12px14px16px18px

“Yazıq o şəxsə ki, qaraqabağdır”

Zöhrə ƏsgƏrova
00:20 / 23.09.2011
Bu yaxınlarda milliyyətcə özbək olan Əzizə Taksanovanın “Qəmli kloun” haqqında kiçik nağılını oxuyub bərk təsirləndim. Nağıl uşaqlar üçün çox səmimi bir dildə yazılmışdı. Onu oxuyanda elə bil yenidən uşaqlığıma qayıtdım. Həyat gözlərimdə nağıllaşdı, yeniləşdi, qəlbim təmizləndi. Məqsədim yeniyetmə Əzizə Taksanovanı təbliğ etmək deyil, başa düşdüm ki, biz böyüklər tez-tez uşaq hekayələri, nağıllar oxumalıyıq.
Nağılda sirkdə çalışan Dinamik adlı kloun tamaşaçılarına şən əhvalatlar əvəzinə qəmli əhvalatlar danışıb onları kövrəldirmiş. Sirkin direktoru tamaşaçılarını itirməyə qorxaraq, Dinamiki işdən qovub deyir ki, gedin dramatik teatrda çalışın, tragik rollar oynayın. Lakin heç kim bilmirdi ki, Dinamikin qəmli olmasına səbəb tənhalığıdır. Onun həyatda əsl dosta böyük ehtiyacı var.
Hind kino filmlərini xatırladan yağışlı bir axşam küçələri tənha gəzərkən o, yiyəsiz bir itə rast gəlir. Onlar nağıllarda olduğu kimi bir-biri ilə yaxından tanış olurlar. Hər ikisi dost tapmaq ümidi ilə bir-birinə ürəyini açır. Sən demə, it aktyor məharətinə malikdir. Sirkdə oynayacaqları şən səhnəciklər haqqında danışa-danışa küçədəki soyuq yağışı, tənhalığı unudurlar.Yanlarından keçənlər onlara maraqla baxırlar ki, bu soyuq axşamda iki dost bir yerdə necə də xoşbəxt görünürlər. Qəmli kloun o gündən sonra minlərlə tamaşaçısını güldürməyə başlayır. İnsanlara gülüş bəxş etməkdən yaxşı nə ola bilər? Bernard Şounun uşaq ədəbiyyatına verdiyi maraqlı bir tərif yadıma düşdü: “Ən yaxşı uşaq kitabları böyüklər üçün yazılıb.” Əgər biz boş vaxtlarımızda televizor ekranlarında kriminal, dedektiv janrında çəkilən seriallara baxıb həyəcanlanmaq əvəzinə nə vaxtsa oxumağa gecikdiyimiz uşaq kitablarını yenidən açıb oxusaq, axşam yatanda da karvalol qəbul etmərik.
Allahın yaratdığı canlılar arasında ən zərif, ən zəif varlıq insandır. İnsan yeganə varlıqdır ki, Allah ona təbəssüm, gülüş bəxş edib. Belə anlarda insanın gözləri də sevinclə gülür, göz yaşları ilə dolur. Elə bil sevincin buzları əriyir gözlərimizdə.
Amerikalı nevroloq Uilyam Fraya görə insan gülərkən bu zaman beynin mürgüləyən hissəsi aktivləşir. İnsan güləndə onun bədən əzələləri gərginlikdən azad olur. Gülüş həmçinin nəfəsalma gimnastikasıdır. Müdrik Hippokrat öz dövründə bir çox xəstəliklərə qarşı gülüşterapiyadan ən gözəl bir vasitə kimi istifadə edib. Məsələn, Demokrit öz yaradıcılığına o qədər dərindən aludə olurdu ki, hər şeyi unudur öz gizli düşüncələrini çox vaxt gülüşlə bitirirdi. Ona görə o, “güləyən” ləqəbini qazanmışdı. Hippokrat onunla yaxından tanış olub, onu müşahidə etdikdən sonra bildirmişdi ki, Demokritin qəribəliyi onun dahiliyi ilə əlaqədardır. Demokrit dövrünün cahil, avam adamları üzərində sarsıntılarını da gülüşə çevirməyi bacarırdı. Tomas Hobbs Əflatunun, Aristotelin fikirlərini inkişaf etdirərək qeyd edir ki, gülüş, ətrafındakılar üzərində üstünlüyü nəzərə çapdırmaq üçündür. Əflatun ümumiyyətlə, gülüşü ciddi qəbul etməyib və “Respublika” traktatında bu məsələyə toxunub. Demokritin əksinə olaraq, Heraklit isə ağlağan filosof kimi tarixdə məşhurdur. Ətrafındakılar onu başa düşmədiyi üçün mənəvi əzab çəkir, göz yaşı axıdırdı. Məlumat üçün bildirim ki, məşhur rəssam Piter Paul Rubens bu mövzuya öz yaradıcılığında yer verərək, gülüş və göz yaşının hikmətini “Demokrit və Heraklit” əsərində ustalıqla təsvir edib.(Əsər İspaniyanın heykəltəraşlıq muzeyində saxlanılır.)
Tarixin dərinliklərində müdrik Demokritin gülüşü, Heraklitin ağlaması eşidilir. Nikbinliyi və bədbinliyi ilə seçilən Demokrit və Heraklit tərəfdarları bir məsələni unudurlar, Pifaqora görə dünyanı idarə edən ziddiyyətli meyarlar: tək-cüt, qadın-kişi, ağ-qara, xeyir-şər və s. harmoniyanın yaranmasına səbəb olub. Kaş ki, bu günün müdrik adamları da Demokrit kimi gülüb, Heraklit kimi ağlamağı bacaraydı...
Hindistanda uzun müddətdir ki, gülüş gimnastikası, klublar əhalinin mədəni həyatına daxil olub. Yaponiyada gülüş vasitəsiylə şəkər diabeti və vərəm xəstəlikləri müalicə edilir. Həkimlərin dediyinə görə, şən adamların 40 faizdən çoxu ürək-damar xəstəliyinə daha az tutulurlar. Avropada, Amerikada da gülüşterapiya öz geniş inkişafını tapıb. Bu müalicə üsuluna elmdə “qelologiya” deyilir. “Qelologiya” keçən əsrin 70-ci illərində Amerikada həkim Norman Kazins tərəfindən yaranıb. O, tarixə “ölümü güldürməyi bacaran insan” kimi daxil olub. “Xəstəliyin anatomiyası pasientin nöqteyi-nəzərincə” kitabı uzun illərdir ki, həvəslə oxunur. Vaxtı ikən ağır xəstə yatan həkim Norman Kazins gülüşterapiya vasitəsilə orqanizmin bütün resurslarını səfərbər etmək, xəstəliklə mübarizə aparmaq yolunu kitabda verə bilib. (Amma inanıram ki, yumor hissindən məhrum olan adamın gülüş vasitəsiylə müalicəsi mümkün olsun. )
Keçən əsrin 70-ci illərində alimlər tərəfindən Los-Ancelesdə universitet nəzdində “Gülüş problemləri” üzrə kafedra yaradılıb. 600-dən çox mütəxəssis bu sahədə çalışır. (Çox gülmək göz, ağ ciyər, yüksək qan təzyiqi, vərəm, sətəlcəm olanlara məsləhət deyil.) Mark Tven gülüşün əhəmiyyətini belə dəyərləndirir: “Bəşəriyyətin yalnız bir effektiv silahı var, o da yalnız gülüşdür.” Lakin bu həqiqətdir ki, insanın yaşadığı cəmiyyət necədirsə, onun yumoru, gülüşü də o səviyyədədir. Görkəmli həkim ser Vilyam Osler isə gülüşü “həyatın musiqisi” adlandırırdı.
Dünya əhalisini yumor hissinə görə iki yerə bölmək olar. Yumor hissinə malik, yaxud bundan məhrum olan adamlar. Deyilənə görə, Hegel, Zolya yumor hissindən məhrum olublar. Onlarla bir yerdə olanlar nə çəkiblər bir Allah bilir. Rəng baxımından da onun iki növü var- ağ və qara yumor. Təəssüf ki, Pikasso demişkən, insanlar arasında da orijinaldan çox onların surətləri daha çoxdur.
Bu yaxınlarda Firirika ləqəbli sirkdə çalışan, yumoristik şou proqram aparan kloun Fransisko Silva 1 milyon 300 min səs toplayaraq, Braziliya parlamentinin aşağı palatasında yer almışdı. Lakin o, savadsız olduğu üçün parlament üzvü ola bilməmişdi. Hobbs yazır ki, bəşəriyyət həmişə hakimiyyət uğrunda mübarizədədir, qoy sizi təəccübləndirməsin ki, o qələbəni məhz gülməyi bacaranlara verir. Salvador Dalinin həyat devizlərindən biri yadıma düşdü: “Əgər müdrik olmaq istəyən bu qədər təlxək mövcuddursa, niyə müdrik də dönüb təlxək olmasın.” Dalinin ideallaşdırdığı Z.Freyd isə əslində sürrealistləri təlxək hesab edirdi. Sürrealist rəssam Dalinın təlxəkliyini üzə çıxaran bir hadisəni xatırlamağa dəyər. Bir dəfə bəstəkar Aram Xaçaturyanı evinə dəvət edən Salvador Dali onu ən azı iki saat gözlətdirir. Bu müddət ərzində qonaq acdığını hiss edir. Əlacsız qalıb zalın ortasında qoyulmuş stola yaxınlaşıb yeməklərə, meyvələrə əl uzadıb yeməyə, şampan içməyə başlayır. Bu vaxt zalda Xaçaturyanın məşhur “Qılınclarla rəqs” əsərinin musiqisi səslənir, qapı açılır. Salavdor Dali əlində qılınc oynada-oynada atı əvəz edən döşəmə silən taxta üzərində çaparaq, zalı dolanıb başqa qapıdan çıxıb gedir. Qonaq qorxudan bir küncə qısılıb qalır. Xidmətçi sahibinin ardınca zalın qapılarını bağlayıb qonaqlığın başa çatdığını bildirir.
Qeyd etmək yerinə düşərdi ki, böyük yumor hissinə malik olan Şekspir və Servantes müdrik təlxək nümunələrini yarada bilib. Əsərlərində yaratdıqları gülünc təlxək obrazları ədalətli fikirləri, məntiqi ilə öz tərəf müqabilini tərkisilah etmək qabiliyyətinə malikdir. Xüsusilə Şekspirin bir çox əsərlərində təlxəklər əslində öz xalqının çoxəsrlik acı təcrübəsini çiyinlərində daşımaqla yanaşı mövcud hakimiyyətin ədalətsiz hökmlərinin bilavasitə yaxından şahidi olduğu həyat həqiqətlərini hamıdan yaxşı dərk edirdilər. Məsələn, dünyada məşhur təlxəklər Tribule, Şiko, Stançik, Balakirev, Akosta öz ağlı, hazırcavablığı ilə seçiliblər. Əslində təlxəklər kralın əksi, yəni güzgüsü hesab olunurdu. Təlxəklər istehza dolu, çoxmənalı atmacaları ilə kralların, padşahların əsəbi, gərgin vaxtlarında onlara xoş ovqat verməyi ustalıqla bacarıblar. (Yoxsa onların sarayda yaşamalarına ehtiyac olardımı?)Onlar məşhur rəssamların da diqqətini cəlb edərək, tablolarda yaşamaqdadırlar. Məsələn, D.Velaskes, F. Qoyya, Yan Mateyko, İ.Boş və s. rəssamlar təlxəklərin axmaq maska arxasındakı həyəcan və sarsıntılarını ustalıqla verə biliblər. Din xadimləri isə əslində təlxəkləri şər qüvvə hesab edirdilər. İngiltərədə saray təlxəklərinin xidməti 1649-cu ildə I Karl dövründə Oliver Kromvel tərəfindən ləğv edilmişdi. Vətəndaş müharibəsindən sonra isə o, fəaliyyət göstərən teatrları bağlatdırıb, təlxəkləri edam etdirmişdi.
Haşiyəyə çıxım, bu yaxınlarda internetdə İngiltərə kraliçasının qarşısında “Axmaq Piterkin” ləqəbli təlxəyin çıxışına rast gəldim. 23 aprel 2005-ci ildə Müqəddəs Georgi günündə rəsmi qaydada “Axmaq Piterkin” işə qəbul edilib. Müsahibələrinin birində fəaliyyətinin məqsədini o, belə açıqlamışdır: “Təlxəklər siyasi hakimiyyət üçün o vaxt təhlükə ola bilər ki, ona təsir etmək gücündə olsunlar. Doğrudanmı təlxəklər həmişə kralların üzünə həqiqəti deyiblər? Əlbəttə, Kral Lirdəki təlxək obrazı təsiredicidir... Məncə, təlxəyin sənəti ondan ibarətdir ki, insanın daxili vəziyyətini aşkar etməklə yanaşı hər birimizə uşaqlığımızı qaytara bilsin. Onda saflığımızı yenidən qazanar, bəşəriyyət özünün və kainatın qarşısındakı mənəvi borclarını dərk edər...” (Əslində bu fikirlərdə aloqizm mövcud deyil. Lakin klounlar, təlxəklər öz yaradıcılığında komik effekt yaradarkən aloqizmə daha çox üstünlük verirlər.) Şəxsiyyətin yeni sosial-psixoloji obrazını yaratmaq istəyən nə qədər treninq kurslar, qeyri-verbal psixoloji testlər keçirilir. Şəxsiyyətin güclü və zəif tərəfləri təhlil edilir. Məncə, insanın mənəvi yaralarını sağaldan ən qədim bir qüvvə, “elm” varsa o da yaxınlarının, dostlarının səmimi qayğı və məhəbbətidir.
Bu fikrə aydınlıq gətirmək üçün qeyd edim ki, Amerikada kloun hərəkatının banisi –həkim kloun Petç Adams fəaliyyət göstərdiyi 11 il ərzində 50 ölkədə seminarlar, ağır xəstə uşaqlarla xəstəxanada görüşlər keçirib. Bu yaxınlarda Haitidə baş verən zəlzələdən sonra cəhənnəmi xatırladan əraziyə Petç Adamsın kloun qrupu getmişdi. Onların orda iştirakı faciədən sarsılmış insanların üzündə təbəssüm yaratmış, sağ qalmış adamları hətta rəqs etməyə də həvəsləndirə bilmişdilər. Gülüş, qorxu və xəstəlik üzərində qələbədir. P.Adams yüzlərlə ümidsiz xəstə uşaqların bəlkə də son gördüyü alabəzək səmimi varlıq olur. ( Uşaqlar klouna başqa planetdən gələn qeyri-adi dost kimi yanaşır.)Başqasının ağrılarını, kədərini məhəbbətilə unutdurmağa qadir insan xəstənin gözlərində sevinc qığılcımını görməklə o anda özünü dünyanın ən xoşbəxt adamı bilir. P.Adams müsahibələrinin birində qeyd edir: “Məhəbbət də strateji qüvvədir. Onu insanlara doğru səmimiyyətlə yönəldin, xoşbəxt yaşayıb yaşatmaq üçün.” Deyirəm, kloun da çətin anlarında özünə baxıb gülməyi bacarsaydı...
İnsan orqanizmini, psixikasını qoruyan, onun mühafizəsinə xidmət edən gülüşterapiyadan Qərbi Avropa ölkələrində “müalicə klounlarından”, İsraildə isə xüsusi ixtisaslaşdırılmış “tibbi klounlardan” səmərəli istifadə edilir. Sank-Peterburqun dövlət universitetində isə gülüşlə bağlı gelologiya elmi üzrə araşdırmalar aparılır. Bu sahənin tədqiqinə filoloqlar, tarixçilər, antropoloqlar, filosoflar, folklorşünaslar, cəlb olunub. Məncə hər bir ölkədə gülüşün tədqiqi əhalinin həm psixoloji, həm də bir çox problemlərini aşkar edən ən gözəl vasitədir. “Biz kimik? Nəyə gülürük? Niyə gülürük?” adlı tədbirlərin, sorğuların keçirilməsi bir çox həqiqətləri üzə çıxarmış olardı. Belinskinin sözləri ilə desək, gülüş əslində həqiqət ilə yalanı bir-birindən ayıran ən güclü vasitədir. Ən böhranlı anlarda daha çox təklikdə ağlamağa üstünlük verib özünə qapanmaqdansa, üsyankar gülüşü ilə həqiqətin gözünə baxmağı bacaran insan daha nikbindir. Görkəmli alim Mixail Baxtinin fikrincə, gülüş ciddiyyət kimi universaldır. O cəmiyyətin tarixini, dünyanın konsepsiyasını özündə daşıyır.
Statistik məlumatlara əsasən inkişaf etmiş ölkələrin əhalisinin 20 faizi depressiyadan əziyyət çəkir. Onların arasında gülüşün əhəmiyyəti dərk edilsəydi, dünyada baş verən intiharların sayı da azalardı. Məsələn, Avstriyada həkimlər depressiyaya qarşı yeni müalicə üsulundan istifadə edirlər. Dərman təyin edilməklə yanaşı xəstəyə məşhur insanların gülüş doğuran hadisələrindən, fikirlərindən ibarət kompakt disk verilir. Yəqin xəstələr kompakt diskə baxarkən Homersayağı qəhqəhənin effektivliyini öz təcrübələrində hiss ediblər.
Yeri gəlmişkən qeyd edək ki, İngiltərədə iki ildən bir fevralın 5-də “Qırmızı burun” xeyriyyə aksiyası keçirilir. (Bir sual ortaya çıxa bilər. Bəs, niyə klounların burnu qırmızı, ağzının ətrafı isə ağ rəngdə olur? İnfra qırmızı kamera ilə gülən insanların üzündə gedən dəyişikliklər izlənilmiş və sübut edilmişdir ki, insan gülərkən onun burnu qızarır, ağzının ətrafı isə ağarır.) Burunlarına qırmızı taxan iştirakçılar kloun geyimində xəstə, kimsəsiz uşaqlara yardım məqsədi ilə pul toplayırlar. Hətta xeyriyyə aksiyalarının birində 1988-ci ildə 15 milyon funt sterlinq toplamaq mümkün olmuşdu. Deyirəm, əgər biz də 1 aprel günündəki gülüşləri sevinc gününə çevirib belə bir aksiya keçirə bilsəydik (qırmızı burun taxmasaq da olar).O gülüş günündə köməyə ehtiyacı olan xəstə, yalqız uşaqlara ümid bəxş etməkdən nəcib əməl varmı?
Kim həyatı, insanları çox sevirsə onun dodaqlarında xoşbəxt təbəssüm yaşayacaq. Uşaq kitablarını, nağılları oxumağa həvəslənsək, onlar bizə yenidən necə yaşamağı, sevinməyi, sevindirməyi, sevib sevilməyi öyrədər. İlk dəfə dil açan körpə kimi xeyirxah, nəcib istəklərimiz də qəlbimizdə xoş məramla dil açar. Qədim nağıllarımızın sehirinə düşmək üçün lələk yandırmaq, meşələr keçmək, dağlar aşmaq lazım deyil. O bizim yolumuzu baş qəhrəmanı kimi gözləyir.
Gəlin, küsgün, acı fikirlərimizi dəniz sahilindəki qumların üzərinə yazaq. Dənizin ləpələri onları ümidsiz arzular sahilindən yuyub aparsın. Ürəklərdə yaxşı əməllərimizlə saraylar ucaldaq. Dəniz sahilindəki saraylar isə qumlar üzərində yazılar kimi gec-tez sulara qovuşacaq.
Zöhrə ƏsgƏrova







Bu yazı ( 353 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar