12px14px16px18px

Gülüzlü Əli

Azər ABDULLA
10:54 / 12.05.2012
Həyatım boyu tanıdığım onlarla Əlidən üçü məndən ötrü daha doğma, daha əziz olub. Tarixilik baxımdan bu üç Əlidən birincisi Həzrət Əlinin (s) adını və onun haqqındakı rəvayətləri uşaqlıqdan eşitmişəm. Vətənimiz müstəqillik qazanandan sonra Həzrət Əlinin (s) farscadan ana dilimizə sətri çevrilmiş kəlamlarını redəktə edərkən onun ağlına, ədalətinə, böyüklüyünə, iradəsinə, əyilməzliyinə, igidliyinə heyran olmuşam.
İkincisi, bircə dəfə yaxından ötəri gördüyüm, şeirlərini dönə-dönə oxuduğum sevimli şairimiz Əli Kərimdir.
Üçüncüsü, ötən yüzilin altmış ikinci ilindən, universitetin filoloji fakültəsinə daxil olub bu günəcən ayrıla bilmədiyim yazıçı, proza ustası Əli Həsənlidir. Sadəlik, saflıq, ədalətlilik, dözümlülük, nəfsinə hakim olmaq... xüsusiyyətləri bu üç Əlinin üçündə də var.
Mənim məqsədim daha çox tanıyıb bələd olduğum Əli Həsənlidən yazmaqdı. Əlli il ərzində ən çox oturub durduğum, dərdləşdiyim, bir-birimizə ən gizli sirlərimizi açsaq da, yenə də Əli Həsənlidən, onun ləngərli, ağır taxtalı, çoxqatlı yaradıcılığından, istər şerindən, istərsə də mürəkkəb nəsrindən yazmaq mənim üçün son dərəcə müşkül bir məsələdir. Tofiq Abdindən yazmağa nə var! Oğulsan, Əli Həsənlidən elə yaz, onun qızılgül ləçəyindən də zərif qəlbinə toxunmayasan, onun ucaltdığı sənət qalalarının qapısından içəri girə bilməməyin bir yana, heç olmasa o qapıları çala biləsən. Əgər yanılmıramsa, təmizliyinə, düzlüyünə, insaflı, tərbiyəli olmasına, həssaslığına, xeyirxahlığına görə çoxları yüksək əxlaqlı, təmiz vicdan simvolu Əli Həsənliyə borclu olduğu halda, Əli Həsənli çox vaxt elə bilir, o, hamıya borcludur. Tünlükdən, qələbəlikdən qaçır, ağlı kəsəndən üzündəki maskasını çıxarıb atıb, maskalılardan xoşu gəlmədiyindən onlardan gen gəzməyə çalışır. Əliylə görüşəndə maskamı çıxarıb atdığıma görə mənimlə darıxmır, ancaq yolüstü mən bir idarəyə, bir təşkilata dəymək istəyəndə o, sanki binanın qapısından girməyə xoflandığından, daha doğrusu, adamlarla üz-üzə gəlməyə ürək eləmədiyindən "Mən burda gözləyim, işini qurtar, gəl" deyir. Bəlkə bu səbəbdən universiteti bitircək, o, şəhər tünlüyündən, basırığından uzaqlaşaraq ucqar bir kəndə işləməyə getdi. Dördmü, beşmi il işlədi, yadımda deyil. Məktublarında göndərdiyi kövrək, lirik, qəlb titrədən duyğusal şeirlərində də onun tənhalığı, zərifliyi, qəribliyi duyulurdu.
Görkəmində bir qüsuru olan adam öz eybindən sıxılan kimi Əli də öz utancaqlığından, həyalılığından çəkinir. Bir dəfə sıxıla-sıxıla məndən "Utanmağım bilinir?" soruşanda yenə də üzü qızardı, onu rahatsızlıqdan qurtarmaq üçün "yox əşşi!" dedim. İnanıb inanmadığını bilmədim.
Yazılarımın birində qeyd etdiyim bir məqamı yenə yada salmalı oluram. Hamıyla zarafat edən, yeri gələndə dolayıb ələ salan Vidadi Məmmədov təkcə Əliylə qarşılaşanda, onun üzündəki duruluğu, paklığı, bəlkə də həddindən çox həyalılığı gördüyündən onunla şit zarafat etməyə qıymırdı. Burda şair Ramiz Rövşənin fikirlərini yada salmamaq olmur: " Əzizim Azər! "Oğuz eli" qəzetinin yeni buraxılışını köhnə dostumuz Əli Həsənliyə həsr etməyin məni sevindirdi. Əli heç vaxt gözə soxulmağı sevən adam olmayıb. Hətta 40 il bundan əvvəl hay-küylü şeir dərnəklərində də su kimi sakit üzüylə bir qıraqda əyləşən Əlinin səsi az eşidilirdi.
Bu yaxınlarda mənə göndərdiyin "Oğuz eli" qəzetinin "Allah sevgisi” adlı" xüsusi buraxılışında Allaha üz tutub yazılan bir çox şeirlərin, həyəcanlı misraların arasında da Əlinin şeiri qəribə sakitliyi ilə seçilir. Allaha bu cür sakit münasibət yalnız Allahı öz içində tapan adamda ola bilər. Bir məşhur kəlam var: "General olmaq istəməyən əsgər pis əsgərdi."
Bizim ədəbiyyatımız bircə gün də əsgərlik çəkmədən general olmaq iddiasına düşənlərlə həmişə dolu olub, bu gün də doludu. Mən bilən Əli heç vaxt generallıq iddiasına düşməyib. Bir qələm sahibi kimi, bəlkə də onun eybidi. Amma hər halda, ən böyük hörmətə layiq olan əsgər ordular məğlub olandan, generallar təslimçilik aktını imzalayandan sonra da öz silahını atmayan, səngərini tərk etməyən əsgərdi. Və bu gün həm "milli", həm "bəşəri" libasda dörd yandan üstümüzə hücum çəkən nadanlığın, həyasızlığın, əxlaqsızlığın qarşısında təkcə ədəbiyyatımız, mədəniyyətimiz yox, mənəviyyatımız da get-gedə təslim olduqca, zədələndikcə, uçulub töküldükcə, heç bir tərif və təltif ummadan mənəviyyatımızı qorumağa çalışan, əlində qələm bu yolda vuruşan söz adamları da ən böyük hörmətə layiqdi. Və bu söz adamlarının, bu mənəviyyat əsgərlərinin arasında bizim köhnə dostumuz Əli Həsənli də var". ("Oğuz eli" qəzetinin "Yazıçı" buraxılışı, fevral 2006)
Əli yazıçı olaraq okeanı, dənizi, gölü, dalğanı, ləpəni yox, bir damcıda okeanın nəhəngliyini, genişliyini, sonsuzluğunu, dərinliyini təsvir etmək, canlandırmaq qüdrətindədir.
Əli Həsənlinin "Qayıq", "Ağ yol", "Səs- yol yoldaşı", "Xof", "Sovxa adam" hekayələrini, "Aşıq" povestini oxuyanlardan kimisi Heminqueyin "Qoca və dəniz", Buninin "Sanfransiskolu cənab", kimisi Lev Tolstoyun "İvan İliçin ölümü", Çexovun "Altı nömrəli palata" hekayələrini, kimisi də Laksnesin, Kafkanın, Folknerin, Platonovun hansısa əsərini xatırlaya bilər. Əli Həsənlinin uzundan uzun cümlələri bəzən bir vərəq, bəzənsə vərəqdən də artıq nəfəsi kəsən iri-iri abzasları, ədəbiyyatda şüuraxının yaradıcısı kimi tanınan Prustu yada salır. Ancaq bir həqiqətdir, bu vaxtacan Əli Marsel Prustun bir kitabını da əlinə almayıb.
Şair Qabil yazır: "70 illik yubileyimlə bağlı Şəki, İsmayıllı, Qusar rayonlarında keçirilən görüşlərdə sakit, az danışan Əli Həsənlinin bədii, obrazlı, gözləmədiyim şəkildə, daha doğrusu, yüksək səviyyədə söylədiyi nitqi-çıxışı bədii əsər kimi yadımda qalıb.
Günlərin bir günü Azər Abdullanın bir az yalvarışla, bir az da israrla elədiyi xahişə görə mən Əli Həsənlinin sıx sətirli, dialoqsuz vərəqlərinə baxanda adamın gözü dirənən "Qayıq" hekayəsini oxumalı oldum. Gənclər mən yaşa çatanda, gözləri zəifləyib hövsələsiz olanda təkcə yazmağın deyil, oxumağın da çətin olduğunu anlayacaqlar. "Qayıq" hekayəsini oxuyandan sonra bəstəboy, arıq bir insanın daxilən nə qədər böyüklüyünü, sonsuz gücə, iradəyə malik olduğunu gördüm. Sözləri, cümlələri hörə-hörə, "kurjeva kimi toxuya-toxuya" bir ilmənin, bir naxışın yerini səhv salmadan, dərin psixoloji ovqat yaradan, zəngin söz ehtiyatı olan Əli Həsənlini bircə hekayəsi ilə yenidən tanıdım, onu peşəkar yazıçı səviyyəsində gördüm". ("Oğuz eli" qəzetinin "Yazıçı" buraxılışı, fevral 2006)
Əli Həsənli Binədə yaşayır. Qəzetdə işlədiyi vaxtlar sifarişli məqalələr yazmaq istəmədiyinə, öz istədiyi yazıları da redaktor həzm edə bilmədiyindən o, qonorar almır, ancaq azacıq aylıqla ailəsini dolandırmaq zorundaydı. Onun üç balaca övladı atasından saflıq, duruluq, təmiz vicdandan, namusdan başqa həm də konfet, şokolad, dondurma, oyuncaq, ayaqqabı, pal- paltar istəyirdi. Əli gül becərib firavan dolanan qonşularına baxıb, kiməsə ağız açmamaq, minnət etməmək amacıyla bapbalaca həyətyanı torpağında "parnik" düzəltdi. Günlərin bir günü mən "parnik"in qapısından içəri girəndə heyrətdən yerimdə donub qaldım. Qış günü yaşıllıqdan boylanan al qırmızı qərənfillərin işığı, görkəmindəki doğmalıq, məsumluq, gülümsəməyə bənzər simsarlıq məni elə bil xorla, urrayla salamlayırdı. Qəlbimdə yüngüllük hiss elədiyimdən elə bil ayaqlarım yerdən üzülmüşdü, özümü havada, çəkisizlik mühitində duyurdum. İlk dəfə Əlinin saflığını, məsumluğunu nizam- intizamlı, səliqəli, yığcamlığını o gülxanada gördüm. Sanki xətkeşlə ölçülüb-biçilmiş, iplərə vurulub sıralanmış qərənfillərin arasında Əli addımladıqca elə bilirdim o da havada üzür. Gül becərənlərin dediyinə görə Əlinin güllüyündə 6-7 min rubl pul vardı. Demiyəsən, saatlar, günlər, aylarla sərf edilən əməyin bəhrəsini görmək üçün sahə müvəkkili, gül satılan köşklərdəki adamlarla, Rusiya şəhərlərinə gül aparanlarla danışmaq, dil tapmaq, yalvarmaq, yeri gələndə yarınmaq, sonrasını bilmədiyim neçə - neçə baryerlərdən keçmək üçün ayrıca səriştə, ütüklük, xüsusi bacarıq - istedad gərəkmiş. Əlininsə bacarığı ancaq təkbaşına günlərlə becərib bəslədiyi gülləri güldürmək həddinə çatdırmaqmış. Sonrasısa onluq deyilmiş. Yaxşı ki, o gülən güllərin "parnik"dəcə saralıb solduğunu mən görmədim.
Yumurtadan yenicə çıxmış cücələrin yerlərinin bir temperaturda qalması üçün gecələr neçə dəfə şirin yuxudan oyanmağın, vaxtlı-vaxtında yemini, suyunu verib günlərlə bəsləyib fərə çağına çatdırmağın əziyyətinə dözməyi daha namuslu iş sayan Əli, həmkarları kimi işlədiyi qəzetə məqalə yazmaq amacıyla rayonlara, kəndlərə gedib bir gün vaxt itirməklə polisdən, prokurordan, raykom katibi, yaxud kolxoz sədrindən, məktəb direktorundan yazacağı məqalənin "şirinliyini" almaqdan üstün tuturdu. Çəkisi bir kiloqrama yaxın o fərələrin satılması məsələsi ortaya çıxanda Əlinin kələfinin ucu yenə dolaşıq düşür. Qəfildən bir işıqucu görünür. Rayondan bir simsarı ona yardım etmək məqsədiylə "gətir, mən satım" deyir. Havası bol olsun deyə yanları səliqəylə deşik- deşik açılmış qutulara (karobkalara) yerləşdirilib "UAZ" maşınına yüklənmiş fərələr rayona yola düşür. Ağsu dolamasında maşın qəzaya uğrayır, yamacaşağı dığırlanan qutuların ağzı açılır, əksəriyyəti sağ qalmış fərələr yamac yuxarı dırmaşaraq özlərini palıd, ulas, cökə pöhrəliyinə, ordan da çıxıb meşəyə dağılışırlar...
Əziz oxucu, qutulardan qurtulub azadlığa çıxmış fərələrin dənləyə- dənləyə, eşələnə- eşələnə yamacyuxarı arxayın dırmaşdığını təsəvvür edirsənmi?..
Günlərin bir günü Əliylə pullanmaq eşqinə düşdük.
- Əli, üçüncü sinfi bitirən savadsız uşaqların əli pulnan oynayır. İki ali savadlının ağlı, bacarığı o savadsız uşaqlarcan olmayacaq!?...- bunları mən dedim. Göyçaya yola düşdük. Tanımaza-bilməzə Potu kəndinə gedib çıxdıq. İki evdən 600 kilo nar alıb geri qayıtdıq. Bakının girəcəyində bizə doğma olan bir adama təsadüfən rast gəldik. Həmin adam narın hamısını bizdən Potu qiymətinə alıb Rusiyaya aparacağını, sövdələşdiyimiz məbləği verəcəyini söylədi. İşimizin uğuruna əmin olduğumuzdan kefimiz ala buludlara qalxmışdı. - Bu vaxtacan yuxudaymışıq!- bunu da mən dedim. Həftənin sonu yenə Potu kəndinə gedib kilosu bir rubl otuz qəpikdən (keçən dəfə bir əllidən) narımızı alıb ustalaşdığımıza sevindik. Bakıya qayıtdıq. Malımızı baha satmaq məqsədiylə "dekabrın son on günlüyündə bazara çıxararıq" yolda qərarımızı verdik. Yüz kiloqramını bizim, dörd yüzünü Əlinin yaşadığı bağ evinə yığdıq. Bir həftə ötəndə bəzi narlarda sarı xalların peyda olduğunu görəndə o xalın biri də ürəyimizə yapışdı. Qabaqca narlar iki-iki, üç-üç, çürüməyə başlayanda onları yeyirdik. Günlər ötdükcə evdə balacaların nar yeməkdən ağzı uçuqlamışdı. Bir aydan sonra narlar gündə on-on, on beş-on beş çürüyəndə yeməklə öhdəsindən gələ bilmədiyimiz Göyçayın gülövşə narlarını vedrəyə yığır, qonşuluqda yaşayan bacım, əmimqızıgilin meyvəyə tamarzı uşaqlarına verə bilmədiyimdən (o vaxtkı düşüncəyə görə ziyalının alver eləməsi ayıb, şərəasiz iş sayılırdı) sinə-sinə, oğrun-oğrun aparıb ürək ağrısıyla küçədəki zibil yeşiyinə tökürdüm. Qonşuların, lap elə yeznəmin mənim alver işinə qurşandığımdan xəbər tutacaqlarından necə qorxurdum, İlahi!.. O vaxt hardan biləydim, bir vaxt gələcək, ali savadlıların əlli-altmış faizi alver, taksiçilik etməklə ailəsini dolandıracaq.
Əligilin yaşadığı yer gözdən uzaq yerdə olduğundan, bir az da çevik, fərasətli olduqlarından çürüməyə yenicə başlamış narların şirəsini çəkib şüşələrə yığırmışlar.
Dekabrın sonuncu ongünlüyü başlayanda malımızı lap baha satmaq iştahıyla hərəmiz bir qutu nar doldurub milyonçular bazarı kimi tanınan "Pasaj" bazarında görüşdük. Axşam tərəfi narın yarıdan çoxunu qaytarıb evimizə apardıq. Hər gün Bakının bir mərkəzi bazarına baş vurduq, bazarlarda narlar gördük, elə bil budaqdan yenicə dərib gətirmişdilər. Harda, necə saxladıqlarını öyrənməyə nə qədər cəhd eləsək də düz-əməlli cavab verən olmadı. - Bəlkə ucqardakı bazarlara gedək? - bu Əlinin ideyası idi. Növbəti dəfə Bayıl bazarına yolumuzu saldıq. Ora fəhlə, yoxsullar bazarı olduğundan bahalı malımızla maraqlanan olmadı.
Səhərisi keçmiş Kirov qəsəbəsi adlanan rayonun bazarına özümüzü verdik. Günortaya az qalmış yeddimi, səkkizmi kiloyacan malımız satıldığından kefimiz saz idi. - Əvvəldən bura gəlsəydik... - bunu da Əli dedi, o yenə nəsə demək istəyəndə uzaqdan piştaxta boyunca mallara saymazyana baxa-baxa, dodaq büzə-büzə ədaları özlərindən böyük geyimli-kecimli gözəgəlimli iki xanımın bizə sarı gəldiyini gözüm alcaq həyəcanla Əlinin sözünü kəsib, gələnləri ona göstərdim. On beş il qabaq universitetdə eyni qrupda birgə oxuduğumuz filoloji fakültəsinin dəblə geyinən ən gözəl qızlarıydı. Sonuncu kursda olarkən onların, özlərindən yaşlı iki imkanlı ticarət sahəsində işləyən adamla nişanlandıqları üçün onları "yoxsul mənəviyyatlı xanımlar" adlandırmışdım. Bu sözü kimsə onlara çatdırmışdı. Həmişə qoşa gəzən qızlar Əliylə mənim yanımızdan ucadan "ha-ha-ha!" edərək bizə baxmadan ötüb keçərdilər. Əli onların bizə ünvanlanmış qəhqəhəsinin şifrəsini belə açmışdı: "Pişiyin əli ətə çatmayanda, iylənmiş ətdi deyər..." Malımızı yiyəsiz qoyub vaxtında aradan çıxmağımıza sevinirdik. Xanımlar yuxarıdan gəlmiş nəzarətçilər kimi saymazyana piştaxtalar boyunca tələsmədən bütün malları gözdən keçirə-keçirə irəliləyirdilər. "Başa düşmürəm, - əsəbi-əsəbi gülərək - bu ucqar, yoxsul bazarda bunların nə iti azıb?.. "- dedim. Əlisə sualıma cavab vermək əvəzinə pıçıltıyla "Deyəcəklər on beş ildən sonra ağlınız başınıza gəlib..."
Biz aralıdan ovunu güdən ovçular kimi əyilib sinə-sinə bir an onları gözdən qoymadan bəzən dalı-dalı geniyir, adamlarla toqquşaraq, bəzən yanı-yanı çəkilərək bir neçə dəfə bazarın başına hərləndik. Onlar heç nə almadan bazarı tərk edəndə böyük bir xatadan sağ-salamat qurtulmuş kimi dərindən nəfəs alıb köks ötürərək rahatlandıq. Ancaq hələ bu harasıymış...
Alverimizin son günü iki qutu seçmə narla Mərdəkan bazarındaydıq. İkimizin də düşündüyümüzə görə yeni il axşamı Mərdəkanın varlı, həm də sanatoriyada dincələn, müalicə olunan imkanlı adamları bizim iki qutu seçmə narımızı günortayacan alıb qurtarmalıydılar. Günortadan ötsə də satıcı və alıcıları seyrəlmiş bazarda darıxa- darıxa qalmışdıq. Son ümidimiz yeni il axşamı işdən çıxıb bazara gələsi adamlar idi. Qarlı tül pərdəyə bürünmüş havada bazarın qapısından içəri girən bəstəboy xınayı kürklü adamı gözüm alçaq şübhə, həyəcan və təlaş içində: - Əli! Əli, o adam Cəmil Əlibəyova oxşuyur! - dedim. Əlinin çevrilib baxmağıyla dönüb bazarın əks tərəfinə yeyin addımlarla irəliləməyi bir oldu. Mən də onunla dabanbasdı.
Cəmil Əlibəyov o vaxt Azərbaycan Radio Verilişləri Komitəsinin sədriydi. Biz ikimiz də ştatdan kənar müxbir kimi radioya verlişlər hazırlayırdıq. Cəmil müəllimlə şəxsən tanışlığımız olmasa da komitə binasının dəhlizində bir- iki dəfə üz-üzə gələndə O, başını tərpətməklə bizə salam verib yanımızdan ötmüşdü.
Səksəkə içində biz divar arxasından boynumuzu tez- tez uzadıb çəkir, Cəmil müəllimin kübar yerişlə alverçiləri seyrəlmiş adamların mallarına biganəliklə baxıb addımladığını müşahidə edirdik. Cəmil müəllim gedib bizim narların qarşısında dayandı. Sağına, soluna baxıb yiyəsini axtardı, qonşu qadından nəsə soruşdu. Bir az da dayandı, hövsələsi daraldığından bazardan bir şey almadan çıxıb getdi. Qaranlıq düşənəcən gözlədik. Günortadan sonra malımızın beş kilosunu da satdıq. Yerdə qalan altı kiloyacan narı Əli, qardaş malı kimi iki pay elədi.
Əlinin hesablamasına görə (taksilərə verdiyimiz pullar, çürüntüyə çıxanlar) nar alverindən mayasını çıxandan sonra hərəmizə on rubl çatırdı. Mənə düşən on rublun hamısını yeni il axşamına xərclədim...
...Bir il ötsə də narımızı Rusiyaya aparan o doğma adamımızdan səs-soraq çıxmadı...
Bir yerdə qərar tuta bilmədiyindən, darıxdığından Əlinin ayda, iki aydan bir Azərbaycanın rayonlarına baş çəkməyi var. Dediyinə görə rayon-kənd yerində başındakı duman çəkilir, yaz səhəri kimi aydınlaşır, qələmi daha yaxşı işləyir. Redaksiyadan uzaqlaşandan sonra rayona, lap ucqar kəndlərin birində müəllim işləmək həvəsinə düşdü, bir neçə dəfə bağlı səlahiyyətli təhsil idarələrə müraciət eləsə də istəyinə nail olmadı.
Beşmi, altımı ay Binə Ticarət Mərkəzində işlədi. Hər gün işlədiyi balaca sexə sakit, başıaşağı gedib gələndə nələri, kimləri gördü, onu söyləməkdə, təsvir etməkdə qələmim acizdir. Altı ay ərzində Binə Ticarət Mərkəzində Əlinin nələr qazandığını, nələr gördüyünü bilmək istəyən, onun rəngarəng, bənzərsiz insan xarakterləri, insan tipləri ilə zəngin psixoloji, möhtəşəm "Aşıq" povestini, yüksəkliyi fəth edən alpinist təkin, iradəylə, səbrlə, ədəbiyyat sevgisiylə oxumalıdır.
Son vaxtlar Əli Həsənli iki inəkli təsərrüfat yaratdı. O iki inəyi səhərlər naxıra qoşanda bəzən qəsdən gecikdi, naxır qəsəbədən uzaqlaşdı, onda Əli Binənin əkin yerlərinə, otlaqlarınacan gedib çıxdı, kimsəsiz təbiətin qoynunda özünü rahat hiss etdi. Bir axşam inəyin biri örüşdən qayıtmadı. Səhərisi Əli on kilometrlərlə Binənin tarlalarını, əkin yerlərini, qobularını, bəzən xəndəkli, bəzən hamar bozqır səhrasını ayaqdan saldı.
İtkinin nigarançılığı olsa da səhradakı tənha tut ağacından, ulğumdan tutmuş çoxunun adını bilmədiyi növbənöv gül-çiçək, ot-ələf, hörümçək, böcək, tısbağa, kirpi, kərtənkələ, ilanla rastlaşan, bəzən səksənib qorxan Əlinin içində bir sevinc də sayrışırdı. Onda Binə torpaqları hələ özəlləşməmişdi. Əlinin o iki inəyi yamyaşıl, təzə- tər yağlı, şirəli otlarla qarnını, südlə yelinini doldurub hər axşam örüşdən nazlana- nazlana qayıdırdı. Hektarlarla torpaq çəpərləndi, daş hasarlara alındı. Sonsuz torpaqlardan Əliyə bir qarış da pay düşmədi. Ancaq...
Ancaq iki inəkli balaca təsərrüfatın hesabına böyük ədəbiyyat ərazisində özünə arxayınlıq, əminliklə yer tutan, dünya klassiklərinin yaratdıqları incilərlə yanaşı dayanıb duruş gətirə bilən "Səs - yol yoldaşı", "Ağ yol" hekayələri yarandı.
Örüşlərin özəlləşməsiylə Əlinin inəkləri ev dustağı olduğundan biri satıldı, Əlinin iki cildliyinin işıq üzü görməsi üçün.
Torpaqdan, sudan, günəşdən, havadan yaranan alma, nə torpaq, nə su, nə günəş, nə də havadı. O, almadı. Almanın tərkibində şəkər, dəmir, yod, duz... bir çox elementlər olsa da, alma o elementlərin heç biri deyil, alma ancaq almadır. Əli Həsənlinin yazılarında bəlkə də dünya ədəbiyyatının azmanlarından nəsə qırıntılar, qəlpələr tapmaq olar. Ancaq alma elementlərin heç biri olmayıb yalnız ALMA olduğu kimi, Əli Həsənlinin yazıları da yalnız ƏLİ Həsənlinindir.
Bu günlərdə Tofiq Abdin telefonda mənə: - Azər, gəl gedək Anar müəllimin yanına, xahiş edək, yalvaraq, Əlini birillik prezident təqaüdü siyahısına salsın-dedi.
-Tofiq, gəl əvvəlcə Əli Həsənliyə yalvaraq, təqaüd almağa razılaşsın, sonra Anar bəyə ağız açaq.- dedim. Tofiq məni anlamayanda bir il öncə Əliyə, Anar bəyin yanına gedəcəyimi söyləyəndə Əlinin qətiyyətlə etiraz elədiyini, gedəcəyimi israrla bildirəndə anamın ruhuna and içib bu işdən əl çəkməyimi sərt şəkildə söylədi.
-Bu nə cür adamdı, başa düşmürəm?- Tofiq əsəbi və təəccüblə söylədi.
Tofiq Abdindən yazmağa nə var, oğulsan Əli Həsənlidən yaz, elə yaz, onun şeir, hekayə, esse, povestlərində təsvir elədiyi qaranlıqlı, işıqlı dünya(lar)nın görünən yox, görünməyən mənzərəsini, insanın görünən və gördüyü işləri, başına gələnləri yox, keçirdiyi yeni ağılagəlməz yaşantılarını, haldan hala düşdüyünü, enib qalxan ovqatından azacıq da olsa yaza biləsən... Maddiyyat baxımından Əlinin vur-tut bir inəyi var. Ancaq mənəviyyat baxımdan yazı leksikonundakı sözlərin zənginliyinə, hələm-hələm yazıçıya nəsib olmayan dəst-xət yiyəsi kimi, iki-üç yazıçımızdan biridir. Əlinin təsərrüfat sahəsi, yəni həyətyanı torpağı vur-tut səkkiz sotdur, ancaq nəsrindəki ucsuz-bucaqsız, hüdudsuz ərazini gəzib dolaşmaq üçün adamın Qıratı yox, Burakı olmalıdır.
İndiki gənclərimizin, qələmləri iti, başları uca olsun, posmodernizmdən dəm vurub 60-cılar nəslini geri qalmış "sovet düşüncəli" deyə ittiham edirlər. Görəsən o gənclərin (onların arasında 20-30 yaşlarında roman yazmağa başlamış istedadlı gənclərə qibtə edirəm) Mayakovskinin futurist, Nazım Hikmətin simvolist, modernist, konstruktivist yaradıcılıq dövründən xəbərləri varmı? Rüşeym halında bətndə olub analarının qarnını təpikləməyə hələ gücləri çatmadığı indiki gənclər, yetmişinci illərdə Anar bəyin rəhbərliyi ilə nəşr olunan "Qobustan" dərgisində çap olunan memar Karbüze, müğənni Karuzo, Cili, Del Monako, Şalyapin, səsi daşıb oktavadan qırağa çıxan İma Sumak, prima balerina Anna Pavlova, Maya Plisetskaya, sürrealist rəssam Salvador Dali, "alla prima" texnik stili ilə tanınan niderlandlı Bosx, realist və sürrealist İbrahim Balaban, kubist Pikasso, impressionist Sezan, Klod Mone, Eduard Mane, Modilyani, Van Qoq, miniatürçü Soltan Məhəmməd və onun şagirdləri... monumentalçı Dieqo Rivero, Orocka sənətini acgöz oxuculara çatdıran 60-ıncılardan xəbəri varmı? Bu korifeyləri sadalamaqla öz bilgimi nəzərə çarpdırmağımı zənn edənlər ola bilər. Ancaq bu korifeylərdən yazanların ədəbiyyatı, məxəzi hardan, necə əldə etdiklərinin çətinliyi əsla ağlınıza gəlməz. Sizlərə nə var, evinizdə əyləşib barmağınızı sehirli bilgisayarın düyməsinə tıklamağınızla istədiyiniz qarşınızda zühur edir. Allah işinizi avand eləsin!
Demiyəsən, Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatı", İsa Muğannanın "Şəppəli", Sabir Əhmədlinin "Qan köçürmə stansiyası", Yusif Səmədoğlunun "Qətl günü", Anarın "Asılqanda", "Otel odası", Əkrəm Əylislinin "Ürək yaman şeydi", "Mənim nəğməkar bibim", Elçinin "Baladadaşın ilk məhəbbəti", Mövlud Süleymanlının "Köç", Məmməd Orucun "Köçürülmə", Rahim Dünyamalının "Tərsinə addımlayan kölgələr", Azər Abdullanın "Qəmərlidən keçən qatar", hətta Əli Həsənlinin "Qayıq", "Xof"...əsərləri də sovet dönəmində yazıldığına görə ədəbiyyata dəxli yoxmuş... O cümlədən şairlərdən Bəxtiyar Vahabzadə, Məmməd Araz, Musa Yaqub, Məmməd İsmayıl, Ramiz Rövşən, Vaqif Bayatlı da... sovetlər dönəminin adamı olduğundan yazdıqlarının ədəbiyyata dəxli yoxmuş. Ədəbiyyat ancaq postmodernizmdən başlayırmış! U. Ekodan, C. Faulzdan, Pelevindən, Sarokindən... Onda Çexov, Lev Tolstoy, Dostayevski, Buninin də ədəbiyyata dəxli yoxmuş... Ayıldıq!
`Ancaq ey bizim sonucumuz gənclər, sizlər abırına bürünmüş yaşlıların bir nümayəndəsi Əli Həsənlinin 60-cı illərin sonlarında yazdığı təkcə bir essesini, bir il öncə yazdığı "Bayraq" şeirini ("Oğuz eli" qəzetinin "Yazıçı" buraxılışı, 2012, N3) oxusaydınız, lütf edib "60-cıları" topa tutmazdınız.
Əli Həsənlinin gözəl yazıçı olmasından nəinki gənc yazarların, heç qohumlarının, doğma bacı- qardaşlarının, ailəsinin, heç "60-cı" yazarlar nəslinin doxsan faizinin də xəbəri yoxdu. Keçən yüzilliyin son onilliyindəki qəzet, jurnal, kitab yazılarımda, üç televiziya çıxışımda, qələmdaşlarımla söhbətlər zamanı, sayılıb seçilən tənqidçilər, ədəbiyyatşünaslar, naşirlərin, ədəbi aləmin ən nüfuzlu və səlahiyyətli şəxslərin diqqətini Əli Həsənliyə yönəltməyə çalışsam da istədiyimə nail olmadım. Ədəbi aləmin Əli Həsənli yaradıcılığına soyuqluğun, biganəliyin səbəbini həm də öz gücsüzlüyümdə görüb kədərləndim.
Onun hekayələrindəki "kiçik" insanların monumental bədii obrazları ilə rəssam Rasim Babayev, Mircavad Cavadov, Oroska, Dieqo Rivera obrazları arasında bir bənzərlik var. Azərbaycan boyakarlığında özəl yeri olan Mircavad Cavadov həyatın bütün şirin şeylərindən, əyləncələrindən uzaqlaşaraq ehtiyac içində emalatxanasında ömrünü başa vurdu. Dünyadan köçməsinə az qalmış Çingiz Aytmatov kimi məşhur yazıçı onu görüb böyüklüyündən xəbər verdi. Yazıqlar olsun, Əli Həsənlinin qarşısına Çingiz Aytmatov kimi tanınmış sənətçi çıxmadı.
Əli Həsənlinin cansız-cələfsiz bədəninə uyuşmayan, qabarlı, cadar- cadar iri əlləri var. Çox fizik iş görməyinnəndi. Bəmbəyaz qalın saçında bir dənə qara tük yoxdu. Üzündə dünya xəritəsinə bənzər dərin qırışlar, cizgilər var...
Əzizim Əli bəy, sənə olan istəyimi bərk- bərk sıxdığım yumruqlarımı iri gürz təkin möhkəm yumruqlarına dirəyib itələməklə bildirirəm, illər öncə sənin gülxananın qapısından girərkən mehriban, doğma, utancaq sifətinə bənzər üzümə gülüb məni xorla salamlayan qərənfillərini xatırlayıb yetmiş yaşını sevinclə qutlayıram, mübarək insan, Tanrı səni qorusun. Amin!
Azər ABDULLA


Bu yazı ( 217 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar