12px14px16px18px

Seyid Miriş ağa

Hüseynbala MİRƏLƏMOV
02:39 / 14.01.2012
“...Orda bir dağ var uzaqda,
O dağ bizim dağımızdır.
Enməsək də, çıxmasaq da,
O dağ bizim dağımızdır”.
Əhməd Qüdsi Tecer

Eh, qırx da gəlib çatdı. Hələ il də gələcək, qərinə də, əsr də...
Dərd də, kədər də, sevinc də insan kimidir, doğulur, yaşa dolur, qocalır, sonra da ölür...
Bu dünyada qocalmayan, ölməyən yalnız ruhlardır. Bəli, ruhlar qocalmır, ruhlar ölmür! O kəslərin ki, onlar müqəddəsdirlər, onlar əməli salehdirlər! Onlar təkcə doğulduqları ölkənin yox, mənsub olduqları millətin yox, bəşəriyyətə məxsus insanlardır! Onların ürəyi bəşəri duyğularının yuvasıdır. Onların ruhu günəşə çevrilib insanlara əvəssiz işıq, nur, xeyirxahlıq, bərəkət, halallıq, saflıq bəxş edir. Sənin ruhun da, səni tanıyanlar, səni sevənlər üçün qırx gündür ki, dağlarda çaxan şimşəyə, üfüqdə parıldayan şəfəqə dönüb, yolunu azanlara bələdçilik edir.
Qoy bu ruh heç vaxt pərişan olmasın, Seyid Miriş ağa!
Qəbrin nurla dolsun, ey nurdan doğulan nurlu insan!..

lll

Qafqazın ikinci Şeyxülislamı Axund Fazil İrəvaninin yeganə nəvəsi və varisi Mirzə Sadiq rəhmətə gedəndən qırx gün sonra Urud kəndinin ağsaqqalları bir yerə yığışıb belə qərara gəldilər ki, müqəddəs ocağı boş qoymasınlar. Həm də oranı elə adama etibar etsinlər ki, dürüstlüyünə, əməli salehliyinə görə müsəlmanlar arasında tanınmış olsun. Xeyli götür-qoydan, məsləhət-məşvərətdən sonra axırda Ordubadın Vələver kəndindən vaxtı ilə Sisyanın Qızılcıq kəndinə mömin şəxs kimi dəvət olunmuş, 17 il orada yaşayandan sonra Uruda köçən, Zəngəzur, Naxçıvan, Qarabağ mahallarında, hətta Orta Asiyada adı hörmət və etiramla çəkilən ağır cədd və kəramət sahibi Seyid Mirismayıl ağaya pənah apardılar.
Seyid Mirismayıl ağa onları səbrlə dinləyəndən sonra dedi:
– Düzdür, yaşlı ağacı bir yerdən çıxarıb başqa yerdə əkmirlər, amma mən iki şeyə görə təklifinizi qəbul edirəm. Birincisi, o cür möminlərin müqəddəs ocağı boş qalmasın. İkincisi də mənə inanmış, pənah gətirmiş sizin kimi Allah bəndələrini ümidsiz qaytara bilmərəm.

lll

Seyid Mirismayıl ağa axar-baxarlı Urud kəndinə də, səmimi, istiqanlı, hörmətcil Urud camaatına da çox tez alışdı. Hətta ona elə gəlirdi ki, elə burda – Bazarçayın sahilində doğulub, “Pürül”, “Gəncalı adası”, “Bal bağı” və “Güllü bağ” bağlarında böyüyüb, dupduru, şipşirin sulu “Zor bulağ”ının suyundan içib, “Sarı güneyə”, “Üztəpə”, “Güllü yurdu”, “Hacallı” yaylaqlarının saf havasını udub.
Seyid Mirismayıl ağa Mirzə Sadığın abad mülkünü, bağ-bağatını əlinin zəhməti, alının təri ilə daha da gözəlləşdirdi. Allaha xoş gedən çoxlu savab işlər gördü, ocağını ziyarət edən, cəddinə pənah gətirənlərin sayı gündən-günə artdı.
...Bu ocağa kimlər gəlməzdi. Ümidi hər yerdən üzülənlər, uşağı olmayanlar, xəstə və şikəstlər. Belə deyirlər ki, həmin xəstələr bir gecə ağanın evində qalandan sonra şəfa tapıb, evlərinə dönərdilər. Kim ki, sidq ürəklə niyyət edib, ocağa nəzir deyirdisə, mətləbi hasil olurdu. Ocağa Sisyan camaatından başqa Azərbaycanın əksər yerlərindən Füzulidən, Cəbrayıldan, Ağdamdan, İmişlidən, Naxçıvandan, Zaqataladan, hətta Orta Asiyadan, xüsusilə Qazaxıstan və Qırğızıstanda yaşayan azərbaycanlılar da pənah gətirirdilər.
Xalq arasında ocağa o qədər inam vardı ki, hətta bəziləri “filan işim düzəlsin, oğlum gedib Seyid Mirismayıl ağanın bir ay qulluğunda dayansın” – deyə niyyət edirdilər.
Seyid Mirismayıl ağa ocağa gətirilən nəzirləri həmişə xeyirxah işlərə sərf edirdi. Ərə gedən kasıb qızlara cehiz verirdi. Kimsəsiz bir adam dünyasını dəyişəndə dəfnini təşkil edər, ehsan verər, mərhumu müsəlman adət-ənənəsi ilə son mənzilə yola salar, yasinini oxuyardı. Ümumiyyətlə, Seyid Mirismayıl ağa imkansız adamların nəzirlərini götürməzdi, qəlbinə toxunmamaq üçün son dərəcə nəzakətlə deyərdi ki, bunu da mən sənə bağışlayıram, halal xoşun olsun. Ən qəribəsi o idi ki, ətrafda yaşayan ermənilər də dilək tutur, diləkləri qəbul olunanda nəzir-niyaz, pay-puşla Seyid Mirismayıl babanın ocağını ziyarətə gələr və onun cəddini cağırıb, qurban – sadağa edərdilər.

lll

Seyid Mirismayıl ağa rəhmətə gedəndə (1954-cü il) böyük oğlu Seyid Miriş ağanın iyirmi yeddi yaşı vardı. Atasını müsəlman qanunları və el adəti ilə adi Urud qəbirstanlığında dəfn etdi, qəbrin üstündə kümbəz tikdirdi. Çox çəkmədi ki, Mirismayıl ağanın evi kimi qəbri də ziyarət yerinə çevrildi, adamlar ora nəzir gətirir, günbəzin ətrafında qurban kəsirdilər.

lll

Ot kökü üstə bitər deyiblər. Seyid Miriş ağa cavan olsa da, özünü oturuşmuş, yaşlı adamlartək ağır aparır, atası kimi ehtiyacı olanlara, kimsəsizlərə, yetimlərə əl tutur, səxavət kisəsinin ağzını həmişə açıq saxlayırdı. O yaxşı bilirdi ki, illər uzunu qazanılmış ad-san, etiqad, inam, ümid yeri, şan-şöhrət onun ocağından çox asılıdır. Əlbəttə, illərlə qazanılmış hörmət-izzəti qoruyub saxlamaq şərəfli olduğu qədər də, çətin və məsuliyyətli idi.
Fəqət, hər bir adamın xəlbirdən keçdiyi, sınağa çəkildiyi bir məqam olur.
1988-ci il, azğınlaşmış erməni ekstremistləri illər boyu hazırladıqları mənfur planı həyata keçirmək üçün min oyundan çıxırdılar. İştahları böyük idi: Ermənistanı türklərdən təmizləmək, Dağlıq Qarabağı və ona bitişik əraziləri – Ağdamı, Fizulini, Kəlbəcəri, Qubadlını, Laçını, Cəbrayılı, Zəngilanı zəbt etmək! Bəli, dünən Seyid Mirismayıl ağanın ocağına nəzir gətirənlər bu gün onun yurd-yuvasını dağıtmağa, viran qoymağa hazır idilər.
lll

Günlərin bir günü üz-gözünü tük basmış, saqqallı erməni qulduru Seyid Miriş ağanın qabağını kəsib deyir:
– Ara, sən istəsən evini Bakıya, Sumqayıta, Gəncəyə dəyişə bilərsən. Oralarda bura gəlmək istəyən erməni çoxdur. Nəyi gözləyirsən?
Seyid Miriş ağa sərt şəkildə:
– Mənim evim ocaqdır, ocağı nə dəyişərlər, nə də satarlar – cavab verir.
– Özün bilərsən. Məndən deməkdir. Bir gün görəcəksən, mal-qaranı qırıblar, bir gün görəcəksən, ağaclarını kəsiblər, bir gün görəcəksən, tayana od vurublar. Nədir? Gəmidə oturub, gəmiçi ilə dava etməyəcəksən ki?
Seyid Miriş ağa daha dözmür:
– Ə, sən nə həyasız adamsan? Nə vaxtdan gəmiçi olmusan? İrəvan xanlığının axırına çıxmısınız, indi də gözünüzü tikmisiniz Qarabağa? Əl çəkin türk torpaqlarından! Sizinki lap, yersiz qəldi, yerli qaç oldu. Mənə toxunan xeyir tapmaz!

lll

...Bir milis Civan varmış, Urudun sahə inspektoru. Ona Sisyan rayon partiya komitəsinin 1-ci katibinin göstərişi ilə rəisi 1974-də aprelin 24-ü uydurma, genosid günündə Qubadlının qışlağından qayıdan günü Seyidin 90 baş qoyun-quzusunu, 10 baş mal-qarasını dabaq adı ilə kəsmək tapşırıqı verilmişdi. Mal-qaranı kəsdirəndən sonra Seyid Civanı haqsız iş gördüyünə görə Allaha tapşırır. Aradan bir ay keçmir ki, Civan elə Üçtəpədə qoyun-quzunu, mal qaranı kəsdirildiyi yerdə motoskiletlə qəzaya uğrayıb cəhənnəmə vasil olur.
Min illərlə adı Üçtəpə olan həmin yerə camaat “Civanölən” deyirdi.
Demə, həmin Civan Seyid Miriş ağanın qabağını kəsən saqallı erməninin dayısı imiş.
– Ara, mənim dayım nə elədiyini də yaxşı bilirdi. Genosid günü biz üç milyon insan qurban vermişik, sən də 100 baş qoyun-quzu, mal-qara. Hələ bir danışırsan? İndi ki, belə oldu, sənə üçcə gün möhlət verirəm: evini ya dəyiş, ya da sat, yoxsa peşman olarsan, bir böyür-başına bax da, hamı gedir...

lll

Seyid Miriş evinin nə dəyişdi, nə də satdı. O, həqiqətən də bu əqidədə idi ki, ocaq nə satılmaz, nə də dəyişdirilməz. Odur ki, 1988-ci il dekabr ayının 2-də el-oba ilə birlikdə doğma yurdu tərk elədi, amma günlərin bir günü hökmən geri qaytarmaq ümidi ilə. Seyid Miriş ağa qəlbən inanırdı ki, qec də olsa, işıq zülmətə, haqq haqsızlığa, həqiqət yalana qalib gələcək...

lll

Tanınmış şair-publisist Musa Urud itirilmiş Qərbi Azərbaycan ellərinin tarixi taleyindən, etnoqrafiyasından, adət-ənənəsindən dəyərli insanlarından geniş söhbət açdığı “Urud” kitabında yazır: Biri var idi, biri yox idi, Allahın altında, dağların qucağından, dünyanın pisliyindən və naqisliyindən xəbərsiz yaşayan 110 evli bir kənd var idi.
Əzəli və əbədi türk məskəni olan bu kəndin qədim qəbiristan və qəbiristanın yanında şəstlə ucalan Babək qalası var idi. Bütün kənd hər səhər qibləgah kimi ora baxıb salavat çevirərdilər.
İndi rüzgarın üzü döndükcə qəbiristandan qədim qəbir daşları tədricən daşınan həmin qalanın adı dəyişdirilib “David berd” qoyulan Urudun sərgərdan övladları harada yaşamalarından asılı olmayaraq, hamısı hər gecə üzü eyni bir səmtdə yatır, eyni yuxunu görür – yamyaşıl salxım söyüdlərin altında ağayana-ağayana axan Bazar çayı, çayın bir sahilində qürurlu, məğrur-məğrur ucalan Babək qalası, o biri sahilində isə babalarımızın məzarı olan, üstündə sərgərdan ruhlar dolaşan minillik kənd qəbiristanı. Bu adamlar bundan sonra qərinələr ötsə də, gecələr o yuxunu görəcəklər və arxasında o qala, o məzarlıq olan dağlara tərəf baxıb salavat çevirəcəklər...

lll

Doğma yurdunu tərk etmək zorunda qalan, dünya malında gözləri olmayan urudluların indi yalnız bir nigarançılığı var: Ulu əcdadlarının uyuduqları qədim qəbiristanlıq... Görəsən ermənilər oranı da dağıdacaqlarmı?.. Ocağa, inam, etiqad yerinə çevrilmiş qəbirin üstündəki günbəzi uçuracaqlarmı? Yəqin ki. Axı, onlar türk tarixinə, mədəniyyətinə mənsub hər şeyin, bütün maddi və mənəvi varlığın, dəyərlərin izlərini silməyə adət ediblər...
Sən demə, urudlular nigaran olmaqla haqlı imişlər. Hər cür təhlükəni göz altına alan şair Musa Urud çətin də olsa, doğma yurda gedə bildi və təəssüf ki, oradan acı xəbərlə döndü: qədim türk qəbiristanlığındakı məzarlar kimi, Seyid Mirismayıl ağanın qəbrinin günbəzi də dağıdılmışdı. Urudlular qisasa qisas! – deyəndə Seyid Miriş ağa onları sakitləşdirib təmkinlə “Yox, biz erməni qəbiristanlığını dağıtmayacağıq. Bu dünyada hər xalq öz adına layiq iş tutur. Vandalizm – mədəniyyətsizlikdir, vəhşilikdir və heç kimə baş ucalığı gətirmir. Biz o torpaqlara qayıdacağıq, hökmən qayıdacağıq. Dağıdılmış qəbiristanlığımızın yenidən möhtəşəm “İnsanlıq” abidəsi ucaldacağıq!” söylərdi.
Elə bu arzu ilə də dünyadan köçdü...

lll

Eh, qırx da gəlib çatdı. Hələ il də gələcək, qərinə də, əsr də...
Dərd də, kədər də, sevinc də insan kimidir, doğulur, yaşa dolur, qocalır, sonra da ölür...
Bu dünyada qocalmayan, ölməyən yalnız ruhlardır. Bəli, ruhlar qocalmır, ruhlar ölmür! O kəslərin ki, onlar müqəddəsdirlər, onlar əməli salehdirlər! Onlar təkcə doğulduqları ölkənin yox, mənsub olduqları millətin yox, bəşəriyyətə məxsus insanlardır! Onların ürəyi bəşəri duyğularının yuvasıdır. Onların ruhu günəşə çevrilib insanlara əvəssiz işıq, nur, xeyirxahlıq, bərəkət, halallıq, saflıq bəxş edir. Sənin ruhun da, səni tanıyanlar, səni sevənlər üçün qırx gündür ki, dağlarda çaxan şimşəyə, üfüqdə parıldayan şəfəqə dönüb, yolunu azanlara bələdçilik edir.
Qoy bu ruh heç vaxt nigaran qalmasın, Seyid Miriş ağa!
Qəbrin nurla dolsun, ey nurdan doğulan nurlu insan!..

P.S. Bu esseni yazmaq qərarına gələndə dostum, görkəmli şair Musa Urudla məsləhətləşdim.
“Yaz!” – dedi və yazdım.
Çox sağ ol, əziz dostum, gözəl şair Musa Urud!

Hüseynbala MİRƏLƏMOV


Bu yazı ( 380 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar