12px14px16px18px

Ölənlərin ruhu, qalanların yaddaşı

Barat VÜSAL
01:03 / 09.05.2012
 
Sevgisi nur babalarım
Torpaq altdan uğur dedi.
Bizim Simurq ruhumuzu
Dara düşsən çağır, –dedi.
Dünyanın qəribə işləri varmış.
1992-ci il oktyabrın 18-də olmuşdu belə bir iş. Onda “Azərbaycan” qəzetinin Gəncə-Qazax üzrə bölgə müxbiri şair Aslan Kəmərli yol qəzasında həlak olmuşdu.
Qəribədir, yenə də oktyabrın 10-da, yenə də həmin qəzetin həmin bölgə müxbiri, şair Eldar Nəsibli Sibirel ağır maşın qəzasına düşdü və dünyasını dəyişdi. . .
Yenə yerə qan töküldü?!
Yox-yox, Eldarın özü ağırlıqda mürəkkəb töküldü yerə, bəlkə də?!
. . . Unutmayın! Yerə qan töküləndə (özü də şair qanı!) mürəkkəb tökülmüş olur.
Unutmayın! Yerə mürəkkəb töküləndə qan tökülür Şair başı göylərə toxunanda(şair yaşayanda !) mürəkkəb yaşayır. . .
Yerə şair gömüləndə mürəkkəb ölür!
lll
. . . Son vaxtlar yuxusunu tez-tez qarışdırarmış, yuxuda görərmiş ki, maşın qəzasına düşüb, onu yol kənarında uzandırıblar, ölü vəziyyətdə.
. . . Hər şey yuxusundakı kimi oldu. Maşın qəzasına düşdü. Bakıdan oğlu Alının toyunu yenicə eyləyib Qazaxa qayıdarkən. . .
Bu dəfə Qazaxa həmişəlik qalmaq üçün qayıdırmış.
Və bu dəfə doğrudan da həmişəlik olaraq qaldı Qazaxda, doğma torpaqda, 2-ci Şıxlı qəbristanlığında, doğma evlərinə ən yaxın bir yerdə, Xalq şairi Osman Sarıvəlli uyuyan qəbristanda uyumağa getdi.
Verməzdi yurdu yada,
Verdi ömrünü bada.
Kəndi Şıxlı olsa da,
Eldar Qazaxdan getdi,
Millətdən, xalqdan getdi!
lll
Deyirlər ki, əbədi olan şeylərdən ən qısa ömürlüsü məhəbbətdir.
Məncə, bu fikri şairlərə də aid etmək olar: Əbədi olanlardan ən qısa ömürlüsü şairdir.
Eldar Nəsibli Sibirel məhz belə bir ömür yaşadı.
lll
Eldar Nəsibli mənim ən çox sevdiyim şairlərdən biriydi.  
Baxışlarından, yerişindən, duruşundan ziyalı mədəniyyəti, şair mədəniyyəti tökülürdü. O söz-sənət aləmində qaracığallığı, qaracığal adamları sevməzdi. Həmişə başqalarından prinsipial, aydın, cəsarətli, mərdanə mövqeyi ilə fərqlənərdi, kübar rəftarı(bəy nəslindəndi, ulu babası Şərif Şikəstə Firdovsinin “Şahnamə”sindən ilk tərcümələr etmişdi. ) ilə seçilərdi. Ədəbiyyat adamı kimi danışmağa cəhd etməzdi, çünki təpədən dırnağa sənət adamıydı, böyük sənətkardı, şair olduğunu dilinə gətirməzdi, çünki özü bilirdi çox böyük şairdi! Çox böyük Qazaxlıdı, çox böyük Türk oğlu türkdü! Çox böyük Azərbaycan yazarıydı!
Eldar yazanda da şairdi, yazmıyanda da! Danışanda da, susanda da!
Məncə Azərbaycan haqda ən gözəl şeiri Səməd Vurğun, (“Azərbaycan” şeiri) Qazax (yurd yeri)haqda ən gözəl şeiri Eldar Nəsibli Sibirel yazıb. (“Bura Qazaxdır, oğlum” şeiri)
Gözünü yum, bu elə, bu obaya yaxşı bax,
Damcısında durul, Dəli Kürə qarış, ax!
Ərlər, ərənlər yurdu olub bu ulu torpaq,
Hər kaha, hər mağara sirli Azıxdır, oğlum,
Bura Qazaxdır, oğlum!
. . . Bu ağ saçlı tarixin yaddaşıdır Göyəzən,
Bu dağlar dünyasının qaş-daşıdır Göyəzən.
Şəhid məzarlarına başdaşıdır Göyəzən,
Bu torpağı duymayan kordur, yazıqdır oğlum,
Bura Qazaxdır, oğlum!
Bu yurdu qarış-qarış yaxşı gör, yaxşı tanı,
Torpaq üstə gəzəni, torpaq altda yatanı.
Bu torpaq ürək verib şair etdi atanı,
Gülümsədi üzünə ömrün yaz baxtı, oğlum,
Bura Qazaxdır, oğlum!
Eldar Nəsibli Sibirel təkcə Qazaxdan deyil, Azərbaycandan yazanda da beləydi! Onun poeziyası fəlsəfiliyi, dil gözəlliyi, xəlqiliyi və tarixiliyi ilə bir harmoniya təşkil edir. Varlığında bir şeirində dediyi kimi, ölənlərin ruhu, qalanların yaddaşı yaşayırdı (və yenə də yaşayır!)
Mənim ömrüm məni közə toxudu,
Kirpiklərim od daşıdı dünyada.
Sürgünlərdə ölənlərin ruhudu,
Qalanların yaddaşıdı dünyada. . .
Eldar belə də olmalıydı, belə də yazmalıydı.
Axı Xalq şairi Osman Sarıvəlli demişkən:
Eldarın atası, anası eldir,
O, həm süd vermişdir, həm də duz-çörək.
Övladsız olanlar çətin yaşayır,
Elə də Eldar tək oğullar gərək!
Eldar Nəsibli ədəbiyyata Dan ulduzuna salam verərək gəlmişdi. ”Salam Dan ulduzu”deməkdə, ilk kitabını da belə adlandırmaqda yanılmamışdı. Qısa zaman kəsiyində məşhurlaşmağa başlamışdı. 15 il “Elm və həyat” jurnalının məsul katibi vəzifəsində işləmişdi. Sonralar “Mərhəmət”jurnalının baş redakroru olmuşdu. 80-ci illərin əvvəllərində ümumittifaq yaradıcılıq müşavirələrində (Moskva və Lvovda) Azərbaycan poeziyasını gənc şair kimi ləyaqətlə təmsil etmişdi.
Bir şair olaraq da, bir insan kimi də sarsıntılar keçirmişdi.
Ona veriləsi respublika Komsomol mükafatını qəfildən başqasına vermişdilər.
Məhz bu cür sarsıntılar səhhətinin sonralar sürətlə pozulmasına gətirib çıxarmışdı. İnfarkt keçirtmişdi, bədəninin bir hissəsini iflic vurmuşdu.
Bütün bunlara baxmayaraq, o, yenə də yazırdı, yaradırdı, yeni şeir kitablarını nəşr etdirirdi.
“Azərbaycan” qəzetinin bölgə müxbiri kimi tez-tez səngərlərdə əsgərlərlə yanaşı düşmən mövqeləri ilə üz-üzə dayanırdı, Qarabağ dərdiylə, Qazaxdan işğal olunmuş kəndlərin ahıyla qovrulub yanırdı. Qazağı “Azərbaycanın qəhrəman şəhəri “adlandırır,
Torpağı olmaqçun doğma Qazaxa
Mən gəldim, özü də vaxtında gəldim-
deyərək qələmini süngüyə çevirib əsgərlərimizi ruhlandıran nəğmələrini oxuyurdu. Xalq şairi Bəxtiyar Vahabzadə Eldar haqda yazdığı bir məqalədə “onun şeirləri xalq nəğmələrini xatırladır” deyərək bu şairin poeziyasını çox yüksək qiymətləndirmişdi.
Xalq şairi Nəbi Xəzri “Komsomolskaya pravda” qəzetində “Eldar Nəsiblinin poetik görüşü “ adlı məqalə çap etdirərək şairə yeni uğurlar diləyirdi.
Professor Nizami Cəfərov isə onu “Ədəbiyyatın keşiyində cəsarətlə duranların” sırasında saydığını bildirirdi.
Bəli, Eldar Nəsibli poeziyasının gücünü, qüdrətini bilirdilər, duyurdular, təqdir edirdilər, ”Yaddaş” poemasını yüksək qiymətləndirirdilər. Şair bu poemanı dünyaya gəldiyi Sibirə sürgün olunanların xatirəsinə , ağrılarına, acılarına rekviyem kimi yazmışdı.
İndi daha çox yadıma Eldarın “Limana gələn gəmi” şeiri düşür. Adamları da, gətirdiyi, götürdüyü yükü də limana gətirən gəmi sahildə kif-kirmiş dayanar. . . kimlərsə yükünü daşıyıb boşaldar, kimlərsə özünü evə çatdırmağa tələsər, ancaq:
Limana gələn gəmi
Elə limanda qalar.
Və bir günmü, iki günmü, on günmü keçər, adamlar o limandakı gəmidən ötrü darıxarlar, hamı onlardan qaçanda onlar o gəminin üstə qaçarlar, ürəklərini ona açarlar: Yaman darıxmışıq, yenə səfərə gedəkmi ? – deyərlər.
Gəmi sahildən yenidən aralanar . . .
Yenə onlardan örtü
Sinəsini gen açar.
Bir uğurlu səfərə,
Bir işıqlı səhərə
Yol başlar, yelkən açar!
Limana gələn gəmi!
Eldar bu dünyaya həmin gəmi olmaq üçün gəlmişdi. Özü ümmandaydı-dalğaların qoynunda, fikri (ürəyi) limandaydı, sahildə yolunu gözləyənlərin yanında:
Qəbri də gəmidi indi...
Ölüm səfərinə çıxsa da Olum (həyat) limanına qayıdacaq hər dəfə! Ölümə yox, həyata götürəcək bizi!
* * *
Eldar Qazaxdan çıxmışdı ki, bəlkə dünyanı bir az o tərəflərdən (nə bilim , Bakıdan, Moskvadan, Lvovdan... )baxanda daha yaxından görə bilsin.
Dönüb gəldi Qazaxa ömrünün son illərində, bir də baxıb nə gördü? Gördü ki:
Aveydən baxanda Savalan dağı,
Qazaxdan bu dünya təmiz görünür.
Elə ona da bu lazımıydı. . .
lll
 Eldar Nəsibli haqda qeydlər edir, onunla etdiyimiz söhbətlərimizi xatırlayıram.
Düşünürəm ki, hər şey bənövşəyə dönə bilərdi.
Yer-göy bənövşəyə dönə bilərdi.
Dönmədi!
lll
 . . . Nə vaxtdı ki, yaz gəlmişdi.
Durnalar üzü bahara doğru uçub gəlmişdilər. Qaranquşlar da artıq göydə uçmağa yox, bənövşə-bənövşə “açmağa” başlamışdılar.
Göylər süküt içindəydi. Amma göylərin dərinliyindən “Gecikmiş Durnanın səsi gəlirdi” (S. Vurğun).
Məni ağrıdan da elə buydu.
Ayrı düşmüdü dəstədən, qatardan o Durna. Və sanki demək istəyirdi:”Mən burdayam!” ”Mən burdayam!”
Eşitmirdi heç kim.
Bəlkə o anda Eldarı düşündüyüm üçün gəlmişdi qulağıma o Durna səsi?!
Bəlkə bu il durnalar bizim evimizin üstdən keçməmişdilər deyə məni ovudurdu o Durna?Məni ovudurdu Eldar-Eldarın ruhu, Durna olub evimizin üstdən keçirdi, qoymurdu dünyanın nizamını pozulmağa. . .
Qoymurdu uşaqlıqdan adət etdiyim bir ənənəni yaddan çıxmağa.
Göydən Durna səsi gəlirdi.
Göydə Durna yoxdu.
Göy üzü başdan-başa (başım üstə) Durnaydı bəlkə?!
Daha bir Durna qaqqıltısı. . .
 Qəribəydi, səs gəlirdi , Durna görünmürdü.
. . . Ruh da belə deyilmi?!
Səsi (Ünü?) gəlir, ancaq özü görünmür.
Eldar sağlığında da beləydi.
Özünü göstərməkdən, təbliğ etməkdən xoşu gəlmirdi.
Onu görüb görməzliyə vuranlar da yox deyildi.
Görünə-görünə görünmürdü. . .
Amma görünməyə-görünməyə görünürdü!
          lll
... Bir damla mürəkkəb şəhid qanından üstündür, deyirlər. Nədən ki?! Mürəkkəblə yazılanlara vaxtında qulaq asılsaydı, nə müharibə olardı, nə tökülən qan! Şairlər ölmürlər!.. Mürəkkəb kimi tökülürlər yerə.
Necə edək ki, şair ölməsin, alim ölməsin! Hayıfdı, necə edək ki, mürəkəb yerə tökülməsin!
 lll
. . . Hər şey yuxudakı kimi olmuşdu. Maşın qəzasına düşmüşdü. Eyni şəkildə yuxudakı kimi onu yolun qırağına uzatmışdılar.
Həmişə ürəyinin döyüntüsü üçün axan qan əlindən, ayağından, yaralı başından, üzündən-gözündən (sözündən) axıb daşırdı, tökülürdü indi...
Həmişə ürəyinə ram olan qan əlindən çıxıb qaçırdı indi, torpağa hopurdu, daşa hopurdu. .
Axan qanı mürəkkəbə dönməkdəydi.
Torpaq o mürəkkəbə batırıb qələmini, şeirmi yazmaq istəyəcəkdi, görəsən!?
lll
“İnsanı bərpa etmək lazımdır” Fransız yazıçısı Antuan de-Sent Ekzüperi belə yazırdı.
Şair Eldar Nəsibli də elə bu məqsəd və məramla yazırdı şeirlərini, poemalarını, məqalələ-
Rini, publisist düşüncələrini. . .
Eldar Nəsiblinin hələ də indiyə kimi öz lazımi qiymətini almamış böyük poeziyasını mütaliə etdikcə, onun duyğularının, düşüncələrinin (elə həyatının da) bir çox cəhətdən Ekzüperinin həyatı, düşüncələri ilə necə də səsləşdiyini hiss etdim.
Təyyarə qəzaları nəticəsində şil-küt olsa da, uçuş paltarını dostlarının köməyi ilə geyinib o, yenidən təyyarəyə qalxır, uçurdu, döyüşürdü, yazırdı –pozurdu, yaşayırdı.
Eldar Nəsibli də infarkt oldu, yaşadı, iflic oldu, yaşadı, qan təzyiqindən əziyyət çəkdi, amma yenə yaşadı. Qəzaya düşəcəyini bilə-bilə qəzaya düşdü, öldü və yenə də yaşamağa başladı. Ekzüperinin qəhrəmanlarından biri ölümcül yaralanmışdı. Ona elan olunan təşəkkürnamədə deyilirdi:
“O, öz ştrumanına dedi:
– Mənim işim bitmişdir. Qaç! Sənədləri xilas et!”
Mənə elə gəlir ki, Eldar da qəzaya düşəndə öz canının hayına qalmayıb, o dar macalda heç kimə əli çatmasa da ruha(ruhuna) çatıb, güclə də olsa deyə bilib:
– Mən heç! Qaç, sözü qurtar!
Şeiri qurtar! Qələmi qurtar!
lll
P. S. Atası təyyarə qəzasında həlak olan bir qızcığaz varmış. Bir gün anasına deyir:
– Ana gəl, səma olmayan yerə gedək!
Yəni əslində ölüm olmayan yerə demək istəyirmiş!
Eldar Nəsibli Sibirel kimi ədəbiyyat və əbədiyyət yolçuları da bizi məhz belə bir yerə-ölüm olmayan yerə səsləyirlər, aparmaq istəyirlər. . .
Barat VÜSAL



Bu yazı ( 179 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar