12px14px16px18px

Daha dekabrda ölən olmayacaq, yaxud 3-cü qapı

Barat VÜSAL
00:47 / 12.04.2011  
Allah, Allah,
Səndə nə möcüzələr var,
Qardaşlarımın beşi də
Dekabrda doğuldular,
Dekabrda öldülər.
Görəsən başqa möcüzədə ola bilməzdimi?! Görəsən bu şairin bütün şeirləri də dekabrda yazılıb dekabrda ölürlərmiş, bizim hər nədən xəbərimiz yoxmuş, olmaya?!
Nə bilim, nə deyim, vallah, bu dünyada hər şey olur və hər nə desən ola bilər. Necə ki, elə bil bütün ağrı-acılar bizimkilərin alnına yazılıbmış. Biz dekabrda doğulub dekabrda ölənləriymişik?!
İlahi, yaratdığın
Sir-sifətdə fərqə bax.
Nə vaxt kişi sifəti,
Nə vaxt kişi qeyrəti
Bir-birini tapacaq?!
O vaxt ki, dekabrda doğulsun, o vaxt ki, dekabrda ölsün, eləmi?!
Ancaq dekabrda doğulub, dekabrda ölənlərin ruhu özündə yaşadan şair ola bilər! Dekabrda oxuna bilməzdimi?! Yaxud niyə hökmən dekabrda yazılmalı, dekabrda oxunmalıdır ki?! Yaxud da bəlkə bizim dediyimiz bu insanların hamısı bəlkə elə hamısı dekabrda doğulub, dekabrda ölürlər...
Ancaq belə şairin sözü, vəsiyyəti heç bir sözə, vəsiyyətə bənzəməz və o şair ancaq belə deyə bilər:
Qəbrimi bu vətən boyda qazın ki,
Dərdimin kəfəni vətən boydadır!
Məhz belə bir şairin gözü dekabrda doğulanların niyə dekabrda öldüklərinin fərqinə varar, gözləri təkcə Arazın bu tayındakı yaralı yurdlarımıza yox, həm də o taydakı obalara, yurdlara, yollara, izlərə dikilər və yenə də yalnız o, belə deyə bilər və deyir:
Təbrizə çatmayan şikəst yolları,
Doğrayın, qəbrimin tökün üstünə!
Məhz belə şairin şikəst adamı yox, şikəst yolu da görməyə gözü olmaz! Necə ki, qədim spartalılar şikəst doğulan uşağı aparıb qayadan atırdılar ki, qurd-quşa yem olsun, ondan ölkəyə övlad (və gələcəkdə əsgər) olmaz!
Belə şikəst yollara baxanda təkcə şair yox, hamının halı-əhvalı dəyişər...
Sərhəd dirəyinə çırpıb başını,
Çığıra-çığıra ölərlər yollar.
Şairin qeyrətini, yolların qəhrəmanlığını görəndə –
Dönüb ildırıma, çaxıb, hey çaxıb,
Qılınc tariximiz heç vaxt pas atmaz – sözünə heyranlıqla baxırıq.
Necə ki, hər qılınc pas atsa da, Misri qılınc pas atmayıb, pas atmaz! Yeri gəlmişkən, biz indiyə qədər Misri qılıncdan danışmışıq, Misri qələmdənsə yox. Sən demə, Misri qələm də varmış. Bunu Xaqani deyir, mən demirəm. Misri qılıncın da, Misri qələmin də doğum tarixi dekabrmış. Ancaq bir şərtlə: Ölüm tarixləri yoxdur! Olmayacaq da!
Çünki Misri Qılıncın da, Misri qələmin də yerinə ölənlərimiz var hələ! Öz canını Misri Qılıncın, Misri Qələmin yolunda verən ərənlərimiz var hələ!
Yoxsa dekabrda doğulub, dekabrda ölərdilərmi?! Və ölməyə də bilərdilərmi?! Bu boyda dərdi hansı çiyinə qoysan sınardı, hansı ata yükləsən yatardı, hansı dəvəyə çatsan çökərdi?!
Keçmişdən üzü bəri nənə-babalarımız qorxulu yuxunu axar suya danışıb, deyiblər. Dərdini yaz kağıza, at suya, padşaha gedib çatacaq. Ənvər Əhməd də “Xudafərinin iş ərizəsi” şeirində həmin köhnə, sınanılmış yolla gedir. Lakin bu dəfə ərizəni adam deyil, bir körpü yazır – Xudafərin körpüsü. Tarix səhnəsində bu qədim körpü öz yerinin nə olduğunu bilmək istəyir. Şair ona yol göstərir:
At ərizəni Araza,
Araz bilər ünvanı!
Yəni sənin dadına yetsə, suya atdığın ərizə yetəcək. Ərizəni hansı ünvana lazımdırsa oraya çatdıracaq:
Dekabrda yazmışdı Xudafərin də yəqin ki, bu ərizəni?!
O ərizənin suya atılmasından neçə dekabr keçib görəsən?..
Sular o ərizəni harda atıb-oynadır indi?! Hər halda hələ ümid var. Çünki ərizə suya atılıb! Çünki dekabrda hər hansı bir kağızın ölüm-itim xəbəri çıxmayıb hələ!
Özü də söhbət o sulardan gedir ki, qanlı, bulanıq olması öz yerində. Qorxusu bu deyil! Qorxusu odur ki, bu cür sularda şair demişkən, “Zəmanənin əliylə axtalananda məslək”, “Bəlkə balığı iştahla yeyir öz balasını”.
Oljas Süleymanovun şeirlərindən birinin epiqrafında belə bir məqam var: “Afrikada ana qəbirlərinin başdaşı üstündə açıla qalmış əl şəkli həkk olunub”. Sən demə, bunun mənası bu imiş.
Yumruğu düyülü oğulları həlak olduqca ana əlləri onların dalınca uzalı (asılı halda) qalırmış və açıla əllər ana qəbirlərinin başdaşı üzərinə gəlib “çıxırmış”.
Yəni, əlimiz arxanca uzalı qaldı” deməkmiş bu!
Ənvər Əhmədin əlləri həmin əllərdən “duz-çörək” alıb yeyibmiş.
Ona görə də dekabrın sazağında kişilərin əlləri donsa da, üşümür onun əlləri. O, deyir ki, bu əllərin də doğum tarixi dekabrdır. Amma ölüm tarixi yoxdur (hələ üşüməyi qalsın bir yana)...
Yaman döyünür əllərimin “ürəyi”, – deyir. Ənvər Əhməd və bu, o əllərdir ki, dekabrda ölən kişilərin qəbir daşı üstə elə ürək kimi də həkk olub qalır. Bu əllərin köməyi ilə “Türk qanlı köynək kimi geyir əyninə yurdu”.
Uzana qalmış, açılmış əl sinəli olan qəbir daşları təkcə Afrikada deyil, əziz oxucular! O daşlar Azərbaycanda, xüsusən Qarabağda da var. Ənvər Əhmədin olmasının başdaşı üstündəsə hökmən!
Hər adam baxıb görəmməz onu! Necə ki, hər şair Ənvər Əhməd kimi “Qəbiristanlıq yolunda səhərə kimi ağlayıb-ağlayıb kiriyən gecə” deyəmməyib. Anasını ağlayanda (oğulları dekabrda doğulub dekabrda ölən anasını) fikirləşib ki, birdən göz yaşı bəs etməz, payızları gözlərinə köçürüb... Ənvər Əhməd!
Anasının izlərini gəzib hər izdə, bir poemaya bərabər “Anamın izləri” şeirində olduğu kimi. Gəlin o şeirlərdən bəzi sətirləri bir də oxuyaq:
Minib qarğı atları, yollar boyu çapardıq,
Palçıq üstə anamın izlərini tapardıq.
Əyilib o izdəki göz yaşı tək saf sudan,
İçərdik biz doyuncan!
Şair bu sudan doyunca içir ki, yanmış ürəyi sərinləsin. Doyunca içir ki, hamı bilsin, hamı duysun, hamı dinsin, hamı desin:
Götürün, yolları üfüqdən asın,
Bir ana izi də tapdalanmasın!
Nə gözəl arzu! Nə gözəl istək! Bax, ana heykəlini belə qoyarlar, o heykəli ürək kimi döyünən əlləri öz başı üstünə bax, belə qaldırarlar! Bayraq kimi...
... Anam ölərkən üç dəfə “Ana!” deyərək öldü. Ənvər Əhmədin “Ana! Ana! Ana!” şeirini oxuyanda duydum ki, mən də onun qardaşlarından biriymişəm. Bizi bir ana doğubmuş. Özü də nə Ənvərin, nə də mənim doğum aylarımız məhz dekabr deyil.
Ənvər Əhmədin şeirlərindən ruh işığı gəlir. Yanan ürəyin, əlin, sözün, uzun yaşı olurmuş. Bu təsadüf deyilmiş.
... Anası onu şeir yazmağa qoymurmuş. Bir zənbil şeirini təndirə atıb yandırıbmış. O yanan şeirlərin alovu Ənvərin üzünü, gözünü, sözünü necə qarsıdıbsa hələ də üzünün yox, sözünün necə yanmağı yadından çıxmır! Görən sözlərin də ahı olurmuş?!
Bəlkə dekabrda atılıbmış o şeirlər ocağa? Bəlkə elə onun üçün də bir ananın övladları dekabrda çıxıb gediblər, dünyasını dəyişmişlər kimi yox olublar. Gediblər Ənvərin şeirlərini geri qaytarmağa! Öz ölümləri bahasına olsa da! Bu qəribə deyilmi, hardan gəlib hara “daşar” ürəyim?
... Ənvərlə bizi bir-birimizə bağlayan tellər çoxdu.
İkimiz də Tərəkəmə oğluyuq. Boyat elindənik. İkimizin də həyatımızda yanğın olub. Birimizin sözü yanıb, birimizin özü, yəni mən!
...Uşaq vaxtı məni yanğının əlindən alan anam bəlkə də özümü yox, sözümü xilas edibmiş?!
Ənvər Əhmədin özü də, sözü də, qəbri də, məhəbbəti də, vətən eşq də, təbiət duyumları da, el-oba, ehtiramı da yanğınlardan keçib. Hətta “Atandan qorxulu idi o böyürtkən kolunuz” misrasındakı səmimiliyin özü belə!
Hələ bu misraları demirəm:
Gülüm, qardaşının da xasyəti sərt olardı,
Sevgimiz el yanında çox zaman pərt olardı.
Ə.Əhmədin “Dünya əlimdən sürüşür” (Bakı, “Qarabağ”, 2007) kitabını oxuduqca gördüm ki, bu yaşı əbədi yaşadı. Sönənə oxşamır. Küləyin uğultusu qulaq batırır. Bu külək də biz deyən küləklərdən deyil.
Görün ki, “küləyin işığı” düşür gözümə. Küləyin əlləri dəyir əlimə”. Qoy onda əssin belə külək. İşığı var olsun, əlləri var olsun.
O külək yanğını şiddətləndirmək üçün deyil. Öz ürəyinin yanğısını şiddətləndirmək üçün əsir.
... Təvəllüdünə yaxşı baxın,
... Dekabrda ildönümü olacaq.
... Bir kiçik daş ömrü verilə bizə,
... Bir qaya ömrünü başlamaq üçün! –
Deyən şair Ənvər Əhməd ömrü, bütövlükdə həyatı, sənəti qaya ömrü, daş ömrüdür. Vətən, yurd dastanını o, buna görə yaza bilir!
Hərdən adama elə gəlir ki, Ə.Əhməd bütün şeirlərini dekabrda yazır. Fikrimə ən yaxşı sübut, şahid misal gətirəcəyim misralardır:
Şeir yazıram yenə.
Soyuqlar da elə bil isinmək istəyirlər
Qəlbimin istisinə!
Belə qəlbin istisinə kim, nə isinmək istəməz ki?! Məhz belə qəlbdən.
Yaylımda çalınan tütəyin səsi
Qayıdıb çəhlimlə obaya gəlir.
Bu cür isti misraların, qəlbi olan duyğuların sayını yetərincə artırmaq olardı. Gəlin bir neçə beytə yenə birlikdə nəzər salaq:
...Axşam qapımızdan başlanan bir iz,
Səhər görürsən ki, günəşə çatır!
... Torpağın arxası dağlar, dərələr,
İnsanın arxası eldir- obadır.
... Kaş insan ömrü də çata biləydi,
Dərənin yaşına-dağın yaşına!
Kaş hamı dekabrda doğulaydı!
Kaş! Kaş! Kaş!
Kaş heç kim dekabrda ölməyəydi
Kaş! Kaş! Kaş!
P.S. Möcüzəli kişilər torpağımızda az olmayıb. Alı dədə də belə bir kişiymiş. Ərəblər onu öldürmək üçün qucağına bir quzu qoyub təndirə atıb ağzını bağlayıblar. Səhər açıb baxanda görürlər ki, kişinin quzu qucağında bişib, özü sağ-salamatdır, saqqalından buz salxımları sallanır...
... Ölümü yaxınlaşanda Alı dədə atını minir, oğluna deyir ki, at harda dayansa, orda basdırarsan məni. At Tovuzun Ağdam kəndində, dağlar qoynunda ayaq saxlayır. O buz kişi orda uyumaqdadır:
Bunları niyə xatırlatdım ki?
Ə.Əhmədin “Tərəkəmə” poemasının sonluğu məcbur elədi.
Baxın, elə bil, illər, əsrlər, eralar geri qayıdır, hər şey təkrar olunur.
Ürək həmin ürək,
Duyğu həmin duyğu,
Yolçu həmin yolçu!
... Minib köhlən atımı,
Çapdım, çapdım, ha çapdım
Harda dayandı,
Orda yurdumu tapdım.
Tapdım, ulu babamın
Ulusu düşdü yada.
Çomağım sancılmamış
Yer yoxumuş dünyada.
Nə gözəl, nə qədər ülvi duyğulardır bunlar. Bunlar bir daha nəyi göstərir Ənvər Əhmədin anadan atüstü doğulmadığını, at üstə doğulduğunu!
Ənvər Əhməd nə olursa olsun, dekabrda gələcəyini bilmirdi.
Dekabrda doğulanlara son duyğularımı.
P.S.S. Hər sönən həyat – ölümün açıla qalmış qapıçısıdır. Hər açıla qalmış qapı (ən çox da dekabr küləklərini, döyüb açdığı qapı) həyatın yeni doğulmuşudur.
Bir küləyin açdığı qapı var,
Bir ölümün açdığı qapı var,
Bir şair əllərinin açdığı qapı var...
Və nə yaxşı ki, axırda hamı (lap dekabrda olsa belə!) şair əllərilə açdığı qapıdan keçir!
Barat VÜSAL



Bu yazı ( 339 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar