12px14px16px18px

Hicrət və Cihad missionerliyinin bəhrəsi

Nəriman QASIMOĞLU
11:10 / 20.08.2011
Mənim, tərcümə variantında Müqəddəs Oxu dediyim Quran-i Kərimdə bir ayə var. Rəbbimiz buyurur: “O kəslər ki, inanmışlar, köç etmişlər, cihad etmişlər Tanrı yolunda, Tanrı mərhəmətini umar onlar. Və Tanrı bağışlayan, rəhim” (İnək surəsi. 218-ci ayə).
“Cihad” anlayışı ötən zamanların siyasi tələbləri kontekstində təhriflərə uğrayaraq indi də elə təqdim edilir ki, bu, müsəlman şüurunda daha çox başqa din mənsublularına qarşı müqəddəs müharibə ilə assosiasiya olunur. Müqəddəs Oxuda isə bu, Allah yolunda ilahi dəyərlərin yayılışı naminə səy göstərmək, gərgin əmək sərf etmək, çalışmaq, cəhdlərdə bulunmaq, çətinlikləri dəf etmək və s. anlamlar daşıyır. Sözügedən ayədə “köç etmək” də möminlərin zəruri xüsusiyyətlərindən biri kimi vurğulanır. Bu da müqəddəs Kitabımızın hikmət açan hicrət fəlsəfəsinə aid bir məzmundadır. Yamanlıqdan yaxşılığa, alçaqlıqdan ucalığa, qəddarlıqdan mərhəmətə, çirkindən gözələ, küfrdən imana, qaranlıqdan aydınlığa, qorxaqlıqdan cəsarətə, cılızlıqdan kamilliyə, xurafatdan gerçək dindarlığa, ilahi dəyərlərin zavala uğradıldığı məkandan bu dəyərlərin yayılışı üçün daha münasib bir məkana Hicrət etmək, Köç etmək!
Və mən bunları düşünə-düşünə özüm üçün yaxınlarda kəşf etdiyim bir insanın mübarək obrazı canlanır xəyalımda. Bütövlükdə hər kəsə nəsib olmayan İman, Hicrət, Cihad ömrü yaşamış bir insanın. Bu, görkəmli Azərbaycan ziyalısı, şərqşünas alim və 1918-20-ci illərdə Azərbaycan Cümhuriyyətində daxili işlər nazirinin müavini olmuş general Sadiq Ağabəyzadədir ki, Tanrı sevimlisi bir bəndə olaraq milli mücadiləyə sərf olunan ömrünün bir hissəsini bolşevik qanına qəltan edilmiş, sarsılmış və sınmış vətəni Azərbaycandan uzaqlarda, hicrətdə keçirmişdir. Avropada keçirdiyi hicrət həyatında da Sadiq bəy cihadından qalmamış, gərgin yaradıcılıq işlərində bulunmuş, bir şərqşünas, müəllim kimi avropalı həmkarlarının rəğbətini qazanmışdır.
Sadiq Ağabəyzadənin general kimi Azərbaycan adına verdiyi mücadilədən də, şərqşünas alim kimi əsərlərindən, Avropa şərqşünaslığına verdiyi töhfələrdən də danışmaq olar. Maraqlı bir məqam da onun müəllifi olmadığı məşhur bir əsərdə iz qoyması ilə bağlıdır. Bu, Quran-i Kərimin almanca tərcümə mətninin o zaman üçün nisbətən geniş və mükəmməl izahları ilə birgə ruscaya edilmiş məşhur tərcümə əsəridir ki, hazırda beş cilddə, on cilddə təkrar-təkrar nəşr olunmaqdadır. Sadiq bəy nə almancasının, nə də ruscasının müəllifidir. Ruscaya tərcümə variantının müəllifləri əsərin ərəbcə və rusca müqəddimələrində bu nəcib işin meydana çıxmasına təkan verən təşəbbüsün “siyasi qaçqın həyatını yaşamış azərbaycanlı general Sadiq”dən gəldiyini minnətdarlıqla qeyd edirlər. Məlum olur ki, Sadiq bəy gözəl Quran bilicisi olaraq almanca izahlı tərcüməyə böyük dəyər verirmiş, onu ünsiyyətdə olduğu insanlara təbliğ edirmiş.
Tale elə gətirir ki, o, Münxendəki sovet konsulluğunun bəzi əməkdaşları ilə tanış olur və onlara da bu əsəri oxumağı, ruscaya tərcüməsi qayğısına qalmağı ehtirasla təbliğ edir. Mühacir və mücahid Sadiq bəyin hicrət və cihad missionerliyi öz işini görür və beləcə əsərin ruscaya tərcüməsinin əsası qoyulur.
Tanrı mərhəmətini qazanmış Sadiq Ağabəyzadə kimi böyük ruh sahibinin qismətinə düşən xoşbəxtlikdir ki, onun bizlərə örnək olan mübarək kimliyinin unudulmaması da Rəbbimizin Öz zəmanətində. Həmd olsun Allaha, aləmlərin Rəbbinə!
Nəriman QASIMOĞLU





Bu yazı ( 361 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar