12px14px16px18px

General Maqsud Əlixanovun ömür yoluna və Naxçıvan xanları ilə bağlılığına bir nəzər

Musa RƏHİMOĞLU (QULİYEV)
00:06 / 07.09.2011  
Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Cavanşirin bütün nəsillərə yadigar qalacaq gözəl, əvəzsiz bir hədiyyəsi var: “Mirzə Cəlil haqqında xatirələrim”. Həmidə xanım xatirələrinin birini belə qələmə alır: “Söhbət Mirzə Cəlilin katib olduğu xeyriyyə cəmiyyətindən getdikdə o, bizə dedi; niyə gərək siz, savadlı müsəlman xanımları əl-ələ verib, qadınlar arasında belə bir cəmiyyət təşkil etməyəsiniz? Bu fikir çox xoşumuza gəldi və biz dərhal onun həyata keçirilməsi uğrunda işə girişdik. Sofiya xanım Şahtaxtinskaya Tiflisin sakini olduğu üçün, demək olar ki, şəhərin bütün ziyalı müsəlmanlarının ünvanlarını bilirdi. Siyahı tutmağa başladıq. O biri gün Gövhər xanımla bir daha evlərə getdik. Axşam oturub, Qoridə yaşayan Firudin bəy Köçərlinin arvadına, həmçinin Əlixanov-Avarskinin arvadına məktub yazıb, onları da yığıncağa dəvət etdik”. Kitabın sonunda tərtibçilərin şərhində isə oxuyuruq: “Əlixanov-Avarski o zaman Kutaisinin müvəqqəti general-qubernatoru”. Burada həm də “mürtəce” sözünü əlavə ediblər. Bəs, görəsən doğrudanmı bu qorxmaz, cəsur general mürtəce adam olub? Bu suala cavab vermək üçün Qafqazın bizə qaranlıq olan tarixinin bəzi səhifələrini vərəqləyək. Qafqaz, istər Şimali, istərsə də Cənubi Qafqaz özünün bənzərsiz gözəlliyi, cəsur insanları, zəngin etnoqrafiyası və kəşməkəşli tarixi ilə həmişə diqqət mərkəzində olub. Yadelli işğalçılar isə Qafqaz uğrunda hərbə, döyüşə girişiblər. Bu, biz qafqazlılarda həmişə təəssüf və nifrət doğurub. Çünki Qafqaz qədimdən etnoqrafik muzeyə bənzəyir. Qafqazın incisi olan Azərbaycan da o cümlədən. Burada hər yüzillikdə hamı Azərbaycan uğrunda döyüşüb. Hələ Azərbaycanda xanlıqlar dövründə də belə olub. Cənubi Qafqazda olduqca mühüm ərazidə yerləşən Naxçıvan xanlığı yarandığı bir gündən Azərbaycanda olan xanlıqların hər biri ilə, qonşu gürcü knyazlığı, Avar xanlığı və s. dostluq münasibətləri saxlayıb. Bu günün özündə Naxçıvan xanlığının maraqlı tarixində hələ açılmamış səhifələr var. Çox maraqlıdır ki, Naxçıvan xanlığı İberiyada (Gürcüstanda), Avar xanlığında, qaraqaytaqlar və kumık xanları arasında xüsusi hörmətə sahib olub. Bunun da bir neçə səbəbi var. Ən ümdə səbəblərindən biri Naxçıvanda məskunlaşan tayfaların “süvari”, “döyüşçü” olmalarıdır. Məncə, ən əsas cəhətlərdən biri də Naxçıvan xanlığının düzgün diplomatiyası olub. Şərqşünas alim Smirnov yazır: Bundan başqa Kalbalı xan Naxçıvanski Şulaverin müsəlman əhalisi arasında, həmçinin Qazaxda, Borçalıda hərbi-siyasi iş aparırdı. Və bu rayonların əhalisinin fars meylli olması üçün danışıqların nəticə verəcəyinə İran hökumətini inandırırdı”. Biz araşdırıcılar yazanda ki, bütün istiqamətlərə kəngərlilərin köçməsi Naxçıvandan başlayıb, bəzi adamlar bu fikrə “üsyan” edirlər. Bax, görürsünüzmü İrəvan xanlığı və Gəncə xanlığı həmin yerlərə Naxçıvandan yaxın olsa da, Fətəli şah, oğlu Abbas Mirzə öz qohumları olan Qacarlara yox, Naxçıvanın Kəngərli xanlarını belə bir təbliğə sövq edirdilər. Bəs buna səbəb nə idi? Buna səbəb onların Qafqazda çox yüksək nüfuza sahib olmaları idi. Tanınmış alim Q.Qeybullayevin “Qədim türklər və Ermənistan” (Bakı, 1992, səh. 111) kitabında yazılıb: “Ermənistanın Quqasyan rayonunda indi də Kəngər dağları var. Kəngər əyalətini ermənilər e. ə. II əsrdə işğal etmiş, I əsrdə isə gürcülər ermənilərdən almışlar”.Və həmin Şulaverdə, Borçalıda, Qazaxda-əhalisinin əksəriyyəti kəngərlilər olan yerlərdə I Kalbalı xanın, oğlu Ehsan xanın və nəvəsi II Kalbalı xanın sözünün qarşısında söz yox idi. Naxçıvan xanlığı dost olduğu türk xanlıqları ilə qohumluq əlaqəsi də yaradırdı. Kəngərlilərin qohum olduğu xanlıqlardan biri də Avar xanlığıdır. Bəs, Maqsud Əlixanov kimdir? Avarskinin həyat yoluna qısaca nəzər salaq. “Maqsud Əlixanov–Avarskinin atası Əlixan Hüseyn oğlu yaxın qohumu igid Hacı Muradın taleyini yaşayırdı. Bunlar mənşəcə qədim türk avarlar qoluna mənsub idilər. Maqsud Əlixanov 61 il 7 ay 9 gün ömür sürüb. Bütün həyatı rus imperiyasının ordusunda keçən Əlixanov 44 il 11 ay bu orduda xidmət etmişdir. Əsgərdən-generala qədər yüksəlib. Maqsud Əlixanov 30 ali mükafat alıb. Hələ polkovnik olanda 4-cü dərəcəli Georgi ordeninə layiq görülüb və onun adı Kremlin Georgi salonunda qızıl hərflərlə mərmər lövhəyə yazılıb. 1883-1885-ci illərdə o, bu mükafata layiq görülən yeganə türkdür. Ondan sonra daha heç kəs bu mükafata layiq görülməyib. Sovet hakimiyyəti illərində “mürtəce” general-qubernator adlandırılan Əlixanov hərbçi olmaqla bərabər sox mühüm şəhərlərin başçısı vəzifəsini də icra etmişdir. Maqsud Əlixanov 1877-78-ci illərdə rus-türk müharibəsində Naxçıvanskilərlə birgə vuruşub. II Kalbali xan və İsmayıl xan Naxçıvanski ilə dostluq edib. Və bu dostluq qohumluqla nəticələnib. O, təxminən 1888-1889-cu illərdə general-mayor II Kalbalı xanın qızı Zərrintac bəyim Naxçıvanskaya ilə evlənib. Zərrintac xanım 1861-ci ildə Naxçıvan şəhərində anadan olub.Bunu Zərrintac xanımın atasının 1877-ci ildə tərtib edilmiş xidmət kitabçasındakı qeydə istinadən deyirik.Bu kitabçada Zərrintac xanımın 16 yaşı olduğu qeyd edilib. Atası general-mayor Kalbalı xan Naxçıvanski İrəvanda və Tiflisdə yaşayıb işlədiyindən Zərrintac xanımın da uşaqlıq və gənclik illəri bu şəhərlərdə keçib. Bu səbəbdən də o, rus dilində mükəmməl təhsil alıb. Mütərəqqi fikirli ziyalı kimi ictimai işlərdə, xeyriyyəçilik, maarifçilik tədbirlərində fəal olub. Əsl vətənpərvərlik nümunəsi göstərib. Məqamındaca qeyd edək ki, Tiflisdə savadlı müsəlman xanımlarının əl-ələ verib yaratdığı xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biri də məşhur general Maqsud Əlixanov-Avarskinin ömür-gün yoldaşı Zərrintac xanım idi. Bir məsələni demək çox yerinə düşər ki, o vaxtlar Naxçıvan xanlarının xanımları və qızları İrəvandakı üç kilsədən biri olan Müqəddəs Ripsime məbədinin nəzdində yaradılmış maarifçilik cəmiyyətinin hesabına üzvlük haqqı veriblər. Və bunun hesabına İrəvandakı müsəlman uşaqlarının təhsil aldıqları rus gimnaziyası fəaliyyət göstərirdi. Zərrintacın anası Xurşud xanım belə maarifpərvər, hünərli qadınlardan olub. Zərrintac xanım sonralar Tiflisdə, Qoridə, Kutaisidə yaşadığı illərdə də marifə xeyriyyəçilik etmişdir. Sankt-Peterburq şəhərində yerləşən Rusiya Dövlət Tarix Arxivində əlahəzrətin kameral şöbəsinin işləri saxlanılır. Həmin sənədlərin birində deyilir ki, Qafqaza səyahət edərkən Zərrintac xanımın dünyagörüşünə və gözəlliyinə heyran qalan Rusiya çarı ona 500 rubl dəyərində olan göy və qırmızı yaqutlarla, həmçinin brilyantlarla bəzədilmiş bir qolbaq hədiyyə edib. Həmin sənəddə göstərilir ki, bu qolbağı mahir zərgər Faberje düzəltmişdir. Moskvadakı Rusiya Hərbi Dövlət Tarixi Arxivindəki sənədlərdə də Zərrintac xanımın birinci ərinin Abbasquluxan İrəvanski olduğu yazılıb. Onların övladlarının olub-olmaması haqqında məlumat yoxdur. Zərrintac xanımın Maqsud Əlixanovla nikahından 1899-cu il iyunun 19-da ilk övladları olan Adil xan doğulub. Təəssüf ki, Adil xan az yaşayıb. İkinci oğulları Hafiz xan Sankt-Peterburqda Paj korpusunda oxuyub və general Qlebovun qızı Yelena ilə ailə qurub. Böyük zəfər yolu olan Maqsud Əlixanov 1907-ci il iyulun 3-də gecə saat 2.30-da erməni terrorunun qurbanı olub. Kabardin polkunun iclasından qayıdanda onunla birgə oğlu Hafiz xan, gəlini, gəlininin anası ekipajda idilər. Onlara atılan iki bomba Əlixanovun həyatına son qoyur. Oğlu və gəlini yaralanırlar. Bu hadisə o vaxtkı Aleksandropol (Gümrü) şəhərində baş verir. Hadisə zamanı Hafiz xan onunla birgə olsa da, Allah onu qürbət ellərdə tək-tənha qalan anası və birdə onu sevən doğmaları üçün qoruyub saxlayıb. Onun faciəli ölümü haqda ilk xəbəri “Russkie vedomosti” qəzeti 4 iyul 1907-ci il, 151 sayında dərc edir. Rusiyanın ən nüfuzlu qəzetləri bu haqda təfsilatı ilə xəbər verirlər. Bu haqda ən tutarlı yazını isə “Russkoe znamya” qəzeti çap edir (7 may 1907, № 147). Onun faciəli ölümündə birbaşa Qafqaz canişini qraf Vorontsov-Daşkovu günahlandırır. Tiflisin o zamanlar çox populyar olan dövlət qəzeti “Kavkaz” özünün 146-cı sayında (13 iyul 1907-ci il) məşhur general-leytenant Maqsud Əlixanov-Avarskinin həlak olması və Aleksandrapolda dəfn olunması haqqında ətraflı məlumat verir. Ancaq generalın həyat yoldaşı buna çox ciddi etiraz edərək deyir ki, o, müsəlmandır erməni qəbiristanlığında torpağa tapşırıla bilməz. Zərrintac xanım 17 iyulda cənazəni təntənəli surətdə Tiflisə gətirdir, oradan Bakıya, Bakıdan isə Avarıstanın paytaxtı Xunzaxa aparıb generalın doğulduğu torpaqda dəfn edir. Sənədlərin məlumatına görə bu kədərli səfərdə onu oğlu Hafiz xan və qardaşları Cəfərqulu xan və Rəhim xan müşayiət edir. Maqsud Əlixanova birinci dəfə bombanı Kutaisidə atmışdılar. Yaralansa da ölməmişdi. Amma ikinci dəfə qurtara bilmədi. Yerindəcə qeyd edək ki, Əlixanovun öldürülməsi ilə bağlı Rusiyanın təhlükəsizlik idarəsi çox ciddi təhqiqat aparırdı. Bu təhqiqat 1914-cü ildə yekunlaşdı. Amma əsl qatilləri bilsələr də açıqlamadılar. Çünki bu “Daşnaksütyun” partiyasının işi idi. Bu gün də Rusiya Dövlət Arxivinin fondunda “Məxfi” və “Tamamilə məxfi” qrifləri ilə ermənilərin inqilabçı “Daşnaksütyun”u haqqında qalın-qalın qovluqlar durmaqdadır. Bugünkü nəsil üçün həmin qovluqlarda çox vacib məlumatlar var. Maqsud Əlixanov həm də gözəl ədəbiyyatçı, tarixçi və jurnalist idi. Rusiyanın ən nüfuzlu qəzet və jurnallarında 58 irihəcmli yazısı çap edilib. Onu da deyək ki, o, “Mərv vadisinə gedən yollar”, “Tarixi-Dərbəndnamə”, “Şahın qonaqlığında” və “Xivəyə yürüş” kitablarının müəllifidir. Xeyli əlyazması qalıb. O, həm də gözəl poliqlot idi. Rus,ərəb, fars, türk və dağlı dillərini mükəmməl bilirdi. Onun “Tarixi-Dərbəndnamə”sini oxuyanda əsil şərqşünas, ərəbşünas, Qafqazşünas və coğrafiyaşünas kimi görürük. Generalın yaradıcılığı Qafqaz tarixinin dərindən öyrənilməsində də əvəzsiz mənbədir. Əlixanovun Azərbaycan tarixinə bəxş etdiyi ən dəyərli iş isə general-leytenant İsmayıl xandan aldığı müsahibədir. 1895-ci ildə qələmə aldığı bu müsahibə “Kavkaz” qəzetində dərc olunub. Bu ailənin başına gətirilən faciə haqqında “Kavkaz” qəzeti əvvəldən axıra kimi məlumat verib. Generalın matəm günlərini təsvir etməklə yanaşı onun xanımını çox sədaqətli olduğunu dönə-dönə yazıb. “Kavkaz” qəzetinin Tbilisidəki mərkəzi kitabxanada bütün nömrələri qorunub saxlanılır. Yazıçı və hərbiçi, tarixçi, etnoqraf olan general-leytenant Maqsud Əlixanov və onun xanımı haqqında olan yazıları oxuduqdan sonra 20 il bundan əvvəl Xunzaqda gördüyüm tarmar olmuş məzarını xatırladım. Ötən əsrin 20-illərində sovet hökumətinin sağ əli olan daşnaklar onun Xunzaxda-Qədim Avar xanlığının paytaxtında olan məqbərəsini partlatmışdılar. Zərrintac xanımın hünəri və qorxmazlığı məni Kutaisi və Qoriyə aparıb çıxardı... Onun barəsində çox maraqlı faktlar öyrəndim. Yaddaş üçün qeyd edək ki, Zərrintac xanım tariximizdə 6 cəsur Kəngərli general – general-mayor I Ehsan xan, general-leytenant İsmayıl xan, general-mayor II Kalbalı xan, tam süvari generalı Hüseyn xan, general-mayor III Kalbalı xan, general-mayor Cəmşid xan Naxçıvanskilər kimi qorxmaz və hünərli olduğunu tarixə yazdı. Bu yöndə axtarışlarımı davam etdirdiyimdən hələlik bunlar haqqında yazmağı sonraya saxlayıram. Ərinin öldürülməsindən sonra oğlu Hafiz xanla yad ellərdə tək-tənha qalan Zərrintac xanım son günlərini, aylarını, illərini harada yaşayıb? Onu inqilab tufanları dünyanın hansı ölkəsinə aparıb? Yəqin ki, axtarışlar öz sözünü deyəcək.
Musa RƏHİMOĞLU (QULİYEV), AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi


Bu yazı ( 249 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar