12px14px16px18px

Əli Kərim sevgisi

Cavanşir Yusifli
00:41 / 08.04.2011
 
Böyük Azərbaycan şairi Əli Kərimin 80 yaşı tamam olur. “Milli şair kimdir?” sualına cavab verərkən birincilər arasında Əli Kərimin adını çəkə bilərik və heç kəsin ürəyində xal qalmaz ki, niyə bu ad bu sırada çəkilir. Millətin şairi olmaq bir an məsələsi deyil, bu məsələni biz yox, zaman həll eləyir və o zaman artıq öz işini görüb. Millətin şairi olmaq sevgi qazanmaq, sevgiyə tuş gəlmək deyil, daha çox sevgi oyatmaqdır, insanları yaxınlaşdırmaq və qışqırıqla onun əsəblərini korlamamaqdır.
Əli Kərim haqqında elə olur ki, saatlarla danışıram, ancaq yazı məqamı gələndə ya uzun-uzadı şəklinə baxır, ya da sadəcə yazmaqdan vaz keçirəm, halbuki, danışıq zamanı deyilən fikirlər bəzən yazdıqlarımızdan daha canlı və həqiqi olur.  
Əli Kərim bizim şairlər arasında ilk sevgidən daha çox yazan, bəhs edən, bəlkə onun şah damarına daha incə şəkildə toxunan bir şairdir.
Sevgisi də soyuq idi, qalın əkini
Hər bəladan hifz eləyən qalın qar kimi...
Şeir mətni, nəsrdən fərqli olaraq bütün potensial və mümkün dilləri bir məcrada birləşdirir, bizdə çox zaman poeziyaya bu rakursdan baxılmır; belə olsaydı təkcə bədii təfəkkürün deyil, həm də “şairin ölçüsü” haqqında əsaslı ideyalar ortaya qoymaq olardı.
Bizdə bəzən şairə son söz deyən, mübahisəni həll eləyən bir fiqur kimi baxılır, halbuki bu məqamda artıq şairdən deyil, ideoloji aparatdan söz gedə bilər. Əli Kərim bütün bunların fövqündə duran bir insan kimi bizə çox kiçik, ancaq heç zaman yaddan çıxara bilmədiyimiz mətləblərdən danışır.  
Sənə hücum çəkir qəm qoşunları
Hamısı köhnəli, həm də təzəli,
Tapılsa hər dərdə milyonca məlhəm
Yenə yaşamağa yoxdur təsəlli.
Əli Kərimin bu fotosuna baxın, üzündəki təbəssüm, bəlkə də son şeiridir, ya bəlkə onun haqqında yazılanlara, deyilənlərə ironiyadır, ancaq... məncə istəyir ki, bu gözəl şeirin sirrini açaq.
Bir də:
– Başının üstünə bax!
– Durna qatarıdımı?
– Yoxsa heç nə görmədin?
– Uçdumu, qurtardımı?
Gözlə görünmür onlar;
Keçir başımız üstdən
Günlər...
            Saatlar...
                        Aylar...
Qarşılanmamış səhər
Nəfəs dəyməmiş gecə
Necəsən, başın üstdən
Sözsüz, xəbərsiz keçə...
Saçlarımda dünənin
Ayaq tozları qalmış.
Görən deyir, gənc deyil,
Yaşa dolub qocalmış.
Nə oldu, nə tutuldun
Tərlədin puçur-puçur?
Başının üstünə bax,
– Köçəri günlər uçur!
Köçəri günlər uçur!   
Klassika poeziyada bir şair özündən əvvəl gələn şairlərin ənənə içində qurub-yaratdıqları metaforanın “məsafədən görünüşünü” dəyişdirir, məsələ təkcə ədəbi, poetik oppozisiya yaratmaqla bitmir, ədəbi ənənənin təkamül perspektivi dəyişir, uzaq gələcəkdə yetişəcək, dünyaya gələcək şairlərin taleyi dəyişir. Səməd Vurğun və Rəsul Rzadan sonra Əli Kərim olmasaydı, XX əsr poeziyası, poetik irsi bu məsafədən belə, bu koordinatlar daxilində görünə bilməzdi. Əli Kərim adı çəkilən ənənə vektorunda həm də mənalandırıcı həlqədir, Əli Kərim təqdim etdiyi sistemlə özünəqədərki ənənənin ən uzaq küncünə qədər “uzanmaqla” XX əsr poeziyasının dərinlik ölçüsünü dəqiq göstərir. Diqqət yetirin: Əli Kərimin tapdığı, kəşf etdiyi mövzularda bir sıra şeirlər yazıldı, ancaq bütün bu eyniadlı nümunələr həmin mətləbi zərrə qədər də ifadə edə bilmədi. Təkcə fərdi üslub fərqlərinə görə yox, həm də fərdi üslub anlayışına görə (Dostumla bayaqdan bir qoca haqda // yenə nə bilirik deyirik bir-bir// oğlumun çərtdiyi rəngli karandaş// bizim kəlmələri göydə dənləyir//. – bu görüntü qəribə ovqat yaradır, detala, açılan bucağa baxış oxucunun oxuma vərdişini dəyişdirməyə hesablanıb). Bu kiçik parçadan da göründüyü kimi, Əli Kərim üçün əksər şairlərdə olduğu kimi çevrilmə, transformasiya anı yox, detalın hansı bucaqdan görünməsi maraqlıdır. Bəxtiyar Vahabzadənin çox sonradan yazdığı: Sən getdin elə bir dünya boşaldı /// yaz da köçüb getdi yeri boş qaldı // ...mən yaza vurğunam, qışı neynərəm // mətləli şeiri də nə qədər təsirli olsa da, təəssüf, hicran, firqət anını nə qədər dolğunluqla göstərsə də yuxarıdakı həndəsi metaforanı (daha doğrusu, metaforanın həndəsə ölçüsünü) əks etdirmir, əksinə “qayıt, sahmana sal bu kainatı” misrasında və bütövlükdə bədii mətndə dünya necə deyərlər “sərxoş olub yıxıldığı anda”, “saçlarının dərddən ağardığı məqamda” tutulur, dünya bir daha bu görkəmdə olmayacaq, bu baxış bucağından görünməyəcək, bu elə bir andır ki, bütün həyatı, gərdişi dəyişdirməyə qadirdir. 
Başqa bir şeir:
Nə vaxt görüşmüşük?
Harda? Nə zaman?
Doğrusu elə bil yadımdan çıxıb.
Təbəssüm səhəri doğdu üzündə,
Dayandın, ehmalca əlimi sıxıb.
Sözlərin qırıldı, töküldü bir-bir;
Çırpdı divarlara, daşlara külək.
Kəlmələr dağıldı sahil boyunca
Yonulmuş bir gülün ləçəkləri tək.
Əynində sevincdən biçilmiş ağ don,
Gözündə çaşqınlıq ala-toranı.
Əllərin qonmağa bir yer tapmadı,
Sındırdın az qala barmaqlarını. 
Bu şeir obraz daxilində sükut və səssizliyin ifadəsinin ən mükəmməl forması sayıla bilər. Gözlə, baxışla, qeyri-iradi hərəkətlərlə (əslində min illərin həqiqətini ifadə edən məntiqlə-!) danışmağın şeirdə şeirə paralel olaraq qurduğu mətn iki ömrün içində təkcə bir anın qocalmaması, ötüb keçməməsini qabartmaq üçündür. Həyatın bütün mənası həmin o anla bağlıdır, o an yox olsa, bir saatın içində hər şey mənasızlaşar, hər şey vərdişə dönər. Yaddaşın içində bircə anın hər şeydən fərqlənməsi, ömrün “altı və üstü” ilə daimi bağlantısı poetik obrazın fövrən qavranılmasını şərtləndirir. Bu – yaddaşın huşsuzluğa keçidini bəlirləyən çox kritik bir həlqədir. 
Hər yeni görüşlə ilk görüş gəlir,
Bütün görüşlərə nur saçır bir-bir.
İlk görüş həmişə arxada deyil,
İlk görüş bəlkə də gələcəkdədir.
Nəzəri baxımdan, poetik obrazın təşkilində “huşsuzluq” elementini görməmək mümkün deyildir. Huşsuzluq yaddaşla mübarizə perspektivi doğurur. Bu yaddaş mənə zaman içində özümü unutmağa imkan verir. Obrazın təşkilində elə proseslər baş verir ki, yaddaş – “mən” özünü oda atıb yandırır, külə dönür və bunun hesabına təkrarsız münasibət tipi yaranıb-formalaşır.
Əli Kərim bizim şairlər arasında ilk sevgidən daha çox yazan, bəhs edən, bəlkə onun şah damarına daha incə şəkildə toxunan bir şairdir. Qəribədir, Əli Kərim şeirində bizim hamımızın, bəlkə bütün millətin ilk sevgisi var, aydan arı, sudan duru...Cavanşir Yusifli



Bu yazı ( 588 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar