12px14px16px18px

Məşhur şərqşünas Minorskinin Kəngərlilərlə bağlı məktubu haqqında qeydlər

Musa QULİYEV
11:07 / 08.05.2012


Rus şərqşünası Vladimir Fyodroviç Minorski Brüssel və Kembric universitetlərinin fəxri doktoru, Böyük Britaniya və Fransa akademiyalarının müxbir üzvü, bir çox beynəlxalq elmi cəmiyyətin fəxri üzvü olmaqla bərabər, İran və Türkiyədə diplomatik işdə çalışmışdır. Rusiya Xarici İşlər Nazirliyində işlədiyi illərdə həm də Türkiyə, İran və Qafqaz tarixinə aid maraqlı tədqiqat əsərləri yazmışdır. “İslam Ensiklopediyası”nda məqalələr dərc etdirən Minorski “Naxçıvan” başlığı altında məqaləsində Kəngərlilər haqqında da məlumat vermişdir. Bu haqda bir az sonra...
Böyük Oktyabr Sosialist İnqilabından sonra Rusiyaya qayıtmayan alim 1917-1919-cu illərdə İranda, 1919-1932-ci illərdə Fransada, 1932-ci ildən isə İngiltərədə yaşamışdır. 9 dekabr 1936-cı ildə onun hərbçi şərqşünas Konstantin Nikolayeviç Smirnova yazdığı məktubu Gürcüstan Milli Əlyazmalar Mərkəzində tapdıq. Məktub poçt vərəqində yazılıb. Parisdən Tiflisə, şərqşünas Smirnova göndərilib. Məktubun mətnindən məlum oldu ki, Minorski K.N.Smirnovun Kəngərlilər haqqında sorğularına cavab verib. K.N.Smirnov 1935-ci ildə Naxçıvan Kəngərlilərinin zəngin arxivini Tiflisə apardıqdan sonra araşdırma işlərində çətinlik çəkirmiş. Çünki Minorskinin məktubundan məlum olur ki, Smirnov Kəngərli tarixi haqqında çox az məlumata malik imiş. Hətta Minorskinin özünün də izahları qeyri-dəqiq və yanlışdır. Məktubun mətnini verməzdən əvvəl qeyd etmək yerinə düşər ki, K.N.Smirnovun Naxçıvanla bağlı yazdığı əsərlərin geniş şərhlərlə nəşrinə ehtiyac duyulur. Əks halda onların yanlış elmi fikirləri gələcək əsrlərə də etalon qaydasında ötürüləcək. Bir vacib məsələyə diqqəti çəkmək istəyirəm. Rusiya tədqiqatçıları Naxçıvanskilərin Kəngərli tayfasından olmalarını qəbul etmək istəmirlər.
Qeyd edək ki, məktubda bəzi sözlər oxunmur. Ona görə də cüzi ixtisarla məktubun mətnini dərc edirik: “Əziz Konstantin Nikolayeviç, hər iki məktubunu aldım. Hər hansı sənədlərin nəşri həmişə tərifə layiqdir. Bu işin rəsmi tərəfi çətindir və xeyli müddət araşdırma tələb edir... Kəngərli məsələsinə gəldikdə isə, mən onlar haqqında “Naxçıvan” başlığı altında “İslam Ensiklopediyası”nda çox az yazmışam. Ümumiyyətlə, sizin tarixi sənədləriniz də onların mənşəyini tam aydınlaşdırmır. Xəyalpərvər Kəngərlilər, məncə, Əfşar tayfasının bir qəbiləsidir, çünki onların tarixi Əfşarların tarixinə gedib çıxır. Bu qiyamçı tayfa özünə həmişə problem yaradırdı və onları tez-tez Urmiyada, Xorasanda (onlardan Nisədə Nadir varis olub), Samiqalada və Böyük Ərəbistanda yerləşdirirdilər. Yəqin ki, Əfşarları qovanda onların bir qismi Naxçıvana gəlib çıxıb. Sizin fars dilini bilən əməkdaşınız mətnləri müvəffəqiyyətlə oxuyub...”
Daha sonra tərcümədə olan səhvləri qeyd edir. Burada şöhbət Naxçıvan əlyazma sənədlərindən gedir. K.N.Smirnov Naxçıvandan apardığı sənədlərin 25-i əsasında nəşr etdirdiyi kitabın bir nüsxəsini də yoxlamaq üçün Minorskiyə göndəribmiş.
Məktubun haşiyəsində belə yazılıb: “Nisədə olan Kəngərlilər elə Varşavada olan Kəngərlilərin özləridir”.
Göründüyü kimi, hər iki məşhur şərqşünasın Naxçıvan Kəngərliləri haqqında məlumatları çox səthi imiş. Çünki Kəngərli tayfası Əfşarların qolu deyildir. Yaxşı olar ki, tarixi sənədlərə müraciət edək. İngilis alimi Klifford Edmund Bosvortun “Müsəlman sülalələri” (Xronoloji və geneoloji məlumat kitabı) olduqca maraqlı elmi-tədqiqat əsəridir. 1971-ci ildə ingilis dilindən ruscaya tərcümə edilib. Müəllif özü kitaba giriş sözü də yazıb. Həmin kitabda “Əfşarlar” monqol türklərinin tayfası kimi geniş tədqiq edilib. Kəngərlilər tayfası isə “Qafqaz səlcuqlara qədər” bölməsində araşdırılıb. Alim qeyd edib ki, hətta onlara Salurlar da deyirlər. Bu araşdırmalar da göstərir ki, Kəngərlilər qədimdən Qafqazın sakinləridirlər, gəlmə deyillər.
Bu araşdırma bizim diqqətimizi “Dədə Qorqud” dastanına yönəldir. Burada da Salurlar vardır. Yəqin ki, gələcək yazılarımızda bu istiqamətdə aparılan axtarışlardan və tapıntılardan söhbət açacağıq.
Musa QULİYEV  AMEA Naxçıvan Bölməsinin əməkdaşı



Bu yazı ( 78 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar