12px14px16px18px

Çində möhtəşəm 10 gün

Hüseynbala MİRƏLƏMOV
11:12 / 19.01.2012
(Çin Xalq Respublikası barədə düşüncələr)

Yolları yağır etmək, sərhədləri aşıb dağların, düzənliyin, səhranın, meşənin, dənizlərin üstündən adlayıb məmləkətdən-məmləkətə, şəhərdən-şəhərə vardıqca, arılar güllərdən, çiçəklərdən zərrə-zərrə şirə çəkib şana üfürəntək insan da təbiətin, və elə insanın özünün yaratdığı möhtəşəm gözəllikləri hiss və duyğularla qavrayaraq qəlbinin-yaddaşının qatlarına, hücrələrinə topladıqca anbaan, gündən-günə mənən zənginləşir, ruhən ucalır. Şərqin qərbə, şimalın cənuba sarmaşan quru, su, hava, dəmir yolları adamı sirli-soraqlı aləmə aparır, sanki zaman adlı körpü bu günlə keçmişi, həm də gələcəyi bir-birinə qovuşdurur.
Bu gün sevindirici haldır ki, doğma və müstəqil Azərbaycanımızdan dünyanın istənilən ölkəsinə hava yolu ilə səyahət etmək mümkündür.
Böyüklüyündən- kiçikliyindən asılı olmayaraq hər bir ölkə, el-oba bəşər kitabının oxunaqlı və zəngin səhifəsidir. İnsanın dünyayla tanışlığı da irili-xırdalı səyahət kitablarını vərəqləyərkən başlayır.
Keçmişdən üzü bəri uzaq səfər zamanı insanın gəzib–dolaşdığı ölkə haqqında səyahət təəssüratları maraqlı mövzuya çevrilir.
Özüm də bilmirəm, nədənsə həmişə səmadan yer kürəsinin rəngarəng hüsnünü – yaşıl meşə zolağını, mavi dənizini, boz səhrasını seyr edəndə, ayrı-ayrı irqlərə məxsus insanlar barədə düşüncələrə dalıram! Bəzən bir-birindən min kilometrlərlə uzaq, müxtəlif dillərdə danışan insanları yaxınlaşdıran təbiət ilahi bir harmoniya yaradır. Dünyada sanki hər şey bir-biriylə çiyin-çiyinədir. Silsilə şəklində sədlər-sərhədlər bir-birinə söykənib... Təbiətin landşaft dizaynında alçaq- hündür dağların, geniş yaylaların, nəhəng düzənliklərin, bir sözlə, coğrafi təbəqələrin arasında əbədi bir bağlılıq, ortaq məxrəc var.
Ölkələr və millətlər arasında da bu uyarlıq qarşılıqlı işgüzar səfərlərin nəticəsində yaranan əməkdaşlıq, dostluq, anlaşma münasibətlərindən yaranır.

lll
Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan Beynəlxalq Hava limanından çox ölkələrə səfər etmişəm. Hər dəfə də yol qeydlərimi Bakıya dönən kimi ətraflı qələmə almağımı düşünmüşəm. Və bir müddət keçəndən sonra həmin təəssüratlarım nədənsə mənim üçün get-gedə adiləşib.
Amma ötən il noyabrın 8-dən 18-nə kimi Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Çin Xalq Respublikasına 10 günlük möhtəşəm səfərin unudulmaz məqamları məni çox heyran etdi və Bakıya dönməmiş – elə Pekində ikən əlimə qələm almalı oldum. Zəngin səfər təəssüratları hər birimizdə xoş ovqat yaradırdı. Elə ilk yol qeydlərimi apardığım andan Əli Əhmədov üzünü mənə tutub: “Hüseynbala müəllim, yəqin ki, bu qeydləri məqalə yazmaq üçün aparırsınız?”- deyə soruşdu.
Dedim ki, Əli müəllim, Çin səfərimiz barədə nəinki məqalə, hətta maraqlı kitab yazmaq olar. Əli müəllimin “Bu, çox yaxşı olardı” fikri məni səfər düşüncələrimi yazmağa daha da ruhlandırdı.
Bir çin məsəlində deyildiyi kimi, “Min kilometrlik səyahət ilk addımdan başlar”. Bu fikir ağlıma gələndə məşhur rejissor Stanislavskinin “Teatr asılqandan başlayır” söylədiyi fikri xatırladım. İstər böyük sənətçi, istər nəhəng mütəfəkkir, istərsə də lap adi insan olsun, hamının fikrinə sayqıyla yanaşdığım kimi, hər hansı məsələ barəsində mənim də sərbəst düşüncəmi-fikrimi sevimli oxucularımın normal qəbul edəcəyinə əminliklə bir yazar, bir dramaturq, lap elə bir vətəndaş kimi deyərdim, məncə teatr, möhtəşəm mədəniyyət məbədlədindən biri olan teatr binasının asılqanından deyil, çölündən, lap uzaqlardan başlayır. Küçələrdə, dayanacaqlarda, meydançaların bir qırağındakı lövhələrə, binaların divarında yapışdırılmış afişalardan, o afişalarda iri həriflərlə yazılmış tamaşanın və dramaturqun adından, rejissorun, tərtibatçı rəssamın, rolları ifa edən artistlərin adlarından, yaxud radioda, televizorda tamaşa barədə səslənən xəbərdən, qəzetlər, yaxud bilgisayar saytlarında verilən informasiyadan başlayır. Təbii ki, bu uzaqdan başlayan xəbərlər tamaşa-teatr həvəskarları, səhnə vurğunları üçündür.
lll
...Səfər öncəsi telefonum zəng çaldı. Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini Siyavuş Novruzov idi:
– Hüseynbala müəllim, Çin Kommunust Partiyası Mərkəzi Komitəsinin dəvəti ilə Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çinə səfər edəcək. Nümayəndə heyətinin tərkibinə sizi də daxil etmişik. Etirazınız yoxdur ki?
– Əlbəttə ki, yox! – dedim.
Böyük sənətçi Stanislavskinin fikri ilə mənim fikrim üst-üstə düşmədiyi kimi, Çin məsəlində deyilmiş “Min kilometrlik səyyahət ilk addımdan başlayır” fikriylə, mənim düşüncəm burda da haçalanır. Mənim üçün uzaq səfər, möhtəşəm səyahət (bu maraqlı gəzintiylə bağlı yazacaqlarım) bu xəbəri eşitdiyim andan başlandı. Saatlar, günlər ərzində harada olmağımdan, kimlərlə görüşüb müxtəlif məsələlər barədə söhbət etməyimdən asılı olmayaraq Cin səfərim başımdan-fikrimdən çıxmırdı. Nəhəng Cin ölkəsi, onun insanları, mədəniyyəti, tarixi, incəsənəti, fəlsəfəsi, o xalqın psixologiyası barədə oxuyub eşitdiklərimi yadıma salmağa çalışırdım. Səfərdə iştirak edəcək nümayəndə heyətinin tərkibində kimlərin olacağı, təyyarədə kiminlə yanbayan oturacağım, Cin səddini aşmamış, o torpağa ayaq basmamış o nəhəng məmləkət haqqında yeni bilgi, informasiya əldə etmək barəsində düşünürdüm...
Xarici ölkədə ilk dəfə idi ki, ongünlük səfərdə olacaqdım.
Noyabrın 8 –də doğma Bakımızdan havaya qalxan təyyarəmiz Xəzər dənizi və Türkmənistanın üzərindən keçib, Qazaxıstanın hava səmasına daxil oldu. Günəşin işığında bərq vuran gümüşü rəngli dəmir qanadlar sanki mavi səmada asılmış ağ bulud dağlarını yarır. Ucsuz –bucaqsız göylərin ənginliyi önümüzdə qat-qat açılır.
Aşağıda zirvəsi buludları deşən dağ silsiləsi görünür.
Öz yurdunun hüsnünə göydən baxan Çin şairi Qo Mo-jo demişkən: “Bu dağlar illər boyu göz dikmiş səmalara...Yollar boyu burulur, dağların ətəkləri... Seyr edirəm mən yeri, göyün yeddi qatından, dünya kiçik görünür... torpaq mənim altımda cansız xəritə deyil. Bu yeri övlad kimi ürəkdən sevirəm, bil!” Doğurdan da polad quşa minərək, yüz illik məsafəni bir anda qət etmək olur.
Səfər yoldaşlarımla birlikdə böyük maraqla bir-birini əvəzləyən rəngarəng Çin təbiətinin möcüzələrinə tamaşa edirik.
Əvvala, onu qeyd edim ki, bu səfərdə nümayəndə heyətində Milli Məclisin deputatı, YAP icra katibinin müavini Siyavuş Novruzov və məndən başqa Milli Məclisin deputatları Hadi Rəcəbli, Asəf Hacıyev, Rauf Əliyev, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, partiyanın Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov təmsil olunurdular.
Rəsmi xarakter daşıyan səfər barədə KİV- də ətraflı bəhs olunub. Qısaca qeyd etmək istərdim ki, Çinin hakim Kommunist Partiyasının dəvəti ilə həyata keçirilən səfərin əsas məqsədi Azərbaycan ilə Çin, eləcə də iki ölkənin hakim partiyaları arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparmaq idi.

SALAM, URUMÇİ!

Bir neçə saatdan sonra Urimçiyə endik. Burada bizi şəhərin rəhbərləri və kommunist partiyasının nümayəndələri qarşıladı. Birlikdə nahar etdik. Onu da qeyd edim ki, Urumçi şəhərinin mərkəzindən 16 km aralı yerləşən Divopu Beynəlxalq Hava limanı öz xidmətlərinə görə dünyanın ən öndə gedən limanlarından biridir. Limanının işçiləri ölkəyə gələn qonaqlara yüksək səviyyədə xidmət göstərirlər. Yeri gəlmişkən, deyim ki, səfər zamanı qarşılaşdığımız insanların üzündə həmişə təbəssüm gördüm. Urumçi dünya sivilizasiyası tarixində misilsiz rol oynayan Böyük İpək Yolunun keçdiyi və qədimdən türklərin yaşadığı bir məkandır. Bura Çinin qərbə açılan ən əhəmiyyətli qapılarındandır.
Urumçi Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsinin mərkəzidir.
Bir zamanlar Şərqi Türküstanın paytaxı olan bu şəhər Tyanşan dağlarının şimal ətəklərində yerləşir, qədim monqol dilində adı “gözəl örüş” və ya “gözəl otlaq yeri” mənasını verir. Hazırda neft, tekstil, metallurgiya sənayesinin üstünlük təşkil elədiyi Urumçi qədim İpək yoluna şahidlik edən tarix və mədəniyyət abidələri ilə zəngindir.
Eramızdan əvvəl I-II əsrlərdə dəvə karvanları üçün ən gediş-gəlişli bu yol Azərbaycandan keçirdi. “İpək yolu” kimi tanınana qədər bu yolu qədim yunan səyyahı, coğrafiyaşünası və tarixçisi Strabonun şərəfinə “Strabon yolu” adlanırdı. Strabonun ilk dəfə öz xəritəsində göstərdiyi yol Xəzər dənizinə çatandan sonra Azərbaycan ərazisindən ötüb-keçirdi.
Cini Avropaya qovuşduran bu qədim karvan yolunu ilk dəfə 1879-cu ildə alman tədqiqatçısı Ferdinand fon Rixtfogen “Çin” adlı klassik əsərində “Böyük ipək yolu” terminini işlətmişdir.
Azərbaycan türkcəsinə ən yaxın şivədə danışan, özlərini türk adlandıran uyğurların və ya şərqi türküstanlıların Çində rəsmi sayı 10 milyondur. Qeyri-rəsmi məlumatlara görə isə onların sayı 80 milyonu keçir. Rəqəmlər arasında olan bu fərq Çin hökumətinin tətbiq etdiyi ailə planlaşması siyasətindən qaynaqlanır. Bu siyasətə görə xan ailələri 1 uşağa, uyğur ailələri isə 2 uşağa malik ola bilər.
Müsəlman olan uyğurlar bu qadağalara tabe olmurlar və adətən, uyğur ailəsində aşağısı 4-5 uşaq olur. Buna görə də uyğurların çoxu Çinin rəsmi təhsil sistemindən kənarda qalaraq, Kaşqar və Urumçi kimi iri şəhərlərdə belə mollaxana təhsili ilə kifayətlənirlər və rəsmi qeydiyyata düşmürlər...
Dünya mətbuatının yazdığına görə bu fərq Sincan rayonunun mərkəzi şəhəri olan Urumçinin əhali sayında da özünü göstərir. Rəsmi məlumatlara görə, Urumçinin 2,6 milyondan çox əhalisi var və onların yalnız 14 faizi uyğurlardır. Qeyri-rəsmi məlumatlara görə isə Urumçidə 10 milyon əhali yaşayır və onların 5,5 milyon uyğur, 4,5 milyonu isə çinlidir. Şəhərdə yaşayan çinlilərin əksəriyyətinin uyğurca bilməsi qeyri-rəsmi məlumatların daha doğru olduğunu göstərir.
1960-cı ilədək Urumçi 300 min əhalisi olan və yalnız uyğurların yaşadığı bir şəhər idi...
60 –cı illərdən başlayaraq şəhər əhalisinin sayi bura kütləvi sürətdə çinlilərin köçürülməsi ilə sürətlə artdı. İndi Urumçidə çinlilərdən sonra uyğurlar əhalinin sayına görə ikinci yeri tutur. Muxtar bölgə əhalisinin 43 faizə yaxınını uyğurlar təşkil edir. Burada qazaxlar, oyratlar (kalmıklar), monqollar, ruslar, özbəklər, tatarlar və başqa azsaylı xalqlar da var. Şəhərdə diqqəti cəlb edən reklam xarakterli stentlərin əksəriyyəti çin və uyğur dilində yazılıb. Uyğur dili X əsrdən bəri ərəb qrafikası əlifbası ilə yazılır. 1969-1983 illərdə Çin hökuməti uyğur dilini latın qrafikalı əlifba ilə yazdırmış, lakin sonralar ərəb qrafikalı əlifbaya qayıtmağa məcbur olmuşlar. Araşdırmaçıların yazdığına görə, uyğurlar hunların birbaşa təmiz kökdən gəlmə törəmələri sayılırlar. Uyğurlar başqa xalqlarla heç bir qatqısı olmayan təmiz türkəsilli, türk genli və həddən artıq çalışqan xalqdır...
Tarixi qaynaqlardan məlumdur ki, bu ərazilərdə qədim zamanlarda Uyğur xaqanlığı, Uyğur imperiyası mövcud olmuşdur. O dövrdə uyğurlar o dərəcədə gücə –qüdrətə malik olub ki, Tan imperiyası onlara bac-xərac verirdi.
Qərinələr boyu Şərqi Türküstan kimi tanınan bu ərazi Mərkəzi Asiyada qurulan Türk dövlətlərinin və xanlıqlarının mərkəzi sayılmışdır.
E.ə. VIII-III əsrlərdə İskit, e.ə. 300 – eramızın 93-ci illərdə Hunlara, 522-744 dövründə Göytürk İmperatorluğuna, 744-840-ci illər ərzində Uyğur dövlətinə, 751-870-ci illər Qarluq və Qaraxanlılar İmperatorluğuna və Səudiyyə Xanlığına mərkəz olan (1509-1679) bu Türk yurdu tarixdə daim böyük əhəmiyyət kəsb etmişdir. VIII və XVIII əsrlər arasındakı min illik dövr Çin İmperiyası ilə əhəmiyyətli dərəcədə mədəni və siyasi əməkdaşlığın həyata keçirildiyi bir sülh dövrü olmuşdur. Ancaq bu sülh dövrü Şərqi Türkistanın 1759-ci ildə Çin Mançu İmperiyasının işğalı ilə sona çatmışdır. 1759-cu ildən bu yana Şərqi Türküstanda 200-dən çox silahlı qiyam olmuş və Şərqi Türküstan xalqı 3 dəfə azadlıq əldə edə bilmək fürsəti qazanmışdır. 1863-cü ildə müstəqilliyinə qovuşan Şərqi Türküstanda Yaqub Xanın sədrliyi ilə “Şərqi Türküstan İslam Dövləti” qurulmuş və bu dövlət Osmanlılar, İngiltərə və Rusiya tərəfindən rəsmi olaraq tanınmışdır.
Ancaq bu müstəqil Türk dövlətinin ömrü qısa sürmüş və 1876-ci ildə Çin-Mançu dövləti tərəfindən yenidən işğal edilmiş və 1884-cü ildə Sincan “Yeni Torpaq” adı ilə Çin İmperatorluğuna birləşdirilmişdir.
XX əsrin əvvəllərində Mərkəzi Asiyada geniş vüsət alan millətçilik axını nəticəsində 1933-cü ildə Kaşgarda Şərqi Türküstan İslam Respublikası qurulmuşdur. Bu Respublikanın ömrü 1937-ci ildə Sovet İttifaqının Çinə fəal dəstəyi sayəsində başa çatmışdır. 1944-cü ildə “Üç Vilayət İnqilabı” olaraq tanınan qiyamlar nəticəsində Şərqi Türküstan Əli xanın başçılığı ilə Şərqi Türküstan Respublikasını qurmuşlar. Bütün Çinə hakim olan Kommunist Çin Silahlı Qüvvələri 1949-cu ildə İ.Stalinin də xeyir-duası ilə Şərq Türküstana girərək, bu tarixi Türk ölkəsini rəsmi olaraq işğal etmişdir. Əfsuslar olsun ki, belə zəngin, tükənməz ruha, dövlətçilik tarixi olan uyğurlar bu gün Urimçidə indi uyğurlar azsaylı xalqlardan biri sayılır. Xatırladım ki, Azərbaycanı ölməz musiqi əsərləri ilə dünyaya tanıdan böyük bəstəkarımız Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası 1947 –ci ildə Urimcidə uyğur dilində səhnəyə qoyularaq, (12 il sonra – yəni 1959 –cu ildə bu tamaşa Pekində Eksperimental Opera Teatrı səhnəsində çin dilində tamaşaya qoyulmuşdur) hərarətlə qarşılanmışdır. O dövrdə Pekində nəşr olunan qəzetlərin hamısı tamaşa barəsində məqalələr yazmış, şəkillər dərc etmişdir.
lll
Urumçi Çində ilk qədəm basdığımız şəhər oldu.
Onu da deyim ki, Çinin ən böyük külək enerji mərkəzi burada yerləşir. Qabağa qaçıb bildirim ki, on gündən sonra elə buradan Urumçi – Bakı marşurtu üzrə hərəkət edən avioreyslə vətənə yola düşəcəkdik...
Hələlik bizi irəlidə möhtəşəm on günün əlamətdar və unudulmaz məqamları gözləyirdi.
lll
...Bir azdan təyyarə Urumçidən havaya qalxıb Pekinə istiqamət götürdü, mən ilmünatordan aşağı boylananda, Azərbaycan – Çin münasibətlərinin tədqiqi mövzusunda bir sıra dəyərli elmi məqalələrin müəllifi Elcan Həbibzadənin “Salam, Çin” kitabindan oxuduğum bir fikri yada saldım: “Əgər Çinin ərazisinə yuxarıdan baxsan, o, qərbdən şərqə enən dördpilləli pilləkəni xatırladar”.
Bu pilləkənlə ölkə dünya mədəniyyətinin əzəmətli abidəsi kimi ucalır. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvi “Yeddi gözəl” poemasında Çin ölkəsini öz qələmiylə dünyanın 7 böyük ölkəsindən biri kimi təsvir edir. Dahi şair eyni zamanda Çindən sirlər ölkəsi kimi söhbət açır.
“Xosrov və Şirin” əsərində şair öz qəhrəmanı Şapurun dili ilə Fərhadın Cində memarlıq peşəsini öyrəndiyini bildirir:

Biz Çində onunla yaşıd olmuşuq,
Bir yerdə oxuyub yaşa dolmuşuq.
Ustamız bilirdi hər bir peşəni,
Mənə qələm verdi, ona tişəni.

Bir sözlə, şair öz əsərlərində Çindən bəhs edərkən onun necə qüdrətli, mədəni və sülhsevər ölkə olduğunu təsvir edir.
Ən maraqlısı budur ki, Nizami Gəncəvi “Xoşbəxtlər ölkəsi” adlandırdığı xəyali bərabərlik cəmiyyətini də Çin sərhədlərində göstərir. Həmid Araslı öz araşdırmalarında bu faktın təsadüfü olmadığını bildirir:
“Çox ehtimal ki, Nizamı Çin xalqının tarixində yeni eranın 184-cü ilində başlanan Sarıçalmalılar üsyanı ilə və bu üsyanın rəhbərləri tərəfindən irəli sürülən “Böyük azadlıq yolu” nəzəriyyəsi ilə tanış imiş.” Buradan belə qənaətə gəlmək olar ki, hələ on ikinci yüzillikdə Çin xalqı, Çin mədəniyyəti haqqında Azərbaycanda mövcud olan mükəmməl məlumatlar şairin əsərlərində öz əksini tapmışdır.
Burada, abunəçisi olduğum “Azərbaycan” jurnalında gözəl yazıçı, sənətşünas Sara Oğuzun çap olunmuş Çin sənətindən, bu sənətin zərifliyindən, poetik, dərin fəlsəfəsindən, mətbəxtindən bəhs edən gözəl məzmunlu məqaləsini xatırlayıram.
Dünyadakı ən qədim mədəniyyətlərdən biri olan Çin təqribən 4-5 min illik yazılı tarixə sahibdir.
Ölkə ərazisinin böyüklüyünə görə dünyada üçüncü, əhaliyə görə isə birinci isə yeri tutur. Çin Mərkəzi və Şərqi Asiyanın ən böyük dövləti olaraq geniş torpaqlarında təbii sərvətlərlə zəngindir. Müasir Çin birbaşa mərkəzi hökümətin idarəsi altında olan 23 əyalətə, 5 muxtar bölgəyə və 4 mərkəz tabeliyində olan bələdiyyəyə bölünmüşdür. Bu inzibati vahidlər 30 muxtar vilayət, 650 şəhər və 1716 rayon səviyyəsində inzibati vahiddən təşkil olunmuşdur. Rayon inzibati vahidləri 30000-dən çox qəsəbə və 17000-dən çox nahiyədən ibarətdir.
(Ardı var)
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı



Bu yazı ( 219 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar