12px14px16px18px

“QARA”- BÖYÜK DEMƏKDİR

Məmməd İSMAYIL
14:19 / 28.03.2012
 
“Qardaşın dostun olmaya bilir,
amma həqiqi dost hər zaman qardaşındır..”
           
Mart bayramlar ayıdır, insanları uydurduğu cəmiyyət bayramlarının yox, təbiətin özünün bayramı! Allahın bir gecədə “oyan” sədasından oyanan təbiətin. Yaradan Yeni ilin- baharın gəlişini bütün canlılara xəbər vermək xoşbəxtliyini ayların içində yalnız ona-marta nəsib etdi.Bəs martda dünyaya gələnlər necə? Martda, yazın qədəmlərinin duyulduğu  bir vaxtda  dünyaya gəlmək, dünya qapısını sonuna qədər aralayıb həyat, ömür marafonuna çıxmaq da bir tale payıdır. Baharda doğulan, hətta buna görə adı Novruz qoyulan dost və tanışlarım az deyil.Amma bu günkü yazımın ünvanı martın bithabitində dünyaya gələn bir dostum haqqındadır.Əli ətəyindən uzun dünyanın sayeyi kəramətindən nə yazıq ki, ad günlərini ya vətəndə, ya da dünyanın harasındasa keçirənlərin və mənim də yanında olmalarımı arzulayanların sevincinə şərik olmaq imkanlarım hələlik ki, sıfıra bərabərdi.
Haqqında danışacağım adamın adının önündə bir “Qara” kəlməsi var. Amma bu “qara”nın başqa “qara” olduğunu siz də görəcəksiniz. Müxalifətdə də, iqtidarda da onun hər zaman  vətən sevdalısı olduğunu gördüm. Qaraların qarası Qara Tofikdi o. Əqidəsini dəyişməyən kişilərdən biri olduğunu hər fürsətdə göstərirdi. Bu, onun həyat fəlsəfəsi idi. Adının əvvəlindəki “qara” kəliməsi elə belə göydəndüşmə, təsadüfi bir söz deyildi. Elin gözü tərəzidir, kəlamı bu ad məsələsində də özünü bir daha doğruldur.
Boy boylayan, soy soylayan Dədə Qorqud çağından uzaqlaşılsa da adqoyma mərasimi yenə də qutsal sayılır. Yəni uşaq dünyaya özü gəlir, adlar isə onun özündən asılı olmayaraq aldığı tale payıdır. İnsanların öz iradəsindən asılı olmayaraq verilən adlara bənzədiyi və pis adlı adamların heç zaman yaxşı adam olmadığı da bir gerçəklikdir.
Kəndimizdə hamının bildiyi bir “Qara meşə” “var.Uşaqlıqda bu ad məni məşğul edərdi: yaşıl meşəyə bu qara rəngi niyə yapışdırıblar. “Qara meşənin” qonşuluğundakı isə “Bölük meşə” idi. “Qara meşə”nin sirri sən demə yaxınındakı “Bölük meşə”də  imiş.”Qara meşə” də, “Qaradəniz”, “Qarayazı” kimi böyüklüyünə görə “qara” adlandırılmış.
Altmış il bundan öncə Tovuzun şirin bir qəsəbəsi olan Qovlarda ata-anasına,qohum-əqrabasına sevinc payı kimi bir uşaq dünyaya gəlmişdi, adını Tofik qoymuşdular! Heç irzi-rəngi qara da deyildi.
Uşaqlıqdan ömrün çalxantılı  gəncliyinə, gənclikdən müdriklik cağlarına bir tale yolçuluğu başlamışdı və o uşağın adının önünə  hansı ilin, hansı ayının, hansı günündəsə, heç özünün də xəbəri olmadan bir “qara” ləqəbi yapışdırılacaqdı. Bu söz ilk dəfə kimin ağzından çıxdı, niyə çıxdı və o məchul adamın ağzı fal oldu, bir də gördü hamı onu “Qara Tofik” deyə çağırır. Amma o bu “qaralığı” yadırğamadı. Əksinə o “qaranı” ömrün üfüq zirvələrinə doğru bir az da tündləşdirdi. Çoxlarının hayına yetməsinə görə onu simurq quşuna da bənzətmək olar. Hardasa “lələyinin yandırıldığını”  hiss etdimi, yanınızda olması qaçınılmazdır. Orta və ali məktəblərdə oxuyanda da, Tovuz Rayon Partiya komitəsində katib işləyəndə də,Şamxor rayonunun icra başçısı olanda da (Şamxor çayının sağ sahilində ucaltdırdığı “Koroğlu” heykəlinin açılış təntənələrinin əzəmətini xatırladıqca Anadolu türkləri demiş “tüylərim dikən-dikən” olur. Doğrudur sonralar o heykəlin ayaqda qalmasına imkan vermədilər. Qısa müddətdə işlədiyi Kənt Təsərrüfatı naziri vəzifəsində də, elə indi köməksizə kömək, əlsizə əl tutmaq üçün yaşamağa və işləməyə məhkum olduğu Moskva şəhərində də o elə həmin Qaradır,-Qara Tofikdir!
Altmış yaşına etdiyim bu kiçik qeydlərimi bir üzür haqlıq kimi qəbul etməyəcəyinə inanıram.! Əslində yubileyinə sözümlə yox, özümlə qatılmaq boynumun borcu idi. Amma mənim də onun kimi qürbətdə yaşam mücadiləsi verdiyimi və bu səbəblə də gələ bilmədiyimi bildiyimdən gücüm beş-üç kəlimə sözümə çatdı. Sözə dəyər verməyi çoxlarından yaxşı bacaran dostum, elə bilirəm nə demək istədiyimi hamıdan yaxşı başa düşür: Altmış yaşın mübarək, etibarlı dost! Aristotel demişkən : Dost iki bədəndə yaşayan bir ruhdur,dostunu göstər sənin kim olduğunu deyim, atalar sözümüzdə olduğu kimi dost dostun aynasıdır. Biri o birində əks olunur, biri o birində tamamlanır.Bu məqamda Volterin bir fikri gəldi ağlıma:İlk dəfə oxuduğun kitab kimi ilk kəz qazandığımız dostlardan da həzz alırıq. Oxunmuş kitabı yenidən oxumaq köhnə dostunla yenidən görüşmək kimi bir şeydir. Dost gözü nadir hallarda səhv edər. Bəlkə buna görə də insanı dostuna görə mühakimə edib dəyərləndirirlər.Həqiqi sevgiylə nadir hallarda, həqiqi dostluqla ondan da nadir hallarda qarşılaşırıq. Bax elə buna görə də həqiqi dostları qorumaq, dəyərləndirmək başı çiyninin üstündə olan hər ölümlü bəndənin borcu olmalıdır.Sürgün və hicran yeri olan dünyada dostsuz yaşamağın çətin olduğunu bilən kərəminə min şükür olmuş Allah, insanlığa nə yaxşı ki, dostluq duyğusu da bəxş etmiş. Amerika yazıçısı Franklinin dediyi kimi qardaşın dostun olmaya bilir,amma həqiqi dost hər zaman qardaşındır.Qara Tofik, doğma qardaşı olmayan mənə hər zaman qardaş oldu.Və beləcə bu gün dostumun yox, eyni zamanda qardaşımın, elimizin, obamızın böyük oğlunun-Qarasının ad günüdür.Ad günün mübarək olsun, qardaş!
Mart, 2012, Çanaqqala-TÜRKİYƏ
Məmməd İSMAYIL



Bu yazı ( 222 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar