sonrakı ədəbi nəsillərin “altmışıncılara” qısqanclığı da bu maraq dairəsinə görədir. Qısqanclıq sadəcə sonrakı nəsillərdə deyil, elə “altmışıncılar”ın öz içində də var. İş o yerə çatıb ki, bu nəsildən olanların bəziləri “altmışıncılar” nəslinin siyahısını tutarkən kəndi simsarlarını, işlərinə yarayanları ön plana çəkməkdən belə, çəkinmirlər. Sanki “altmışıncılar” nəslinə mənsub olmaq əbədiyyətə “putyovka” almaq kimi bir şeymiş. Belə siyahıyaalmaların ədəbi tarix qarşısında bir qara qəpiyə dəymədiyini ən azından yaxın tariximizə nəzər salaraq görmək olar. Bir zamanlar adı ədəbi siyahılara əsla salınmayan, süni yollarla unutdurulmağa çalışılan M.Müşfiqlər, Ə.Cavadlar, xüsusilə Abbas İldırım kimi sənətkarlarımız mənsub olduqları nəslin “döşü ordenli ədəbiyyatçılar”ının önünə keçib ilk sıralarda haqlı yerlərini aldılar. Həm də bunu insanlar yox, anası ölmüş tarixin özü yerbəyer elədi. Bu acı təcrübə, nə yazıq ki, tez unudulur.
Yuxarıda da dediyim kimi, ədəbiyyata altmışıncı illərdə gələnlər mənsub olduqları ədəbiyyatın “Altın çağ”ına şahidlik edirlər. Əsrin “yorulmuş” səksən-doxsanıncı illərində ədəbiyyata gələnlərin qismətinə ya ədəbiyyatın “gümüş çağ”ı, ya da unudulmuşluq düşür. Əsrin əvvəlində ədəbiyyata gələnlər isə bir öncəki nəsillərdən daha şanslıdırlar, yeni doğulmuş uşaq dünya və həyat növbəsində necə ildirım sürətiylə böyüyüb özlərini təsdiqə can atırsa, yenicə yaşamağa başlayan əsrin özü kimi bu çağın ədəbi nəsilləri də eyni misyonu həyata keçirirlər.Bu gündəki Azərbaycan ədəbi mənzərəsinə baxsaq, XXI əsrin əvvəlində ədəbiyyata gələnlərin nə qədər ədəbi tale baxımdan şanslı olduqlarını görərik. Halbuki “ara ədəbi nəsillər” adlandırdığımz ədəbiyyat adamlarından onları, olsa-olsa, 15-20 il ayırır.
Çağımızda bir-birinin boynunu ardını isidə-isidə ədəbi üfüqlərin zəbtinə doğru yol gedən nəsillərin hamısının bir ortaq düşməni var, o da şeirə, sənətə qarşı kütləvi laqeydlik sindromudur! Amma belə baxanda bu bəla ədəbiyatın insanlığın həyatına daxil olduğu aşağı-yuxarı bütün zamanların bəlasıdır.
XIX yüz ilin qırxıncı illərində Belinski təəssüflə yazırdı ki, poeziya publikanın nəzərində bütün dəyərlərini itirib, jurnallar şeiri könülsüz çap edir, bəzən də heç çap etmir, çünki şeir kitablarına həvəs sıfıra enib. Bu fikirlərdən sonra Rusiyada poeziyanın neçə dəfə qabarma və çəkilməsi olacaqdı.
1821-ci ildə Vyazemskiyə məktubunda gənc Puşkin belə yazırdı: ”...Nə deyirsiniz deyin, bizim əsrimiz şairlər əsri deyil. Təəssüflənməyə bir şey yoxdur, amma yenə də çox təəsssüf! Əsl şairlərin çevrəsi getdikcə daralır, oxucu yoxluğundan, çox keçməz ki, şeirlərimizi bir-birimizin qulağına pıçıldayarıq. Buna da şükür!“
Bu sətirləri yazanda Puşkinin cəmi 21 yaşı vardı. Və çox keçməyəcəkdi ki, Rusiya onun sayəsində şeirsevərlər ölkəsi olacaqdı. 1835-ci ildə “Sonuncu şair” şeirində Baratinski belə yazırdı: “Vek şestvuet putyom svoim jeleznım; .V serdtsax korıst i obşaya meçta .Ças ot çasu nasuşnım i poleznım. Otçyotlivıy, besstıdney zanyata”.
Başqa bir önəmli Rus şairi Tütçev baltanı kökündən vurmuşdu: “V naş vek stixi jivut dva-tri mqnovenya, Rodilis utrom, k veçeru umrut...”
Bu örnəkləri yaşadığımız zamana yaxın yazıldıqlarından önə çəkdim. Bütün bunlardan daha öncə Füzuli dədəmiz deməmişdimi:

Bir dövrdəyəm nəzm olub xar,
Əşar bulub kasadi-asar...


Bütün bu gəzişmələri etməkdə məqsədim nədir? Şeirə, sənətə laqeydliyin bir səbəbi dünyanın paraya-pula, maddiyata bağlı gedişatı, məqsədli şəkildə sənətin kütləviləşdirilməsinə canatımdırsa, o bir tərəfi isə bir başa yazı-pozu əhlinin özü və sözü ilə bağlıdır.
İmkanım çatdığı qədər Türkiyə, Rusiya, Azərbaycan mətbuatını izlədiyimdən deyə bilərəm ki, Azərbaycandakı qədər, haqqı oldu-olmadı, vəzifəli, imkanlı, paralı-pullu “qələm sahiblərinə” “bəy tərifi”ni heç yerdə görmək mümkün deyil. Bəzən heç adı Biləcəridən uzağa çıxmayanlar topluma “Türk dünyasının böyük sənətkarı” kimi sırınmağa çalışılır.
Nə qədər ki, Azərbaycan televiziya kanalları Türkiyədə izlənilmirdi, qulağım bir az dincdi. İndi isə az qala elə gün olmaz ki, ya tələbələrimdən, ya müəllim yoldaşlarımdan, lap elə yaşadığım şəhərdəki tanış-bilişlərdən eyni sözü eşitməyim: Hocam, yenə sizin kanallardan bayram, düyün havası gəliyor. Ekranda görünən adam ağzını açmamış biliyorsun ki, yenə birilərinə öygülər söyləyəcək, bu məmləkətin, bu millətin bir dərdi, sızısı, problemi yokmu?
Bu doğru sözlərə, siz olsanız, nə cavab verərdiniz, elə mən də sizin düşündüyünüz cavabı verirəm. Yoxsa bütün bunlar dünyadan qopuq şəkildə əyalət düşüncəsiylə yaşayan məmləkət ziyalısının qaçınılmaz qədəridir. Yoxsa bir zamanlar Türkmənistanda olduğu kimi, bizdə də tənqidin ləğv olunması haqqında fərman verilib, mən xəbər tutmamışam?!

YERİ GƏLMİŞKƏN...

Son illərdə Azərbaycandan Türkiyəyə, heç Azərbaycanda düz-əməlli tanınmayan, “şair”, “jurnalist” qadınların axını başlayıb. Hansı televiziya kanalını açırsan, ekrandan oturana-durana aman verməyən süslü-püsli bir xanıməfəndi başını çıxarır, hansı şeir şöləninə gedirsən, orda da eyni bəla keçərlidir. Şüar söyləyib əl çaldırmaq yarışına girən bu xanımlar ölkəmizin imicinə vurduğu zərərin bəlkə də fərqində deyillər. Bu yaxınlarda Kayseri şəhərində keçirilən şeir şöləninə dəvət almışdım, içimdə tək bircə istəyim vardı, kaş orada yenə bizim “şair” xanıməfəndilərlə qarşılaşmayım. Amma qorxan gözə çöp düşdüyünü bilməliydim. Çoxdan tanıdığım və yaşının səksən ikisində belə, yazılarından yenilik ehtirası fışqıran Bahəddin Qaraqoç da şeir şöləninə gəlmişdi. Kayseridəki radio verilişlərinə və jurnal redaksiyalarına birlikdə gedəcəkdik. Arada, Azərbaycandan gələn şairlərdən giley edəcəkdi: “Sizinkilərə söz verildimi, iki saat səhnədən düşmək bilməzlər, sizinkilərdə bu nə xəstəlikdi bilmiyorum yahu!”
Bahəddin bəyə etiraz etmək istəsəm də, etmədim, qarşıda şeir gecəsi vardı və bu şeir gecəsində şair olmayan xanıməfəndimizə də söz veriləcəkdi və inanırdım ki, o da B.Qaraqoçun ümidin “doğruldacaqdı”. Düşündüyüm kimi də oldu. Gecənin aparıcısı şeir şölənininə qatılanların sayının çox olduğunu nəzərə alıb vaxtı uzatmamağı, bir, ya da iki şer oxumağımızı söyləmişdi. Amma kimə deyirsən, məclisin şıdırğı yerində söz verilən bizim bir xanıməfəndi özü boyda bir çanta ilə tribunaya çıxıb səsinə ayrıca bir artist məlahəti qataraq, suvenirlər paylamağa, sonra da nitq irad etməyə başladı. Əlbəttə bu rəzalətin davamını yazmayacağam. Sadəcə onu deyim ki, az qala bir saata qədər uzanan, içində sənət adına heç nə olmayan bu “nitqin” məclisdəki şairlərə necə təsir etdiyini görməmək üçün başımı aşağı salmaqdan başqa bir əlacım qalmamışdı. Amma xeyri nəydi, başını kola soxan “qırqovul”un “quyruğu” tribunada meydan sulayırdı. Qanımın qaraldığını görən yanımdakı şairlərdən biri: – “Hocam, hiç canını sıkma, – dedi,- biz bu “xanıməfəndinin” bu tür nutuklarına alışığız. Hər yerdə aynı şeyləri söylər, aynı sloqanları atar”.
Bu yazımda uzun-uzun belə can sıxan hadisələrə yer ayırmağımın səbəbi nədir? İlk baxışda xırda şey kimi görünən belə hadisələr vurdumduymazdan gəldiyimizə görə ədəbiyyatımıza, mədəniyyətimizə vurulan zərbələrdir. Bir dəfə demişdim, bir də təkrarlayım ki, millət fərdlərinin sayı ilə deyil, mərdlərinin sayı ilə millət olur. Azərbaycanı xaricdə təmsil məsələsində çox diqqətli davranılmalıdır, çünki bir adamın yanlışlığı bütün bir xalqın ünvanına yazılır, bir adam az deyil, milyon adam çox! Və bir də var olmaqla deyil ki, gərək varis də olsun!

HƏR KİTABIN ÖZ TALEYİ...

Həyat çox qəribədir, bəzən ovçu, vurmaq istədiyi ovu, düzü-dünyanı ayaqladıqdan sonra, evinin qarşısındakı dərədə tapır. Çevrəmizdə yaşca bizdən kiçik olanlara nədənsə yaşını-başını aldıqdan sonra da uşağa baxan kimi baxırıq. Halbuki bir az diqqətli olsaq, ola bilsək, çevrəmizdəki insanların içində nə qədər fərqli talelərin olduğunu görərik. İş otağımdakı kitab rəflərində bir-birinin üstündə qalaqlanmış kitabları dərslik aramaq üçün qarışdırarkən Akif Əhmədgilin “Ürəyimin sümüyü yoxdur” kitabı qarşıma çıxdı. Bu kitabı oxumuşdummu? Yadıma gəlmir! Adətimdir, oxuduğum kitabları karandaşla oxuyur, qeydlər edirəm, açıb baxdım, qeyd-filan yoxdu. 1999-da çap olunan kitabı 2011-də oxumağa başladım. İsti-isti oxusaydım bəlkə də əyər-əksiyini görməyəcəkdim, ya da belə desəm daha doğru olar, görmək istəməyəcəkdim. İndi aradan bir bu qədər vaxt keçdikdən sonra bu kitabın az da keçməyən zaman sınağından necə çıxacağı, əlbəttə, maraqlı idi. Rus yazarı A.F.Losyevin haçansa belə bir fikrini oxumuşdum: Həqiqi bədii əsərlərin başqa yazılardan fərqi orasındadır ki, onlar tükənməzlik özəlliyinə sahibdir. Başqa sözlə, belə əsərləri bir dəfə yox, dəfələrlə oxumaq istəyirsən. Və hər dəfəsində də sənətkar ilhamının yeni keyfiyyətləri ilə qarşılaşırsan.
Akifin kitabını bu istəklə oxumağa başladım. Və oxuya-oxuya da nədənsə onunla ilk tanışdığım günlərə getməli oldum. Tovuzun “Həqiqət” adlanan rayon qəzetində ədəbiyyat dərnəyi vardı. Dərnəyi Oğuz torpağının ən önəmli ağsaqqallarından biri, qəzetin o zamanlardakı dəyişməz redaktoru Musa Musayev açmışdı. Musa Musayevin və onun təşkil etdiyi ədəbiyyat dərnəyinin Tovuzdan çıxan ədəbiyyat adamlarının taleyində ayrıca, danılmaz bir yeri var. Hardasa yetmişinci illərin sonuna doğru rayona səfərlərimin birində “Həqiqət” qəzeti redaksiyasına getmişdim. Təsadüfən o gün ədəbiyyat dərnəyinin növbəti məşğələsi keçirilirdi. Musa müəllim məni dərnək iştirakçıları ilə tanış etdi. Yan-yana oturan, hələ bığ yerləri tərləməmiş iki qardaşı göstərib: – “Namiqlə Akif dərnəyə Alakoldan gəlirlər,- dedi, – çox istedadlı uşaqlardır”.
Akif Moskvada Lomonosov adına Universitetin jurnalistika fakültəsini bitirəcək, çeşidli yerlərdə çalışacaqdı. Sonralar həyatın müxtəlif mərhəlllərində qarşı qarşıya gələcək, hətta 1988-ci ildə yollarımız “Gənclik” jurnalında kəsişəcək, Akiflə eyni iş yerini də paylaşacaqdıq. Amma buna qədər Akifi şair kimi mənə tanıdan bir şeiri diqqətimi çəkəcəkdi: ”Dəniz yaman şirindi”:

...Sərt sular arada çəpərdi bizə.
Vallah ləpələrin suyu bal dadır;
Sənin şirinliyin hopub dənizə,
Dəniz yaman şirindir.

...Düşmüsən könlümə, bəxtimə mənim,
Dəniz sularına düşən ay kimi.
Bir gün qapınıza elçi gələndə
Anan verəcəyi şirin çay kimi
Dəniz yaman şirindir.

...Əl çəkmir dənizdən qağayılar da,
Tamı şirinləşib göy ləpələrin.
Bəlkə çəmənlərin, bəlkə dənizin,
Bəlkə heç sənin də yoxdu xəbərin –
Dəniz yaman şirindir.


Yaddaşıma hopan bu misralar Tovuzdan yeni bir şairin də doğduğunun xəbərçisi olacaqdı.
“Tovuz, tovuzlu” dedim, yadıma neçə il əvvəl bir köşə yazarının ünvanıma atdığı daşlar düşdü.Ünvanıma daş atanlara cavab verib onları şərəfləndirmək adətim deyil. Amma bu dəfə fikrimdən keçdi ki, heç olmasa bir tovuzlu haqqında bir şey yazım ki bu köşə yazarının yalanını gerçəyə döndərib, onu Yalançıoğlu Yartacıq olmaqdan qurtarım. Həm də Akiflə yollarımızın “Gənclik” jurnalında kəsişdiyini demişdim axı.
Görün, köşə yazarı nə yazmışdı: “...Məmməd İsmayılın kim olması barədə geniş arayış vermək lazım deyil. O heç vaxt istedadı və cəsarəti ilə fərqlənməyib. Baş redaktor olduğu “Gənclik” jurnalını Yazıçılar Birliyinin Qazax şöbəsinin almanaxına çöndərib. Onun bircə şeirini oxumuşam...”(Baxın da, adam nə qədər istedad dəryasıdır ki, bircə şeiri oxumaqla yazarın bütün yaradıcılığına dəyər verə bilir)
Əlbəttə, yer üzündə tənqid olunmayacaq kimsə yoxdur, amma bu tənqid insaf ölçüləri içində olmayanda cavab istəyir. Hərcayı sözün mərcayı də cavabı olacaq! Bir də unutmamalı ki, yalnız manikenler geydikləri yeni paltarların hamı tərəfindən bəyənilməsinə çalışır, şairlər, jurnal redaktorları yox!
“Babam mənə kor deyib, gəlib-gedənə vur deyib” misalı, sağa-sola kin talaşası atan bu köşə yazarının sözlərinin yalan və hədyan olduğunu sübut etməyə ehtiyac qalmasa da deyim ki, jurnal, televiziya və radio verilişi deyil ki, təkrar baxmaq, dinləmək, hansısa faktı dəqiqləşdirmək imkansız, ya da çətin olsun. “Gənclik” jurnalının arxivi az-çox yaşamını sürdürə bilən bütün kitabxanalarda saxlanılır. Jurnalın arxivinə adi gözlə belə baxılsa, yuxarıda xatırlatdığım yazının yalan və iftira olduğu anlaşılar. Sadəcə onu demək yerinə düşər ki, əksinə, mən tovuzlullara “yer vermədiyimə”, “çaplarına əngəl olduğuma” görə, aradan 25 il keçməsinə baxmayaraq, xatirə burulğanında hələ də qulağıma vətəndən qürbətə giley-güzarlar gəlməkdə davam edir. Bu yaxınlarda Günel Mövluda müsahibəsində “Yeni Müsavat“ qəzetinin baş redaktoru Rauf Arifoğlu bunu, görün, necə dilə gətirib: “Mən Gəncədə Texnologiya İnstitutunda oxuyanda hər həftə Bakıya, Yazıçılar Birliyində, daha sonra isə “Gənclik” jurnalında keçirilən ədəbi məclisə gəlirdim. O vaxt şeirlər yazırdım. Məclisdə Məmməd İsmayılla Məmməd Aslan həmişə mübahisə eləyirdi. Məmməd Aslan deyirdi ki, a Məmməd, bu oğlan yaxşı yazır, Məmməd İsmayıl isə deyirdi ki, a Məmməd, bu oğlandan şair olmayacaq. Axırda bir gün Məmməd İsmayıl mənə dedi ki, oğul, mənim səninlə heç bir qəsd-qərəzim yoxdu. Necə olur ki, tanımadan-eləmədən, Tovuzun Yuxarı Öysüzlü kəndindən Rauf Abbasov adlı bir oğlanın məqaləsini dərc eləyirəm, amma səni yox?! O vaxt ona demədim ki, həmin oğlan mənəm. Başa düşdüm ki, bu adam mənim öz yazımı mənə misal göstərirsə, deməli şair yox, publisist olmalıyam...”
Bu belə. İkincisi isə hekayəsini çap etmədiyimə görə aradan 25 ildən çox keçməsinə baxmayaraq hələ də mənimlə küsülü olan (V.İsaqoğlu), ya da şerlərini vermədiyimə görə arabir giley edən (B.Əlibəyli) tovuzlular da var. Bəli, baş redaktoru olduğum “Gənclik” jurnalını mən Yazıçılar Birliyinin Qazax şöbəsinin almanaxına bax belə “çöndərmişdim”. Əsərləri “Gənclik” də yer alan, deyək ki, yalnızca Yardımlıdan olan istedadların ümumi sayı Tovuzdan, Qazaxdan olanlardan qat-qat çoxdur. İlk oxuduğumda əhəmiyyət vermədiyim bu “tənqid”i, aradan bir bu qədər vaxt keçdikdən sonra indi niyə xatırlayası oldum? Hə, dedim axı, ən azından bir tovuzlu haqqında nəsə yazım ki, bir köşə yazarını yalançı çıxmaqdan xilas edim...
Kitabını uzun aradan sonra oxuduğum Akif Əhmədgil, yuxarıda dediyim kimi, ədəbiyyata gəliş baxımından “ara nəsillər”in təmsilçisidir. Amma elə indi mənim gec olsa da oxuduğum kitabı bunu deməyə haqq verir ki, Akif Əhmədgil gündəmdə tutulan, dəbdə olan şairlərdən heç də az iş görməyib. Servantes demişkən hər kəs öz gördüyü işin övladıdır.
Tərif deməkdə və yazmaqda hamıdan xəsis olan Ə.Əylisli hələ qırxını yeni haqlayan Əhmədgilə ünvanladığı “Qırx yaşına salam olsun, Akif bəy!” məqaləsində, baxın, nə yazmışdı: “Lap elə bu günlərdə sənin kitabını oxuyub, o kitabın hesabına bir az da kövrəlib qövr eləyən ürəyimi bu şəhərdə küçə-küçə gəzdirəndə çox məhsuldar yazıçılarımızdan birinin çox təntənəli yubiley mərasimində bir vaxt sevdiyim bu fikir birdən yadıma düşdü: “Təbiətdə güclü, selləmə, şıdırğı yağışlar da olur, adicə, sakitcə, aram-aram yağan yağışlar da. Və lap bir anlıq, bircə dəqiqəlik sakit yağan o yağışdan sonra haradasa bir yolun qırağında doğulub dünyaya gələn bir cüt bənövşə bir böyük sevinc olub, bir uşağın xatirində ömürlük qala bilər”. Sən mənim aləmimdə, bu yurddan şairlərin payına düşən sonsuz-sərhədsiz, adsız-ünvansız toprağa asta-asta, aram-aram yağan o YAĞIŞA bənzəyirsən, əzizim Akif”.
Əkrəm Əylislinin bu dəyərli fikirlərinə nə əlavə etmək olar? Niyə mən hər zaman ona sadəcə mənə sayğı göstərən bir insana baxan kimi baxmalı idim? Söhbət Akifin həyat hekayəsindən yox, şair taleyindən gedir. Gözümdə onun şair sehrinin az olmasının səbəbini eyni yerdə çalışmağımızda və mənim ona hardasa istedadlı bir işçi kimi baxmağımda aramaq lazımdır. Burada onun öz günahı da az deyil, çünki jurnalın şeir şöbəsinin müdiri kimi öz şeirlərindən daha çox, köşə yazarının iddia etdiyi kimi, qazaxlıların, tovuzluların şeirlərini yox, istedadlı cavan şairlərin şeirlərini çap etdirmək üçün çalışırdı. Və özünə qarşı tavazö örnəyi olduğundandır ki, budur, bax, mən də o keçmiş alışqanlıqla Akifin kitabını 12 ildən sonra oxuyuram.
Kitabın ilk səhifələrindəki şeirlərdən biri “Adından böyük adamlar” adlanır:

Adından böyük adamlar –arıdı.
Adları – bal.
Hərdən uyub balına
Unutmuşuq
Baldan şirin arını...”


Akif – adından böyük adamdır və elə bilirəm, özü bunu yuxarıda gətirdiyim misaldan da görüldüyü kimi, hamıdan yaxşı dilə gətirib. Və mənə elə gəlir ki Akif hardasa elə bir az özü ilə mənim aramdakı münasibətləri düşünərək, ona istedadlı bir şairdən daha çox, istedadlı bir işçi kimi baxılmağın yanlış olduğunu sübut etmək üçün yazıb bu şeiri. Oxuduğum kitab da bunu deyir hardasa: Mənim sahibimdən yaxşı insan kimi yox, yaxşı bir şair kimi danışmağa səni məcbur edəcəm, hələ bir məni oxu!
Və...”Bu adam”ın:

Ölüm göndərdilər dalınca bir gün
Adına çatmadı, özünə çatdı.
Atlını öldürüb ata mindilər,
Adından kiçik adamlar..

...Dəyərmi, dəyməzmi səhv edilməyə!
Səfərə çıxıbsa Kolumb gəmisi,
Deməli, yenidən kəşf edilməyə
Hardasa yeddinci bir materik var.

Kəşfolunmazlığın kəşfi! Ya da kəşf olunmaq həsrəti! Adına nə deyirsiniz deyin, kitabı oxuduqca yavaş-yavaş adam kimi tanıdığın Akifi şair kimi də kəşf eləməyə başlayırsan.
Həyatın qəribə işləkləri var, bəzən sənin dürüstlüyün, halalığın, mərdliyin, istedadın hamıdan çox sənin başına bəla olur. “Niyə onun etdiyini mən edə bilmədim” qibtəsi hansı fəsadlar törətmir ki?! O adamlar ki halalla yaşamaq üçün yalnız yuxularına haram qatırlar, onlara qarşı kin bəsləyənlərin kini öz qursaqlarında qalacaq:

Mənim bir əlimin beş küçəsi var...
Şəhadət küçəsi, baş küçəsi var.

“Mənim bir əlimin beş küçəsi var.”
Ay mənə ümiddən dərs verən adam,
Verdiyin ümidi saydım minəcən.
Əsnəmə, əsnəyin əsnək gətirər,
Gözlərin yol çəkər gözlüyünəcən...
“Ümid adamına”

Akifin şeirlərindəki kənd də, onun idillik görüntüsü də kimsəyə bənzəməyən bir başqa kənd mənzərəsidir:

...Bənövşə əlləri bəndəmi düşmüş,
Sevən ürəklərin səbri tükənmiş.
Bir qızla oğlanın şəkli bulaqda –
Bu sular nə gözəl şəkilçəkənmiş!

Və...

Nərgiz qoxusu var yaz buludunda,
Torpaq qazansa da, göylər itirir.
Bahar kol dibində kövrək bənövşə
Bulud yamacında şimşək bitirir.
“Yaz günləri”

Rəssamlar gözəlliyi əbədiləşdirib, anı daşlaşdırmağı bacaran bəxtiyarlardır. Zaman daxilində yaşamağa məhkum olanları zaman xaricində tutmaq mümkün deyil, L.N. Tolstoya görə. Sənət dünyası zaman dışında öz dövranını sürdürməkdədir, onda nə Keçmiş var, nə Gələcək, onda sənətkar ilhamı ilə tutulub saxlanılan əbədiyyət ünvanlı İndi var. Kimin qayım poetik yaddaşı varsa, o, yüz yaşında da yeni nəsə deyəcək. Belinskinin sözlərini təsdiqləyəsi olsaq, “poeziya hər şeydən öncə poeziya olmalıdır”. Aşağıda oxuyacağınız ayrı-ayrı şeirlərdən gətirdiyim misallar, elə bilirəm, dediklərimə yetərli sübutdur:

...Bəlkə də hiss edib qarşıdan gələn
Qışın soyuğunu, qışın qarını.
Qara tüstüsündə traktorların
İsidir qarğalar qanadlarını.
“Lövhə”

...Hamletin atası düşür yadıma
Adını deyimmi? Yaddaqalandı.
Oturub içimdə əlində güzgü
Kədərin gözünə güzgü salandı.

...Mən onun adına ümid deyirəm,
Mən onun adına çiçək... solmasın.
Mənə kölgəmdən də yaxın adam var,
Kölgəsi üstümdən əskik olmasın...
“Kölgə adam”

...Belə kor-koranə baxma arxaya,
Boylansan, pis olmaz, sağ-soluna da.
Babəkin qoluna güvənmək yetər,
Bir azca güc elə öz qoluna da!

“Babəkin qoluna tapınmaq yetər”

Nədən güllər, çiçəklər özgürcə zamanı gələndə açıla bilir, nədən sular istədiyi məkandan çıxıb çağlaya bilir, amma bu dünyanın düşüncə sahibi insan rejimlər qəlibinə salınıb sıxılır, azadlıqları əllərindən alınır? Nədən insan yaşadığı zamanın, məkanın “nə deyərlər”indən, “necə deyərlər”indən qurtula bilmir? Bunun günahını harda, kimdə axtarmalı?

Üzü narın-narın tutulub göyün,
Qışın əlindədir qar azadlığı.
Əsli yaxasında qırx düymə-düyün,
Alınıb Kərəmin yar azadlığı..

Bir ana bətnindən üzülüb gəlir
Körpə azadlığı – bir az ərköyün.
Bulud əmcəyindən süzülüb gəlir
Yağış azadlığı anamız göyün.

“Qışın əlindədir qar azadlığı”

Saz-söz mühitindən çıxıb qoşma əlhavasına köklənib şeirlər yazan və hətta haqqsız ad-san qazananlar da yox deyil. Abbas Tufarqanlının, Xəstə Qasımın, Ələsgərin yaratdığı qəlibləri, qafiyə və rədifləri pis bir şəkildə istismar etməklə, yalnız sağ-solundakı ümumi şablona uyğunlaşdırılmış zövqləri, yaşadığın zamanı aldada bilərsən. Vəssalam! Forma, ritm, fikir, qafiyədə yenilik arayışları olmayan şeirin gələcəklə yaxından-uzaqdan bir bağlantısı olmaz. Və alışılmış təkrar mızıltılarla keçici rəğbət və şöhrət qazananların əslində özlərindən sonra gələn təcürbəsiz ədəbi qüvvələrin yollarını çaşdırmalarından başqa bir xidmətləri də yoxdur. Olmaz da!
Saz-söz, qoşma, gəraylı mühitindən çıxmasına baxmayaraq, Akifin şeirlərində mənə ən çox xoş gələn bu şeirlərin arayış içində olmasıdır:

...O körpə uşağın gümanı darda;
Atacaq özünü tankın altına
Əli qumbarada, ayağı gorda...
Bu bayram axşamı, bu bahar ağzı
Bu torpaq qan “içir”, batır günaha.
Əlində oğlunun qara kağızı
Gözündə oğlunun ölüm sevinci
Bir ana üzünü tutur Allaha.
...Sənsən inandığı, sənsən qibləsi.
Bir söylə nə vaxtdan açar olubdur
Cənnət qapısına düşmən gülləsi?
“Müharibə uğrunda mübarizə”

...O gün Sərdar Əsəd asdı özünü
Bir vaxt paltosunu asarmış belə.
...Özünü öldürən söz dəlisinin
Kim deyir qatili peşəkar deyil...

Və o şairin xanımını göz önünə gətirsəniz, gördüyünüz mənzərədən qanınız donar:

Sevirmiş, ondakı ürəyə bir bax –
Sevirmiş ərinin cəlladını da!”

“O gün Sərdar Əsəd...”

Akifin şeirlərinin fikir yükü bəzən yazdığı misralara sığışmır. Cəmi üç misradan ibarət olan aşağıdakı şeirə diqqətinizi çəkmək istərdim:

Paltosuz çiyinlərimə qonan qar,
sən atlısan,
mən piyada.
“Piyada və atlı qar”

Əhmədgil istəsə də pis şeirlər yaza bilməz, yazmağa haqqı da yoxdur, çünki özü öz şeiri ilə pis şeirlərə gedən kəsə yolları çoxdan bağlayıb:

...ilhamın pis vaxtına düşüb,
elə bil pis oğul
yaxşı bir atanın baxtına düşüb,
ilhamın aciz bir vaxtına düşüb
yaxşı şairlərin
pis şeirləri.
“Yaxşı şairlərin pis şeirləri”.


Və beləcə yaxşı şairlərin yaxşı şeirinə misal olaraq yazımı A.Əhmədgilin “Sənin adınadır” şeiri ilə tamamlamaq istədim:

Qar.
Həsrətindən ağarar
papağımın da saçları.
Görüşə çıxmışam-
Sənin adınadır bu görüş.

Adını yazdığım qardan
qartopası hazırlayıb
tutmuşam
sağ əlimdə,-
sənin adınadır bu qartopu,-
adınla
özünü vurasıyam!

Gecikirsən,
əriyir
əlindən tutduğum qartopu da.
Barmaqlarımdan
yağış yağır torpağa-
Sənin adınadır bu yağış!

Sevgi yağışları yaz soraqlı,
hardasa əlində qartopu,
dizəcən qar içində
dayanıb səni gözləyir bahar-
Sənin adınadır bu bahar!
Çanaqqala, Türkiyə. 10-14 yanvar 2012.


Məmməd İSMAYIL


Bu yazı ( 519 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar