12px14px16px18px

Faiz məsələsi

Nəriman QASIMOĞLU
00:11 / 19.05.2012
 
İslamda faiz yasağı ən çox müzakirə olunan məsələlərdən biridir və söhbəti başqa dini mənbələrə deyil də məhz Müqəddəs Oxu məntiqinə yönəltdikdə bu məsələ ətrafında daha çox aydınlıq hasil olur.
Bir ənənə olaraq faiz anlamında qavranılan və Müqəddəs Oxu orijinalında işlənən söz “riba” sözüdür ki, bunun açıqlamasına yardım edən ilahi hikmətlər yeddiyə qədər ayədə ifadə olunur.
Ərəb dilində “riba” kəlməsi ürfi anlamda, yəni əhali arasında ənənəvi qaydada dövriyyədə olan mənada götürüldükdə “rüşvət” və “sələm” anlamlarını da daşıyır. Sözün özü isə “artmaq”, “artırmaq”, “yetişdirmək”, “bəsləmək”, “böyütmək” feillərindən düzəlmədir. Bəzi şərhçilər bunu çox zaman kapitala edilən əlavə kimi qələmə verirlər. Din dilində bu, qarşılığı olmayan, yaxud ödənilməyən artım deməkdir. Nəzərə alınsa ki, Rəbbimizin Müqəddəs Oxuda anlatdığı ilahi tələb qazanılan bütün dəyərlərin qarşılığında müvafiq ölçüdə əmək sərfiyyatını, yəni zəhmət çəkilməsini nəzərdə tutur, onda həmin o “riba” sözü əmək və zəhmət qarşılığı olmayan artım kimi qavranılmalıdır.
“Riba”nın hər hansı bir dilə tək bir sözlə çevrilməsi mümkün deyil. Müasir ilahiyyatçıların rəyinə görə, ən doğrusu budur ki, “riba” əmək və zəhmət qarşılığı olmayan artım olaraq anlaşılsın.
Rəbbimiz buyurur: “Silər də yox eylər Tanrı riba artımını, artırar-artırar sədəqələri” (2, 276). Bu ayədə diqqətimizə çəkilən məqam ondan ibarətdir ki, maddi ehtiraslarını cilovlaya bilməyən insanın əldə etməyə çalışdığı hər cür zəhmətsiz gəlir İlahi qatında tamamilə dəyərsizdir. Rəbbimizin zəndeyi-zəhləsi gedir belələrindən ki, həmin ayənin davamında buyurur: “Tanrı sevməz heç bir nankor suçlunu”.
Təbii ki, “riba”nı təkcə “faiz, sələm” kimi anlamaq doğru deyil və həmin sözü “faiz” mənasının çərçivəsində saxlamaq yanlış nəticələrin çıxarılmasına təkan verə bilər. Necə ki, bu günümüzdə, xüsusən də bəzi müsəlman ölkələrində bu baş verir. İlk növbədə faizsiz bankları nəzərdə tuturam.
Əslində iqtisadçılar da bunu əsaslandıra bilərlər ki, bankların faiz gəlirləri olmadan işləməsi mümkünsüzdür. Həmin qəbildən olan bankların çalışma sistemləri, qoyulan kapitala verdikləri gəlir payları və s. digər bankların uyğuladığı üsullardan heç də geri qalmır. Bunların faizsizlik iddiası sadəcə, necə deyərlər, hiyleyi-şəriyyə yoluyla gerçəkləşən bir iddiadır. Hiyleyi-şəriyyə, yəni şəriət qanunlarına riayət görüntüsü yaradaraq bəlli niyyətlərin həyata keçirilməsi deməkdir ki, bu da Müqəddəs Oxu məntiqindən yanaşılırsa, günahlar sırasında sayıla bilər. Bunların elədikləri ondan ibarətdir ki, başqa bankların faiz adı altında verdikləri məbləği qazancdan pay adı altında verir və yaxud faiz adıyla aldıqları kredit gəlirlərini iş görülməsi qarşılığında alır, bunu beləcə tərtib edirlər. Yəni işin əsasında bir dəyişiklik yoxdur. Dəyişən sadəcə kəlmələrdir.
Banklar faizsiz sadəcə olaraq işləyə bilməz. Ancaq bu da var ki, bəzi banklar göstərdikləri bank xidmətləri müqabilində əldə etdikləri faiz gəlirləri məsələsində ifrata varırlar ki, bu da dinimizin məntiqi baxımından yolverilməzdir. Məsələn, fərz edək, hansısa bank vətəndaşdan illik 10 faiz gəlirlə depozitə 100 000 manat qəbul edir və bir il ərzində 20 faiz həcmində inflyasiya baş verir. Bu halda 10 faiz həcmində itirən həmin o vətəndaş olur. Və ədalətə yaxın variant ondan ibarət olardı ki, bank öz müştəriləri ilə nəzərdə tutulandan xeyli artıq ölçüdə müəyyənləşən inflyasiya riskinə ortaq olsunlar. Belədə, məsələn, inflyasiya göstəricisinə görə, 10 faiz gəlir qazanan bank bu qazancını müştərisiylə paylaşaraq 5 faizə endirsin və xidmətləri müqabilində bu qazancı ilə kifayətlənsin ki, vətəndaşa dəyən ziyan minimuma ensin.
Bəs o hansı faizdən söhbət gedir ki, bunu yuxarıda dediyimiz riba anlayışına daxil etmək, əmək və zəhmət qarşılığı olmayan artım kimi dəyərləndirib günahlar siyahısına salmaq olar.
İlahiyyatçıların bir çoxu mal mübadiləsi ilə bağlı sadə nümunələrə üstünlük verir. Məsələn, bir kimsə başqa birisinə bir kilo un verirsə və o şərtlə verirsə ki, əvəzində ondan iki kilo un alacaq – bu olur həmin o riba yasağının günahına batmaq. Və yaxud da, deyək, 10 qram qızılı borc verən əvəzində borclu şəxsdən 20 qram qızıl tələbilə sövdələşirsə, bu da günah sayılır. Yəni söhbət bu halda dəyərini müəyyən zaman özündə saxlayan malların mübadiləsindən gedir ki, burada qısa zaman kəsiyində malın dəyərsizləşməsi baş vermir. Çünki bir qram qızıl, yaxud gümüş bir il əvvəl nə qədər iş görürsə, bu gün də həmin gücünü təxminən özündə saxlayır. Bu qəbildən malı qısa müddətliyə faizlə borc vermədə riba var desək güman edirəm Oxu məntiqi baxımından yanılmarıq.
Bəzi ilahiyyatçılar qiymətli metalların dəyərsizləşməməsi barədə səhv qənaətlərinə əsasən belə fikir yürüdürlər ki, müddətindən asılı olmayaraq, borc verilən qızıl, gümüş qaytarılanda üzərində faiz əlavəsini tələb etmək olmaz. Ancaq iqtisadçılar da yaxşı bilir ki, qiymətli metalların da alıcılıq gücü müxtəlif zamanlarda fərqli ölçülərdə təzahür tapır. On illər əvvəlin qızılının alıcılıq gücü bu gününkindən təbii ki, fərqlənir.
Əgər bu mətləbi pul borc vermə müstəvisində nəzərdən keçirsək, məsələ daha da aydınlaşar. Oxu məntiqinə görə, borc verən şəxs o miqdarda faiz şərtilə borc verə bilər ki, bu faiz borc miqdarının borc verilən zamandakı alıcılıq gücünə aid dəyəri ilə qaytarılan andakı alıcılıq gücünə aid dəyəri arasındakı fərq ölçüsündə müəyyənləşsin. Borc qısa müddətliyədirsə, alıcılıq gücü üçün meyar olaraq pul miqdarının qiymətli metallara nisbətini əsas götürmək olar. Bu halda riba yasağından, ümumiyyətlə, söz gedə bilməz. Söhbət ondan gedir ki, dəyərini müəyyən müddət saxlayan qiymətli metallardan fərqli olaraq pul alıcılıq qüvvəsini daha sürətlə itirir ki, bu müəyyən faizlə borc verməni istisna edə bilməz.
Əksini düşünmək o deməkdir ki, borc verən tərəf ziyana uğramalıdır ki, bu da ədalətin pozulması anlamındadır, yəni bu da başqa bir səpkidə günaha batmaqdır. Fərz edək ki, 100 min manat miqdarında borc verilən pul bazarda qiymətlərin artması səbəbilə bir ildən sonra 30 faiz dəyər itkisinə məruz qalır və həmin borcun alıcılıq gücü bərabər olur 70 min manata. Və borc 130 min deyil elə həmin 100 min manat miqdarında qaytarılarsa, borc verən ziyana düşmüş olur da öz haqqından kəsilmiş duruma düşür ki, bu da yolverilməzdir.
Riba yasağı ilə bağlı Oxu ayələri endiyində ərəblər arasında yüz faizi keçən borc vermə məsələləri geniş şəkildə uyğulanan bir iş idi və bunu da nəzərdə tutsaq müqəddəs Kitabımızın məqsədi daha yaxşı anlaşıla bilər. Rəbbimiz buyurur: “Ey inananlar, riba artımını yeməyəsiz qat-qat artıra-artıra...” (3, 130). Ayənin orijinalında keçən “ad’afən muda’afətən” ifadəsinin iki dəfə, üç dəfə, dörd dəfə artırmaq çalarları da var. Burada söhbət illik olaraq 100, 200, 300 faizlik həcmdə olan ribadan gedir. İlahi varlığa inanmayan kimsələr özlərinin zəhmətsiz gəlirlərinə bəraət qazandırmaq məqsədilə bunları ticarət əməliyyatı ilə bərabər tutaraq belə bir arqument gətirirlər ki, riba da elə ticarət kimi bir şeydir, qadağan oluna bilməz. Onların bu iddiasına cavab olaraq Rəbbimiz buyurur: “Ribanı yeyənlərin ayaqda durmaqları şeytanın toxunub səndirlətdiyi adamın ayaqda durması kimi. Belə ki, söyləmişlər: alış-veriş də elə riba bənzəri. Tanrı alış-verişi halal buyurmuş, ribanı haram buyurmuş” (275).
Soruşula bilər ki, bəs müəyyən gəlir gətirən biznes əməliyyatı üçün verilən borca görə faiz dəmi haram sayılmalıdır? Təbii ki, bu, haram sayıla bilməz və riba anlayışına o halda aid ola bilməz ki, borc verən şüurlu şəkildə biznes əməliyyatının ehtimal edilən uğursuzluğu ilə bağlı riski paylaşır. Paylaşmadığı təqdirdə isə bu öz əksini qarşılıqlı razılaşma əsasında müəyyənləşən sövdələşmə aktında tapmalıdır...
Müqəddəs Oxu informasiyasının ən böyük dəyəri ondadır ki, İlahi məntiq universal bir məntiqdir. Rəbbimiz buyurur: “Hər istəyən kimsə bu Oxudan öyüd alır” (80, 12). Yoxsullarla bağlı öyüd payı belə müəyyənləşməli ki, onlara verilən borc pul dəyər itkisinə uğrasa belə, bu itki məbləğini də geri almaq doğru deyil. Rəbbimizin təlqinidir: “Borclu kəs dardadırsa, möhlət verin ta o vaxta qədər ki, vəziyyəti düzələ. Sizdən ötrü daha yaxşı borcu bir pay olaraq bağışlayasız...” (2, 280). Müqəddəs Kitabımız məişət və ya digər oxşar ehtiyacı üzündən borca düşən imkansız kimsələrə borc verib də onların hesabına varlanmağın sadəcə olaraq qarşısını alır və ayədən də göründüyü kimi, bu qəbildən olan insanlara hətta borcun bağışlanmasını da nəzərdə tutur, bunun daha yüksək dindarlıq keyfiyyətindən xəbər verdiyini nəzərimizə çatdırır.
Yenə də qulaq kəsilək Rəbbimizin sözlərinə: “Ey inananlar, Tanrıdan ehtiyat eyləyin, zəhmətsiz artımdan nə qalmışsa, qoyun qalsın, əgər ki, inanan kəslərsinizsə...” (2, 278).
Nəriman QASIMOĞLU



Bu yazı ( 398 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar