12px14px16px18px

SONUNCU FATEH

Hüseynbala MİRƏLƏMOV
00:45 / 08.01.2011


Sərkərdənin sarayı – atının yəhəridir.
Nadir şah Əfşar
Başın tacı – ağıldır.
Nadir şah Əfşar
PROLOQ
Gecənin bir aləmində, süd kimi Ay işığında sükuta qərq olmuş çöl-biyabanda əvvəlcə at kişnərtisi, sonra da araba təkərlərinin cırıltısı eşidildi. Ətəyi seyrək ağaclıq olan təpənin başında bayquş aram-aram ulamağa başladı.
Nadir şahın keşiyini çəkən gözətçilərdən ikisi – biri yaşlı, digəri cavan sərbaz yaxınlıqda bir ins-cins görünməsə də, hər ehtimala qarşı, gözətçi məntəqəsindən üzü aşağı endilər, əllərində tutduqları məşəlin gur işığında ətrafı ələk-vələk etdilər.
Təpənin ətəyinə çatanda, yaşlı sərbaz yerə yatıb, qulaqlarını yay günəşinin istisi hələ də getməmiş torpağa söykədi. Sonra nəsə duyubmuş kimi tez ayağa qalxıb, cavan sərbaza dedi:
– Təpənin başına qalxaq!..
Təpənin o üzündə at ayaqlarının tappıltısı, araba təkərlərinin cırıltısı get-gedə uzaqlaşıb Aylı gecənin qaranlığına qarışırdı.
Yaşlı sərbazla cavan sərbaz rahatca nəfəs aldılar. Geri qayıdanda cavan sərbaz yaşlı sərbaza dedi:
– Görünür, bunlar qiyamçıların adamlarıdı.
– Hə, hə... Yəqin ölülərini basdırmaq üçün elə birbaşa qəbiristanlığa aparırlar...
– Düz eləyirlər. Meyitləri səhərəcən saxlasalar, iylənər...
Məşəlin işığında şəvə kimi qapqara saqqalına asta-asta tumar verən cavan sərbaz yoldaşının fikrinə şərik çıxıb dedi:
– Qiyamçıların meyitlərini aparmağa gələnlər lap münasib vaxt seçiblər. Çünki Nadir şahın qorxusundan gündüz bu həndəvərə gəlməyə heç kəs cürət etməz.
– Bu təpənin adı, əlbəttə ki, indən belə, Nadirtəpə olacaq. Əgər dünən öz qanlarına susamış Xabuşan kürdləri Aladağa qaçmasaydılar, Nadir şah onların da hamısını cəhənnəmə vasil edəcəkdi...
– Sən elə bilirsən ki, bu qiyam qaldıranlar təkcə Xabuşan kürdləridir? İndi Əfşarlar səltənətinin hər tərəfini iğtişaşlar bürüyüb...
Yaşlı sərbaz nə düşündüsə, birdən səsini yavaşıdıb, pıçıltıyla dedi:
– Deyilənlərə görə, Sistanda üsyançılara başçılıq edənlərdən biri elə şahımızın doğmaca qardaşı oğludur.
– Əliqulu mirzə... Şahənşah güvənib onu ora göndərmişdi ki, üsyanı yatırsın. O isə nə etdi? Üsyançıları başına yığıb, əmisinə qarşı çıxdı.
Yaşlı sərbaz halını pozmadan, bayaqdan necə danışırdısa, elə o tərzdə də sözünə davam etdi:
– Hə, şahımızı qəzəbləndirən də elə budur.
– Dünya yaman xarablaşıb, baba,- deyə cavan sərbaz təəssüflə köks ötürdü,- dünən adam bilib, çörək verdiyi dost-doğmaca əqrəbası da bu gün ona – böyük şahları dizi üstə çökdürən, Hindistan kimi böyük məmləkəti fəth edən İsgəndər Zülqərineyn qüdrətli Nadir şaha asi çıxıb.
– Eh, sən hələ cavansan, mən çox şahlar görmüşəm. Kənardan baxanda elə bilirsən ki, şahlar bu dünyanın ən bəxtəvər adamlarıdı. Amma belə deyil. Onlar həyatın kefini çəkə-çəkə həmişə bikef olurlar. Qaşqabaqları yer süpürür. Taxt-tacı əlindən gedən şahın isə nəsibi ya qaranlıq zindandı, ya da soyuq məzar...
Gözətçi məntəqəsinə çatar-çatmaz sərbazlar susub yan-yörələrinə baxdılar.
...İçəridə yuxusu çoxdan qaçmış Nadir şah dərin düşüncələrə qərq olmuşdu. O, şan-şöhrətin zirvəsinə çatsa da, özünü uçurumun qarşısında dayanmış kimi hiss edirdi. Xüsusilə də qardaşı oğlunun xəyanəti onun əsəblərini hədsiz dərəcədə korlamışdı...
Nadir şah Dehlini fəth edəndən bir qədər sonra saraya baş əttar təyin etdiyi bacarıqlı hind loğmanı Ələvi xanı xatırladı. O, beş-altı il bundan əvvəl izn alıb, Məkkə ziyarətinə getmişdi. Amma uzun müddət idi ki, ondan bir soraq yox idi. Ələvi xan, qəzəbinin cilovunu yığa bilməyən Nadir şahı təkcə dava-dərmanla, pəhriz saxlamaqla müalicə etmirdi. “Söz də ən yaxşı müalicə üsuludur” – deyən Ələvi xan öz iradları, söylədiyi açıq-saçıq fikirlərlə sanki Nadir şahı ovsunlayardı. Onun müalicəsindən sonra Nadir şah bir dəfə də olsun əbəs yerə əsəbləşib kiminsə qətlinə fərman verməmişdi. Ələvi xandan sonra bir çox avropalı həkim onu müalicə etsə də, səhhəti düzəlməmişdi...
Ötən ilin dekabrından bu günə kimi Nadir şahın müalicəsi ilə məşğul olan fransız həkim Pyer Bazinin çadırı qarşı tərəfdə – onunla lap üzbəüzdə qurulmuşdu. Nadir şah bütün gecəni yuxusuzluqdan əziyyət çəksə də, həkimi çağırtdırmaq istəmirdi. Ona elə gəlirdi ki, indiki halının heç bir xəstəliklə əlaqəsi yoxdur. Yatağının yanında qıraqları qızıl suyuna çəkilmiş, iki il əvvəl rus imperatriçəsi tərəfindən hədiyyə edilmiş böyük aynada özünə baxdı. Üzünün cizgiləri dəyişmişdi. Sanki birdən-birə xeyli qocalmışdı; özünə “Qılınc oğlu” deyən, böyük qələbələri ilə İngiltərəni, Rusiyanı qorxuya salan, Osmanlı dövlətini sülhə vadar edən, bununla da, iki müsəlman dövləti arasında uzun illərdən bəri davam edən ixtilafa son qoyan dəmir iradəli hökmdarlar hökmdarının ürəyinə daman qorxunc fikirlər rahatlığını əlindən almışdı. Üç gün idi ki, Xabuşandan iki firsəng aralıda – Fəthabadda düşərgə salıb durmuşdu...
...1747- ci ilə qədəm qoyar-qoymaz Nadir şahın cidd-cəhdlə qurduğu Əfşarlar səltənətini üsyanlar dalğası bürümüşdü. Azərbaycanda, Xarəzmdə, Bəlxdə, İraqda, Kirmanşahda... baş verən iğtişaşlar getdikcə ölkənin hər tərəfinə yayılırdı. Axır vaxtlar ruhdan düşmüş Nadir şah gününü, əsasən, hərəmxanasında keçirirdi, bir də yanında yəhərlənmiş at saxlayırdı, işdi-şayəd, yaxın ətrafı ona sui-qəsd etməyə cəhd etsə, dara düşsə, ürəyini sıxan bütün qara-qura şübhələrin pəncəsindən qurtarmaq üçün atını düz Kəlat qalasına çapacaqdı. Artıq şahzadələri və sevimli nəvəsi Şahruhu ora yollamışdı. İndi “vaxt yetişib” – deyə özü də ora getməyi qərara almışdı. O, sayılması mümkün olmayan pulunu, ləl-cəvahiratını, başqa dəyərli əşyalarını Kəlat qalasında tikdirdiyi böyük xəzinə binasında saxlayırdı. İstər ailəsi olsun, istər xəzinəsi – hər ikisi onun üçün çox qiymətli idi. Nadir şahın həyatının təhlükədə olması ailə üzvlərinin məhvi demək idi: “Dünya vəfasız dünyadır, hansı cahangirə vəfa qılıb ki, mənə də qılsın?..”
Novruz bayramından üzü bəri gah Əmir Teymurun, gah da Şah İsmayıl Xətainin xəyalı tez-tez gözləri önündə canlanırdı. Hətta ona elə gəlirdi ki, onların, uzaqdan da olsa, səslərini eşidir. Sanki onların hər ikisi qərinələrin o üzündən süzülüb gələn mənalı baxışları ilə onu nədənsə agah etmək istəyirdilər.
Nadir şah düşünürdü: “Builki Novruz bayramı sevincdən çox qəm-qüssə gətirdi mənim səltənətimə... Yeddi il bundan əvvəl Əmir Teymurun qəbir daşını türbəsindən çıxartdırıb, Məşhədə gətizdirdim ki, bu müqəddəs məkanda – İmam qərib Rzanın məqbərəsində qoyulsun. Amma bir müddət sonra fikrimdən vaz keçdim. Axı, böyük cahangirin vəsiyyətinə görə nəinki onun qəbrinə toxunan adamın özünü, hətta məmləkətini də fəlakət gözləyirdi. Xalqın başbilənləri də ölünü məzarından çıxarıb, yerini boş qoymağı, başqa qəbiristanlığa aparmağı, əzəldən bədbəxtlik əlaməti saymışlar. Mən də buna inandım, öz sələfim sandığım böyük sərkərdənin sinə daşını yenidən Səmərqəndə yolladım... Bəlkə buna görə Əmir Teymurun xəyalı gözlərimin önündən getmir?!
Şah İsmayıl Xətai isə həmişə başını aşağı dikir, üzümə heç baxmaq da istəmir. Döyüşdə məğlubiyyətin acısını dadmış yaralı aslan kimi dayanıb şirin ləhcəylə deyir: “Ey Nadir şah Əfşar, sən mənim yaşım qədər döyüşlər gördün, qələbələr qazandın, ölkənin torpaqlarını iki dəfə genişləndirdin, amma nəfsinlə savaşa bilmədin. Sən qızılbaş tayfalarının birliyi sayəsində yaradılmış Azərbaycan Səfəvi dövlətinin laxlayan dayaqları üstündə qurduğun Əfşarlar səltənətini tədricən İran dövlətinə çevirdin... Məni, türk sultanına yazdığın məktublarla şiəliyi əlimdə bayraq etdiyimə görə qınadın! Tutaq ki, bu sənə iki müsəlman dövləti arasında məzhəb ixtilafına son qoymaq üçün lazımdı. Bəs, taxt-tacdan salandan sonra əsir həyatı yaşatdığın İkinci Təhmasibin, Üçüncü şah Abbasın nə günahı var? Bu azmış kimi, oğlun Rzaqulu mirzə ulu babam Şeyx Səfəvinin ruhunu incitdi. Səfəvilərin kiçik İsmayılını gözünü qırpmadan qətlə yetirib, başını kəsdi... Sən oğlun Rzaqulu mirzəni taxtına göz dikdiyinə görə cəzalandırsan da, peşmansan, qəzəbin vicdanının gözünü o qədər kor edib ki, özün öz başına açdığın bəlanı görmürsən, ona görə də bu dərddən xilas ola bilməyəcəksən... Sən təkcə səfəvilər nəslini deyil, əfşarları, qacarları da özünə düşmən etdin! Tanrının insana verdiyi ömür payı az olsa da, bu qısa zaman ərzində əbədiyyəti qazanmaq olar... Dinlər, məzhəblər müxtəlif təriqətlər çox olsa da, Şeytan birdir. Şahlar istər adil olsun, isətərsə zalım, əgər Şeytanın vəsvəsəsinə uyubsa, deməli, öz qətlinə fərman verib”.
Nadir şah bu sözlərin qarşılığında mənalı-mənalı gülümsünüb demişdi: “Ey böyük cahangir, sən mənə bu dünyada Şeytana uymayan bir şah göstərə bilərsənmi? Mən müsəlman dövlətlərinin birliyini qurmaq xatirinə şiə-sünni məzhəbləri arasında acı bağırsaq kimi uzanan davalara son qoymaq istədim... Qorxuram ki, əsirlər ötüb keçəndən sonra da bu ixtilaf ucbatından biz müsəlmanlara çox ağır zərbələr dəysin...
Ən böyük arzularımdan biri Çin məmləkətini fəth etməkdi. Özüm də bilmirəm məni buna vadar edən nədir? Bəlkə də, Çingiz xanın haqqında eşitdiyim söhbətlərdi...
Yazıqlar olsun ki, həmvətənlərimizin dövlətə qarşı çıxmaq istəyi bir çox arzularımı gerçəkləşdirməyimə mane oldu. Kaş, nə ölkə daxilində tez-tez baş verən bu qiyamlar olaydı, nə də mən öz təbəələrimin qanını tökəydim...”
Yuxu... Yuxuda bəzən susuz səhralardan keçirsən, bəzən su əvəzinə insan qanı axan çaydan, bəzən dağ-daş üstünə gəlir, yer ayağının altından qaçır, bəzən quş kimi göylərdə qanad açırsan, bəzən də yüz ilin ölüsü ilə görüşürsən...
Nəhayət, səhər açıldı...
Bəli, 1747-ci ilin füsunkar səhra yazının çox səfalı – insanın xəyallarını, düşüncələrini oxşayan, ruhuna həzin mehlə sığal çəkən günəşli bir səhəri idi. Elə bil, gözləri önündə uzanan bu yamyaşıl səhra qərinələr boyu heç qanlı-qadalı müharibələrə şahid olmamışdı...
Dünən yaşıl otların üstünə yüzlərlə insanın al qanı axmışdı. Qafqazın güneyini, İraqı-əcəmi, Hindistanı, Orta Asiyanı, Əfqanıstanı zəbt etmiş Şahənşah – fatehlər fatehi Nadir şah Əfşar on altı minlik qoşunu ilə qiyamçıları pərən-pərən salsa da, taleyin acı iztehzasına tuş gəlmişdi. Dünyanı fəth etmək uğrunda başladığı savaşı indi o öz məmləkətində şahlıq səltənətini qorumaq üçün aparırdı...
Bu yaz yorulduğunu, qocaldığını ilk dəfə hiss etmişdi. Müharibələr aparmaqdan, qiyam yatırmaqdan, insan qanı tökməkdən usanmışdı. Bir də qəlbini sıxan şübhələr, qəribə yuxular onu çox narahat edirdi. Ona görə də, bu gün o öz qəlbində Xorasandakı Kəlat qalasına getməyi qərara almışdı.
Yazın son günləri idi. Elə bil, yamyaşıl otlar ucsuz-bucaqsız çöllərə xalı kimi döşənmişdi. Bu zamanlar səhra çox gözəl, əsrarəngiz olurdu. Düz otuz yeddi il sərasər Nadir şahla birlikdə at belində olan Əfşar döyüşçüləri bir anlıq nəfəs dərib təbiətin seyrinə dalmışdılar; indi bu an onlara elə gəlirdi ki, göz oxşayan səhra çiçəkləri dünyanın ən ətirli, ən əlvan çiçəkləridir. Çöl-bayırdan bal ətri gəlirdi. Keşikçilər əl-qolunu uzadıb çəmənlikdə uzanmışdılar. Saysız-hesabsız insan cəsədləri təpənin o üzündə qalmışdı. Bəri tərəfdə isə, hətta ağır yaralanmış döyüşçülər də zarımaqlarına ara verib, torağayların səsinə qulaq asırdılar.
Nadir şah isə, gecə gördüyü dəhşətli yuxunu yozmaq üçün fikrə getmişdi. Çadırdakı böyük yatağında oturub, gah yarıaçıq pərdədən səhranın sübh çağının hüsnünə, gah da hələ də yanında yatan Sitarənin gözəl çöhrəsinə baxırdı. Amma bunların heç biri gördüyü yuxunun narahatlığını qovub apara bilmirdi. Şahənşahın gözlərindən yorğunluq yağırdı, əhval-ruhiyyəsi çox bərbad, könül xanimanı viran idi.
“Görəsən bu nə yuxudu? Mələklər məni nədən xəbərdar etmək istəyirlər? Taxt-tacımla, həyatımla bağlı təhlükəmi var? Əmir Teymur mənə nə demək istəyirdi, Şah İsmayıl niyə pəjmürdə idi? Yoxsa həyatıma sui-qəsd hazırlanır?” Nadir şah düşünürdü ki, axı bu, heç vaxt mümkün ola bilməz. Onu ən etibarlı adamları – əfşar mühafizəçiləri qoruyurdular və onların hamısı onun yolunda hər an canlarından keçməyə hazır idilər.
Nadir şah hər gecə gözətçilərini dəyişdirirdi. Növbəti axşam kimlərin ona keşik çəkəcəyini heç kim bilmirdi. Nadir şah fikirləşirdi ki, məgər elə bu – ehtiyatın özü təhlükənin gözlənildiyinə dəlalət etmirmi? Görünür, yuxumda gördüklərim ayıq-sayıq olmağıma bir işarədir. Yuxuda qılıncını əlindən almışdılar...
Yaxşı ki, Sitarə yuxudan oyandı. O, Nadir şahın fikirli halda oturduğunu görüb, tələsik zər-zibalı paltarını geyindi, saçlarını arxaya yığaraq, örpəyini başına bağladı, sonra üz-gözünə gülab vurub yerindən qalxdı: “Sabahınız xeyir, qibleyi-aləm!”, – dedi.
Nadir şah susqun baxışlarla gənc qadını sakitcə salamladı. Başını yırğalayıb, qəlbində: “Allah üzümüzə açılan hər sabahımızı xeyrə calasın! Bəndəyə qalsa, bu işıqlı, gen dünyanı da bizə dar edər... Əgər o bəndə sənin doğma əqrəbandırsa, onda, daha pis...” – deyə düşündü və qalxıb çadırdan çıxdı.
Gözətçilər onu görən kimi əmrə müntəzir dayandılar. Onlar da, onlara başçılıq edən Qoçu bəy Əfşar da yenicə özlərindən əvvəlkiləri əvəz eləmişdilər. Nadir şah onlarla salamlaşıb dayandı və istər-istəməz, səhrada yazın son növrağına tamaşa etməyə başladı. Çobanlar sürüləri düzəngaha – yaşıl otlaqlara yaymışdılar. Vadinin kənarında balaca bir çoban heybəsini çiyninə aşırıb, böyük adamlar kimi çomağına söykənmişdi. Nadir şahın uşaq vaxtı at ilxısı güddüyü günlər yadına düşdü...
İstər şah olsun, istər çoban – insan oğlu öz keçmişini unuda – ata bilmir. Hə, axı, bir vaxtlar o da eynilə bu balaca çoban kimi otlaqda beləcə dayanıb yerə-göyə, dağa-daşa, ota, suya tamaşa etmişdi...
Atası İmamqulu kişi cavanlığında kürktikən olmuşdu. Gözlərinin nuru azalmağa başlayan gündən ailəsinin ruzisini qazanmaq üçün ilxı saxlamağa başlamışdı. Ara-sıra balaca Nadir də ilxını otlağa aparan atasına qoşulardı...
Bir dəfə dağda yay günü qəfildən şimşək çaxdı...
Nadir şah həmin günü xəyalında canlandırmağa macal tapmamış, qulluqçular dərhal səndəl gətirdilər. Nadir şah əyləşdi. O, fikirlərin-xəyalların qoynunda artıq ötən çağlara dönmüşdü... Nə barədə düşünməsi keşikçilərin başçısı Qoçu bəy Əfşarı əməlli-başlı xoflandırmışdı. Alaçığın kənarında dayanıb, saqqalına tumar çəkə-çəkə Nadir şahı altdan-altdan xeyli süzdü...
Nadir şahın isə yaddaşında bu günəcən unuda bilmədiyi xatirələr dil açmışdı. Ona güc verən, cəsarətini artıran əhvalatlar gözlərinin önündə bir-bir canlanırdı. O günlər Nadir şahı əbədi şan-şöhrət pilləsinə qaldıran tarixi günlər idi! Buna görə də Münşi əl-Məmalikə (yəni dövlət katibinə) və eyni zamanda şəxsi salnaməçisi Mirzə Mehdi xan Astarabadiyə göstəriş vermişdi ki, “Tarixi-Nadir” yazsın.
Nadir şah Kürdan sazişindən sonra Mirzə Mehdi xanı yaxın dostu Mustafa xanla birlikdə Osmanlı sarayına göndərmişdi. Sədheyf, indi ondan uzaqlarda idi. Yəqin ki, Mirzə Mehdi xan şahın bu an hansı hisslər keçirdiyindən xəbərsizdi. Bəlkə də Mirzə Mehdi xan heç vaxt bilməyəcəkdi ki, yüzdən çox savaş aparan, zəfərlər qazanan Qılınc oğlu indi çətin sual qarşısında aciz qalıb. Nadir şah ömründə cəmi yeddi dəfə sövq-təbii nərə çəkmişdi. Hər dəfə də onu buna vadar edən ilahi qüvvənin şah damarı qədər yaxınında olduğuna inanmışdı...
Döyüşün qızğın çağında onun ucadan eşidilən qeyri-adi səsi düşməni dəhşətə gətirərdi. Bir dəfə Nadir şahın çəkdiyi nərəyə görə öyündüyünü eşidən Osmanlı sultanı Mahmud paşa İrana güclü səsə malik olan bir hambalı elçi göndərir. Nadir şah elçini qəbul edən gün aralarında kiçik səs yarışması olur. Hambalın – elçinin səsi daha qayım çıxır, sarayın divarlarında əks-səda verir. Nadir şah gülümsünüb deyir: “Mahmud paşaya de ki, məmləkətində sənin kimi bir kişinin olduğuna ürəkdən sevindim...”
Nadir şah o zaman, doğrudan da, sevinmişdi. İndisə...
İndisə birdən-birə məyus oldu. Bəlkə Nadir şahın gücü ilə bərabər nüfuzunu da birə on qat artıran səsi korşalmışdı?!. Korşalmış səsin də qınında pas atan qılınc kimi kəsəri olmur. Məmləkətdə üsyana başçılıq edənləri ürəkləndirən də, görünür, elə bu idi.
Nadir şah bu gün öz zabitəli səsinə keçmişdəkindən daha çox ehtiyac duyurdu...
Boğazını bir neçə dəfə arıtladı və qeyri-ixtiyari ayağa qalxdı. İndi Nadir şah Ala- dağa baxa-baxa var gücü ilə qışqırmaq istəyirdi; əgər yeniyetmə, ya da cavanlıq çağındakı kimi qışqıra bilsəydi, onda, hər şey qaydasında olacaqdı... Amma qışqıra bilmirdi: elə bil, gur səsi içində qeyb olmuşdu. O, ağır qaya parçası kimi səndələ çökdü, bir anlıq gözlərini yumub, qəlbinin dərinliyinə boylandı.
Nadir şah ilk dəfə yeniyetmə çılğınlığı ilə qışqırtısının dağa-daşa əks-səda saldığı günü xatırladı...
BİRİNCİ HİSSƏ
Sünbüllü tac

Nadir şahın yaddaşından silinməyən bu unudulmaz hadisə düz qırx yeddi il əvvəl – yəni Miladi təqvimiylə 1700-cü ildə olmuşdu.
O vaxt özündən böyüklərin, yəni yaşlıların qorabişirən ay adlandırdıqları avqustun axır-uxuru idi. Günəş aran yerlərində ot-ələfi qovurğa kimi qovurmuşdu. Amma kənddən xeyli yuxarıdakı yaylaqlarda yamyaşıl otlaqların otu bahar təravətini, dadını – şirəsini hələ də itirməmişdi. Ona görə də İmamqulu kişi ilxını bir neçə gün idi ki, oğlu Nadirlə sərin, həm də otu bol olan yerə aparırdı. Dərələrə sarıla-sarıla qıjıltı ilə axıb gedən dağ çayı dili ağzında kösöv kimi yanan atların yanğısını – su həsrətini söndürürdü.
Quyruq donmuşdu. İmamqulu kişinin, elə bil, əl-ayağı üşüyürdü – yapıncısına bürünmüşdü...
On iki yaşlı Nadir göydə qara buludların çaxnaşdığını görüb atasına baxdı. Atasının gözləri yaxşı görmürdü, amma havanın iyindən onun necə olduğunu, hətta necə olacağını da hiss edirdi.
İlxını kənd-kəsəkdən çox uzaq bir yerə gətirmişdilər. Axşama xeyli qalırdı. İndidən ilxının başını geriyə – kəndə sarı döndərmək olmazdı. Atasının üşüməsi, yarğanın qırağında qalın yapıncıya bürünüb rahatca mürgü vurması balaca Nadiri qayğılandırsa da, o, vəfalı itlərinin – Pələnglə Bəbirin ortasında daş üstə oturaraq, gözlərini Qaraçəmən otlağında sakit-sakit otlayan ilxıya zilləmişdi.
Ətraf, elə bil, çöl otlarının – yonca və çobanyastığının, quşəppəyinin, zəncir otunun sərgisi idi. Balaca Nadir, burunlarını bu ətirli çöl çiçəklərinə sürtə-sürtə, gəzişib şirəli otları qoparan atlara həvəslə baxmaqdan sanki zövq alırdı. Dərəgöz adlanan bu yaylaq Xorasanın ən səfalı guşələrindən idi. Buradan Qaraçəmənə hər iki tərəfi sıldırım uçurum olan dar bir cığır gedirdi.
Yayda burada havalar tez-tez dəyişirdi və ələlxüsus da Çənlibelə bənzəyən bu Qaraçəməndə. Göyün üzü bəzən gündə iki-üç dəfə tutulub-açılırdı. Burada nə yazda, nə də yayda qəfil yağışlar əskik olmurdu. Bu da Dərəgözdə ilboyu ətrafa ətir saçan növbənöv yoncaların, çəmənlik çiçəklərinin cücərib, boy atmasına səbəb olurdu. Ətri ətrafı başına götürən qara yoncadan yeyib kökələn Dərəgöz atlarının bazarda müştərisi həmişə vardı...
Qaraçəmən yaylası, əslində, gədik idi. Ana təbiət, elə bil, iki dağın arasında – əlçatmaz bir yerdə cənnət-məkan yaratmışdı.
Balaca Nadir Pələnglə Bəbirin arasında oturub, gah mürgüləyən atasına, gah da yavaş-yavaş göy üzünü bürüyən qara buludlara baxırdı. Onun uşaq düşüncələri göylər kimi hüdudsuz idi. Fikirləşirdi ki, sabah yenə qardaşı İbrahimlə Mirzəxanın oxuduqları mədrəsəyə gedəcəkdi. Hafizəsi yaxşı olsa da, oxumağa həvəsi yox idi və heç əlifbeyi də bilmirdi. “Ox atmağı yaxşıca öyrənməliyəm”, – deyə fikirləşirdi. Axı, Mirzə Qəzənfər əmisi söz vermişdi ki, kim hədəfi düz vursa, payızda madyanının doğduğu balanı ona bağışlayacaq. Bir anlığa gözünü ilxıdan çəkib yayını götürdü, yaxınlıqdakı qarağacın gövdəsini nişan aldı. Ox gövdənin tən ortasına sancıldı.
– Bəbir, – deyə o, gödək qulaqlarını şəkləyib ətrafı imsiləyən iti səslədi. – Vəliqulu ilə İbrahim mənimlə yarışa bilərmi?
Bəbir iki-üç ağız hürdü.
– Yəni deyirsən ki, yarışa bilməzlər?!
Bəbir yenə hürdü. Amma bu dəfə ona deyil, hündür qayanın üstündən havaya pərvazlanan qırğıya.
Nadir öz-özünə dedi: “Bax ha, doğrudan da, bu qırğı şığıyıb, kürüklərdən birini pəncəsinə alıb, apara bilər!.”
Bəbir yenə hürdü.
– Nədi? Yoxsa məni sınaqdan keçirmək istəyirsən?- deyə balaca Nadir gah itə, gah da ilxının üstündə dövrə vuran qırğıya baxdı, oxu yaya qoydu və ömründə ilk dəfə canlı hədəfi nişan aldı. “Ya Allah” – deyib, yayı çəkdi. Yaydan çıxan ox havada süzüb, qırğının bağrına sancıldı. Yaralı quş çuval kimi düz İmamqulu kişinin qabağına düşdü.
İmamqulu kişi diksinib yuxudan ayıldı və yaşına uyuşmayan cəldliklə çomağını götürüb ayağa qalxdı.
Pələnglə Bəbir hürə-hürə qırğının üstünə cumdular.
Balaca Nadir sevincindən elə bərkdən güldü ki, İmamqulu kişi çaşdı:
– Həəə, nooolub, oğul, niyə belə bərkdən gülürsən? – deyə soruşdu. – Ətrafa diqqət yetir, bu it ancaq qurda-quşa belə hürür...
Birdən o, qarşısında çöməlmiş Bəbirin ayaqları altında nəfəsi çıxmış əyridimdik quşu gördü və işin nə yerdə oluğunu biləndə, nədənsə, sevinmədi, əksinə, qəhərləndi.
– Bu sənin ilk ovundu... yırtıcı quşdu...
– Dədə, bəs niyə bikeflədin, yoxsa pis yuxu-zad görmüsən?
İmamqulu kişi qırmızı zoğal çomağına söykənib, bir müddət qıvrımsaçlı balaca oğlunun üzünə baxdı, sonra ah çəkib dedi:
– Yox, oğlum. Yaxşı yuxu görürdüm. Görürdüm ki, sən ağ atın üstündə Muğandan gəlirsən, başında da tac var. Di gəl ki, yan-yörəndə üstünə hücum çəkmək istəyən o qədər belə yırtıcı qurd-quş dolaşırdı ki... Yusif peyğəmbər özü axırını xeyir eləsin!..
– Dədə, – Balaca Nadir gülüb, özünə əmin-arxayın səslə dilləndi. – Mənim qurddan-quşdan qorxum yoxdu... İstəsəm, o qurd-quşun hər birini lap gözündən vuraram. Qaldı ki, başımda tac görməyinə, doğrudan da, yaxşı yuxudur...
Birdən o nə düşündüsə susdu. Yaxın günlərəcən tay-tuşları ilə çöldə taxta qılınc döyüşdürdüyünü yadına saldı. Taxta qılıncını hər dəfə əlinə alanda, sapsarı buğda sünbüllərini tac kimi papağına taxıb uşaqlara əmr verdi: “Mənə yaxşı-yaxşı baxın, mən sizin şahınızam, siz də mənim qoşunum, düşmənlə döyüşə çıxırıq, hazır olun!”. İki dəstəyə ayrılıb vuruşardılar. Hər dəfə də balaca Nadirin dəstəsi qalib gələrdi. İndi atası yuxuda onun başında həqiqi tac görmüşdü. Bir anlıq özünü ağ atın belində təsəvvür etdi. Bu anda içindən qəribə hayqırtı qopdu.
– Eheheyyy!!!
Səsi dağlarda əks-səda verdi və balaca Nadirin özünü də, atasını da heyrətə salan o nərədən çox qəflətən söylədiyi üç kəlmə oldu :
– Nadir şah gəlir!..
Səs dalğa-dalğa ətrafa yayıldı: “Nadir şah... şah...gəlir!”. İmamqulu kişi məzlum-məzlum oğluna baxa-baxa dağlarda əks-səda verən bu səsdən narahat olub, başını buladı:
–Yavaş ol, ay oğul, dağın-daşın da qulağı var.
Balaca Nadir güldü:
– Dili ki, yoxdur! Eh, bir də, ay dədə, sən yuxuda taxt-tac görsən də, görməsən də, mən böyüyəndə, onsuz da, Şah İsmayıl Xətai kimi, Şah Abbas kimi bir şah olacağam, – dedi. – Və sonra yenə haray çəkdi: – Ehhehey, eşidin, bilin, agah olun, mən Şahlar şahı... Şahənşah olacağam!..
1 Azərbaycan Səfəvi dövləti 1501-1736-cı illərdə mövcud olmuşdur
2 4 sentyabr 1746-cı ildə imzalanıb.
(Ardı gələn şənbə sayımızda)
Hüseynbala MİRƏLƏMOV




Bu yazı ( 457 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar