12px14px16px18px

DUYĞULAR İMPERİYASI

A.MƏSUD
00:37 / 04.12.2010




DUYĞU DƏRMANI

Bu səhər qanın durulması, toxumaların təmizlənməsi üçün qəbul etdiyim dərmanı suyla dolu qaşığa damızdırıb həkimin tapşırdığı kimi, bir neçə saniyə ağzımda saxlayarkən, neçə vaxdan bəri yaddaşımın ha tərəfinəsə, daxıla yığan tək, yığa-yığa saxlayıb kağıza köçürməyə hazırlaşdığım növbəti duyğular silsiləmi xatırladım...
DUYĞU-ADAM
Bir-birinin gah lehinə, gah əlehinə işləyən izaholunmaz qayda-qanunları arasında çaşıb azdığımız bu dünyanın şüurla yox, məramını və məntiqini qavramaq iqtidarında olmadığımız qüdrətli Duyğu sistemi ilə idarə olunduğu barədə uzun-uzadı fikir səyahətimi başa çatıranda anladım ki, mən özüm də Duyğuyam...
SÜRƏT QATARINDA
Son illərin iti zaman axarında – bir-birini il-ildən daha sürətlə qovub qapadan gecə-gündüz növbələnməsində özümü, pəncərələrindən görünən mənzərələri lilli çay suyu tək, böyür-başımdan axıda-axıda məni harasa uzaqlara – son mənzili, ünvanı təsəvvürümə sığmayan uzaq, sirli boşluqlara aparan sürət qatarında hiss edirəm... Qatarda məndən savayı ayrı sərnişinlərin olduğunu anlasam da, özümü qatarın yeganə ayıq sərnişini, bəzənsə bu dəli uçuşdan nəşələnib sürəti bir az da artıran sürücüsü hiss edirəm. Nə qədər çalışsam da, nəfəs dərib nə özümü, nə qatarın ilğımvari sürətiylə harasa, irəliyə sovrula-sovrula havaya dağılan duyğularımı saxlaya, toparlayıb kağıza köçürə bilmirəm... Bu dəli sürətin cəngindən qurtulmaqdan ötrü, yaxınlığımda – mənimlə yanaşı axan Yazı Ərazimə keçməli olduğumu, ora – yanaşı qaçan çaparaq atların birindən o birinə atılan tək atılmalı olduğumu anlayır, bütün qüvvə və bacarığımı bu taleyüklü sıçrayışa hazırlayıram...
OYANIŞ
Xırda, yorucu məişət qayğılarıyla yükləndiyim sıravi günlərin birində – həyat yoldaşım və uşaqlarımla şəhərkənarı gəzintiyə çıxdığım ilıq bir yay axşamı qəfildən, ətrafımdakı bu doğmalarımla birgə yoxa çıxacağımız, hamılıqla qərq olub, möhtəşəm hava uçurumlarında toz zərrəcikləri tək əriyib itəcəyimiz böyük ZAMAN kəsiyini ən yaxın məsafələrdə hiss edib vahimələndimsə də, elə həmin an, o əbədi HEÇLİY-in qaranlıq, dibsiz boşluqlarında pərən-pərən olub didərgin düşəcək bu mehriban ailə üzvlərimin – oğlum, qızım, ərim sandığım bu doğmalarımın, mənə heç bir aidiyyəti olmayan, sıravi, ölümlü insanlar olduğunu anlayıb dəhşətə gəldim...
GÖRÜNTÜ BURULĞANLARINDA
Günlər, aylar bulanıq mürgü yuxusu tək, hey ha yanasa axır... Hər şey canını, çəkisini itirə-itirə ötəri görüntüyə çevrilməkdədir... Bəlkə də nə vaxtsa hansısa filmdə, ya yuxuda gördüyüm bu tanış görüntülərin bir daha dirçələcəyinə, öz əvvəlki rənginə və halına qayıdacağına ümid yoxdu...
Artıq dostlar və qohumlar da görüntüyə çevrilməkdə, diri ikən yaddaşıma çökmək qabiliyyətini itirməkdədirlər... Uzun illərin qar, yağış izlərini divarlarında, sakinlərinin üzlərini və sözlərini canında saxlayan Mərkəz də artıq, nə vaxtsa, uzaq qərinələrdə buralarda yaşayıb-yaratmış qədim insan məskənini xatırlatmağa başlayıb...
DÜŞÜNMƏK AZARI
Nə vaxtsa bitib tükənəcəyini gözləsəm də, heç bir vəchlə bitib başa çatmayan saysız-hesabsız məişət problemlərini bir-birinin ardınca, nəfəs dərmədən həll edə-edə, canımı hey nələrdənsə qurtarmaq istədiyimi anlayan qızımın:
– Axı niyə bu qədər problemi sən bircə günün içində həll eləmək istəyirsən?.. – sualına:
– Axı sən bilmirsən, təsəvvürünə belə gətirmirsən ki, mənim o qədər işim var ki... – deyə cavab verdimsə də, qəfildən dediyim o “iş”-in nədən ibarət olduğu barədə düşünüb, bir o qədər də yüklü olmayan iş rejimimdə bitib-tükənməz məşğulluq əhvalı yaradan bu “işin”, illər uzunu saatlarımı, günlərimi və aylarımı ovuc-ovuc udan düşünmək azarı olduğunu anlayıb susdum.
YUXU DEBATLARI
Küləkli, yağışlı payız axşamlarıyla ekran qarşısında oturub təşviş və həyəcan dolu seçki debatlarını seyr etdikcə, nə iləsə gərgin şahmat oyununu andıran bu məclisin bir neçə dəqiqəyə sona yetəcəyini, studiyanın işıqlı salonunu tərk edəcək ehtiyatlı namizədlərin qaranlıq, küləkli küçələrlə evlərinə yollanacaqlarını, orda tənha yataqlarına girib, “islahat”, “təminat”, “təzminat” sözlərinin işləmədiyi sirli yuxu aləminə qərq olacaqlarını təsəvvürümə gətirdikcə, ürəyimin indicə baş verəcək nədənsə – hansısa təhlükədən sıxılan tək sıxıldığını duyurdum.
İLAHİ SİRLƏRDƏN
Müqəddəs Quranın, insanın canüstü əzablarını yüngülləşdirən “Naziət” sürəsində Axirət Günü barədə yazılan: “(Ey peyğəmbər,) səndən Qiyamətin nə zaman olacağını soruşurlar. De ki, Rəbbinin yanındadır Onun sonu. De ki, Onu görüncə elə xəyal edərlər ki, bu dünyada bir axşam və ya bir səhərdən çox qalmamışlar...” ayələrini oxuduqca, insanları, dağları, evləri kökündən qoparıb çəkisiz toz zərrəcikləri tək, havaya sovuracaq möhtəşəm Axirət Qasırğasının bizlərin düşündüyü kimi, qarşıda yox, hər zaman hardasa lap yanımızda – görünməz laylarla üst-üstə qalanmış sirli zaman ölçülərindən birində daimi əbədiliklə cövlan etdiyini anlayırsan...
GÖRÜŞ FƏSADLARINDAN
Bu səhər işə yollanarkən, şəhərin mərkəzi küçələrindən birində təsadüfən rastlaşdığım yaxın bir qohumumla – vaxtıilə yüksək vəzifələrdə çalışmış tanınmış atasının şan-şöhrət kölgəsi altında qayğısız, firavan həyat sürə-sürə, gözəl, təkəbbürlü vücuduyla ətrafındakılara, alçaq irqin nümayəndələrinə baxan tək, yüksəkdən baxmaqdan xüsusi zövq alan, zaman ötdükcə, atasının vəzifəsini və adını, sonra özünü itirib, pillə-pillə fağırlaşan, qocalıb, əldən düşüb, daha nə uzun illər işlədiyi idarəyə, nə ömrünü fəda elədiyi övladlarına gərək olmayan, həyatından, acı taleyindən, ananın haqqını itirən vicdansız balalarından narazı, üzüqırışlı, acıqlı qarıya çevrilən Sənəm xanımla uzun-uzadı söhbətlərdən sonra axşama qədər özümü nədəsə günahkar hiss elədim.
O MƏNİ SEVİR...
(hekayə əvəzi)
Yoldaşımın ad günü – hər iki əlim, axşamkı süfrəyə düzəcəyim hazır salatlar və qəlyanaltılarla dolu evə qayıdarkən qəfildən, qonaqlıq süfrəsinə qoyulacaq büllur piyalələrin qonaqların sayına bəs eləməyəcəyini, mənə otuz il bundan əvvəl bağışlanan – uzaq Çexiyada istehsal olunmuş altı ədəd büllur piyalədən cəmi üçcəciyinin qaldığını, üstəlik, hələ ötən ad günlərindən birində yoldaşımın, bütün qonaqların yanında mənə:
– Balam, süfrəyə ağıllı-başlı piyalə al da... – deməyini xatırlayıb ayaq saxladım...
Geriyə çönüb, piyalə almaq fikri ilə evimizin yaxınlığındakı Mərkəzi Univermağa yollandımsa da, yarı yolda, axşamkı qonaqlığın bazarlığına xərclədiyim pulun qalığına, yoldaşım deyən “ağıllı-başlı” piyalə ala bilməyəcəyimi, pul götürmək üçün evə qayıdacağım təqdirdə isə süfrəni bəzəməyi çatdırmayacağımı anlayıb yenidən dayandım...
Çönüb kor-peşman halda evə sarı addımlaya-addımlaya, bu axşamkı qonaqlığı yola vermək üçün ən yaxşı variantın, yalnız üç ədədi qalmış həmin o büllur piyalənin heç olmasa, cütünü əldə etmək olduğu barədə düşünüb yadıma, çil-çıraq, və qab-qacaq dəstlərindən ayrı-ayrı detalların satıldığı uyğun bir dükan salmağa çalışdımsa da, xatirimə bir şey gəlmədi.
Qanım qaraldı. Axşamkı qonaqlığın ən şirin məqamı, piyaləsi çatışmayan kiminsə:
–Bəs mənim piyaləm?.. – deyib mənə baxacağını təsəvvürümə gətirdikcə, ürəyimin sıxıldığını hiss edib dayandım. Nəfəsimi dərib bir neçə addım atmışdım ki, qəfildən vücudumu saran anlaşılmaz bir şövqün məni geriyə çönüb univermağa yollanmağa yönəltdiyini hiss etdim və artıq heç nə düşünmədən, geriyə çönüb tələsik addımlarla univermağa yollandım...
Ora, həmişə elədiyim kimi, əsas girişdən yox, univermağın alt mərtəbəsinə aparan yan qapılarından daxil oldum, heç nə haqda düşünmədən, böyür-böyürə uzanan hay-küylü qab-qacaq piştaxtalarının yanından ötüb növbəti şöbələrdən birinə daxil oldum, piştaxtanın qarşısıyla yeriyib, qəfildən gizli əmr almış kimi, ayaq saxladım və çönüb üzbəüzdəki satış rəfinə baxdım... Gördüyüm mənzərədən ürəyimin, az qala ayaqlarımın altına düşdüyünü, heyrətimdən çaşıb özünü itirən satıcının gözləri böyüyə-böyüyə:
– Sizə noldu, xanım?.. – deməsindən, olsun ki, dayandığım yerdə ləngər vurduğumu anlayıb özümü ələ aldım.
...Piştaxtanın o biri üzündən – üstünə müxtəlif ölçülü büllur badələr və piyalələr düzülmüş güzgülü satış rəfinin tən ortasından mənə, düz üç ədəd həmin o otuz il bundan əvvəl, uzaq Çexioslavakiyada istehsal olunmuş büllur piyalə baxırdı...
YAZIÇI GÜNAHI
(hekayə əvəzi)

Bir vaxtlar gecələrlə qucağıma qısılıb, özümdən uydurduğum növbənöv nağılları dinləyə-dinləyə yatmağa alışmış balaca oğlum Rüstəm gecələrin birində yuxulaya bilmədi, o biri otaqda yarımçıq qoyub gəldiyim əlyazmama qayıtmaq üçün yataqdan sivişdiyimi hiss edib gözlərini açdı, başını yastıqdan qaldırıb ardımca:
– Hara, bəs mən?.. – deyə qışqırdı.
Uşağın yuxusunu qaçırmamaqdan ötrü mümkün qədər astadan:
– Sən yat, gəlirəm indi... – deyib aradan çıxmaq istədimsə də, o, qurcalanıb dikəldi, dodağının altında:
– Mən bilirəm, sən hər gecə belə eləyirsən. Məni yuxuya verib, özünsə gedirsən... – dedi və yerinin içində oturub balaca əlləriylə gözlərini ovxaladı.
Nə deyəcəyimi bilmədim, ortaya düşən yöndəmsizliyi aradan qaldırmaq üçün:
– Sənə elə gəlir, mənim balam. Boğazım quruyub, su içim, qayıdıram. Sən uzan. – dedimsə də, Rüstəm uzanmadı, içi şübhə və maraq dolu gözlərini üzümə zilləyib kədərlə:
– Sən yenə yazmalısan, hə?.. – dedi.
Canımı bu gərginlikdən tezcə qurtarmaqdan ötrü qısaca:
– Hə, – deyib otaqdan çıxmaq istədimsə də, ayaqlarım getmədi...
– O yazı nə vaxt bitəcək?.. – Rüstəm qəfildən böyük adam səsiylə dedi, sonra elə bil ağlamaq istədi...
Fikrim, qonşu otağın yarıqaranlığında “soyuya-soyuya” yolumu gözləyən yazılarımda, qəfildən səbəbi özümə də aydın olmayan qəribə bir qəddarlıqla:
– Heç vaxt. – deyib dayandım.
Rüstəm, mənim bu sözümdən ağır zərbə almış kimi, balışın üstünə yıxılıb bir müddət hərəkətsiz qaldı, sonra üzünü divara çevirib yorğanı başına çəkdi.
...Ürəyimə axan qəfil günah hissindən qovrula-qovrula çarpayıya yaxınlaşdım, yorğanın altına girib Rüstəmi qucaqladım.
– Bəs nağılları danışıb qurtaranda deyirsən, hər şeyin sonu var?.. – Rüstəmin səsi xırıldadı, sonra o, geriyə qanrılıb içi qorxu dolu gözlərini üzümə zillədi.
– Nağılların sonu var, bu yazınınsa sonu yoxdu, mənim balam... – mən yenə həmin anlaqsız qəddarlıqla dedim və otağın yarıqaranlıq sakitliyində ölüm hökmü kimi səslənən bu sözlərdən boğazıma dolan qəhəri udub divar lampasının işığını keçirdim.
A.MƏSUD




Bu yazı ( 514 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar