12px14px16px18px

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotura yekun vuruldu

BEYNƏLXALQ VELOSIPEDÇILƏR İTTIFAQININ PREZIDENTI PATRIK MAK QUAYD: “TURNIR YÜKSƏK SƏVIYYƏDƏ TƏŞKIL OLUNMUŞDU”

00:44 / 15.05.2012
Mayın 13-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotura yekun vurulub. Turun 4-cü günü, mayın 12-də beynəlxalq veloturun dördüncü mərhələsi keçirilib. İsmayıllıdan start götürmüş veloturun iştirakçıları Qəbələyə gəlib və bu şəhərin küçələrində 12 dəfə dövrə vuraraq 114 kilometr məsafə qət ediblər. Finişə daha tez çatmaq üçün hər metr uğrunda gərgin mübarizə şəraitində keçən bu mərhələnin qalibi Rusiyanın “İtera-Katyuşa” komandasının nümayəndəsi Gennadi Tatarinov olub. Ukraynalı veloyürüşçü Maksim Vasilyev (“Ast-Donetsk” klubu) ikinci, Qazaxıstan idmançısı Tilegen Maydas isə üçüncü nəticə göstərmişdir. Əlcəzairli idmançı Yusif Rəqiqi (“Centre Mondial du Cyclisme” klubu) dörd turun yekununa görə liderin göy maykasını özündə saxlayıb. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) prezidenti Pet Makueyd bu mərhələnin qalibini və mükafatçılarını təntənəli mərasimdə salamlayaraq qeyd edib ki, yarış yüksək beynəlxalq səviyyədə keçirilir. Azərbaycan Velosiped İdmanı Federasiyası bu nüfuzlu yarışın dünya standartlarına uyğun təşkil edilməsi üçün lazım olan hər şeyi edib. Pet Makueyd daha sonra deyib ki, UCİ Azərbaycanda idmanın bu növünün inkişaf etdirilməsi üçün Azərbaycan Velosiped İdmanı Federasiyası ilə bu barədə razılıq əldə edib. Azərbaycanın müxtəlif regionlarında təlim-məşq bazaları və velotreklər tikiləcək. UCİ rəhbəri əmin olduğunu bildirib ki, Azərbaycan idmançıları bir neçə ildən sonra özlərini bütün dünyada tanıdacaqlar. Dördüncü mərhələnin qalibi olmuş rusiyalı veloyürüşçü bu mərhələnin yekunlarına həsr edilmiş mətbuat konfransında çıxış edib. Qalib gəlmək üçün bütün qüvvəsini səfərbər edərək irəli çıxdığını bildirən rusiyalı veloyürüşçü deyib: “Əlbəttə, komanda yoldaşlarım da mənə kömək ediblər”. Veloyürüşün lideri əlcəzairli idmançı Yusif Rəqiqi bir daha bildirib ki, bu yürüşün qalibi olmaq arzusundadır: “Mənim çıxış taktikamı məşqçim seçir, mən də onun göstərişlərinə əməl edirəm. Məşqçinin bütün tapşırıqlarını yerinə yetirmişəm və lider maykasını saxlamışam”. Azərbaycan idmançıları arasında ən yaxşı nəticə göstərmiş Tural İsgəndərov qeyd edib ki, ölkəmizin idmançıları arasında finişə birinci çatmaqda ona bu mərhələdə seçdiyi xüsusi taktika kömək edib: “Bu mərhələ fiziki cəhətdən daha çətin idi. Əvvəlki mərhələlərdən sonra bir qədər yorulmuşdum, lakin mən qüvvəmi toplayaraq əvvəlkindən daha yaxşı nəticə göstərməyə nail oldum”. Veloturun sonuncu günündə beşinci mərhələnin yarışları keçirilib. Bu mərhələdə pelaton 123 kilometr məsafə qət edib. Belə ki, hər idmançı 12,3 kilometirlik marşrut üzrə 10 dəfə dövrə vurub. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə qazaxıstanlı Hurbolat Kulimbetov 2 saat 57 dəqiqə 16 saniyə göstərici ilə qalib gəlib. Rusiya idmançısı Gennadi Tatarninov ikinci, Kot`de vuarlı velosipedçi İssiaka Çisse isə üçüncü olub. Ümumi komanda hesabında Rusiyanın “İtera Katyuşa” klubu birinci pillədə qərarlaşıb. Sprint yarışında Maksim Vasiliyev (Ukrayna), dağlıq ərazidə yürüş zamanı göstəricilərinə görə Bəxtiyar Kozatayev (Qazaxıstan) qalib gəliblər. Beş günün nəticəsinə əsasən əlcəzairli Yusif Requiqui rəqiblərindən üstün olmuş, Tural İsgəndərov isə ən yaxşı Azərbaycan idmançısı seçilib. Yarış başa çatdıqdan sonra mətbuat konfransı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) prezidenti Fazil Məmmədov bu cür yarışın ölkəmizdə ilk dəfə təşkil olunduğunu, veloturun yüksək səviyyədə təşkil olunmasında Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirib və turnirin əhəmiyyətindən danışıb. F.Məmmədov analoji yarışın ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü çərçivəsində də təşkil olunacağını diqqətə çatdırıb və bu istiqamətdə Beynəlxalq Velosipedçiler İttifaqı (UCİ) ilə danışıqlar aparıldığını söyləyib. O deyib ki, UCİ rəhbərliyi ölkəmizdə keçirilən yarışın yüksək səviyyədə təşkil olunmasından razı qalıb və Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Növbəti ildə veloturda iştirak edəcək ölkə və idmançıların sayının artacağı gözlənilir. Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi üçün lazımı infrastrukturun olduğunu bildirən AVİF-nin rəhbəri bütün bunların ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının əyani sübutu olduğunu deyib. UCİ-nin prezidenti Patrik Mak Quayd Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu xüsusi vurğulayıb, veloturun əhəmiyyətindən danışıb. O, turnirin yüksək səviyyədə təşkil olunduğuna görə, ölkə rəhbərliyinə və AVİF-yə təşəkkürünü bildirib. Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşdüyün bildirən P.Mak Quayd ölkə başçısı ilə idmanın bu növünün respublikamızda inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. Mətbuat konfransında bildirilib ki, ölkəmizdə məşhur “Tur de Frans”, “Djiro de İtaliya” kimi “Tur de Azerbaijan”ın keçirilməsi nəzərdə tutulur. Bu turnirin keçirilməsi üçün hər cür şəraitin olduğu və yarışın marşrutunun hər il dəyişdiriləcəyi vurğulanıb. Qeyd edək ki, turnirin ilk günü qadınların şəxsi yarışında Azərbaycan idmançısı Yelena Çalıx, kişilər arasında birinci mərhələdə Rusiyanın “İtera Katyuşa” klubu qələbə qazanmışdı. Turnirin ikinci mərhələsində ispaniyalı Dieqo Rubeo Ernenandes, üçüncü mərhələdə rusiyalı Dmitri Vernidub və növbəti mərhələdə isə Gennadi Tatarninov (Rusiya) qələbə qazanıblar. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq velotur Beynəlxalq Velosipedçilər İttifaqının qitə turunun təqviminə daxil edilmiş 2.2 U-23 kateqoriyalı (yaşı 23-ə qədər idmançılar üçün) yarışdır. Bu yarışda 18 komanda, o cümlədən 4 xarici ölkə komandası iştirak edir. Veloturun təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi və Azərbaycan Gənclər və İdman Nazirliyidir. Texniki xarakterli təşkilati məsələləri Almaniyanın “FREUNDE Eventlogistik” şirkəti həll edib.


Bu yazı ( 100 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar