12px14px16px18px

Verilməyən şans

Azər ABDULLA
01:57 / 22.05.2010


(Romandan parça)

Rasim Gərayoğluna

(Əvvəli ötən şənbə sayımızda)

Bədənə dar gələn köynək, pencək kimi qatı qaranlıq adamı sıxırdı. Azad buralara yaxşı bələd olan Rabilin hənirinə onun arxasınca addımlayırdı. – Ehtiyatlı ol, pilləkənlərdən düşürük – dedi Rabil. Aşağıda yeməkxananın qapısı açılanda pilləkənlər azacıq işıqlandı, o, sözünə davam elədi – Respublikaya işıq verən Mingəçevir... Burda ataların “çıraq öz dibinə işıq salmaz” deyimi yada düşür...
Buz kimi soyuq, cansıxıcı vaqona bənzər yeməkxananın balaca pəncərəsindən baxanda uzaqda qaranlığın udduğu suların bir parçası göründüyündən, gölün böyüklüyünün zəhmi Azadı basdı, pənəcərədən düşən işıqda qumlu, torpaqlı qara, bozumtul qatı mazuta bənzər ləpənin ləngərlə yoğrularaq gəlib yeməkxananın altına keçəndə Azad geri çəkilərək kondinsionerin pultuyla əlləşən Rabilə baxıb həyəcanla – Ə, qağa, bilirsən biz hardayıq, suların üstündə! – dedi. Rabil pultu masanın üstünə atıb etinasız “işləmir” – söylədi.
Öz qabındakı qızardılmış bütöv kütüm balığı yeyib yarısına çatmamış qaranlıq gecənin və Mingəçevir gölünün azmanlığının vahiməsi hələ də canından çıxmamış Azad göy-göyərtiyə iştahla girişən Rabilə baxanda keçən il yayada “Pirşağa” çimərliyində çimərkən nə qədər cəhd eləsə də onun heç olmasa suyun qurşağa çatan yerinəcən cürət edib irəliləmədiyi vaxtı xatırladı, – A qağa, üzəmmədiyini bilirəm, boy vermiyən suyun üzündə nə qədər qala bilərsən? – Rabil başını yeməkdən qaldırmadan dərhal – Ştangistlərn qaldırdığı çəki daşı var e, on altı kiloluğu demirəm, otuz iki kiloluq nə qədər dayanarsa, mən də o qədər – bunları ciddi desə də Azadı gülmək tutdu. – Bəs nə ürəyinən, hansı risklə burada oturmusan, heç olmasa gündüz olsaydı – Azad bunları deyəndə Rabil yenə də başını qaldırmadan – Nə olub ki? – soruşdu. Azad əlini yeməkdən çəkib – Belinin qrijasından yatırdın e, sizə gəlmişdim, yadında? – Azad əlini solfetka ilə sildi, Rabil bir an başını qaldırıb Azada baxdı, sonra balığın başını götürüb orasına-burasına baxa-baxa – Nar gətirmişdin mənə, həyətimizdə çoxlu nar var. Ancaq sənin gətirdiyin o iri, gözəl narlar heç vaxt yadımnan çıxmır – dedi, Azad – Hə, onlar Toğrul Nərimanbəyovun narlarındandı. Mən onu demirəm. Televizora baxırdıq, yadındamı? Rabil yenə də başını yeməkdən qaldırmadan – Yox, yadımda deyil – söylədi. – Nə əcəb yadında deyil. İsrail kimi ölkədə... Toyuydu, adamlar oynadığı yerdə döşəmə çökdü. Altımız dərin göldü, iki dəmir dirəyin üstündəyik, bəlkə bunlar çürüyüb, bir himə bənddi... – Azad sözünü tamamlamamış Rabil əlini solfetkaya uzadıb dik ayağa qalxdı – Qadan alım, ağzını xeyrə aç, getdik – deyib ofsiantı çağırdı.
Maşının faralarının işıqlandırdığı dar asfalt yoldan başqa hər yan zülmət içindəydi. Sükutu Azad pozdu – Sən bilən gecə niyə qorxulu olur? Həmin yol, həmin daş-torpaq, ağaclar, dağlar, sular... Gündüz qorxmursan, ancaq gecə... Azad Rabilin cavab vermədiyini görüb – Yazıçı Xanəmir var... Rabil onun sözünü kəsdi – Nə bilim qağa, dünya sirlə doludu. Xan... necə oldu? – soruşdu – Sən tanımırsan cavan şairdi, yazıçıdı. Romanı var, bir yerində yazır, “yatmış, qaçıb gizlənmiş şər qüvvələr qaranlıq düşəndə fəallaşırlar. Gözlə görünməsə də adamın ağlına-şüuruna təsir edirlər...”
Xeyli sükutdan sonra Rabil – Azad müəllim, – dedi- Biz tərəflərdə Seyid Mir Haşım olub, onun dədəsi yolunan gedirmiş, qabağına çıxan iki cavan oğlan ona sataşır. Rəhmətliy bunlara baş qoşmur. Cavanlar əl çəkmir hırıldayıb kişini dolamaq istəyirlər. Uçan göyərçinləri göstərib – Kəramətin varsa, onların birini endir aşağı tutub kabab eliyək sənin cəddinin sağlığına da yüz-yüz vuraq... Seyid incimiş halda, onların üzünə baxmadan ağır-ağır – A bala, Allah günahınızdan keçsin – söyləyir. Bir an susduqdan sonra sözünə davam edir – Cavanlığınıza bağışlayıram – deyib azca aralıda tarlanın qırağındakı iri qayanı göstərib – Gedin onun üstündə oturun, göyərçinlər dövrə vurub qayıdanda mənimlə belə şit zarafat elədiyinizə peşman olacaqsınız. Gənclər itələşə-itələşə qaçıb qayanın üstündə oturur, uzaqda görünən tək çinarın başına dövrə vurub qayıdan göyərçinlərə baxan cavanların biri – Seyid, elə elə ikisi düşsün – deyir, o biri cavansa, – Yox, yox üçü düşsün, hərəmizə bir... Göyərçinlər ucadan, oğlanların başı üstündən uçanda o boyda qaya ortadan necə çatlayıb aralanırsa, oğlanların hərəsi bir tərəfdə qalır, heyrətdən, qorxudan uşaqlar uzun müdədt yerlərindən tərpənə bilmirlər...
– Rabil bəy, bilmirəm bu həqiqətdi, şişirtmə, uydurmadı?.. Biz tərəflərdə Zəngəzur zonasında, qabaqlar Zəngilan da Zəngəzurun ərazisində olub. Rəhmətlik Seyid Həsənağa olub. Yeri gəlmişkən, mənim beş-altı yaşım olanda bizim yayalaq yerinə gəlmişdi. İndiki kimi gözümün qabağındadı, çal buxara papaqlı, yaraşıqlı, nurlu bir kişiydi, kəhər atın belindəydi, bilmirəm seyid olduğumuza görəmi, atam kolxoz sədri olduğuna görəmi, bizim qapıda atdan düşdü. Xəbər tutan kənd adamı tökülüşüb gəlmişdi. Atam o qədər yox, anam çox inanclı, imanlıydı. Anamın təkidiylə ağzımı açdım, Seyid Həsənağa ağzıma tüpürdü. Elə bilirdim onun tüpürcəyi nəsə şirin, dadlı olmalıydı. Üz-gözümü bürüşdürüb yerə tüpürmək istəyəndə anam həycanla “Olmaz! Olmaz! Qadan alım” – deyib tez evimizə aparıb qonşu aran kəndindən bizə səvərədə-səbətcikdə pay gəlmiş və biz tərəfdə təbərrirk sayılan dəymiş, şip-şirin incirdən birin mənə verdi. Fürsətdən istifadə edib üzümü turşudaraq birini də alıb yedim. Nə demək istiyirəm. O vaxtlar danışırdılar, Seyid Həsənağanı müharibəyə aparmaq istəyəndə nə qədər eləsələr də qatar yerindən tərpənməyib. Bilirsən, belə rəvayətlərə niyə şübhələnirəm. İlləlr ötdü, gəlib Bakıda universitetdə oxuyanda Ətağanı-Mir Möhsün ağanı da istənilməyən, arzu edilməyən harasa aparmaq istəyəndə, mindiyi maşının yerindən tərpənmədiyini eşitdim... Belə şeylərə şəxsən mən şübhə ilə baxıram, nə inanıram, nə də inkar edirəm, elə əstağfürullah, Allahın özünə də. Bilirsən də mənim kimilərə oqnostik deyirlər. Rabil bəy, sən Allaha inanırsan?
– Azad müəllim, o nə sözdü, Allaha qurban olum!
– İncimə, sənin kimi adamlara, axı necə deyim, xətrinə dəyməsin...
– Necə istəyirsiniz deyin, incimərəm.
– Qurana inanırsan? Onun Allah kəlamı olduğuna inanırsan?
Xeyli sükutdan sonra Rabil – Əlbəttə inanıram...
– Mən istəyirdim belə cavab verəsən. Mənim balaca oğlum, bir dəfə məni necə susdurdu. Adi məntiqlə. Dedi ata, namaz qılıb Həccə gedən, nə bilim, zəkat verib özünü müsəlman sayan yüzlərlə adam nə müsəlmandı, nə də Allaha inanandı. Deyir adicə icra başçısının, yaxud şirkət prezidentinin qabağında ştık kimi dayanan, bir sözünü iki eləməyən... lap elə Respublika Prezidentinin qarşısında müticəsinə dayanıb, hər sözünə baş üstə deyən məmurlar Allahın, Quranın dediklərini yerinə yetirmirlər. Bax, deyirsən Allaha inanıram, ancaq nə namaz qılırsan, nə həccə gedirsən... Müdirinin sözünnən çıxammırsan, ancaq Allahın buyurduğunu eləmirsən, zina eliyirsən, araq içirsən, bir meşox pul arzulayırsan, televizorda veriliş aparan o gözəl xanıma villa tikdirmək ürəyindən keçir...
Azad danışa-danışa Rabilgilin kənd qəbristanlığındakı sığallı üzlüklü, fiqurlu daşlardan olan mühəccərli hasarın içərisində su qırağında bir-birinin həvəsinə pərvazlanıb ucalan qələmə ağaclarını xatırladan qara mərmərdən olan dörd başdaşı və sinə daşını bir tərəfdə oturmaq üçün parlaq xınayı boyaya çəkilmiş sığallı reykalardan düzəldilmiş skamya, divarboyu əkilmiş calaq qızılgül kolları gəlib gözünün qabağında durdu. “Bax, dəbdəbə nəyə lazımdı, İslama görə bunlar qəbul olunmazdı, onların halal zəhmətlə başa gəlməsinə inanmıram” – demək istədi. Arvadının söylədiyi “qocalmısan, yenə də harda nəyi deyəllər, nəyi deməzlər bacarmırsan” sözlər, bir də Rabilin təkcə öz gorgahları üçün deyil, məzarlığa gələn bütün insanların istifadəsi üçün düzətdirdiyi iyirmi tonluq su çənini, məzarlıqdan azca aralıda tikdirdiyi ayaqyolunu xatırlayıb bir an susdu. Rabil ağzın açıb danışmaq istəyəndə – Qoy fikrimi tamamlayım – dedi Azad. Sən, sənin kimi milyonlarla Allaha inandığını deyən adamlar Allahın buyurduqlarına niyə əməl eləmir? Bir nəfər deyir on yeddi dəfə Həccə getmişəm. Deməli bu adam hər il günahlar içində üzür, öz aləmində ziyarət vaxtı gedib “təmizlənib” qayıdır. Allahla gizlin-paç oynamaq olar?.. Bilmədiyi, dərk etmədiyi Varlğın həm olduğunu, həm də olmadığını sübut eləməyə çalışanlara həm gülməyim tutur, həm də yazığım gəlir...
– Azad müəllim, Siz Allaha inanmırsınız?
– Allaha inananlar da xoşbəxtdi, sənin çox istədiyin bir söz var e, “bir cür çıxmasın”, inanmayanlar da xoşbəxtdi. Ona görə mən bədbəxtəm ki, ortalıqda qalmışam, əzab içində, nə onlardanam, nə bunlardan. İnanmamağım bilirsən nədəndi? Milyonlarla insan müsəlman, milyonlarla insan xristian, buddist, iduist, qriqoryan... Kim hansı mühitdə doğulur, tərbiyə alır, o dinə inanır, yaxud meyl edir. İnsanın quruluşunda, strukturunda binədən nəyəsə inanmaq mexanizmi, var, adamı təlqinlə, psixoloji söhbətlərlə inandırıb kamikadze, manqurt edirlər, yaxud yaponlardakı xarakiri məsələsi. Lap adi misal – orta məktəb şagirdlərinin peşə, sənət seçmə məsələsi, uşaqların beyninə-ağlına fikrin, ideyanın toxum kimi səpiləmsi, yaxud hər hansı əqidəyə inam, onun uğrunda ölümə getməsi...
Rabil Azadı kəndlərinə dəvət edəndə Azad şəhərin, daha doğrusu özünün yeknəsəq həyatından (tezdən işə get, axşam qayıt) heç olmasa ikicə gün xilas olacağına, ayağı torpağa dəyəcəyinə, payızın gözəlliyinə baxıb hissiz-passız, tər-təmiz havanı bal kimi udacağına, əlini cibinə salıb bir manat xərcləməsinə Rabilin imkan verməyəcəyini, maşınla aparıb, maşınla gətirəcəyini, səhərlər təbii süd, qaymaq, bal, yumurta yeyəcəyini, bunlardan da çox hələ sovetlər dövrü Daxili İşəlr nazirini və onun müavinini güllələyib elə oradaca özünü də öldürən milis mayorunun məzarını ziyarət edəcəyini (o vaxtlar cəmiyyətdə bomba kimi partlayan bu olayı yazmaq həvəsinə düşsə də, çap olunmayacağına ümidi olmadığından fikrindən daşınmışdı.), bunlardan da vacibi Bakının Botanika bağında Rabilin anasıyla bağlı danışdığı mifə, rəvayətə bənzər o söhbəti yenidən söylətdirməsi idi. Dörd il öncə yay axşamlarının birində botanika bağında yanlarından ötən, qarşı-qarşıya gələn bir-birinə bənzəməyən su sonası kimi gözəllər, skamyalarda sarmaşaraq bir-birini çiçək kimi qoxulayan yeniyetmə oğlanla qızlar, yiyəsinin əlindən qayışını dartaraq özünü ağacın dibinə verərək qıçını qaldırıb tələsik işini görən erdelteryer, buldok, ofçarka cins itlər, budağa qonub bəzən hansısa həyəcandan, bəzən də yarışırmışlar kimi cəh-cəh vurub ötən torağaylar, bildirçinlər, bülbüllər Azadın diqqətini yayındırdığından o nağıla bənzər söhbəti yenidən, bütün təfsilatı ilə eşitməkdə məqsədi Rabilin başına gələn əhvalatın həqiqətmi, yoxsa özünün şişirdib uydurması olduğunu dəqiqləşdirmək idi. Tanışlıqlarının on doqquz ili ərzində istər görüşdükləri vaxt, istərsə telefonla uzun-uzadı söhbət edəndə mübaliğə olmasın, elə vaxt olmamışdı Rabil heç olmasa bir dəfə anasının adını çəkməsin. Onun yeddi yaşı olanda hər dəfə məktəbdən qayıdanda, bəlkə yeməkdən qabaq anasını əmdiyinə görəydi ki, beş qardaş, üç bacının son beşiyi olaraq uşaqların içində ən canlısı, yaraşıqlısı, diribaşı idi. Oynaq, zarafatçıl, yeyib-içən, kefqom, Araz aşığından, Kür topuğundan olan dəllək atasından çox, uşaq üstündə on səkkiz yaşında rəhmətə getmiş qızından sonra ürək xəstəliyinə tutulmuş, nəinki güldüyünü, dodağının qaçıb gülümsədiyini görmədiyi, qaraqabaq, ibtidai sinif müəllimi olan anasını hər il özüylə götürüb Soçi, Yalta, Minvoda, bəzən eyni ildə ikinci dəfə Bilgə, Mərdəkan sanatoriyalarına aparan, anasının xəstəliyi ağırlaşdığı vaxtlar nəinki öz arvadını, hətta doğma bacılarını yaxına qoymayıb stulun üstündə oturdaraq ayağından başınacan belini, qarnını, məmələrini ustufca, səliqəylə yuyub özü çimizdirdiyini, metri otuz rubl olan tünd göy rəngli ingilis bastonundan yubka-kostyum sifariş verərkən, oğlunun xərcə düşməsinə razı olmayacağını bildiyindən, anası soruşarsa, dərzi ilə qabaqcadan sözləşib on beş manatlıq olduğunu dedirtməsi, kastyum hazır olanda anasına çox yaraşdığını, ürəyincə olduğunu, evlərinə qayıdanda kostyumu yenidən geyinib güzgü önündə arxayınca baxanda qaraqabaq sifətinin işıqlandığını görəndə anasının kədərli gözəlrinin düz içinə baxıb birdən “Zəriş, sən bir həftədən sonra öləssən” – deməsini, qəfil çevrilib qapıdan həyətlərinə, oradan da götürülərək alaqapılarından çıxıb aralıdan axan arxın qırağında ceviz ağacanın altındakı daşın üstündə oturaraq hönkürüb ağlamasını, altı gündən sonra bayram axşamı martın iyirmi birində anasının dünyadan köçməsini; başqa bir vaxtsa nişanlı olarkən “səninlə dünyanın o başına gedərəm, hər şəraitə dözərəm” deyib kəndə gəlin gəlmış, doqquz aydan sonra oğlan doğmuş bakılı qızının günlər ötdükcə dəyişməsi, ayağının yer alması, günlərin birində mələk simalı, on səkkiz yaşlı qızının ölümündən sonra qəlbi qırıq anasıyla balkonda dilləşməsini, söz qaytarmasını görəndə otaqdan çıxıb kimin haqlı, kimin haqsız olmasının fərqinə varmadan arvadının qucağındakı yaşyarımlıq oğlunu alıb xalçanın üstünə qoyan, soyuqqanlıqla yaxınlaşıb arvadının hörüklərini əlinə dolayaraq uzun balkonlarının yarısınacan sürüyüb aparanda ata-anasını, yeddi arxa dönənini kişi söyüşləri ilə yağlayan, bu mənzərəyə dözməyən qaynana gəlib “öldürdün qızı, burax, ə gədənin balası” deyib yalvaran, anasını da eşitməyib gözü qızdığından nər-nər nərildəyən Rabil “demişdin səniynən dünyanın o başına gedərəm, dünyanın o başına beləcə aparacam səni” – söyləyib bir-iki addım da sürüyəndən sonra anası özünü gəlinin üstünə atıb qucaqlayanda buraxmış, o gündən sonra şəhərli qızı yumşalıb muma dönmüşdü.
Hər fikrə, hər məsələyə həmişə münasibətini bildirən Rabilin indi susmasına Azad təəccübləndi, – Rabil bəy, üşüdüm deyib əlini bir-birinə sürtdü – mümkünsə sobanı yandıraydın – söylədi. Rabili kökləyib hala gətirmək, anasıyla bağlı həmin əhvalatı yenidən ona həvəslə, bütün xırdalığıyla söylətmək üçün – Bilirsən, demirəm rəhmətlik Seyid Mir Haşımın dədəsinin o gücü, o qüdrəti ola bilməz. Dünya, dünyanın özündən qat-qat böyük, sonu görünməyən açılmaz kələfdi, insanlıq onu aça-aça gedir. Elmin, tarixin dediyinə görə insanlar min illər, milyon illər keçəndən sonra odu kəşf edib. Min illər ötəndən sonra dairəvi təkəri kəşf edib. Bir azdan sonra bərk gedən oğlanlar, şəxsi peyklərə yiyələnib başqa planetlərə səyahətə çıxacaqlar, bəlkə də adamlar min kilometr aralıdakı tanışı, doğmalarıyla mobil telefonsuz danışacaqlar... Universitetdə oxuyanda bir müəllimimizin dediyi fikri heç vaxt unuda bilmirəm. Deyirdi nağıllar, mifoloji mətnlər, əfsanələrə qeyri-ciddi baxmaq olmaz. Bunların kökündə bir həqiqət, gerçəklik olub. Sadəcə onlar bizdən çox-çox uzaqlarda qaldığından, ağızdan-ağıza ötürüləndə nəsə artırılıb, şişirdilib, nəsə qısaldılıb özlüyündən, kökündən uzaqlaşıb, izi zamanın qatı dumanına, tozuna-torpağına, xaosuna qarışdığından kodlar şəklində bizlərə çatdığından heç cür aça bilmirik... Bir neçə il qabaq Türkiyədə nəşr olunmuş bir kitab əlimə keçmişdi. Orda kəramətli insanlardan, təsəvvüfdən bəhs olunurdu. Adlarını unutmuşam, deyək ki, Şam şəhərində birisi qəlyanını yandıranda çaxmağını tapa bilmir, bu vaxt oradan uzaqda olan deyək ki, Herat şəhərindən bir tanışı, dostu onun qəlyanını alışdırır... Biz bugünkü adi insanlar milyon illər öncədən indiyəcən insanların ağlı hesabına əldə olunmuş bir çox şeyləri gözüyumulu, hazır şəkildə mənimsəyir, onun mahiyyəti, məğzi, cövhərindən xəbərimiz olmur. Son vaxtlar bir məsələ məni dinc buraxmır. Axı, bu ağıl deyilən nə olan şeydir? Hardasa oxudum, bir ingilis alimi neçə-neçə başın, kəllənin üstündə əməliyyat aparır, o məqsədlə ki, bəlkə ağıl deyilən şeyin izinə, əlamətinə rast gələ, ancaq ətdən, damardan, qandan başqa heç nə tapa bilmir. Rabil bəy, heç bu bardə fikirləşmisən?.. Məsələn, birdən ağlına gəlir durum Azada zəng eliyim, yaxud birdən fikirləşirsən Mersedesimi satım Cip alım. Axı, bu fikirlər hardan gəlir, kim tərəfindən bizə ötürülür. Şairlər niyə hər saat, hər dəyqə şeir yaza bilmir, bəstəçilər də eləcə... Dilənçinin yanından ötəndə niyə bəzən nəzir verir, bəzənsə verim- verməyim, verim- verməyim – deyə fikirləşirsən, sənə mane olan öz içindədimi, qıraqdanmı səni idarə edirlər. Burda adamın yadına şairin...... “içimdə bir mən var, məndən dərində” – dedikləri yada düşür...
Bayaqdan susub qulaq asan Rabil nəhayət – Doğurdan da Azad müəllim, biz dərk olunmayan sirlər aləmində yaşayırıq – dilləndi. Azad yenə əlini-əlinə sürtüb – Bax sənin özün ananın bir həftədən sonra rəhmətə gedəcəyini, hardan bildin? Bunu qəddarcasına onun özünə necə və niyə dedin?
– Hə, dedim Zəriş, bir həftədən sonra öləsəsn.
– Nədən bildin?
– Bilmirəm... Sonra da getdim eşikdə cəviz ağacı var e, onun dibində daşın üstündə oturub hönkür-hönkür ağladım – deyib Azada Sarı çevrildi. – İnanırsız, Azad müəlllim, düz bir həfətədən sonra martın iyirmi birində rəhmətə getdi...
– Allah rəhmət eləsin! Mən onu deyirəm də, sən heç sonradan fikirləşmədin mən bu sözü anamın üzünə niyə dedim? Bəlkə onu sənə dedirdən olub. Şeytan, şeytan deyirik, çoxumuz onun varlığına inanmırıq, bəlkə doğrudan da o sözü sənə Şeytan dedirdib. Məncə, insan nə düşünürsə, ağlına nə gəlirsə, yəni fantast, xülya kimi görünən, təsəvvür edilən bütün şeylərin hardasa reallığı, gerçəkliyi var. Axı, bu havanı, elmi dillə desək oksigeni, suyu, torpağı, günəşi – canlıların yaşaması üçün bu mühiti, bu şəraiti kim yaradıb? Yemək-içmək bir yana, hər çəkdiyimiz nəfəsdə nələri qəbul etdiyimizdən kimin xəbəri var? Cin-Şeytanların əməlləriylə bağlı hələ uşaqlıqdan başlayaraq bəzən bir-birinə bənzər, bəzənsə yeni eşitdiyim onlarla, yüzlərlə rəvayət olub. Yenə deyirəm, bunların hamısı bilinməz, naməlum mənbələrdən, ağızdan-ağıza ötürülə-ötürülə hər kəs öz təsəvvürünə, fantaziyasına görə artırıb əskildərək bu günəcən gəldiyindən bəzən inanır, bəzən də şübhələnməli olursan. Ancaq sən...
Söhbətin bu yerində artıq məqamın yetişdiyini hesab edən Azad “sənin başına gəlmiş o əhvalatı danışanda əstağfurulla, Allahdan da çox istədiyin ananın ruhuna and içdiyindən mən inandım” demək istədi, bir anın içində fikrini dəyişib – Rabil, on minlərin yox e, on milyonlardan, deyərdim bəlkə dah çox adamdan birinin başına gələ bilən o möcüzə birbaşa sənin başına gəlib, bu, artıq danılmaz faktdı. Deyirdin Hacıqabula çatanda... bax, o yeri tələsmədən, bütün incəliyiylə, pis çıxmasın, artırıb əskiltmədən dəqiqliyi ilə bir də danışa bilərsən?..
Xeyli vaxt susan Rabil sanki yuxudan ayıldı, ayağını bir anlığa qaz “pedalından” çəkdi, maşının sürətinin azaldığı hiss olundu, yan pəncərədən çölə baxdı, bir şey görə bilmədiyindən maşının saatına baxdı, sonra çevrilib bir an Azada baxıb gur səslə – Gör e, Azad müəllim, bu Əli yolu haqqı, söz vaxtına çəkər deyiblər, elə bu vaxtlar olardı, Hacıqabula yaxınlaşanacan mən hirsimdən partlayır, maşını necə sürdüyümü bilmirdim, məni qəzalardan Allah qurtardı, pulu harda itirdiyimi, kimin oğurladığını heç cür ağlıma gətirmirdim. Bir il qabaq da avtokalonda kassirin otağından yeddi min yoxa çıxmışdı. İki ay sonra maşın aldığıma görə oğurluqda mənim də adım hallanmışdı. Bundan sonra mən kimi inandıra bilərdim ki, on mini itirmişəm. Turist səfəri baş tutmasaydı, gedənlərin içində elə tərs, təkcə adımı eşidəndə dəli olan, başından tüstü qalxan elə adamlar vardı, adamı diri-diri yeyərdi. Hər yerdən əlim üzülmüşdü, hirsimdən hönkürüb ağlamaq istiyirdim, partiyaya keçmək məsələm də bir yannan, o dəyqələrdə bu dünyada olmasa da mənə ən doğma, ən əziz olan anamı xatırlayır, “Zəriş, mən neyniyim, başıma nə çarə qılım, dərdimi kimə söyləyim” deyirdim. Deyirdim deyəndə ürəyimdə anamla danışırdım, bəlkə də pıçıldayırdım. Bir də gördüm lap uzaqdan ulduz boyda bir işıq sürətlə düz üstümə gəlir. Ağlım başımda olmadığınnan o işığın maşınmı, yoxsa təyarəmi işığı olduğunu seçə bilmədim. Mayaq kimi, ancaq daha tez-tez yanıb sönən o işıq yaxınlaşdıqca məni qorxu bürüdü, artıq pul məsələsi yadımnan çıxmışdı, maşına yüz, yüz əlli metr qalmış həmin işığın azca yuxarı qalxdığını hiss elədim, “maşınla toqquşacağını bildiyindən yuxarı qalxdı”, düşündüm, bir az məndə arxayınlıq yarandı, getdikcə yaxınlaşan, yaxınlaşdıqca böyüyən o işığın arının şəffaf, ancaq uzun, titrək qanadlarını gördüm, vertalyota oxşayır e, gözləri lampışqa kimi iri... bizlərdə cırcırama deyirlər. Məndə bir dinclik, rahatlıq, arxayınlıq yaranmışdı. Azca qəlbidən uçan həmin məxluq qar dənəsi kimi yüngüllüklə padpresin üstünə qondu. Onun şəffaf, uzun, sürətlə hərlənən qanadları ventilyator pərləri kimi tərpənirdi, arxası sanki min bir rəngə çalan, tovuz quşunun açılıb enlənmiş quyruğuydu. Azad müəllim, şəkilçəkənlər, nə deyillər ona, plyonkanı – o kağızı suya salıb, bizim dildə necə deyirlər – proyavit eləyirlər e, xətlər, cizgilər, sifət yavaş-yavaş aydınlaşır, bax o sayaq həmin işığın baş hissəsi tədricən aydınlaşıb Zəriş oldu. Üzündə bir mülayimlik vardı, mən sizə danışmışdım, ona bahalı, gözəl bir kostyum tikdirmişdim, güzgüdə gördüyüm o mülayim, xoş sifət anam idi. Mehribanlıqla soruşdu: “Niyə qanın qaradı a gədənin oğlu?” Başıma gələni danışdım. Danışdım deyəndə səsimiz çıxmırdı, ancaq bir-birimizi başa düşürdük. Dedi paçkanın biri yanındakı oğlanın şalvarının arxa cibində, biri də pencəyinin döş cibindədi. Sakitcə əlini atıb çıxararsan, ancaq dalaşıb eləmə...
Bu an gözlərini yumub diqqətlə dinləyən Azad qulaqlarının uğuldadığını, sifət dərisinin yuxarı dartıldığını, başındakı tüklərin iynə kimi, kirpi tikanlarıtəkin qabarıb qalxdığını hiss etdi. Rabil sözünə davam elədi – Gözümü yumub açanda heç nə görmədim. Ürəyim yerinə gəldi, bütün həyəcanım, gərginliyim yox olmuşdu. Özümü yüpyüngül hiss edirdim. Qoydum üstünə yüz, yüz iyirmiynən Ləkəcən sürdüm... Azadın susduğunu görəndə – Azad müəllim, bir şair var, Sərxan... familyası necəydi, yadıma salammıram...
– Səyavuş Sərxanlı, rəhmətə gedib.
– Analarla bağlı bir söz deyib... “İnsan ömrü boyu Allahınan bircə dəfə görüşə bilər.-deyib çevrilərək gözləri böyümüş halda bir an Azada baxıb sözənə davam elədi - anasının ruhu vasitəsiylə”. Çağırsa, istəsə də, hər evlada ananın ruhu gəlməz. – söyləyib qürurla yenə Azada sarı çevrildi.
Ehtirasla, qışqıra-qışqıra danışdıqca hər bir söz elə bil od parçasıtək Rabilin boğazını dağlayıb çıxırdı...
Azər ABDULLA




Bu yazı ( 661 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar