12px14px16px18px

Fevraldan aprelə qalan yazı

Məmməd İSMAYIL

ƏDƏBİYYATIMIZIN YAXIN DOSTU YURİ KUZNETSOVUN 70 İLLİYİNƏ

14:00 / 02.06.2011
 
Ədəbiyyata maraq keçici olaraq azalsa da, böyük sənətkarlara diqqət heç zaman əksilmir. Sənətkarı sənətkar yapan tale hər yönü ilə onu unudulmağa da qoymur. Əsərlərində gizlədilmiş böyük enerji ölümlərindən sonra ayaqlanıb sahibinin verilməyən haqqını zamandan və dövrandan tələb edir. Bu mənada əsərləri ilə XX əsr rus ədəbiyyatında silinməz izlər buraxan rəhmətlik Yuri Kuznetsovun ayrı bir yeri var. Yetmişinci illər sovet şeiri hardasa Yuri Kuznetsov ilham nəfəsinin rüzgarı altında keçdi. Kuznetsovun şeirilərindəki alışılmaz, qəribə, sirli, tam anlamında sürrealist obrazlar, azanlaşılan alleqoriyalar, işarələr basmaqəlib şablonlara uyğunlaşdırılmış oxucuların az zamanda diqqətini çəkdi. Hətta iş elə gəlmişdi ki, gənc yaşında, hələ özünü tam tanıtdırmağa imkan tapmayan Kuznetsov A.Bloka, B.Pasternaka, K.Smirnova, E.Baqritskiyə, A. Axmatovaya, bütünlükdə “qadın poeziyasına”, hətta Puşkinə belə dil uzatdı. Məncə, bunun bir səbəbi Allahdan gələn içinə sığmayan qeyri-adi istedadının verdiyi güvəndisə, o biri isə şablonlaşmış sovet şeirinə qarşı içində yığılıb qalan üsyan püskürməsi, başqaldırması və bununla da zamanında ədəbiyyatda yerinin müəyyənləşməsinə güclü canatımı idi.
Sənətkarlar iki qismə ayrılır, həyat hekayəsi olanlar və olmayanlar-kitabdan gələnlər. Bu bölünmə kimlərinsə xoşuna gəlməyə də bilər. Amma həqiqət budur ki, birinin olub, o birinin olmaması uğursuzluq gətirir. Bir, xəyalın yaratdığı həyat var, bir də həyatın özü. Bunlar başqa başqa şeylərdi. Kuznetsovda bunların hər ikisi vardı. Atasını İkinci Dünya Müharibəsində itirmək, yoxluğunu bütün varlığı ilə hiss etmək ağrıları, Kubandan başlayan həyat yolu onu əsgərliyə, Kubadakı Karaib böhranına qədər aparıb çıxaracaqdı. Sonra təhsil illəri, Moskva həyatı... İlk müşahidələrindən son yazılarına qədər fikrini alışılmamış məcazlar bəzəyəcəkdi. Nə az, nə çox on dörd yaşın müşahidələri: Öz kölgəsini qovan at, yer əkən traktorun arxasınca patrondaş izi buraxması...
Ölümündən bir gün əvvəl, dərs dediyi M.Qorki adına Ədəbiyyat İnstitutuna getməyə hazırlaşan Yuri Kuznetsovun son sözlərini eşidənlər öncəgörmələri ilə onun həqiqətən də peyğəmbər səviyyəsinə ucalmış birisi olduğuna inanacaqlar.
– Mən gərək evimə dönəm.
Ərinin dodaqaltı söylədiyi bu sözləri eşidən həyat yoldaşı Fatimə xanım təəccüblə soruşacaqdı:
– Yura, evində deyilsənmi? Hansı evi deyirsən?
Sualı cavabsız buraxıb işinin yolunu tutan Yuri Kuznetsov əsil cavabını o günün gecəsi elə yuxudaca dünyasını dəyişməklə verəcək və öz əbədiyyət evinə dönəcəkdi.
 
Hər qara buludun altında gün var.
Hər çıxan tüstünün altında ocaq,
Çiçəyə tumurcuq, qılınca qın var.
Su varsa altında hər yaşıllığın
Hər kişinin yox ki, ər kişinin də
Arxasında duran bir ər qadın var...
 
Y.Kuznetsovun həyat yoldaşı qazax-türk qızı Fatimə o ər qadınların başında gəldiyini dul qaldığı, aradan keçən səkkiz ildə yetərincə sübut etmişdir. Bu bozbulanıq zaman kəsiyində Kuznetsovsevərlərlə birlikdə hər il onun yaradıcılığına həsr olunmuş konfrans keçirmək təşəbbüsü də bir başqasına yox, ilk öncə ona, Yuri Kuznetsovun sevgi şeirlərində ölümsüzləşən Fatimə xanıma adidir:
 
Za siyanie severa ya ne otdam
Etix sujennıx qlaz rasseçyonnıx k viskam.
V tvoyom qolose mçatsya poyuşie koni,
Tvoi noqi zatayonnoy poqoni.
 
Moriz Berinq “Rus poeziyası kitabı”na yazdığı ön sözdə belə bir məlum həqiqəti vurğulayırdı: Puşkini ingilis dilinə çevirmək uğursuz bir təşəbbüsdür. Olsa, olsa bu, Motsart musiqisini çiçəklərin, daşların dilinə çevirmək qədər çətin bir iş olardı. Hər hansı başqa bir dil şeir dahisini çox az hallarda özündə yetərincə barındıra bilir. Bunu düşünərək dəyərli oxucularıma misal gətirdiyim təkrarsız misraları çevirib də təqdim edə bilərdim. Amma bunu edərkən möcüzəvi sehri poza biləcəyimdən çəkinib onları orijinalda olduğu kimi saxlamağı düşündüm.
Şairin doğum günü ilə bağlı hər il Moskvada keçirilən ənənəvi elmi konfransa keçən il mən də dəvət olunmuşdum. Hətta konfransda oxuyacağım “Kuznetsov və Azərbaycan” məruzə mətnimi də təşkilat komitəsinə göndərmişdim. Amma iş elə gətirdi ki, konfrans ərəfəsində qəfil xəstələndiyimdən, səfərimi təxirə salmalı oldum.
Y.Kuznetsov yaşasaydı, bu il fevralın 11-də yetmiş yaşına çatacaqdı. Bu səbəbdən də Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun binasında keçirilməsi nəzərdə tutulan builki konfrans yubiley konfransı olacaqdı. 
 
BULUD KÖLGƏSİNDƏ... QAZIN QƏBRİMİ...
 
Yenidən növbəti konfransa dəvət almışdım. Moskvada oxuduğumdan bilirdim, fevral orda qışın oğlan çağıdır. Səhərin alatoranında Şeremetyeva hava limanına enmişdim. Bir taksiyə oturub rahatlıqla otuz beş il bundan əvvəl yaşadığım Rustaveli ilə Dobrolyubov küçələrinin qovşağında yerləşən M.Qorki adına Ədəbiyyat İnstitutunun yataqxanasına gedə bilərdim. Amma mən, vaqonlarında çoxdan itən gəncliyimin nəfəsini yenidən duymaq üçün elektrik qatarı ilə şəhərin mərkəzinə qədər getməyi seçdim. Y.Kuznetsovla bağlı tədbiri Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu ilə eyniadlı Ədəbiyyat İnstitutu birlikdə keçirdiyindən konfrans iştirakçılarının qalması üçün bu yataqxanadakı müsafirxana seçilmişdi. Onu deyim ki, Yuri Kuznetsovla bir xoş təsadüf nəticəsində tanışlığımız da o binadan başlamışdı. Gedib çoxdan itən gəncliyimi, o üzü suyu ilə duran binadan soruşacaqdım, “qaytar, mənim gəncliyimi,- deyəcəkdim, – qaytar”.
Konfrans bir gün sonra, fevralın doqquzunda saat 11.30-da M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun böyük salonunda başlayacaqdı. Foyedə Y.Kuznetsovun yaradıcılığı ilə bağlı sərgi düzəldilmiş, kitablarının satışı təşkil olunmuşdu. Onlardan biri də nəfis şəkildə nəşr edilmiş ötənilki konfransın materiallarının yer aldığı “Yuri Kuznetsov və Rusiya” kitabı idi. Kitabda mənim “Y. Kuznetsov və Azərbaycan” məqaləmə də yer verilmişdi.
Bunu gördüyümdə “silahım əlimdən alındı” deyə düşündüm. Konfrans proqramına baxdığımda həyəcanım bir az da artdı – ilk söz mənə veriləcəkdi. Amma o dar macalda yadıma Vişnanın Arcunaya dediyi sözlər düşdü: Məhkəmənin verəcəyi suallara əvvəlcədən hazırlaşma, məhkəmə zamanı sənə verilən sualların cavabı anında içinə dolacaq!
Konfrans salonuna girdiyimdə məni xoş bir sürprizin qarşılayacağını bilmirdim. İştirakçılar arasında bir çox tanış sima vardı. Amma onları tanımaq onların məni tanıması qədər çətin olacaqdı:
 
Zalım zaman cıdır açdı yaşımda,
Nə alqışa, nə qarğışa dayandı.
 
Zaman əski tanışlarımla elə bir oyun oynamışdı ki, onları bu yaşlarından keçmişə, tanışlıq zamanlarımıza aparana qədər mənimki mənə dəyəcəkdi. Elə onlar da məni çətinliklə tanıyacaqdılar.
Konfransı Rusiya Elimlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktor müavini A. İ.Çagin və Rusiya Yazıçılar Birliyinin katibi Q.İvanov açdı.
Keçmiş Sovet məkanı xaricindən konfransa gələn tək adam məndim. Türkiyədən gəldiyimi bilirdilər. İlk sözün mənə verilməsinin də səbəbi bu olmalıydı. Yaxşı ki, hazırlaşdığım məruzəm kitabda çap olunmuşdu, belə olmasaydı, mən o uzun məruzəmi oxuyacaq özümü də, salondakıları da yoracaqdım. (Hər şərdə bir xeyir var!) Sevdiyin, yazılarını hardasa əzbər bildiyin bir şair haqqında kağızdan məruzə oxumağa   dəyərdimi? Sinədən çıxışım pis qarşılanmadı. Sonda bir az da Kuznetsovun Türkiyədə çap etdirdiyim yazılarından və tərcüməçiliyindən danışdım: Kuznetsov tərcümə etməzdi, edəndə də tərcümə etdiyi əsəri Rus ədəbiyyatının faktına çevirməyi bacarırdı. Mən də onun bəzi şeirlərini Azərbaycan türkcəsinə çevirməyə təşəbbüs etmişdim. Onlardan birini “Vəsiyyət”i salondakılara çatdırmaq istədim:
 
Yadımda, savaşdan sonrakı illər,
Həyətdə dilənçi gördüm bir səhər.
Zəhrimar yağırdı qaş-qabağından,
Yalnız qar düşürdü boş papağından-
Papağı tərsinə silkələyirdi.
Və anlaşılmayan nəsə deyirdi.
Mən də o dilənçi adam dəstiri
Gərək nə almışam, qaytaram geri: 
 
Açıq qollarımı – okeanlara,
Eşqi – dalğalara və dumanlara.
Ümidi – üfüqə, ya da korlara,
Və azadlığımı dörd divarlara.
Yalanı dünyaya qaytarım geri,
Bulud kölgəsində qazın qəbrimi..
 
Bunu həm də ona görə etdim ki, yəqin, bu salonda indiyə qədər türkcə bir kəlimə də səslənməmişdi.. Və inanırdım ki, Kuznetsovun ruhu Krişna kimi bu salonun ya bu küncündən, ya da o biri küncündən mənə baxırdı. Salam olsun sənə müqəddəs RUH! Bu gün rus dilli internet saytlarında şeirlərimin sıx-sıx görünməsi, ədəbi tribunlarda səslənməsi də bir başqasının yox, daha çox onun adıyla əlaqədardır. Çünki rus ədəbi mühitində bilməmiş deyillər ki, Yuri Kuznetsov hər şairi tərcümə etməz və hər şairin kitabına da ön söz yazmazdı. Sağlığında Kuznetsovun mənə dəstəyi az olmamışdı, elə bu gün burada olmağımın səbəbkarı da o idi. İnanırdım ki, oxuduğum tərcümənin anlaşılmasında yenə də mənə dəstək olacaqdı. Tərcüməni oxuduqdan sonra zarafatla hələ bir: “Başa düşdünüzmü” deyə salondakılardan soruşduğumda xorla “Bəli” cavabını alacaqdım. (Sonra bu barədə “Literaturnaya qazeta”nın 16.02.20011 tarixli nömrəsində filologiya elmləri doktoru Olqa Ovçarenko elə belə də yazacaqdı. Bax:   http://www.lgz.ru/article/15318/)
Hər böyük sənətkar kimi Kuznetsovun da şöhrət zirvələrinə yolu elə də asan olmamışdı. İnna Rostovtseva oktyabr 1974-cü ildə “Literaturnaya qazeta” da hələ kimsə tərəfindən tanınmayan Y. Kuznetsovu klassik Rus şeirinin kosmik şairi Fyodr Tyutçevlə müqayisə etmişdi. O zamanlar hələ kimsə tərəfindən tanınmayan birini Tyutçevlə müqayisə etmək bu tənqidçi xanımın hardan ağlına gəlmiş, şairin parlaq gələcəyini intuitiv bir şəkildə necə hiss eləmişdi, yoxsa bizim bilmədiyimiz bir şeylərmi baş vermişdi, indi bunları aydınlaşdırmaq bir o qədər də asan deyil. Sergey Qontsov demişkən, o tarixi məqalə zamanında Tanrı planının diqktəsi ilə yazılmışdı, yazılmaqla da qalmamış, hətta o dönəm üçün ən nüfuzlu ədəbiyyat qəzetində də çap olunmuşdu. Təbiəti etibarı ilə Kuznetsov həddindən artıq qapalı bir adam idi. Kimi, nəyi oxuduğu haqqında kimsə ilə fikir bölüşməyi yoxdu. Amma şeirlərini incələdikdə dünya mifolojisindən, ədəbiyyatından saysız alıntıların olduğunu görmək elə də çətin bir iş deyil.
Tənqidçi İnna Rostovtseva məqaləsində Kuznetsovun o dönəmdə böyük hay-küyə səbəb olan “Ya pil iz çerepa otsa” şeirini təhlil obyektinə çevirmişdi.
 
Ya pil iz çerepa otsa
Za pravdu na zemle,
Za skazku russkoqo litsa
İ vernıy put vo mqle.
 
Y.Kuznetsov A.N.Afanasyevin məşhur “Poetiçeskoe vozzireniya slavyan na prirodu” üçcildliyini hardasa əzbər bilirdi. (Türk dünyası folklorunu bir araya gətirə biləcək belə bir kitaba elə ehtiyac var ki!) Və bu kitab onun yönünü dünya mifologiyasına çevirəcəkdi. Təsadüfi deyil ki, Y.Kuznetsov əlinə ilk imkan düşən kimi hardasa on doqquzuncu əsrin sonlarına doğru yazılmış bu ölümsüz əsəri yenidən redaktə edib yayımlatdıracaqdı. Çox sevdiyi və istedadına inandığı adamlara öz kitablarından əvvəl bu kitabı hədiyyə edəcəkdi. Çünki onun yaddaşının alt qatlarına mifoloji düşüncə hakimdi. Əski çağların, tanrısal zamanların mifi poeziya idi. Dünya eposunun ilk yaradıcıları nəğməkarlar olub Kuznetsova görə, bu eposların içində hələ də gələcək nəsillərə açılması gərəkən sirlər saxlaya bildiyinə görə düşünmək olar ki, onları ilk oxuyanlar mütləq mələklər imiş. Bu düşüncələr ona uşaqlığının ilk illərindən hakim kəsilmişdi. Bir xatirəsində özü də bunu beləcə etiraf etmişdi: “Babam axşamları həyət bağçasına çıxıb göylərə baxmağı sevərdi. Bir dəfə ulduzlara uzun-uzun baxıb sonra dodağından tək bircə kəlmə çıxdı: Mudreno! Bu sözdə elə bir genişlik vardı ki, bu ənginliyi babamın sadəcə övladları deyil, nəvələri də yaddaşlarına yazdılar. Babam sanki mənə “əgər kosmosun sonsuzluğunu bilsən, sözün göründüyündən daha böyük olduğunu görəcəksən” demişdi.” Başqa bir yazısında isə fikrini belə davam etdirirdi: “Nə mənə aiddirsə mən onları şeirə və mifə çevirdim. Onların arasındakı sərhəd haradan keçir, bu, məni bir şair kimi, maraqlandırmır. Əvvəlcə mən süngər suyu canına çəkən kimi dünyanı və dünyada nə varsa hamısını canıma çəkirəm, sonra mənə onların hamısını şeirə çevirib geri qaytarmaq qalır. Amma onlar artıq başqa keyfiyyətdə olur. Beləcə, mən yazmağın nə olduğunu düz-əməlli bilməyə-bilməyə şeirin mənimçün ana, ata, vətən, müharibə, dost, sevgili, işıq və qaranlığı əvəz etdiyini belə anlamadan, yazmağa çox erkən başladım”. 
Onun əsərlərində kosmos genişliyi, müqayisəedilməzlərin müqayisəsi var. Antik və slavyan şifahi xalq ədəbiyyatının çeşidli hadisələrinin içində gizlədilmiş, sıxılmış dərkiçətin metafolar onun şeirlərinə elə bir vüsətlə yansıyır ki, oxuduqca heyrətlər içində qalırsan.
Və “Ya pil iz çerepa otsa” şeirini oxuduqca Kuznetsovun yalnızca slavyan mifologiyasını deyil, əslində dünya, özəlliklə də Şərq mifologiyasını çox dərindən bildiyinin şahid oluruq. Onun Şərqə sevgisi sadəcə həyat yoldaşı Fatiməyə olan sevgisindən qaynaqlanmırdı. “Şərqə” şeirində özü də bunu etiraf etmişdi:
 
Davnim-davno sudba peremeşala
Tvoix sınov i doçerey tvoix,
No ta, çto spit v doline ruk moix
Spala v borozde tvoeqo kinjala...
 
Başqa bir şeirində isə “Duşa tı rvaneşsya na Zapad a srdtsa poydet na Vostok” deyirdi.Və bu deyişində tam səmimi idi.
Belinskinin ondoqquzuncu əsrin otuzlu illərində yazdığı: Qəribə işdir! Bizim şairlərin ilham beşiyi olmaq sanki Qafqarın taleyinə yazılıb.
Bu sözlər iyirminci əsrin bütün dövrləri üçün də keçərlidir. Kuznetsov Qafqaza yaxın Kuban vilayətində doğulmuşdu, şərqə sevgi bir də bəlkə bu məsafə və ruh yaxınlığından gəlirdi...
Sevə-sevə mifologiyasını öyrəndiyi Şərq, ona “Ya pil iz çerepa otsa” kimi ölümsüz şeirlərin mövzusunu verəcəkdi. Bu mövzu bir başa türk mifologiyası ilə əlaqəlidir.( Buna bir dəfə işarə etmişdim, yeri gəlmişkən yenidən bir də yada salmaq istədim.)
Böyük alim Bahəddin Ögəl “Türk kültürünün gəlişmə çağları” kitabında yazırdı ki, ”Mətənin oğlu, Yüeçi kralını öldürdükdən sonra onun qafa tasından bir şərab kasası düzəltdirmişdi. Dövlətlərarası müqavilələr, andiçmələr və əminetmələr, bu qızıla tutulmuş qafatasından şərab içilərək yapılırdı... Göytürk dövlətinin qurucusu Bumın Kağan da, düşməni Avar hökmdarının başından belə bir “and kasası” hazırlatdırmışdı”. Şah İsmail Xətainin Şeybani xanın qafa tasından gümüş süsləməli kasa düzəltdirməsi də bu türk ənənəsinin davamı, tarixi gerçəkliyidir... Bu gün belə biz “əmin edirik” yerinə “and içirik” deyirik. Yoxsa bu andiçmə deyimi hardan yarana bilərdi ki, məgər and sudur ki, içilsin də? Bunları söyləməkdə məqsədim odur ki, Yuri Kuznetsovun “Ya pil iz çerepa otsa” misrası göydən düşməmişdi. Hələ Kuznetsov dünyaya gəlməmişdən öncə türk şairi Nəcib Fazil Kısakürəyin 1939-cu ildə yazdığı “Çilə” şeirində belə misralar vardı:
 
...Atəşdən zəhrini daddım bu oxun,
Bir anda kül etdi can əlmasını.
Sanki burnum dəydi burnuna (yox)un,
Qusdum, öz ağzımdan kafa tasımı...
 
Yeri gəlmişkən xatırlatmaq istəyirəm ki bu və ya bənzəri fikirlər alman şairi Rilkenin əsərlərində, özəlliklə “Həyatımı sehirləyən həlqələrlə yaşayıram” şeirində də vardır. Bunları deməkdə amacım Y.Kuznetsovun o möhtəşəm şeirinə kölgə salmaq deyil. Bəlkə də Yuranın necə böyük oxu mədəniyyətinə və ədəbi dünyagörüşə sahib olduğunu təsdiqləməkdir.  
İndi ismini xatırlamadığım Rus tənqidçilərindən biri çox yerində söyləmişdi ki, yetmişinci illərin sovet dönəmi şeirindən yalnız iki şair – İosif Brodski və Yuri Kuznetsov klassik kateqorisinə girməzlər. Onları hər hansı bir rəfə qoymaq mümkün deyil. O dövrün klassikləşən bir çox sənətkarından fərqli olaraq onlar bizim üçün bu gün də canlıdırlar. (Canlı insan isə hər zaman qəribəliyi, rahatsızlığı və əngəlləri ilə qarşımıza çıxar.) Y.Kuznetsovu bütün rəflərə qoymaq və bütün tərzlərdə araşdırmaq olar. Onu XX yüz il Avropa mifavanqardının təmsilçiləri Yeytsin, Eliotun və Lorkanın varisi də adlandırmaq mümkündür. Sovet dönəmində adamlarını sovet mifi dışında bütün miflərdən uzaq tuturdular. Sovet adamları sanki giriş çıxışları qaynaqlanmış balon boşluqlarda saxlanırdı. Bu yönü ilə sovet adamları Y.Kuznetsovu anlamırdı. Onlar düşünür ki, “ bu oğlan” hər kəsdən seçilmək orijinallığını maneralarında göstərmək istəyir.
Kuznetsov hər yönü ilə düşüncə adamı idi. Yəni Kuznetsov şeirlərində, publisistik yazılarında, leksiyalarında yox, eyni zamanda adi söhbətlərində belə elə şeylərdən söz açırdı ki, hazırlıqsız adam bunun ya özünü göstərmək kimi qəbul edərdi, ya da bu danışıqlardan heç nə başa düşməzdi. Sözlərə yüklədiyi anlamı bir zaman özünün də dediyi kimi ən çağdaş kompüter də sətirlərdən ayırmaqda çətinlik çəkər... Bəlkə elə doğuşdan ona dünyada canlı, cansız nə varsa hamısında adi gözün görmədiyi, adi ağılın kəsmədiyi mənaları görmək, sezmək və bir yönü ilə dilə gətirmək bacarığı verilmişdi. Kuznetsov şeirə gəldiyi gündən Rus ədəbiyyatının çəkim mərkəzinə dönmüşdü. Çoxları ona can atır, onunla təmas qurmaq istəyirdi. Bunun bir sübutu kimi Y.Kuznetsovun gözlənilməz ölümündən sonra Rusiyanın başqa bir önəmli şairi N.Dmitriyev yazdığı cümlələri xatırlamaq yetərlidir: “Y.Kuznetsovsuz yaşamaq istəmirəm, onsuz bu həyatda görəcək bir işim qalmadı” (İşin qəribə yanı odur ki, məşhurluqda Y.Kuznetsovdan heç də geri qalmayan N.Dmitriyev də (Hətta bəzi tənqidçilər onu Y.Kuznetsovdan üstün tuturdular) onu hər zaman özünün ustadı sayırdı. Ən azı Y.Kuznetsovdan on yaş kiçik olsa da, Allah onun istəyini yerinə yetirəcək, Y.Kuznetsovdan sonra, əllisinə çatar-çatmaz, dünyasını dəyişəcəkdi.)
     
SƏNİN AĞRIN MƏNİM AĞRIMDIR...
 
Y.Kuznetsov arxasında böyük istedadın varlığını hiss etdiyindən rütbəsindən, tutduğu mövqeyindən asılı olmayaraq kimsədən çəkindiyi yoxdu. Rus olmayıb, rus adına ölkənin var-yoxunu talayan mətbuatın və vəzifələrin bir çoxunun cilovunu əlində saxlayan, ekonomik gücüylə dünyaya hökm edən etnik qrupa qarşı mücadiləsinin ona hansı məhrumiyyətlər gətirəcəyini bilə-bilə vətənini qorumaq naminə açıq-aşkar mübarizəyə başlamazdı. Və sonunda elə həmin o etnik qrup şairin zamansız ölüm xəbərinin heç bir televiziya kanalında səsləndirilməsinə imkan verməyəcəkdi. Diri Kuznetsovdan ala bilmədikləri “qisası” ölüsündən alıb əllərinin gözlənildiyindən də uzun olduğunu göstəricilərdi.
XX əsrin səksənli illərinin amansız “liberallar” və “konservatorlar” mübarizəsində Kuznetsov ikincilərin yanında yer alacaq və ömrünün sonuna qədər də bu bu yoluna sadiq qalacaqdı. Vətənin taleyi Kuznetsova görə “mən”dən, “mənlik”dən əvvəl gəlirdi. Buna görə də Rus mətbuatının böyük əksəriyyətini təşkil edən liberal qanad onun yaradıcılığını görməzlikdən gəlir, ya da amansızca inkar edirdi. Bu gedişat şairin ölümündən sonra daha siyah bir rəngə büründü.
1991-ci ildə Lit.Rossiya” qəzetində Rusiya Yazıçılar Birliyinin iclasında o zamanlar birliyin katiblərindən biri olan Y.Kuznetsovun çıxışının geniş mətni verilmişdi. Yazı “Respublikanın gecəsi” başlığı ilə dərc olunmuşdu. Bu o zamanlar üçün görünməmiş sərt və ədalətli bir çıxış idi: ” Rusiyanın günəşi batdı. Respublikanın gecəsi başladı. Təbiətdə silsilələr olduğu kimi cəmiyyət tarixi də öz silsilələrini yaşayır. İndi bir çoxumuz bir zamanlar Roma natiqinin söylədiyi sözləri ürək ağrısı ilə xatırlayırıq, o nə deyirdi? Deyirdi ki, hüznlüyəm, ona görə ki, ömür yoluna gec çıxdım. Ömrüm tamamlanmadan respublika çökdü, tale məni bu çöküşə şahid etdi”. Sonra Y.Kuznetsov Tyutçevin sözlərini misal gətirir: “Dünyanın fəlakət dönəmində doğulanlar xoşbəxtdir”. İndi mən sizdən soruşuram: “Dünyanın fəlakət dönəmində yaşayan bizlər xoşbəxtikmi?” Cavabı da Y.Kuznetsovun özü verir: “Yox, biz bədbəxtik, bədbəxt olan ölkəmiz qədər bədbəxt!”
(Konfutsi yazırdı ki: Təhlükədə olan ölkəyə səfər etmə, üsyan çıxdısa, orada yaşama. Nə zaman ki, Göylər sənə yol göstərir, üzdə ol, yol görünməz oldusa, sən də gizlən. Ölkədə yaşamağa yol varsa, yoxsul və ünsüz olmaqdan, yol yoxsa, varlı və məşhur olmaqdan utan. Hər şey bitdi. Artıq yanlış yapdığını görüb içində özünü mühakimə edən birisi qalmadı.” Yaşadığı toplum mükəmməl deyilsə, o toplumun arasında yaşayan fərd özünü necə mükəmməl saya bilər ki? Mən bununla yetinirəm, əziz oxucum, sən necə?)
Bu fikri mənə yazdığı bir məktubda da dilə gətirəcəkdi. Bir yazımda vurğulamışdım, bir daha vurğulayım ki, Kuznetsov yeganə sənət adamı idi ki, Dağlıq Qarabağ olaylarının ən qızğın çağlarında tərəfini anında bəlli etmişdi, həm də xain düşmənimizin Moskvada hansı imkanlara malik olduğunu bilə-bilə. Din “qardaşları” xaçpərəst ermənilərin yanında deyil, bizim yanımızda yer alacaq və bunu açıqca dilə gətirəcəkdi. Çünki dahilik dillərin, dinlərin ötəsində, ədalətin yanında yer almaqdır, o da bunu etmişdi: “...Ailəm sağ-salamatdır, amma Vətənim məhv olub gedir. Onu bil ki, mənim ürəyim sənin tərəfindədir, sənin ağrın, mənim ağrımdır”.
(Ardı var.)
Məmməd İSMAYIL



Bu yazı ( 425 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar