12px14px16px18px

Heydər Əliyevin ədəbi siyasəti

Timuçin Əfəndiyev
00:12 / 18.05.2010


Dünyanin böyük şəxsiyyətləri sırasında çox nadir adamın adını çəkmək olar ki, ümummilli liderimiz, dünya şöhrətli siyasətçi H.Əliyev qədər öz xalqının tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti ilə bağlı olsun. Bizcə bunun iki əsas səbəbi var: birincisi budur ki, o, öz xalqını, onun yaratdığı bədii irsi dərin məhəbbətlə sevirdi; ikincisi odur ki, Ulu Öndər böyük sənət adamlarını yüksək qiymətləndirirdi. Hələ sovet dövründə möhtəşəm təsərrüfat-quruculuq işləri ilə bərabər, Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərinə də xüsusi diqqət yetirirdi. Məhz onun böyük nüfuzu sayəsində S.Rəhimov, R.Rza, S.Rüstəm, M.İbrahimov kimi yazıçılar, Q.Qarayev, R.Behbudov, Niyazi kimi korifey sənətçilər o zamanın və o dövlətin ən böyük mükafatına – Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər. Məhz H.Əliyevin böyük təşəbbüsü və səyləri ilə Bakıda İ.Nəsimiyə, N.Nərimanova, H.Cavidə, C.Cabbarlıya əzəmətli heykəllər ucaldıldı. XX əsrin görkəmli yazıçılarının ədəbi-mənəvi məktəblər olan ev muzeyləri açıldı. Böyük romantik şair və filosof H.Cavidin nəşinin uzaq Sibirdən doğma vətəninə gətirilməsi yalnız H.Əliyevin misilsiz hünəri və ədəbiyyatımıza təəssübkeş münasibəti sayəsində mümkün oldu. H.Əliyevin ədəbiyyatımız üçün gördüyü əzəmətli işlər Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatına təqdim olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” (Bakı, “Şərq Qərb” 2009) kitabında öz konseptual təhlilini tapmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyi tərəfindən Müstəqil Azərbaycanın ilk Dövlət Mükafatına təqdim olunmuş bu sanballı əsər görgəmli ədəbiyyatşünas alimlər – Bəkir Nəbiyev, Məhərrəm Qasımlı, Nizaməddin Şəmsizadə, Teymur Kərimli, Vilayət Quliyev və Nikpur Cabbarlı tərəfindən Heydər Əliyev irsinə böyük məhəbbət və istedadla yazılmışdır.
Müəlliflər və mövzular müxtəlif olsa da yazılar bir-birini məntiqi surətdə tamamlayır. Çünki kitab Heydər Əliyevin ədəbiyyat konsepsiyasını əks etdirir. Bu konsepsiyanın mahiyyətini isə belə ümumiləşdirmək olar: Heydər Əliyev ədəbiyyat və mədəniyyətin, yazıçı sözünün bütün imkanlarını milli dövlətçiliyin əsasına gətirir, bədii mədəniyyəti dövlət mənafelərinə tabe edirdi! Beləliklə də, H.Əliyevin ədəbiyyaat konsepsiyası onun möhtəşəm dövlət siyasətinin tərkib hissəsi idi.
“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabı müasir nəzəri-filoloji elmin yüksək səviyyəsini əks etdirir. Ulu Öndərin ədəbi siyasəti, onun nəzəri-estetik görüşləri peşəkar alimlərin yazılarında problem silsiləsi kimi açılır, nəticədə bu qiymətli ədəbi-nəzəri irs haqqında vahid fikir formalaşır. Belə ki, müasir elmimiz üçün çox dəyərli olan bu əsərdə akademik Bəkir Nəbiyev “Heydər Əliyev haqqında etüdlər” yazısında ümummilli liderin möhtəşəm şəxsiyyətini XX əsrin ikinci yarısının ədəbi tarixi kontekstində təqdim edir. Və dahi rəhbərə xas elə mühüm cizgilər üzərində dayanır ki, onu bütöv görməyə nail olursan. B.Nəbiyev bu böyük insanı şəxsi müşahidələrinin və elmi qənaətlərinin vəhdətində təqdim edir: “Otuz beş il ərzində mən ümummilli lider Heydər Əliyevin ən müxtəlif münasibətlərlə keçirilən ictimai-siyasi, ədəbi-mədəni tədbirlərdə elm, ədəbiyyat, incəsənət xadimlərinin yubileylərində, elmi simpoziumlarda, yazıçılar qurultaylarında çıxışlarının dinləyicisi olmuşam. Onun özünün dəvəti ilə iş otağındakı bəzi görüşlərdə iştirak etmişəm...
Az qala 80 illik ömrümdə mən Azərbaycanda və xaricdə dəfələrlə böyük alimlər, məşhur ədiblər, mədəniyyət xadimləri, dövlət adamları, bəzi ölkələrin başçıları ilə görüşüb həmsöhbət olmuşam. Onlardan çox şey öyrənmişəm. Amma bu gün bütün varlığımla məmnun-məmnun etiraf edirəm ki, həyatın ən müxtəlif sahələrinə dair biliyinin zənginliyi, maraq dairəsinin vüsəti, yaddaşının itiliyi, tizfəhmliyi, Ana dilimizdə və rusca nitqlərinin rəvanlığı baxımından Heydər Əliyevə bərabər olan ikinci bir şəxsiyyəti mən təsəvvürümə gətirə bilmirəm”. Bu sözlərdəki parlaq həqiqət tarixin özünün təsdiq etdiyi fikir aktıdır. Bu mülahizələr Heydər Əliyev fenomenini doğru əks etdirir. Akademik B.Nəbiyev təvözökarlıq edərək H.Əliyev haqqında tədqiqatını “etüdlər” adlandırır. Əlbəttə biz bu böyük insan haqqında nə qədər yazsaq da, bu dəryadan bir damla misalında ola bilər. H.Əliyevin ədəbi-nəzəri irsi gələcək nəsillərə və zamanlara hesablanmış milli-tarixi sərvətimizdir. B.Nəbiyevin peşəkar qələmindən çıxmış hissənin dəyəri bir də bundadır ki, o, bu gün Azərbaycanı H.Əliyevin qoyduğu yolla əzmlə idarə edən hörmətli prezidentimiz İlham Əliyevin ədəbi irsə münasibətindəki yeniliklərlə tamamlanır. Akademik B.Nəbiyev İlham Əliyevin bu sözlərini misal gətirir: “Bizim xalqımız müəyyən dövrlərdə müstəmləkə şəraitində bəzən də başqa formada digər ölkələrin tərkibində yaşamışdır. Sual olunur, necə olub ki, bütün bunlara baxmayaraq, Azərbaycan öz xüsusiyyətlərini saxlamışdır? Azərbaycan xalqı assimliasiyaya məruz qalmamış, öz tarixi keçmişini qoruyub saxlaya bilmişdir? Mən hesab edirəm ki, müxtəlif amillər olubdur. Amma onların içərisində ana dili və ədəbiyyat ən başlıca amildir. Çünki bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
H.Əliyevin ədəbi-nəzəri görüşləri sistemində çox qədim və zəngin folklorumuzla bağlı fikirlər geniş yer tutur. Bu fikirlər kitabın müəllifi professor Məhərrəm Qasımlı olan “Heydər Əliyev və Azərbaycan folkloru” adlı bölümündə tədqiq və təhlil olunur. Tanınmış folklorşünas M.Qasımlı Ulu Öndərin zəngin görüşlərini milli-mənəvi dəyərlər, etnogenik və tarixi-etnoqrafik baxışlar kontekstində nəzərdən keçirilir. Əlbəttə bu yerdə çoxlu faktları misal vermək caiz deyil. Amma ölməz “Kitabi-Dədə Qorqud” dastanına, epos təfəkkürümüzün bu ensiklopedik abidəsinə münasibətlə bağlı bir fikri qeyd etməyi vacib bilirik: “Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanlarına verdiyi tarixi dəyərləndirmə, sözün əsl mənasında, konseptual yanaşmadır. Bütün məqam və nüanslarında kifayət qədər dərin və mükəmməl akademizmin mövcud olduğu bu konseptual yanaşmaya eposun həm ideoloq- siyasətçi, həm tarixçi, həm dilçi, həm filosof, həm də folklorşünas etnoqraf kimi professional elmi qiyməti verilmişdir”.
Barəsində söz gedən monoqrafiyada mühüm yerlərdən birini AMEA-nın müxbir üzvü Teymur Kərimli və professor Vilayət Quliyevin birgə yazdıqları “Heydər Əliyev bə klassik ədəbiyyat” fəsli tutur. Burada T.Kərimlinin orta əsrlər Azərbaycan ədəbiyyatına tarixi bələdliyi ilə V.Quliyevin diplomat səriştəsi birləşərək qədim və zəngin klassik ədəbiyyatımıza H.Əliyev münasibətinin həm ədəbi-nəzəri, həm də tarixi ictimai mənasının obyektiv izahına köklü imkan yaratmışdır. Müəlliflər bu dahi insanın klassik ədəbiyyatımıza çoxcəhətli münasibətinin məğzini izah etdikdən sonra belə bir əsaslı nəticəyə gəlirlər. “XX əsrdə, Azərbaycan dövlətinin mövcud olduğu səksən ilə yaxın bir müddət ərzində xalqın mənəvi sərvətlərinə, onun dilinə, ədəbiyyatına son dərəcə yüksək diqqətlə yanaşmaq, hər vasitə ilə bu mənəvi dəyərlərin inkişafına, tərəqqisinə, yayılmasına çalışmaq baxımından yalnız iki dövlət xadimini, xalqımızın dövlətçilik və milli inkişaf tarixində diqqətəlayiq rol oynamış iki şəxsiyyətin – Nəriman Nərimanovun və Heydər Əliyevin adlarını qoşa çəkmək mümkündür”. Bu danılmaz həqiqətdir. Barəsində söz gedən elmi-nəzəri oçerkdən H.Əliyevin Nizami, Nəsimi, Füzuli, C.Məmmədquluzadə, C.Cabbarlı, H.Cavid kimi öz adları və ümumbəşəri məzmunlu əsərləri ilə müstəqil epoxa yaratmış klassiklərə münasibətinin tarixi-metodoloji xüsusiyyətləri analitik təhlilin predmetinə çevrilir.
H.Əliyev istər Azərbaycan rəhbərliyinə gəldiyi 1969-cu ildən sonra, istərsə də ondan əvvəl həmişə cari ədəbi proseslə sıx təmasda olmuş, onu izləmiş, onunla maraqlanmışdır.
Nikpur Cabbarlının “Heydər Əliyev və ədəbi proses” yazısında bu dahi insanın ədəbi proseslə ünsiyyətinin yeddi əsas dövrü və istiqaməti nəzərdən keçirilir. Müəllif H.Əliyevin 1997-ci ildə söylədiyi mənalı bir fikri öz təhlilləri üçün metodoloji başlanğıc kimi əsas götürür: “Şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur”. Ulu öndər hələ orta məktəb illərində ədəbiyyatımızı dərin bir maraqla oxuduğunu, ədəbiyyatla daim bağlı olduğunu qürurla qeyd edir. Kitabın bu bölümündə N.Cabbarlı H.Əliyevin zəmanəsinin İ.Əfəndiyev, M.Araz, H.İbrahimov, İ.Şıxlı, N.Xəzri, H.Abbaszadə, M.Dilbazi, M və R.İbrahim bəyovlar, Anar, Ə.Əylisli, Elçin, Y.Səmədoğlu kimi görkəmli söz ustalarının müvafiq yubileylərini keçirməsini, onları dövlətimizin “İstiqlal”, “Şöhrət” ordenləri ilə təltif etməsini, ədəbi orqanların dövlət büdcəsindən maliyyələşdirmək barədə sərəncam verməsini, Prezident təqaüdü təsis etməsi kimi cari ədəbi proseslə bağlı faktları qürurla qeyd edir.
“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” monoqrafiyası azərbaycanşünas alim Nizaməddin Şəmsizadənin “Heydər Əliyev və Azərbaycançılıq” adlı konseptual nəzəri-tarixi tədqiqatı ilə tamamlanır.
H.Əliyevin öz azərbaycançılıq konsepsiyasını formalaşdırmaq üçün bədii ədəbiyyatdan bir məxəz kimi necə istifadə etməsini göstərmək istiqamətini əsas götürən müəllif onun belə bir fikrini metodoloji əsas qəbul edir: “Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim hissiyyatları oyatmağa çalışmışlar, milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan gəlir”. N.Şəmsizadə bu həqiqətə güvənərək H.Əliyevin Azərbaycançılıq fəlsəfəsinin təşəkkül özünəməxsusluğunu, onun tarixiliyini, dövlət ideologiyası kimi idarəçiliyə tətbiq metodlarını, cəmiyyətdə və xalq həyatında rolunu, gələcəyi müəyyənləşdirən strajeji bir təlim olmasını müəyyənləşdirməyə nail olur. Professor N.Şəmsizadə onu bir lider kimi səciyyələndirərək yazır: “Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının, ümumən sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! ... Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də Azərbaycançılıq ideologiyası idi”.
“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabı müasir nəzəri-filoloji fikirimizin böyük ədəbi nailiyyətidir və biz əminik ki, o öz tarixi qiymətini alacaq.
Timuçin Əfəndiyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor.




Bu yazı ( 576 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar