12px14px16px18px

Onu qəm əlindən şeir qoparır...

MƏMMƏD İSMAYIL
11:35 / 20.08.2011
Yessentukiyə gedib gələnlər sözarası yayda Azərbaycanın yarısı orada olur, Bakıda axtardığını orda taparsan deyəndə bir az inanmamışdım.Amma bu yay gedib bunu öz gözlərimlə gördüm.Bu kurort şəhərində küçələri, yolları yazağzı quş civiltiləri kimi rus və Azərbaycan danışıqları doldurur! Hətta bu balansın hardasa yarı yarıya olduğunu da söyləyə bilərəm.Adamı belə bir yerində sual da düşündürməmiş deyil, sayımızın orada bir bu qədər çox olmasının səbəbi nədir? Burada üçüncü variant axtarmağın anlamı yoxdur.Ya doğrudan da Azərbaycanda adamların imkanları nisbətən yaxşıdır ki, kurortlara axın bir bu qədər güclüdür, ya da ağır həyat şərtləri adamların sağlığını sıradan çıxartdığından nicat və çıxış yolunu kurort müalicəsində görürlər.Mən ikinci variantın daha doğru olduğu qənaətindəyəm. Çünki bu kurort şəhərinin küçələri kefindən daha çox dərdinə əlac axtarmağa gələn həmvətənlərimizin axını ilə yadda qalır.Kimi axtarsan orda taparsan ehtimalı isə özünü yüzdə yüz doğruldur.Yəni ikidə-bir ya su qaynaqlarına gedən yolda, ya da elə su içilən yerlərdə bir çox tanış-bilişə rastlaşmağım da bunun bir təsdiqi idi. Onlardan biri də əlli ilə yaxın tanıdığım şair-publisist Tofiq Hüseyn olacaqdı.İlk tanışlığımızdan o mənim yadımda içinin işığı üzünə çilənən bir adam kimi qalmışdı.Aradan bir bu qədər illər keçməsinə baxmayaraq bu adamın içindən üzünə vuran nuru zərrə qədər də olsun azalmayıb. Həyatımın müxtəlif mərhələlərində onunla qarşılaşmışdım.İndi burada Yessentukidə qarşılaşanda nədənsə yadıma Bakıdakı, Əli Bayramlıdakı az saylı görüşlərimizdən daha çox yetmişinci illərdə Moskvada oxuyanda yanıma yataqxanaya gəldiyi, uzun qış gecələrində az qala sabaha qədər bir birimizə şeir oxuduğumuzu, dağı arana, aranı dağa daşıdığımızı xatırladım. Ürəyində infarktın açdığı şırımları görməzlikdən gəlsək, belə baxanda üzdən Tofiq o zamandan bu yana sanki bir o qədər də dəyişməyib. Bəlkə saçları daha çox ağarıb, vücudu ətə-qana gəlib.Amma içindəki şair ilhamından xəbər verən, üzünə tər-təmiz səhər şəfəqi kimi yayılan şıramlı ürəyinin ən təmiz qatından fışqıran təbəssümü zərrə qədər dəyişməyib.
Sözarasında Tofiq mənə biri şerlərindən, o biri publisistik yazılarından oluşan “Seçilmiş əsərləri”ni çap etdirdiyinin müjdəsini verdi.Səhəri gün artıq birinci cild masamın üstündə idi. Kitaba mənimçün avtoqraf yazarkən umacaqlı olduğunu da hiss etdirmişdi:Bəlkə bir-iki səhifəlik bir şey yazasan.
Hər dəfə Bakıya gələndə bu umacaqla mənə kitab bağışlayan çox adam olur.Amma kitabın ilk səhifəsindəki avtoqraf sözləri nə qədər bəlağətli olsa da mənimçün fərqi yoxdur, elə ilk sətir və misralar mənə sahibinin bəlkə özünə də məlum olmayan zəif yerlərindən anındaca xəbər verir. Və mənim də çox pis bir xasiyyətim var, başımı kəssələr də içimi isindirməyən bir əsər haqqında tək cümlə belə yaza bilmərəm.Hərdən Azərbaycan ədəbi tənqidinin tərif bolluğunda belə mənasız etiraflara da rast gəlirəm-üz-üzdən utanır, adam gəlib mənə kitabını bağışlayıb haqqında yazmağımı istəyir, necə etiraz edə bilərəm ki?! Belə olanda içindən bir giley də keçir, adam gəlib sənə özünü qayadan at desə, atarsanmı?
Tofiq az yazan, yazdıqlarını da az üzə çıxardan adamdır. Hardasa yetmiş, səksəninci illərdə “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat” qəzetində şeir silsilələrini də oxumuşdum.Həm də təkəm-seyrək görüşlərimizdə hərdən özünün də mənə oxuduğu şerləri vardı.Öz səsindən dinlədiyim şerləri daha güclü təsir bağışlayardı. Əldə, ovucda qalacaq mətnə qiymət verməyə əngəl olan bu təsirlənmələri onun oxu qabiliyyətinə yozmuşdum...
Bir neçə ay əvvəl “525-ci qəzet”də silsilə şerlərini də oxumuşdum. Və bu silsilə də özəlliklə iki şeri, könlümdən xəbər vermişdi. Müalicələrdən macal tapıb Tofiqin “Seçilmiş əsərləri”ni vərəqlədikdə ilk əvvəl ürəyimə yatan o iki şerin bu kitabda yer alıb almadığı ilə maraqlandım. Bəzən bir kitabda bir gözəl şeir varsa, təkcə o gözəl şerə görə o kitab haqqında yazacağın məqalə ilə vicdanını yandırmamış olarsan.
Kitabı bu ovqatla varaqlayacaqdım. Başım daha vacib yazılara qarışdığından Yessentukidə Tofiqin kitabından sadəcə onun haqqında müxtəlif illərdə yazılmış olan X.Rzanın, İ.Tapdığın və S.Rüstəmxanlının kiçik məqalələrini oxuyacaqdım.Sözün açığı bu yazılardakı tərəddüd, yarıinamsızlıq, içindən keçəni içindən keçdiyi kimi deməmək sancılarını görüb təəccüblənəcəkdim. Bu yazılardakı xala xətrin qalmasın abı-havası xoşuma gəlməyəcəkdi. Yuxarıda haqqında söz açdığım iki şeir də yetərli idi ki, bu əsərlərin sahibi haqqından çəkinmədən söz açasan...
Bəlkə təvazökarlığı ilə haqqında yazanlara “pası” elə Tofiqin özü vermişdi. İçini açıb tökdüyü ”Kiçik kənd, balaca dayanacaq...və mən- adsız şair” etiraf məqaləsində özü bu “pasın” səbəbini hamıdan yaxşı açır: “Kiçik adamlar, kiçik kəndlər, gözdən-könüldən uzaq kiçik dayanacaqlar adamı kövrəldir, onun ürəyinə qəriblik, həzinlik gətirir. Hətta adamın içində hərdən dəli bir istək də baş qaldırır; istəyirsən lap gecənin tən yarısında bu tənha, kiçik dayanacaqda qatardan yerə atılasan, qolunu bu dayanacağın boynuna dolayasan, onu ovundurub könlünü alasan...
Nə isə...bu kiçik kəndin, bu balaca dayanacağın adsız-ünvansız, bütöv bir ömür boyu oxucu qəlbində özünə yuva salmayan, tənqidçilərin nəzər-diqqətini, mötəbər fikrini, sözünü qazana bilməyən bir şair var, o mənəm-Tofiq Hüseyn!..”
Qəzetlərin hansındasa gedən bir müsahibəsində isə başqa bir etiraf diqqətimi çəkmişdi:..Bütün bunlara baxmayaraq həyatımdan razı deyiləm.Mənə elə gəlir ki, nəsə çatışmır. Bu “nəsə”nin də nə olduğunu bilirəm. Yaxşı şair ola bilərdim, ola bilmədim”...
Doğrudan da iç burxuldan etiraflardır.Belə bir kəlam var, siz özünüz haqqında nəyi düşünürsünüzsə Allah da onu verir...Daha Tofiq özü haqqında yuxarıdakı kimi düşünürdüsə buna Allah neyləməli idi ki?
Bəs əslində vəziyyət necədir? Əlimdəki bu kitab doğrudanmı yaxşı şair ola bilməyən bir adamın kitabıdır, yoxsa? Bir az da bu suallara cavab verməyə çalışacağam.
...Ömrümün yelkəni sahilə çəkir,
Qazandığım nədir, itirdiyim nə.
İlahi, bir kimsə inanmadı ki,
Şair doğulmuşdum doğulanda mən.
...Neçə dəmir qapı açdım, heyiflər,
Səsi açılmadı könül tarımın.
Bir çimdik duz üçün qaçdım, heyiflər
Dadı-duzu qaçdı misralarımın.
Bir şair taleyi qoydum sapanda,
Qoydum ki qayğılar gölünə atım.
İmkansız dostlarım imkan tapanda
Dost itkisi oldu mənim tapıntım.
“Bu qayğılar”
Hələ bu harasıdır:
Mərkəzdə yaşayıb gözə soxulma-
Keçə bilərsənmi başa, çətindi.
Özün bir vəzifə sahibi olma,
Həm də əyalətdə yaşa, çətindi.
Titrəyir heybəmdən yapışan əlim,
Bakıya gedirəm xoruz banında.
Heyif, qara kürü tapa bilmədim
Üzüm ağ olardı şerim yanında.
“Bakıya gedirəm”
Bu misralar zövq və imkanların bərabər paylanmadığı məmləkətlərdə əyalətdə yaşayanların bir də əyalətdən mərkəzlərə ucalmaq eşqiylə gedənlərin mərkəzlərdə üzlərinə çırpılan laqeydliyin faciəsinin etiraf fəryadıdır.
Amma Allahdan ilham payı olan əyalət şairinin yenə bir təsəlli yeri də var.Bu təsəlli və ümid yeri olmasa da o, bunu mütləq axtarıb tapmalıdır, yoxsa əyalətin üzübozluğunda yaşamaz, yaşaya bilməz? Və bu şair “kədərli olanda şeri yazır”:

...Məni qəm əlindən şeir qoparır,
Hələ o ocaqda gərək yanam mən.,
Müsəlman imana pənah gətirir,
Şeri iman bilən müsəlmanam mən.
Yaxud,
...İnsana ömürü kainat verir,
Sənə də qiyməti bu həyat verir.
Gecələr gündüzü mükafat verir
Gecəni gündüzə qatan şairə.
Yaxud,
...Bəli yerli şair qalxıb kürsüyə
Oxuyur şerini günahkar kimi.
Qızıldan qiymətli bir söz də desə
Yenə qiymətsizdir...
Yerli fabrikin
Toxuyub tikdiyi bir patlar kimi.
“Yerli şair”
Və o nəşriyyatdan bu nəşriyyata süründürülən “yerli şairin” nəhayətində ilk kitabı da işıq üzü görür.Bu elə sevindirici hadisədir ki, hətta şeir mövzusuna da çevrilir:
Sən könül çırpıntım, sən könül varım
Neylərdim dərdimə tən olmasaydın.
Mənim şeirlərim-qız balalarım
Qız qarıyardılar sən olmasaydın.
Və...
O qədər kiçiksən cibə sığarsan
O da ki, nə bilim, eh, hansı cibə...

Tofiq Hüseyn indi əyalətdə yaşayan bir çox şairlərimizdən fərqli olaraq sözün tam mənasında əyalət mövzularını əyalət şairinin gözüylə görür və əyalət insanının böyük şəhərlərin qarqaşası önündəki çıxılmaz vəziyyətini və ruhi halını hamıdan fərqli bir şəkildə dilə gətirir. Bu yönü ilə o heç kimə bənzəmir.
...Bakıda yaşayan qohumlarımız,
O balaca kənddə, o qərib kənddə
Hündür binalardan söhbət düşəndə,
Yaxşı kinolardan söhbət düşəndə
Sizin adınızı tez-tez anardıq,
Dalğalı dənizdə üzürsüz deyə,
Bulvarda, küçədə gəzirsiz deyə
Sizin adınıza qanadlanardıq.
Bizim fikrimizdə, xəyalımızda
Ən zərif sözləri siz deyərdiniz.
Bizim fikrimizdə, xəyalımızda
Ən gözəl patları siz geyərdiniz.
Bəs sonra?:
...Fikrimiz qatardan yeyindi yaman
O gecə vaqonda yatammadıq biz
Sabah boynumuzu qucaqlayacaq,
Sabah üzümüzdən öpəcəkdiniz.
Bəs son nəticə?:
...Çamadan qapının ağzında qaldı
Zənbilə mətbəxdə yer elədiniz...
Bir zamanların əmək adamı Sərdar İmrəliyevə həsr etdiyi “Bəlkə ilk dəfəydi “ şerində təsvir etdiyi mənzərə qəhrəmanın ovqatını açmaq baxımından diqqəti cəlb edir:
Tarla düşərgəsindən bir az aralı
Dayanmışdı Sərdar qanı qaraydı.
Başının üstündən
Sağsağanlar uçub gedirdi hayla-harayla.
Göy üzünə qara bulud sərilmişdi
Yer üzünə-məhsulu boşalmış tarla.
Göründüyü kimi bu şeirlərdən əyalət ətri gəlir, əyalətçilik yox.

...Bir qız mənə baxdı
Gülümsəyərək
Sandım talan etdi könül varımı.
O öz dodağını qızartdığı tək
Qızartdı mənim də yanaqlarımı.
“Bakıya ilk dəfə gəlmişdim o gün”

Əyalətdən Bakıya gələnlərin hamısının qədərindən bu üzü qızaran tale həzin bir xətt kimi keçir.Amma Tofiq Hüseynin özündən fərqli olaraq ona “əyalət şairi” demək insafsızlıqdan başqa bir şey deyil.Bunu elə indi örnək verəcəyim misralar da hayqırmaqdadır:

...Bulud yorğan kimi sərilib göyə
Qoynunda ulduzu, ayı yatırdı.
Çığıra-çığıra uçan ördəyə
Kimsə uzaqlardan güllə atırdı.
“Qış axşamı”
...Gecə lampaları-işıq kədəri.
“Gecə lampaları”
...“Vağzalı” xoşxəbər müjdəçilərtək
Kəndə haray salır, hay salır bu gün.
Bulağın üstündən bir saxsı sənəg,
Tarladan bir mahnı azalır bu gün.
...Qızlar dövrələnib bir halay qurur
Yanaqlar qırmızı, gözlər badamı.
Qızın qardaşları tutulur, durur
Əl-ayaqda gəzir oğlan adamı.
“Qız gəlin köçür”
Yessentukidə məndən bir iki səhifəlik yazı yazmağımı uman Tofiq Hüseynə başımın bu aralar daha vacib işlərə qarışıq olduğunu demişdim. Amma kitabını oxuduqca içim rahat olmadı. Əyalət ağrılarıyla dolu olan bu kitabı oxuduqca bir əyalət oğlu kimi mənim də içim sızladı. Və ilk şerləri çox gec gün işığı görən, əl boyda ilk kitabı neçə illərdən sonra oxucusunu axtarmağa çıxan, ədəbi tale baxımından hər zaman harasa tələsən və tələsməsinə rəğmən hər zaman da geriyə düşən və hələ də Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü olmayan bu şair dostumuzun heç olmasa mənim on-onbeş cümləlik yazımın gecikməməsini düşünüb Bakının 33 dərəcəlik bir avqust gecəsinin boğanağında bilgisayarı qarşıma aldım.Qoy heç olmasa Şirvanın qovurucu yay istiliyini qandırıb infarktlara tuş olan ürəyini Yessentuki mülayimliyində ovudan dostumuza bu yazı da kiçik bir sürpriz olsun.Əlimizdən az da olsa insanları sevindirmək gəlirsə, buna bir an öncə etməyimiz gərəkdiyini düşündüm.
Avqust, 2011.Bakı...
MƏMMƏD İSMAYIL



Bu yazı ( 450 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar