12px14px16px18px

“Çörək ağacı”

Zöhrə ƏSGƏROVA
00:32 / 21.04.2011


Meymunun “çörək ağacı”nı ömrünüzdə heç olmazsa bircə dəfə görmüsünüz? O çörək ağacının meyvəsi ağ olur, böyük xiyara oxşayır, dadı da turşməzədir, “C” və “B” vitamini ilə zəngindir. Rəvayətə görə, tünd xasiyyətli, hər şeydən narazı ağaca allahlar qəzəblənərək, onu yerdən qoparıb kökləri yuxarı basdırıblar. Kəllə-mayallaq dayanan ağacın nə az, nə çox 5 min ilə qədər ömrü var. Meymunun sevimli “çörək ağacı”nın adı baobabdır.Onu bizim meşələrdə axtarmayın. O bizim torpaqda bitmir. Əslində bu qoca ağac bir sivilizasiyanın ömrünə bərabər yaşayır. Piramidalar kimi qədimdir. Kim bilir, bobab ağacının kökləri beş min il ərzində torpaqda neçə kilometr dərinliyə çatıb? Ərazidə neft yatağı olsaydı torpağın dərin qatlarından yuxarı fəvvarə vurardı. Afrika, Avstraliya baobab ağaclarının vətənidir. Baobab ağacından limonad, kofe hazırlanır. (Aborigenlər bizim kimi koka-kola içib ömrünü qısaltmırlar. Kimya sənayesinin, müasir texnikanın diri gözlü qurbanlarıyıq.) Baobab quraqlıq sahələrdə bitdiyi üçün il boyu özünə suyu hopdurur, ehtiyac olanda daxili su ehtiyatından qidalanır Baobab ağacının gövdəsi iri küpə bənzəyir. O qədər uzun və enlidir ki, içini ov birotaqlı ev düzəlt, anbar et, dükan aç. Bəxtimizdən bizim torpaqlarda baobab ağacları bitmir. Yoxsa onlardan köşk əvəzinə hər tində istifadə edərdilər. Bu da “Baobab” ticarət şirkətinin yaranmasına səbəb olardı. Şəhər də baobablarla dolduqca maşınların, adamların gediş-gəlişinə maneçiliyini gözlərinizin qabağına gətirin ki, şəhər baobab meşəliyinə çevrilir. Ağacın altından keçənlərin başına ağacdakı meyvələr yetişib düşdükcə hansı bədbəxt hadisələrin baş verəcəyi də məlumdur. Yəni nə yaxşı ki, bu nəhəng ağaclar şəhərlərə ayaq açmayıb. Yox, yadıma düşdü, bizim dəniz kənarı parka xaricdən bir neçə cavan boabab ağacı gətirilib. Sözün düzü, boabab ağacını görəndə yerimdə donub qaldım. Sonra ona “xoş gəldin” dedim. Görəsən, o öz doğma vətəni üçün darıxmır? (Öz vətənindən ayrılıb didərgin düşən ağaclara da qəfəsə salınmış quş kimi yazığım gəlir.) Ətrafıma boylandım, ağacın başında onun dostları olan meymunları görmədim. Bir az rahat nəfəs aldım. Yoxsa təsəvvür edirsiniz, parkda gəzirik, meymunlar da bizə ağacdan baxır, yaxud adamların əlindən çantasını, dondurmasını və s. dartıb qaçır. Bu meymunlar oğurluğu çox peşəkarlıqla bacarırlar. Kimdir onları oğurluğa görə dama basan? Məsələn, Braziliyanın parklarında meymunlar azad, sərbəst yaşayırlar. Demək belə çıxır ki, meymunların arasında da şəhərlisi və kəndlisi var. Şəhər meymunları öz vərdişlərini şəraitə uyğun olaraq dəyişirlər. Bir vərdişlərini dəyişmirlər, o da bir göz qırpımında özgənin əlindəkini qamarlamağı. Xoşuna nə gəldi sənin deyil. Biz onun kimi ağacda böyüməmişik ki, dalınca ağaca dırmanaq. Bununla bərabər qolları bizdən uzun, qıçları qısa, gövdəsi enli olan meymunların da aralarında öz “gözəlləri” var. (Bağışlayın meymun üçün gözəl sözünü işlətdim.) Amerikalı meymun tədqiqatçısı F.Petterson meymun üzərində təcrübələr aparıb və meymuna 375 işarə öyrədə bilib. Hətta şəhər meymunları arasında mədəniyyətlə maraqlananlar da var. Kinoproyektoru özləri yandırıb meymunların həyatına həsr edilən seriallara divanda oturub baxırlar. Alimlər sübut ediblər ki, meymunun beynində nitq mərkəzinə uyğun sahə olmadığından danışa bilmir. Allah üzümüzə baxıb, bizə rəhm edib. Çünki meymun çox aqressiv, qısqanc məxluqa oxşayır. Onun tələblərinə “yox” deməyin, ağır fəsadları ola bilər. Yer üzündə törətdiyi müharibələrin adı başqa cür tarixə düşə bilərdi. Məsələn, Birinci dünya meymun müharibəsi, İkinci dünya meymun müharibəsi və s. Hər kim onların ailəvi sürülərinə hörmətsiz yanaşsa, yaxud heyvanxanaya salsa özlərinin beynəlxalq məhkəməsinə müraciət edə bilər və işi udar. Görürsünüz, belə üzdəniraq meymunların cəmiyyətimizin üzvü olmadığı üçün nəzir paylamalıyıq. Nitsşe də meymun probleminə laqeyd qalmayıb.Öz orijinal fikirləri ilə diqqəti cəlb edir. O, deyir: “Meymun insana nisbətdə nədir? Gülünc yaxud əzab doğuran rüsvayçılıqdır. İnsan da fövqəl insan qarşısında o cür gülünc və əzab doğuran rüsvayçılığı ilə fərqlənir.” Mən isə demək istəyirəm ki, dünyada yaranmış canlılar arasında “insan” adımızı, şərəfimizi yalnız insanlığımız, xeyirxahlığımız bəzəyir. İnsanlıqdan kənar fikirlər, əməllər bizi fövqəl insan (yəni onun üçün müqəddəs heç nə yoxdur) edəcəksə, onda insanabənzər meymuna üstünlük verirəm. Çünki Nitsşe özünü immoralist hesab edir. İmmoralistlər bildiyiniz kimi, əxlaqi, mənəvi dəyərlərin əleyhinədir. Nitsşe normal insani hissləri, təfəkkürü öz uydurulmuş dünyasında belə qiymətləndirir: “İnsan uçurum üzərindəki kəndirlə heyvandan fövqəl insana doğru yol gedir.” Belə çıxır ki, adi insanın həyatda yaşamağa haqqı yoxdur, çünki o, çaşıb immoralist xəstəliyinə tutulmayıb. Tomas Mann da insanlara münasibətini gizlətmir: “İnsan heyvanla mələk arasındadır, amma heyvana daha yaxındır.” Dahilərin fikirlərində çox vaxt zahirən dahiyanə görünən səhvlərin parıltısı insanların gözlərini qamaşdıra, çoxunu öz təsiri altına sala bilir. Demək Şopenhaur öz fikirlərində səhv etmir: “Cəmiyyətdə insanlara həqiqət deyil, çörək və tamaşa lazımdır.” Nə isə... Kiminsə bu, obrazlı fikri dillər əzbərinə çevrilib: “Darvin meymundan, kommunistlər isə Marks və Engelsdən əmələ gəlib.” Qəribə odur ki, üçü də əqidə sarıdan ateistdir. (Mənə elə gəlir ki, meymun dönüb adam olsaydı o da ateist olacaqdı.) Əgər meymun Darvindən əmələ gəlsəydi, yuxarıda qeyd olunan bəd hadisələrin baş verməsi mümkün idi. Evolyusiya o vaxt baş verəcək ki, meymun özünü adam hesab etsin. Müasir həyatda buna bənzər mutantlara az rast gəlmirik. Məsələn, adam var meymuna oxşasa da özündən başqa heç kimi bəyənmir. Bəli, bir var meymunabənzər insan, bir də var ki, insanabənzər meymun. Onların arasındakı fərqi bilmək üçün alim olmaq lazım deyil. İnsanabənzər meymunlardan şimpanze, qorilla və oranqutan qan qrupuna, genlərin strukturuna görə bizimlə eynidir. Şimpanze meymunlarının məşhur tədqiqatçısı Ceyn Qudol uzun illər apardığı müşahidələrə əsasən bildirir ki, şimpanze olduqca ailəcanlı və qayğıkeşdir. Alim bütün həyatını sevimli meymunlarına həsr etdiyi üçün ona şərəfli bir ad verilib- Xanım Şimpanze. Həmin bu xanım hətta öz adını daşıyan institut da açıb. Professor Allan Qardner də öz təcrübəsinə əsasən sübut edib ki, dörd yaşlı şimpanze lal-kar dilində suallara cavab verir. Onun təcrübəsindən də əvvəl onlar bu bacarığa həmişə malik olub. Mən də öz “tədqiqatlarıma” əsasən demək istəyirəm ki, meymunlar arasında elitar, savadlı, istedadlı, avara, oğru az deyil. Onların həyat tərzində, şüurunda, hərəkətlərində qəribə keyfiyyətləri kəşf etmək olar. Məsələn, ağıllı meymuna kağız, rəng və fırça veriləndə o, böyük həvəslə şəkil çəkir. Onların şəkilləri abstrakt janrını xatırladır. Nəzərinizə çatdırım ki, dəfələrlə rəsm sərgilərində “elitar” meymunların çəkdiyi şəkilləri nümayiş etdirib. Sərgidə heç bir tamaşaçının ağlına belə gəlməyib ki, onlar meymunun fırçasından çıxan şəkillərə baxırlar. Sənətşünaslar Konqo adlı “rəssam şimpanze”nin “əsərlərinə” belə tərif veriblər ki, bu kompozisiyada harmoniyanın dinamikası öz formasına, koloritinə uyğun işlənib və o, özünəməxsus ritmiylə seçilir. Qəribə odur ki, insanabənzər meymunlar sirkdəki heyvanlardan fərqli olaraq, yiyəsindən heç bir təltif gözləmədən həvəslə şəkil çəkirlər. Onlar “öz əsərləri” üzərində işləyəndə heç kimin müdaxiləsinə icazə vermir, bərk qəzəblənirlər. “Əsərin” nə vaxt hazır olduğunu özləri müəyyən edir. İndi gəl, belə meymunun çəkdiyi şəkillərə baxma. Bundan sonra abstrakt şəkillərə baxanda istər-istəməz meymunu yadımıza salacağıq. Yeri gəlmişkən M.F.Axundovun “Molla İbrahim Xəlil kimyagər” pyesi yadıma düşdü. Pyesdə dələduzlar misin qızıla çevrilməsi üçün bir ətək pul xərcləyən avam adamlara meymunu yada salmamağı tapşırırlar. İşin tərsliyindən o xəbərdarlıqdan sonra hamı meymun haqqında daha çox fikirləşir. Bu isə adamları çox narahat edir ki, meymunun sifəti onların gözlərinin qabağından çəkilmir. Kimyagər də özünə bəraət qazandırır ki, guya buna görə misi qızıla çevirmək mümkün olmayıb. Görəsən, Axundovun özünün meymun hardan yadına düşüb? Məlumat üçün qeyd edim ki, tarixi mənbələrə əsasən ilk simli musiqi alətinin yaranmasında sən demə, meymunun əvəzsiz rolu olub. Hind rəvayətinə görə, səfərə çıxıb uzun yol gedəndən sonra alim yorulub ağacın altında dincəlir. Görür ki, yuxarıda bir meymunun ağacdan-ağaca atıldığı zaman iti uclu budağa qarnı ilişib yarıldı. Bağırsaqları budaqlardan asılır. Külək sim kimi dartılıb quruyan bağırsaqlara dəydikcə qəlb oxşayan səslər yaradır. Alim simli musiqi aləti düzəltmək qərarına gəlir. Məşhur şərqşünas alim Yevgeniy Bertels də ilk musiqi alətinin Hindistanda yarandığını təsdiq edir. Dülgərlərin piri olan Nuh peyğəmbərin də burda təsiri var. Məhz musiqi aləti taxtadan hazırlanıb. Maraqlıdır ki, şumerlərdə meymunun musiqi alətləri ilə yonulmuş heykəlləri mövcud olub. Nyu-York şəhərinin Metropoliten muzeyində lirada çalan meymun heykəli nümayiş edilir. Eksponat Misir mədəniyyətinin II və III minilliyinə aiddir. Bağdadın İraq muzeyində də e.ə. II minilliyə aid olan musiqiçi meymun heykəli var. Eramızın VII əsrinə aid olan gümüş badənin üzərində ziyafətdə fleytada, zərb alətində çalan meymunlar əks olunub. O Ermitajda saxlanılır.Musiqi aləti ilə təsvir edilən meymun həm də səyyar musiqiçilərin, komediantların şənlik simvoludur, desək daha düz olar. Musiqiçi meymun obrazı qədim şərq mədəniyyətində geniş təbliğ edilib. Meymun kultu əslində Misirdə neçə min il davam edib. Misir təsvirlərində taxtda əyləşən qamadril-meymuna insanların təzim etməsi öz əksini tapıb. Qamadril müqəddəs meymun kimi balzamlanaraq basdırılıb. Məsələn, e.ə. V-IV minilliyə aid olan qamadrilinin kiçik heykəli Berlin muzeyində qorunur. Afrikada da meymuna hörmətlə yanaşılır, həbəşlər hətta öz saç formalarını qamadrillərin saçlarına bənzədirlər. Hindistanda, Tibetdə, Cənubi Amerikada isə meymunu öz əcdadları bilirlər. Bu ölkələr Darvinin müdaxiləsi olmadan könüllü olaraq, öz əcdadlarını seçiblər. Honkonq isə meymuna münasibətdə reytinq üzrə birincilərdəndir. Honkonqda meymun allahının ayrıca məbədi var. Hər ilin sentyabr ayında meymun allahının bayramı təntənəli surətdə keçirilir. Mən demək istəmirəm ki, heyvanxanalardakı meymunlara da sentyabr ayında bayram bəxş edilsin. Onlar öz cəza müddətini çəkən meymunlardır. Nə vaxt amnistiyaya düşsələr, bu haqda düşünmək olar. Bir haşiyəyə çıxım. Əslində meymuna qərbdə olan münasibət şərqdə olan münasibətdən kəskin surətdə fərqlənir. Deyə bilərsiniz, necə? Professor primatoloq E. Fridman orta əsrlər rəvayətini belə nəql edir: “Allah Adəm və Havvanı yerə endirəndən sonra onların vəziyyəti ilə maraqlanmaq istəyir. Havva bundan xəbər tutub çox uşaq dünyaya gətirdiyi üçün Allahdan qorxur və onların yarısını gizlədir. Hər şeydən xəbərdar olan Allah Havvanın öz uşaqlarını ondan gizlətməsinə acığı tutur və onları meymuna, iblisə döndərir. Xristian dininə görə meymun iblis təbiətinə malikdir. Məhz buna görə də kilsələrdə meymuna düşmən kimi baxılır. İndi isə elitar meymunlardan keçək adi, sıravi meymunlara. Adi meymunların da özünəməxsus taleyi, yerdə cənnəti var. O məkan qədim Hindistandır. Hindistandakı Xanumana məbədində məskunlaşan meymunlar ordakı kasıb adamlardan yaxşı yaşayır. İl boyu avaraçılıqla məşğuldurlar, öz aləmlərində kefə baxırlar. Onlara “gözün üstündə qaşın var”, deyən yoxdur. Ziyarətçilər onları məbəddə o qədər görməyə alışıblar ki, meymunların da ayrıca payını özləriylə gətirirlər.( Bizim müasir dildə desək, meymunlara sosial yardımların ardı-arası kəsilmir.) Amma Hindistanda kasıblar var ki, küçələrdə yaşayır, yatır. Heç kim onların necə dolandığını fikirləşmir. Meymunların isə ağacda yatması üçün toxunulmaz yeri var. Gördüyünüz kimi, meymun böyük statusa malikdir. Deyəsən, meymun fikrimizi yayındırır, baobab ağacı isə yadımızdan çıxır. Afrikada aborigenlərdən çox, meymunların bəxti gətirib. Ağac meymunların həm yataqxanası, həm də yeməkxanasıdır. Hazırın naziri kimi ağacın budaqlarında oturub əlini uzatmaqla meyvə dərib yeyir, bekarçılıqdan yorulanda da özünü günə verir. Ağacdan istifadə etdiyi üçün nə vergi verir, nə dərd çəkir. Üçdə alacağı, beşdə verəcəyi yox. Qoca meymunlar bizim kimi hər ay təqaüdünü həsrətlə gözləmir, cavanları da şadlıq evlərində toy edib xərcə düşmürlər. Həkimə də ehtiyacları yoxdur. Onların qayğıkeş, mehriban münasibətlərinə həsəd aparmamaq olmur. Təmənnasız bir-birinin bədənindəki bitləri təmizləməyə nə qədər vaxt sərf edirlər. Küsəndə, dalaşanda bir-birinin başına qaxınc etmirlər ki, sənin bitin məndən çox idi. Meşədə də özlərinə lazım olan bitkilərdən istifadə edirlər. Onların zəngin meşə “apteki” var. Amma bir məsələ var ki, şəhərdə böyüyən meymun parfümeriyadan, ənlik-kirşandan istifadə etsə də adını üstündən götürə bilməz. Baobab ağacının sakinlərinin sayı ilbəil çoxalır. Meymun balaları özlərinə peşə bildikləri meşə məktəblərini yaşadığı ərazidə ağacdan-ağaca atıla-atıla, hərdən yıxıla-yıxıla keçir. Bir sözlə, bu məkanda möhürlü kağızlar hüquqi statusa malik deyil. Onlar üçün çirkli pullarla ağacdan tökülən solğun yarpaqlar arasında heç bir fərq yoxdur. Kağız yeyilməli deyilsə meymunun necə marağına səbəb ola bilər? Yalnız insan pul kağızını qızıla, yeməyə, geyinməyə çevirə bilər. Bahalı kağızlar bizə ekologiyadan, sağlamlıqdan, hər şeydən üstündür. Burda göydələn binaları hündür ağaclar, taksiləri, avtobusları isə dəvə quşları əvəz edir. Bəs necə, meşələrin də öz qanunları var. Yazının sonunda baobab ağacı ilə bağlı kiçik bir reklama yer verim. Hind rəvayətinə görə hər kim baobab ağacının altında dayanıb niyyət etsə, arzusuna çatar.Yerli əhali onu pir kimi qəbul edir. Vaxtınız, pulunuz olsa Afrikada, Avstraliyada olanda nəhəng baobab ağacının ziyarətinə gedə bilərsiniz. (Görəsən, meymunun “çörək ağacı” başqasına da xeyir verə bilərmi?) Əgər həyata keçməyən arzularınız varsa, o ağacın altında niyyət etməyə çalışın. Bilmək olmaz bu dünyanın işini. Dünyagörmüş ağacdır bəlkə sizə öz ana dilində dua edəcək. Amma bir məsləhətim var, niyyət edəndən sonra meymunu yadınıza salmayın, ha! Zöhrə ƏSGƏROVA




Bu yazı ( 801 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar