12px14px16px18px

“VƏTƏN nədən başlayır?.. ƏLİFBA–nın ilk hərfindən...”

A. MƏSUD
00:03 / 12.12.2009

Əgər yadınızdadırsa, bir neçə il bundan əvvəl, ibtidai siniflərdə keçilən, əcayib şəkillər və mətnlərlə dolu “ƏLİFBA” dərsliyi haqqında yazdığım “Qorxulu Əlifba”, daha bir il sonra “Əvəzolunmaz Yəhya Kərimovun Azərbaycan dili dərsliyi” başlıqlı məqalələr, hər iki dərslik müəllifinin (əgər onlara “dərslik” demək mümkün idisə) təhqirlər dolu, əsəbi cavablarıyla “dəf edildi”.
Lakin növbəti dərs mövsümü, uşaqlarımızı illərlə “maarifləndirmiş” bu “kitablar” tədris dövriyyəsindən çıxarıldı.
İbtidai təfəkkürü “Qorxunc Əlifba”yla formalaşmış bəsit düşüncəli vətəndaşlar isə bizimlə qaldı...

(Əvvəli 21, 27 noyabr, 5 dekabr tarixli ötən şənbə saylarında)

...“Müasir Azərbaycan ədəbiyyatı” dərsliyindən seçilmiş bu sayaq nümunələri adı çəkilən iki cildliyin konkret hansısa səhifəsində axtarmağa ehtiyac yoxdur. Cəlal müəllimin “sehrli çubuğunun” toxunduğu fəsil və bölmələrin hər biri başdan-ayağa bu vəziyyətdədir. Nəinki gənc tələbənin, peşəkar oxucunun belə anlamaq iqtidarında olmadığı bu “dərs mətnləri” Azərbaycan dilində yazılsa da, bəzən dil, bəzən də məntiq tərcüməsinə ehtiyaclı olur.
“...Təbii ki, həmin qəbildən olan əsərlərdə bu məziyyətləri gördüyümüz zaman sevinirik (?) və tamamilə belə bir qənaətə gəlirik ki, (?) ümumən ədəbiyyatımızın bütün sahələri kimi adı çəkilən illərdə bədii nəsrimiz də müəyyən uğurlar qazanmış və ən başlıcası, son illərdə yaranmış, formalaşmış və inkşaf etmiş, habelə dünya miqyasına çıxmış yığcam, lakonik, hekayə, novella, povest və romanlar ənənəvi, kristallaşmış, (?) sabitləşmiş, dönməz, dayanmaz bir ədəbi prosesin tərəqqi dinamizmindən kənarda qalmamışdır. (?..) Əksinə, (?) böyük Y.V. Çəminzəminli, C. Məmmədquluzadə, Ə.B. Haqverdiyevlərin (Ə.B.Haqverdiyev tək deyilmiş – A.Məsud), M.S. Ordubadi, M.Hüseyn, S.Rəhimov, İ.Şıxlı, M.İbrahimov, Mir Cəlal, İ.Muğanna, Əbülhəsən nisbətən sonralar ədəbiyyata gələn və bədii nəsrimizin gözəl nümunələrini yaradan digər ədiblərimizin, möhkəm təməllər üzərində salınmış və şahrah sənət yolları ilə daha da irəliləyərək, (!..) heç də onları yamsılamadan, (niyə də yamsılamalıydılar axı?.. – A. Məsud) təqlid etmədən (?) müasirlərimizin sirli-soraqlı iç dünyasına daha dərindən nüfuz edərək onların zəngin daxili aləmlərini (sən demə, müasirlərimizin daxili aləmləri kütləvi şəkildə zənginləşmə prosesində imiş. – A.Məsud) bədii sözün sehri ilə bizim üçün kəşf etmişlər.” (?)
(həmin nəşr – səh. 447.)
“Bizim son illər ərzində yaranan nəsr əsərlərinin hər halda, (?) onların müəyyən ideya-məzmun, problematika, bədii sənətkarlıq cəhətindən sənət və ədəbiyyatın qanunlarının tələbləri baxımından az-çox məziyyətləri də vardır. (?) Ona görə də biz (yəni kim?.. – A. Məsud) belə hesab edirik ki, həmin bədii nümunələrin oxuculara, ədəbi ictimaiyyətə xoş gələn, adamların həm ağlına, düşüncəsinə, şüuruna, (?..) həm də hiss və duyğularına təsir edən əsas və başlıca amillər onlardakı realizm, müəyyən həyat həqiqəti, müasirlik, xalqın istək və arzularının bədii əksi dil-ifadə sadəliyi, xalq təfəkkürünə daha çox yaxınlaşmaq meyli xüsusilə xəlqilik, yəni xalq ruhunun verilməsidir.
(həmin nəşr-2-ci cild, səh.446.)
Azərbaycanda gedən ədəbi prosesləri “həddən ziyadə həssaslıqla izləyən” müəllifin, ədəbi düşüncəsini “formalaşdırmağa” cəhd etdiyi ali məktəb tələbələrini son illər Yazıçılar Birliyində yaranmış ikitirəlikdən və narazılıqlardan hali etmək arzusu da qəribədir.
“Müstəqillik dövründə ədəbiyyat” adlandırdığı bölməsində o yazır:
“...İndi Anar və onun tərəfdarları, onun rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyi nadancasına tənqid, hətta təhqir olunur. Bu başabəla gənclər “tənqidçilər”, “şairciklər”, bu “yaratdım” deyərək, heç də utanmayanlar? (S.Vurğun) (bu yerdə mötərizədə verilmiş “S.Vurğun”un hansı mənanı daşıdığı anlaşılmır. – A.Məsud) ədəbi mühitin ətrafında hərlənərək, heç 3-cü sort ədəbiyyat belə yarada bilməyənlər, adını “yazar” qoyanlar Anarı, F.Qocanı, B.Vahabzadəni, Elçini və Ə.Əylislini və başqalarını “ədəbi çarizmin nümayəndələri” adlandıraraq, bununla da ifrat nihilizmə, böhtançılığa, mənəvi erroziyaya uğrayırlar. (?..) Xalq şairi B. Vahabzadənin yaratdıqlarını “sandıq ədəbiyyatı”, A. Məsudun əsərlərinin heç birində millətin olmadığını (?) qeyd edirlər.”
(həmin nəşr – səh. 441)
Dərslik müəllifinin ali filoloji sahəyə gətirdiyi digər “töhfə” – sözü gedən dərslikdə yer almış “yeni müəlliflər çələngidir”.
“90-cı illərin qanlı yanvar hadisələrindən balşlayaraq, bədii nəsrin ən aktual, ən çevik janrı olan hekayələr, novellalar, mənsur şeirlər, bədii replikalar, miniatürlər xeyli güclənmiş və bu günə qədər səngimək bilmədən davam edir. (?..) Bunların hər birində çox haqlı olaraq 20 yanvar hadisələri, Qarabağ müharibəsi, ölkəmizin müasir və aktual problemləri qələmə alınır.
Bu mənada, Elçinin “Sarı gəlin”, “Araba”, “Qarabağ şikəstəsi”, E.Əlləzoğlunun “Divarın o biri üzündəki adam”, Vəliş Qaraoğlunun (?), Mübariz Cəfərlinin (?), Meyxoş Abdullayevin, (?) Aslan Quliyevin, (?) Fəxri Oğuzlunun (?) və başqalarının silsilə hekayələri, esseləri, tənqidi yazıları onların gələcəyinə qarşı (?) bizdə nikbin bir ümid və arzu doğurur.” (“Cələcəyi ümid doğuranlardan” biri də xalq yazıçısı Elçin imiş. – A.Məsud)
(səh. 448.)
“...Xeyli bədii əsərləri çap olunmuş, lakin ədəbi tənqidin nə üçünsə diqqətindən kənarda qalmış istedadlı qadın yazıçılarımızın biri – Nigarın (Nigar Qarayeva) (?) haqqında – xüsusən, onun “Daş hasar” adlı son dərəcə aktual mövzuda yazılmış, illərdən bəri xalqımızın yaralarını sızıldadan, ağrılı-acılı yerimiz, parçalanmış ürəyimiz olan Qarabağ probleminin bədii həllinə həsr olunanların tənqiddən kənarda qalan həmin əsəri belə başlanır:
“Ərgünəş tərəfdən qopan gurultu Nuhu taxtda görmüş minillik qoca çinarın budağına qonmuş qosqocaman sağsağanı (sağsağan da qocaman olarmış. – A.Məsud) diksindirdi. Hündür daş hasarla əhatə olunmuş orta əsrlərdən qalma qədim qəsrlərə bənzəyən nəhəng evin, baş-başa vermiş sıx ağacları ətrafında dövrə vurdu. Dimdiyindən saldığı cevizin ardınca həsrətlə baxdı.”
(həmin nəşr, səh. 448)
“Ədəbi irsi” ali filoloji təhsildə dərs qismində keçilməsi vacib bilinən növbəti “ədib” – Azad Qaradərəlidir. (?) Dərsliyə onun “Alma ağacı” hekayəsindən salınmış mətn öz “dərin fəlsəfi qayəsi və ibrətamizliyi” ilə xüsusilə diqqət çəkir.
“...Ayat (ilk dəfədir belə bir ad eşidirəm. – A.Məsud) ciblərinə beş-altı alma doldurub çıxmışdı kəndin aralığına, öz əzablı işini elə aralıqda görməliydi . (?) Kənd uşaqlarından bir-ikisi düzülmüşdülər Ayatın dalınca (burda fikir qırılır. – A.Məsud) və yalvarırdılar ki, bircə dişdəm onlara da versin. Ayat da eləməyib tənbəllik, hərəsinə bir buyruq verirdi:
– Anqır, verim!
– Ula, verim!
– Böyür, verim!
– Kişnə, verim!
– Banna, verim!”
(həmin nəşr, səh. 449.)
“İlıq yumoru” ilə (?) dərslik müəllifinə hədsiz xoş gələn bu mətn barədə professor özü belə şərh verir:
“Zənnimizcə, (ikinci “zənn edən” də var. – A. Məsud) elə bir neçə cümlədən də gənc yazıçının məcazı, (hansı məcaz? – A. Məsud) yumor hissi tənqidi düşüncədən faydalanma məharəti (?) az və ya çox dərəcədə görünməkdədir. (?..)
(həmin nəşr, səh. 449.)
Ali filoloji tədrisdə yer almış növbəti “görkəmlilər” – “Öləng” (?..) romanının müəllifi Pərviz, (?) Əyyub Qiyas, (?) Əkbər Qoşalı, (?) Bilal Alarlı, (?) Sərvaz Hüseynoğlu (?) və Natiq Yanardır... (?)
(həmin nəşr, səh.449)
Dərsliyin “Müstəqillik dövründə ədəbiyyat” fəslində isə müəllif yeni dövr ədəbi prosesinin mənzərəsi belə şərh edir:
“...Gözəl komediya ustası, həm də nasir Sabit Rəhman da vaxtilə Anarın “Molla Nəsrəddin – 66” hekayələr silsiləsinə yazdığı ön sözdə qeyd etmişdi: “O, duzlu, maraqlı hekayələr yazır, təsvir etməyi sevir. Bu da Anarın yaradıcılığının seçilən xüsusiyyətlərindəndir, ancaq ən mühümü deyil. Ən mühümü onun yaradıcılığındakı yumordur. (məncə, Sabit Rəhmandan gətirilən sitat burda sona yetir, lakin, müəllifin digər mətnlərində olduğu kimi, burda da durğu işarələri qaydasına riayət olunmadığından, ardıcıllıq üzrə davam edən növbəti cümlələr, sitatın davamı kimi qəbul edilir. – A.Məsud) Doğrudan da, yazıçının “İlin fəsilləri, yaxud qovluğun içindəkilər” özünün dediyi kimi, “Sənədli fantaziya” hekayəsi, (?) “Qırmızı limuzin, vahimə hekayəsi”, (Marlen Məmmədov, Limuzindəki adam) (?) və s. bunları Elçinə də şamil etmək olar. (Anarın hekayələrini Elçinə necə şamil etmək olar? – A.Məsud) Bu illərdə Elçinin də xeyli əsərləri çap olunmuşdur. Bunlardan, xüsusilə, “Ədəbi düşüncələr” essesi, Afaq Məsudun “Suiti” adlı İmperiya haqqında duyğu və qeydlərini də göstərmək olar.” (?..)
(həmin nəşr, səh. 451)
Fəslin sonuna yaxın isə vəziyyət daha qəlizləşir. Bütün bu solaxay dolama-dolaşıqlıqlarda azıb qalmış müəllif qəfildən qəribə bir qəhrəmanlıq eyforiyasına düşür və eləcə qəfildən də ordan çıxır...
“...İllər boyu faşist ermənilərilə cəng-cidalda olan (?) bir məmləkətin yazıçısı bir an belə müharibə mövzusunu unutmamalıdır. İndi bizim bu mövzuya həsr olunmuş az-çox yaranan əsərlərdə də bir vayqanlılıq, pessimizm, sınıqlıq, yadlıq hiss edilməkdədir: “Ağla qərənfil, ağla!” Halbuki, şair demiş – biqeyrət edər ağlamaq insanı deyərlər. (?..) Yeri gəlmişkən, onu da bildirməliyik ki, bizə vətənpərvərlik ruhu, qəhrəmanlıq, cəngavərlik pafosu ilə seçilən çoxlu əsərlər lazımdır. (Sosialist ideologiyası – A.Məsud) Təsadüfi deyil ki, böyük Sabirin özü vəcdə gələrək, məşhur “Səttərxan” qəhrəmanlıq şeirini yazmışdı. Bu, onun bütün külliyatında yeganə şeirdir ki, qəhrəmanlığa həsr edilmişdir: Haqq mədətkar oldu Azərbaycan ətrakına, Ali Qacarın protest etdilər. Zohhakına!
(əsli belədir: “Həq mədədkar oldu Azərbaycan etrakına, Ali Qacarın protest etdilər Zöhnakina,” – A.Məsud)
Tələbələrə qəhrəmanlıq və vətənpərvərlik ruhunu aşılamağa cəhd edən professor Sabirdən gətirdiyi, lakin yenə dırnağa alınmadığından Sabirin, yoxsa, dərslik müəllifinin özünün olduğu bilinməyən bu qəliz misralar, qrammatik səhvlərin və təhriflərin hesabına tam anlaşılmaz vəziyyətə düşür.
Yuxarıda nümunə gətirdiyim bu əcaib mətnin digər qəribəliyi, həmin bu vətənpərvərlik eyforiyasının növbəti cümlədə qəfildən Azərbaycanın qara qızılına transfer etməsidir.
“Bir narahatçılığımız da ondan ibarətdir ki, vaxtilə neft akademiyası adlandırılan Bakı nefti “qara qızıl” haqqında ümumiyyətlə, ədəbiyyatımızın digər sahələrində olduğu kimi, bədii nəsrdə də bu məsələ unudulmuşdur. (?..) Vaxtilə “Abşeron”, “Yerin sirri”, “Qara daşlar”, “Buruqlar səltənətində”, “Bakının dastanı” kimi (adı çəkilən əsərlərin müəllifi açıqlanmır. – A.Məsud) əsərlərdə təsvir və təcəssüm etdirilən, hazırda iqtisadiyyatımızın əsasını təşkil edən, tanrının xalqımıza bəxş etdiyi bu ilahi nemətin və neft adamlarının obrazının elə bil ki, ədəbiyyata gətirilməsi layiqli bir iş deyilmiş. (?..) Nədənsə Heydər Əliyevin şah əsəri sayılan, dünyanın yeni möcüzələrindən biri “Bakı –Tiflis – Ceyhan” kimi böyük əmək qəhrəmanlığı bədii ədəbiyyatda, o cümlədən, elə nəsrimizdə özünün layiqli təcəssümünü tapmamışdır, (?) əslində isə indi, bizim günlərimizdə bu mövzu mövzular mövzusu, problemlər problemi mənziləsindədir; (?) çünki əsrlər boyu adı bizim, dadı özgələrin, Nobel, Rotşild, Vişau, Rusiya çarizminin, qırmızı imperiyanın olan bu əvəzedilməz nemət yalnız son dövrlərdə özümüzə qaytarılmış, yalnız indi biz onunla öz bildiyimiz kimi, istədiyimiz şəkildə rəftar edirik. (?..) Böyük Səməd Vurğunun bu şah misraları sanki unudulmuşdur:
Yer altda yaşadı min elim-obam,
Doymadı günəşin işıqlarından
Zülmətlə diz-dizə əyləşən babam
Dilində təvəkkül, əlində Quran
Axşamdan uzandı ağac taxtına,
Anamın, nənəmin qara baxtına
Bir günəş doğmadı, şam da yanmadı,
İşıqlar ölkəsi işıqlanmadı.
(Axı məncə, ölkə artıq işıqlanıb?!.. – A.Məsud)
(səh.452)
(ardı gələn şənbə sayında)
A. MƏSUD




Bu yazı ( 713 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar