12px14px16px18px

Məmməd İsmayıl – bizim gənclik dövrümüzün əfsanələşmiş şairi

Barat VÜSAL
00:44 / 13.11.2009
 
 
 
 
 
“Bəzən bütün bir gecəni, uzun bir həftəni tək bir sözü... Bəzən də bir bağlayıcını götür-qoy edirəm” – Alber Kamyu belə deyirdi.
Bu sözlər əsl sənətkarların yaradıcılıq əzabı haqqındadır. Və bu sözlər Məmməd İsmayıla da aiddir. Hətta mənə elə gəlir, ona desəydlər ki, ömrü boyu bircə hərfin dalınca gedəsi olacaqsan, o, buna da razı olardı. Necə ki 70 ildə Sözdən söz qoparmaq üçün yola çıxdı, Tovuzun Əsrik-Cırdaxan kəndindən Türkiyənin Çanaqqala şəhərinə qədər. Yazdığı bütün kitabları bir hərfin içində kodlaşdıra bildi.
Sözü dünyaya sığmadı. Özü bir hərfin içinə sığa bildi. O, Sözə Allaha sığınırmış kimi sığındı...
lll
XVII əsrdə “Ey ölüm, hardasan, həyat qırdı bizi” deyən Saib Təbrizinin səsinə XXI əsrdə M.İsmayıl belə səs verdi: “Ölüm Bizə çarə gəldi sultanım!”
lll
... Qədimdə Kitey adlı bir rus şəhəri olub. Batı xanın zülmündən yer altına çəkilib. İndi yerində göl var. Bəzi adamlar yer altına çəkilmiş bu şəhərin kilsələrindən gələn zəng səslərini eşitdiklərini söyləyirlər. Əsl şairin də taleyi çox zaman o şəhərin taleyinə bənzəmirmi? Qürbətə, gedir, yer altına çəkilir, göyə uçub qeyb olur. Adamların qulağına şeir səsi gəlir. Hərdən yerdən, hərdən göydən, hərdən Əsrik-Cırdaxandan, hərdən Çanaqqaladan...
lll
...Barış Manço çox arzulayırdı ki, öz sağlığında şəklini Türkiyə qəzetləri birinci səhifədə versinlər. Vermədilər. Ölüncə! Ölən kimi arzusunu yerinə yetirdilər. Sağ olsunlar!
Təkcə Türkiyədə deyilmiş bu cür faciələr. Azərbaycanda da beləymiş.
...Məmməd İsmayıl olmaqmış faciə, Məmməd İsmayıl olmaqmış günah!?
Nazim Hikmət düz deyirmiş: “Mənim yeganə suçum adımın Nazim Hikmət olmasıdır”.
lll
2004-cü ildə M.İsmayıla bir şeir yazmışdım. Son bəndi beləydi:
Şairi vaxtında anlayın, duyun,
Bu iş Tanrının da xoşuna gələr.
Şairin başına açılan oyun,
Axırda vətənin başına gələr!
Bu acı həqiqətdən də çox qəribə öncəgörməyə – xəbərdarlığa oxşamırmı?!
lll
      M.İsmayılı ilk dəfə necə görmüşəmsə, bu gün də həmincə görkəmdədi – qüruru, vüqarı, şax duruşu, şax yerişiylə! Özünü illər qocaldıb. Sözünü qocaltmağı bacarmayıb. Sözü həmişə gəncdir. İlk dəfə gördüyüm Məmmədin özüdür. Son dəfə gördüyüm Məmməddir.
İlk dəfə Məmməd İsmayılı “Yazıçı” nəşriyyatında görmüşəm. “Çinar pöhrələri” almanaxı üçün 49 şeirimin içindən 9-nu seçib götürdü. Sonra da onlardan 3-nü götürüb: “Maşınkada vurdur, gətir”,- dedi.
Lakin o 3 şeir də almanaxda gedəsi olmadı. Almanax çıxanda yanına getmişdim.
– Olmaya dava döyməyə gəlmisən? Şeirlərin mənə aid olmayan bir səbəb üzündən getmədi.
Mən “Canın sağ olsun!” deyəndə zəndlə üzümə baxdı:
– Görürəm, yaxşı oğlana oxşayırsan. Gəl, səninlə dost olaq!
Mən əlimi uzatdım. Və doğrudan da o vaxtdan etibarən bizim dostluğumuz başladı.
lll
      1986-cı ilin mayında Məmməd İsmayıl Məmməd Aslanla qəfildən bizə qonaq gəldi. Bağda gəzəndə mən bildim ki, onun axtardığı nədir. Şairin “Düş çöllərə, dördqanadlı, yonca tap, əgər tapsan, sevdiyin qız sənindir” misralarını xatırladım.
Birdən şairin yerə əyilməyilə qalxmağı bir oldu.
– Mən tapdım!
Və əlindəki dördqanadlı yoncanı uşaq sevincilə döş cibinə qoydu.
... Şairimizi sevindirdiyi üçün, ümidsiz qoymadığı üçün sonralar həmin yerdə neçə dəfə bağ-bağçamıza “sağ ol!” demişəm, vallah!
lll
      M.İsmayılın məşhur bir şeiri var: “Bir ildir”. Bu şeir bizim qazaxlı şair Ələddin İncəliyə müraciətlə yazılıb. Şeirin yazılma tarixi haqqında Ə.İncəli belə deyir:
– Məmmədin Qazaxda çıxan qəzetdə işləyən vaxtlarıydı. Bilirdik ki, bir gözaltısı var. Özgəsinə qoşulub qaçdı. Bir gün Kür üstünə yeyib-içməyə getmişdik. Məclisdəkilərdən soruşdum ki, bu gün nə günüdür?
Biri dedi 1-ci gündür, biri dedi, 1 maydı, biri dedi bazar ertəsidir. Başımı buladım, dedim, yox, tapmadınız. Bu gün Məmməd İsmayılın sevdiyi qızın bir il bundan əvvəl götürülüb qaçırıldığı gündür.
Məmməd İsmayıl tutuldu. Bildim ki, ona mövzu verdim, bildim ki, şeir yazacaq. Və yazdı da.
Ay şair Ələddin, şair dostunun,
Açılmır qabağı-qaşı bir ildir,
Olub məhəbbətdən illər xəstəsi,
Ayrılmır sevdadan başı bir ildir!..
...Ay Məmməd, haxlayar səni subaylıq,
İslanar, quruyar verdiyi yaylıq.
Onun körpəsinin yaş üç aylıq,
Mənim həsrətimin yaşı bir ildir!
lll
      1988-ci il idi. M.İsmayıl “İşıq” nəşriyyatının direktoruydu. O vaxt respublika komsomolunun ədəbi orqanı kimi “Gənclik” jurnalı buraxmaq istəyirdilər. M.İsmayıl nəşriyyatı buraxıb həmin jurnala baş redaktor olmağa razılıq verdi.
      Yaxşı yadımdadı, hələ jurnala yer ayırmamışdılar. Komsomolun Mərkəzi Komitəsinə aid otaqlardan birində müvəqqəti oturmağa məcbur olmuşdu. Belə bir vaxtda mən ondan SSRİ Yazıçılar İttifaqına üzv olmaq üçün zəmanət istədim. Həmin zəmanəti o qarmaqarışıq otaqda az qala dizinin üstə yazdı.
lll
      M.İsmayıl 1983-cü ildən gənc yazıçıların Respublika Ədəbi Birliyinin sədri olub. Mən də üzvü olduğum bu birlikdə onun gənclərə necə güzəştsiz yanaşmasının dəfələrlə şahidi olmuşam. Təkcə bunu demək kifayətdi ki, hər adam M.İsmayıl ədəbi məktəbinin üzvü ola bilməzdi! Mən şəxsən həmişə onun özünün yox, Sözünün gözündən düşəcəyimdən qorxmuşam. Ona görə də ərkyana belə yazmışam:
“Sənət yollarında hələ ki, məni
Məmməd İsmayıl tək döyən olmayıb!”
Bir dəfə mənə belə dedi:
      – Bilsəm ki, qabında bir şey yoxdu, deyərəm ki, gəl sadəcə dost olaq! Qayıt yazdıqlarını bir də oxu. Özün-özündən gəl.
      Məmməd İsmayıl ovaxtkı gəncliyin gözündə əfsanələşmiş şairdi.
lll
      O, təpədən-dırnağa milli şairdir, böyük şəxsiyyətdir. Dönməzdir, əyilməzdir, sınmazdır! O, bu gücü hardan alır? Əlbəttə ki, Allahına olan eşqindən, imanından! Vətəninə, xalqına, torpağına olan övlad məhəbbətindən! Saza, Sözə ehtiramından! Mərd təbiətindən, comərdliyindən! Nur yağır bu kişinin yolundan, izindən, baxışından, gözündən, kəlməsindən, Sözündən! Məmməd İsmayıl xoşbəxt sənətkardır. Çünki həmişə göründüyü kimidir, olduğu kimidir!
lll
      Mən SSRİ Yazıçılar İttifaqının da üzvü oldum, Azərbaycan Yazıçılar Birliyinin də üzvüyəm. 18 ildir ki, Azərbaycan Yazıçılar Birliyinin bölmələrindən birinin rəhbəriyəm. Ancaq mənim üçün önəmli olan budur ki, mən nə yaxşı bütün bunlardan qabaq Məmməd İsmayıl ədəbi məktəbinin üzvü olmuşam!
Barat VÜSAL



Bu yazı ( 650 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar