12px14px16px18px

İşıqlı, isti sinif otağı

Azər ABDULLA
04:50 / 07.05.2011
Yanılmıramsa, bir gürcü yazıçısının fikridi, “dünyasını dəyişən adamın nə qədər sağ qalmış doğmaları, tanışları varsa, rəhmətə gedən onların yaddaşında, xatirəsində yaşayırsa, deməli o rəhmətlik hələlik sağdır.” Elə bu deyimə, bu fikrə söykənərək, Əzizim Bəxtiyar, səninlə on il eyni orta məktəblərdə (Lök, Əldərə, yaxud Aldərə kəndlərində) bəzən eyni, bəzən ayrı-ayrı partalarda oturduğumuz məktəb illərini xatırlayıram. Lök kəndinin mən qarışıq tənbəl uşaqları səhər-səhər yuxudan gec durduğumuzdan bəzən birinci dərsə gecikər, bəzən də nahar eləmədən gözlərimizi ova-ova birinci dərsə özümüzü güc bəla ilə çatdıranda, iki kilometr aralı doğulduğun Maralzəmi kəndinin ələmə-dolama, dizəcən qarlı, hələ iz salınmamış yollarından keçib gəldiyini, buz kimi sinif otağımızın sobasına yarmaça palıd odununu doldurub ardıc tilişələriylə alışdırıb qaladığını, şaxtadan qızarmış balaca əllərini sobaya tutub isitdiyini... o şaxtalı qış günü sənin sayəndə isinmiş, ışıqlı sinfimizi xatırlayıram. May ayı gilasın yenicə ağardığı vaxt “Məmmədəli daşı”ndan azca aşağı, yolun qırağındakı gilas ağacına (yeddimi, səkkizmi uşaq) çıxıb şax-budaq elədiyimiz üçün, sabahısı karikaturamızı məktəbin divar qəzetində görəndə sarsıldığımız anları... sentyabr ayı hələ dəyməmiş qanıxlı cəvizi sındırıb südlü ləpəsini yeyərkən əllərimizin qaralmasına görə müəllimlərin danladığını, çırpılarkən çırpanağın çatmadığı uzun budaqların ucunda qalmış, son payızın gecəboyu yağan yağışından islanıb boşalaraq yerə tökülmüş cəvizləri səhərin gözü açılmadan yolunu gövşəndən salaraq ciblərinə doldurub məktəbə gətirdiyini, o islanmış cəvizlərdən mənə də verdiyin anları... Sinifdə cəbr məsələ, misallarını Bəhlul Mustafa oğlu, Pəri Ağacəfər qızı kimi sən də hamıdan tez həll etdiyinizə görə bilirsən sizə necə paxıllığım tuturdu, Bəxtiyar. Sizlərdən dala qaldığıma görə utanıb xəcalət çəkirdim. Guya mən də əlaçıydım, sən öz bacarığına görə bütün fənlərdən halalca beşlərini alırdın, mənsə dördə layiq olsam da dədəmin xətrinə müəllimlər mənə də beş verirdilər. Elə buna görə də nə qədər sıxıldığımdan sənin də xəbərin olmurdu. Yeddinci sinfi bitirib Aldərə kəndinə oxumağa getdik, o məktəbdə müəllimlər daha tələbkar, təhsilin səviyyəsi daha yüksək olsa da sən orda da halal dördünü, beşini alırdın, ancaq mən beş üzünə həsrət qaldım. Aldərədə oxuduğumuz üç il ərzində həftənin altıncı günü dərsdən çıxcaq bəndini qırmış buzov anasına sarı götürülən kimi biz də deyib gülə, sevinə-sevinə doğma kəndlərimizə üz tuturduq. Əksər hallarda yoldan keçən yük maşınları belə bizi götürməyəndə o uzun yolu (mən 30, sənsə 32 km) payi-piyada gəlib evimizə gecə çatırdıq. Səhərisi günorta vaxtı kisəyə yığılmış bir həftəlik azuqəmizi çiynimizə atıb Mığrı stansiyasından keçən qatara özümüzü çatdırmağa tələsirdik. Qatar fit verib stansiyaya yaxınlaşanda yeddi-səkkiz uşağın canını titrətmə bürüyürdü. Bilet satan – kassaçı erməni qadını çox vaxt yerində olmadığından, bəzənsə iyirmi qəpiyimizə hayıfımız gəldiyindən bilet almadığımızdan qatar bələdçiləri bizi vaqona buraxmır, bəzi vaqonların qapıları bağlı olduğundan, həyəcan, qorxu içində, çaşqınlıqdan gözlərimiz böyümüş halda birinci vaqonun yanından soraqlaşa-soraqlaşa sonuncu vaqonadək başılovlu qaçardıq. Aldərədə oxuduğumuz üç ilin hər bazar günü qatarla on beş dəqiqəlik həmin yolu bəzən qapısı bağlı vaqonun pilləkənində dayanıb iki dəstəyindən bərk-bərk tutanda (qayışlarını çiyinlərimizə keçirib dalımıza atdığımız kisə bizi geri dartırdı), bəzən iki vaqonun arasında, üstündə dayandığımız yastı-yapalaq dəmirlər bir-birinə sürtülüb ətürpəşdirici əcaib səslər çıxartdığı zaman yerdə qalmayıb qatara minə bildiyimizin sevinci keçirdiyimiz qorxunu üstələyirdi. Bəxtiyar, hələ qalın qaratikan çəpərini basdalayıb xəlvətcə məktəb bağçasına girib sək-səkə içində dəymiş, qara qan kimi gilənarlardan yenicə yeməyə başlayanda direktorun qəfildən başımız üstünü aldığını, bizi danlayıb aşağıladığını, hər birimizə 10 rubl miqdarında cərimə kəsdiyini, sonra yazılı töhmət verdiyi azmış kimi, o töhmətin surətini valideynlərimizə göndərəcəyi ilə bizi hədələyəndə birgə keçirdiyimiz qorxu, həyəcan anları... Son imtahanı verib orta məktəblə biryolluq vidalaşdığımız günün axşamı yataqxanada ikiciyimiz qalmışdıq. Darıxdığımızdan yata bilmirdik, yataqxananın həyətinə çıxanda başımız üstündə bədirlənmiş yepyekə Ayı göstərib dərindən bir ah çəkdin. Dediyinə görə, heç kimə söyləmədiyin bir sirrini mənə açdın, bərk-bərk tapşırdın ki, bu sirr öz aramızda qalmalıdı. Bir anlıq sükutdan sonra pəsdən oxumağa başladın: “Mən səni gördüm Ay işığında, Könlümü verdim Ay işığında. Yenə gəl bizə, duraq üz-üzə Ay işığında, Ay işığında...” O vaxtdan əlli dörd il ötüb, görməyim, eşitməyim zəifləsə də, o yepyekə bədirlənmiş Ayın nuruna boyanmış sakit kənd gecəsi də, sənin pəsdən oxuduğun o qəmli mahnı da yaddaşımda təptəzəcə qalıb Bəxtiyar... Sən İrəvan Dövlət Pedaqoji İnstitutuna qəbul olundun, mənsə sənət məktəbinə. Bir də iki ildən sonra mən İrəvanda texnikuma daxil olanda bizim o qədim şəhərimizdə yaddan çıxmayan görüşlərimiz başlandı. Sən Əmiryan 64, mənsə Şiləçi 41 ünvanda dayılarımızgildə qalırdıq. Yadındamı Bəxtiyar, şəhərdə özlərini qərib hesab edən sənin Zinyət nənənlə mənim Mərzə nənəm bir-birini görəndə necə xoşbəxt olurdular, onların üz-gözlərindən aşıb daşan sevinc, bəxtəvərlik yadındamı... Sən üçüncü kurs institut, mən birinci kurs texnikum tələbəsi olanda... Sən ucaboy, şivərək, qaynar təbiətli dəblə geyinən yaraşıqlı, necə deyəllər, əsl bir model oğlan idin. Mənsə ortaboy, kök, kənddən yenicə gəlmiş, hələ şəhər mühitinə alışmamış sakit al yanaqlı yöndəmsiz bir oğlan. Şəhərdə doğulub boy atmış, şəhərin seçilən, vurub yıxan cayıllarıyla dostluq edən dayınoğlu Mürvətdən öyrəndiklərini sən yeri düşdükcə mənə də öyrədərdin. Bir dəfə sıxıldığımı görəndə, mənə ürək-dirək verib: “Mürvətgilin dəstəsi var, zəncirlə dalaşırlar, bu şəhərdə onların qabağına çıxan yoxdu. Xətrinə dəyən olsa, mənə xəbər elə” – dedin. Əvvəlcə müəllim, sonra Lehvaz kənd məktəbinin direktoru işlədiyin illərdə məktəblər və kəndlər arasında qazandığın nüfuza görə hörmət, sayqı əlaməti olaraq səndən çooox-çox yaşlı adamlar da sənə Bəxtiyar müəllim deyə müraciət etdiklərindən, səninlə ikilikdə danışanda belə bəzən çaşdığımdan mən də “Bəxtiyar müəllim” deyirdim. Aldərə kəndinin şagird yataqxanasının həyətində o Aylı gecədə başına gəlmiş əhvalatı bir sirr kimi mənə inanıb etibar edərək söylədiklərini, İrəvan küçələrində tanış olub bişirmək arzusuyla erməni qızlarının dalısınca saatlarla kölgə kimi süründüyümüz çağları, İrəvan-Qafan qatarıyla Mığrıya gələrkən kupemizin birinci qatında yatmış bir gavur gözəlinə (Rembrantdın “Danaya”sına... yox, yox, daha dəqiqi Corconenin “Yatmış Venera”sına bənzər ) ağzımızın suyu axa-axa saatlarla baxarkən, sənin ah çəkib həyəcan içində oturub qalxdığını, qapıdan boylanıb geri çəkildiyini, yerində vurnuxduğunu, Mığrıya çata-çatda – Şeytan deyir qatardan düşəndə mələfəli-zaddı bunu da al qucağına düşür...- dediklərini xatırlayanda sənə ötən günlərin məhrəm, doğma adamı kimi müəllimsiz “Bəxtiyar” deyə müraciət edirdim. İllər ötəcəkdi, mən Azərbaycan Dövlət Universitetinin (o vaxt respublikanın yeganə universiteti) filoloji fakültəsini bitirib bir az özündən razı kəndə qayıdanda sən məni görməyə gələcəkdin. Mən şair, yazıçı, bəstəkar, rəssamlarımızdan danışdıqca mənə suallar verəcəkdin, sənin verdiyin suallardan biləcəkdim ki, sən heç də əyalət, kənd müəlliminə oxşamırsan. Mən millətdən, türkçülükdən danışanda sən Məmməd Arazdan, Bəxtiyar Vahabzadədən söz salacaqdın. İllər ötəcəkdi, 1957-ci ildə Aldərə kənd orta məktəbinin məzunları 2007-ci ildə Bakının “Şuşa” restoranına yığışıb əlli illiyimizi qeyd edəndə Bəxtiyar Xuduş oğlu Orucov hamıdan seçilən maraqlı, məntiqli çıxışından sonra üzünü mənə tutub: – Azər, sizin eyvanda Bəxtiyar Vahabzadənin “Dağda şəlalə kimi” şeirini söylədiyin yadındamı? Sənnən sonra o şeiri mən də əzbərlədim. Toylarda, şənlik məclisində, qonaqlıqda mənə söz veriləndə çıxışımın sonunu mütləq o şeirlə bitirməliydim. İcazə versəydiniz, o şeiri burda da deyərdim...- söyləyəcəkdi. İncəsənət institutunda qiyabiçilərə mühazirə söylədiyim vaxt səs-küy salıb şuluq edən, məni sinirləndirən uşaqların içində yerində həmişə sakitcə oturub (üz-gözündən sakit uşağa o qədər də oxşamasa) məni diqqətlə dinləyən bir tələbə gözümdən qaçmırdı. Onunla tanış olanda, utana-utana – Bəxtiyar müəllimin oğluyam – dedi. – Atan sən yaşda olanda müəllimlər onunla bacarmırdı, nəəcəb ona oxşamamısan? – soruşanda üzünə qızartı çökdü, sualıma sualla cavab verdi – Sizin dərsinizdə şuluqmu etmək olar?.. Bəxtiyar, sənin el-obada, cəmiyyətdə qazandığın hörməti, nüfuzu indi ağıllı oğlun Anarda görürəm. Hərbi xidmətdə qazandığı hörmətə görə çavuşundan ordu generalınacan sənin hüzrünə gəlib Anarına baş sağlığı verirlər. Sonbeşik oğlun Əli bəyin toyunda səni sınıxmış görəndə dalağım sancdı, nigarançılığımı üzə vurmadım, sən ağrılarını gizlədib bütün qonaqlarını həmişə olduğu kimi yüksək hörmət və mədəniyyətlə, gülə-gülə qarşılayır, toyboyu bir-bir masalara yaxınlaşıb nəzakətlə, təmkinlə, kübarcasına – Nə lazımdı? – soruşurdun. Oturduğum yer bəylə gəlinin əyləşdiyi möhtəşəm və uca taxtdan uzaqda olduğundan, gözlərim zəiflədiyindən Əli bəyin sifəti yadımda qalmamışdı. Hüzr yerində uzun-uzun çadırda ardı-arası kəsilməyən qonaqları təmkinlə qarşılayıb yola salan şivərək, ucaboy, yaraşıqlı bir oğlanı görəndə qardaşım Ağadan – Bu, Bəxtiyar müəllimin oğludu, eləmi? – soruşdum. Yanılmamışdım, eynən İrəvanda oxuyan Bəxtiyarın özüydü ki var. Torpağın sanı yaşasın... Ailəlikcə gediş-gəlişiniz olan Hacı müəllim Əliyə işarəylə – Bilirsən necə istedadlı, mərifətli uşaqdı – söylədi. Qarşımda oturan oğlan Mığrı rayonunu nəzərdə tutaraq Hacı müəllimə pıçıltıyla – Bəxtiyar müəllim o dərənin ağsaqqalıydı, bir adamın xeyir-şər məclisindən qalmazdı. – dedi. Oğlanın ləhcəsindən lehvazlı olduğunu bildim. Sən, yarısı türk, yarısı erməni olan, münasibətlərin gərgin və mürəkkəb olan həmin kənddə qabaqca müəllim, sonra direktor, ondan sonrasa, həmin kəndin kolxoz sədri vəzifəsində çalışmışdın. Səndə təşkilatçılıq, idarəçilik, insanlarla səriştəli pedaqoq, bir psixoloq insan kimi davranmaq bacarığın var idi ki, qaçqınlıq zamanı Bakıya əyalət adamı kimi yox, qabiliyyətli, bişmiş bir kadrtəkin gəldin və burada da çiynini məsul bir işin altına verərək ləyaqətlə işlədin. Əzizim Bəxtiyar, xanımınla birgə dörd övlad böyüdüb onlara nümunəvi tərbiyə vermək, oxudub ali təhsil almalarına dəstək olmağınız Vətən, xalq üçün ən dəyərli ərməğandır... Sən xəstə olanda qardaşımla, Hacı müəllimlə yanına gəlmək istəyirdik, Hacı müəllim gah bağda olduğunu, gah İrana müalicəyə getdiyini, gah da yanına kiminsə gəlməyini istəmədiyini deyəndə mən eqoistcəsinə “axı mən Bəxtiyar üçün sıra nəfəri deyiləm” düşünsəm də susdum, israr etməməyimin səbəbisə “əlimdən nə gəlir ki, gedib bir az da mən narahat edəcəyəm” fikirləşdim. Bəlkə də səni ağrılar içində görməməyim daha yaxşıymış. Sən yaddaşımda qəddi-qamətli, gülərüz, mehriban, istiqanlı, dosdoğma işıqlı, xeyirxah bir insan kimi qalmısan, hər görüşümüzdə atamın adını şirin-şirin çəkərək onu ürəkdən dəyərləndirər, dədələrimizin bir-birinə çooox mehriban olmasından danışardın. Sənin dediklərini olduğu kimi bir də xanım-xatın böyük bacın rəhmətlik Səlbi xanımdan eşitmişdim. Mənim qəzet, jurnallarda çap olunmuş yazılarımın birini də gözdən qaçırmaz, zəng edib təbrik edər, xoş sözlər deyərdin, Bəxtiyar. Yazıçı, şairlərə həsr olunmuş “YAZIÇI” adlı ayrıca buraxılışlarımızdan əlinə keçəni (bəzən özüm göndərərdiyimi) oxuyar, xoş sözlərdən sonra – Hayıf ki, orfoqrafiya səhvləri çoxdu – deyərdin. Mən korrektorumuz yoxdu deyəndə, – İşim başımdan aşsa da. Ağayla göndər mən də oxuyum, bir-iki hərif də düzəltsəm qənimətdi – söylədin. İndiyəcən qardaşın Hidayətlə görüşdüyümüz vaxtlarda öpüşdüyümüzü xatırlamıram. Dünyadan köçdüyünün birinci günü çadıra gircək başılovlu özümü Hidayətin yanına yetirdim, qucaqlayıb üzündən öpdüm, mülayim günəşli yaz günü olsa da, onun üzü sopsoyuq idi, sənin yoxluğun onu buza döndərmişdi. Qarşısında otursam da, dilim tutulduğundan nə təskinlik, nə başsağlığı verə bildim, nə səninlə bağlı bir söz soruşa bildim, nə də başımı qaldırıb onun üzünə baxa bildim. Bütün doğma adamlarımı itirəndə özümü günahkar bildiyim anları yenə yaşadım... Ruhların məskəni göylər olduğuna daha çox inansam da səni torpağa tapşıranda yenicə qazılmış dar məzarın xofu məni basanda, Bəxtiyar, kədərli də olsa, qəfildən içimdə bir təsəlli də baş qaldırdı – “Uzun illərdən bəri məzarda təkcə qalıb darıxan qardaşın oğlu Xəzər səni sevinclə, gülə-gülə qarşılayacaq” düşündüm. Sənin Üç mərasimində Hidayətlə salamlaşaraq keçib nisbətən ondan aralıda oturmaq istəyəndə o, qarşısındakı stulu göstərib – Burda əyləş – dedi. Artıq dilimiz açılmışdı, səninlə bağlı az da olsa söhbət edə bildik. Mən səni nəzərdə tutub – Şeirlərini oxumusan? – soruşanda sanki bu sualı verəcəyimi gözləyirmiş kimi Hidayət dərhal – Mənə şeirlərini göstərmirdi – dedi. Əzizim Bəxtiyar, yazımın başlanğıcındakı fikirə az da olsa inandığımdan iki gün çölə çıxmadan bilgisayarın arxasında oturub yaddaşımı tələsmədən, ilmə-ilmə söküb səninlə bağlı bəzi (!) məqamları xatırlaya-xatırlaya bu yazını yazdım. Səni tanıyan neçə-neçə adam sənin xətrinə bu yazını oxuyub səni bir daha anacağına, səninlə bağlı işıqlı anları onlar da yadlarına salıb qəlblərində yaşadacaqlarına inandığımdan bu yazını yazdım. Yerin nurlu və beşinci sinifdə oxuyanda soyuq qarlı qış günü məktəbə hamıdan tez gəlib sinfimizdəki sobanı qalayaraq qızdırdığın həmin otaq kimi ışıqlı, isti olsun, əzizim Bəxtiyar. Hardasa görüşənədək...
Azər ABDULLA


Bu yazı ( 360 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar