12px14px16px18px

Təcavüzün “mədəniyyət sandıqları”

Zöhrə ƏSGƏROVA
01:02 / 18.05.2012
Deyəcəyim fikirlərə lap uzaqdan, yad coğrafi bir məkandan başlamaq istəyirəm. Kolumbiya qəbilələrinin birində belə bir adət vardı. Hindu başqasından borc götürəndə öz adını girov qoyurdu. Borcunu qaytarana qədər isə adsız yaşayırdı. İbtidai qanunlar olsa da, qəbilədə insan adının şərəfi, onun başqası qarşısında məsuliyyəti nə qədər ucadır. Belə bir aforizm var, mərdlik olmasa müdriklik faydasızdır. Dünyada hakimlik edən marginalların mərdliyi isə – özgələrə öz iradəsini qəbul etdirib hamıya ağıl qoymaqdan ibarətdir. Təəssüf ki, təcavüzün yazılmayan qanunları çoxdur. Kim güclüdürsə, o da haqlıdır. Dünya mədəniyyətinə, elminə sahib olmaq üçün nə qədər müharibə aparılıb, günahsız qanlar tökülüb? “Müharibə və mədəniyyət bir araya gəlmir, onlar ayrı-ayrı dillərdə danışır.” (V.Bıkov). Məsələn, səlib yürüşlərində (1096-1291-ci illər ərzində) Qərbi Avropada öz mövqeyini möhkəmlədən, var-dövlətini zənginləşdirən ruhanilər, cəngavərlər azmı qənimətlər qazanıblar? Benjamin Franklinin fikri bunlara sərt cavabdır: “Əxlaqdan məhrum siyasətdə qanunlar nə iş görə bilər?” Heç yadımdan çıxmaz, “Azərbaycan nyus” jurnalı üçün (on il əvvəl) Şirvanşahlar sarayından məqalə yazarkən qoruğun keçmiş direktorundan soruşdum ki, orta əsrlərdə sarayın varı, sərvəti, kitabxanası ölkəmizə təcavüz edənlər tərəfindən talandı, indi onların bir qismini dünya muzeylərindən geri almaq mümkündürmü? Dedi ki, çalışırıq... Evlərə, saraylara gəlinlərlə bir yerdə cehiz kimi köçən xoşbəxt naxışlı milli, bənzərsiz xalılarımız özgələrin ayaqları altına atılıb. Növbəti təcavüzlərdən biri də 1988-ci ildən başlayır. Ermənilər tərəfindən 100 mindən artıq əşyaya malik olan 22 muzeyimiz işğal olundu. Çörəyimizə nankor çıxan ermənilər Ağdamda Çörək muzeyini bombaladı. Nə vaxtsa torpaqlarımızı geri alacağıq, muzeylər də bərpa olunacaq, amma torpağından zülmlə ayrılanlar, düşmən gülləsinə tuş gələnlər, məhv olunanlar bir də vətəninə geri dönməyəcək, doğma sərin bulaqlardan su içməyəcək, xarı bülbülü yaxasına taxmayacaq...Ağır, çətin günlərin sirdaşı olan bu kərkük bayatısı, görək zülm çəkən xalqların (əsasən müsəlmanların) dilindən nə deyir: Divara daş qoymuşam, Uğrunda baş qoymuşam. Gözlərimdən qan gəlir, Adını yaş qoymuşam. Fikir vermisinizsə, dünyada fəaliyyət göstərən bir çox müzeyin eksponatları hansı ölkənin neçənci illərdə hansı coğrafi ərazilərdə işğalçılıq siyasəti ilə məşğul olduğunu üzə çıxarır. Təcavüzün “mədəniyyət sandıqları”nın yerdəyişmə marşrutlarının, ölkələrarası hərəkətinin dünya xəritəsini tərtib etsək, bir çox qaranlıq mətləblərə aydınlıq gələr. Beynəlxalq məhkəmələrdə incəsənət sahəsi üzrə ədaləti bərqərar edə biləcək araşdırmalar, təhqiqat işləri aparılsaydı, obrazlı desək, “əsir övladlar” ana vətəninə qaytarılardı. İngilis filosofu Tomas Hobsun da bu fikirləri həbsə məhkumdur: “Qisas alarkən törədilmiş pisliyin ölçüsü yox, qisasdan sonra yaranacaq xeyrin ölçüsü nəzərə alınmalıdır.” “Qisas” dünyada ən dəhşətli, vəhşi bir xüsusiyyətdir insanda. Çünki qisas olan yerdə mərhəmətə yer yoxdur. Həmin “xeyir ölçüsü” isə müharibələrdən sonra mənimsənilmiş qənimətlərdir. Ürək ağrısıyla demək lazımdır ki, Azərbaycanın qədim sənətkarlıq nümunələri, ornamental və süjetli xalıları, zərgərlik məmulatları Moskvada, Sankt-Peterburqda, Macarıstanda, Amerikada, İsveçrədə, Almaniyada, İngiltərədə və s. ölkələrdə qürbət ömrünü yaşayır. Nə yaxşı ki, Vatikanın Apostol kitabxanasında Azərbaycanla bağlı 60-dan çox qədim əlyazma, 500-dən çox aşkar olunmuşdur. Surətləri də olsa vətəninə gətirildi. Bu sənədlər tarixi əhəmiyyət kəsb edir. Onların arasında Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Qacarlar, Səfəvilər dövlətlərinin hökmdarlarının Vatikana göndərilən məktubları var. Yei gəlmişkən qeyd edək ki, 1475-ci ildə əsası qoyulan Vatikan kitabxanasında altmış min əlyazmadan ibarət cildliklər, yüz min müəllif əlyazmaları, yüz min qravyura və coğrafi xəritələr mövcuddur. Dünyada ən böyük muzeylərdən biri Vatikana məxsusdur. Yeganə yerdir ki, Vatikanın bayrağı kosmik gəmi Appolon-11-in kosmonavtları ilə aya qonaq aparılmış, hal-hazırda o muzeydə nümayiş olunur. Qədim tarixin yaddaşı muzeylərdə qorunur. Bu yaddaşın dağıdılıb məhv edilməsi qədər böyük cinayət yoxdur. Torpaq altında min illərlə gizli qalan mədəniyyət abidələrinin nümunələri arxeoloqların gərgin əməyi nəticəsində insanlara qaytarılır. Bu, xalqın öz mədəniyyətini daha dərindən tanıması üçün vacibdir. Təqdirəlayiq haldır ki, 1923-cü ildə ingilis arxeoloqu Gertruda Bellinin təklifi ilə Bağdad muzeyi yaradılıb. Nəmrud padşahın xəzinəsindən qızıl əşyalar, bir çox qədim arxeoloji qazıntılar aşkar olduqca muzeyə təhvil verilirdi. Təəssüflər olsun ki, bu başıbəlalı muzey bir neçə dəfə təcavüzə məruz qalıb. Qədim mədəniyyətin beşiyi olan bu torpaqda vaxtı ikən Babil qülləsi ucalıb. İstedadlı holland rəssamı Piter Breyqelin (Böyük) məşhur “Babil qülləsi” adlı rəsm əsəri əsasında təxmini də olsa qüllənin əzəməti haqda təsəvvürümüz var. Bir az haşiyəyə çıxım. Makedoniyalı İskəndər Hindistana yürüş ərəfəsində yolunun üstündə Babil qülləsinin böyük xarabalıqlarını görüb heyrətlənir və onu yenidən bərpa etmək fikrinə düşür. Strabon yazır ki, təkcə xarabalıqları sahmana salmaq üçün on min insan qüvvəsi tələb olunurdu. Vaxtsız ölüm İskəndərə bu arzunu həyata keçirməyə macal vermir. “Babil” sözünün mənası “Tanrının darvazası” deməkdir. (İnsanlar bu pilləvari darvazanı ərşə qədər ucaltmaq istəyi ilə Allahın nəzərində daha da kiçildilər.) Yadımdadır, 2003-cü ildə televizorda xarici xəbərlərdə muzeyin direktoru Nabxal Aminin gördüyü dəhşətlərdən bərk sarsılıb yerə çökərək, iki əli ilə başına vurduğunu göstərdilər. Onun fikrincə, son təcavüzdə 170 min qədim eksponat sındırılıb, oğurlanıb. Düzdür, bir neçə ildən sonra muzey əşyalarının bir qismi beynəlxalq təşkilatların ümumi səyi ilə geri qaytarılsa da, qədim mədəniyyət nümunələrinin çoxu nə vaxtsa uzaq ölkələrin qənimətinə çevriləcək. İstər-istəməz qədim şərq nağılı yadıma düşür. Bağdad küçələrində fənərləri yandıran qoca kişinin aramsız təkrar etdiyi “Bağdadda sakitlikdir” sözünə indi, ancaq “Ələddinin sehirli çırağı” nağılında rast gəlmək olar...Yəqin çoxunuz, 1960-cı illərdə sovet kinosunun istehsalı olan “Ələddinin sehirli çırağı” filminə dəfələrlə baxmısınız. Nağılın sonunda məğribli dərviş sehirli çırağa sahib çıxa bilmir, amma bu günün müasir nağılında məğribli daha güclüdür. Təəssüf ki, muzeylə yanaşı İrakın milli kitabxanası da oğurlanıb, yandırılıb.(Əlbəttə, bunu sehirli çırağın cini etməyib.) İkiüzlü Yanus məbədinin qapısı həmişə bağlı qalsın. Rəvayətə görə, müharibələr dövründə onun qapısı taybatay açılır. Dünyada gedən müharibələrdə milyonlarla insan məhv olduğu kimi, milyonlarla dəyəri olan milli sərvətlər də öz vətənindən didərgin düşür. Məncə onlara da “məcburi köçkün” statusu verilsəydi ədalətli olardı. Nə yaxşı ki, 2009-cu ildə muzey yenidən açılıb. “Google”-un internet saytında virtual İrak Milli Muzeyi yaradılıb. Yaxşı atalar sözü var: “Samanlığın yanırsa heç olmasa əlini qızdır.” Atlanta Universitetinin professoru, tarixçi Qordon Nyubi deyir: “Keçmişi dərk etmək imkanlarından məhrum olmağımız ən böyük itkidir.” Bu gün dünyanın hər hansı bir ölkəsində dinindən asılı olmayaraq, günahsız qətlə yetirilən, şəhid gedən cavanlara necə deyək ki, evindən ev törənsin, ömründən ürəyincə doyasan. Bu, irak-kərkük alqışı qarğışa düşən insanlardan daha yan ötür. (Belə deyirlər ki, bir insanı öldürən bəşəriyyəti öldürməyə bərabərdir.) Təəssüf ki, “sehirli çıraq” müasir libaslı “məğribli dərviş”in ixtiyarındadır. Onu geri qaytarmaq çətin məsələdir. Çünki sadəlövh, tənbəl məşriqli Ələddin milli qəhrəman səviyyəsinə qalxa bilmir. Bir məsələyə də toxunmaq istəyirəm ki, qədim dövrlərdə fironlar arasında qansız ötüşən mübarizələr baş verir, qarşı tərəfin yazılı abidələri, mədəniyyəti məhv edilirdi. Düşmənin adı, şöhrəti gələcək tarixdən silinirdi. Təəssüf ki, ən qorxulu düşmən özgə xalqın mədəni sərvətlərini məhv edənlərdir. Bir sözlə, dünya muzeylərinin taleyi haqda geniş yazı yalnız neçə cildlik kitablara sığa bilər. Biz təkcə onu deyə bilərik ki, muzeylər mənəviyyata açılan pəncərələrdir. 1977-ci il mayın 18-i Beynəlxalq Muzeylər günü kimi qeyd olunur. Bu mənəviyyat pəncərələrinin isə o gün qapıları da ziyarətçilərin üzünə təmənnasız açılır. Ona görə də o gün “açıq qapı” günü elan edilir. Bu ilin aprel ayında isə R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində təşkil olunan “Fransanın inciləri. Fransız incəsənəti Renesansdan bu günədək” sərgisindən zəngin, unudulmaz bir təəssüratla ayrıldım. (Bu sərgidə yuxarıda qeyd etdiyim kimi, “məcburi köçgün” statuslu əsərlər yox idi. Ona görə də fransız müəlliflərinin əsərləri ziyarətçidə ikiqat maraq oyada bilirdi.)Fransa rəssam və heykəltaraşlarının boyakarlıq, heykəltaraşlıq nümunələri və qobelenlərdəki qədim qəhrəmanlarla ziyarətçilər arasında dil baryeri yox idi, onların hər biri incəsənət dilində canlı ünsiyyət yarada bilmişdi. Biz muzeylərdə adətən həyata rəssamların gözü ilə baxır, insanları, təbiəti daha yaxından öyrənirik. Bəlkə də özümüzüdərk də sakit muzey zallarının müdrik sükutunda baş verir. Çünki biz burda tarixi həqiqətlərlə kənar müdaxilə olmadan təkcə, üz-üzə qalırıq. Qədim zamanlarda ziyarətçilər yumruğunu yumruğunun üstünə qoyub boruya bənzər boşluqdan rəsm əsərinə diqqətlə baxırdılar. Sanki əsərin qəhrəmanını daha yaxından görməklə bir dövrə, bir məkana düşürdülər. Yunan sözü olan “muzey” “muzalar məbədi” adlanır. Fikir vermisinizsə, muzeylərdə davranış qaydalarına, nizam-intizama çiddi nəzarət mövcuddur. Xüsusilə, Vatikan muzeyində ziyarətçilərə qısa şalvarda, yubkada, sinəsi çox açıq koftada görünmək qadağandır. Bəlkə bu, tarixin səhnəsində əsrlərcə yaşı olan şah əsərlərə dərin hörmətin nəticəsidir ki, əfsanəyə çevrilən qəhrəmanların daldığı sükutun pozulmasını istəmirlər. Çünki onlar sanki qədim dövrün ab-havasından ayrı bir mühiti heç təsəvvürlərinə belə gətirmirlər.(Cavanlıqda İncəsənət muzeyində çalışan bir insan kimi yaşadığım hissləri xatırlayıram.) İtaliyadan Luvr müzeyinə gəlin köçən Mono Liza hələ də öz ecazkar, sirrli təbəssümü ilə milyonlarla ziyarətçinin qəlbinə hakim kəsilir. Bu günədək bu qadın obrazı haqqında bir-birindən təzadlı, mübahisələrə səbəb olan fikirlər yaranmaqdadır. Mono Liza isə 500 ildir ki, öz cavanlığını, təravətini, cazibəsini itirmir. Çünki o, nəzakətli qadın kimi hamını baxışları ilə qarşılayıb yola salmağı bacarır. İncəsənətin belə möcüzələri var. Rəsm əsərlərinin sehirli aləminə düşən insanların xoşbəxt anlarını Pablo Pikasso belə təsvir edir: “İncəsənət gündəlik həyatın tozlarını qəlblərdən təmizləyir.” (Görəsən, rəssam fırçası bunu necə təsvir edə bilərdi?) Muzey ziyarətçiləri sosial mövqeyinə görə bir-birindən seçilsə də, incəsənət onlara həyata yeni nəzərlərlə baxmaq öyrədir. Lətifəsi sizdən uzaq, belə bir məzəli lətifə yadıma düşdü: varlı adam muzeydə rəsm əsərinə baxanda yalnız onun satış qiymətini düşünür, kasıb adam isə deyinir ki, xalq yeməyə heç nə tapmır şəkili isə yağlı boya ilə çəkirlər. Bu məqamda Uilyam Bleykin sözlərini də xatırlamamaq mümkün deyil: “Səfeh və ağıllı eyni ağacda eyni şeyi görmürlər.” Bahalı rəsm əsərləri alan, evi “muzey” olan adamlar üçün bu muzeylər filiallara bənzəyə bilər, lakin onlar bir-birindən öz məqsəd və mövqeyi ilə çox seçilirlər. Əsl muzeyin mənəvi xəzinəsi xalqın üzünə həmişə açıqdır. Doğma tarixdən də qiymətli sərvət nə ola bilər?! Mədəni irsimizi nəsildən-nəslə ötürməkdə muzeylərin fəaliyyəti əvəzsizdir. İncəsənətin tərbiyəvi əhəmiyyətli təsiri gənclərin şəxsiyyət kimi formalaşmasında, estetik tərbiyəsində mühüm rol oynayır. Uzun əsrlərdir ki, ifadə formaları, rənglərin dili, janrları ilə seçilən dahi rəssamların şah əsərləri öz ziyarətçilərini yalnız kamilliyə, müdrikliyə doğru aparan, bəşəri duyğularla kökləyən bir dünyaya dəvət edir. Bu, gözəgörünməz ağ kətandan toxunan sehirli məkanın rəssamı, yol bələdçisi isə biz özümüzük- həyatı, özümüzü dərk və təsdiq etmək istedadımızla. Deyirlər ki, elm insanı Allah, incəsənət isə əsl insan edir.
Zöhrə ƏSGƏROVA Yazıçı-publisist




Bu yazı ( 230 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar