12px14px16px18px

Xəfif səslə an Rəbbini

Nəriman QASIMOĞLU
02:14 / 19.12.2009
 
 
 
 
İstər ətrafımızdakı təbii, istər ictimai mühitlə, istər də fərdi səviyyədə ayrı-ayrı şəxslərlə ünsiyyətə girdiyimiz zaman davranış etikasına dair gözləməli olduğumuz vacib bir məqam başqalarına rahatsızlıq yaratmaqdan qaçınmaq zərurətilə bağlıdır. İnsanlar üçün rahatsızlığı yaradan əməllərdən biri ictimai yerlərdə səs-küy salmaq, qulaqbatırıcı səs yayan cihazlardan istifadə etmək, ucadan danışmaq və s.-dir. Səs-küyün ekoloji ziyanları da söhbət mövzusu ola bilər. Təbii aləmə ziyan vuran amillərin siyahısında ekoloqlar onu da ön plana çəkirlər ki, səs çoxluğu heyvanları, quşları yurd-yuvalarından perik salır. Bunun sadəcə hər hansı canlı orqanizmə potensial zərəri də öz yerində. Məsələn, tibbi araşdırmalar göstərir ki, həddindən artıq səs-küyün davamlılığı insanların görmə və eşitmə qabiliyyətlərini zəiflədir, qan təzyiqini yüksəldir, ürək-damar və əsəb sisteminə dağıdıcı təsir göstərir.
Müqəddəs Kitabımız küyçülüyü daha çox mənəvi-etik dəyərləri xələldar edən bir məzmunda dəyərləndirir. Rəbbimizin Öz buyurduğudur: “Yerişini az eylə də azalt səsini. Səslərin ən çirkini əlbət ki, ulağın anqırtısıdır” (Loğman, 19).
Bu ayədə diqqət öncə ədəb qaydalarından birinə – insan yerişinə cəlb edilir. İzahını “yerişini az eylə” kimi verdiyimiz ifadə ərəbcədə “va-qsıd fi məşyikə”- dir. Bunu hərfən “yerişində qənaətcil ol” kimi də vermək olar. İfadənin birbaşa və ardınca da tamamlayıcı məzmunda məcazi mənası var. Birincinin məna çalarlarını sıralasaq belə bir siyahı alınar – addımlarını atanda ölçü gözlə, yaxud ayaqlarını yerə döyə-döyə addımlama, yaxud diqqəti cəlb etmək ədası ilə yerimə, yaxud ümumən az gəz və s. və i. Əks təqdirdə yaranan pis görüntü öz növbəsində ikinci, məcazi mənaya yol açır ki, bu da insanın təkəbbürlü xasiyyətindən xəbər verir. Buna işarə olaraq Rəbbimiz başqa bir ayədə buyuyrur: “Torpağın üstündə şəstlə yerimə, yeri deşən deyilsən, boyun çatmaz dağlara. Bundan gələn hər yamanlıq istənilməz bir nəsnədir sənin Rəbbinin qatında” (əl-İsra – “Gecə yolçuluğu”, 37-38). Ayələrin birində qadınlara da belə bir tövsiyə var ki, bədən əzalarını möhtəris baxışlardan qorumaq üçün yeriyərkən addımlarını yerə bərk vurmasınlar. Həmin ayə tərcümədə belə səslənir: “Ayaqlarını döyməsinlər ki, bilinə ziynətlərindən nəyi gizlədir onlar” (Nur, 31).
Yuxarıda Loğman surəsindən gətirdiyim ayə “yerişində qənaətcil olmayanların” və, necə deyərlər, “hara gəldi gedənlərin” başqa bir mədəniyyətsizliyinə də diqqət çəkir. Bu, böyüklənən, təkəbbürlü insanların hay-küylü danışıq tərzidir. Camaatda narahatçılıq yaradan, insanları incidən bir mədəniyyətsizlikdir ki, xoşagəlməz ulaq anqırtısına tay tutulur.
Maraqlıdır ki, ayələrdə hay-küyçülüyün əsasən imansızlara aid olduğunu görürüksə, bu, o demək deyil ki, inananlar yalnızca imanlarına görə bu ədəbsizlikdən sığortalana bilərlər.
Birinciləri nəzərdə tutan belə bir ayə var: “Dananların o kəsə bənzəri var ki, çağrıdan, çağırışdan özgə bir şey eşitməyən varıqlara hayqırar. Laldır, kardır, kordurlar, kəsmir ağılları da” (əl-Baqara – “İnək”, 171). Yəni bütçü-imansız kimsələr o insanlara bərabər tutulur ki, onların bir xüsusiyyəti də yazıq və zavallı duruma məhkum edilmişlərin üstünə çığıra-çığıra mənasız çağırışlar yağdırmaqdır. Ayənin sonuncu ifadəsinin hikmət qatındakı işarə eyni zamanda həm bütlərə, həm də bütlərə tapınanların özlərinə aid edilə bilər. Bu ayənin məzmunuda fiziki hay-küyçülüyün mənasız şüarçılıqla da səsləşdiyini görməmək mümkün deyil.
Hay-küyçülük ədəbsizliyinə yol verənlər arasında imanlı şəxslər də yer ala bilir. Çünki təkcə Tanrıya sadəcə iman gətirməklə ədəb-ərkan qaydalarına yiyələnmək təbii olaraq müşkül məsələdir. Rəbbimiz belələrinə xitabən buyurur: “Ey inananlar, səsinizi peyğəmbərin səsindən yuxarı qaldırmayın, ona söz danışanda bağırmayın necə ki, bir-birinizlə bərkdən danışırsınız. Yoxsa zay olub batar işləriniz özünüz də duymadan” (əl-Hucurat – “Hücrələr”, 2). Bu ayədən aydın bilinir ki, son peyğəmbər Məhəmməd Seçilmiş həmsöhbətləri ilə mülayim səslə danışarmış. Nəzərimizə çatdırılan bir də odur ki, möminlər də danışanda ədəbsizliyə yol verirlər və bunu aradan qaldırmaq üçün peyğəmbərdən nümunə götürməlidirlər. Bu, həm də imanın fəal həyat müstəvisində gerçəkləşməsi üçün vacib görülür. Ayənin sonuncu ifadəsi müqəddəs Kitabımızda daha çox imansızların dünya həyatındakı işlərinin yaxşı axirət qarşılığı almayacağı baxımından zay olmasını bildirən qənaətlərlə səsləşdiyindən belə bir aqibətin qaba danışıq qabiliyyətli möminləri gözləyə biləyəcəyini nəzərə çatdıraraq təlqin edir ki, ünsiyyət davranışlarındakı ədəbsizlik imanı da batilolma riskinə məruz qoya bilər.
Ədəbsiz din qardaşlarından fərqli olaraq inananlar arasında peyğəmbərdən nümunə götürərək şifahi ünsiyyət zamanı ədəb-ərkan gözləyib səslərini qaldırmayanlar da var. Rəbbimiz belələrini axirət xoşbəxtliyi ilə müjdələyir: “Tanrı elçisinin yanında ikən səslərini qısanlar ki var, bunlar o kəslərdir ki, çəkinmə sınağına çəkmiş Tanrı qəlblərini. Bir əfvi, bir də böyük ödüncü var onların” (əl-Hucurat – “Hücrələr”, 3). Təbii ki, ayələrdə ədəb-ərkana dəvət təlqinləri peyğəmbər hüzuruna dair bir məkan və zaman kontekstində səslənirsə belə bunların bütün məkanlara və zamanlara aid ümumi səciyyə daşıdığı da aydındır.
Şifahi ünsiyyət zamanı ucadan danışmamaq Tanrıya təslim olan iman yiyələrinin eyni zamanda bir iman borcudur. Çünki məhz iman yiyələri orta yol yolçuluğunu sürdürməyə borclu şəxslər (“Biz sizi beləcə bir orta ümmət eylədik insanların işlərinə tanıq olasız deyə...” – əl-Bəqərə – “İnək”, 143) olduqlarındandır ki, belələrinə xas ədəb qaydaları bu yolçuluğa, bu əqidəyə uyğun bir məzmun daşımalıdır. Gerçək iman yiyələri hər bir şeydə ifratlardan qaçınmağı ilahi tələb kimi qavrayırlar da bu üzdən ünsiyyət vasitəsi olan danışıq vərdişlərində tarazlıq gözləyirlər.
Orta yol yolçuları iman yiyələrinə ünvanlanan bir ilahi göstəriş namaz qıldıqları zaman səsin hansı tonda olması vacibliyilə bağlıdır: “Namaz qıldığında nə zilə qalx, nə də çox pəsdən oxu, bunların ortasında bir səsdə oxu” (əl-İsra – “Gecə yolçuluğu”, 110). Yəni, sən namaz qılırsansa, bu, səninlə Tanrı arasında məhrəm bir dialoq qurmaq vasitələrindən biridir. Və ikinci, üçüncü, ya daha çox kimsənin bu dialoqa qarışacağı yox ki, dilə gətirdiyini səndən və Tanrıdan bir başqasına da eşitdirəsən. Belə bir fikrə düşsən, bu, olar riyakarlıq və namazın sadəcə reklamı ki, bunu edən üzdəniraq “dindarlar”ın müqəddəs Kitabımızda tuş gəldiyi ilahi qınaq belə səslənir: “Vay halına o namaz qılanların ki, görməzliyə vururlar qıldıqları namazı, göstərirlər özlərini” (əl-Məun – “Adicə yardım”, 4-6).
Tanrıya təslim inanclı insanların Yaradanla dialoqunun başqa bir şəkli də duadır. Duaların hansı səs tonunda dilə gətirilməsinin ilahi resepti isə bu ayədədir: “Öz içində xəfif səslə, ürkə-ürkə, yalvarışla an Rəbbini səhər-axşam. Qafillərdən olmayasan” (əl-Əraf – “Sədd”, 205). Bu sözlərin təsiri altında düşünürəm, ucadan dua oxuyan insanlar, görəsən, fərqindəmidirlər ki, Rəbbimiz Öz yazısında belələrini qafillərin sırasında görür.
Məhəmməd Seçilmiş Mədinəyə hicrətdən sonra bir gün ardıcılları ilə müzakirə aparırmış ki, müsəlmanları namaza çağırmaq üçün hansı vasitədən istifadə etsinlər. Peyğəmbər şeypur çalınması, təbil vurulması, zəng çalınması təkliflərini qəbul etmir. Müzakirə iştirakçılarından biri təklif edəndə ki, namaza çağırış sadəcə imanlı bir şəxsin dilindən səslənsin, bu təklifi bəyənir və müəzzin (azanı səsləndirən) seçimində namizədlik azadlığı bütçülərdən satın alınmış, gözəl səsi olan sabiq kölə Bilalın qismətinə düşür. Bu nümunədən bir daha aydın olur ki, İslam elçisi ibadətə çağırışın səslənməsində də dinimizim mahiyyətinə uyğun olaraq səs-küylü effektlərdən qaçınmağı üstün tutmuşdur.
Gurultulu, uğultulu, qulaqbatıran xoşagəlməz səslərin dağıdıcı mahiyyəti Müqəddəs Oxu ayələrində daha çox qiyamətin gəlişi təsvirlərində açıqlanır. Hətta qiyamətin adlarından biri “Qaria”-dir. Gurultuyla, şiddətli səs çıxararaq çarpan hadisə anlamında.
Musa peyğəmbərə aid qissələrdən birində belə bir epizodun təsviri keçir. Peyğəmbər Tanrıdan Özünü göstərməyi xahiş edir. Bu xahiş Tanrını öz gözlərilə görmək tələbində israr edən soydaşlarını imana gətirmək üçündür. Rəbb deyir: “Görməzsən Məni əsla. Ancaq sən o dağa bir nəzər yetir. Yerində dura bilsə, görərsən əlbət Məni”. Görünəntək Rəbbi dağa, parça-parça etdi onu. Üzüqoylu düşdü Musa gurultudan bayılmış” (əl-Əraf – “Sədd”, 143). Ayədən də göründüyü kimi, Musanı müvəqqəti olaraq bayıldan zəlzələ deyil də zəlzələnin gurultusudur.
Tanrıya asilikdə bulunan bütçü qövmlərin zəlzələ ilə məhv edilməsi səhnələrinin təsvirində də bu xoşagəlməz səs-küy ön plandadır: “Haqladı zalımları o uğultu, yurdlarında, səhər-səhər yerə sinər oldular (Hud, 67); “Yaxaladı onları o uğultu dan yeri ağaranda” (İbrahim, 73).
Və nəhayət, elə bilirəm, cəhənnəm əzablarının müjdəçisi olan o gurultudan, uğultudan yan keçərək ulu qurtuluşa vara bilməyimiz yuxarıda deyilənlərin işığında bir də ondan asılıdır ki, dünya həyatımızda bağırtıdan-çığırtıdan xali ədəb-ərkan vərdişlərinə necə yiyələnir, normal danışıq qaydalarına necə riayət edirik.
 Nəriman QASIMOĞLU



Bu yazı ( 724 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar