12px14px16px18px

Sənət yolu, sənətkarlıq cizgiləri xatirələr süzgəcində

Timuçin ƏfƏndiyev
00:38 / 04.04.2012
 
ikinci söhbət
 
Onun sənətini ikicə kəlmə ilə xarakterizə etməyi məndən xahiş etsəydilər, yəqin ki, çox düşünüb daşındıqdan sonra belə deyərdim: “canlı yaxma”. Canlı ona görə ki, bu sənətkarın tablolarında yerində olmayan, artıq düşən bircə yaxmaya belə təsadüf etməzsən. Onların hamısı yerli-yerindədir və hamısı da elə bil dil açıb adamla danışır.
Qrafikada ştrix, yaxud ləkə, heykəltəraşlıqda həcmli təmas duyumu nədirsə, dəzgah rəngkarlığında da yaxma odur. Yəni o, təmsil etdiyi təsviri sənət sahəsinin, indiki halda rəngkarlığın kətan üzərində bədii-texniki əsasını yaradır. Bu əsasın üzərində nələr dayanmır: emosiya, duyğu, lirika, tonallıq. Yaxma hətta məzmuna, tematikaya, janra, koloritə də birbaşa təsir edir.
Xalq rəssamı Böyükağa Mirzəzadənin sənət peşəkarlığının əsasında əlin tutduğu fırça ilə o fırçanın kətana yaxdığı rəng sıxımının bir-birini düzgün başa düşməsi dayanır. Yazının əvvəlində işlətdiyim “canlı” kəlməsini də elə bu düzgünlük yaradır. Böyükağa Mirzəzadə tablonu “daxildən” duyan sənətkarlardandır. Bir neçə korifey rəssamımızın yaradıcılığını xüsusilə qiymətləndirdiyim kimi, mən Böyükağa müəllimin də sənətini çox yüksək qiymətləndirirəm.
Elə müəllim sözünü də birmənalı işlətmirəm. Bu kəlmədə qocaman sənətkara, ziyalı insana hörmət hissi ilə yanaşı, onun müəllimlik işi də ifadə olunur. Axı bir çox rəssamlarımız kimi, professor Böyükağa Mirzəzadə də uzun illər təmsil etdiyim ali məktəbdə – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışmış və professor elmi adını da burada almışdır.
Bir kollektivdə işlədiyimiz illər ərzində mən Böyükağa Məşədi oğlu ilə çox təmasda olmuşam. Bu təmas həm rəsmi səviyyədə, tədris işləri ilə bağlı, həm də işdənkənar vaxtlarda, masa arxasında, səmimi söhbətlər, ünsiyyət vasitəsilə gerçəkləşib. Sənətinə və şəxsiyyətinə hörmət etdiyim bu istedadlı rəssamla bağlı mənim hafizəmdə çox unudulmaz xatirələr qərarlaşıb. Onların bir neçəsini oxucuların diqqətinə çatdırmaq istərdim.
Böyükağa müəllimlə mənim ilk tanışlığım çox maraqlı, qəribə oldu. Böyükağa müəllim əsl sənət fədaisi olsa da, ali təhsilini xeyli gec, təxminən 40 yaşlarında almışdı. Başı sənətə qarışdığından bu məsələyə vaxtında fikir verməmişdi.
Mərhum akademik Aslan Aslanov o zamankı İncəsənət İnstitutunun rektoru olarkən 1976-cı ildə məni instituta dərs deməyə dəvət etdi. O vaxt mən Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda elmi katib vəzifəsində işləyirdim. Həm də yarım ştat institutda teatr tarixi üzrə mühazirə oxuyurdum. Mənə qiyabi teatrşünaslıq fakültəsində rus teatrı tarixindən dərs vermişdilər.
İlk dəfə auditoriyaya girəndə tələbələrlə yanaşı iki yaşlı kişinin də (təxminən atam yaşında) parta arxasında oturduğunu gördüm və bir qədər təəccübləndim. Fikirləşdim ki, yəqin dekanlıq mənə xəbər etmədən açıq dərsimi təşkil edibdir və bu iki yaşlı kişi də dekanlığın nümayəndəsi kimi mühazirəmə qiymət verəcək. Mən çalışırdım ki, mühazirəm onları tam qane etsin. Nəhayət dərs bitdi. Üzümü auditoriyaya tutub soruşdum ki, kimin mövzuya aid sualı var? Bu iki yaşlı kişidən biri, eynəkli, arıq şəxs əlini qaldırdı, sual verdi:
–Müəllim, siz rus teatrında sentimentalizm ənənələrindən danışdınız. Bəs Azərbaycan teatrında sentimentalizm olubmu, olubsa nə üçün bu barədə heç bir əbədiyyatda bir kəlmə də yazılmayıb?
Mən sualın bir qədər professionalcasına verilməsindən əmin oldum ki, bu kişilər doğrudan da mütəxəssisdirlər. Cavab verdim ki, Azərbaycan dramaturgiyasında sentimentalizm olub, lakin bugünkü mühazirənin mövzusu olmadığı üçün mən tənəffüs vaxtı sizinlə görüşüb bu barədə ətraflı söhbət edərəm. Tənəffüs zamanı mən sinif nümayəndəsindən soruşdum ki, bu kişilər teatrşünaslıq kafedrasının işçiləridir? Sinif nümayəndəsi bildirdi ki, sizə sual verən rəssam Böyükağa Mirzəzadə, yanındakı kişi isə rəssam Davud Kazımovdur. O zaman onlar əməkdar rəssam idilər, sonradan hər ikisi xalq rəssamı oldu. Böyükağa Mirzəzadə haqqında təbii ki, çox eşitmişdim, sərgilərdə əsərlərinə tamaşa etmişdim, amma həyatda heç görməmişdim. Mən bir qədər təəccüblənsəm də, Böyükağa Mirzəzadə ilə sentimentalizm mövzusunda xeyli söhbət etdim. Azərbaycan teatrındakı sentimentalizm meyllərini ona izah etdim. Beləcə bizim aramızda münasibətlər yarandı. Ona dedim ki, Böyükağa müəllim, mən sizin yaradıcılığınıza bələdəm. Siz gözəl tablolar müəllifi olmaqla yanaşı, həm də teatr tamaşalarına bədii tərtibat vermisiniz. Nə əcəb siz bu yaşda yenidən təhsil almaq fikrinə düşmüsünüz? Rəssamın cavabı maraqlı oldu. O, dedi ki, oğlum, sən məni tanımırsan, amma atanla mənim səmimi dostluq münasibətlərimiz var. Mən özüm Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin ilk məzunlarından olmuşam və 20 ildən artıqdır ki, həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğulam. Mənim hazırladığım kadrlar sizin universitetdə artıq təcrübəli müəllimlər, dosentlər olublar. Odur ki, mən də, Davud da fikirləşdik ki, artıq təcrübəmizi ali təhsil alan tələbələrə də öyrətmək lazımdır. Siz, Timuçin müəllim, özünüz yaxşı bilirsiniz ki, ali təhsili olmayan adama universitetdə dərs deməyə icazə verilmir. Bu yaşda oxumağımın səbəbi də ancaq budur.
Bəli, illər keçdi. Böyükağa müəllim də, Davud müəllim də ali təhsillərini başa vurdular və artıq mən rektor olduğum dövrdə universitetimizdə pedaqoji fəaliyyətlə məşğul olmağa başladılar. Hər iki görkəmli sənətkar əvvəl dosent, sonra isə professor adı aldılar.
Bir dəfə Böyükağa müəllim, kulturoloq alim Adil Adilov (görkəmli sənətkarımız Gülarə Əliyevanın həyat yoldaşı), rejissor Əşrəf Quliyev və heykəltəraş Tokay Məmmədov yanıma gəlmişdilər. Onlar möhkəm dost idilər. Adil müəllim söhbət əsnasında yarızarafat, yarıciddi dedi ki, Timuçin müəllim, sizin xəbəriniz varmı ki, əsl Bakı cız-bızını Böyükağa kimi bişirən yoxdur? Özü də emalatxanada. Sabah bazar günüdür. Gəlmişik sizi də dəvət edək. Mən məmnuniyyətlə dəvəti qəbul elədim və səhəri gün onun emalatxanasında gözəl bir süfrə açıldı. Böyükağa müəllim böyük həvəslə əsl Bakı cız-bızı bişirdi. Mən cız-bızdan yeyərkən bir daha əmin oldum ki, Böyükağa müəllim gözəl rəssam olmaqla yanaşı, həm də gözəl qurmandır. Biz oturub maraqlı söhbətlər edirdik. Mən də hərdənbir Böyükağanın təzə işlərinə nəzər salırdım. Bunlardan bir şəhər mənzərəsi diqqətimi daha artıq cəlb edirdi. Deyəsən Adil müəllim bunu hiss etmişdi. Biz gedərkən Böyükağa müəllimə cız-bıza görə təşəkkürümüzü bildirdik. Böyükağa müəllim gözəl bir mənzərə işini mənə hədiyyə verərək zarafatla dedi ki, bunlara vermişəm, qoy bu iş də sənə məndən xatirə qalsın. Arxasını yazıb şəkli mənə uzatdı. Mən şəkli çox razılıqla qəbul etdim. Birdən Adil müəllim dedi ki, Böyükağa, bilirsən nə var? Mən bayaqdan fikir verirəm, deyəsən Timuçin müəllimin divardan asdığın şəhər mənzərəsindən çox xoşu gəlib. Bəlkə şəkilləri dəyişdirəsən?
Böyükağa müəllim özünü itirmədən dedi:
–Bu şəkli mən də çox sevirəm. Lakin bir halda ki, Timuçin müəllimin belə gözəl zövqü var, bu şəkli də ona bağışladım.
Hamı gülüşdü. Mən də bu böyük sənətkarın mənə bağışladığı iki tablonu götürüb evə gəldim. Bu gün də onun mənə hədiyyə etdiyi bütün tablolar mənim üçün doğma və əzizdir.           
Qeyd edim ki, Böyükağa Mirzəzadə həssas duyumlu, yaradıcılıqda geniş maraq dairəsinə malik sənətkarlardan idi. Tematika, mənzərə, portret, natürmort janrları onun yaradıcılığında əsas yer tutur. Realist rəngkarlıq sənətinin ən incə texniki vasitələrinə məharətlə yiyələnən sənətkar olduqca canlı, dolğun, emosional bədii obrazlar ustası kimi ad çıxarmışdır. Onun işlədiyi çoxsaylı portretlər ifadəli üz cizgiləri, effektli kolorit seçimi, kompozisiyanı, surəti daha da qabarıq nəzərə çarpdıran “dərin” kölgə-işıq oyunu ilə yadda qalır. “Dirijor Niyazi” (1951), “Akademik Məmməd Arif” (1970), “Aşıq Ələsgər” (1972), “Rejissor Şəmsi Bədəlbəyli” (1975), “Xalçaçı rəssam Lətif Kərimov” (1978) və digər işlər Böyükağa Mirzəzadənin ən yaxşı portretlərindəndir. “Stüardessa”, “Müğənni qadın”, “Aspirant qız” kimi emosional portretlərdə Böyükağa Mirzəzadə qadın gözəlliyini, qadın məlahətini əlvan, şux, kətan üzərinə yüksək zövqlə, peşəkarlıqla vurulmuş rəng yaxmaları vasitəsilə açıb göstərmişdir.
Böyükağa müəllimlə bağlı oxucuların diqqətinə çatdırmaq istədiyim ikinci xatirəm elə portret janrı ilə əlaqədardır. Sözsüz ki, Böyükağa Mirzəzadə portret janrını yüksək səviyyədə mənimsəmiş ustad sənətkar idi ki, bu da yuxarıda sadalananlardan aydın olur. Bir dəfə o, atam İlyas Əfəndiyevin obrazını yaratmaq fikrinə düşdü.
İlyas Əfəndiyev hərəkətə, fəaliyyətə meylli olduğundan rəssam qarşısında uzun müddət hərəkətsiz oturub qalmağa hövsələsi çatmırdı. Onun bu hövsələsizliyi Böyükağa müəllimin qarşısında elə ilk oturuşda üzə çıxdı. Evə gedəndə atam mənə dedi:
–Mənim onun qarşısında beləcə lal-dinməz oturub qalmağa nə səbrim var, nə də macalım. Onunla danış, qoy portretimi mənsiz bir təhər çəkib başa çatdırsın.
Mən bunu rəssama dedim. Bəlkə də bir başqası bunun öhdəsindən gələ bilməzdi. Lakin Böyükağa Mirzəzadə korifey sənətkar idi. Onda qüvvətli göz hafizəsi, göz qavraması vardı. Təsəvvür edin ki, İlyas Əfəndiyevi cəmi bircə dəfə naturadan işləməklə atamın portretini bütün dolğunluğu və həyatiliyi ilə əks etdirməyə müvəffəq oldu, təkcə zahiri bənzərlik deyil, həm də əsl obraz yaratdı.   
Bir rəssam kimi Böyükağa Mirzəzadənin maraq dairəsi geniş idi. Rəssamın tematik əsərlərində kənd həyatı (“Pambıq yığımı”; 1951, “Bizim Lənkəranda”; 1964), neftçilərin fədakar əməyi (“Xəzər neftçiləri”; 1971), bir çox başqa mövzular əks olunur. Rəssamın mənzərə və natürmortları da işıqlı koloriti, sərbəst rəng yaxmaları ilə diqqəti cəlb edir. “Neft çənləri” (1953), “Qız qalası” (1965), “Abşeron” (1971) kimi yaddaqalan mənzərələrində rəssam doğulub boya-başa çatdığı doğma torpağı vəsf etmişdir.
Xatırlayaq ki, istedadlı sənətkarımız həm də gözəl vedutalar – şəhər mənzərələrinin müəllifidir. Əlbəttə, istər say, istərsə də gözəllik, kamillik etibarilə Bakı mənzərələri onun yaradıcılığında daha üstündür. Doğma Bakımızı həm bir rəssam, həm də vətəndaş kimi sevən istedadlı sənətkar həyatının müxtəlif dövrlərində Bakı görüntülərinin təsvirlərini işləmiş, şəhərin mərkəzini (“Monolit binası”), ətraf qəsəbələri (“Keşlə yolu”), gecə və gündüz mənzərələrini kətan üzərində əks etdirmişdir.
Əlbəttə, Böyükağa müəllimin gözəl təbiət mənzərələri də var. O, dəniz mənzərələrinin də mahir ustasıdır. Onun çəkdiyi elə mükəmməl dəniz görüntüləri var ki, burada göy rəngə, demək olar ki, təsadüf olunmur. Rəssam dənizi və onun üzəringəki göyü işlərkən sarı, qızılı, narıncı rənglərə üstünlük verir. Lakin Xəzər dənizini, onun coşqu ilə ləpələnməsini olduqca inandırıcı əks etdirir. Ancaq düşünürəm ki, rəssamın Bakı mənzərələri Xəzər mənzərələrindən daha üstündür, təbiət mənzərələrindən də üstündür. Həm də bəzi şəhər mənzərələrində Bakı və Xəzər birlikdə yer alır.
Mən Böyükağa müəllimin emalatxanasında çox olmuşam. Onu da deyim ki, Böyükağa müəllimin emalatxanasında tez-tez dost-tanış toplaşar, maraqlı fikirlər səslənərdi. Yaradıcı insanlar sənət barədə düşüncələrini söylərdilər.
Professor Böyükağa Məşədi oğlu Mirzəzadə universitetimizdə akademik rəssamlıq təhsilinin bünövrəsini qoyan ustad pedaqoqlardan biri olmuşdur. Universitetdə bu gün də onunla bağlı xatirələr, söhbətlər dolaşır. Rəssamın zəngin yaradıcılıq təcrübəsi ilə səsləşən pedaqoji fəaliyyəti bir çox istedadlı gənclərimizin sənətkar kimi yetişməsi üçün mühüm amil idi. Böyükağa Mirzəzadənin yetirmələri olan keçmiş tələbələrimiz indi incəsənətimizi təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda layiqincə təmsil edirlər. Mən unudulmaz Böyükağa müəllimin xatirəsini daim əziz tutur və bu böyük sənətkarın təmsil etdiyimiz ali məktəbdə işləməsini qürurla xatırlayıram. 
 Timuçin ƏfƏndiyev
 
 
 



Bu yazı ( 218 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar