12px14px16px18px

Məhəbbət və P.S.

Hüseynbala MİRƏLƏMOV
01:17 / 22.02.2011
 
Əzizim Rəşad!
Görkəmli yazıçımız Hüseynbala Mirələmovun “Məhəbbət və P.S.” hekayəsi, mənim fikrimcə, bizim klassik hekayə yaradıcılığımızın hadisələrindən biridir.
Vətənin təhlükə altında olduğu dövrdə öz taleyini Vətənin taleyindən ayırmayan Azərbaycan gəncliyinin hisslərindən, duyğularından bəhs edən bu hekayə məni valeh elədi. Əminliklə deyə bilərəm ki, “Məhəbbət və P.S.” ədəbiyyat tariximizə hekayə sənətimizin ən gözəl nümunələrindən biri kimi daxil olacaqdır.
Yazıçının uğuru yalnız onda deyil ki, Azərbaycan gəncliyinin erməni təcavüzünə münasibətini bütün obyektivliyi ilə təqdim edir, eyni zamanda ürəkdən gələn, səmimi bir üslub nümayiş etdirir. Və başlıcası, gəncliyin əhvali- ruhiyyəsinin xalqın gələcəyinin əhvali-ruhiyyəsi olduğunu dərindən duyan müəllif hekayənin mövzusunu nə qədər yaxın keçmişimizdən alırsa, o qədər də yaxın gələcəyimizə müraciət edir.
Günayın Xəyala bir hekayə miqyasına sığmayan məhəbbətinin dastanı, yəqin ki, yatmış ruhları da oyadacaqdır...  Nizami Cəfərov
 
Tələbəlik illərinin mənə
bağışladığı əziz dostuma –
Çingiz Muxtarova ithaf edirəm.
Gecənin bir aləmi Günayın yan otaqdan eşidilən qəfil qışqırığı ananı yatağından dik qaldırdı. O, təlaş və hövl içində qızı yatan otağa şığıdı. Dərhal divar lampasının işığını yandırdı. Öz qışqırtısından səksənib oyanan qız yatağında oturub içini döyə-döyə ağlayırdı. Elə bil onu əqrəb sancmışdı, bənizi kağız kimi ağarıb solmuşdu. Alnında, boyun-boğazında tər puçurlamışdı. Hətta anasının gəlişi, otağın işıqlanmağı da qızın halına təsir göstərə bilməmişdi, hələ də onun əlləri titrəyir, uçunan ayaqları yorğanı tərpədirdi. Ana qızını qucaqlayıb soruşdu:
– Qızım, nə olub, yuxu görürdün?
Günay körpə uşaq kimi başını anasının sinəsinə sıxdı:
– Yuxu yox, ana, dəhşət görürdüm... – deyə hıçqırdı, – hər yan qatı zülmət idi. Uzaqdan Xəyalın bağırtısı gəlirdi, elə bil dara düşmüşdü, deyəsən ağır yaralanmışdı. Zarıya-zarıya köməyə çağırırdı. Səsi qorxunc əks-səda verirdi, qaranlıqda hansı səmtə gedəcəyimi kəsdirə bilmirdim. Xəyal, Xəyal, hardasan? – çığıra-çığıra dəli kimi onu axtarırdım...
Ana komodun üstündəki qrafindən uzunsov stəkana su süzüb qızının dodaqlarına tərəf uzatdı.
– Al iç, qızım, fikirli yatıbsan, ona görə yuxu görübsən. Qorxma, iç suyu, indi özünə gələrsən... Lənətə gəlmiş bu müharibə də tezliklə bitər, nişanlın da sağ-salamat qayıdıb gələr! Toyunuz da olar... Səbr elə. Bizdən nə asılıdı ki, özünü bu qədər üzüb əldən salsan, xəstəlik taparsan, iraq olsun.
Lətafət xanım yuxusu qarışan qızına təskinlik üçün daha nələrsə dedi, aradabir Günayın alnında parıldayan tər damcılarını sildi, saçlarını tumarlayıb üzündən öpdü.
– Birtəhər elə ki, yatasan, gecən xeyirə qalsın, – deyib öz otağına adladı.
Günay tək qaldı. Uçuntusu yavaş-yavaş səngiyən əllərinə baxdı. Zərif barmağında taxılandan yuxusu qarışan bu gecəyə qədər bir dəfə də olsun çıxarmadığı nişan üzüyü parıldayırdı. Xəyalın nişan üzüyü...
Qəlbində: “Kaş mən də qoşulub Xəyalla gedəydim, ölsək də birlikdə ölərdik...” düşündü. O, özünü qınayırdı, elə bil nədənsə günahkar idi. Sakitləşəndən sonra, allah bilir, neçənci dəfə köks ötürdü.
O bir də dan yeri sökülənə yaxın yuxuya getdi... Bu dəfə də Xəyalın səsini eşitdi. Amma bu, qonşu uşaqlarıyla həyətdə dava-dava oynayan yeddi-səkkiz yaşlı Xəyalın səsi idi. Qışqıra-qışqıra tay-tuşlarına “irəli”, “hücum...” əmri verirdi. Sonra ağzıyla güllə səsləri çıxarırdı; “part-part”, qələbə marşı çalırdı; “urra-urra”. Günay isə gəlinciyini bir qırağa qoyub, asta-asta pəncərəyə yaxınlaşır, gözləri, üzü gülə-gülə uşaqların oyununa baxırdı. Elə ilk sevgi duyğuları da güllü-çiçəkli o yaz günü özündən xəbərsiz bağrının başına od salıb, aram-aram yanmağa başlamışdı.
Səhər üzü qızının narahatlığının təsiri altında birtəhər gözünün acısını alan Səltənət xanım Günaya yenidən baş çəkməyə gələndə onun gözəl simasında şirin bir təbəssümün donub qaldığını gördü, Allaha şükür elədi və səhər yeməyi hazırlamaq üçün mətbəxə keçdi.
lll
Təzə məhəlləyə köçəndən sonra Günay bir müddət Xəyalı görmədi. Bir də tale onları qız ali məktəbə girəndə rastlaşdırdı. Xəyal iki il qabaq daxil olmuşdu, üçüncü kursda idi.
Onlar demək olar hər gün görüşür, ya da gecələr zəngləşib doyunca danışırdılar. Biri-birlərinə dəlicəsinə aşiq olsalar da, Günayın valideynləri Xəyalın elçilərinə uzun get-gəldən sonra razılıq vermişdilər. Nişanlılar toya hazırlaşanda isə Qarabağı müharibə alovu bürüdü...
Gəncənin Nizami parkında son görüş zamanı Xəyal onun əllərindən tutub, könüllü müdafiə alayına qoşulub düşmənlə savaşa gedəcəyini söyləyəndə, Günay:
– Məni də özünlə apar! – deyib ona sarıldı. Xəyal bu sözlərin ciddiliyinə zərrə qədər şübhə etməsə də:
– Heç bilirsən nə danışırsan, Günay, əvvələn, təhsilini yarımçıq qoymağına valideynlərin razı olmaz, heç mən də, ikincisi, bu müharibədir, əzizim, qız, qadın işi deyil, – dedi.
– Dar gündə candan əziz sevdiyin bir insanın və vətənin yanında olmaq üçün nə oğlan, nə qız? Apar məni də.
– Əgər bütün qızlar sənin kimi düşünsəydi...
– Nə olardı?
– O olardı ki, erməni köpək oğlunun qorxudan cınqırı çıxmazdı indi...
Təsadüfə bax, onların vida anında parkın o başından, açıq estrada yerləşən hissədən “Ayrılıq” mahnısının sədası gəlirdi. Elə bil kimsə sevgililərin bir-birindən ayrıldığı bu məqamı gözləyirmiş.
– Kədərlidi, amma gözəl mahnıdı, – dedi Günay.
– Hə, Yaqub Zurufçudu oxuyan, adamı ağladır zalım oğlu.
– Mən bu mahnını Ququşun ifasında daha çox xoşlayıram... Çünki Ququş insanlara ayrılıq adlı dərdə özünüz çarə tapın deyir...
Xəyal istədi desin ki, Günay, toyumuzda “Vağzalı” bitən kimi, deyəcəyəm “Ayrılığı” oxusunlar. Amma susdu. “Ayrılıq” isə susmaq bilmirdi: “Hər bir dərddən olur yaman ayrılıq”... Elədi, olur, olur...
Onlar “Ayrılıq” mahnısının kədəri altında ayrıldılar.
lll
Həya nişanlı qızın ən bahalı zinətidir. Ayrılıq həsrəti qızın ruhunu, varlığını didib parçalasa da çəkdiklərini gizlədir, büruzə verməməyə çalışırdı. Həm də nişanlısı əsgər gedən tək o deyildi ki... Erməni xəyanəti Azərbaycan deyilən bir məmləkətdə sevgini, dincliyi, mərdliyi və etibarı hər şeydən üstün tutan minlərlə ailənin isti ocağına su calamış, ananı baladan, əri arvaddan, nişanlını nişanlıdan aralı salmışdı...
Ona Xəyalın xəyalı qalmışdı. Bir də xəyallı baxışlarını ona zilləyən fotosu. Bu foto qızın yeganə təsəllisi idi, qoynunda, yastığının altında əzizləyib saxlayırdı. Şəkillə həmsöhbət olurdu. Müharibə bölgəsindən tez-tez qara xəbərlər gəlirdi. Qara xəbər dəhşətli müharibələrin sevgi məktubudur. İstənilən qapını döyə bilir. Ön cəbhənin halı-haləti bəllidi. Arxada isə xilasın bircə yolu var: dözüm! Günay hər gecə şəhla gözlərini barmağında parlayan nişan üzüyünə dikib... dözürdü.
lll
– Sözlü adama oxşayırsan, ana, – günün günorta çağı dərsdən evə dönən Günay anasını öpüb gözünü ondan çəkmədi.
– Nə bilim, ay bala, nə bilim, deyir, Xəyalın atası sübh tezdən arvadını da götürüb, gediblər Bakıya.
Deyəsən qızın axşamkı acı yuxusu nahaq deyilmiş...
– Ürəyimə damıb ki, Xəyalın başında iş var, – deyəsən daha namusa qısılıb abır saxlamaqdan adlamışdı, Günayın gözü qəzəblə yanırdı. – Allah evinə vay salsın erməninin də, ona havadarlıq eləyənin də. Ana, Allaha and olsun, daha dözə bilmirəm. Xəyalın başından bir tük düşsə, dözmərəm, ana, sən bunu anlayırsan, ana? Atam anlayır bunu?
Ana qızının gözlərini boğan yaşı gördü, boğazını kilidləyən qəhərin səsini eşitdi, qəlbinin dərinliklərində, Allah bilir, neçənci dəfə balasına qarşı sonsuz bir rəhm duydu:
– Səbr et, qızım!
– Daha səbr kasam dolub, ana!
Bu sözdən sonra o devikə-devikə yan-yörəsinə baxmağa başladı. Adətən yır-yığış eləməyə hazırlaşan adam özünü bu tərzdə aparır. Və dedi:
– Gedirəm, Bakıya gedirəm, ana, Xəyalın başında nəsə var...
– Bu nə sözdü, qızım, ağlın çaşıb? Yaxşı deyil, nişanlı qızsan, otur yerində, sənin Bakıda nə işin var? İraq olsun, əgər pis xəbər olsaydı bütün Gəncə danışardı.
Ana-balanın üzüntülü söhbəti burda qırıldı. Qapının zəngi çalınırdı. Özlərini yığışdırdılar. Qapını Lətafət xanım açdı. Gələn evin kişisi idi. Günay hələ də xəyalən Bakıya yır-yığışını davam etdirir, xəstəxanaları dolaşıb başında nə isə bir iş olan istəkli nişanlısını soraqlayırdı. Xəyalən...
Ata mənzildə qərar tutan ovqatı təqribən də olsa sezmişdi. O:
– Öz cəzandı, çək indi, – dodaqaltı mızıldanıb üzünü Lətafət xanıma tutdu, – acından ürəyim sıyrılır, hazır nəsə var yeməyə? – soruşdu və pencəyini soyunub şkafdan asmağa tələsdi.
Günay Xəyalla nişanlanandan bəri atası onunla dilucu danışırdı. Arzusu ürəyində qalmışdı. O, qızını imkanlı bir dostunun oğluna vermək niyyətində idi. Amma Günayın inadkarlığı onun xəyallarını alt-üst eləmişdi...
Çətin ki, onun Bakıya getmək fikri baş tutsun. Yenə də xilas yolunun adı dəyişməz qalırdı; səbr etmək və dözmək...
lll
Hospitalda Xəyalın müalicə olunduğu palataya girən valideynlər ciyərparalarını salamat görəndə əllərini göyə açıb şükür elədilər. Nədən ki, Gəncədə iki gün əvvəl gəzən söhbətlər ildırım kimi çaxmışdı: “Xəyal ağır yaralanıb”. Kimi deyirdi, guya əsir düşüb, kimi də deyirdi ki, meyitini Bakıya aparıblar. Şəhidlər Xiyabanında torpağa veriləcək...
Onlar Bakıya düşən kimi nədənsə övladlarını ilk növbədə Şəhidlər Xiyabanında soraqlamışdılar. Di gəl ki, son bir həftədə burada basdırılanların siyahısında Xəyal deyilən kimsənin adı yox idi. Sonra o xəstəxana, bu xəstəxana, nəhayət burada, hospitalda tapmışdılar. Min şükür, Xəyal nə itib, nə əsir düşüb, nə də fərarilik eləyib, sağ-salamatdı.
Amma ata-ananın şükranlığı uzun sürmədi. Az sonra oğlunun hər iki gözünün kor olduğunu eşidən ananın naləsindən palatanın divarları titrədi:
– Səni bu günə qoyanın gözləri kor olsun, bala. Gözüm çıxaydı bu halını görməyəydim, bala!!
Əri onu sakitləşdirməyə çalışdı:
– Həşir qoparma görək, bəlkə həkimlər bir çarə tapacaqlar, niyə yaralı uşağın ürəyini üzürsən, ağlamağını eşidir axı...
Xəyal halsız-halsız dilləndi:
– Hə, ana, ağlayıb özünü üzmə, atam düz deyir, mənim gözlərim açılacaq!
Yaralı olmağına baxmayaraq, gözqarışıq tənziflə sarınmış başını səs gələn səmtə çöndərən Xəyal bu sözləri elə inamla dedi ki, ananın sızıltıları kəsildi, heyrətlə oğluna baxdı, sanki bu gözlər “dilinə qurban, oğul, susma, danış!” deyirdi.
– Yaralanan tək mən deyiləm, ana. Yurdu, ata-ananı, bacılarımızı bizdən ayrı kim qoruyacaq? Allah qoysa Qarabağı xainlərdən alarıq, saf sulu çeşmələrin suyu sağaldar yaralarımızı. Mən o günü görürəm, ana, apaydın görürəm...
– Gözünə qurban, oğul, – ananın içində möhtəşəm bir qürur oyanmışdı, bu səfər ata əlinin arxasıynan gözünün yaşını silir və içindən püskürən hönkürtünü boğurdu ki, oğlu onun ağladığını sezməsin.
Aradan sükutlu anlar ötdü. Xəyal dərindən köks ötürdü.
Ana içində danışdı: “Ahın dağlara!”.
Xəyal ilıq su istədi, bir-iki qurtum alıb stəkanı anasına verdi. Ana stəkanı tumbanın üstünə qoydu.
Xəyal sirli bir ehtiyatla bayaqdan bəri dilinin ucunda dolaşan bir adı çəkdi:
– Günaygillərdə nə var, nə yox, ana? Onlar mənim vəziyyətimdən xəbər tutublar? – və sərt bir səslə ata-anasının qəlbini parçalayan qərarını bildirdi: – Mən xalxın gül kimi uşağını bədbəxt eləyə bilmərəm. Taleyim belə oldu. Gərək nişanı qaytarasınız, – Xəyal bir az susandan sonra yenə də sanki öz-özüylə danışırmış kimi:
– Həm də mənə yalandan təsəlli lazım deyil, – dedi. Onsuz da Günayın ata-anası nişanı mütləq qaytaracaq. Onlar bu evliliyə əvvəldən razi deyildilər. Indi də əllərinə bəhanə düşdü...
Xəyal inildədi. Elə bil yaralarına duz səpdilər. Bəlkə ondan idi ki, gilə-gilə əriyən ürəyinin yağı axıb tökülməyə yol tapmırdı, axı gözləri tutulmuşdu, üstəlik tənziflə sarınmışdı, bəlkə həqiqətən də ürəyin yolu gözdən keçir...
Əri nə qədər him-cim eləsə də, arvad danışdı:
– Nə bilim, ay bala, vaxtilə qonşu olmuşuq. Yaşları qırxı ötəndən sonra Allah onlara bir qız övladı nəsib edib. Gözlərinin ağı-qarası bircə qızlarını...
Ananı qəhər boğdu. “Kor adama verərlər?” sualını zorla dilinin ucundan qaytardı.
Xəyal ruhunun gözüylə anasının qəlbini görürdü. O bilirdi ki, anası Günayı doğma qızı qədər sevir.
– Əgər Günay bilsə ki, mən burdayam, quş qanadında olsa belə gələrdi... Hər şeyi olduğu kimi danışardım ona... Gözlərimin işığını itirəndən sonra yaralandım, deyərdim. Böyrümdə partlayış oldu... Tüstü-duman çəkilməmiş güllələr üstümə yağış kimi yağmağa başladı. Birinci yaradan sonra qayaya kürəyimi söykəyib, bağışla məni, qalxan qayam, büllur bulaq, siz məni qorusanız da mən sizi qoruya bilmədim, dedim... Bəlkə Allah mənə rəva bilmədi ki, gözlərim görə-görə torpağımda düşmən gəzib-dolaşsın? Oralar mənim sonuncu döyüş yerim oldu... Ağlıma gəlməzdi ki, belə olacaq, ana! Mən sənə, atama layiq olmaq istəyirəm...
– Bu nə sözdü, oğul, sən bizə də, hamıya da layiq övladsan elə... Allah köməyin olsun, oğul!
Gözünün yaşı dayanmasa da toxtamışdı. Indi onun nəzərində oğlu nəinki gözlərinin işığını itirmişdi, əksinə yetkin bir ay parçası kimi işıq saçırdı. Və ana bir daha əmin olurdu ki, oğlunun gözləri açılacaq, həm də elə bil bu hadisə sabah, ya da o biri gün baş verəcəkdi...
Oğlunun sözlərinə atası da inanırdı...
lll
Gəncədə, Günaygilin evini cənginə alan qurğuşun kimi ağır sükut, qaramatlıq isə ərimək bilmirdi.
Atanın qaş-qabağı yer süpürürdü. O, zəhmli baxışlarla qızını süzüb, əl-üzünü yumaq üçün vanna otağına keçdi.
– Mən əvvəldən bu nişan məsələsinə razı deyildim... Elçilərini iki dəfə qaytardım, amma üçüncü dəfə elə bil dilimi-ağzımı bağladılar... – Günay atasının deyinməyindən şübhələndi.
“Demək Xəyalın başında doğrudan da iş var. Bəlkə həlak olub? Məndən niyə gizlədirlər ki?! İlahi, özün rəhm elə! Xəyalıma qıyma, onu məndən ayırma!”
Qız ehmalca mətbəxin qapısı ağzına yaxınlaşdı.
Atası arvadını çənəsinin altına salıb deyinməkdə idi:
– Mənim taylarım çoxdan nəvə sahibidir, mənsə bu yaşda oturub qızımın nazıyla oynayıram... Üzüyü qaytarmalı olacaqsan... Bu işin axırı yoxdu, mən razı olmaram ki, gözüm baxa-baxa övladım bədbəxt olsun.
– Bəlkə bir əlac var, bəlkə hökumət müalicəsin aparacaq? – arvad dedi.
– Rəhmətliyin qızı, hökumət var indi? Biri silahlı dəstə yaradıb, budur ey, çəkilib Gəncəyə, o biri də Lənkərana. Bu hay-hayda Xəyal kimi beş-on dəliqanlı da öz könüllərinin xoşuyla guya gedib Qarabağı azad edəcək... Ay-hay... Ölmüşdü Xankişi... Mən bircə öldüyüm günü bilmirəm. Kor tutduğun buraxmadığı kimi bizim qız da gedib yapışdı üstü mazutlu şoferin oğlundan. Bax, atalar deyən necə də dübbədüz çıxır, qızı özbaşına qoyarsan, ya halvaçıya gedər, ya da zurnaçıya. Deyirsən ki, indi bizim qız hamısından betərinə, bir kora getsin? Bu iş olmayacaq, üzük-müzüyü apar qaytar...
Birdən qapının arxasından tappıltı səsi gəldi. Günay huşunu itirib yerə yıxılmışdı. Lətafət “vaxseyy, qızın ürəyi getdi” deyib şivən qopardı.
Ata dərhal zəng edib təcili yardım çağırdı.
... Günay özünə gələndə, dediyi ilk söz bu oldu:
– Nişanı qaytarsanız, özümü öldürəcəyəm!..
lll
...Qız üçüncü gün idi dilinə heç nə vurmurdu. Ağlamaqdan gözləri şişmiş, yanaqları çökmüşdü. Evdən dərsə buraxmırdılar, atası nə əməl eləmişdisə evin telefonu da guya borca görə bağlanmışdı. Qız bir kimsə ilə telefon əlaqəsi saxlaya bilmirdi. Üstəlik acığa düşüb yemək-içməkdən də imtina etmişdi. Anası nə qədər öyüd-nəsihət versə də dediyindən dönmürdü. Bütün qohum-əqrəba, xalalar, bibilər yığışıb gəldilər, dilə tutdular. Hətta nişanı qaytaran kimi ona tezliklə elçi düşmək istəyən imkanlı oğlanın şəklini göstərdilər. Günayın öz fikrindən dönmədiyini görən böyük bibisi acıqla dilləndi:
– Siz dayəyə baxın, hə, hə dayə... Desənə, bu qız gedib o kora dayə olmaq istəyir...
– Bəli, mən gedib, ona dayə olacağam! Dayə, kəniz, qulluqçu... nə deyirsiz deyin! Siz niyə anlamaq istəmirsiniz, ay bibi? Mənə görə yer üzündə Xəyaldan istəkli heç nə, heç kim yoxdu. Bunu bilin.
Bibisi Günayı çox istəyirdi, elə Günay da onu istəyirdi. İndi də bibini danışdıran ürəyinin yanmağı idi, qardaşı qızının halına acımağı idi. Başqa nə ola bilərdi ki. Bibi qızı yolundan döndərmək üçün həyat təcrübəsinin parlaq misallarına əl atmağı da unutmur və deyirdi:
– Guya bizim uşaq vaxtı sevdiyimiz oğlan olmayıb?! İndi o günləri xatırlayanda adamı gülmək tutur... Səninki sevdadır, kor sevda... Nahaq deməyiblər ha, sevginin gözü kor olur. İndi, ay qızım, səninki kor məhəbbətdi. Amma, biz hamımız səni çox istəyirik, Günay, gözünü aç, yaxşı-yaxşı bax, gör ki, sən bilə-bilə özünü hansı uçuruma atırsan...
“Kor sevda” kəlməsi Günayın ruhunu silkələdi, yeddi qatından keçdi. Ağır qurğuşuna dönüb qəlbindən asıldı. İstədi bibisinə nəsə desin, özünü ələ almağa çalışdı. Bibi sözünə davam edib onun incik qəlbini ələ almağa çalışırdı:
– Qız köçəri quşdu, bala! Bir gün ata-anasından ayrılıb öz yuvasına pərvaz edir... Ağıllı qız yuva qurmazdan irəli ata-anasını düşünür... Amma bu cür uşaq sevgisinin, məktəbli sevgisinin xoşbəxtliklə-zadla əlaqəsi ola bilməz...
Günay dilləndi:
– Bibi, danışmağa nə var ki, danışmaq asandı, əgər siz mənim yerimə olsaydınız belə danışmazdınız.
Lətafət ərinin onların yığışdığı otağa gəldiyini görüb sözü dəyişdi:
– Ürəyinin heyi çəkildi, ay qızım, nə istəyirsən bişirib tökmüşəm, bir tikə ye, şərbət düzəltmişəm, heç olmasa buncuğazı iç.
– Hələ dur bir güzgüyə bax, gör gözlərin necə çuxura düşüb!
– Ana, qoy atam da eşitsin, əgər siz zorla öz fikrinizi mənə qəbul etdirmək istəsəniz öləcəm, amma dilimə su da vurmayacağam...
Bibi yenə söhbətə qarışdı:
– Vallah, kitab oxumaq, sarsaq teleseriallar, kino-minolar indiki cavanların başını xarab edib, – dedi. Bəlkə də səsini qardaşına eşitdirmək istəyirdi.
– Heç nə başımı xarab etməyib... – deyə Günay səsinin tonunu qaldırdı və bu dəfə çox istədiyi bibisini açıq-aşkar kinayə ilə süzüb başını buladı, – oxuduğum kitablardan, baxdığım kinolardan heç kimi təqlid etmirəm. Bir şeyi yəqin bilirəm. Əgər Xəyal kimi oğlanlar silaha sarılıb düşmənin qabağına çıxmasaydı, bəlkə indi Gəncə də əldən getmişdi... Nə siz olardınız, nə mən, nə də anam. Var dövlətimiz də dadımıza yetməzdi... Yaralıdı, xəstədi, hər nədisə Allaha min şükür ki, Xəyal salamatdı. O, hər bir vəziyyətdə mənim qəbulumdu. Mən qoymaram ki, nişanı qaytarasınız, düşmən gülləsindən ölməyən Xəyalı bizim xəyanətimiz öldürsün.
– Aaa... sussana! Atan gəlib, səsin özünə xoş gəlməsin, bala! – bibi təpindi.
– Sən qadınsan, ana, atam məni başa düşməyə də bilər, sən...
– Mən, mən... Allah məni öldürəydi kaş, bu günü görməyəydim. Atan da tərsliyindən əl çəkmir, sən də... Mən bədbəxt başıma haranın daşını salım axı?
Günay daha ağlamırdı, amma elə bil danışmağa gücü-taqəti qalmamışdı:
– Sən niyə bədbəxt olursan, ana? Nə tez unutdunuz, atam məni hələ onuncu sinifdə oxuyanda bir başqasına vermək istəyirdi... O zaman onu fikrindən döndərəndə, ana, sən, bibilərim, xalalarım – hamınız mənə kömək etdiniz...
– İndi isə atan deyir ki, o səhvi düzəltmək lazımdır. Həmin oğlan hələ də subaydı. Bakıda, Gəncədə topdağıtmaz evləri-eşikləri... maşını, pulu, arxası-dayağı var. Bu dəfə, qızım, biz atanın tərəfindəyik, anan da, mən də, xalaların da...
– Qurban olum, ay bibi, özünüzü əbəs yerə yormayın!..
– Vallah-billah bu qızın başına hava gəlib...
Qızının bu hala düşməsi – ev adamları ilə dik-dik danışması ən çox ananın ürəyini ağrıdırdı. Çünki böyük baldızı Günaya uşaq çağından gen-bol müstəqillik verdiyinə görə tez-tez Lətafəti qınayırdı...
– Qızını döyməyən dizini döyər! Uşaq çağından nazıyla çox oynadın, hər istədiyini yerinə yetirdin, axırı da çıxartdın qardaşımın başına...
lll
Qrupun ən yaxşı tələbəsinin – Günayın dərslərə ara verməsi səssiz-küysüz ötüşə bilməzdi. Bir neçə gündən sonra tələbə qızlar dəstə bağlayıb onlara gəldilər.
Lətafət xanım onları mehribanlıqla qarşılayıb qızlardan ən dilli-dilavərini kömək adıyla mətbəxə çağırdı:
– Bu qızın başına ağıl qoyun, ay bala! Göz görə-görə gül kimi uşağı odun içinə atmayacağıq ki... Kor da olsa, əlbət, Xəyala da ərə gedən bir qız tapılar...
Qız çiyinlərini çəkib ehtiyatla dilləndi:
– Nə bilim, Lətafət xala, əslində biz gəlmişik ki, ona ürək-dirək verək. Bütün institut Günayın kişi qızı olmağından danışır. Qızlı-oğlanlı hamı Xəyalı da, Günayı da yaxşı tanıyır, ikisi də istəklidir. Əslində Günayın inadı Xəyalın qəhrəmanlığına bərabərdir. İndi biz ona necə deyə bilərik ki, tutduğun yoldan dön... Bu məsələni, xala, orada bütün müəllimlər, hələ rektor da bilir.
Qadın üzünü turşutdu. Dərindən köks ötürdü, sanki bu dəqiqə od püskürəcəkdi:
– Bayy, bay... Bilməmişdik, sən demə bizim qızımızın kor oğlana ərə getməyi geroyluqmuş... Yaxasına medal-zad da taxacaqlar! Bax, onda mən də gedib o rektordan soruşaram ki, ay kişi, sən öz aman-zaman bircə qızını kor adama ərə verərsən?
– O, qızını çoxdan ərə verib... – tələbə qız dönüb dodaqaltı mızıldana-mızıldana Günayın otağına getdi...
Lətafət xanım nəyisə yadına salıbmış kimi səsləndi:
– Ay balam, bəs siz çay içməyəcəksiniz?
– Yox, Lətafət xala, – deyə dilli-dilavər tələbə qız dedi, – biz də bu gündən Günayın aclıq aksiyasına qoşuluruq...
Lətafət xanım hələ də mətbəxdə öz özü ilə danışmaqdaydı:
– Aclıq, aksiya, filan-beşməkan... Allah sizə ağıldan başqa hər şey verib – gözəllik, göz-qaş, boy-buxun. Di gəl ki, danışanda ağzınıza çullu dovşan sığışmır. Bu nədi, əlbəttə, ağılsızlıq əlaməti...
lll
Xəyal bir aylıq yataq xəstəliyindən sonra Gəncəyə döndü, onun yaraları tam sağalmamışdı. Qəlbini göynədən Günay adlı yara isə daha dərin idi və sanki sağalmaq ümidini qeyb etmişdi. O, hələ Bakıda, xəstəxanada ikən valideynlərdən nişanın qaytarılmasını rica etsə də dəhşətli bir istəklə Günayın səsini eşitmək, sevgilisinin əllərindən tutub qəlbini oxumaq, həm də onun gözü ilə dünyanı görmək istəyirdi. Ətrafda baş verənləri eşidib bilmək istəyirdi.
– Günayın... – Ana vicdan əzabı çəksə də, qonum-qonşudan eşitdiklərini ona söyləmək məcburiyyətində qaldı, – deyir, yazıq qızın başına hava gəlib, havalanıb uşaq...
Elə bil Xəyalın varlığından güclü elektrik cərəyanı ötüb keçdi, qafasından dabanınacan polad sim kimi gərilib dondu. Nəfəsi getmişdi, amma qayıtmırdı. Bir an sonra sinəsi körüklənə-körüklərinə tövşüməyə başladı.
– Bu ola bilməz! Ana, de görüm, sən onu nə vaxt görübsən?
– Ay oğul, ata-anası nişanı qaytarmaq fikrinə düşəndən sonra biz ora üz çevirməmişik. Atanın da bir ayağı sənə görə Bakıda olub...
– Ana, Günayı siz yox, mən tanıyıram. Əgər bu günəcən ata-anası nişanı qaytarmayıbsa, demək hələ də onlarla vuruşur, ana... Mən onu tək qoya bilmərəm...
– Sən nədən danışırsan, Xəyal?
– Atamla bu məsələyə son qoymağın çarəsini düşünmüşük. Hazırlaş! Gedirik gəlinini...
– Ay oğul, yataqdan təzə qalxmısan, hava da düz-əməlli deyil. Çıxarsan, iraq olsun, soyuğa-zada verərsən özünü...
– Heç zad olmaz, sən mənim əsgər paltarımı yaxşı-yaxşı ütülə...
lll
Günortadan keçmiş Günaygilin darvazasında üç-dörd taksi dayandı, birindən Xəyalla ata-anası, o birilərindən çalğıçılar, atasının sürücü yoldaşları düşdü. Əvvəlcə küçəni maqnitofondan yayılan musiqi səsi başına götürdü. Bu onların ayrıldıqları gün birlikdə dinlədikləri, həm də hər ikisinin sevdiyi “Ayrılıq” mahnısıydı...
Həyətdən yüksələn çal-çağır, adam səslərini eşidən Günay ehmalca yatağından qalxdı. Divardan tuta-tuta pəncərəyə yaxınlaşmaq istədi, bacarmadı yıxıldı...
“İnşallah, toyumuzda əvvəlcə “Vağzalı”, ardınca bu mahnını çaldıracağam”, – bu əhdi bir zaman Xəyal eləmişdi... İndi onlar əhdə çatırdılar.
Sonra yenə “Vağzalı” çalındı. Qara zurna cuşa gəlmişdi... Qonşular səsə yığışdılar. Göy üzü yarıbuludlu idi, buludların arasından günəş görünürdü.
Gəncənin təzə məhəlləsində qızıl payız sanki günəşli yaz gününə çevrilirdi.
“Vağzalı” Günayın əzgin ruhunu dirçəldirdi. Ürəyi sürətlə döyünürdü.
– Günaaay!!!
Qarışıq səslər arasından sıyrılıb yüksələn bu haray Xəyala məxsus idi. Günayın ayaqlarına, bədəninə ilıq hərarət yayıldı. Uşaqlıq çağlarında olduğu kimi əvvəl pəncərəyə yaxınlaşıb:
– Gəlirəm! – dedi, sonra paltar dolabına sarı getdi.
Anası heykəl kimi yerində qurumuşdu. Həkimlər son dəfə Günayı müayinə edəndə: “Bu qız özünü ölümə məhkum edib, çətin ki, yatağından qalxsın” – demişdilər. İndi isə Günay gözünün qarşısında paltar dolabından ən çox sevdiyi libası çıxarıb geyindi və üzünü ona tutub:
– Mənə xeyir-dua ver, ana!.. – dedi.
Lətafətin dili söz tutmadı.
Həyətə toplaşan, nə baş verdiyini anlamağa çalışan qonşular mat-məəttəl qalmışdılar. Günlərlə dilinə bir qurtum su vurmayan qız artıq həyətdə idi və sanki quş kimi uçurdu.
Əsgər qiyafəsində səkidə dayanan Xəyal onu gözləyirdi. Qonşu qadınların yaşarmış gözlərini isə təbii ki, görmürdü. Axı onun...
Günay özünü Xəyalın üstünə atıb, qollarını nişanlısının boynuna doladı. Həyət qapısından çıxar-çıxmaz qızın atası da özünü ora yetirdi. İndi o da bu mübhəm, gözlənilməzliklə dolu həyat səhnəsinin personajlarından biri idi və nəsə demək istəyirdi. Bəlkə də ata dilindən qopan o sözlər bu qəmli hekayənin son kəlməsi olacaqdı:
– Günay, qızım, sən... sən... – fəqət, qızını sağ-salamat görəcəyinə ümidini itirmiş kişi nə deyəcəyini bilmirdi.
Günay Xəyalın qoluna girib qamətini şux tutdu və:
– Bizə xeyir-dua ver, ata! – dedi.
Ata ətrafdakı adamlara baxdı. Hamı elə bil atanın ağzından çıxacaq üç kəlmə sözə bənd idi: “Allah xeyir versin!”
Kişi qəhərini boğub:
– Get, qızım... Xoşbəxt olun!.. – deyə bildi. Və bu sözləri deyəndən sonra sanki, çiyinlərindən dünyanın ən ağır yükü götürüldü...
lll
P.S. Həqiqi sevginin heç bir halda qəhr olmadığından bəhs edən bu hekayənin son nöqtəsini qoyub, divar saatına baxdım. 19:00 idi. Bir azdan sanatoriyadakı müalicəvi su qalereyasının qapısı bağlanacaqdı, tez-tələsik geyindim. Həyat yoldaşım özünü pis hiss etdiyindən yatağında uzanmışdı. Üzümü ona tutub:
– Mən getdim... Səninçün də su gətirəcəyəm, – deyib qapıdan çıxdım.
Axşamdan yağmağa başlayan qar ara vermirdi. Yolu sürətlə keçib özümü qalereyaya çatdırdım. Qapıdan içəri girmək istəyəndə yadıma düşdü ki, tələsdiyimdən su qablarını götürməyi unutmuşam. Çıxış yolu axtardım. Qalereya ilə üzbəüz, küçənin o tayındakı dükana girib stəkan almağa qərar verdim. Iki gün bundan qabaq elə bu dükanda, adını dəyişib Nailə qoyan erməni qızı Bakıdan gəlməyimi biləndə dərindən kövrələrək göz yaşı axıtmışdı. Mən də onun halına yanıb, ürəyimdə “Allah baisin evini yıxsın” demişdim.
Dükana girib onunla salamlaşdım. Bir ədəd birdəfəlik karton stəkan götürdüm və xahiş etdim ki, arvadıma su aparmaq üçün mənə bir ədəd də boş yarımlitrlik butulka versin.
Öncə karton stəkanın pulunu verdim.
– Boş butulka var, ancaq iyirmi rubladır, – dedi.
Küçələrə atılıb əl-ayağa dolaşan boş plastmas butulkanı iyirmi rubla satan Nailəyə baxdım, əsəbdən içim uçundu.
Bir az qabaq bitirdiyim hekayənin qəhrəmanları Xəyal və Günay yadıma düşdü. Su kimi dupduru, saf, təmiz azərbaycanlı gənclərdi bunlar, bizim gənclərdilər...
Onu isə nifrətlə süzürəm, səhərdən axşamacan insanları həm çəkidə, həm də qiymətdə aldadan, vicdanını itirmiş erməni qızı Nailəni (bu ad ona haram olsun!). Başqa çarə yox idi. Bir azdan qalereya bağlanacaq, su götürə bilməyəcəkdim. Əlacsız qalıb iyirmi rublu az qala onun üzünə çırpdım:
– Sizin simanız budur, – dedim, – iki gün bundan qabaq guya Bakının və azərbaycanlıların həsrətini çəkib, tökdüyün göz yaşları nə qədər saxta imiş...
Və orda, mənim doğma vətənimdə minlərlə soydaşımın evinə-eşiyinə dərd və bəla toxumu səpən alçaq bir tayfanın nümayəndəsinin üzünə baxmadan böyrü batmış butulkanı qapıb su qalereyasına doğru addımladım...
10-19 yanvar, 2011-ci il    Hüseynbala MİRƏLƏMOV
Yessentuki



Bu yazı ( 777 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar