12px14px16px18px

Yoxuş

Azər ABDULLA
00:19 / 12.03.2011
(Romandan parça)
Balaca Allahverdi oğluna

Doqquz yaşlı Balaca bu dəfə tək-tənha yola düşüb evlərindən beş kilometr aralıda olan Tey kəndinə gedəndə qarşılaşacağı itin, qurdunn, ayınınn, ilanın qorxusundan çox, iki şey onun gözünə dururdu. Bir, yaz vaxtı qan-qan deyən Mığrı çayının üstündən körpü əvəzinə yan-yana uzadılmış əyri-üyrü, yerində oynayan bir cüt sürüşkən ağacın üstündən keçmək, bir də çayı keçib iyirmi-otuz addım gedəndən sonra başlayıb, bitib tükənməyən ələmə-dolama sərt yoxuş. Balaca əyri-üyrü ağacların üstündən qabaqlar anasıyla bir neçə dəfə keçmişdi, oraya çatcaq yenə ayağını ağacın ucuna dayayıb güc verdi, yerində dingildəməsini, oynayıb-oynamadığını yoxladı. Su qalxıb hərdən şümal, parıldayan ağaclara dəyir, onları yerindən oynadırdı. Hər dəfə Tey kəndinə gedəndə, anasının dönə-dönə dediyi ”Körpünü keçəndə ehtiyatlı ol. Çaya baxma, gözün axar” sözlərini xatırladı. Kölgə yoxuşun yarısınacan qalxmışdı. Balaca dünəndən ac olduğundan ürəyi uçunurdu. Çayı adlamağı gözü yemədiyindən yolun yarısından dönüb evlərinə qayıtmaq istədi. Ancaq evlərində bir loxma çörək olmadığı, dünəndən bəri özü kimi balaca bacısının, qardaşının, yorğan-döşəyə düşən anasının ac olması yadına düşəndə qayıda bilmədi. Doluxsundu, birdən at kişnərtisi qulağına dəydi, başını qaldıranda yoxuşun ortasında qarşı-qarşıya oturmuş iki kişi gördü. Əllərini ağızlarına aparırdılar. Elə bil uşağın gözlərinə işıq, qıçlarına güc gəldi. “Bircə qırıq, bircə loxma versəydilər...” düşündü. Yerində oynayan, islanıb parıldayan şümal ağacların üstündən dik yeriyib keçə biləcəyini gözü yemədiyindən ağacların üstünə sinərək, gözlərini qapayıb qolları, qıçları, əsə-əsə iməkləyib islanmış halda çayı adladı. Yoxuşu haçan yarı elədiyini bilmədi. Uzaqdan dağdağanı görsə də, onun altında oturan kişilər yox idi. O, bir an yerində donub qaldı. Yenidən qəhər onu boğdu. Ayaqlarını güclə sürüyə-sürüyə gəlib dağdağanın altına çatdı. Yan-yörəsini, yoxuşun dolamalarını tələsik gözdən keçirdi. Kimsəni görməyəndə hıçqırıb bərkdən ağlamağa başladı. Sanki ürəyi içindən sıyrılıb yerə düşdü. Əlinin dalıyla gözünün yaşını sildi. Ayaqlarından azca aralıda qaynaşan topa-topa qarışqaları birdən gördü. Qara-qara qarışqalar iri çörək tikəsinin üstünə yığışmışdı. Hərdənbir onu yerindən dəbərtsələr də, aparmağa gücləri çatmırdı. Balaca qarnıüstə yerə uzandı, qabaqca iri çörək qırıntılarını götürərək üfləyib qarışqalardan təmizlədi və tələsik ağzına qoydu. Sonra barmağını dilinə toxundurub yaşladı, göy otları bircə-bircə aralayıb xırdaca çörək qırıntılarını qarışqalardan ehmalca alıb ağzına qoydu. Hirslənmiş qarışqaların könlünü almaq istədi, ucadan dedi: – Axı, mən yeməsəm, bu yoxuşu çıxammaram. Mənnən küsməyin də, nə olar, balaca bacım, qardaşım məni gözlüyür. Görsəydiniz onların gözləri necə böyüyüb. Anam öz payını bizə verdiyindən heydən düşüb, yataqdadı. İnciməyin də, nə olar. Görürsünüz də mən sizi əzib öldürmədim. Səhər tezdən qayıdanda əvəzini çıxacam. Bir ovuc buğda verəcəm... Balaca başını qaldırıb yan-yörəsinə baxdı. Şər qarışırdı. O, tələsik ayağa qalxdı, fit çala-çala inamla yoxuşu qalxmağa başladı. Pərcahan qarı səhər tezdən Balacaya şor dürməyi ilə şirin çay verdi. – Bu da yoluna – deyib bir dürmək də pencəyinin cibinə qoydu. Axşam dediklərini bir də söylədi – Nəbadə qayıdıb gəldiyin körpüdən keçəsən. Mənim qoçaq balam, vur-tut kəndimizdən iki kilometr dik yuxarı qalxassan, enli, irahat “Taxta körpü”dən keçəzsən, o qədər də üzüaşağı. Gəldiyindən dörd kilometr artıq gedəssən. Uzun yaz günüdü, günortayacan evizdə olassan. Balacanı anbar evinə aparıb onun torbasına yarıdan keçmiş davarcıqdan üç kasa kəhraba kimi sapsarı buğda tökdü, başını qaldırmadan kasaya işarəylə – Bir kilo tutur. – dedi, əlini belinə qoyub dikəldi, divara yaxınlaşıb mismardan asılı nimdaş qadın corabını endirib oradan götürdüyü iki qoşa ovuc quru lobyanı qalın kağaza büküb torbaya qoyaraq ağzını bərk-bərk bağladı. – Qollarını bəri elə – deyib torbanın iplərini onun çiyinlərinə aşırdı. Qarı Balacanı qapılarından ötürərkən – De görüm, yadında qaldımı necə gedəssən? – nigarançılıqla soruşdu. –Kəndin başında ayrılan yoldan sağa... Sonra üç yuva olan palıd ağacına çatanda genə sağa... –Bərəkallah, fərəsətli balam. Ancaq yoxuşu tələsik çıxma, tərliyərsən. Di tərpən, Allah amanında... Balaca on beş-iyirmi addım yoxuşu qalxıb geri çevrildi, qarını qapılarının ağzında görməyəndə qayıdıb qaçaraq üzüaşağı sallandı. Dünən qalxdığı yoxuşun az qala yarısınacan enib dağdağanın altına gəldi. Sanki bir sapın üstüylə sakit, nizamla yeriyən qarışqaları gördü, yaxınlaşıb sallağı oturdu, – Dünən elə bildiz sizi alladıram – deyib cibindən çıxartdığı dürməyin bir tikəsini kəsib ovaraq yuvanın yan-yörəsinə tökdü.- Buğda söz vermişdim, torbamın ağzını açsam, sora bağlaya bilmərəm. Yolum uzaqdı, tələsirəm, sağ olun, mən getdim – deyib ayağa qalxdı, kefikök yenidən yoxuşu qalxmağa başladı. 1943-cü ilin yazıydı...Azər ABDULLA


Bu yazı ( 398 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar