12px14px16px18px

Yadıma sən düşdün,

Barat VÜSAL

YAXUD İYUNDA YAĞAN QAR...

02:29 / 12.06.2010
 
 
 
 
 
Yadıma sən düşdün, Aybəniz xanım! Yadıma həmişə sənin təşkilatçılığın və iştirakınla keçirilən, özünün və sözünün (xüsusən də, şairanə hüsnünün) yaraşıq verdiyi “Səməd Vurğun poeziya günləri” düşdü.
Yadıma Qazaxda günlərin birində iş otağımda əlimə yenicə götürüb çalmaq istədiyim saz və o anda sənin qəfildən məni yoluxmağa gəlməyin düşdü. Özümdən qabaq sinəmdəki saz gülümsədi...
Yadıma sən düşdün, Aybəniz xanım!
Qazaxda selləmə yağış yağırdı...
Eşiyə çıxmaq mümkün deyildi.
Amma sən yenə öz “nümayəndə heyətinlə” gəlmişdin. Yuxarı Salahlıya yollandıq. Ən maraqlısı buydu ki, adamlar yağış altda durub sizi gözləyirdilər, sözü gözləyirdilər, sazı gözləyirdilər.
M.P.Vaqifin də doğma kəndindəki heykəlinin önünə çiçək dəstələri qoyduq.
Birdən məni qucaqladın, öpdün və dedin:
– Mənim Baratım! Mənim şairim!
Mən dedim ki, Aybəniz xanım, tələsməyin, sabah deyərsiniz bu sözləri. Bizim kənddə, mənim 50 illik yubileyimdə!
Qulağıma pıçıldadın:
– İndi deməliydim! Dedim də! Burda səni burunlayan rəsmi bir adamın acığına!
Adını da dedin...
Yaxşı yadımdadı, Qazaxda ölməz şairimizin 95 illiyini təntənəli şəkildə keçirdikdən bir gün sonra bizim Kosalar kəndinə getdik.  
Yubiley gecəsi haqqında çox gözəl bir çıxış elədin: “Baratın əslini, nəslini, kökünü yaxşı tanıyıram, – dedin. – Ancaq bəlkə heç o, özü də bilmir ki, onun bir kökü də var. Bu, Poeziya köküdür!..”
... 2005-ci ildə Səməd Vurğunun 99-cu ildönümündə poeziya günlərində Qazaxda yenidən görüşdük. Görüşdən sonra gələn qonaqlar maşınlara minib bir qismət çörək yemək üçün deyilən yerə yollananda birdən Sənin gözlərin məni alır;
– Barat, bəs sən bizimlə getmirsən?!
Mən həqiqəti deyirəm: “Mənə bu haqda heç nə deməyiblər”.
Onda sən mindiyin maşından düşür və rəsmi adamlardan birinə dərhal acıqlı-acıqlı belə deyirsən:
– Bəs Barata heç nə deməyibsiniz?!
Və öz yerini mənə təklif edirsən: – Sən gəl otur burda, mənim yerimdə! – dedikdən sonra səslənirsən: – Ey, filankəs müəllim! İndi mənə başqa bir maşın tut, mən getdim. Lap Səməd Vurğun kimi hərəkət edirsən sən bu dəqiqələrdə...
Sən bu alicənab hərəkətinlə və qətiyyətinlə bir daha göstərirsən ki, sən kimsən! Sən doğrudan da Səməd Vurğuna layiq qızsan!
... 2006-cı il – Səməd Vurğunun 100 illiyi. Qazaxda qatar vağzalında qarşılanma mərasimi. Görüşürük. Yanındakı tanınmış qonaqlara məni ayrıca təqdim edirsən:
– Bu bizim Barat Vüsaldı, çox sevdiyim şairdi. Səməd Vurğunun davamçısıdı. Mənə bir atam, bir də Barat Vüsal şeir yazıb. Mən bununla fəxr edirəm.
...2007-ci ilin 9 sentyabrı. Həm ad günündür, həm də 70 illik ömür bayramın. 
 Təbrik teleqramı göndərsəm də, ürəyim aram olmur. Rəssam dostumun yanına tələsirəm. Ona bir ideya verirəm. Portretini işlədirəm. Bu portretə əsas səbəbkar Səməd Vurğunun bir fikri olur.
O fikir böyük şairimizin sənə yazdığı bir məktubdadır:
Məktub kiçik olsa da, mənaca dərindi ordakı sözlər:
“Salam, Aybəniz! Mənim qaranquşum!” sözlərini deyirəm. Bu sözlər rəssamı da təsirləndirir.
Şəklin üzərində iş başlayır. Şəkildə sən atanla birgə təsvir olunubsan. Dünyanın, yer kürəsinin rəmzi olan bir dairənin içərisində. Sən öz şəklinin yanında qaranquşa çevrilib söz baharının – Səməd Vurğunun başına dönə-dönə fırlanıb uçursan. Sanki dairə boyunca yer kürəsinin ətrafına dolanırsan...Hayıf ki, bu portreti gətirəndə özünə verə bilmədim, Bakıda deyildin. Qayıdanda zəng edib təşəkkürünü bildirdin.
Sənə bir şeir kitabımı bağışlamışdım. Qərarlaşdıq ki, 2008-ci ilin fevralında təqdimatını keçirək. Təqdimat Səməd Vurğunun Bakıdakı ev-muzeyində olacaqdı.
2008-ci il fevralın 7-də həmin kitab təqdimatından bir gün əvvəl xoşagəlməz bir hadisə baş verdi.
Sən mənə bir əhvalat danışdın: “Dünən gecə bir yuxu gördüm. Çox narahatdım. Axşamüstü durdum ki, mən gedirəm muzeyə. Qızım Aygün dedi ki, hava soyuqdu. İndi muzey də buz kimidi. Gedib orda tək-tənha neynəyəcəksən! Barat, nə yaxşı ki, evdən çıxıbmışam. Gələndə nə görsəm yaxşıdı: Otaqlardan birini (Atamın kabinetini) tüstü başına götürüb! Qonşuyla olan divardan qalxan tüstü getdikcə güclənməkdəydi, yanğın təhlükəsi törədə bilərdi. Zəng elədim yanğın idarəsinə, gəldilər, təhlükəni sovuşdurdular. Ev yanacaqdı, yoxsa! Allaha şükür olsun ki, o axşam muzeyə gəldim”.
Mən dedim ki, Aybəniz xanım, sənin ürəyinə heç nə elə-belə dammayıbmış. Allah sənin xətrinə, Səməd Vurğunun xətrinə bu evi yanmağa qoymayıb.
– Kim bilir, bəlkə də! – deyib dərin fikrə getdin.
2008-ci il, 8 fevral. “Qazaxda yaşadım mən öz ömrümü” şeir kitabının təqdimat mərasimi. Təqdimatdan bir az əvvəl Səməd Vurğunun ev-muzeyində saxlanan sazını göstərib, mənə çox gözlənilməz bir təklif etdin:
– Bu saz atam öləndən dillənməyib. Mən bircə sənə ərk edirəm. Bircə sənə icazə verirəm ki, götür, onu çal bu gün, bu məclisdə. Nə vaxtacan susasıdır ki?!
Ancaq sazı çalası olmadım. Götürüb baxanda gördüm ki, pərdələri çürüyüb. Əl vurmağa bənddi, o dəqiqə oxalanıb tökülür...
... Təqdimat mərasiminə özü aparıcılıq etdin. Mənə “Səməd Vurğun” ədəb mükafatının diplomunu verdin.
... 2009-cu il martın əvvəlləri. Telefonum zəng çaldı. Bu dəfə Aybəniz xanım deyildi, Aygün xanımdı. Mənə Aybəniz xanımın ağır xəstəliyə düçar olduğunu bildirdi. Özüylə danışdım. Səsi həmin səsdi. Həmin valehedici səs! Həmin vurğunanə səs! Həmin duyğulu, ipək kimi səs!
Sən demə, özü həmənki deyilmiş!
... Sən yadıma düşdün, Aybəniz xanım! Yadıma atan (atanız) dahi Səməd Vurğunun dünyadan köçdüyü bahar düşdü (Mayın 27-si).
Sən də dünyadan baharda köçdün (İyunun 13-də). “Görüşərik, görüşəcəyik” desək də..
Bir də yadıma, bilirsənmi, nə düşdü: Sənə baharda yazdığım, baharda oxuduğum şeirimin bir neçə misrası:
 
... Salahlı kəndiydi, zamandı, bir də
Aybəniz, həzincə söhbətin, sözün.
Sinəmin üstündə qalandı bir də,
“O ana yurdumun ocağı, közü”
 
... Yanıb korun-korun külə qarışma,
Ahın ürəkləri dağlaya bilər,
Gəl belə danışma, belə danışma.
Bir şair heykəli ağlaya bilər?!
 
 
P.S. Bir il Yaponiyada görürlər ki, aprel gəldi, may qurtardı, iyun ayı gəldi. Qaranquşlar nədənsə görünmədilər.
Qəfildən boran qopur, hava soyuyur, qar yağır...
Adamlar bundan sonra başa düşürlər ki, qaranquşlar indiyəcən niyə gəlməyiblərmiş, niyə gecikiblərmiş...
Keçən ilin yazında da bu il olduğu kimi havalar yazda çox qeyri-sabit keçdi. Göylər tez-tez tutuldu, sular daşdı. Ara-sıra qaranquşlar görünsə də, öz vədəsində ana qaranquşlardan biri gəlib çıxmadı.
... İyunda “qar yağacaqmış”?!
 Barat VÜSAL
 
 



Bu yazı ( 485 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar