12px14px16px18px

SONUNCU FATEH

Hüseynbala MİRƏLƏMOV
03:46 / 15.01.2011


(Romandan bir parça)

(Əvvəli ötən şənbə sayımızda)

Sərkərdənin sarayı – atının yəhəridir.
Nadir şah Əfşar
Başın tacı – ağıldır.
Nadir şah Əfşar
İmamqulu kişi dağda-daşda əks-səda verən bu səsdən yerində quruyub qaldı. İstədi desin ki, ay oğul, dədə-babalarımız belə yerdə haqq söyləyiblər ha, “Cibində yox bir quruşu, evində yox gür-gümüşü, könlündən keçir şahlıq quşu”. Demədi, daha doğrusu, elə demək istəyirdi ki, göydən alnına düşən buz kimi soyuq bir damcı onu diksindirib fikrindən ayırdı. Və elə bu zaman başının lap üstündə elə bir gurultu qopdu ki, yer-göy lərzəyə gəldi. Pələnglə Bəbir əvvəlcə kəsik-kəsik zingildədilər, sonra bərkdən hürməyə başladılar. Və elə ilk gurultulu şimşək çaxmasından sonra, elə bil, ilxı ürkdü. İmamqulu kişi ayağa qalxıb həyəcanla dedi:
– Oğlum, ləngimə, cum ilxının ağzını döndər üzü enişə, yoxsa hamısı ürküb özünü gədikdən dərəyə atacaq...
Balaca Nadir bir anda əlində çomaq oxdan çıxmış yay kimi götürüldü. Elə həmin anda şimşək dalbadal bir neçə dəfə çaxdı və leysan yağmağa başladı. Başladı, nə başladı!
İmamqulu kişi bərk narahat idi. Allaha yalvarırdı ki, “Ya rəbbim, rəhm elə on iki yaşlı bu uşağa, böyük bir ilxını tələfatdan qurtarmaq üçün güc ver!..”
Balaca Nadir artıq atasının nə dediyini eşitmirdi:
– Bəbir, Pələng! – deyə qaça-qaça var səsi ilə onları çağırırdı.
İtlər onun səsinin əks-səda verdiyi səmtə cumdular. İlxı bölünmüşdü. Hər bölük bir uçurumun qırağında dayanmışdı.
Gördüyü mənzərədən dəhşətə gələn İmamqulu kişi nə edəcəyini bilmədi:
– Gör başıma nə bəla gəldi?!
Sonra o, başını qaldırıb, əllərini göyə tərəf açdı:
– Ey Allah, ey yoxsulların, məzlumların pənahı Allah. – dedi. – Özün köməyə gəl! Ey ərhəmərrahimin, məni el içində məyusi-məbud eləmə!..
Yağış yağmağına, İmamqulu kişi də Allaha yalvar-yaxar etməyinə ara vermirdi:
– Mənə deyən gərək, axı, sənin bu Dərəgözdə nə işin vardı ki, indi durub Xıdır İlyası da imdada çağırasan...
Balaca Nadir isə bu zaman yüyürərək, çığıra-çığara Pələnglə Bəbirin köməyi ilə ilxını sağdan-soldan qabaqlayıb enişaşağı, gəldikləri yeganə dar cığıra tərəf aparmağa çalışırdı.
Göylər isə hikkəsindən çatlayırdı. Qara buludların qoynunda yatmış sehrli qüvvənin, elə bil, tilsimi sınmışdı. Qorxunc gurultu kəsmək bilmirdi; bir yandan gözqamaşdıran şimşək çaxır, bir yandan da leysan göz açmağa imkan vermirdi. Pələnglə Bəbir sanki vəziyyətin nə yerdə olduğunu əməlli-başlı bilirdilər və hərəsi bir tərəfdən hürə-hürə ilxının ağzını yeganə dar cığırla enişə sarı döndərirdilər.
Ən böyük çətinlik bunda idi ki, ilxı sanki heç nə görmürdü, təşviş içində başını qaldırıb hara gəldi gedirdi və vurnuxa-vurnuxa şimşəklərdən, göylərin gurultusundan qaçıb birtəhər canını qurtarmağa çalışırdı. Bu cür “canqurtarma” onları bir fəlakətdən uzaqlaşdırsa da, başqa bir fəlakətin ağuşuna – uçuruma atırdı. Pələnglə Bəbir qabaq cərgələri uçurumun ağzında saxlasa da, arxadan gələn yüzlərlə at onları itələyib, dibi görünməyən uçuruma tökə bilərdi.
Əlində zoğal çomağı, əyni-başı başdan-başa su içində olan on iki yaşlı balaca Nadir isə yorulmaq nə olduğunu bilmədən güllə kimi özünü yenə də ilxının gah sağına, gah da soluna vururdu.
Xoşbəxtlikdən hələ gündüz idi. Qara buludlar günəşin üzünü örtsə də, işığını tam qaraltmamışdı. Göy gurultusu bir qədər ara versə də, şimşək və yağış kəsmək bilmirdi. Qəribədi ki, İmamqulu kişi bərk təlaş keçirsə də, balaca Nadir özünü tox tuturdu. Atlar tədricən ipə-sapa yatıb, onun iradəsinə tabe olurdular.
Balaca Nadir zil səsi ilə o qədər qışqırmışdı ki!.. Onun yerinə kim olsaydı, yəqin səsi çoxdan batmışdı.
Təhlükə tam sovuşmamışdı. İlxının ağzını bir yerə yığmaq müşkül iş idi. Bir tərəfini kəsəndə, o biri tərəfə qaçırdı. Tərs kimi, hər iki tərəf də yarğan və dibi görünməyən uçurum idi. Əgər qabaq cərgə aşağı yuvarlansaydı, arxadan gələnlərin qabağını almaq mümkün olmayacaqdı.
Balaca Nadir özünü atların qabağına atıb, amiranə səslə:
– Dayan! – deyib qışqırırdı. – Göydəmir hara gedirsən? Qaşqa dur, geri qayıt! – Qəribədir ki, ilxı da ipə-sapa yatıb dururdu. İstənilən an ürkmüş at onu ayaqları altına alıb, bir göz qırpımında çığnaya bilərdi. Uca boyu, amiranə səsi, bir də Pələnglə Bəbirin zəhmi ilxının canındakı qorxunu səngidə bildi...
Balaca Nadirin keyfi durulmuşdu. Fikirləşdi ki, əgər özümə güvənib yüzə yaxın şüursuz atı istədiyim səmtə yönəldə bildimsə, onda, şüurlu insanları niyə idarə edə bilməyim? İstəsəm ətrafıma bundan qat-qat çox insan yığa bilmərəmmi?... Axı, atam elə indicə yuxuda şah olduğumu görmüşdü!
Ən qəribəsi bu idi ki, elə bil, bu müdhiş leysan ilə tale onu sınağa çəkmişdi: “Sənmi şah olacaqsan?..”
Budur, on iki yaşlı oğlan ilxını böyük fəlakətin pəncəsindən qurtarmışdı. Bundan sonra hansı gözlənilməz hadisə, ya da hansı bir canlı məxluq onun iradəsinə ram olmazdı? Analar bu cür oğulu hər zaman doğmur!
– Doğrudur, – deyə balaca Nadir düşündü, – bu gün ilxını atamla birlikdə Qaraçəmən gədiyinə gətirməklə düz iş görməmişik. Gərək böyük qardaşlarımdan, əmim uşaqlarından birini də köməkçi götürəydik. Və gələn dəfə, əlbəttə, belə etməliyik.
Amma yox, bəlkə də tale onu, onun əzmini və iradəsini sınağa çəkmək üçün bu qəfil leysanı göndərmişdi...
Taqətdən tamam düşsə də, bütün əzaları ilə hiss edirdi ki, qorxu üzərində qələbə çalmışdır! Artıq ilxı da əldən düşüb sakitləşmişdi – dar cığırla, yavaş-yavaş aşağıya – düzənliyə tərəf üz tutmuşdu. Amma qorxu-ürkü yazıq heyvanların canından hələ də çıxmamışdı, – hərdən ağız-ağıza verib astadan kişnəyirdilər, sanki tədricən özlərinə gəlir, ipə-sapa yatırdılar. Göylər də, elə bil, çətin sınağını başa çatdırıb susmuşdu, yağış da səngimişdi.
Balaca Nadir bədəninin titrədiyini hiss etdi. Amma bu, yağmurlu havanın gətirdiyi soyuqdan çox, bayaqdan yay kimi yığılıb-açılan bədənində heyin qalmamasından irəli gəlirdi. Bir az dincini alandan sonra əzaları yəqin ki, əvvəlki halına dönəcəkdi. O, sadəcə su istəyirdi. Çünki ürəyi yanırdı. Dili-dodağı qurumuşdu. Amma ən yaxındakı bulağa getməyə ayaqlarında taqət, ürəyində gir qalmamışdı.
İmamqulu kişi oğlunun hələ də həyəcan içində əldən-ayaqdan düşdüyünü hiss edib, ona yaxınlaşdı. Balaca Nadir atasına dedi:
– Dədə, bir az su ver!
– Bu saat, bu saat, mənim balam.
İmamqulu kişi atın tərkinə aşırdığı heybədən çıxartdığı fincanı yaxınlıqdakı bulaqdan su ilə dolduraraq titrək əlləri ilə uşağa sarı uzatdı. Balaca Nadir suyu birnəfəsə içdi. Atası gördü ki, uşaq heç özündə deyil. Dizlərinin taqəti tükənib, yorğun gözləri süzülüb gedir. Tez onu soyundurub, öz quru paltarına bürüdü. Amma uşaq yenə titrəyirdi. Bəlkə də əməlli-başlı soyuqlamışdı. Bir azdan İmamqulu kişi balaca Nadirin əllərindən tutub ayağa qaldırdı:
– Dur, kəhərə min, oğlum, çox yorulubsan.
Balaca Nadir sol ayağını üzəngiyə qoyub, atın belinə qalxdı. Atası eniş qurtarana kimi atın yüyənindən tutub, paypiyada getdi. Uşaq yatmasın deyə hərdən ordan-burdan söhbət edirdi:
– Bala, bir gün dəvəyə dedilər: – Eniş yaxşıdır, yoxsa yoxuş? Dedi: – Belində yük varsa, lənət olsun ikisinə də!
İmamqulu kişi bunu deyib, yorğunluqdan taqətsiz dayanmış oğluna baxdı. Sonra davam etdi:
– Hə, ay bala, burası da var ki, atalar demişkən, insan əməyi, peyğəmbər ətəyi... İnşallah, bir azdan evimizə çatarıq, isti süd içərsən, əvəlikli umacdan, lobyalı əriştədən yeyib, yatarsan, yorğunluğun çıxar, sabaha yaxşı olarsan...
Onlar – ata-bala ilxının arxasınca düşüb ağır-ağır enişin axırına yaxınlaşırdılar. Lap arxadan gələn itlər ləhləyə-ləhləyə qulaqlarını şəkləyib, ora-bura baxırdılar.
At üstə oturan balaca Nadiri yuxu aparırdı. Ancaq o özünü güclə də olsa, saxlayırdı.
Pələnglə Bəbirin müşayiəti ilə ilxı ağır-ağır kələ-kötür cığırla Xorasanın ucsuz – bucaqsız yarımsəhralarına doğru irəliləyirdi.
İlxı tox idi və artıq parçalanıb dağılan buludların arxasından bərq vuran qürub günəşinin tünd qırmızı şəfəqləri altında başlarını yüngülcə tərpədə-tərpədə irəliləyirdi.
Atın yəhərində mürgüləyən balaca Nadir bu gün taleyin imtahanından üzüağ çıxmışdı; sabah bu əhvalatın bütün Xabuşan mahalına yayılacağı, özündən böyük-kiçik uşaqların ona həsədlə baxacaqları, kişilərin sübh çağı öz atlarını gətirib, ilxıya qatarkən onu nəvazişlə qucaqlayacaqları, üzünü öpəcəkləri barədə düşüncələrə qərq olmuşdu. Əbəs yerə deyildi ki, həmyaşıdlarından fərqli olaraq, o, mədrəsəyə – molla yanına getməsə də, həyat məktəbində – güləşdə, at çapmaqda, ox atmaqda, alver işlərində çoxlarından fərasətli idi.
Balaca Nadir əvvəllər dönə-dönə atası ilə, sonralar isə özündən kiçik qardaşı İbrahimlə Məşhədə gedib, ilxılarındakı atlardan satmış, qiymət və pul məsələlərini həll etmişdi. Bazarın yaşlı qəssab və un, şəkər, sabun satanları bu balaca oğlanın diribaşlığından təəccüblənərək haqq-hesabı həmişə təmiz aparırdılar. Həmyaşıdlarına gəldikdə isə, nəinki kənddəki tay – tuşları, hətta Məşhəddə olan böyük-böyük oğlanlar da onun başına yığışardılar və heç kimin onun bir sözünü iki eləməyə cürəti çatmazdı, əksinə, kənddə dirədöymə, çilingağac, əlməndə oyunları zamanı hamı çalışardı ki, onun dəstəsində olsun. O, öz çevikliyi ilə də hamını valeh edərdi...
Axşamüstü bu əhvalat ildırım sürətilə hər yana yayıldı. On iki yaşlı balaca Nadirin itlərin köməyi ilə ilxını uçuruma tökülməkdən xilas etməsi görünməmiş hadisə idi. Kənd ağsaqqalları dəstə-dəstə onlara gəlirdilər. Hərə ona bir şey bağışlayırdı. Biri məxmər köynək, biri naxışlı başmaq, biri qırmızı çəkmə, biri ilməli yun corab, qoyun-quzusu çox olanlar quzu, hətta xalça və qızıl onluq hədiyyə edənlər də vardı. Arvadlar da halva, paxlava və başqa şirniyyatlar gətirirdilər. Zarafat deyil, onun sayəsində, bütün kənd əhlinin atları xilas olmuşdu.
Birdən həyətdə səs-küy eşidildi. Hamı çölə çıxdı. Gələn kor qocaya el içində hamı sehrkar Həsənəli baba deyirdi. O evə gircək:
– Hanı o? – dedi və əllərini irəli uzatdı.
İmamqulu kişi balaca Nadiri ona sarı apardı. Gözlərindən yuxu tökülsə də, o, sehrkar qocanın qabağında şax dayandı. Hamı səssiz-səmirsiz, hələ indiyə kimi bir sözü də yalan çıxmayan sehrkar Həsənəlinin nə deyəcəyini gözləyirdi. O, əlləri ilə nəsə axtarırmış kimi uşağın üzünü, sonra isə başını və alnını xeyli sığalladıqdan sonra:
– Hamınız çıxın, – dedi. – Burda təkcə İmamqulu kişi qalsın.
Evdəkilər bir-bir çölə çıxdılar. Yorğunluqdan, az qala, gözləri yumulan balaca Nadir bu əhvalatın nə vaxt qurtaracağını səbirsizliklə gözləyirdi. Nəhayət, torpaq döşəməli otaqda balaca Nadir, atası və sehrkar Həsənəli qaldı.
Sehrkar Həsənəli dedi:
– İmamqulu kişi, vay halına, sənin bu oğluna cəmi Xorasan azlıq edəcək.
O an İmamqulu kişi alnını ovuşdurub, fikrə qərq oldu və gədikdə gördüyü yuxunu xatırlayıb, gah oğluna, gah da sehrkar Həsənəliyə baxdı. Ürəyində: “Bəlkə o, bayaq uşağın dağa-daşa səs salan “Şah olacağam!” kəlməsini eşidib?!”. Sehrkar Həsənəli isə daxmanın bir küncünə çəkilib sanki öz-özünə:
– Bu uşaqda bağlı düyünləri açan iradə var... – deyib dodağının altında mızıldandı. – Amma gərək yaxşı günlərində belə, pislikləri unutmasın, yəni bəxti gətirsə də, gətirməsə də, bədbəxtliyi yaddan çıxarmasın...- Sonra səsini qaldırıb ucadan: – Hə, hə, bədbəxtliyi gərək yaddan çıxarmasın!
İmamqulu kişi əllərini açıb göyə qaldırdı:
– İlahi, səndən gözlərimə nur istəmirəm, oğluma ağıl ver, güc-qüvvət ver, onu bəlalardan hifz elə!
Xəyalların qapısında
...Ata-anasının xeyir-duaları müstəcəb olmuşdu: başına sarı sünbüllərdən tac düzəldib qoyan həmin uşaq boya-başa çatdı, igid bir oğlan oldu. Müharibələr apardı, qələbələr qazandı. Şahlıq taxt-tacında oturdu. On bir il idi ki, başında qızıl tac gəzdirirdi. Amma bu illərdə ilk dəfə idi ki, sehrkar Həsənəlinin səsi qulaqlarında dönə-dönə əks-səda verirdi: “Bədbəxtliyi yaddan çıxarmasın!”
Bir vaxt mürgülü gözləri ilə sehrkar Həsənəliyə baxan balaca Nadir indi xəyal və düşüncələrin qapısında dayanıb öz-özünə pıçıldayırdı: “Bədbəxtliyi. Demək, sehrkar Həsənəli, doğrudan da, uzaqgörən imiş, həqiqəti söyləyirmiş. Hə, o gündən düz qırx yeddi il ötüb... Qırx yeddi il... Allah nəzərlərini üstümdən əskik eləmədi. Bəxtim gətirdi, yadellilərin əsarəti altında qalan torpaqlarımızı azad etdim, hələ üstəlik Səmərqənddən Hindistanadək böyük bir ərazini tutdum... Əfşarlar səltənətini yaratdım, amma farslar demişkən, çifayda, ən xoşbəxt anlarımda sehrkar Həsənəlinin dediyi kimi, bəbəxtliyi unutdum. Unutdum ki, sevgi ilə nifrət bir yerdə olduğu kimi, xoşbəxtliklə bədbəxtlik də kölgə kimi adamın arxasınca bir yerdə sürünür, ətrafında gəzib-dolaşır...”
O, dərindən köks ötürüb, Kəlat qalasına gedən yola boylandı. Nəvələri, oğulları bir-bir gözlərinin önünə gəldi...
“Bilmirəm, bilmirəm, görəsən, onlardan hər hansı biri məndən sonra taxt-taca sahib çıxıb, Əfşarlar səltənətini qoruya biləcəkmi?.. Onlar şah övladıdırlar. Mənimsə atam kürktikən olmuşdu, ilxı saxlayan sadə bir adam idi. Mən də uşaq olmuşam. Bir dəfə atama böyük bir inamla şah olacağımı söyləmişdim. Düzdü, ata-anama bu arzuma çatdığım günü görmək nəsib olmadı. Amma mən istəyirəm ki, gözlərim baxa-baxa övladlarımdan biri qurduğum bu böyük səltənəti idarə etsin... Onlar isə hələ də təcrübəsiz olduqlarını bəhanə edirlər. Heyhat, kaş, böyük oğlum Rzaqulunun gözlərini çıxartdırmayaydım... Doğrudanmı, mən təkcə onu deyil, Əfşarlar səltənətinin də gözlərini kor etdim? Axı niyə? Məni buna vadar edən nə idi? İlahi, məni bu əzabdan qurtar, aradan illər ötsə də, bu kədərin ağrısını-acısını qəlbimdə daha çox hiss edirəm, dəhşətin böyüklüyünü anlayıram...”
Anasının səsi qulaqlarına gəldi: “Can bala, niyə fikir dəryasına qərq olub, naçar qalıbsan? Buradan uzaqlaş! Nə qədər ki, gec deyil, atına min, çəkil Allah qalasına1... Qəzəbinin cilovunu çək, qılıncını yerə qoy, o dörd çıqqalı papağını da qoy qabağına, yaxşı-yaxşı fikirləş!”
Uşaq çağlarında başını anasının dizləri üstə qoyanda canı rahatlıq tapardı. Yeniyetmə yaşına çatanda da bu vərdişini tərgitməmişdi. Xəyal çəkib onu yenə keçmişə – analı günlərinə apardı.
ANA ÖYÜDÜ
...1704-cü ilin yazı idi. Dəstgirddə gül-gülü çağırırdı, bülbül-bülbülü. Çəpərlərinin üstünə əlçim-əlçim yapağı2 sərilmiş həyət-bacalardan yasəmən ətri gəlirdi. O gün ilxı kəndin lap yaxınlığındakı otlaqda otlayırdı.
Günorta cəmi Xorasan camaatı kimi dəstgirdlilər də nahar vaxtı Allahın verdiyindən yeyib, zöhr namazını qılmışdı. İndi də kimi məscidin böyründə ağacların kölgəsində oturmuşdu, kimi də yorğunluğunu canından çıxartmaq üçün evində rahat mütəkkə və balışlara dirsəklənib istirahət edirdı. Nadir də evə gəlib, əl-üzünü yudu, nahar edib, bir az dincəlmək istədi.
Qardaşı İbrahim anasının bişirdiyi əvəlikli çilovdan doyuca yeyəndən sonra bardaş qurub kürəyini divara söykəmişdi. Nadir isə başını anasının dizinə qoyub, gözlərini hisli-paslı daxmanın tavanına zilləmişdi.
İmamqulu kişi dünyasını dəyişəndən sonra Gövhərbəyim ana onlara tez-tez keçmişdən söhbət açır, başlarını qatırdı... Sanki bu söhbətlərlə özü də təsəlli tapırdı, hüzünlü qəlbini qəmli fikirlərin cəngindən qurtarıb, eynini açırdı.
– Hər şeyi verən də Allahdı, alan da, elə gözəlliyi də, cavanlığı da, – deyə Gövhərbəyim ana növbəti dəfə elədiyi söhbətə aşıqsayağı xitam vermək isdədi.
– Hə, su sonası kimi o xanım-xatın qız da gözəl idi: ürək açan, işıq saçan, gözün süzən, canlar üzən, düymə düzən, süzgün baxan, güllü-reyhan, qönçə dəhan, bir sözlə, gəl məni gör, dərdimdən öl!..
– Bu cür söhbətləri kimdən öyrənmisən, ana? – deyə İbrahim soruşanda, Gövhərbəyim ana nəvazişlə onun da, on beş yaşlı Nadirin də qıvrım saçlarına sığal çəkə-çəkə dedi:
– Ulu nənəniz Şahbəyimin bilməcələri-gülməcələri tayfanın bütün qız-gəlinlərinin dilində-ağzında əzbərdi. “Yusif-Züleyxa” dastanını nəql eləyəndə hətta tayfanın mərhəm kişiləri də gəlib ona qulaq asardılar...
– Ana, bə bizi Dərəgözdə niyə Qırıxlı deyə nişan verirlər?..
– Bizim Əfşar tayfası Qırıxlı, bir də Qasımlı törəmələrindən bin tutub. Ulu babalarınız Qırıxlı tayfasındandır. Qırıxlı tayfasını Şah İsmayıl zamanında Azərbaycandan bura – Xorasana köçürüblər. Bu yerlər Əfşar tayfasına özbək basqınçılarının hücumlarını dəf etdiyinə görə soyurğal3 kimi verilib.
Xorasanın axarlı-baxarlı Kəbkan kəndi – sərin çeşməli Allahu-Əkbər dağları şahın yaylaq yerləri, həm də yay düşərgəsi imiş. Buranın bir adı da qədimdən Dərbəndi kimi tanınıb. Bizim əfşarlar Şah İsmayılın güvənib etibar etdiyi yeddi tayfadan biri – bəlkə də ən birincisi olub... Səfəvi şahlarının sarayında Əfşar qızılbaşları məşhuru-cahan olublar. Bu tayfa Əhməd Sultan, Şahruh bəy Əfşar, Xəlil bəy Əfşar kimi adlı-sanlı sərkərdələri, neçə-neçə mərd oğulları ilə ad-san qazanıb. Şah İsmayıl, Qəndahar vilayətində Səfəvi xanədanına qarşı baş vermiş üsyanı yatırmağı Şahruh bəy Əfşara həvalə etmişdi.
– Ana, bəs, Şahbəyim nənə demirdi ki, bizim tayfaya nəyə görə Əfşar deyiblər?
Gövhərbəyim ana bu dəfə İbrahimin başını tumarladı:
– Qədim-qayımdan əfşar – öz işini bilən və tez görən adama deyərmişlər. Bu tayfa da öz başçısının adı ilə – Əfşarla tanınıb. Müharibə zamanı Əfşar ulu əcdadımız Oğuz dədənin həmişə sağında döyüşərmiş. Türk oğlu türkə məxsus olan ucsuz-bucaqsız torpaqlarda əfşarlar şanına şayan olan əfsanəvi ad-san qazanmışdılar. Oğuz türkləri Türküstandan Aralıq dənizinəcən, Qafqazdan Kəngər4 körfəzinəcən böyük ərazidə dövlət qurmuşlar. Səlcuqilər əyyamında Əfşar elinin şöhrəti aləmi bürümüşdü. “Əfşar” sözü yağıların arasında elə vahimə yaratmışdı ki, onlar öz uşaqlarını “Off...şar gəldi” deyə qorxuzurdular. Amma ulu olmuşların dediyinə görə, Çingiz xanın yürüşü zamanı Azərbaycanda məskən salan əfşarlar itaətsizlik etdiklərinə görə ora-bura sürgün ediliblər. Əvvəllər elə Asiyadan – Gündoğar məmləkətlərdən Çingiz xanın zülmündən baş götürüb buralara köçüb gələn əfşarlar da az olmayıb. Burada kök atıb şaxələnsələr də, bəla arxalarınca düşüb, onlardan əl çəkməyib. Çingiz xanın oğlu Cücü xan hökmdar olanda monqol-tatarlar ən gözəl qızlarımızı əsir kimi aparıblar...
Şahbəyim nənəmiz özündən böyük ağbirçəklərin dilindən belə bir kövrək bayatı çağırardı:
Apardı tatar məni,
Qul edib satar məni.
Yarım vəfalı olsa,
Axtarıb tapar məni...
Gövhərbəyim ana riqqətə gəlib kövrəldi. Gözləri nəmləndi. Sonra özünü əla alıb, sözünə davam etdi:
– Hə, Kəbkan kəndi Şah İsmayıldan sonralar da, elə Şah Abbas cənnətməkanın zamanında da yaylaq yeri kimi qaldı. Bizim Qırıxlı camaatı hər payız Allahu-Əkbər dağından qışlağa enərdi. O zaman rəhmətlik atanız çarvadarlıq edərdi. El arasında çodar İmamqulu deyərdilər ona. Köçün yükünü dəvələrlə yaylaqdan qışlağa, qışlaqdan yaylağa aparardı. Çarvadarın bir işi-gücü də ata minib, əvvəlcədən dağlarda yaxşı yaylaq yeri manşırlamaq – tapmaq idi.
Nadir elə bil, qəfil yuxudan ayıldı:
– Hə, hə, bir dəfə dağdan enəndə huş məni aparırdı. Dədəm deyirdi ki, dəvədən sorşurlar ki, eniş yaxşıdır, ya yoxuş? Dəvə də qayıdıb deyib ki, belində yük varsa, enişə də lənət, yoxuşa da... İndi bildim, dədəm o məsəli niyə tez-tez çəkirdi.
Gövhərbəyim ana:
– Eniş-yoxuş elə adam üçün də ağırdır, bala! İllah da, ikicanlı olanda. Nadir, sən boynumda olanda yaylaq vaxtı qurtarhaqurtarda idi. Köç arana yola düşmuşdü. Dağdan aşağı əzab-əziyyətlə enirdim. Məhərrəm ayının iyirmi səkkizinci günü idi5. Bura – Dəstgird kəndinə çatar-çatmaz sancım tutdu. Qırıxlıya hələ çox yol vardı. Havalar da soyumuşdu. Atan dəvəni xıxırdıb, belinə aşırdığı iri xurcundan çadırı çıxardıb qurdu. Əlqərəz, oradaca azad oldum – sən dünyaya gəldin... Atan səni babanın adı ilə çağırdı.
Nadir soruşdu:
– Ana dədəmin o çadırı qurduğu yeri mənə göstərərsənmi?
– Oranı neynirsən ki, başına dönüm?..
– Allah qoysa, şah olanda, orada böyük Mövludxana6 tikdirəcəyəm.
– Oğlum, yavaş danış, yerin də qulağı var, birdən Allah eləməmiş, gedib İsfahanda Şah Sultan Hüseynin qulağına çatar...
Nadir gülümsündü:
– Rəhmətlik dədəm də belə deyərdi. Allah eləsin ki, gedib çatsın. O əyyaşın məmləkətdən xəbəri olsaydı, onun-bunun ayağı altında qalmazdıq ki... Elə bil, damarlarından heç Səfəvi qanı axmır...
Gövhərbəyim ananın üzünün ifadəsi qəfil dəyişdi:
– Eh, gözümün işığı, saraylarda olan söz-söhbətlər nə dərə-təpə tanıyır, nə də uşaq-böyük, pis xəstəlik kimi yayılır. Allah-təala yenə bu məmləkətə Şah İsmayıl kimi bir igid sərkərdə nəsib edər inşallah, sinədəftər söz sərrafları demişkən, bu cahan ərənlərin meydanıdır. İgidin adını eşit, üzünü görmə! Bəlkə o igid, bizim eldə-obadadır? Allah sənin də hər nə muradın varsa, hasil eləsin...
– Onda sən, bizə Şah İsmayılın şücaətindən danış, ana...
Bu zaman bayırdan tükürpədən qışqırıq səsləri gəldi. Gövhərbəyim ana təşviş içində uşaqlarının üzünə baxıb udqundu:
– Aman Allah, bu nə səsdir, yoxsa kəndə quldurlar basqın edib?..
Hay-həşir səsinə çölə çıxdılar. Dərəgözə hücum edən özbəklər evləri yağmalayırdılar.
Xorasan əhli yadelli talançıların bu cür basqınlarına öyrəncəli olsa da, həyəcanla ayağa qalxmışdı. Kimi qapılarını, darvazalarını bağlayırdı, kimi yaraq-yasağını götürüb quldurlarla savaşırdı, kimi də evində qiymətli nə vardısa, xurcuna yığıb, hara gəldi qaçırdı... İtlərin həyəcanlı hürüşü, atların kişnərtisi, mal-qaranın böyürtüsü, qoyun-quzunun mələşməsi, qadınların şivən səsi Dərəgözü başına götürmüşdü. Ətrafa ətir saçan gül-çiçəkli bağ-bağçalar qaçaq-quldurun tapdağı altında qalmışdı. Ot-ələf yığılmış tayalar, samanlıqlar od tutub yanırdı. Tüstüsü get-gedə göyə bülənd olan kənddə yalnız cümə məscidinə sığınanlar basqınçıların əlindən yaxalarını qurtara bilmişdilər.
1 El arasında Kəlat Allah tərəfindən yaradılmış qəsr və qala adlandırılırdı.
2 yapağı – yazda qırxılan qoyun yunu
3 soyurğal – nəsil, qəbilə torpaqları
4 Kəngər – indiki Fars körfəzi.
5 Nadir şah hicri tarixiylə 1100-cü ildə məhərrəm ayının 28-də, Milad təqviminə görə 22 noyabr 1688-ci ildə dünyaya gəlib
6 Mövludxana – doğum evi
Hüseynbala MİRƏLƏMOV




Bu yazı ( 575 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar