12px14px16px18px

“VƏTƏN nədən başlayır?.. ƏLİFBA–nın ilk hərfindən...”

A. MƏSUD
00:26 / 05.12.2009

(əvvəli ötən şənbə saylarımızda)

...Orta təhsil sistemində istifadə olunan ədəbiyyat dərsliklərində yer ala biləcək digər ədəbiyyatları da xatırlamaq yerinə düşərdi.
Bu sıradan qədim və orta əsr ədiblərindən ilk növbədə yada salınası mütəfəkkir – Azərbaycan dilində ilk şeir nümunəsini yaratmış Həsənoğludur. (Həsənoğlunun yaradıcılığı indi “adları unudulmuşlar” siyahısına salınmış digər ədiblər kimi vaxtı ilə (1960 –1988 – ci illərdə) orta məktəblərdə tədris olunurdu.)
Zəngin ədəbi irsimizdən dərsliklərdə yer almamış digər dəyərli söz sahibləri – orta əsrlərdə səlis azərbaycan dilində yazıb yaratmış 14-cü əsrin şair-hökmdarı – Qazi Bürhanəddin, Neymətullah Kişvəri, Əssəhəddin Hidayət, Məhəmməd Əmani, Məsihi, Saib Təbrizi, Həbibi, Qövsi Təbrizi, Mir Möhsün Nəvvab, Natəvan yaxud, Məhcur Şirvani, Molla Vəli Vidadi, Nişat Şirvanidir. “Yada düşməyənlər” siyahısından olan digər qüdrətli mütəfəkkirlərimiz – fars dilində yazsalar da, əsərlərinin müəyyən qismi dilimizə Əliağa Vahid, Mir Mehdi Seyidzadə, Məmmədağa Sultanov, onun qardaşı Rəhim Sultanov, Mübariz Əlizadə, Balaş Azəroğlu, Ələkbər Ziyatay kimi tanınmış şairlər və tərcüməçilər tərəfindən çevrilmiş Marağalı Əvhədi, Əssar Təbrizi, Qasım Ənvar, Mahmud Şəbüstəri, Fələki Şirvani, Mücirəddin Beyləqani, Nizamidən əvvəl yazıb-yaratmış böyük Qətran Təbrizi, yaxud Ruminin ustadı Şəms Təbrizi, eləcə də lirik rübayiləri ilə dünyanın diqqətini çəkmiş Məshəti Gəncəvidir.
Yeniyetmənin müasir dünya barədə görüşlərini formalaşdıran yeni dövr ədəbiyyatımızın da dərsliklərdə yetərincə təmsil edilməməsi, ciddi nəsrin nümayəndələri – Sabir Əhmədlinin, Çingiz Hüseynovun, Seyran Səxavətin, eləcə də digər maraqlı nasirlərimiz Şahmarın, Vaqif Nəsibin, həmçinin, yeniyetmə təfəkkürünün asanlıqla qavraya biləcəyi neçə-neçə mükəmməl poetik nümunələr yaratmış Musa Yaqubun (“Bu dünyanın qara daşı göyərməz”), Vaqif Bayatlının (Səs salma, ay qağayı”, “Bu dağlar bürcü-bürcü”), Ramiz Rövşənin (“Qara-qara qarışqalar”, “Kəpənək qanadları”), Zakir Fəxrinin (“Qarabağsız...”, “Qalmaz belə, qalmaz dünya”), gözəl uşaq şeirlərinin müəllifi Eldar Baxışın, Məmməd İsmayılın və digər bu kimi dəyərli söz sahiblərimizin yaradıcılığına müraciət olunmaması, bu kitabların, ölkənin aparıçı ədəbi prosesindən kənarda qaldığından xəbər verir.
lll
Orta məktəbdə tədris olunan ədəbiyyat kitablarında nəzərə çarpan bu sayaq ürəkağrıdan mənzərəyə dərsliklərin şifahi xalq ədəbiyyatı bölməsində də rast gəlinir.
Dil, ifadə forması, mövzu və məzmun sadəliyi ilə yeniyetmənin asanlıqla mənimsəyə biləcəyi şifahi xalq ədəbiyyatı nümunələrindən 4-5-6-7-ci sinif dərsliklərində təkrar-təkrar ikicə dastandan – “Dədə Qorqud” və “Koroğlu” – dan istifadə edilməsi anlaşılmaz olduğu qədər də təəccüblüdür. Ayrı-ayrı sinif dərsliklərinə rəngarənglik xatirinə bir neçə boyu salınan bu dastanların peşəkar səviyyədə təqdim oluna bilməməsi isə ikiqat təəsüf hissi doğurur.
“Siz “Dədə Qorqud” – lap aşağı siniflərdən tanışsınız. O, (?.. ) xalqımızın vətənpərvərliyini, qəhrəmanlığını, güclü düşmənlə (?) mübarizədə əyilməzliyini əks etdirən ən qüdrətli sənət hadisəsidir. (Məgər “Dədə Qorqud” un, dərslik müəlliflərinin təbirincə desək, qüdrətli sənət hadisəsi olması yalnız bu sadalananlarla ölçülürmü?.. – A.Məsud) Əsərdə təsvir edilən hadisələr 6-7-ci yüzilliklərdə baş vermişdir. (?) Burada Gəncə, Bərdə, Göyçə, Əlincə qalası, Dərbənd və digər Azərbaycan torpaqlarının adı çəkilir. (?)
(6-cı sinif Ədəbiyyat dərsliyi, B.Həsənli,
Ə.Quliyev, S.Hüseynoğlu səh.- 27)
Orta məktəbdə xalqımızın zəngin dastan xəzinəsindən yalnız “Dədə Qorqud” – la “Koroğlu” – nun alayarımçıq tədris edilməsini vacib bilən həmrəy tərtibçilərimizin diqqətinə şifahi xalq ədəbiyyatımızın digər incilərinin də olduğunu çatdırmaq istəyirəm.
“Aşıq Qərib”, “Şah İsmayıl”, “Tahir və Zöhrə”, “Qaçaq Nəbi”, “Əsli və Kəpəm”, “Qurbani”,”Abbas və Gülgəz”, “Qaçaq Kərəm”, “Novruz və Qəndab” kimi (siyahını uzatmaq da olardı) əsrlərin sınağından çıxıb bu günümüzə çatmış gözəl ədəbiyyat nümunələrinin dərslik tərtibçilərimiz tərəfindən “unudulması”nın səbəbi qaranlıqdır.
Şifahi xalq ədəbiyyatımızın orta təhsildə mənimsədilməsi proqramının (əgər buna “proqram” demək olarsa) digər qüsurlu cəhəti dərsliklərə salınan ədəbi mətnlərin, qədim və müasir dövr ədəbiyyatları bölümlərində olduğu qaydada – uşaq təfəkkürünü nəzərə almayan seçimlər üzrə təqdim olunmasıdır. Bu mənada 6-cı sinif Ədəbiyyat dərsliyində yer almış “Uşun Qoca oğlu Sərgəyin boyu” ndan seçilmiş bir parçaya nəzər salaq.
İgid Ərgəyin yanına getmək niyyətini anasına bildirərkən, qadın oğluna:
Ağzın üçün ölüm, oğul!
Dilin üçün ölüm, oğul!
Qarşıdakı uca dağın yıxılmışdı,
ucaldı axır!
Coşqun axan gözəl suyun qurumuşdu
çağladı axır!
Qalın bəyləri ilə sən get, oğul!
deyə nəvazişlə cavab verirsə də, igid Sərgəy anasını:
“Ana, ağzın qurusun!
Ana, dilin çürüsün!
.......
Ana haqqı tanrı haqqı olmasaydı,
Böyük iti polad qılıncımı götürərdim,
Bircə anda gözəl başını kəsərdim,
Al qanını yer üzünə tökərdim,
Ana, zalım ana!”
(həmin nəşr – “Uşun Qoca oğlu
Sərgəyin boyu”, səh. 30)
kimi kobud sözlərlə hədələyir.
Anayla bu sayaq qaba rəftarına görə uşaqların nəzərində hansı izahlarla bəraət alacağı məlum olmayan igid Sərgəy haqqında bu boyun dərsliyə hansı məqsədlə salındığı, dərslik tərtibçilərinin, oğulun anayla bu sayaq kobud davranışını təsvir edən mətnlə 11 yaşlı məktəbliyə nəyi aşılamaq istədikləri anlaşılmır.
Orta tədrisdə nəzərə çarpan ədəbiyyat kasadlığı aşıq yaradıcılığının təqdimatında da özünü biruzə verir.
Dil və üslub sadəliyi ilə yeniyetmə təfəkkürünün asanlıqla mənimsyə biləcəyi bu tükənməz xalq yaradıcılığından orta məktəb ədəbiyyat dərsliklərində nəyə görəsə Aşıq Ələsgər və Qurbanidən savayı heç kimə yer verilmir. Tanış “həyat və yaradıcılıqları” ilə sinifdən-sinfə təkrar-təkrar ötürülən bu iki söz sahibindən heç də geri qalmayan digər aşıqlarımız isə – zəngin aşıq ədəbiyyatı xəzinəmizin inciləri – Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Molla Cuma, Aşıq Alı, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir və digərləri qəribədir ki, yada düşmür...
“Təkrar – biliyin anasıdır...”
Adı çəkilən dərsliklərin digər “təkrarçılıq xəstəliyi” – ibtidai siniflərdə keçilən ayrı-ayrı şeir və hekayə nümunələrinin, anlaşılmaz səhlənkarlıqla sonradan yuxarı sinif dərsliklərində yenidən yer almasıdır.
Bu üzdən şagirdlər Cəlil Məmmədquluzadənin “Buz”, Mikayıl Rzaquluzadənin “Ana ürəyi – dağ çiçəyi”, Ənvər Məmmədxanlının “Buz heykəl”, Süleyman Rəhimovun “Qara torpaq və sarı qızıl” hekayələrini və Səməd Vurğunun “Azərbaycan” şeirini təkrar-təkrar öyrənmək məcburiyyətində qalırlar.
Həmin bu qəribə “təkrarçılıq çıxılmazlığı” ədəbiyyat dərsliklərinin eyni ifadələr və təriflərdən istifadə olunmuş “Giriş” lərində də nəzərə çarpır:
“Ədəbiyyat” sözünün “ərəb dilindəki “ədəb” kəlməsindən yarandığı”nı, bu kəlmənin “daha çox “mərifət, əxlaq, incəlik (?), elm, bilik mənalarında işlədildiyi”ni, ədəbiyyatın “şifahi və yazılı ədəbiyyatlara ayrıldığı”nı, “şifahi xalq ədəbiyyatının”, “xalq yaradıcılığı adlandırıldığı”nı, “xalq yaradıcılığının, yazılı ədəbiyyatdan əvvəl meydana gəldiyi”ni və sair bu kimi, sadə və yaddaqalan informassiyaları, hər dərs ilinin başlanğıcında, hər sinifdə, “mübarək məlumat” qismində təqdim edən bu “Gririş”lər ideya və mövzu baxımından heç bir nizam-çərçivə tanımayan, bu səbəbdən də, əslində, heç bir düstura və tərifə sığmayan ədəbiyyatı həmin “yekdil həmrəyliklə” “insan həyatını, onun taleyini və təbiətlə bağlılığını” əks etdirən söz sənəti kimi təqdim edir və buna uyğun olaraq da, dərsliklərdə yer almış ədəbiyyatların ədəbi-estetik təyinatçısına çevrilirlər. Təməli “Giriş” – lərdə qoyulan bu “ədəbiyyat düsturunun” davamına sonradan, dərsliklər üzrə paylaşdırılan ədəbiyyatlarda, hüdudsuz Söz sənətini, əksər halda məhdud mövzular çərçivəsində – vətən, ana, təbiət və mərdlik təbliğatçısı kimi təqdim edən ədəbi nümunələrdə rast gəlinir. Və burda ortaya belə bir sual çıxır. Məgər, Ədəbiyyatın başlıca predmeti olan İnsan və onun Mənəvi Dünyası təkcə bir vətənə, anaya və təbiətə olan sevgidən, yaxud “qüvvətli” düşmənə sinə gərmək qabiliyyətindən ibarətdirmi?..
Yuxarıda sadalanan nöqsanlar orta təhsildə istifadə olunan ədəbiyyat dərsliklərində yer almış qüsurların yalnız bir hissəsidir. Bu kitabların “dərslik” assosiasiyası verməyən digər nöqsanlı tərəfi-dərsliklərə salınan ədiblərə və ədəbiyyatlara münasibətdə xronoloji ardıcıllığın gözlənilməməsi, ayrı-ayrı tapşırıq və mətnlərin, eyni zamanda ədəbiyyatlar üzrə tərtib edilmiş sualların bəsitliyi, eləcə də, dərsliyi şərtləndirən ümdə cəhətlərdən biri kimi, xüsusi formata və üsluba malik olmalı “həyat və yaradıcılıqlar”ın müxtəlif üslubda və həcmdə hazırlanması, üstəlik bu məlumatların yetərsizliyi, yaxud həddən ziyadə təsnifatçılığa varmasıdır.
Müasir Azərbaycan ədəbiyyatı

“Müasir Azərbaycan ədəbiyyatı” dünyagörüşü, bədii təfəkkürü, ədəbi zövqü, nümunələr gətirdiyimiz bəsit və alayarımçıq orta məktəb dərslikləri sayəsində formalaşmış şagirdlərin yolunu ali məktəblərdə gözləyən iki cildli, iri həcmli kitabın adıdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Bakı Dövlət Universitetinin ali məktəblər üçün birgə hazırladığı və artıq ikinci ildir ki, ali tədrisdə istifadə olunan bu kitab əsasən, ədəbiyyat təmayüllü təhsil ocaqlarında və ayrı-ayrı universitetlərin humanitar fakültələrində məcbüri dərs vəsaiti qaydasında keçilir.
Dərsliyin hər cildinin girişində kitabda yer almış ayrı-ayrı fəsillərin və bölmələrin müəlliflərinin – C.Abdullayev, V.Sultanlı, A.Abasov, T.Hüseynoğlu, F.Hüseynov, İ.Əliyeva, Q.Namazov kimi tanınmış ədəbiyyatşünas-alimlərin adları yazılıb. Müasir ədəbi prosesin müxtəlif dövrlərini və janrlarını əhatə edən bu materialların arasında həcm etibarı ilə ən iri fəsil və bölmələrin müəllifi – Bakı Dövlət Universitetinin professoru, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının rəhbəri, ali məktəblər üçün neçə-neçə dərsliklər yazmış hörmətli alimimiz Cəlal Abdullayevdir.
Müasir və yeni dövr ədəbiyyatının əsas mərhələlərini “əhatə edən” bu tədris materiallarından danışmazdan əvvəl, onlardan seçdiyim bir neçə çıxarışı oxucuların nəzərinə çatdırmağı lüzumlu hesab edirəm.
Kitabın “Milli özünəqayıdış dövründə ədəbiyyat” bölümü belə başlayır:
“20-ci əsrin 50-ci illərində Stalinin ölümündən sonra postsovet məkanında ölkədə ictimai-siyasi iqlim tədrici olsa da, bir qədər ilıqlanmağa başladı.” (?..) Ümumiyyətlə, dissidentlik, mövcud mühitə, iqtidara, hakimiyyətə asilik (?) hər zaman olmuşdur. Lakin çox vaxt bu müxaliflik sətiraltı mənalarla, rəmz və simvolika vasitəsilə, Ezop dili ilə anlatma vasitəsilə yazıçılar öz etirazlarını ifadə etməyə çalışmışlar. (?..) Elə ki, ictimai-siyasi mühitdə bir balaca işıq ucu görünən kimi oldu, (?) o zaman bir başa, açıq-aşkar hücuma keçənlərin sayı da artır. (?..) Əslinə qalsa bizim sovet dövrü poeziyamızda 50-ci illərdən sonra ən çox rəmzlərdən, sətiraltı mənalardan ən çox istifadə edən xalq şairi Rəsul Rza olmuşdur.
(“Müasir Azərbaycan ədəbiyyatı”, Bakı Dövlət Universiteti
nəşriyyatı – 2007-ci il, 2-ci cild, səh.5)
lll
...Bizim böyük bir əminliklə gəldiyimiz ən maraqlı qənimətlərdən biri (?) belədir ki, həqiqətən də 60-cı illərin poeziyası və onun yaradıcıları məhz Rəsul Rzadan təsirlənən o zaman hələ yeni-yeni şerə-sənətə gələn cavanlardan ibarət olmuşdur. (?) Məzahir Daşqın, Fikrət Qoca, Fikrət Sadıq, Əli Kərim, ..., Sabir Rüstəmxanlı, Ramiz Rövşən, V.Cəbrayılzadə və s. özlərinin poetik yolun başlanğıcında onun qayğısını görmüş və bilavasitə öz həyatlarında onun təmasını duymuşlar.(?) Sonralar onlardan bəziləri ənənəvi şeir formasına keçsələr də məna və mahiyyət dəyişməz qaldı.(?) Ona görə də 60-cı illərin ən fəal yazıçıları bir sıra problemləri ədəbi tənqidin üzərinə qoydular.” (?)
(həmin nəşr – səh.5)
lll
“...Belə ki, onlarca roman, povest, hekayə, novella, esselər, publisistik yazılar və bunların mövzu, məzmun və problematika spesefikliyinə dair tarixi roman, (?) bilavasitə müstəqillik problemlərinin bədii təsvirinə həsr olunmuş roman, hekayə və povestlər, (?) didaktiki – nəsihətamiz, xatirətipli, (!) sənədli, fantastik, detktiv və s. nümunələr onlarcadır.” (?)
(həmin nəşr – 2 – ci cild, səh. 440)
lll
“Müstəqillik dövründə yaranan bədii ədəbiyyatın konturları vasitəsilə (?) onun həqiqi mənzərəsi haqqında düşünərkən və bilvasitə ədəbi-bədii materialları mütaliə edib, ayrı-ayrı əsərlərlə yaxından tanış olduqca, bizdə nikbin bir təsəvvür yarandı. (?) Son dərəcə sevindirici haldır ki, bədii ədəbiyyatımızın məcrası elə də kasadlıq keçirməmiş, necə deyərlər, su axan yerdən bir də axmışdır.”
(həmin nəşr-2-ci cild, səh.437)
(Ardı var) A. MƏSUD




Bu yazı ( 931 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar