12px14px16px18px

Verilməyən şans

Azər ABDULLA
12:07 / 19.05.2010


(Romandan parça)

Rasim Gərayoğluna

...Rayondan öz maşınıyla Bakıya tək-tənha gələrkən Rabil yolboyu Muxtarla bağlı il yarım qabaq düşməncəsinə ayrıldıqları o gərgin saatları, dözülməz anları deyil, qəribə də olsa, onunla bağlı uzun illər yoldaşlıq elədikləri günlərdəki xoş məqamları, “Moskviç” maşınına səkkiz yüz kiloqram sarımsaq vurub yağışlı, çamurlu, palçıqlı torpaq yolla Volqoqrada gedərkən tez-tez yerə dəyib taqqıldayan tüstüboğanı məftillə çəkib bərkitmək üçün Muxtarın özünü qabağa verib maşının altına girməsini, başqa bir vaxt Taqanroq şəhərinin qonaq evində yer tapmayanda on-on iki yaşlı qız nəvəsiylə yaşayan qoca rus qadının birgözlü mənzilinin dəhlizində gecələməli olanda açılıb-yığılan çarpayını, qalın yorğanı ona verib “mən paltarlı yataram” söyləyib quru taxta döşəmənin üstündə uzanaraq odeyalı üstünə çəkməsini, başqa bir vaxtsa Saratov şəhərinin mərkəzi küçəsində tanış olduqları iki sarışın qızdan ən boylu-buxunlusu, yaraşıqlısı Muxtara meyl eləsə də “Yüz belə qız qurban olsun sənin vüqarlı duruşuna! Peşkəşdi qardaş” deməsini, çölün düzündə süfrə açıb çörək yeyəndə meyvənin gözəgəlimlisini ona sarı itələməsini, termosdan çayı birinci onun stəkanına süzməsini, kolbasanın son dilimi qalanda süfrədən əlini çəkməsini, süfrəni yığışdırmasını, qab-qacağı, stəkanları yuduğu anları xatırlayaraq Bayıl bazarına çatanda maşının sürətini azaldıb sağa çəkmək istədi, “bəlkə son görüşümüz olacaq, burda fərli meyvə olmaz” düşünərək maşının sürətini artırdı. “Təzə bazar”ı tələsmədən dolaşaraq meyvələri gözdən keçirdi. “Görəsən hansı meyvə ona xeyirdi? Deyilənə görə karalyok...” İri, tünd narıncı, gözdoyuran karalyokun, nazik qabığının altında iri gilələri bilinən Göyçay narının, zərif tükləri tökülmüş sığallı, şümal, parlaq Ordubad heyvasının hərəsindən iki kilo, bir kilo da ucaboy, incə belli gözəlləri xatırladan, saplağından aşağı getdikcə enlənən sapsarı armud aldı.
İki nömrəli qapısı açıq palatın ağzından boylanaraq, çarpayıdakı xəstələri ani olaraq gözdən keçirəndə birinin sağ yanağının göyümtül şar kimi üfürülüb şişdiyini, birinin alnından yuxarı ucu getdikcə nazilən yeni göyərib çıxmış cöngə buynuzuna oxşayan şişi, başqasında isə sallanıb bir gözünü örtmüş erkək hinduşka pipiyi kimi qırmızımtıl ət parçasını görəndə Rabilin bədəni ürpəşdi, “Axı mənim burda nə işim vardı” düşündü, tez xəstəxanadan çıxıb getmək istədi, palatadakı adamların baxışları sanki onu tutub saxladı, gözlərini xəstələrdən yayındıraraq onları yoluxmağa gələnlərə müraciətlə: “Dedilər Muxtar burda yatır?” söyləyəndə üzü divara sarı xəstə bütün bədəniylə çevrilib qapıya sarı baxdı, dərhal Rabili tanıdı, “Ola bilməz... Bəlkə başqa Muxtarı axtarır” – düşündü. Çaşdığından nə üzünü gizlədə bildi, nə də cəsarət edib Rabilə salam verə bildi. İki nömrəli palatadakı xəstələrin içində görkəmcə ən urvatlı, babat görünən, saçı tökülmüş, gözləri böyüyüb az qala bəbəklərindən düşəcək, boğazının yan tərəflərindən dərisinin altına sanki dördkünc yastı buz parçası yerləşdirilmiş Muxtarı güclə tanıdı, palatını bürüyən gur səsiylə “Ə, il yarımda yəni elə dəyişmişəm, məni tanımadın, Muxtar?!” – deyib ağır-ağır ona sarı yaxınlaşdı. Qabaq-qabağa dayandılar, ancaq Rabil nəinki qucaqlayıb onu bağrına basdı, onunla heç əl də tutmadı, eləcə halını soruşdu, nə vaxtdan xəstəxanada yatdığını xəbər aldı, cavabı gözləmədən “Canın üçün dünən eşitdim, İsrayıl dedi xəstələndiyini, rayonnan birbaşa bura gəldim...” Həkimlər nə deyir? Haçan çıxırsan Allah qoysa?...” Muxtar Rabilin verdiyi sualların heç birinə cavab vermir, utancaqmı, günahkarmı baxışlarını tez-tez ondan yayındırırdı. Rabil onun susduğunu görəndə “Bu dəyqə ağrın-zadın yoxdu ki?” soruşdu. Muxtar gülümsənərək gözlərini yumub başını azacıq tərpətməklə ağrımadığını bildirdi. Muxtarın boynunu döndərə bilməməsi Rabilə agah oldu: – A Muxtar, bir cür çıxmasın, niyə dinmirsən, adamın başına hər şey gələ bilər, xəstəxanaya da düşər, avaryaya da, həbsxanaya da... – deyib qonşu çarpayıda yatan xəstənin yanında ayaqüstə dayanmış kişiyə baxıb sözünə davam elədi. – Ağsu yenişində avaryaya düşdük. Üç-dörd il bundan qabaq – deyib Muxtara sarı çevrilərək “Eləmi?” – dedi, Muxtar yenə gözlərini qapayıb başıyla onun sözünü təsdiqlədi. Rabil dönüb qonşuluqdakı kişiyə baxaraq Muxtara işarəylə sözünə davam elədi – Qolu iki yerdən sınmışdı, mənim burnum bekaraca qanamışdı. Köməyə gələn adamlara məni göstərirdi ki, buna yardım eləyin – deyib yenə Muxtara baxdı – İndi nə olub sənə, Allaha şükür ayaqüstəsən... – dedi, əlindəki torbanı ona sarı uzadaraq – Bunu hara qoyaq? – söyləyəndə Muxtar əlini yelləyib – Lazım deyil... Boğazımnan heç nə keçmir...- dedi, Rabil sanki dərin quyunun dibindən gələn sıxılıb əzilmiş, boğuq səs eşitdi, ilk dəfə səsin qapqara olduğunu gördü, bədəni ürpəşdisə də, özünü o yerə qoymadı. – Allah köməyin olsun, indi iştahın çəkmir, birazdan yeyərsən, sabah yeyərsən – deyib selofan torbadan çıxartdığı heyvanın birini onun burnuna yaxınlaşdırıb – Ordubad heyvasıdı, qoxusu da adama şəfa verir – dedi, torbanı onun “tumbuşka”sının yanına qoyub dikəldi, ehmalca Muxtarın qolundan yapışıb “Gəl balkona çıxaq” – dedi.
lll
Rabil Bibiheybət məscidinin yanında maşını saxladı, çətinliklə cibindən çıxartdığı bir dəstə iri pulu eşələyərək – Ə, Muxtar, bir manıtın yoxdu? – deyib zarafatla sözünə davam elədi – Muxtarın xırda pulla nə işi var, onunku yüzlüklərdi... hə, tapdım – deyib manatlığı bir dəstə iri pullardan ayırdı, maşından düşüb nəzir qutusuna yaxınlaşdı. Qayıdıb maşina əyləşib xodladı, qazın pedalını basıb əyləci qəfildən buraxdı, təkərlərin asfalta sürtünüb qopartdığı əcayib səsin eşidilməsi ilə maşının yerindən götürülməsi birdən oldu, azca sürət götürəndən sonra əyləci sıxdı, maşın yerindəcə mismarlanıb qaldı – Hərdən cavanlıq da eləmək lazımdı – dedi Rabil. Səhər tezdən proflaktoriyada maşının təkərlərinin balansını yoxladıb nizama saldırmış, qaykalarını çəkib bərkitdirmiş, yağını dəyişmiş, çənini ağzınacan benzin doldurmuşdu. Maşının saz durumundan ilhamlanan Rabil – Səhv elədik, gərək Şamaxı yolu gedəydik. Şamaxının mayı, Ağsuyun dolamaları, meşə, hələ ağacların tər-təmiz yarpaqları... Bəh-bəh ölürəm də may ayı üçün... Muxtar onun sözünü kəsdi, – İstəyirsən qayıdaq ordan gedək. Hara tələsirik ki? – Yox e, qardaş, düşər-düşməzi olar. – deyib güzgüyə baxıb göz vurdu – Sən də ki, maşallah, nazirlik işçisinə oxşayırsan... Ancaq sən nahaq yerə bizim dəstəyə qoşulmadın. Mirzənin lopa, salaq bığını, Dəyanətin elə bil qarnında ekiz uşaq var, mən onun yanında miniatür oğlana oxşuyuram. Umudun dorulduya-dorulduya danışdığını eşidən antaliyalılar qoyub qaçacaqlar. İçimizdə yaraşıqlı sənsən, sən də naz elədin...- dedi. Muxtar – Ay Rabil, Evin üstü açıq qalıb. Mən necə gedim? Səhv elədim, gərək qabaqca krişasını vurduraydım, sonra...
– Darıxma, Antalyadan qayıdıb Volqoqrada bir dəfə də reys eləsək krişanı da vurarsan, hələ toyunu da eliyərsən – deyib maşının sürətini bir az da artırdı, gur səsiylə – Portvelin içində qovluq var, onu bəri ver – dedi. Şıxov enişiylə üzüaşağı düşəndə Rabil açdığı qovluqda üç “paçka” beşlikdən ikisinin olmadığını görəndə əyləci necə sıxdısa, arxadan təkərlərindən ətürpəşdirici səs çıxara-çıxara gələn “Qaz-24” markalı maşın ehmalca Rabilin “Moskviç”inə toxundu, sürücülərin ifadəsiylə deyilsə, bir-birini öpdü. Xoşbəxtlikdən maşınların heç birinə xətər toxunmadı. Üzrxahlıq edib “iyirmi dörd”ün sürücüsünü yola salandan sonra onsuz da sarsıldığından rəngi qaçmış, halı və səsi dəyişmiş Rabil təlaş içində – Ə, partveli görüm – söylədi, Muxtar həyəcan içində – Nə olub Rabil?
Rabil cavab vermədən portvelin gözlərini dönə-dönə təlaş içində eşələyib yoxladı. – Bu nə deməkdi!? Paçkaların ikisi yoxdu! Min manat! – deyib iri gövdəsini çətinliklə çevirib arxaya ayaq altlarına baxmaq istədi – Ə, bir oralara bax – söylədi. Muxtar yan tərəfdəki ayaq altına, sonra tələsik ayaqlarını təşviş içində gah oyana, gah bu yana çəkib öz ayaqaltını gözdən keçirdi – Axı o, iynə deyil görünməsin – dedi Rabil, qapını açıb yerə düşdü, hövüllü arxa qapını açıb ayaqaltlarını gözdən keçirdi, əlini söykəncəklə oturacağın bitişən yerinə soxub yoxladı, – Allah sən saxla – deyib, dikələrək ağır fiziki işdən tər tökmüş adamlar kimi dərindən nəfəs alıb köks ötürdü, – Allah sən saxla, mən yuxumu görürəm nədi – söyləyib sükanın arxasına əyləşdi. Muxtar da arxadan başılovlu gəlib qabaqda oturdu. – Ciblərinə bax bəlkə... – Nə danışırsan, nə bəlkə!.. Paçkanın üçü də burdaydı. Üç gün bunnan qabaq Zakirgilin evinə qoymuşdum... – Muxtar portvelin gözlərinə yenidən baxa-baxa başını qaldırmadan – Onda gəl qayıdaq Zakirgilə – dedi, sanki bütün günah Muxtardaymış kimi Rabil bir az da əsəbləşərək səsinin lap yoğun yeriylə – Nə gic-gic danışırsan!!! Bu dəyqə partlayıb öləcəyimi bilsəm də ora qayıda bilmərəm. Biz namusumuzu bir-birimizə etibar edirik... – söylədi, bir an araya sükut çökdü. Birinci sinifdən onuncu sinfə qədər birgə oxuduqlarını, beşinci sinifdə dostlaşdıqlarını, bu yaxınlığın, doğmalığın onların ailələrinə də sirayət elədiyini, sonra politexnik institutun avtomobil şöbəsinə qəbul olub oranı qurtardıqlarını, institutda oxuduqları vaxt bir-birindən xəbərsiz ikisi də bir qızı sevdiklərini, məsələ açılanda bir-birinin xətrinə hər ikisi o gözəl qızdan əl çəkmələrini, evləndikdən sonra da ailəlikcə get-gəllərini, hətta Zakir evdə olmayanda onların qapısını ərklə açıb içəri girməsini, elə evlərindən Zakirin iş yerinə zəng edib “mən hamama girdim, tez çıx gəl, bir də bir yarım al gətir” deməsini, onun xanımından məhrəba alıb hamama girməsini, Rusiyaya səfərlər zamanı yeri, məqamı düşəndə bunları təfsilatıyla Muxtara danışmışdı.
Bir dəfə də sözgəlişi: “Muxtar, özün də bilirsən səni nə qədər istəyirəm, ancaq mənim bir dostum var bu dünyada, incimə bu sözümnən, o da Zakirdi” söyləmişdi. Rabilin hirslənib gur səsini başına salacağından ehtiyat elədiyindən, qanının qaravaxtı, bəlkə lap qorxduğundan Muxtar səsini alçaldıb – Qardaş, bir özünü ələ al, sakit ol, mən demirəm Zakir, ya onun arvadı... Evdi də hər cür adam gəlib gedir. Hər halda Zakir bilməlidi.. – dedi. Rabil onun sözünü yarımçıq kəsib əllərinin ikisini də qaldırıb bərkdən sükana çırparaq – Bəsdir də! – qışqırdı, – Dedim ki, mümkün deyil.
Arxadan gələn maşınların gözübərəli sürücüləri bir neçə dəfə aramsız siqnallar verir, yolu ilan kimi əyri-üyrü gedən Rabilin “Moskviçini” ötüb keçərkən əl-qolunu oynadır, Allah bilir hansı mərtəbəli söyüşlər yağdırırdı. Bir dəfə də qarşıdan sürətlə şütüyən “Kamaz”la baş-başa gələcəklərini görən Muxtar – Sağa! Sağa! – qışqıraraq əlini sükana atdı, xatadan, bəlkə də ölümdən sovuşduqlarını duyub dərindən köks ötürərək – İkimizi də öldürmüşdün... Özünü ələ al qardaş. Fikirləşək görək neynirik... Sarsılıb bütün ümidini itrimiş Rabil öz-özünə danışırmış kimi – Mən batdım... Kimi inandıra bilərəm itirmişəm. – astadan dedi. İtiyini tapan adamlar kimi Muxtar nikbin səslə – Düz sür bizim kəndə, bir inəyimiz var satarıq – deyəndə Rabil səsini qaldıraraq – Ə, sənin başın əvvəldən “peraboy” işliyirdi, indisə dayanıb – söylədi.
Maşının sürəti səksəndən gah altmışa, gah qırxa düşdüyünü görsə də bir söz deyərsə, Rabilin yenə hirslənib bağıracağından ehtiyat elədiyindən, dodaqlarının hərdənbir tərpəndiyini, nəsə pıçıldadığını gözünün qırağıyla görsə də, Muxtar səsini çıxarmadı. Hacıqabula çathaçatda birdən-birə maşının sürətinin artdığını gördü. Bir saat öncə söylədiyi inək məsələsini Rabil sanki indicə eşitmiş, elə bil ümid işartısı gördüyündən mülayim səslə – Birisi gün biz uçmalıyıq, iki daşın arasında inəyinizi kimdi alan? – söylədi. Elə bil Rabil stresdən çıxıb ayılmışdı, boğuq tutuqun sifəti durulub özünə gəlmişdi, maşının sürət göstəricisi doxsan-yüz arası dəyişir, həmişə olduğu kimi o, maşını indi çox rahat və səliqəylə sürürdü. “İnəyinizə nə qədər verərlər?” soruşanda Muxtar bir qədər çaşdı. Sualın ciddiliyini, yoxsa dolamaq, ələ salmaq məqsədilə verildiyini anışdıra bilmədi. “Deyəsən sözlərində istehza, kinayə var” – düşündü Muxtar. – Lap yüz əlli, uzaq başı iki yüz verdilər, bunnan yaramı sağalar?.. – dedi Rabil. Muxtar tələsik və həyəcanla – Şiferləri də satarıq, mən sonra alaram... – dedi, Rabil əlini yelləyib, “bu da eləsin yüz-yüz otuz... bunnan Fatıya tumanmı olar?.. Araya yenə sükut çökdü. Ləkiyə yaxınlaşanda – Bəs neyləyək Muxtar? – Rabil soruşdu. Onun səsindəki arxayınlığa Muxtar təəccübləndi – Deyirəm bəlkə... – söyləsə də sözünün dalısını gətirə bilmədi.
– Nə bəlkə? Niyə susdun? Özgə vaxt dil-dil ötürsən...
– Gedəy bizim kəndə, dayıma yalvarım...
– Ə, oğraş dayın pul verəndi!? Görmür neçə aydı şiferləriniz yerdə qalıb, evinizin üstü krişasızdı?..
Maşını yolun qırağına çəkib saxladı. – Düş bir çay içək, başımız açılsın görək neynirik. Ləkidə bir dostum var. Deməsəm, sonra görüşəndə üyüdüb tökəcək bəs mənə niyə demədin...
Çayçıda barmaqları ilə gicgahlarını sığallayan Rabil – Başım partlayır – deyib dilim-dilim doğranmış bir nəlbəki limonun yarıdan çoxunu ağzını marçıldada-marçıldada iştahla yedi. İki dilim öz stəkanına, birini də Muxtarınkına saldı, şəstlə Muxtarın gözünün içinə baxıb – Sənə nə olub, qanın mənimkindən bərk qaradı – dedi, yenə cavab gözləmədən çayçı oğlanı çağırdı, oğlan tələsik onlara yaxınlaşanda Rabil – İbad buralara gəlmişdi? – soruşdu. – Dünən gəlmişdi, dedi Sıktıkvara gedirəm. – oğlan sözünü qurtarmamış Rabil əlin-əlinə vurub Muxtara baxdı, hər yerdən ümidi üzülmüş adamlar kimi başını bulayıb barmağıyla göyə işarə edib – Gör e, Qurban olduğum bütün qapıları üzümüzə bağlayıb – söyləyib armudu stəkanı götürüb bir qurtum içərək Muxtara – Çayını iç gedək, ürəyim partlamasa yaxşıdı – söylədi.
Rabil maşına yaxınlaşıb sol qapını açdı, ancaq oturmadı, maşının sağ tərəfində dayanmış Muxtara baxıb – Belə vəziyyətdə adam evini də, maşını da dəyər-dəyməzinə satmalı olur. Canın üçün, alan olsaydı – deyib əlni maşının damına vurub sözünə davam elədi, – iki min, lap üç min aşağısına verərdim – dedi. Muxtar “Nə danışıram, hayıf deyil? – söyləyəndə Rabil – Neyniyim qağa, on nəfərin beşi inansa, beşi inanmayacaq, məni diri-diri yeyərlər, illahdakı mırız Seyfi! – danışa-danışa bir əliylə şalvarının qabaq düymələrini aça-aça maşının qabağından hərlənib sağ qapının yanında dayanmış Muxtara açarı uzadaraq – Nə vaxtandı yandırır, huşum başımda deyil, özümü rahatdayım – söyləyib Muxtarın arxasına keçdi. Muxtar azca meyillənib açarı qapıya salanda çayçı tərəfdən tuşlanmış projektorun gur işığında onun şalvarının arxa cibində bir “paçka” dördkünc beşlik aydınca sezildiyindən Rabil əminliklə gözlənilmədən əlini atıb onu çıxartdı, qıfıla saldığı açarı fırlatmağa macal tapmamış Muxtar diksinərək ildırım vurmuş adam kimi geri çevriləndə Rabil əlini atıb onun pencəyinin döş cibindən ikinci paçkanı çıxartdı, ayaqüstə ölmüş Muxtarın ağzından “Qaytaracaydım...” sözü çıxanda Rabilin “Ananı .....” – deyib onun ayaqları dünyadan üzülmüş, buz bağlamış, ölü sifətinə gücü gəldikcə bircə sillə tutuzdurmağı ilə arıq, şivərək olsa da, özündən dörd barmaq uca olan Muxtarın bir papaq kimi yüngülcə uçaraq xəndəyin qırağına yıxıldığını, oradansa iki dəfə yoğalanaraq alçaqboylu qamışlığa düşməyini, bu an onun sinəsindən bir göz qırpımında qaramtıl ilanabənzər nəyinsə su kimi axıb yoxa çıxdığını, Muxtarın “Vay, mama!” deyib pişik cəldliyi ilə ayağa durub xəndəkdən çıxmasını gördü. Rabil açarı qapıdan çıxarıb tələsik sükan tərəfə gəldi, qapını açdı, maşının o biri yanında özü də nə istədiyini bilməyən müəmmalı duruşlu Muxtara – Nə olub!? – dedi, sanki cəzasın çəkib qurtarmış adam kimi, – ancaq günahkarcasına – Üstümnən ilan keçdi – titrək səslə dedi Muxtar: “Day sənnən kişi olmaz” – söyləyib Rabil maşına oturaraq “ürəyinnən maşina oturmaq keçir, oğraşın” – düşündü. Təkərlərin arxasından qumu, çınqılı geriyə püskürən maşın qəfil yerindən götürülüb uzaqlaşdı.
lll
Balkonda ikisindən başqa adam olmasa da, boynunu əyərək bir sirr söyləyirmiş kimi Rabil pıçıltıyla danışır, baxışlarını nə qədər yayındırmaq istəsə də özündən asılı olmayaraq gözləri hərdənbir Muxtarın şüadan yanmış boğazına sataşır, dərisinin altında qabarmış yastı, dördkünc buz parçalarına bənzəyən görüntüdən eymənərək bədənində üşütmə hiss etsə də, canıyanan, simsar adam kimi gözlərini Muxtarın qoruyucu şüşəsi sınmış maşın farası kimi miskin, zavalı gözünə zilləyib – Həkimlər nə deyir? – soruşanda Muxtar gülümsünərək balkona sarı uzanmış çinar budağının üstündəki tək-tük qalıb saralmış yarpaqlara işarəylə iki şəhadət barmağını bir-birinə sürtərək onlara oxşadığını, tezliklə bu dünyadan üzülüşəcəyini bildirdi. – Bəsdi sən Allah, yekə oğlansan! – Rabil bu sözləri ucadan dedi, Muxtarın sıxılıb əzilmiş, boğuq səsini xatırlayıb yenə pıçıltıyla sözünə davam elədi, həm də söhbəti dəyişmək məqsədiylə – Mən ölüm, ürəyin nə istiyir, hinduşqa, balıq kababı... Təmiz bal yeri bilirəm. Bəlkə pul lazımdı, Muxtar canı, nə qədər lazımdı... – sual dolu baxışlarıyla Muxtardan cavab gözlədi. Muxtar boğuq göy rəngli xəstəxana xalatının qolunu yuxarı eləyib saatına baxdı, qolu son dərəcə arıqlayıb nazikləşdiyi, qayışın dəmir ilgəyi sonuncu deşiyə keçirildiyi, saatın biləyin altına çevrildiyi Rabilin gözündən yayınmadı. Muxtar saatını çətinliklə hərlədib biləyinini üstünə aşırdı, başını qaldıraraq ciyərindənmi, qarnının dərinliyindənmi gələn boğuq səslə gücənə-gücənə: “Bir saata gəlib aparacaqlar” – dedi. Rabilin iri pərtləmə gözləri bir az da böyüdü, – Hara? – təəccüblə soruşdu. Muxtar – Kəndə – deyib azacıq gülümsünərək – Öl-mə-yə... – əlavə elədi. Rabil əlini yelləyib, ucadan – Qurtar görək, mən ölüm. – söyləyib yenə də alçaqdan danışmağa başladı. – Muxtar, sən belə deyildin axı, adam gərək heç vaxt ümidin itirməsin, bizim aramızda heç vaxt gizli söhbət olmayıb, bir cür çıxmasın, bu günlərdə hansısa qəzetdə oxudum, Braziliyada ölmüş bir kişini aparıb qəbrə sallayanda dirilib ayağa durub, adamlarla evinə qayıdıb. Allahın o qədər möcüzələri var. Sənə nə olub maşallah, ayaqüstəsən, ağrımırsan, ağlın başında. Gedib o kəhrizin suyundan içərsən, təmiz hava, təbii yeməklər... Rabil birnəfəsə bunları söyləyəndə “Nahaq yerə bizim aramızda gizli söhbət olmayıb” dedim, elə biləcək oğurladığı pullara rişxənd edirəm, düşdüyü ağır vəziyyəti görüb sevinməyə gəldiyimi düşünəcək” – fikrindən keçdi. Muxtar yavaşca onun qoluna toxundu, qabaqca barmağını öz boğazına yaxınlaşdırdı, sonra əlini qarnının üstünə qoyaraq – burda da var, yanıram... – dedi. Əliylə dizini göstərib – Yerə qoyub kəhrizin suyundan doyunca içib öləydim – söylədi. Rabil onun qolundan ehmalca tutub: “Gəl gedək içəri, əynin yalındı, soyuq dəyər. Dedim ölümü yadınnan çıxar. Cavan oğlansan, iradəylə mübarizə aparsan, hər şeyə qalib gələrsən. Şəhərin his-pası, boğanağını, cürbəcür xəstələri görüb pessimis olmusan, çətini o cənnət-məkan kəndə çatanacandı, inşallah, hər şey yaxşı olacaq”. Muxtar azacıq dirəniş göstərib bir an yazıq-yazıq, yalvarışla Rabilin gözünə baxdı, bir anın içində ağlından keçən “Rabil, Allaha and olsun, yol boyu sənin keçirdiyin o gərgin, ağır anları, ölümə bərabər qəzaları görəndən sonra pulları qaytarmaq üçün yollar axtarırdım. Dayımdan borc almaq məsələsini deyəndə artıq mənim üçün işıq ucu görünürdü. Çox yox, üçcə dəyqə mənə fürsət-şans versəydin... Sən maşında gözləsəydin, dayımgilə girib çıxmağımla hər şeyi yoluna qoyacağdım. Dayım olmasa da oğlunu, yaxud arvadını sənin maşınına mindirib rayon bangına gedəcəkdik, ora girib, özü də sənsiz, deyəcəkdim bunlar sənin yanında pul çıxartmaq istəmirlər. Beş-on manat verib paçkadakı beşlikləri əllilik-yüzlük olmasa da iyirmi beşlik, yaxud bir paçka onlkq alıb özünə qaytaracaqdım. Mənim kimi haqq itirən dünyada tapılmaz. Hər dəfə Rusetdən qayıdanda bircə həftənin içində mənə üç yüz, dörd yüz, bəzən beş yüz rubl verirdin. Raykom katibinin aylıq maaşı o qədər deyildi. İkimərtəbəli evimiz sənin sayəndə tikilmişdi. Zakirgildə sənnən açarı alıb maşında qalmış siqaretimi götürməyə gedəndə qovluqda pul olduğu ağlıma gəlmirdi. Qırmızı, dəridən olan yaraşıqlı, həm də mənə çox bahalı görünən qarnı şişik dəri portvelini görəndə sanki mənə onun içinə baxmağı kimsə əmr elədi. Qovluğa tələsik baxanda, inan ki, o an portvelin səninki olduğunu unutmuşdum. Qovluqdakı pul paçkalarını görəndə elə bildim portvel pulla doludu. Maşının qapısını bağlayanda sən yadıma düşdün, paçkaları qaytarıb yerinə qoymaq istədim. Şeytan yenə məni allatdı, səni həddindən artıq pullu adam hesab elədiyimnən “əşşi, bunlar onun üçün semişqa puludu” fikirləşdim. Boynuma alıram, Rusetdə mənə bəzən iyirmibeşlik, əllilik verib şey-şüy almağa göndərəndə də, mənə inandığından çox vaxt qalan qalığı qaytarmırdım. Mən köhnənin yaramazıymışam. Mən namərdin andına inanmayacağından, and içmədən sadəcə deyirəm, pulları qaytarmaq istəyirdim. Nə sən, nə də Allahım o iki-üç dəqiqəlik fürsəti – şansı mənə vermədiniz...” Bu sözləri deməyə gücü çatmayacağını, deyə bilsə də Rabilin inanmayacağını bildiyindən yazıq-yızıq və günahkarcasına onun üzünə baxaraq, aciz görkəm alıb yalvarışla: – Bacarsan, məni bağışla – dedi. Rabil anası Zərişin ruhuna and içib (bu Rabilin müqəddəs andıydı) Muxtarı inandırmaq istədi ki, xəndəkdən qışqıraraq durub gələndə onu ilan çalmış olsaydı, maşınına mindirib təcili xəstəxanaya çatdırmaq ağlından keçmişdi. Ancaq bu xoşagəlməz əhvalatı onun yadına salıb qanını qaraltmamaq üçün ehmalca onu dəhlizə sarı çəkdi, – Ay Muxtar, nə danışırsan, Nuhdan qalan işləri necə yadında saxlamısan... Soyuqdu, gedək palataya. Mənim ürəyimdə sənə qarşı pis şey olsaydı, yanına gələrdimmi? – bunları desə də o vaxt yoğalanıb xəndəyə düşərkən sinəsinin üstündən keçən qaramtıl şeyin doğrudanmı ilan olduğunu soruşmaq istədi. Ancaq o hadisəni yenidən yada salmağı, Muxtara qıymadı. – Mətanətli ol, özündə güc tap yaxşı ol, inşallah yenə səninlə səfərə çıxacağıq – sözünə əlavə edərək sevgiylə altdan yuxarı Muxtara baxıb – Evlənməmisən? – soruşdu. Muxtar əlinin işarəsiylə evlənmədiyini bildirdi. İki saylı palatanın qapısının yanında ayaq saxladı, bir əliylə xalatının yaxasıyla boğazını örtdü “gərək qabaqcadan gizlədəydim, yəqin ki, bədəni ürpəşir” – fikrindən keçdiyindən əl verib ayrılmaq əvəzinə o biri əlini yuxarı qaldırıb yelləyərək xudahafizləşdi, boğuq səslə – Tezlikdə toyum olacaq – deyib günahkar baxışlarını Rabilin gözündən yayındırdı. Dərindən nəfəs alıb acı-acı gülümsünərək –Hamı dəvətsiz gələcək – söylədi. Rabil kövrəldi, onun üzünə baxmadan, son sözlərini eşitməzliyə vuraraq – Di yaxşı, – deyib onu qucaqlamaq istədi, ancaq bacarmadı, əlini ehmalca Muxtarın kürəyinə vuraraq – Allah amanında, mənnik bir şey lazım olsa, istədiyin vaxt yanında hazıram – söyləyib ayrıldı, pilləkənləri enə-enə “Pulları cibindən çıxarandan sonra gərək vurub xəndəyə salmayaydım”, yenə Muxtarın sinəsindən sürüşüb gedən ilanı, sonrasa anasının dediyi “pulları çıxart, ancaq dalaşıb-eləmə” son sözlərini xatırladı, günahkar kimi xəstəxananın binasından çıxdı.
(Ardı var)
Azər ABDULLA




Bu yazı ( 588 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar